Azərbaycan Respublikası adından Qətnamə Sumqayıt şəhəri İş № e-2-2(3-8)-76/2026 22.07.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI Sumqayıt Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının iddiaçı “xxxx” firmasının cavabdehlər cavabdeh1 İlqar oğluna, “KİA MOTORS AZ” Məhdud Məsuliyyətli Cəmiyyətinə, “AZ. KİA MOTORS” Məhdud Məsuliyyətli Cəmiyyətinə və cavabdeh2 Açıq Səhmdar Cəmiyyətinə qarşı iş üzrə QƏTNAMƏSİ Sədrlik edən və məruzəçi hakim Dəmirov İlqar Kamal oğlu, hakimlər Məmmədov Zahid Tahir oğlu və Rzayev Məhəmmədəli Əsəd oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X3 qızının katibliyi, iddiaçının qanuni təmsilçisinin nümayəndəsi nümayəndə2, cavabdeh cavabdeh1 İlqar oğlunun nümayəndəsi vəkil Vəkil, cavabdeh “xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı “xxxx” firmasının cavabdehlər cavabdeh1 İlqar oğluna, “KİA MOTORS AZ” Məhdud Məsuliyyətli Cəmiyyətinə, “AZ. KİA MOTORS” Məhdud Məsuliyyətli Cəmiyyətinə və cavabdeh2 Açıq Səhmdar Cəmiyyətinə qarşı “elektrik xəttinin kənarlaşdırılması vəzifəsinin cavabdehlərin üzərinə qoyulması” tələbinə dair kommersiya işi üzrə Sumqayıt Kommersiya Məhkəməsinin ## ##### 2026-cı il tarixli, e-*-*(***)-****/**** nömrəli qətnaməsindən cavabdeh cavabdeh1 İlqar oğlu tərəfindən verilmiş apellyasiya şikayəti əsasında işə Sumqayıt Apellyasiya Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ İşin halları
1. Sumqayıt Şəhər İcra Hakimiyyəti başçısının ## #### 2001-ci il tarixli *** saylı sərəncamına əsasən “xxxx” firmasına Sülh küçəsi, Kommunal ərazidə, mövcud avtoprofilaktoriyanın qarşısında, baxımsızlıqdan bataqlıq və qamışlığa çevrilmiş ərazidə abadlıq işləri aparmaq şərti ilə istehsal və xidmət sahəsi tikintisi üçün 2000 kv.m. torpaq sahəsinin ayrılması qərara alınmışdır.
2. Sumqayıt şəhəri Memarlıq və şəhərsalma idarəsinin rəisi tərəfindən təsdiq edilmiş 2015-ci il tarixli aktdan görünür ki, Sülh küçəsi boyunca Sənaye zonası ərazisində “xxxx” firmasına istehsal və xidmət sahəsi tikintisi məqsədilə ayrılmış 1686,8 kv.m. torpaq sahəsini sifarişçinin nümayəndəsi Qasım Məhərrəmov cizgidə olduğu kimi yerində qəbul etmişdir.
3. Sumqayıt Şəhər İcra Hakimiyyəti başçısının ## #### 2012-ci il tarixli avtomobillərin satışı və texniki servis xidməti sahəsinin tikintisinin layihələndirilməsinə icazə verilməsi haqqında sərəncamının 1-ci bəndinə əsasən, sahibkar Nuriyev İlqar Cəllad oğluna Sülh küçəsində 1216 kv.m. sahədə “KİA” markalı avtomobillərin satışı və texniki servis xidməti sahəsinin tikintisinin layihələndirilməsinə icazə verilməsi qərara alınmışdır.
4. “xxxx” ASC tərəfindən təsdiqlənmiş ## ##### 2014-cü il tarixli **/**/*** nömrəli texniki şərtin məzmununda Sumqayıt şəhəri, Sülh küçəsində Nuriyev İlqar Cəllad oğluna məxsus “KİA” markalı avtomobillərin satışı və texniki servis xidmətlərinin elektrik təchizatının 35/6 kV-luq “XİF” YS-dan (Baş YS-110/35/6 kV-lıq “Sumqayıt135”) çıxan 6 kV-luq Çörək zavodu HX-dən qidalanan, “xxxx” MMC-yə məxsus obyekti qidalandıran 6 kV-luq HX-nin (“xxxx” MMC-nin ** saylı ## ###### 2014cü il tarixli razılıq məktubu) sonuncu dayağından, qol ayrımı götürməklə, təmin olunmasına müvafiq şərtlərin yerinə yetirilməsilə etiraz edilmədiyi qeyd edilmişdir.
5. İş materiallarında olan Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən ## ##### 2021-ci il qeydiyyat tarixli ********** qeydiyyat nömrəli çıxarışdan görünür ki, Sumqayıt şəhəri, Sülh küçəsi ərazisində (Yeni qaydalarla: AZ 5000, Sumqayıt şəhəri, Sumqayıt şəhər ərazi vahidi, Sülh prospekti 116) yerləşən 0,137120 ha torpaq sahəsi cavabdeh cavabdeh1 istifadəsində, 1562,7 kv.m. qeyri-yaşayış binası isə xüsusi mülkiyyətindədir.
6. “xxxx” firmasının direktoru Qasım Məmmədov tərəfindən “xxxx” ASC-nin Sumqayıt şəhər şöbəsinin rəisinə ünvanlanmış ## #### 2025-ci il tarixli məktubla “KİA MOTORS AZ” MMC tərəfindən çəkilmiş işıq xəttinin ona məxsus olan obyektin mühafizə zonasından çıxarılmasının təmin edilməsi xahiş edilmiş, əks təqdirdə iddia ərizəsi ilə məhkəməyə müraciət ediləcəyi qeyd edilmişdir.
7. cavabdeh2 ASC-nin Sumqayıt regional enerji təchizatı və satışı idarəsi tərəfindən Qasım Məmmədova ünvanlanmış ## ######## 2025-ci il tarixli 01-44- ***/*** nömrəli məktubun məzmununda “... “KİA MOTORS” servisin enerji təchizatı üçün çəkilmiş 6 kV-luq hava xəttinin kənara köçürülməsi üçün servisin rəhbərliyi “ASAN xidmət” mərkəzinə müraciət etmişdir. “ASAN xidmət” mərkəzinə müraciətə baxılmış, müqavilə və işin görülməsi üçün smeta hazırlanmış və abonentə təqdim olunmuşdur. Abonent tərəfindən ödəniş edildikdən və mal-material ayrıldıqdan sonra şəbəkə tərəfindən hava xəttinin kabel xətti ilə əvəz olunması işləri yerinə yetiriləcəkdir” qeyd edilmişdir.
8. X5 adlı şəxs tərəfindən cavabdeh2 ASC-nin “ASAN xidmət”lə İş Departamentinə ## #### 2025-ci il tarixli ərizə ilə müraciət edilərək sayğaca gedən xəttin izolyasiyalı edilməsinə köməklik göstərilməsi xahiş edilmişdir.
9. Sifarişçi qismində Bəxtiyar Yarməmmədovla icraçı qismində cavabdeh2 ASC adından “ASAN xidmət”lə İş Departamenti arasında bağlanmış ## #### 2025-ci il tarixli ****/** nömrəli müqavilənin 1.1-ci bəndinə əsasən, sifarişçi ünvan 1 ünvanında yerləşən sifarişçiyə məxsus qeyriyaşayış obyektinin (abonent kodu: 3**********) elektrik şəbəkəsinin qurğularında görüləcək işlərə və göstəriləcək xidmətlərə dair işlərini tapşırır, icraçı isə xidmətlərin göstərilməsinə dair qiymətlərin razılaşdırılması protokolunda göstərilən işlərin görülməsini və avadanlıqların quraşdırılmasmı öz öhdəsinə götürür.
10. Həmin müqaviləyə əlavə edilmiş qiymətlərin razılaşdırılması protokolunda və smeta sənədində görüləcək işlərin yekun dəyəri 7731,68 manat məbləğində müəyyən edilmişdir.
11. cavabdeh2 ASC-nin Sumqayıt elektrik şəbəkəsinin nümayəndələri tərəfindən tərtib edilmiş ## #### 2025-ci il tarixli “Baxış aktı”nın “Aşkarlanmış qüsurlar” bölməsində qeyd edilmişdir: ... Obyektə məxsus olan 100 KVA transformator qidalandırıcısının 6 kV-luq ... qonşu obyektin mühafizə zonasından keçir. Qonşu hasarla xətt arasında olan məsafə 1 metr təşkil edir. Bu səbəbdən izolyasiyalı xəttlə əvəz olunsa belə, mühafizə zonası pozulmuş olur.
12. İcarəyə verən qismində cavabdeh cavabdeh1 və icarəçi qismində digər cavabdeh “KİA MOTORS AZ” MMC arasında bağlanmış ## ###### 2022-ci il tarixli ** nömrəli icarə müqaviləsinin 1.1-ci bəndinə əsasən, müqaviləyə görə icarəyəverən Sumqayıt şəhəri, Sülh küçəsi ərazisi (Yeni qaydalarla: AZ5000, Sumqayıt şəhəri, Sumqayıt ərazi vahidi, Sülh prospekti, 116) ünvanında yerləşən və tam mülkiyyətində olan 1562.70 kv.m. qeyri-yaşayış sahəsinin 400 kv.m. sahəsini (********** qeydiyyat nömrəli, ## ##### 2021-ci il tarixli çıxarışa əsasən) “KİA MOTORS AZ” MMCyə icarəyə, icarəçinin müddətli istifadəsinə verir.
13. Həmin müqavilənin 4.1-ci bəndinə əsasən, icarə müqaviləsinin şərtlərinin yerinə yetirilməsinə, əmlakdan səmərəli və təyinatı üzrə istifadə edilməsinə nəzarət etmək, aşkar edilmiş pozuntuların aradan qaldırılması üçün zəruri tədbirlər həyata keçirmək icarəyə verənin vəzifəsidir.
14. Məhkəmə tərəfindən Azərbaycan Respublikası Energetika Nazirliyinin tabeliyində X8 Agentliyinə ünvanlanmış ## #### 2026-cı il tarixli e-*-*(***)-****/**** nömrəli məktubun məzmununda “... Yaranmış zərurətlə əlaqədar olaraq, qoşmaya əlavə edilmiş sənədlərə baxış keçirilməklə (zərurət olduğu halda yerli baxış keçirməklə) aşağıdakı sualların cavablandırılması xahiş edilir: Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2024-cü il ## ### tarixli *** nömrəli Qərarı ilə təsdiq edilmiş “Elektrik şəbəkələrinin mühafizə zonalarının ölçüləri və həmin ərazilərdə təsərrüfat işlərinin aparılmasına dair Tələblər”in və əlaqəli digər normativ aktların müddəaları nəzərə alınmaqla Sumqayıt şəhəri, Sülh küçəsində “KİA” avtomobillərinin satışı və texniki servis xidmətləri məntəqəsinin adına çəkilmiş 6 kV-luq elektrik xəttiinin mühafizə zonası müəyyən edilmişdirmi? Edilmişdirsə, neçə metrdir və hansı qaydada hesablanır?; “xxxx” firmasına məxsus ərazi həmin elektrik xəttinin mühafizə zonasına düşürmü?” qeyd edilmişdir.
15. Azərbaycan Respublikası Energetika Nazirliyinin tabeliyində X8 Agentliyinin Sumqayıt filialı tərəfindən məhkəməyə ünvanlanmış ## #### 2026-cı il tarixli *-**-*-*/*-***/**** nömrəli məktubun məzmununda “... Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2024-cü il ## ### tarixli *** nömrəli Qərarı ilə təsdiq edilmiş "Elektrik şəbəkələrinin mühafizə zonalarının ölçüləri və həmin ərazilərdə təsərrüfat işlərinin aparılmasına dair Tələblər”in (bundan sonra - Tələblər) 2.1-ci bəndinə əsasən, elektrik şəbəkələrinin mühafizə zonaları elektrik verilişi xətləri boyunca kənar naqillərin meyil etməmiş vəziyyətində yer səthinə proyeksiyasından hər iki tərəfə şaquli müstəvilərlə məhdudlaşan torpaq sahəsi, su və hava məkanı şəklində müəyyən edilir. Tələblərin 2.2.2-ci yarımbəndinə uyğun olaraq, 1-20 kV-luq izolyasiyasız naqilli hava elektrik verilişi xətləri üçün bu məsafə 10 metr müəyyən edilmişdir. Tələblərin 2.3.2-ci yarımbəndinə əsasən, özünüdaşıyan izolyasiyalı naqilli gərginliyi 1-20 kV-luq hava elektrik verilişi xətləri üçün hava elektrik verilişi xətləri üçün mühafizə zonası 2 metr müəyyən edilmişdir. Bundan əlavə, Azərbaycan Respublikası Energetika Nazirliyinin Kollegiyasının ## #### 2024-cü il tarixli *-**/*-*-*/**** nömrəli qərarı ilə təsdiq edilmiş "Elektrik qurğularının quraşdırılması Qaydaları”nın 120.14-cü bəndinə əsasən yaşayış yerlərində, gərginliyi 1 kV-dan yuxarı hava xətlərinin kənar naqillərindən, onların ən böyük meyillənməsi zamanı istehsalat, anbar, inzibati-məişət və ictimai binaların və tikililərin ən yaxın hissələrinə kimi üfüqi məsafə gərginliyi 20 kV-dək olan hava xətləri üçün 2 metrdən az olmamalıdır. "xxxx” firmasına məxsus ərazi həmin elektrik veriliş xəttinin mühafizə zonasına düşür. Belə ki, hava elektrik veriliş xəttinin kənar naqillərindən "xxxx” firmasına məxsus ərazinin sərhədlərinə qədər məsafə təqribən 3-8 metr təşkil edir. Məlumat üçün bildiririk ki, Tələblərin 1.5-ci bəndinə əsasən, elektrik şəbəkələrinin mühafizəsi ötürücü şəbəkəyə münasibətdə ötürücü sistem operatoru tərəfindən, paylayıcı şəbəkəyə münasibətdə isə paylayıcı sistem operatoru tərəfindən təmin edilir. Lakin sözügedən elektrik veriliş xətti sistem operatorlarının balansında olmadığı üçün xəttin mühafizəsi onun mülkiyyətçisi cavabdeh1 İlqar oğlu tərəfindən təmin olunmalıdır. ...” qeyd edilmişdir.
16. İş materiallarına, həmçinin Sumqayıt şəhəri, Sülh küçəsində Nuriyev İlqar Cəllad oğluna məxsus “KİA” markalı avtomobillərin satışı və texniki servis xidmətlərinin elektrik təchizatı barədə işçi layihələr, “Cizgilər” adlanan sənəd, ## #### 2008-ci il tarixli **/*-** nömrəli akt, ## ##### 2009cu ilədək müddəti olan TX-**-***-*** nömrəli texniki şərt, ## #### 2017-ci il tarixli hava xəttinin baxış aktı, ## #### 2017-ci il tarixli YG-******-**-*-** nömrəli istismara buraxılma aktı, ## ####### 2018ci il tarixli ** nömrəli tikinti obyektinin istismarına icazə sənədi, “Kia” avtomobillərinin satışı və texniki servisinin adına olan (abonent kodu: 3**********) Abunə haqqında məlumat və iddiaçı tərəfindən təqdim edilmiş elektrik xəttinin çəkildiyi ərazinin görüntülərini əks etdirən disk əlavə edilmişdir.
Birinci instansiya məhkəməsində icraat
17. İddiaçı “xxxx” firması cavabdehlər cavabdeh1 İlqar oğluna, “KİA MOTORS AZ” Məhdud Məsuliyyətli Cəmiyyətinə, “AZ. KİA MOTORS” Məhdud Məsuliyyətli Cəmiyyətinə və cavabdeh2 Açıq Səhmdar Cəmiyyətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlər tərəfindən “xxxx” firmasının ərazisinə edilmiş qanunsuz müdaxilələrin qarşısının alınması, mülkiyyətindən qanunsuz keçirilmiş 6 kV-luq elektrik xəttinin kənarlaşdırılması vəzifəsinin cavabdehlərin üzərinə qoyulması və iddia ərizəsinin verilməsinə görə ödənilmiş 100 (yüz) manat məbləğində dövlət rüsumunun əvəzinin cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. 18.İddia tələbi onunla əsaslandırılmışdır ki, Sumqayıt Şəhər İcra Hakimiyyətinin ## #### 2001ci il tarixli *** saylı sərəncamına əsasən “xxxx” firmasına Sumqayıt şəhəri, Sülh küçəsində 2000 kv.m. torpaq sahəsi ayrılmışdır. Həmin torpaq sahəsi 2001-ci ildən etibarən avtomobillərin təmiri xidməti məqsədilə istifadə edilməkdədir. Sonradan həmin ərazinin yaxınlığında fəaliyyət göstərən “KİA MOTORS AZ” MMC-nin Sumqayıt filialına ona məxsus hasarın cəmi 2-3 metr yaxınlığından 6 kV-luq yüksək gərginlikli elektrik xətti çəkilmişdir. Bu xətt mülkiyyət hüququna və sahibkarlıq fəaliyyətinə birbaşa müdaxilə yaradır. Mülkiyyətində yerləşən obyekt elektrik xəttinin mühafizə zolağına düşdüyünə görə daşınmaz əmlakın dövlət reyestrindən çıxarış almaq imkanından məhrumdur. Dəfələrlə “KİA MOTORS AZ” MMC-nin rəhbərliyinə müraciət edərək xəttin yerinin dəyişməsini tələb etmiş, lakin cavabdeh hansısa tədbir görməmiş, əksinə əsassız olaraq yerdəyişmə xərcinin yarısının onun tərəfindən ödəməyini tələb etmişdir. Halbuki xəttin çəkilməsi barədə aralarında hər hansı razılaşma olmamışdır. “KİA MOTORS AZ” MMC-nin Sumqayıt filialının yerləşdiyi obyekt cavabdeh1 İlqar oğlunun mülkiyyətindədir. Bununla bağlı, cavabdeh cavabdeh2 ASC-yə müraciət edilmiş, cavabdeh2 ASC Sumqayıt regional enerji təchizatı və satışı idarəsi tərəfindən göndərilmiş ## ######## 2025-ci il tarixli cavab məktubunda açıq şəkildə həmin xəttin “KİA MOTORS AZ” MMC-nin enerji təchizatı üçün çəkildiyi, xəttin kabel xətti ilə əvəz olunması üçün smeta hazırlanaraq məhz “KİA MOTORS AZ” MMC-yə təqdim edildiyi, lakin cavabdeh ödəniş etmədiyi üçün işlərin icra olunmadığı qeyd edilmişdir. 19.Cavabdeh “KİA MOTORS AZ” MMC iddiaya etirazla məhkəməyə müraciət edərək qeyd etmişdir ki, "KİA MOTORS AZ" MMC qeyri-yaşayış sahəsinin icarəyə verilməsi haqqında ## ###### 2022-ci il tarixli ** nömrəli icarə müqaviləsinə əsasən, icarəyə verən cavabdeh1 İlqar oğlundan Sumqayıt şəhəri, Sülh küçəsində yerləşən qeyri-yaşayış sahəsinin 400 kv.m. sahəsini icarəyə götürmüşdir. Həmin müqavilənin 5.5-ci bəndinə əsasən, icarəçi, yəni "KİA MOTORS AZ" MMC icarəyə götürdüyü qeyri-yaşayış sahəsinin kommunal-istismar xərclərinin ödənişini (qaz, su, istilik, kanalizasiya və s.) öz üzərinə götürür. İddia ərizəsində ziddiyyətli hallar vardır, belə ki, bir tərəfdən "KİA MOTORS AZ" MMC-nin Sumqayıt filialının yerləşdiyi obyektin cavabdeh1 İlqar oğlunun mülkiyyətində olması qeyd edilir, digər tərəfdən “KİA MOTORS AZ” MMC-nin Sumqayıt filialı tərəfindən iddiaçının mülkiyyətində olan və tikililərinə bitişik hasarın cəmi 2-3 metr yaxınlığında 6 kV-luq yüksək gərginlikli elektrik xəttinin çəkilməsi göstərilir. Tərəflər arasında bağlanmış icarə müqaviləsində (o cümlədən müqavilənin 5.5-ci bəndində) yüksək gərginlikli elektrik xəttinin çəkilməsi nəzərdə tutulmamışdır. Cəmiyyət müqavilə üzrə belə səlahiyyətlərə malik deyildir və enerji təhcizatı üçün xəttin çəkilməsi məqsədilə aidiyyəti üzrə dövlət qurumuna müraciət edilməmişdir. Nəzərə alınmalıdır ki, hər kəs özünün subyektiv hüququnun həyata keçirilməsi və ya bərpası üçün iddia irəli sürmək yolu ilə məhkəmə müdafiəsi vasitələrindən istifadə edə bilər. Lakin bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ öz daxilində iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. Buna görə də, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Ona görə də, məhkəmə icraatında olan hər bir iddia tələbi üzrə qabaqcadan iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmaması, subyektiv hüququn pozulub-pozulmaması, cavabdehin bu pozuntunu edib-etməməsi məsələlərini araşdırmalıdır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. İddiaçı cavabdeh "KİA MOTORS AZ" MMC-yə qarşı iddia qaldırmaqla səhv qənaətə gəlməklə bərabər subyektiv hüquqa malik deyildir və onun tərəfindən verilmiş iddia cəmiyyətə münasibətdə əsaslı olmadığı üçün məhkəmə tərəfindən rədd edilməlidir. 20.Sumqayıt Kommersiya Məhkəməsinin ## ##### 2026-cı il tarixli, e-*-*(***)-****/**** nömrəli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, Sumqayıt şəhəri, Sülh küçəsində yerləşən “KİA” avtomobillərinin satışı və texniki servis xidmətləri məntəqəsinin adına çəkilmiş (abonent kodu: 3**********) 6 kV-luq elektrik veriliş xəttinin mühafizə zonasına dair qanunvericilikdə müəyyən edilmiş tələblərə riayət edilərək iddiaçı “xxxx” firmasına məxsus ərazidən kənarlaşdırılmasının müvafiq qanunvericiliyin tələblərinə uyğun olaraq həyata keçirilməsi vəzifəsinin cavabdeh cavabdeh1 İlqar oğlunun üzərinə qoyulması və 100 (yüz) manat məbləğində dövlət rüsumunun əvəzinin cavabdeh cavabdeh1 İlqar oğlundan iddiaçı “xxxx” firmasının xeyrinə tutulması, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir (hakim Fərman Həmidli).
21. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, işə əlavə edilmiş sübutlarla müəyyən edilir ki, cavabdeh cavabdeh1 mülkiyyətində olan torpaq sahəsinə elektrik veriliş xətti çəkilərkən qanunvericilikdə təsbit edilmiş mühafizə zonasına dair tələblərə riayət edilməmiş, nəticədə iddiaçı "xxxx” firmasına ayrılmış torpaq sahəsinin bir hissəsi həmin xəttin mühafizə zonasına düşmüşdür. Belə ki, “Elektrik şəbəkələrinin mühafizə zonalarının ölçüləri və həmin ərazilərdə təsərrüfat işlərinin aparılmasına dair Tələblər”in 2.2.2-ci yarımbəndinə əsasən, elektrik şəbəkələrinin mühafizə zonalarının ölçüləri elektrik verilişi xətlərinə münasibətdə 1-20 kVluq izolyasiyasız naqilli hava elektrik verilişi xətləri üçün 10 metr müəyyən edilmişdir. Azərbaycan Respublikası Energetika Nazirliyinin tabeliyində X8 Agentliyinin Sumqayıt filialının ## #### 2026cı il tarixli məktubunda hava elektrik veriliş xəttinin kənar naqillərindən "xxxx” firmasına məxsus ərazinin sərhədlərinə qədər məsafənin təqribən 3-8 metr təşkil etdiyi və "xxxx” firmasına məxsus ərazinin həmin elektrik veriliş xəttinin mühafizə zonasına düşdüyü qeyd edilmişdir. Eyni zamanda iş materiallarına əlavə edilmiş cavabdeh2 ASC-nin Sumqayıt elektrik şəbəkəsinin nümayəndələri tərəfindən tərtib edilmiş ## #### 2025- ci il tarixli “Baxış aktı”nın “Aşkarlanmış qüsurlar” qrafasında da 6 kV-luq HVX-nin qonşu obyektin mühafizə zonasından keçdiyi qeyd edilmişdir. İddiaçıya məxsus ərazi - Sumqayıt şəhəri, Sülh küçəsində yerləşən 2000 kv.m. torpaq sahəsi Sumqayıt Şəhər İcra Hakimiyyəti başçısının ## #### 2001-ci il tarixli sərəncamına əsasən ona ayrılmışdır. Sumqayıt Şəhər İcra Hakimiyyəti başçısının ## #### 2012-ci il tarixli sərəncamı ilə sahibkar Nuriyev İlqar Cəllad oğluna Sumqayıt şəhəri, Sülh küçəsində 1216 kv.m. sahədə avtomobillərin satışı və texniki servis xidməti sahəsinin tikintisinin layihələndirilməsinə icazə verilmiş, eyni zamanda “xxxx” ASC tərəfindən təsdiqlənmiş ## ##### 2014-cü il tarixli texniki şərtə əsasən, Sumqayıt şəhəri, Sülh küçəsində Nuriyev İlqar Cəllad oğluna məxsus “KİA” markalı avtomobillərin satışı və texniki servis xidmətlərinin elektrik təchizatının ... təmin olunmasına müvafiq şərtlərin yerinə yetirilməsilə etiraz edilmədiyi qeyd edilmişdir. Göründüyü kimi, 6 kV-luq elektrik xətti iddiaçıya torpaq sahəsinin ayrılması barədə müvafiq sərəncamdan sonra, yəni 2014cü ildə çəkilmişdir. Belə olduğu halda, həmin elektrik veriliş xəttinin mühafizə zonasına dair qanunvericilikdə nəzərdə tutulmuş tələblərə riayət edilməsi, hazırkı vəziyyətdə bu tələblərə uyğunlaşdırılması həmin xəttin çəkildiyi həmin torpaq sahəsinin mülkiyyətçisinin üzərinə düşür. Nəzərə alınmalıdır ki, həmin torpaq sahəsində yerləşən qeyri-yaşayış sahəsi iş üzrə cavabdeh cavabdeh1 tərəfindən iş üzrə digər cavabdeh “KİA MOTORS AZ” MMC-nin icarəsinə verilmişdir. İcarə müqaviləsinin 4.1-ci bəndinə əsasən, icarə müqaviləsinin şərtlərinin yerinə yetirilməsinə, əmlakdan səmərəli və təyinatı üzrə istifadə edilməsinə nəzarət etmək, aşkar edilmiş pozuntuların aradan qaldırılması üçün zəruri tədbirlər həyata keçirmək icarəyə verənin vəzifəsidir. Digər tərəfdən, X8 Agentliyinin Sumqayıt filialının ## #### 2026-cı il tarixli məktubunda da “Elektrik şəbəkələrinin mühafizə zonalarının ölçüləri və həmin ərazilərdə təsərrüfat işlərinin aparılmasına dair Tələblər”in 1.5-ci bəndinə istinad edilərək elektrik veriliş xətti sistem operatorlarının balansında olmadığı üçün xəttin mühafizəsinin onun mülkiyyətçisi cavabdeh1 İlqar oğlu tərəfindən təmin edilməli olduğu qeyd edilmişdir.
22. Birinci instansiya məhkəməsi hüquqi mövqeyini Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1 və 152.5-ci maddələri, “Elektroenergetika haqqında” Azərbaycan Respublikası Qanununun 1.1.52, 35.1 və 37.2-ci maddələri, “Elektrik enerjisindən istifadə Qaydaları”nın 6.1, 8.35 və 9.6-cı bəndləri, “Elektrik şəbəkələrinin mühafizə zonalarının ölçüləri və həmin ərazilərdə təsərrüfat işlərinin aparılmasına dair Tələblər”in 2.2.2 və 2.3.2-ci yarımbəndləri, habelə “Elektrik qurğularının quraşdırılması Qaydaları”nın 120.14-cü bəndinin tələbləri ilə əsaslandırmışdır.
Apellyasiya şikayətinin dəlilləri
23. Qətnamədən narazı qalan cavabdeh cavabdeh1 İlqar oğlu apellyasiya şikayəti verərək Sumqayıt Kommersiya Məhkəməsinin ## ##### 2026-cı il tarixli, e-*-*(***)-****/**** nömrəli qətnaməsinin ləğv edilməsi, iddianın təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
24. Cavabdeh cavabdeh1 İlqar oğlu apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, işdə olan sənədlərdən də görünür ki, iddiaçı “xxxx” firmasına sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi məqsədilə torpaq sahəsi ayrılsa da, həmin torpaq sahəsində qanunvericiliklə müəyyən edilmiş qaydada tikintiyə icazə alınmadan özbaşına tikililər inşa olunmuşdur. Maddi hüquq normaların məzmunundan görünür ki,mühafizə zolağına aid torpaqlarda tikililərin aparılması və sairə.ilə bağlı məhdudiyyətlər mövcud olduğu halda,idddiaçı tərəfindən elektrik xəttinin mühafizə zolağında qanunsuz şəkidə tikililər inşa edilmişdir.Buna baxmayaraq məhkəmə elektrik xəttinin mühafizə zonasında yerləşən torpaq sahəsində özbaşına tikililər inşa edilməsinə düzgün hüquqi qiymət verə bilməmiş, həmin tikililərin dövlət qeydiyyatına alınması üçün xəttin yerinin dəyişdirilməsi öhdəliyi iddiaçıya aid olduğu halda,əsassız şəkildə bu öhdəliyi cavabdeh1 üzərində qoymuşdur. Lakin iddiaçı sadalanan çatışmazlıqları,o cümlədən elektrik xəttinin izolyasiyalı xətlə əvəz edilməsi,yaxud yerinin dəyişdirilməsi üçün xərcini çəkməklə aidiyyəti üzrə müraciət etməli olduğu halda,həmin çatışmazlıqların cavabdehlərin hesabına aradan qaldırılmasını məhkəmədən xahiş etmişdir.Məhkəmə də sözügedən iddia tələblərinə baxarkən maddi hüquq normalarının pozuntusuna yol vermişdir. Sumqayıt Kommersiya Məhkəməsinin mübahisələndirilən qətnaməsi Azərbaycan Respublikası Konstitusiyasının 127-ci maddəsinin tələbləri ilə ziddiyyət təşkil edir. İddiaçı hazırki iddia tələblərini məhkəmədə irəli sürmək üçün subyektiv hüquqa malik olmamışdır. Özbaşına tikilinin sahibi olması,hesab edir ki,iddiaçıya hazırki iddia tələbini irəli sürmək ixtiyarı verə bilməzdi ki, məhkəmə həmin tələblərə baxarkən, nədənsə bu hala da düzgün qiymət verə bilməyərək növbəti qanun pozuntusuna yol vermişdir.
İşdə iştirak edən şəxslərin izahatları
25. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh cavabdeh1 İlqar oğlunun nümayəndəsi vəkil Vəkil apellyasiya şikayətinin dəlilərini müdafiə edərək təmin edilməsini xahiş etdi.
26. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının qanuni təmsilçisinin nümayəndəsi nümayəndə2 və cavabdeh “xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X1 apellyasiya şikayətinin təmin edilməməsini xahiş etdilər. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq digər cavabdehlərin nümayəndələri məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası MPM- 27. nin 376.2-ci maddəsinə əsasən onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxslərin gəlməməsi işə baxılmasına mane olmur.
Tətbiq edilən hüquq:
28. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin:
152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.5-ci maddəsinə əsasən, mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.
29. “Elektroenergetika haqqında” Azərbaycan Respublikasının Qanununun:
1.1.52-ci maddəsinə əsasən, mühafizə zonası - elektrik şəbəkələrinin mühafizəsinin təmin olunması, istismarı üçün normal şəraitin yaradılması və zədələnməsinin qarşısının alınması, həmçinin insanların həyat və sağlamlığının təhlükəsizliyinin təmin edilməsi məqsədilə müəyyən olunmuş torpaq sahələri, su və hava məkanıdır. 35.1-ci maddəsinə əsasən, elektrik qurğularının, elektrik şəbəkələrinin, istehlakçılara məxsus avadanlıqların istismarı üzrə həyata keçirilən texniki-təşkilati tədbirlər insanların sağlamlığının, həyatının və ətraf mühitin təhlükəsizliyini təmin etməlidir. 37.2-ci maddəsinə əsasən, elektrik şəbəkələrinin mühafizəsinin təmin olunması, istismarı üçün normal şəraitin yaradılması və zədələnməsinin qarşısının alınması, həmçinin insanların həyat və sağlamlığının, təhlükəsizliyinin təmin edilməsi məqsədilə elektrik şəbəkələri ətrafında mühafizə zonaları müəyyənləşdirilir.
30. Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 2005-ci il tarixli ** nömrəli Qərarı ilə təsdiq edilmiş “Elektrik enerjisindən istifadə Qaydaları”nın:
6.1-ci bəndinə əsasən, Azərbaycan Respublikasının ərazisində tabeliyindən, mülkiyyət formasından və maliyyə mənbəyindən asılı olmayaraq dövlət elektroenergetika müəssisəsi, enerjitəchizatı müəssisələri, müstəqil enerji istehsalçıları, istehlakçılar, o cümlədən hüquqi və fiziki şəxslər tərəfindən elektrik enerjisinin istehsalı, saxlanılması, ötürülməsi, paylanması, satışı, istehlakı və enerji effektivliyi sahəsində, elektrik qurğularının layihələndirilməsində, tikintisində, yenidən qurulmasında, təmirində, həmçinin onların təhlükəsiz, qəzasız və etibarlı istismarında Azərbaycan Respublikasının qanunlarına, müvafiq qaydalara, təlimatlara və digər texniki normativ hüquqi aktlara əməl olunmasına dövlət nəzarətini Azərbaycan Respublikası Energetika Nazirliyinin Enerji Məsələlərini Tənzimləmə Agentliyi həyata keçirir. 8.35-ci bəndinə əsasən, enerji təchizatının subyektləri arasında elektrik enerjisindən istifadədə və ya elektroenergetika sahəsində digər mübahisəli məsələlərə tərəflərdən birinin müraciətinə əsasən X8 Agentliyi səlahiyyəti çərçivəsində baxıb, rəy verə bilər. 9.6-cı bəndinə əsasən, istehlakçı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2024-cü il ## ### tarixli *** nömrəli Qərarı ilə təsdiq edilmiş “Elektrik şəbəkələrinin mühafizə zonalarının ölçüləri və həmin ərazilərdə təsərrüfat işlərinin aparılmasına dair Tələblər”inə əsasən ona məxsus elektrik qurğularının qorunmasını, onlara sərbəst keçməyi və yanaşmağı təmin etməli, həm-çinin kabel və hava elektrik verilişi xətlərinin mühafizə zonalarında hər hansı bir obyektin tikintisinə, materialların yığılmasına, kabel və hava elektrik verilişi xətləri mənsub olan təşkilatın icazəsi olmadan torpaq və tikinti işlərinin aparılmasına yol verməməlidir.
31. Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ### 2024-cü il tarixli *** nömrəli Qərarı ilə təsdiq edilmiş “Elektrik şəbəkələrinin mühafizə zonalarının ölçüləri və həmin ərazilərdə təsərrüfat işlərinin aparılmasına dair Tələblər”in:
2.2.2-ci yarımbəndinə əsasən, elektrik şəbəkələrinin mühafizə zonalarının ölçüləri elektrik verilişi xətlərinə münasibətdə 1-20 kV-luq izolyasiyasız naqilli hava elektrik verilişi xətləri üçün 10 metr müəyyən edilmişdir. 2.3.2-ci yarımbəndinə əsasən, elektrik şəbəkələrinin mühafizə zonalarının ölçüləri elektrik verilişi xətlərinə münasibətdə özünüdaşıyan izolyasiyalı naqilli 1-20 kV-luq hava elektrik verilişi xətləri üçün 2 metr müəyyən edilmişdir.
32. Azərbaycan Respublikası Energetika Nazirliyinin Kollegiyasının 27.iyun 2024- cü il tarixli *-**/*-*-*/**** nömrəli qərarı ilə təsdiq edilmiş “Elektrik qurğularının quraşdırılması Qaydaları”nın:
120.14-cü bəndinə əsasən, kənar HX naqillərindən, onların ən böyük meyillənməsi zamanı istehsalat, anbar, inzibati-məişət və ictimai binaların və tikililərin ən yaxın hissələrinə kimi üfüqi məsafə gərginliyi 20 kV-dək olan HX üçün 2 m-dən, gərginliyi 35–110 kV olan HX üçün 4 m-dən, gərginliyi 150 kV olan HX üçün 5 m-dən və gərginliyi 220 kV olan HX üçün 6 m-dən az olmamalıdır.
33.Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin:
14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 47.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər, prosessual qanunvericiliklə onlara verilmiş prosessual hüquqlardan vicdanla istifadə etməyə borcludurlar. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini təmin etmədən saxlaya bilər. 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
34. Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
35. İş materiallarından görünür ki, həm elektroenergetika sahəsində dövlət tənzimlənməsini həyata keçirən səlahiyyətli qurumun rəyi, həm də yerində keçirilmiş baxışın nəticələri mübahisəli elektrik xəttinin normativ tələblərə uyğun olmayan məsafədə yerləşdiyini və iddiaçıya ayrılmış torpaq sahəsinin bir hissəsini mühafizə zonasına daxil etdiyini təsdiq edir. Apellyasiya şikayətində həmin sübutları təkzib edən hər hansı mötəbər sübut təqdim edilməmişdir.
36. Mülki Məcəllənin 152.1 və 152.5-ci maddələrinin mənasına görə, mülkiyyətçi və ya əmlakdan qanuni əsaslarla istifadə edən şəxs əmlakdan sərbəst istifadə etmək, başqa şəxslərin qanunsuz müdaxilələrinə yol verməmək və hüququna maneə yaradan halların aradan qaldırılmasını tələb etmək hüququna malikdir. Elektrik xəttinin mühafizə zonasının iddiaçıya ayrılmış torpaq sahəsini əhatə etməsi həmin ərazidə tikinti, abadlıq və digər təsərrüfat işlərinin aparılmasını məhdudlaşdırmaqla iddiaçının torpaq sahəsindən təyinatı üzrə istifadə imkanlarına real maneə yaradır.
37. Apellyasiya şikayətində iddiaçının subyektiv hüququnun mövcud olmaması barədə irəli sürülən dəlil əsaslı hesab edilə bilməz. İddiaçının torpaq sahəsindən istifadə hüququ müvafiq icra hakimiyyəti orqanının sərəncamı ilə təsdiq edilir. Hazırkı iddianın predmeti torpaq sahəsinə mülkiyyət hüququnun tanınması deyil, iddiaçının qanuni istifadəsində olan əraziyə müdaxilənin aradan qaldırılmasıdır. Buna görə də iddiaçının mübahisəli elektrik xəttinin yaratdığı maneənin aradan qaldırılmasını tələb etmək hüququ vardır.
38. Apellyasiya şikayətində elektrik xəttinin məhz cavabdeh cavabdeh1 tərəfindən çəkilmədiyi və “KİA MOTORS AZ” MMC-nin xəttin çəkilməsi üçün hər hansı dövlət qurumuna müraciət etmədiyi bildirilsə də, hazırkı mübahisə çərçivəsində həlledici məsələ xəttin fiziki olaraq kimin tərəfindən çəkilməsi deyil, xəttin kimin əmlakı ilə bağlı olması və onun normativ tələblərə uyğun istismarına görə kimin məsuliyyət daşımasıdır. İş materialları mübahisəli xəttin cavabdeh1 məxsus torpaq sahəsindən keçməklə iddiçıya məxsus torpaq sahəsinin bir hissəsinə aid mühafizə zonasına düşdüyü müəyyən edilir.
39. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq qeyd edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi iş üzrə müəyyən olunmuş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmışdır.Buna görə apellyasiya şikayətinin yuxarıda qeyd edilən dəlilləri birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas hesab edilə bilməz.
40. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 384.0.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏT ETDİ:
Cavabdeh cavabdeh1 İlqar oğlu tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt Kommersiya Məhkəməsinin # ##### 2026-cı il tarixli, e-*-*(***)-****/**** nömrəli qətnaməsi apellyasiya şikayəti ilə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər.