Məhkəmə qərarları › İş №2-2(104)-20/2024

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(104)-20/2024

12.06.2024 · Sair işlər - Mühafizə zonasında inşa edilmiş tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2-2(104)-20/2024 12.06.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası-hakimlər Rzaquliyev Şamil Qəhrəman oğlu (sədrlik edən və məruzəçi), Süleymanov Loğman Srac oğlu və Həsənov İslam Telman oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Vəlizadə Vasif Etibar oğlunun katibliyi, İddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Qaz İxrac İdarəsinin nümayəndəsi X1 və Cavabdeh nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Qaz İxrac İdarəsinin Cavabdeh qarşı tikilinin sökülməsi və ərazinin əvvəlki vəziyyətə qaytarılması tələbinə dair Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2-2(115)-542/2023 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2-2(115)-542/2023 nömrəli qətnaməsi ilə (hakim G.Quliyeva) iddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Qaz İxrac İdarəsinin Cavabdeh qarşı tikilinin sökülməsi və ərazinin əvvəlki vəziyyətə qaytarılması tələbinə dair iddiasının təmin edilməməsi qət edilmişdir. İddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Qaz İxrac İdarəsi həmin qətnamədən apellyasiya şikayəti verərək, Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2023cü il tarixli 2-2(115)-542/2023 nömrəli qətnaməsinin ləğv edilməsinə və iddianın təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. İşin halları: İddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Qaz İxrac İdarəsi xx.xx.2020ci il tarixdə iddia ərizəsi ilə Goranboy Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh tərəfindən Goranboy rayonu Kəpənəkçi kəndi (Goranboy-Goran şosse yolunun sağ tərəfi) ərazisində 325 mm-lik yüksək təzyiqli, yeraltı “Goranboy QPS” qolu qaz kəmərin mühafizə zonasında, qaz kəmərindən 21 metr məsafədə aparılan tikinti işlərinin dayandırılmasını və ərazinin əvvəlki vəziyyətinə qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Goranboy rayonu Kəpənəkçi kəndi (Goranboy-Goran şosse yolunun sağ tərəfi) ərazisində Cavabdeh tərəfindən “Qaz təchizatında mühafizə zonaları və təhlükəsizlik tədbirləri Qaydaları”nın təsdiq edilməsi haqqında Nazirlər Kabinetinin 21 iyul 1999-cu il tarixli, 103 saylı qərarının tələbləri pozularaq Qaz İxrac İdarəsinin X7 kəmərləri sahəsinin balansvə istismarında olan, diametri 325 mm-lik yüksək təzyiqli “Goranboy QPS” qolu qaz kəmərinin mühafizə zonasında, qaz kəmərindən 21 metr məsafədə tikinti işləri aparılır. İş üzrə iddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Qaz İxrac İdarəsi iddia tələbinin dəyişdirilməsi haqqında ərizə ilə Goranboy Rayon Məhkəməsinə müraciət edərək Cavabdeh tərəfindən yüksək təzyiqli 325 mm-lik “Goranboy QPS” qolu qaz kəmərinin mühafizə zonasında inşa edilmiş iaşə obyektinin (şadlıq sarayının) sökülməsi və ərazinin əvvəlki vəziyyətə qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Qaz İxrac İdarəsi tərəfindən Cavabdeh qarşı qaz kəmərinin mühafizə zonasında tikinti işlərinin aparılmasının dayandırılması tələbinə dair Goranboy Rayon Məhkəməsində iddia qaldırılmışdır. Məhkəmə prosesi zamanı məlum olmuşdur ki, aparılan tikinti işləri üzrə Goranboy Rayon İcra Hakimiyyəti tərəfindən cavabdehə 10 iyul 2018-ci il tarixli 77 saylı sərəncam verilmişdir. Həmin sərəncamın ləğv edilməsi tələbinə dair Gəncə İnzibati Məhkəməsinə iddia ərizəsi ilə müraciət olunmuşdur. Sərəncamın ləğv edilməsi tələbi ilə Gəncə İnzibati Məhkəməsinin işə baxıb yekun qərar verilənədək iş üzrə icraatın dayandırılması barədə tərəflərindən Goranboy Rayon Məhkəməsinə ərizə təqdim edilmiş və ərizə təmin olunaraq iş üzrə icraat dayandırılmışdır. Gəncə İnzibati Məhkəməsinin, Gəncə Apellyasiya Məhkəməsinin və Ali Məhkəmənin qərarları ilə inzibati iş yekunlaşdığı üçün 2(045)-553/2020 mülki iş üzrə icraatın təzələnməsi barədə Goranboy Rayon Məhkəməsinə ərizə ilə müraciət olunmuş və iş üzrə icraat təzələnmişdir. Bu müddət ərzində cavabdeh Qarayev X6 Rayon Məhkəməsinin tikinti işlərinin aparılmasının qadağan edilməsi barədə qərardadı olmasına baxmayaraq tikinti işləri apararaq kəmərin mühafizə zonasında iaşə obyekti (şadlıq sarayı) inşa etmişdir. Goranboy Rayon Məhkəməsinin 15 fevral 2023-cü il tarixli 2(045)-403/2023 saylı qərardadı ilə iş aidiyyəti üzrə Gəncə Kommersiya Məhkəməsinə göndərilmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə qərarı qəbul edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: İddiaçı apellyasiya şikayətini əsaslandırmaq üçün göstərmişdir ki, birinci instansiya məhkəməsinin qətnaməsini əsassız hesab edirlər. Məhkəmə qətnamə qəbul edərkən diametri 325 mm-lik “Goranboy QPS” qolu yüksək təzyiqli magistral qaz kəmərinin keçdiyi ərazidə cavabdehə ayrılmış torpaq sahəsinin əvvəlcədən qaz kəmərlərini istismar edən orqanlarla razılaşdırılmaması məsələsinə düzgün münasibət bildirməyərək maddi hüquq normasını düzgün tətbiq etməmişdir. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il 21 iyun tarixli 103 nömrəli qərarı ilə təsdiq edilmiş “Qaz təchizatında mühafizə zonaları və təhlükəsizlik tədbirləri” Qaydalarının 2.23-cü bəndinə əsasən magistral boru kəmərlərinin keçdiyi ərazilərdə hüquqi və fiziki şəxslərin torpaq sahələri ayrılması haqqında ərizələrinə rayon və şəhər icra hakimiyyəti orqanları tərəfindən baxıldıqda, ayrılacaq torpaq sahəsi əvvəlcədən qaz kəmərlərini istismar edən orqanla razılaşdırılır. Sökülməsi tələb olunan tikili cavabdehin xüsusi mülkiyyətində olan torpaq sahəsi üzərində inşa edilsə də, cavabdeh lazımi icazələr almadan tikinti işləri aparmış və həmin tikinti saxlanılmaqla iddiaçının hüquq və mənafelərini pozmuş, fiziki və hüquqi şəxslərin həyatı və sağlamlığı üçün təhlükə yaratmıdır. Apellyasiya şikayəti üzrə izahatlar: Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmiş tərəflərdən cavabdeh nümayəndəsi vasitəsi ilə təmsil olunsa da, özü məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən işə gəlməmiş şəxsin iştirakı olmadan baxılmasını mümkün sayır. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi X2 apellyasiya şikayətini müdafiə edərək həmin şikayətin təmin edilməsini xahiş etdi. Əlavə olaraq izah etdi ki, Goranboy rayonunun ərazisindəki torpaq sahələrindən çəkilmiş magistral boru qaz kəmərlərinin faktiki vəziyyətinin (icra sxeminin) və digər lazımi sənədlərin, torpaq istifadəsi xəritəsinə salınması üçün rayon (şəhər) icra hakimiyyəti orqanlarına verilməsini təsdiq edən sübutu yoxdur. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh nümayəndəsi Vəkil apellyasiya şikayətinin dəlilləri ilə razılaşmadı və həmin şikayətin təmin edilmədən, birinci instansiya məhkəməsinin iş üzrə qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Hüquqi məsələlər və əsaslandırma: Azərbaycan Respublikası MPM-in: 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instаnsiyа məhkəməsinin qətnаməsinin əsаslılığını onun bаrəsində аçıq və yа dolаyısı ilə mübаhisə edilən hissəsi üzrə, şikаyət qərаrın ləğv edilməsinə yönəldikdə və yа аpellyаsiyа şikаyətində və onа etirаzlаrdа ifаdə olunmuş dəlillərə əsаsən mübаhisənin predmeti bölünməz olduqdа isə tаm yoxlаyır. 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.3-cü maddəsinə görə, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə kollegiyası iş materiallarını apellyasiya şikayətinin dəlilləri ilə əlaqəli şəkildə tam, obyektiv və qərəzsiz araşdırıb, iddiaçının nümayəndəsinin və cavabdehin nümayəndəsinin izahatlarını dinləyib, toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilmədən, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarında olan: Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən ******* seriya RX nömrəli çıxarışdan görünür ki, Goranboy şəhəri, Goranboy-Goran yolunun sağ tərəfində yerləşən ehtiyyat fondu torpaqları kataqoriyasına daxil olan 0,75 ha torpaq sahəsi daşınmaz əmlakın **********21 reyestr nömrəsi ilə Cavabdeh mülkiyyətindədir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət reyestri Xidmətinin 7 saylı Ərazi Dairəsinin 229384 nömrəli torpaq sahəsinin planı və ölçüsü sənədindən görünür ki, Goranboy şəhəri, Goranboy-Goran yolunun sağ tərəfində yerləşən ehtiyyat fondu torpaqları kataqoriyasına daxil olan 0,75 ha torpaq sahəsinin planı və ölçüsü xx.xx.2017-ci il tarixdə tərtib edilmişdir. Azərbaycan Respublikası Goranboy Rayon İcra Hakimiyyəti Başçısının “Veyisli kənd sakini Cavabdeh sahibkarlıq məqsədi ilə tikinti aparılmasına icazə verilməsi barədə” 10 iyul 2018-ci il tarixli 77 nömrəli sərəncamından görünür ki, Cavabdeh ehtiyat fondu torpaqlarından 0,75 ha torpaq sahəsinin 1324,96 kv.m-də sahibkarlıq məqsəd ilə tikinti aparılmasına icazə verilmişdir. Həmiçinin sifarişçiyə tikiləcək binanın layihə-smeta sənədlərinin memarlıq və tikinti şöbəsi ilə razılaşdırılması, işçi layihə-smeta sənədlərinin tam tərkibdə qeydiyyata alınması üçün memarlıq və tikinti şöbəsinə təqdim edilməsi, tikinti nəzərdə tutulan ərazinin rayonun müvafiq təşkilatları ilə razılaşdırılması, tikinti quraşdırma işlərinin Azərbaycan Respublikasının müvafiq qanunlarına və normativ sənədlərinə uyğun aparılması, tikinti müddətində və gələcək istismar dövründə ərazinin sanitar vəziyyətinin normalara uyğunluğunun qorunub saxlanılması, tikinti quraşdırma işləri başa çatdırıldıqdan sonra işçi layihə-smeta sənədlərinin İcra Hakimiyyətinin başçısı yanında tikintisi başa çatmış obyektlərin istismara qəbulu komissiyasına təqdim edilməsi tapşırılmışdır. 10 iyul 2018-ci il tarixli 14 nömrəli obyektin tikintisinə icazə sənədindən görünür ki, Goranboy Rayon İcra Hakimiyyəti Goranboy rayonu Veyisli kənd sakini olan Cavabdeh Goranboy şəhəri, Goranboy-Goran yolunun sağ tərəfində yerləşən ümumi sahəsi 1617,45 kv.m, tikintialtı sahəsi 1324,96 kv.m, tikintinin həcmi 13514,6 kub.m olan qeyri-yaşayış binasının tikintisinə icazə vermişdir. 10 iyul 2018-ci il tarixli 14 nömrəli tikintiyə icazə barədə xüsusi nişandan görünür ki, Goranboy Rayon İcra Hakimiyyətinin başçısı tərəfindən Cavabdeh 0,75 ha torpaq sahəsində qeyri-yaşayış binasının tikintisinə icazə barədə xüsusi nişan verilmişdir. Azərbaycan Respubliaksı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin eskiz layihə sənədindən görünür ki, Goranboy şəhəri, Goranboy- Goran yolunun sağ tərəfində yerləşən qeyri-yaşayş binasının eskiz lahiyəsi hazırlanmış və Goranboy rayonunun baş memarı ilə razılaşdırılmışdır. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X4 X3 Ekspertiza Baş İdarəsinin 10 may 2019-cu il tarixli 27254 nömrəli rəyindən görünür ki, Goranboy şəhəri, Goranboy-Goran yolunun sağ tərəfində qeyri-yaşayış binasının tikinti layihəsi razılaşdırılmışdır. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X4 Agentliyinin “Azərdövlətlayihə” Dövlət Baş Layihə İnstitutu Mühəndisi-Geoloji Mərkəzinin 12 aprel 2018-ci il tarixli 06-11706 nömrəli rəyindən görünür ki, sahənin mühəndisi-geoloji şəraitinin qiymətləndirmək məqsəd ilə, ərazidə ara məsafələri 30.0-31.2 m olmaqla, dərinlikləri 8.0 m olan 4 ədəd kəşfiyyat quyuları qazılmışdır. Qazmanın həcmi 32.0 p.m olmuşdur. Qazılmış quyulardan müxtəlif dərinliklərdən litoloji kəsilişdə iştirak edən qruntlardan 7 ədəd qrunt nümunələri götürülüb laboratoriya tədqiqatlarına cəlb edilmişdir. Aerasiya zonası qruntları sulu ekstraktın kimyəvi təhlilinin nəticələrinə əsasən, portlandsementdən hazırlanmış dəmir-beton və metal konstruksiyalara qarşı güclü sulfat aqressivlidir, sulfatadavamlı sementə qarşı zəif aqressivlidir. Metal konstruksiyalara qarşı qeyri aqressivlidir. Quyular arası məsafə, quyuların dərinliyi, götürülmüş qrunt nümunələrinin miqdarı sahənin mühəndisi-geoloji şəraitini qiymətləndirmək üçün qənaətbəxşdir. Qruntlar üçün fiziki-mexaniki xassələr laboratoriya təhlillərinin nəticələrinə əsasən mövcud normativ sənədlərə uyğun tərtib edilmişdir. Tikinti sahəsinin fon seysmikliyi 8 bal olduğu müəyyənləşdirilmişdir. Həmçinin AzDTN 2.3-1 dəyişiklik 1-ə əsasən, geoloji-litoloji kəsilişdə iştirak edən qruntlar fiziki-mexaniki xassələrinə görə İİ sinifə aiddir . Aerasiya zonası qruntunun aqressivlik xassəsini nəzərə alaraq izolyasiya olunması tövsiyə olunmuşdur. Hesabat məqbul qiymətləndirilmişdir. Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Qaz İxrac İdarəsinin X7 kəmərləri sahəsi “Goranboy QPS” qol qaz kəmərinin “0” “5.131” km-lər arası sahədə texniki pasportdan görünür ki, “0” “5.131” km-lər arası sahədə “Goranboy QPS” qol qaz kəməri qolu 0-cı km-dən 5.131-ci km-dək 2016-cı ildən istismara qəbul olunmuşdur. İş materiallarında olan 21 fevral 2020-ci il tarixli aktdan görünür ki, qaz təsərrüfatında təhlükəsizlik qaydalarının tələblərinə zidd olaraq Cavabdeh tərəfindən Goranboy rayonu Kəpənəkçi kəndi ərazisindən keçən 325 mm-lik yüksək təzyiqli Goranboy QPS qolu qaz kəmərinin mühafizə zonasında, kəmərdən 21 metr məsafədə tikili inşa olunması qeyd edilmişdir. 21 fevral 2020-ci il tarixli məktubdan görünür ki, Qaz İxrac İdarəsi Cavabdeh qaz kəmərinin mühafizə zonasının pozulması barədə xəbərdarlıq göndərmiş, ona tikinti işlərinin dayandırılması və ərazinin əvvəlki vəziyyətə qaytarılması xahiş edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 30 sentyabr 2020-ci il tarixli 10/1444 saylı rəyindən görünür ki, Goranboy rayonu, Kəpənəkçi kəndi ərazisində Cavabdeh tərəfindən aparılan tikinti işləri, “Qaz İxrac” idarəsinin X7 kəmərləri sahəsinin balans və istismarında olan diametri 325 mm-lik yüksək təzyiqli “Goranboy GPS” qolu qaz kəmərindən 21 metr məsafədə yerləşdiyindən, həmin tikililər qaz kəmərinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1999-cu il tarixli, 103 saylı qərarı ilə təsdiq edilmiş “Qaz təchizatında mühafizə zonaları və təhlükəsizlik tədbirləri Qaydaları” nın 2.7-ci bəndində göstərilən 50,0 m-lik mühafizə zonasının daxilinə düşdüyü müəyyən edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 29 dekabr 2021-ci il tarixli 10/4021 nömrəli rəyindən görünür ki, Goranboy rayonu, Kəpənəkçi kəndi ərazisində Cavabdeh tərəfindən aparılan tikinti işlər ilə Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Qaz İxrac İdarəsinin balansında və istismarında olan magistral qaz kəməri X7 Kəmərləri Sahəsinin istismarında olan “Goranboy QPS” qolu (0,325 mm, yeraltı) magistral keçən qaz xətti ilə tikili ilə ara məsafəsi 40 metr olduğu müəyyən edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1999- cu il tarixli 103 nömrəli qərarı ilə təsdiq edilmiş “Qaz təchizantında mühafizə zonaları və təhlükəsizlik tədbirləri Qaydaları”nın 2.2 və 2.7-ci bəndlərinə əsasən göstərilən qaz borusunun mühafizə zonası 50 m olduğundan cavabdeh tərəfindən inşa etdiyi tikili qaz kəmərindən 40 m aralıda yerləşdiyini nəzərə alaraq tədqiq olunan tikilinin 10 m hissəsi magistral qaz kəmərinin mühafizə zonasına düşdüyü müəyyən olunmuşdur. Goranboy Rayon Məhkəməsinin 05 mart 2020-ci il tarixli 2(045)-553/2020 saylı qərardadından görünür ki, iddiaçının iddianın təmin edilməsi tədbiri haqqında ərizəsi təmin edlimiş, hazırkı mülki iş üzrə yekun məhkəmə aktı qəbul edilənədək Cavabdeh Goranboy rayonunun Kəpənəkçi kəndi ərazisində Qaz İxrac İdarəsinin Ağdaş MQKSnin balansı və istismarına aid olan 325 mm-lik Goranboy QPS qaz kəmərinin mühafizə zonasında tikinti işlərinin və tikintiyə dair hər hansı hüquqi hərəkətləri (sənədləşməsi, dövlət reyestr qeydiyyatına alınması və s) qadağan edilməsi qərara alınmışdır. İş materiallarında olan Gəncə Apellyasiya Məhkəməsinin 31 mart 2022-ci il tarixli 2- 1(104)-21/2022 saylı və Azərbaycan Respublikası Ali Məhkəməsinin 12 oktyabr 2022ci il tarixli 2-1(102)-1425/2022 saylı qərarlarından görünür ki, iddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Qaz İxrac İdarəsi cavabdeh Goranboy Rayon İcra Hakimiyyətinə (üçüncü şəxs Cavabdeh) qarşı Gəncə İnzibati Məhkəməsinə müraciət edərək üçüncü şəxs Cavabdeh ticarət obyekti tikilmək üçün cavabdeh Goranboy Rayon İcra Hakimiyyəti başçısı tərəfindən verilmiş 10 iyul 2018-ci il tarixli 77 nömrəli sərəncamın etibarsız hesab edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2-1(114)-1225/2020 saylı qərarı ilə iddia təmin edilməməmişdir. İddiaçının apellyasiya şikayəti əsasında işə baxan Gəncə Apellyasiya Məhkəməsinin 31 mart 2022-ci il tarixli 2-1(104)-21/2022 saylı qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, Gəncə İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2-1(114)-1225/2020 saylı qərarı dəyişdirilmədən saxlanmışdır. İddiaçının kassasiya şikayəti əsasında işə baxan Azərbaycan Respublikası Ali Məhkəməsinin 12 oktyabr 2022-ci il tarixli 2-1(102)-1425/2022 saylı qərarı ilə kassasiya şikayəti təmin edilməmiş, Gəncə Apellyasiya Məhkəməsinin 31 mart 2022-ci il tarixli 2- 1(104)-21/2022 saylı qərarı dəyişdirilmədən saxlanılmışdır. Həmçinin apellyasiya baxışı zamanı xx.xx.2023-cü il tarixdə təyin edilmiş təkrar məhkəmə tikinti-texniki ekspertizasına əsasən Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizasi Mərkəzinin 22 aprel 2024-cü il tarixli 3-16-16/2-10/516 nömrəli məhkəmə ekspertizasının rəyində qeyd edilmişdir ki, Cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrində ******* seriya RX nömrəli qeydiyyat tarixi xx.xx.2018-ci il, reyestr nömrəsi **********21 olan çıxarış əsasında məxsus olan Goranboy şəhəri, Goranboy-Goran yolunun sağ tərəfində yerləşən torpaq sahəsi TEKUİS məlumat bazasına əsasən yaşayış məntəqələri torpaqlarına aiddir və Cavabdeh faktiki istifadə etdiyi torpaq sahəsi ilə üst-üstə düşdüyü müəyyən olunmuşdur. Cavabdeh inşa etdirdiyi mübahisəli qeyri-yaşayış tikilisi ona Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrində ******* seriya RX nömrəli qeydiyyat tarixi xx.xx.2018-ci il, reyestr nömrəsi **********21 olan çıxarış əsasında ona məxsus olan torpaq sahəsində yerləşdiyi müəyyən olunmuşdur. Goranboy rayonu Kəpənəkçi kəndi ərazisində Cavabdeh tərəfindən aparılan tikinti “Qaz İxrac” idarəsi X7 kəmərləri sahəsinin balans və istismarında olan diametri 325 mm-lik yüksək təyziqli “Goranboy GPS” qolu qaz kəmərinin mərkəzindən 40 metr məsafədə inşa edildiyi müəyyən olunmuşdur. Yuxarıda qeyd olunan sənədlərdən göründüyü kimi cavabdeh sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün qanunla müəyyən edilmiş qaydada torpaq sahəsinin mülkiyyətçisi olan Bələdiyyə orqanına ərizə ilə müraciət etmiş və ərizəsinə uyğun olaraq mülkiyyətinə torpaq sahəsi verilmiş, cavabdeh ona ayrılmış torpaq sahəsində tikinti işlərinin aparılması üçün ona icazə verilməsi ilə bağlı səlahiyyətli dövlət orqanı olan Goranboy rayon İcra Hakimiyyətinə müraciət etmiş, ona ayrılmış torpaq sahəsində tikintinin aparılmasına Goranboy rayon İcra Hakimiyyətinin Memarlıq və tikinti şöbəsi tərəfindən müvafiq icazə verilmiş, başa çatmış tikinti isə müvafiq komissiyanın qəbul aktı ilə istismara qəbul edilmişdir, yəni həmin tikili özbaşına tikili deyildir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 180.1-ci maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. 180.2-ci maddəsində göstərilir ki, özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququnu əldə etmir. Digər tərəfdən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il 21 iyun tarixli 103 nömrəli qərarı ilə təsdiq edilmiş “Qaz təchizatında mühafizə zonaları və təhlükəsizlik tədbirləri” Qaydalarının 2.3-cü bəndinə görə boru kəmərləri xətti üzrə dəmir betondan və ya taxtadan hazırlanmış fərqləndirici nişanlar (göstərici yazı lövhələri) yer səthindən 1,5-2 metr hündürlüyündə qurulur. Həmin Qaydaların 2.6-cı bəndinə əsasən tikinti-quraşdırma və sifarişçi təşkilatlar tərəfindən müvafiq qaydada tikilmiş boru kəmərlərinin faktiki vəziyyətinin (icra sxeminin) və digər lazımi sənədlərin, torpaq istifadəsi xəritəsinə salınması üçün rayon (şəhər) icra hakimiyyəti orqanlarına verilməlidir. İcra hakimiyyəti orqanı boru kəmərlərinin yerləşdiyi yerlər haqqında, maraqlı olan hüquqi və fiziki şəxslərə məlumat verir. Kollegiya qeyd edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, cavabdeh tərəfindən tikilən tikili qanunsuz və özbaşına tikinti sayılmadığından, torpaq sahəsi cavabdeh tərəfindən zəbt olunmadığından və onun tikintinin magistral qaz kəmərinin təhlükəsizlik zonasında yerləşməsində təqsiri müəyyən olunmadığından tikilinin sökülməsi və ərazinin əvvəlki vəziyyətə qaytarılması tələbi təmin edilə bilməz. Təmin ediləcəyi təqdirdə bu cavabdehin qanunun müdafiəsi altına düşən mülkiyyət hüquqlarının kobud pozuntusu ilə nəticələnmiş olar. Azərbaycan Respublikası Konstitusiyasının 13 və 29-cu maddələrinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Beləliklə də məhkəmə kollegiyası iş üzrə araşdırılmış sübutlar əsasında belə qənaətə gəlir ki, apellyasiya şikayətinin dəlilləri əsassızdır, həmin şikayətin təmin edilməsi üçün hüquqi əsaslar yoxdur. Birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarına uyğun olaraq çıxarılmışdır. Odur ki, apellyasiya şikayəti təmin edilmədən, mübahisələndirilən qətnamə isə dəyişdirilmədən axlanılmalıdır. Azərbaycan Respublikası MPM-in 384.0.1-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-in 372-376, 378-382, 384.0.1, 392, 393, 402 вя 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: İddiaçı Dövlət Neft Şirkətinin Qaz İxrac İdarəsinin apellyasiya şikayəti təmin edilməsin. Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2-2(115)-542/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetdə yerləşdirilməklə Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamə şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar