Məhkəmə qərarları › İş №2-2(104)-197/2024

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(104)-197/2024

25.09.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2-2(104)-197/2024 25.09.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası - hakimlər Rzaquliyev Şamil Qəhrəman oğlu (sədrlik edən və məruzəçi), Süleymanov Loğman Srac oğlu və Həsənov İslam Telman oğlundan ibarət tərkibdə, Vəlizadə Vasif Etibar oğlunun katibliyi, İddiaçı nümayəndəsi Vəkil iştirakı ilə İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iş üzrə Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(115)-583/2024 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(115)-1372/2023 saylı qətnaməsi ilə (hakim K.Vəliyev) iddianın təmin edilməsi, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 06 noyabr 2023-cü il tarixli xx-xx/2023 nömrəli alqı-satqı müqaviləsi üzrə yaranmış 3690 (üç min altı yüz doxsan) manat 10 (on) qəpik məbləğində borc, 57 (əlli yeddi) manat dövlət rüsumu və 320 (üç yüz iyirmi) manat vəkilə ödənilmiş xidmət haqqının Cavabdeh tutularaq iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi qət edilmişdir. Həmin qətnamədən narazı qalan Cavabdeh apellyasiya şikayəti verərək Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(115)-583/2024 nömrəli qətnaməsini ləğv edib, iddianın rədd edilməsi ilə bağlı qərar qəbul edilməsini xahiş etmişdir. İşin halları: İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 3690,10 manat pul vəsaitinin, 57 manat dövlət rüsumunun və 320 manat vəkil xərcinin Cavabdeh tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" MMC ilə Cavabdeh arasında xx.xx.2023-cü il tarixli xx-xx/2023 nömrəli alqı-satqı müqaviləsi bağlanmışdır. Müqavilə üzrə alıcı tərəfindən edilmiş sifarişlər üzrə manat dəyərində müvafiq məhsullar satıcı tərəfindən alıcıya müqavilə şərtlərinə uyğun surətdə təhvil verilmişdir. Mallar təhvil veriləndən sonra satıcı tərəfindən alıcıya ƏDV ilə birlikdə 3062,10 manat dəyərində eqaimə göndərilmişdir. Bundan başqa satıcı tərəfindən alıcıya 1100 manat dəyərində eqaimə təqdim edilmədən mallar təqdim edilmişdir. 01 dekabr 2023-cü il tarixdə alıcı və satıcı arasında tərtib edilmiş üzləşmə aktlarına əsasən alıcının satıcıya ümumilikdə 3690,10 borcu formalaşmışdır. Borcun ödənilməsi üçün cavabdehə şifahi qaydada dəfələrlə müraciət edilməsinə baxmayaraq heç bir nəticəsi olmamışdır. İş üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi qəbul edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinə onunla bağlı iddia ərizəsinin verilməsindən məlumatı olmayıb. Belə ki, o, həmin dövrdə Bakı şəhərində olmuşdur. Sadələşdirilmiş məhkəmə icraatının aparılması ilə bağlı hər hansısa bildiriş almamışdır. Sadəcə ona zəng vasitəsi ilə Gəncə Kommersiya Məhkəməsində bildirişi olduğu deyilib. Daha sonra bildirişi, həmçinin birinci instansiya məhkəməsinin qətnaməsini özü gedərək birbaşa əldə etmişəm. Məhkəmə qətnaməsini xx.xx.2024-cü ildə əldə etmişdir. Ümumiyyətlə İddiaçı tərəfindən verilən iddia ərizəsi və Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il, e-2-2(115)- 583/2024 nömrəli qətnaməsi əsassızdır və onun hüquqlarını pozur. Qeyd etmişdir ki, İddiaçı ilə xx.xx.2023 tarixində alqı-satqı müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən iddiaçı ilə aralarında 3062,10 manat borc yaranmışdır. Lakin həmin borcun ödənilməməsi ilə bağlı verilən müraciət əsassızdır. Belə, ki 180053 nömrəli xx.xx.2023-cü il tarixli “Malların, işlərin və xidmətlərin təqdim edilməsi barədə elektron qaimə-faktura”ya əsasən, 3062,10 manat məbləğ iddiaçıya ödənilmişdir. Eyni zamanda “Kapital Bank”ın xx.xx.2023-cü il, xx.xx.2024-cü il, xx.xx.2024-cü il tarixli ödəniş tapşırıqları ilə bağlı sənədlər bunu sübut edir. Həmçinin iddiaçı tərəflə aralarında müqavilədən kənarda alınan mallar olmuşdur. Bu mallar və onların qiymətləri ilə bağlı siyahı olan “whatsapp” yazışması qoşmaya əlavə edilmişdir. Həmin siyahıya əsasən müəyyən olunmuş bütün məbləğ iddiaçı tərəfin kartına göndərilərək ödənilmişdir. Hətta edilən ödəniş ilə bağlı 300 manat məbləğində kassa mədaxil orderi alınmışdır. Həmin kassa mədaxil orderi də qoşmaya əlavə edilmişdir. Yuxarıda qeyd olunanlardan da açıq-aydın görünür ki, iddiaçı tərəfin tələbi əsassızdır. Apellyasiya şikayətinə əlavə edilən iş üçün əhəmiyyətli faktlara əsasən Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il, e-2-2(115)-583/2024 nömrəli qətnaməsi onun hüquqlarını pozur. Buna görə də, Gəncə Apellyasiya Məhkəməsi tərəfindən birinci instansiya məhkəməsinin qəbul etdiyi xx.xx.2024-cü il tarixli e-2-2(115)-583/2024 nömrəli qətnamənin ləğv edilməsini xahiş etmişdir. Prosessual məsələlər və tərəflərin izahatları: Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdeh məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikasının MPM-in 376.2-ci maddəsinə əsasən işə gəlməmiş şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı nümayəndəsi Vəkil apellyasiya şikayətinin dəlillərinə etiraz edərək şikayətin təmin edilməməsini xahiş etdi. Hüquqi məsələlər və əsaslandırma: Azərbaycan Respubilkasının MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. İddiaçı birinci instansiya məhkəməsinin qətnaməsini yalnız cərimə hissəsində mübahisələndirdiyindən məhkəmə kollegiyası həmin hissədə qətnamənin əsaslılığını yoxlayır. Məhkəmə kollegiyası işin halları barədə məruzəçi hakimin məruzəsini, apellyasiya şikayətinin təmin edilməməsinə dair iddiaçının izahatını dinləyib, iş materiallarını apellyasiya şikayətinin dəlilləri ilə əlaqəli şəkildə tam, obyektiv və qərəzsiz araşdırıb, toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli və yeni qətnamə qəbul edilərək iddia qismən təmin edilməlidir. Belə ki, İş materiallarında olan "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 06 noyabr 2023-cü il tarixli xx-xx/2023 nömrəli alqı-satqı müqaviləsindən görünür ki, satıcı "xxxx" MMC-nin tapşırığına əsasən alıcı Cavabdeh hazırkı müqavilədə göstərilmiş şərtlərlə paltarların (iç geyim) satışını müqavilənin şərtlərinə uyğun olaraq üzərinə götürmüşdür. Həmiçinin müqavilənin 1.2-ci bəndinə əsasən müqavilədə alıcı təsisçinin mallarını tam sərgilənməsi üçün vitirin ayrılmasının öz üzərinə götürmüşdür. İş materiallarında olan 04 dekabr 2023-cü il tarixli malların, işlərin və xidmətlərin təqdim edilməsi barədə elektron qaimə-fakturadan görünür ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən Cavabdeh 3062,10 manat dəyərində mal göndərilmişdir. İş materiallarında olan 01 dekabr 2023-cü il tarixli üzləşmə aktlarından görünür ki, alıcının satıcıya ümumilikdə 5262,40 manat məbləğində borcunun olması tərəflərin imzası ilə təsdiq edilmişdir. İş materiallarında olan məktubun surətindən görünür ki, borcluya yaranmış borc ilə bağlı məlumat verilmiş, məsuliyyəti barədə xəbərdarlıq edilmişdir. Cavabdeh tərəfindən apellyasiya şikayətinə əlavə edilmiş ödəniş tapşırıqlarından görünür ki, Cavabdeh tərəfindən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə xx.xx.2023-cü il tarixdə 400 manat, xx.xx.2023-cü il tarixdə 72 manat, xx.xx.2024-cü il tarixdə 847,46 manat, xx.xx.2024-cü il tarixdə 152,54 manat, xx.xx.2024-cü ilı tarixdə 1347,46 manat, xx.xx.2024-cü il tarixdə 242,54 manat ödəniş edilmişdir. Cavabdeh tərəfindən apellyasiya şikayətinə əlavə edilmiş kassa mədaxil orderindən görünür ki, xx.xx.2023-cü il tarixdə Cavabdeh tərəfindən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə 300 manat ödəniş edilmişdir. Məhkəmə kollegiyasının iclasında müəyyən olunmuşdur ki, "xxxx" MMC ilə Cavabdeh arasında xx.xx.2023-cü il tarixli xx-xx/2023 nömrəli alqı-satqı müqaviləsi bağlanmışdır. Müqavilə üzrə alıcı tərəfindən edilmiş sifarişlər üzrə manat dəyərində müvafiq məhsullar satıcı tərəfindən alıcıya müqavilə şərtlərinə uyğun surətdə təhvil verilmişdir. Mallar təhvil veriləndən sonra satıcı tərəfindən alıcıya ƏDV ilə birlikdə 3062,10 manat dəyərində e-qaimə göndərilmişdir. Bundan başqa satıcı tərəfindən alıcıya 1100 manat dəyərində e-qaimə təqdim edilmədən mallar təqdim edilmişdir. 01 dekabr 2023-cü il tarixdə alıcı və satıcı arasında tərtib edilmiş üzləşmə aktlarına əsasən alıcının satıcıya ümumilikdə 3690,10 borcu formalaşmışdır. Borcun ödənilməsi üçün cavabdehə şifahi qaydada dəfələrlə müraciət edilməsinə baxmayaraq heç bir nəticəsi olmamışdır. Lakin cavabdeh tərəfindən təqdim edilmiş sənədlərdən görünür ki, cavabdeh tərəfindən 3362 manat ödəniş edilmişdir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh arasında 06 noyabr 2023-cü il tarixli alqısatqı müqaviləsi bağlanmış, müqaviləyə əsasən satıcının tapşırığına əsasən alıcı müqavilədə göstərilmiş şərtlərlə paltarların satışını üzərinə götürmüşdür. Müqaviləyə əsasən iddiaçı üzərinə düşən öhdəliyi yerinə yetirərək malları cavabdehə təhvil vermiş, lakin cavabdeh müqavilə ilə üzərinə götürdüyü öhdəliyi tam icra etməmiş və nəticədə onun iddiaçıya 3690,10 manat borcu qalmışdır. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, tərəflər arasında bağlanmış müqaviləyə əsasən 3690 manat 10 qəpik məbləğində pul cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Həmçinin iddiaçı tərəfindən iddia ərizəsinin məhkəməyə verilməsi üçün ödənilmiş 57 manat məbləğində dövlət rüsumu və 320 manat məbləğində hüquqi yardımla bağlı ödənilmiş vəkil xidməti haqqı cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayan məhkəmə kollegiyası aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borclundan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.1-ci maddəsinin tələbinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Məhkəmə kollegiyası hesab edir ki, mülki qanunvericiliyin şərh olunmuş normaları və cavabdehlə iddiaçı təşkilat arasında bağlanmış müqavilənin yuxarıda qeyd olunmuş müddəaları baxımından Cavabdeh hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilir. Belə ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti özünə məxsus müxtəlif adlı, çeşidli məhsulları cavabdehə vermiş, lakin cavabdeh təhvil aldığı məhsullara görə tam ödəniş etməmiş, öhdəliyə lazımi qaydada əməl etməmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh tərəfindən apellyasiya şikayətinə əlavə edilmiş ödəniş tapşırıqlarından və kassa mədaxil orderi ilə müəyyən edilmişdir ki, işə birinci iinstansiya məhkəməsində baxıldığı müddətdə cavabdeh tərəfindən iddiaçıya ümumilikdə 3362 manat ödəniş edilmiş, nəticədə 328,10 manat borcu qalmış, lakin həmin hal məhkəmə tərəfindən nəzərə alınmamış, məhkəmə cavabdeh tərəfindən edilmiş ödənişlər nəzərə almadan iddianı tam təmin etmişdir. İş materiallarında olan 21 fevral 2024-cü il tarixli qəbzdən görünür ki, iddiaçı tərəfindən 320 manat məbləğində hüquqi yardımla bağlı olaraq vəkil xidməti haqqı və 57 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, məhkəmə kollegiyasının iclasında cavabdehin iddiaçıya 328,10 manat borcunun qaldığı müəyyən edildiyindən, həmçinin iddiaçı hüquqi yardımla bağlı 320 manat vəkil xərci və 57 manat dövlət rüsumu ödədiyindən iddia tələbi qismən təmin edilərək cavabdehdən alğı-satqıya görə yaranmış 328,10 manat borc, hüquqi yardımla bağlı 320 manat vəkil xərci və iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq 30 manat dövlət rüsumu alınaraq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası MPM-in 385.1.1-ci maddəsinə əsasən, maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Həmin Məcəllənin 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Həmin Məcəllənin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Yuxarıda şərh olunanları və Azərbaycan Respublikası MPM-in 372, 384, 392, 393, 402-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(115)-583/2024 nömrəli qətnaməsi ləğv edilsin və yeni qətnamə çıxarılsın. İddia qismən təmin edilsin. Cavabdeh 06 noyabr 2023-cü il tarixli xx-xx/2023 nömrəli alqı-satqı müqaviləsi üzrə yaranmış 328,10 (üç yüz iyirmi səkkiz manat 10 qəpik) manat borc, 30 (otuz) manat dövlət rüsumu və 320 (üç yüz iyirmi) manat vəkilə ödənilmiş xidmət haqqı tutularaq İddiaçınə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamə elan olunduqdan dərhal sonra qanuni qüvvəyə minir. Bu qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar