Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-2(107)-168/2025 03.12.2025 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Qaz İxrac İdarəsinin cavabdeh “X18” MMC-yə qarşı “muhafizə zonasında əkilmiş ağacların öz vəsaiti hesabına götürülməsi” tələbinə dair kommersiya mübahisəsi üzrə (Açar sözlər: aidiyyət) X2 (sədrlik edən və məruzəçi), Hüseynov Elçin Şirin oğlu və Sadiqov Zülfüqar Əhməd oğlundan ibarət tərkibdə, X6 iclas katibliyi ilə, Şəki Kommersiya Məhkəməsinin 16 oktyabr 2025-ci il tarixli, e-2-2(117)-1303/2025 nömrəli qərardadından cavabdehin nümayəndəsi və vəkili Vəkil tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq, məhkəmə kollegiyası M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Qaz İxrac İdarəsi cavabdeh “X18” MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “Qaz İxrac” İdarəsi, X12 Kəmərləri Sahəsinin istismarında olan (Ø1020 mm, yeraltı, layihə təzyiqi 5,5 MPa (55 kqq/sm )) “Qazıməmməd-Qazax İ xətt” və (Ø1220 mm, yeraltı, layihə təzyiqi 5,5 MPa (55 kqq/sm)) “Qazıməmməd-Qazax İİ xətt” magistral qaz kəmərlərinin mühafizə zonasında, İsmayıllı rayonu, Tircan kəndinin yaxınlığında Cavabdeh MMC tərəfindən əkilmiş ağacların mühafizə zonasından öz vəsaiti hesabına götürülməsi (köçürülməsi), qaz kəmərlərində yenidənqurma işlərinin aparılması üçün cavabdeh tərəfindən şəraitin yaradılması və ödənilmiş dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçı tərəfə qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh “X18” MMC-nin nümayəndəsi və vəkili Vəkil xx.xx.2025-ci il tarixli vəsatətlə məhkəməyə müraciət edərək, işin ərazi aidiyyəti üzrə Bakı Kommersiya Məhkəməsinə göndərilməsini xahiş etmişdir. Şəki Kommersiya Məhkəməsinin 16 oktyabr 2025-ci il tarixli, e-2-2(117)-1303/2025 nömrəli qərardadı (hakim: E.Hüseynova) ilə, cavabdehin nümayəndəsi və vəkilinin vəsatəti rədd edilmişdir. Həmin qərardaddan cavabdehin nümayəndəsi və vəkili Vəkil tərəfindən şikayət verilmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, iş materiallarında olan təsis sənədlərindən görünür ki, X9 50% və X4 25% iştirak payına malik olmaqla, Cavabdeh MMC-nin (VÖEN: **********) təsisçiləridir. Onlar mülkiyyətində olan İsmayıllı rayonu, Tircan kəndi ərazisində yerləşən torpaq sahələrinin bir hissəsində badam bağlarının əkilməsi və becərilməsi məqsədilə Cavabdeh MMC-ni təsis etmişlər və cəmiyyət həmin fəaliyyətlə məşğuldur. X1 İsmayıllı rayonu, Tircan kəndi ərazisində mülkiyyətində cəmi 52.641 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi vardır. İş materiallarından göründüyü kimi, həmin torpaq sahələrinə dair Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi tərəfindən X3 “hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən” çıxarışlar verilmişdir (74 ədəd). Bundan başqa, X1 xüsusi mülkiyyətində İsmayıllı rayonu Qubaxəlilli kəndi ərazisində 8.727417 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi vardır. Həmin torpaq sahəsinə dair Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi tərəfindən X3 xx.xx.2021-ci il tarixdə reyestr nömrəsi **********10 olan çıxarış verilmişdir. İsmayıllı rayonu, Tircan kəndi ərazisində X5 mülkiyyətində cəmi 8.0350 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi vardır. Həmin torpaq sahəsinə dair Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi tərəfindən X7 “hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən” çıxarışlar verilmişdir (26 ədəd). Qeyd edilən torpaq sahələri X4 və X9 tərəfindən Dövlət Notariat kontorlarında rəsmiləşdirilmiş alqı-satqı müqavilələri əsasında əldə edilmişdir. İş materiallarında olan foto şəkillərdən göründüyü kimi, X1 mülkiyyətində olan 52.641 ha torpaq sahəsində və X5 mülkiyyətində olan 8.0350 ha torpaq sahələrində onların təsisçisi olduğu Cavabdeh MMC (VÖEN: **********) tərəfindən 46 000 ədəd badam ağacları əkilmişdir. Həmin bağlarda müasir damcı-suvarma sistemlərinin, tinglərin alınması, işçilərin əmək haqlarının ödənilməsi X8 tərəfindən verilmiş ******* manat güzəştli kredit və torpaq mülkiyyətçilərinin özlərinin cəlb etdikləri ******* milyon manat vəsait hesabına maliyyələşdirilmişdir. Bağın salındığı təsisçilərə məxsus torpaq sahələri faktiki Cavabdeh MMC-nin qanuni sahibliyindədir. Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin Qaz İxrac İdarəsi tərəfindən tərtib edilmiş texniki pasportlar isə daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış mülkiyyət hüquqlarından üstün deyildir. X17 Şirkətinin iddia etdiyi torpaq sahələrinə hüquqlarına dair dövlət reyestrində heç bir qeydiyyat yoxdur. X1 xüsusi mülkiyyətində olan və taxıl əkilməsi üçün istifadə edilən İsmayıllı rayonu Qubaxəlilli kəndi ərazisindəki 8.727417 ha torpaq sahəsində mülkiyyətçinin icazəsi olmadan Qaz İxrac İdarəsi tərəfindən özbaşına qazıntı işləri aparılmışdır (fotolar əlavə edilir). Həmin torpaq sahəsinin "X19" MMC-yə heç bir aidiyyatı yoxdur. Göründüyü kimi götürülməsi tələb edilən ağacların yerləşdiyi torpaq sahələri Cavabdeh MMCnin deyil, Dövlət Notariat kontorlarında rəsmiləşdirilmiş alqı-satqı müqavilələri əsasında X4 və X5 mülkiyyətlərindədir. Yəni, iddia iddiaya cavab verməli olmayan şəxsə qarşı verilmiş və Cavabdeh MMC hazırkı iş üzrə iddiaya cavab verməli olan şəxs - cavabdeh deyildir. “X19" MMC-nin hüquqi ünvanı “ünvan 1n MMC-yə qarşı yönəlibsə də, həmin MMC-nin hüquqi ünvanı üzrə məhkəməyə verilməli idi. Bundan əlavə qeyd edilməlidir ki, hazırkı iş üzrə iddia tələbi “mühafizə zonasında əkilmiş ağacların cavabdehin vəsaiti hesabına götürülməsi”dir. Bu tələb üzrə iddiaya isə Mülki Prosessual Məcəlləsinin 39.1-ci maddəsi ilə nəzərdə tutulmuş müstəsna aidiyyət şamil olunmur. “AzərbaycanRespublikası Mülki Prosessual Məcəlləsinin 35.1, 35.3 və 39.1-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2 iyun 2021-ci il tarixli qərarına əsasən, “Mülki Prosessual Məcəllənin 39.1-ci maddəsinin məzmununa görə, daşınmaz əşya kimi tikinti, qurğu və torpaq sahəsilə bağlı istənilən mübahisələrə deyil, yalnız aşağıdakı mübahisələrə müstəsna aidiyyət şamil olunur: - daşınmazəşyaya mülkiyyət hüququnun tanınması; daşınmaz əşyanın başqasının qeyri-qanuni sahibliyindən götürülməsi; - sahibkarın vəyaxud başqa qanuni sahibin hüquqlarının pozulmasını aradan qaldırmaq haqqında iddialar (mülkiyyət hüququndan məhrum etmə ilə əlaqədar olmayan). Beləliklə, müstəsna aidiyyət qaydalarını tənzimləyən Mülki Prosessual Məcəllənin 39.1-ci maddəsi daşınmaz əşyalarla bağlı bütün mübahisələri deyil, yalnız həmin maddədə sadalanan konkret tələblər üzrə iddiaları ehtiva edir. Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, həmin halların dairəsi qanunvericilikdə dəqiq müəyyən edildiyinə görə geniş təfsir edilə bilməz.” Göründüyü kimi müstəsna aidiyyət qaydalarını tənzimləyən Mülki Prosessual Məcəllənin 39.1-cimaddəsi iddiaçının hazırkı iş üzrə iddia tələbini ehtiva etmədiyindən, iş baxılması üçün ərazi aidiyyatı üzrə Bakı Kommersiya Məhkəməsinə göndərilməlidir. Qeyd edilən hallar (iddianın iddiaya cavab verməli olmayan şəxsə verildiyi, həmçinin işin ərazi aidiyyəti qaydalarının pozulması ilə icraata qəbul edildiyi) məhkəmənin nəzərinə çatdırılsa da, məhkəmə tərəfindən qəbul edilməmişdir. Məhkəmə ağacların götürülməsi tələb edilən torpaq sahələrinin mülkiyyətçilərini, Cavabdeh MMC-nin iddiaya cavab verməli şəxs olmaması, hazırkı tələbə müstəsna aidiyyət qaydasının şamil olunmaması hallarını araşdırmamışdır. X16 Məhkəməsinin xx.xx.2025-ci iltarixli, e-2-2(117)-1303/2025 saylı qərardadının ləğv edilməsi və vəsatətin təmin edilərək, işin baxılması üçün ərazi aidiyyatı üzrə Bakı Kommersiya Məhkəməsinə göndərilməsinə dair qərardad qəbul edilməsi xahiş edilmişdir. Şəki Kommersiya Məhkəməsinin 03 noyabr 2025-ci il tarixli, e-2-2(117)-1303/2025 nömrəli qərardadı (hakim: E.Hüseynova) ilə, şikayət təmin edilməmiş və baxılması üçün işlə birlikdə Şəki Apellyasiya Məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 10.8-1 maddəsinə əsasən, bu Məcəllənin 159, 269, 280, 284-5, 394-1, 397.2, 403-1.6, 414.1, 422, 431-3 və 437-ci maddələrində nəzərdə tutulmuş hallarda işlərə yazılı icraat qaydasında, yəni məhkəmə iclası keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılır. Bu Məcəllənin 394-1, 397.2 və 414.1-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmənin qərardadına əsasən işə məhkəmə iclasında baxıla bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397.2-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Məhkəmə işdə iştirak edən şəxsin bu barədə verdiyi vəsatəti əsaslı hesab etdikdə və ya öz təşəbbüsü ilə şikayət üzrə işə məhkəmə iclasında baxa bilər. Bu barədə məhkəmə tərəfindən müvafiq qərardad qəbul edilməklə işdə iştirak edən şəxslərə məlumat verilir. İşdə iştirak edən şəxslərə şikayətə yazılı icraat qaydasında baxılması barədə əvvəlcədən məlumat (bildiriş) göndərilmiş, lakin şikayətlə bağlı hər hansı sənəd, habelə işə məhkəmə iclasında baxılması barədə vəsatət daxil olmamışdır. Hazırkı şikayət də birinci instansiya məhkəməsinin qərardadından verildiyinə görə məhkəmə kollegiyası mübahisəyə MPM-nin 10.8-1 və 397.2-ci maddələrinə əsasən yazılı icraat qaydasında baxır. Məhkəmə kollegiyası şikayətin dəlillərini iş materialları ilə əlaqəli şəkildə araşdırıb, tədqiq edərək yoxlayıb, sənədlərə məcmu halında hüquqi qiymət verərək hesab edir ki, şikayət təmin olunmamalı, birinci instansiya məhkəməsinin qeyd edilən qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə qiymət verən zaman ilkin olaraq qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiyasının 62-ci maddəsinə görə, hər kəsin onun işinə qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququ vardır. Şəxsin razılığı olmadan onun işinə başqa məhkəmədə baxılmasına yol verilmir. Normada nəzərdə tutulmuş “qanunla müəyyən edilmiş məhkəmə” müddəası işlərin aidiyyət qaydalarını, qanuni məhkəmə tərkibinin mövcudluğunu və s. xüsusi elementləri ehtiva edir. Konstitusiyanın bu maddəsinə uyğun olaraq, məhkəmə aidiyyəti qanunvericiliklə dəqiq müəyyən edilməli və aydın olmalıdır. Məhkəmə aidiyyətinin qanunla dəqiq müəyyən edilməsi hər kəsin hüquq və azadlıqlarının məhkəmə təminatı hüququnun səmərəli həyata keçirilməsinə zəmanət yaradır. Həmçinin, qeyd olunan normalar işə istənilən məhkəmə tərəfindən deyil, səlahiyyətləri qanunla əvvəlcədən müəyyən edilmiş müvafiq yurisdiksiyalı məhkəmələr tərəfindən baxılmasını nəzərdə tutur. Oxşar normalar həmçinin, İnsan Hüquqları haqqında Ümumi Bəyannamənin 8-ci, “Vətəndaş və siyasi hüquqlar haqqında” Beynəlxalq Paktın 14-cü maddələrində də nəzərdə tutulmuşlar. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 30-cu maddəsinin şərh edilməsinə dair” 2013-cü il 28 mart tarixli qərarında formalaşdırdığı hüquqi mövqeyə görə, məhkəmə aidiyyəti ədalət mühakiməsinin həyata keçirilməsi zamanı şəxsin hüquqlarının və qanuni maraqlarının əsas prosessual təminatlarından biri kimi qəbul olunmalıdır. Bu isə məhkəmə aidiyyəti qaydalarının qanunla dəqiq müəyyən edilməsini tələb edir. Əks halda məhkəmə və tərəflər qarşısında bu və ya digər işin hansı məhkəmədə baxılması məsələsində qeyri-müəyyənlik yaranması ilə yanaşı, məhkəmə tərəfindən işə ağlabatan müddətdə baxılmasında çətinlik yarana və şəxsin pozulmuş hüquqlarının səmərəli bərpa edilməsi mümkünsüz ola bilər. Məhkəmə kollegiyası eyni zamanda vurğulayır ki, məhkəmə müdafiəsindən istifadə etmək hüququnun şəxslər üçün o zaman istəklərinə və arzularına uyğun nəticəsi ola bilər ki, bu cür mülki hüquq münasibətləri qurarkən yaxud hər hansı fəaliyyəti həyata keçirərkən hüququn prinsiplərinə və qanunvericiliyin tələblərinə ciddi riayət etmiş olsunlar. Əks halda qanuna riayət edilmədən yaranan münasibətlərin də mübahisə baş verdiyi halda məhkəmə müdafiəsindən istifadə etmək hüququ şəxsin arzuladığı nəticəni uğurlu etməyəcəkdir. Bu həm də ona görə zəruri və vacibdir ki, mülki dövriyyənin iştirakçıları bu cür mülki hüquq münasibətlərinə girərkən yaxud hər hansı fəaliyyəti həyata keçirərkən hüququn prinsipləri və qanunvericiliyin tələblərinə riayət etsinlər, intizamlı və vicdanlı olsunlar, hüquqdan başqalarına zərər vurmaq niyyətlə açıq-aşkar sui-istifadə etməsinlər. Kollegiya daha sonra qeyd edir ki, məhkəmə aidiyyəti ədalət mühakiməsinin həyata keçirilməsi zamanı şəxsin hüquqlarının və qanuni maraqlarının əsas prosessual təminatlarından biri kimi qəbul olunur. Qanunvericiliyə əsasən məhkəmə aidiyyəti üç prinsip - ərazi üzrə məhkəmə aidiyyəti, predmet üzrə məhkəmə aidiyyəti, həmçinin şəxsi aidiyyət prinsipləri əsasında müəyyən edilir. Bu prinsiplər müstəsna və ya elektiv (seçimli) qaydada tətbiq olunur. Mülki prosessual qanunvericiliyin ərazi aidiyyətinə dair normalarından isə görünür ki, qanunvericinin ərazi aidiyyətinin müəyyənləşdirilməsində başlıca məqsədi: - şəxslərin məhkəməyə əlçatanlığının; - işlərə ağılabatan müddətdə baxılmasının; - prosessual qənaət prinsipinin; - ədalət mühakiməsinin səmərəliliyinin təmin edilməsidir. Buna görə də verilmiş iddia tələbinin mümkünlüyü zamanı ilk növbədə iddianın aidiyyəti müəyyən edilməlidir. Bu zaman işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınır. Məhkəmə kollegiyası şikayətin dəlillərinə qiymət verən zaman birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə və hüquqi əsaslandırması ilə razılaşır və əlavə olaraq qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 45.1-ci maddəsinə görə, məhkəmə mübahisənin ərazi aidiyyəti ilə əlaqədar məsələləri ərizənin məhkəmənin icraatına qəbul edilməsi zamanı yoxlamalıdır. Ərazi aidiyyəti ilə bağlı məsələlərə məhkəmə tərəfindən onun öz təşəbbüsü və ya işdə iştirak edən şəxslərin əsaslandırılmış vəsatəti ilə baxılır. İddia tələbinin mahiyyətindən müəyyən edilir ki, tərəflər arasında mübahisə İsmayıllı rayonu, Tircan kəndində yerləşən qaz kəmərinin mühafizə zonasında cavabdeh tərəfindən inşa edilmiş ağacların həmin ərazidən çıxarılması ilə bağlıdır. Belə ki, iddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Qaz İxrac İdarəsi cavabdeh “X18” MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “Qaz İxrac” İdarəsi, X12 Kəmərləri Sahəsinin istismarında olan (Ø1020 mm, yeraltı, layihə təzyiqi 5,5 MPa (55 kqq/sm )) “Qazıməmməd-Qazax İ xətt” və (Ø1220 mm, yeraltı, layihə təzyiqi 5,5 MPa (55 kqq/sm)) “Qazıməmməd-Qazax İİ xətt” magistral qaz kəmərlərinin mühafizə zonasında, İsmayıllı rayonu, Tircan kəndinin yaxınlığında Cavabdeh MMC tərəfindən əkilmiş ağacların mühafizə zonasından öz vəsaiti hesabına götürülməsi (köçürülməsi), qaz kəmərlərində yenidənqurma işlərinin aparılması üçün cavabdeh tərəfindən şəraitin yaradılması və ödənilmiş dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçı tərəfə qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən, qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Həmin Məcəllənin 39.1-ci maddəsinə əsasən daşınmaz əşyaya mülkiyyət hüququnun tanınması, daşınmaz əşyanın başqasının qeyri-qanuni sahibliyindən götürülməsi, mülkiyyət hüququndan məhrum etmə ilə əlaqədar olmayan mülkiyyətçinin və yaxud başqa qanuni sahibin hüquqlarının pozulmasını aradan qaldırmaq haqqında iddialar daşınmaz əşyanın olduğu yerə görə verilir. Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə görə, daşınmaz əşya ilə bağlı tələblər üzrə müstəsna aidiyyətin müəyyən edilməsi mübahisə predmeti olan əşyanın yerində müayinəsi, həmin əşyaya dair sənədlərin vaxtında toplanması, eləcə də mülki işin ədalətli və qanunauyğun həllinə yönəlmiş digər prosessual hərəkətlərin yerinə yetirilməsini asanlaşdırır və işə obyektiv baxılmasının təmin edilməsinə xidmət edir ("Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 35.1, 35.3 və 39.1ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2 iyun 2021-ci il tarixli Qərar). Mülki Prosessual Məcəllənin 39.1-ci maddəsinin məzmununa görə, daşınmaz əşyalarla bağlı istənilən tələblər deyil, yalnız Mülki Məcəllənin 157.1-ci, 157.2-ci və 157.4cü maddələrinə istinadən irəli sürülən tələblər müstəsna aidiyyət qaydasına tabedir – hansı ki, həmin maddi hüquq normalarında mülkiyyət hüququnun müdafiəsinin əşya hüquqi vasitələri təsbit edilmişdir. Bu vasitələr onunla xarakterizə olunur ki, onlar mülkiyyət hüququnun mütləq subyektiv hüquq kimi müdafiəsinə istiqamətlənib, hər hansı bir konkret öhdəliklə bağlı deyildir. Əşya-hüquqi iddialara aşağıdakılar aiddir: əmlakın başqasının qanunsuz sahibliyindən tələb edilməsi barədə iddia (vindikasiya iddiası); sahiblikdən məhrum etmə ilə bağlı olmayan pozuntuların aradan qaldırılması ilə haqqında iddia (neqator iddia); mülkiyyət hüququnun tanınması haqqında iddia. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi hazırki iş üzrə ilkin olaraq aidiyyət məsələsini həll edən zaman müstəsna aidiyyətlə bağlı normaları tətbiq etməkdə haqlı olmuşdur. Belə ki, iddiaçının qaz kəmərinin mühafizə zonasından cavabdehə məxsus ağacların çıxarılması tələbi mülkiyyətçinin hüquqlarının pozulmasını aradan qaldırmaq haqqında iddia olduğundan hazırki işin ərazi aidiyyəti üzrə göndərilməsi barədə vəsatətin rədd edilməsi qanuni və əsaslı olmuşdur. Məhkəmə kollegiyası şikayətin düzgün cavabdehə qarşı yönəlməməsi ilə bağlı dəlillərinə də münasibət bildirərək qeyd edir ki, qeyd olunan şəxslər “X18” MMC-nin təsisçiləridir. Həmin qeyd olunan ərazilərdə meyvə bağları isə hüquqi şəxs kimi məhz “X18” MMC tərəfindən salınmışdır. Bundan başqa, əgər hazırki iş üzrə cavabdehin iddiaya cavab verməli olmayan şəxs olduğu müəyyən edilərsə onda tələb həmin tərəfə münasibətdə təmin edilməyə bilər. Qeyd edilən hal isə hazırki araşdırmanın predmeti olmamaqla işə mahiyyəti üzrə baxılan zaman araşdırılmalı olan məsələdir. Kollegiya eyni zamanda qeyd edir ki, “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə əsasən, işlərin Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş məhkəmə aidiyyətinin dəyişdirilməsi və ya əsassız olaraq qanuni hakimin icraatından alınması qadağandır. “İcra haqqında Azərbaycan Respublikası Qanununun 87.2-ci və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.1-ci maddələrinin şərh edilməsinə dair” Konstitusiya Məhkəməsinin Plenumunun 2012-ci il 4 aprel tarixli Qərarında isə göstərmişdir ki, məhkəmə aidiyyəti ədalət mühakiməsinin həyata keçirilməsi zamanı şəxsin hüquqlarının və qanuni maraqlarının əsas prosessual təminatlarından biri kimi qəbul olunmalıdır. Məhkəmə aidiyyəti qaydalarının qanunla dəqiq müəyyən edilməməsi məhkəmə və tərəflər qarşısında bu və ya digər işin hansı məhkəmədə baxılması məsələsində qeyri-müəyyənliyə səbəb olmaqla yanaşı, məhkəmə tərəfindən işə ağlabatan müddətdə baxılmasında çətinlik yarana və şəxsin pozulmuş hüquqlarının səmərəli bərpa edilməsi mümkünsüz ola bilər. Bundan başqa, İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Avropa ölkələrinin milli qanunvericiliyində məhkəmə aidiyyəti məsələsinin dəqiq tənzimlənməsinin vacibliyini xüsusi vurğulamışdır. Belə ki, “Çerniçkin Rusiya Federasiyasına qarşı” iş üzrə 2010-cu il 16 sentyabr tarixli qərarda qeyd edilmişdir ki, qanunverici tərəfindən aidiyyət məsələlərinin dəqiq müəyyən edilməməsi şəxsin məhkəmədə müdafiə olunmaq hüququnu və “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi” haqqında Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndinin tələblərini pozur. Yuxarıda sadalananlar konteksində məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi işin aidiyyəti üzrə başqa məhkəməyə göndərilməsi ilə bağlı ərizəni təmin etməməkdə haqlı olmuşdur. Azərbаycаn Respublikаsı Mülki Prosessuаl Məcəlləsinin 398.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətə baxıb məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Həmçinin, Аzərbаycаn Respublikаsı Mülki Prоsessuаl Məcəlləsinin 400-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla şikayət verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir. Həmin Məcəllənin 402.2 maddəsinə əsasən, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının aşağıdakı qərardadlarından kassasiya şikayəti verilə bilər: 402.2.1. apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında; 402.2.2. kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında; 402.2.3. kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə; 402.2.4. iş üzrə icraata xitam verilməsi barədə; 402.2.5. bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında. Göründüyü kimi, prosessual qanunvericilikdə hazırki iş üzrə qərardaddan şikayət verilməsi nəzərdə tutulmamışdır. Göstərilənlərə əsаsən və Azərbаycаn Respublikаsı Mülki Prosessuаl Məcəlləsinin 263, 264, 397, 398, 400 və 402-ci mаddələrini rəhbər tutаrаq, məhkəmə kollegiyаsı Qərаrааldı: Cavabdehin nümayəndəsi və vəkili Vəkil tərəfindən verilmiş şikayət təmin edilməsin. Şəki Kommersiya Məhkəməsinin 16 oktyabr 2025-ci il tarixli, e-2-2(117)-1303/2025 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərаrdаd çıxarıldığı andan qаnuni qüvvəyə minir. Qərаrdаddаn kassasiya şikаyəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2-2(107)-168/2025
Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(107)-168/2025
03.12.2025 · Sair işlər - Mühafizə zonasında inşa edilmiş tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver