Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2-2(104)-199/2023 13.09.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası - hakimlər Rzaquliyev Şamil Qəhrəman oğlu (sədrlik edən və məruzəçi), Süleymanov Loğman Srac oğlu və Hüseynzadə Afiq Hüseyn oğlundan ibarət tərkibdə Tağıyeva Ruhiyə Nadim qızının katibliyi ilə, İddiaçı nümayəndəsi X1 və Cavabdeh nümayəndəsi X2 iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı pul tələbinə dair kommersiya işi üzrə Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-2(115)-452/2023 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı ilə cavabdeh “Arkoz X7 ” MMC arasında bağlanmış 13 mart 2018-ci il tarixli 0015-HGC-GM/18 saylı müqaviləyə əsasən 30315,16 manat borcun və ödənilmiş 200 manat mediasiya xərci olmaqla, cəmi 30515,16 manat məbləğində pulun Cavabdeh MMC-dən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-2(115)-452/2023 nömrəli qətnaməsi ilə (hakim G.Quliyeva) iddianın təmin edilməsi, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında bağlanmış 13 mart 2018-ci il tarixli 0015-HGC-GM/18 saylı alqı-satqı müqaviləsi üzrə 30315 (otuz min üç yüz on beş) manat 16 (on altı) qəpik borc və ödənilmiş 200 (iki yüz) manat mediasiya xərcinin Cavabdehndən tutularaq İddiaçınə ödənilməsi, Cavabdehndən 180 (bir yüz səksən) manat 94 (doxsan dörd) qəpik dövlət rüsumunun tutularaq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir. Cavabdeh MMC-nin nümayəndəsi Murat Çağlayan həmin qətnamənin dəlilləri ilə razılaşmayıb apellyasiya şikayəti verərək Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2023cü il tarixli, 2-2(115)-452/2023 nömrəli qətnaməsinin ləğv edilməsi, iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. İşin halları: İddia tələbi onunla əsaslandırılmışdır ki, “Arkoz X7 ” MMC ilə İddiaçı MMC arasında 13 mart 2018-ci il tarixli 0015-HGC-GM/18 saylı “Ehtiyat hissələrinin Satışı müqaviləsi” bağlanmışdır. Həmin müqavilənin 1.1-ci bəndinə əsasən Satıcı müqavilədə və onun ayrılmaz tərkib hissəsi olan əlavələrdə göstərilmiş malları Alıcıya satmağı və Alıcı isə öz növbəsində bu mallar üçün razılaşdırılmış qiyməti ödəməyi öhdəsinə götürür. Sözügedən müqavilə və onun əlavələrinə əsasən Cavabdeh MMC-yə İddiaçı MMC tərəfindən ümumi dəyəri 78451,06 manat olan mal satılmışdır. Bu müqavilənin 2.5-ci maddəsinə əsasən Alıcı əlavədə göstərilmiş malların dəyərinin 100% hissəsini təhvil-təslimdən sonra Satıcıya köçürmə yolu ilə 40 iş günü ərzində ödəməlidir. Lakin cavabdeh qeyd olunan məbləğin 48135,90 manat hissəsini ödəmiş, 30315.16 manat hissəsini isə ödəməmişdir. Cavabdehə göstərilən borc məbləğinin tam ödənilməsi tələbi ilə əlaqədar xəbərdarlıq edilmiş, lakin cavabdeh borcu ödəməmişdir. Cavabdeh MMC iddia müddətinin tətbiq olunması barədə ərizə ilə məhkəməyə müraciət edərək ərizəsində göstərmişdir ki, İddiaçı MMC Cavabdeh MMC-yə qarşı iddia ilə iddia tələbinə dair müddət ötürüldükdən sonra məhkəməyə müraciət etmişdir. Ona görə də iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: Cavabdeh MMC apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi iddianı təmin edərkən işin hallarına düzgün qiymət verməmiş və iş üzrə qanunsuz və əsassız məhkəmə aktı qəbul etmişdir. Belə ki, iddiaçı ilə cavabdeh arasında bağlanmış 0015- HGC-GM/18 saylı 13 mart 2018-ci il tarixli alqı-satqı müqaviləsi ilə əlaqədar müvafiq üzləşmə aktı 16 noyabr 2018-ci il tarixdə imzalanmış, cavabdeh isə 04 oktyabr 2019-cu il tarixdə iddiaçıya son ödənişi həyata keçirmişdir. İddiaçı 12 yanvar 2023-cü il tarixdə ilkin mediasiya sessiyasında iştirak etmək üçün cavabdehə təklif göndərmişdir. Göründüyü kimi, iddiaçı son ödəniş tarixindən 3 il müddət keçdikdən sonra cavabdehə müvafiq təklif göndərmişdir ki, bu da iddiaçının hazırki tələbi üzrə iddia müddətinin keçməsinə dəlalət edir. Cavabdeh tərəfindən isə iddia müddətinin tətbiq olunmasına dair məhkəməyə ərizə verilmişdir. Təəssüflər olsun ki, birinci instansiya məhkəməsi iddia müddətinin tətbiqi barədə cavabdehin ərizəsini nəzərə almamış, beləliklə işin hallarına uyğun tətbiq etməli olduğu maddi hüquq normasını tətbiq etməyərək hüquq normasının pozuntusuna yol vermişdir. Məhkəmə iş üzrə təqdim olunmuş sübutlara tam və ətraflı baxaraq həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verməli olduğu halda, yalnız özünun subyektiv mülahizəsinə əsaslanaraq qimətləndirmə aparmışdır. Halbuki, iddiaçı cavabdehin borcu ilə bağlı məhkəməyə mötəbər sübut təqdim edə bilməmişdir. Beləliklə birinci instansiya məhkəməsi maddi hüquq normasından əlavə, həmçinin prosessual hüquq normasının pozuntusuna yol verməklə, iş üzrə düzgün olmayan məhkəmə aktı qəbul etmişdir. Məhkəmə, iddiaçı tərəfindən təqdim olunmuş 15 iyul 2020-ci il tarixli üzləşmə aktına istinadən belə hesab etmişdir ki, cavabdeh borcunun bir hissəsini etiraf etmiş, bununla da iddia müddəti ötürülməmişdir. Qeyd edirik ki, 15 iyul 2020-ci il tarixli üzləşmə aktında iddiaçının və cavabdehin biri-birilərinə olan kreditor/debitor borcları aydın görünmür. Bu baxımdan həmin üzləşmə aktı cavabdehin iddiaçıya borcunun etirafı kimi qiymətləndirilə bilməz. Apellyasiya şikayəti üzrə izahat: Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi X4 apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək şikayətin təmin edilməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin edilməməsinə dair yeni qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi X3 apellyasiya şikayətinə etiraz edərək birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Hüquqi məsələlər: Azərbaycan Respublikası MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materialları ilə əlaqəli şəkildə hərtərəfli, tam, obyektiv və qərəzsiz araşdırıb, toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilmədən, Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-2(115)-452/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarında olan "xxxx" MMC ilə "xxxx" MMC arasında bağlanmış 13 mart 2018-ci il tarixli 0015-HGC-GM/18 saylı “Ehtiyat hissələrin satışı” müqaviləsindən görünür ki, satıcı "xxxx" MMC müqavilənin ayrılmaz tərkib hissəsi olan Əlavədə göstərilmiş malları alıcı "xxxx" MMC-nə satmağı, alıcı isə bu mallar üçün razılaşdırılmış qiyməti ödəməyi öhdəsinə götürmüşdür. Həmin müqavilənin 6.1-ci bəndinə əsasən bu müqavilə hər iki tərəfdən imzalandığı gündən 1 il müddətində etibarlıdır. İş materiallarında olan kommersiya qurumunun dövlət reyestrindən çıxarışlardan görünür ki, xx.xx.2018-ci il tarixdə "xxxx" MMC “X7” MMC, xx.xx.2022-ci il tarixdə “X7” MMC Cavabdeh MMC kimi qeydiyyata alınmışdır. İş materiallarında olan kommersiya qurumunun dövlət reyestrindən çıxarışdan görünür ki, xx.xx.2022-ci il tarixdə "xxxx" MMC İddiaçı MMC kimi qeydiyyata alınmışdır. İş materiallarında olan xx.xx.2018-ci il tarixli 639683 nömrəli elekrton qaiməyə əsasən 40769,30 manat, xx.xx.2018-ci il tarixli 428360 nömrəli elekrton qaiməyə əsasən 19801,57 manat, xx.xx.2018-ci il tarixli 070748 nömrəli elekrton qaiməyə əsasən isə 17880,19 manat olmaqla, cəmi 78451,06 manat dəyərində malların İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə göndərilməsinə dair qaimələr ötürülmüşdür. İş materiallarında olan 16 noyabr 2018-ci il tarixli üzləşmə aktından görünür ki, qarşılıqlı yoxlamaya əsasən “X7” MMC-nin xx.xx.2018-ci il tarixə "xxxx" MMC-yə əsas borc üzrə 90320,60 manat, ƏDV üzrə 10038,21 manat olmaqla, cəmi 100358,81 manat borcunun olması faktı hər iki tərəfin imzası ilə təsdiq olunmuşdur. İş materiallarında olan “X7” MMC tərəfindən "xxxx" MMC-yə göndərilmiş 15 iyul 2020-ci il tarixli üzləşmə aktından görünür ki, qarşılıqlı yoxlamaya əsasən xx.xx.2020-ci il tarixə əsas məbləğ üzrə 1120 manat, ƏDV üzrə 201,60 manat olmaqla, cəmi 1321,60 manat borcun olmasını qeyd edilmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli pretenziya məktubunun surətindən görünür ki, borcluya yaranmış borc ilə bağlı məlumat verilmiş, məsuliyyəti barədə xəbərdarlıq edilmişdir. Məhkəmə kollegiyasının iclasında müəyyən olunmuşdur ki, İddiaçı MMC ilə “Arkoz X7 ” MMC arasında 13 mart 2018-ci il tarixli 0015-HGC-GM/18 saylı “Ehtiyat hissələrinin Satışı müqaviləsi” bağlanmış, həmin müqavilənin 1.1-ci bəndinə əsasən Satıcı müqavilədə və onun ayrılmaz tərkib hissəsi olan Əlavələrdə göstərilmiş malları Alıcıya satmağı və Alıcı isə öz növbəsində bu mallar üçün razılaşdırılmış qiyməti ödəməyi öhdəsinə götürmüşdür. Sözügedən müqavilə və onun Əlavələrinə əsasən Cavabdeh MMC-yə İddiaçı MMC tərəfindən ümumi dəyəri 78451,06 manat olan mal satılmış, Alıcı Əlavədə göstərilmiş malların dəyərinin 100% hissəsini təhvil-təslimdən sonra Satıcıya köçürmə yolu ilə 40 iş günü ərzində ödəməli olduğu halda, qeyd olunan məbləğin 48135,90 manat hissəsini ödəmiş, 30315.16 manat hissəsini isə ödəməmişdir. Cavabdehə göstərilən borc məbləğinin tam ödənilməsi tələbi ilə əlaqədar xəbərdarlıq edilmiş, lakin cavabdeh borcu ödəməmişdir. İddia tələbini təmin etmiş birinci instansiya məhkəməsi gəldiyi nəticəni belə əsaslandırmışdır ki, "xxxx" MMC ilə (indiki adı İddiaçı MMC) "xxxx" MMC (indiki adı Cavabdeh MMC) arasında bağlanmış 13 mart 2018-ci il tarixdə alqı-satqı müqaviləsi bağlanmış, Satıcı müqavilənin ayrılmaz tərkib hissəsi olan Əlavədə göstərilmiş malları Alıcıya satmağı, Alıcı isə mallar üçün razılaşdırılmış qiyməti ödəməyi öhdəsinə götürmüşdür. Satıcı müqavilə üzrə üzərinə götürdüyü öhdəliyi yerinə yetirmiş, malları Alıcıya vermiş, lakin Alıcı müqavilə üzrə üzərinə götürdüyü öhdəliyi tam olaraq yerinə yetirməmiş və malların dəyərini tam olaraq Satıcıya ödəməmişdir. Onun iddiaçıya 30315,16 manat borcu yaranmışdır. İddiaçının təqdim etdiyi sübutlar borcun ödənilməsi barədə tələbin əsaslı olduğunu təsdiq edir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçı müqavilə üzrə yaranmış borc məbləğini cavabdehdən tələb etməkdə haqlıdır. Odur ki, tərəflər arasında bağlanmış müqaviləyə əsasən 30315,16 manat məbləğində pul cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. İş materiallarından da göründüyü kimi, tərəflər arasında müqavilə 13 mart 2018-ci il tarixdə bağlanılmış, sonuncu qaimə xx.xx.2018-ci il tarixdə qarşı tərəfə göndərilmiş, tərəflər arasında 16 noyabr 2018-ci il tarixdə üzləşmə aktı imzalanaraq cəmi 100358,81 manat borcun olması faktı hər iki tərəfin imzası ilə təsdiq olunmuşdur. Cavabdeh xx.xx.2020-ci il tarixdə üzləşmə aktına imza edərək borcunun bir hissəsini etiraf etmiş və həmin aktı təsdiq edilməsi üçün qarşı tərəfə göndərmişdir. Lakin üzləşmə aktı iddiaçı tərəfindən təsdiq edilməmişdir. İddiaçı tərəfindən xx.xx.2023-cü il tarixdə mediasiya prosesinin tətbiqi ilə bağlı təklif göndərmiş, mediator tərəfindən xx.xx.2023-cü il tarixdə ilkin mediasiya sessiyasında iştirak edilməməsi ilə bağlı arayış verilmişdir. İddiaçı iddia ərizəsi ilə məhkəməyə xx.xx.2023-cü il tarixdə müraciət etmişdir ki, qanunla müəyyən edilmiş 3 illik müddəti ötürməmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşan məhkəmə kollegiyası aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 598.1-ci maddəsinə əsasən əgər alğı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alğısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Həmin Məcəllənin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur (AR MM-in 443.1-ci maddəsi). İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır (AR MM-in 445.1-ci maddəsi). Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdehin alğı-satqı müqaviləsinə əsasən iddiaçıdan haqqını sonradan ödəmək şərti ilə almış olduğu malların 30315,16 manat əsas borc təşkil edən hissəsinin dəyərini sonradan ödəmədiyi məhkəmə iclasında müəyyən edildiyinə görə birinci instansiya məhkəməsi iddia tələbini təmin etməkdə haqlı olmuşdur. Cavabdehin iddia müddətinin tətbiqi ilə bağlı ərizəsinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, müqavilə tələbləri üzrə iddia müddəti üç il olduğundan və iddia müddətinin başlanğıcı cavabdeh xx.xx.2020-ci il tarixdə üzləşmə aktına imza edərək borcunun bir hissəsini etiraf etdiyi tarixdən hesablandığından və iddiaçı müddəti ötürmədən birinci instansiya məhkəməsinə müraciət etdiyindən birinci instansiya məhkəməsi iddia müddətinin tətbiq edilməsi ilə bağlı ərizəni təmin etməməkdə haqlı olmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372.1-ci maddəsinə əsasən başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Həmin Məcəllənin 373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. Həmin Məcəllənin 373.3-cü maddəsinə əsasən vaxtaşırı icra edilməli öhdəliklərdən irəli gələn tələblər üzrə iddia müddəti üç ildir. C.Əzimovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2 aprel 2018-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2018-ci il tarixli Qərarında göstərilir ki, Mülki Məcəllənin 380-ci maddəsinə əsasən, müəyyənləşdirilmiş qaydada iddia irəli sürüldükdə, habelə borclu şəxs borcu etiraf etməsini göstərən hərəkətlər etdikdə iddia müddətinin axımı kəsilir. Fasilədən sonra iddia müddəti yenidən başlanır. Fasiləyə qədər keçmiş vaxt yeni müddətə daxil edilmir. Müddətin kəsilməsi tərəflərin iradəvi xarakterli hərəkəti ilə bağlı olur. Göründüyü kimi, mülki qanunvericilik iddia müddətinin axımının kəsilməsinin iki əsasını nəzərdə tutur: - müəyyənləşdirilmiş qaydada iddia irəli sürülməsi; - borclunun borcu etiraf etməsini göstərən hərəkətlər etməsi. Borclu şəxsin borcu etiraf etməsini göstərən və təsdiqləyən hərəkətləri müxtəlif formada ifadə oluna bilər. Borcun etiraf olunması hallarına: - borcun qismən ödənilməsi; - əsas borc üzrə faizin köçürülməsi; - kreditora borcun etirafını nəzərdə tutan məktub, teleqram göndərilməsi; - öhdəliyin icrası üçün möhlət istənməsi və digər mühüm hallar aid edilə bilər. Hazırkı halda iş materiallarından göründüyü kimi cavabdeh MMC-nin möhürü və səlahiyyətli şəxslərin imzası ilə təsdiq edilmiş üzləşmə aktını xx.xx.2020-ci il tarixdə iddiaçıya göndərməklə iddiaçıya borcunun olduğunu etiraf etmişdir. Ona görə də birinci instansiya məhkəməsi hazırkı tələb üçün iddia müddətini tətbiq etməməkdə haqlı olmuşdur. Kollegiya qeyd edir ki, cavabdeh iddiaçı tərəfindən müvafiq iddia ilə məhkəməyə müraciət ediməsi üçün iddia müddətinin buraxıldığını mübahisələndirmişdir. Halbuki məhkəmə iclasında araşdırılmış sübutlarla iddiaçının müvafiq iddia ilə məhkəməyə iddia müddəti başa çatmamış müraciət etdiyi təsdiq olunur. Apellyasiya şikayətinin digər dəlili borcla bağlı iddiaçının mötəbər sübut təqdim etməməsidir. Halbuki işdəki alğl-satqı müqaviləsindən və müqaviləyə Əlavədən tərəflər arasında bağlanmış müqavilə və müqavilənin məbləği aşkardır. İddiaçının təqdim etdiyi elektron qaimələrdən göründüyü kimi iddiaçı 78451,06 manat dəyərində malları Cavabdeh MMCyə göndərilməsi ilə bağlı elektron qaimələri cavabdehə ötürmüşdür. İddia ərizəsindən isə göründüyü kimi, cavabdeh 13 mart 2018-ci il tarixli 0015-HGC-GM/18 saylı müqavilə üzrə aldığı malların dəyərindən 48135,90 manat hissəsini ödəmiş, 30315.16 manat hissəsini isə ödəməmişdir. Cavabdeh tərəf isə öhdəliyini tam icra etməsi ilə bağlı məhkəməyə sübut təqdim etməmişdir. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır. Odur ki, kollegiya apellyasiya şikayətinin dəlillərini cavabdehin formal mülahizəsi hesab edərək, həmin şikayəti qanuni və əsaslı olan məhkəmə aktının ləğvi üçün əsas hesab etmir. Məhkəmə kollegiyası yuxarıda şərh olunanlara hüquqi qiymət verib hesab edir ki, şikayətlə mübahisələndirilən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmış, maddi və prosessual hüquq normalarının tətbiqində səhvə yol verilməmişdir. Ona görə də apelyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin iş üzrə qətnaməsi dəyişdirilmədən saxlanmalıdır. Azərbaycan Respublikası MPM-in 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-in 372-376, 378-382, 384.0.1, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2-2(115)-452/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetə yerləşdirməklə Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, onun tərəflərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2-2(104)-199/2023
Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(104)-199/2023
13.09.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver