Məhkəmə qərarları › İş №2-2(104)-198/2024

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(104)-198/2024

02.10.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2-2(104)-198/2024 02.10.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası - hakimlər Rzaquliyev Şamil Qəhrəman oğlu (sədrlik edən və məruzəçi), Süleymanov Loğman Srac oğlu və Həsənov İslam Telman oğlundan ibarət tərkibdə, Vəlizadə Vasif Etibar oğlunun katibliyi, İddiaçı nümayəndəsi Vəkil2 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı müqavilənin ləğv edilməsi və pul tələbinə dair kommersiya işi üzrə Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-2(115)-1161/2024 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-2(115)-1161/2024 nömrəli qətnaməsi ilə (hakim G.Quliyeva) iddianın qismən təmin edilməsi, İddiaçı ilə Cavabdeh arasında bağlanmış 07 yanvar 2019-ci il tarixli 18/091 saylı malların alqısatqısına dair müqavilə üzrə yaranmış 7134 (yeddi min yüz otuz dörd) manat 34 (otuz dörd) qəpik məbləğində borc və ödənilmiş 91 (doxsan bir) manat 34 (otuz dörd) qəpik dövlət rüsumunun Cavabdeh tutularaq İddiaçınə ödənilməsi, iddianın qalan hissəsinin təmin edilməməsi qət edilmişdir. Cavabdeh həmin qətnamənin dəlilləri ilə razılaşmayıb apellyasiya şikayəti verərək Gəncə Komersiya Məhkəməsinin e-2-2(115)-1161/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsini ləğv edib, iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. İşin halları: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı və Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli müqavilənin ləğv edilməsi, 7134,34 manat borc məbləği və ödənilmiş 92 manat dövlət rüsumunun Cavabdeh tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə Cavabdeh arasında xx.xx.2019-cu il tarixdə alqı-satqı müqaviləsi bağlanmışdır. Cəmiyyətin müqavilə üzrə öhdəliklərini icra etməsinə, yəni razılaşdırlmış malların qarşı tərəfə təqdim edilməsinə baxmayaraq, cavabdeh qəbul etdiyi öhdəliyini tam icra etməmiş, müqavilə üzrə yaranmış 7134,34 manat miqdarında qalıq borcunun ödənişini təmin etməmişdir. İddia ərizəsinə əlavə edilmiş xx.xx.2021-ci il tarixli təhvil-təslim aktından və cavabdehin cəmiyyətə ünvanladığı ərizədən görünür ki, o, 7334,34 manat miqdarında borucunun olmasını etiraf etmişdir. İddia ərizəsinə əlavə edilmiş borclunun hərəkətlərindən çıxarışdan görünür ki, xx.xx.2022-ci il tarixdə cavabdehin borcuna cəmi 200 manat ödəniş edilmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prossesual hüququ normalarının pozulması ilə qəbul edildiyindən ləğv edilməli, iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməlidir. Belə ki, o, İddiaçı MMC-nin rəhbəri ilə dost olmuş, sonuncu ondan cəmiyyətə kömək etməsini, yəni onların mallarını bazara tanıtmasını xahiş etmişdi. Çünki onun bir çox mağaza sahibkarları ilə tanışlığı var idi. O da İddiaçı MMC-yə kömək etməyə başlamışdır. Mağazalara, yeməkxanalara İddiaçı MMC-nin mallarını aparıb, satmağı xahiş etmişdir. Beləcə İddiaçı MMC-nin məhsullarını bazara tanıtmışdı. Razılıqları belə olmuşdur ki, İddiaçı MMC ona satılan məhsulun qazancının 10 faizini verəcəkdir. Bundan sonra İddiaçı MMC-nin öz işçiləri mal verdiyi mağazalarla ondan gizli danışıb malları özləri vermişlər. Rəsmi olaraq ona göndərilən qaimələrin hamısını ödəmişdir. Məhkəmə onun borcu etiraf etməyi ilə bağlı imzası olması əsasında iddianı təmin etmişdir. Lakin o, məhkəmədə də demişdir ki, borc ona məxsus deyil. Mallar hamısı mağazalarda qalmışdır və iddiaçı təşkilat özü pulları yığmışdır. Ərizəni yazmağı isə ondan xahiş edilmişdir ki, narahat olma onlar bunu rəhbərliyə göstərəçək, o, isə heç nə ödəməyəcəkdir. 3 ildən artıq ondan pul istəməmələri də bunun sübutudur. Ərizə isə formal xarakter daşıyır. Eyni zamanda iddiaçı iddia müddətini də ötürmüşdür. Belə ki, onlar mahkəməyə 3 ildən sonra müraciət etmişlər. Prosessual məsələlər və apellyasiya şikayəti üzrə izahatlar: Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməmənin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respubilkasının MPM-in 376.2-ci maddəsin əsasən işə gəlməmiş şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab edir Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı nümayəndəsi Vəkil2 apellyasiya şikayətinə etiraz edərək, Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-2(115)-1161/2024 nömrəli qətnaməsinin dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etdi. Hüquqi məsələlər və əsaslandırma: Azərbaycan Respublikası MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası işin halları barədə məruzəçi hakimi, apellyasiya şikayətinin dəlilləri ilə bağlı cavabadeh və iddiaçı tərəfin izahatlarını dinləyib, iş materillarını apellyasiya şikayətinin dəlilləri ilə əlaqəli şəkildə hərtərəfli, tam, obyektiv və qərəzsiz araşdırıb, toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilmədən, Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-2(115)-1161/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarında olan İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış 07 yanvar 2019-cu il tarixli malların alqı-satqısına dair 18/091 saylı müqavilədən görünür ki, satıcı istehsal, idxal və ya digər formada tcarət predmeti olan malları (meyvə şirələri və spirtli içkilər) müqavilədə müəyyən olunmuş şərtlərlə alıcıya satmağı, alıcı isə malların dəyərini ödəməyi öz öhdəsinə götürmüşdür. İş materiallarında olan xx.xx.2021-ci il tarixli borcun etirafı ərizəsində qeyd edilmişdir ki, tərəflər arasında bağlanmış xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən Cavabdeh 7334,34 manat borcu yaranmışdır. Cavabdeh borcu etiraf etmiş və xx.xx.2021-ci il tarixinə qədər İddiaçı MMC-yə ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan üzləşmə aktında qeyd edilmişdir ki, Cavabdeh cəmiyyətə 7334,34 manat borcunun olması tərəflərin imzası ilə təsdiq olunmuşdur. İş materiallarında olan xx.xx.2024-cü il tarixli pretenziya məktubunun surətindən görünür ki, borcluya yaranmış borcla bağlı məlumat verilmiş, məsuliyyəti ilə bağlı xəbərdarlıq edilmişdir. Məhkəmə kollegiyasının iclasında müəyyən olunmuşdur ki, İddiaçı MMC ilə Cavabdeh arasında xx.xx.2019-cu il tarixdə alqı-satqı müqaviləsi bağlanmışdır. Cəmiyyətin müqavilə üzrə öhdəliklərini icra etməsinə, yəni razılaşdırlmış malların qarşı tərəfə təqdim edilməsinə baxmayaraq, cavabdeh qəbul etdiyi öhdəliyini tam icra etməmiş, müqavilə üzrə yaranmış 7134,34 manat miqdarında qalıq borcunun ödənişini təmin etməmişdir. İddia ərizəsinə əlavə edilmiş xx.xx.2021-ci il tarixli təhvil-təslim aktından və cavabdehin cəmiyyətə ünvanladığı ərizədən görünür ki, o 7334,34 manat miqdarında borucunun olmasını etiraf etmişdir. İddia tələbini qismən təmin etmiş birinci instansiya məhkəməsi gəldiyi nəticəni belə əsaslandırmışdır ki, İddiaçı MMC ilə Cavabdeh arasında 07 yanvar 2019-cu il tarixli malların alqı-satqısına dair müqavilə bağlanmış, müqaviləyə əsasən satıcı istehsal, idxal və ya digər formada tcarət predmeti olan malları (meyvə şirələri və spirtli içkilər) müqavilədə müəyyən olunmuş şərtlərlə alıcıya satmağı, alıcı isə malların dəyərini ödəməyi öz öhdəsinə götürmüşdür. Satıcı müqavilə üzrə üzərinə götürdüyü öhdəliyi yerinə yetirmiş, alıcı isə üzərinə götürdüyü öhdəliyi tam olaraq yerinə yetirməmiş, onu iddiaçıya 7134,34 manat borcu qalmışdır. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçı müqavilə üzrə yaranmış borc məbləğini cavabdehdən tələb etməkdə haqlıdır. Cavabdeh borcun etirafı ilə bağlı ərizəni imzaladıqdan sonra təxminən 2000 manat pul ödədiyini məhkəməyə bildirsə də bununla bağlı məhkəməyə hər hansı sübut təqdim etməmişdir. Tərəflər arasında borcun etirafı ilə bağlı ərizə xx.xx.2021-ci il tarixdə tərtib edilmiş, alıcı 7334,34 manat borcu etiraf edərək xx.xx.2021-ci il tarixinə qədər ödəməyi öhdəsinə götürmüşdür. Həmin tarixdən sonra yalnız 200 manat ödəniş edilməsi müəyyən edilir. Məhkəmə, eyni zamanda iddianın müqavilnin ləğv edilməsi hissəsini də araşdıraraq hesab edir ki, iddia həmin hissədə təmin edilməməlidir. İddiaçı tərəfindən müqavilənin ləğvi ilə bağlı iradə ifadəsi iddia ərizəsinin cavabdehə çatdırılması ilə bildirilmişdir. Həmin tarixdən müqavilə ləğv edilmiş hesab edildiyindən müqavilənin ləğvi ilə bağlı iddia tələbi təmin edilə bilməz. Odur ki, iddia qismən təmin edilməli, tərəflər arasında bağlanmış 07 yanvar 2019-ci il tarixli malların alqı-satqısına dair müqavilə üzrə yaranmış 7134,34 manat məbləğində borc cavabdehdən tutularaq iddiaçıya ödənilməli, iddianın qalan hissəsi təmin edilməməlidir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşan məhkəmə kollegiyası aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 598.1-ci maddəsinə əsasən əgər alğı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alğısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Həmin Məcəllənin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur (AR MM-in 443.1-ci maddəsi). İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır (AR MM-in 445.1-ci maddəsi). Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdehin alğı-satqı müqaviləsinə əsasən iddiaçıdan haqqını sonradan ödəmək şərti ilə almış olduğu malların 7134,34 manat təşkil edən hissəsinin dəyərini sonradan ödəmədiyi məhkəmə iclasında müəyyən edildiyinə görə birinci instansiya məhkəməsi iddia tələbini göstərilən qaydada təmin etməkdə haqlı olmuşdur. Apellyasiya şikayətinin dəlilləri ilə razılaşmayan məhkəmə kollegiyası aşağıdakıları qeyd edir. Cavabdeh iddiaçıdan aldığı malların çox hissəsini qaytardığını və az hissəsinin qaldığını göstərmiş olsa da, məhkəməyə həmin xüsusatla bağlı sübut təqdim etməmişdir. Əksinə işdə olan üzləşmə aktından görünür ki, akt tərtib edilən tarixə cavabdehin iddiaçıya olan borcu 7334,34 manat təşkil etmişdir. İddia müddətinin tətbiqi ilə bağlı cavabdehin ərizəsi ilə bağlı məhkəmə kollegiyası aşağıdakıları qeyd edir: Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 372.1-ci maddəsinə əsasən, başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Həmin Məcəllənin 373.2-ci maddəsinə əsasən daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti altı ildir. Həmin Məcəllənin 377.1 və 377.2-ci maddələrinə əsasən iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir. İcra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır. Məhkəmə kollegiyası qeyd edir ki, iş materiallarından görünür ki, üzləşmə aktı xx.xx.2021-ci il tarixdə tərtib edilmişdir. İddiaçı isə 3 illik müddətini ötürmədən hüququnun müdafiəsi üçün məhkəməyə müraciət etmişdir. Bundan başqa məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikasы MPM-in 78.1-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. İşdən görünür ki, cavabdeh birinci instansiya məhkəməsində iştirak etmiş, lakin iddia müddətinin tətbiqi barədə ərizə verməmişdir. Ona görə də, məhkəmə kollegiyası apellyasiya şikayətinin həmin dəlilini əsassız sayır. Azərbaycan Respublikasы MPM-in 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasы MPM-in 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə kollegiyası qeyd edir ki, Cavabdeh İddiaçınə borcunun olması iş materialları ilə təsdiq olunduğundan birinci instansiya məhkəməsi iddianı borcun alınıb ödənilməsi hissəsində təmin etməkdə haqlı olmuşdur. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-2(115)- 1161/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-in 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Həmin Məcəllənin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-in 372-376, 378-382, 384.0.1, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: Apellyasiya şikayəti təmin edilməsin. Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-2(115)-1161/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamə elan olunduqdan dərhal sonra qanuni qüvvəyə minir Bu qətnamədən kassasiya şikayətinin verilməsi nəzərdə tutulmamışdır.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar