Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2-2(107)-121/2025 17.09.2025 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı İstahsalat Birliyinin Cavabdeh qarşı “qaz kəmərinin mühafizə zonasının boşaldılması” tələbinə dair kommersiya mübahisəsi üzrə (Açar sözlər: qaz kəmərinin mühafizə zonası, maneənin aradan qaldırılması) Şəki Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyası, hakimlər X10 (sədrlik edən və məruzəçi), Hüseynov Elçin Şirin oğlu və Sadiqov Zülfüqar Əhməd oğlundan ibarət tərkibdə, X3 iclas katibliyi, İddiaçının nümayəndəsi X9 iştirakı ilə, Şəki Kommersiya Məhkəməsinin 18 iyun 2025-ci il tarixli, e-2-2(117)-14/2025 nömrəli qətnaməsindən cavabdehin nümayəndəsi və vəkili X2 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası aşağıdakı qətnaməni qəbul etdi: İşin halları İddiaçı İstahsalat Birliyi ilə Cavabdeh (“Orman” fərdi yeməkxanası) arasında 27 sentyabr 2022-ci iltarixdə “Qaz paylayıcısı ilə sənaye qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı” müqaviləsi bağlanmışdır. xx.xx.2021-ci il tarixdə İddiaçı İstahsalat Birliyi tərəfindən qaz təsərrüfatında mühafizə zonalarının və təhlükəsizlik tədbirləri qaydalarının pozulması haqqında tərtib edilmiş aktdan görünür ki, İsmayıllı-Qəbələ yolunun sağ tərəfi ərazisindən keçən polad d-219 mmlik yerüstü qaz kəmərindən 8 metr məsafədə, 15 metr enində “Orman Restoran” tərəfindən 15 metr enində üstü örtüldüyü qeyd olunmuşdur. Ağsu RQİİ-nin İsmayıllı üzrə TBX-nin rəisi tərəfindən təsdiq edilmiş, İsmayıllı rayonu Orman kafesi ərazisindən keçən istismarda olan d-219 mm-lik orta təzyiqli paylayıcı qaz xəttinin mühafizə zolağının pozulduğu hissənin sxemindən görünür ki, d-219 mm-lik orta təzyiqli paylayıcı qaz xəttinin 5 metrlik hissəsi “Orman” kafesi ərazisi tərəfindən daş ilə örtülmüşdür. İddiaçı tərəfindən təqdim edilən 46 inventar nömrəli, 2018-ci il tarixli Qəbələ-İsmayıllı yolunun sağ tərəfində yerləşən d-219 mm-lik orta təzyiqli qaz kəmərinin pasportunda qaz kəmərinin texniki əlamətləri göstərilmiş və qaz kəmərinin 1983-cü ildə istismara verildiyi göstərilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktı a) birinci instansiya məhkəməsində icraat İddiaçı İstahsalat Birliyinin Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh məsxus (Orman kafesi) tərəfindən İsmayıllı rayonunun ərazisindən keçən, İddiaçı Ağsu X11 İdarəsnin balansında və istismarında olan, diametri 219 mm-lik, orta təzyiqli qaz kəmərinin 8 metr məsafədə 15 metr enində üzərinin cavabdehin vəsaiti hesabına açılması və kəmərin mühafizə zonasının bərpa edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra, İddiaçı İstahsalat Birliyi iddia tələbin həcminin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, bildirmişdir ki, iddia ərizəsi üçün 100 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Yuxarıda qeyd edilənlərə və MPM-nin 53-cü maddəsinə əsasən Cavabdeh məsxus (Orman kafesi) tərəfindən İsmayıllı rayonunun ərazisindən keçən, İddiaçı Ağsu X11 İdarəsinin balansında və istismarında olan, diametri 219 mm-lik, orta təzyiqli qaz kəmərinin 8 metr məsafədə 15 metr enində üzərinin cavabdehin vəsaiti hesabına açılması, kəmərin mühafizə zonasının bərpa edilməsi və ödənilmiş 100 manat məbləğində dövlət rüsumunun Cavabdeh tutularaq İddiaçı İB-nin hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İsmayıllı rayonu, İsmayıllı-Qəbələ yolunun kənarında yerləşən “Orman” kafesi tərəfindən Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1999-cu il tarixli, 103 saylı qərarı ilə təsdiq edilmiş “Qaz təchizatında mühafizə zonaları və təhlükəsizlik tədbirləri Qaydaları”nın tələbləri pozularaq İsmayıllı- Qəbələ magistral avtomobil yolunun kənarından keçən İddiaçı Ağsu RQİİ-ninbalansında və istismarında olan, diametri 219 mm-lik, orta təzyiqli qaz kəmərinin mühafizə zonası pozularaq kəmərin üstü 8 metr məsafədə 15 metr enində basdırılmışdır.(üzəri örtülmüşdür) Qaz kəmərinin üzərinin basdırılması daim təhlükə mənbəyidir. Kəmərin zədələnməsi və ya qaz sızmasının baş verməsi partlayışa, yanğına və insan tələfatı ilə nəticələnə bilən digər bədbəxt hadisələrə səbəb ola bilər. Qaz kəmərinin üzərinin örtülməsi kəmərin texniki istismarına və təmirinə ciddi maneələr törətməklə yanaşı, həmin ətrafda yaşayan insanların həyatı və əmlakı üçün ciddi təhlükə yaradır. İddiaçı İB-nin Ağsu X11 İdarəsi tərəfindən Pretenziya məktubu ilə cavabdehə “Qaz kəmərinin üzərində inşa edilmiş tikilinin sökülməsi barədə” müraciət edilərək tikilinin sökülməsi xahiş edilmiş, əks təqdirdə mövcud qanunvericiliyə uyğun olaraq məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. Buna baxmayaraq cavabdeh tərəfindən bugünədək heç bir əməli tədbir görülməmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2025-ci il tarixli, 10/6554 nömrəli rəyindən görünür ki, tədqiq olunan ünvana baxış zamanı İddiaçı X7 RQİİ-nin balansında və istismarında olan qaz borusunun, İsmayıllı rayonu, İsmayıllı-Qəbələ yolunun kənarında yerləşən “Orman” kafesinin istifadəsində olan torpaq sahəsindən keçən hissəsində 3 hissədə üzərinin bağlandığı (asfaltlandığı), 3 hissədə isə üzərinin dəmir barmaqlıqlarla örtüldüyü müəyyən olunduğu, Qaz təchizatında mühafizə zonaları və təhlükəsizlik tədbirləri Qaydalarının təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1999-cu il tarixli 103 nömrəli qərarına edilmiş 2 və 5 nömrəli əlavələrdə orta təzyiqli yeraltı qaz kəmərinin mühafizə zonası 4 metr, yerüstü qaz kəmərinin mühafizə zonası 5 metr, aşağı təzyiqli qaz kəmərinin mühafizə zonası isə 2 metr müəyyən edilmişdir. Şəki Kommersiya Məhkəməsinin 18 iyun 2025-ci il tarixli, e-2-2(117)-14/2025 nömrəli qətnaməsi (hakim: E.Hüseynova) ilə, iddia tələbi təmin edilərək, İsmayıllı-Qəbələ magistral avtomobil yolunun kənarında “Orman” kafesinin yanından keçən İddiaçı Ağsu X11 İdarəsinin balansında və istismarında olan, diametri 219 mm-lik, orta təzyiqli qaz kəmərinin 8 metr məsafədə 15 metr enində hissəsinin üzəri Cavabdeh (“Orman” kafesi) hesabına açılması və kəmərin mühafizə zonasının bərpa edilməsi qət edilmişdir. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, İsmayıllı-Qəbələ magistral avtomobil yolunun kənarında Cavabdeh istifadəsində olan “Orman” kafesinin yanından keçən İddiaçı Ağsu X11 İdarəsinin balansında və istismarında olan, diametri 219 mm-lik, orta təzyiqli qaz kəmərinin 8 metr məsafədə 15 metr enində hissəsinin 3 hissədə üzəri bağlanmış (asfaltlanmış), hissədə isə üzəri dəmir barmaqlıqlarla örtülmüşdür. Kəmərin zədələnməsi və ya qaz sızmasının baş verməsi partlayışa, yanğına və insan tələfatı ilə nəticələnə bilən digər bədbəxt hadisələrə səbəb ola biləcəyindən qaz kəmərinin üzərinin örtülməsi kəmərin texniki istismarına və təmirinə ciddi maneələr törətməklə yanaşı, həmin ətrafda yaşayan insanların həyatı və əmlakı üçün ciddi təhlükə yaradır. Nəticə etibarilə, Cavabdeh tərəfindən Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1999-cu il tarixli, 103 saylı qərarı ilə təsdiq edilmiş “Qaz təchizatında mühafizə zonaları və təhlükəsizlik tədbirləri Qaydaları”nda göstərilmiş mühafizə zonası və təhlükəsizlik tədbirləri qaydaları pozulmuşdur. Məhkəmə gəldiyi nəticənin hüquqi əsaslandrması üçün – Mülki Məcəllənin 180, Torpaq Məcəlləsinin 110, 11 “Qaz təhcizatı haqqında” Azərbaycan Respublikası Qanunu 19, 22, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1999-cu il tarixli, 103 saylı qərarı, Mülki Prosessual Məcəllənin 14, 77, 119, 217-ci maddələrinə istinad etmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri a) Apellyasiya şikayətinin dəlilləri Cavabdehin nümayəndəsi və vəkili X2 apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək iddia tələbinin təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı ilk öncə sübut etməli idi ki, İsmayıllı-Qəbələ magistral avtomobil yolunun kənarında “Orman” kafesinin yanından keçən İddiaçıX6 X11 İdarəsinin balansında və istismarında olan, diametri 219 mm-lik, orta təzyiqli qaz kəmərinin 8 metr məsafədə 15 metr enində hissəsinin üzəri onun tərəfindən basdırılmışdır. “Orman” kafesini əldə etdikdən sonra həmin ərazidə qaz kəmərinin üzərinin basdırılması ilə bağlı heç bir iş görməmişdir. Bu faktı təsdiq edəcək hər hansı sübut yoxdur. “Orman” kafesinin istifadəsində olması qaz kəmərinin üzərinin onun tərəfindən örtülməsinə dəlalət etmir. Əlavə olaraq həmin kafeni aldıqdan sonra heç bir qanunsuz tikili aparmamışdır. Odur ki, apellyasiya şikayətinin təmin edilməsini xahiş edir. b) Apellyasiya şikayətinə qarşı etiraz Apellyasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir. Apellyasiya baxışı zamanı keçirilən məhkəmə iclası və məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iddiaçının nümayəndəsi X12 apellyasiya şikayətini qəbul etməyərək təmin edilməməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, qaz xətti 1983-cü ildə quraşdırılmışdır. Qaz xətti yerüstü qaz xəttidir və orta təzyiqli hesab edilir. Odur ki, nəzərə alınmasını xahiş etdi. Digər tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilmişdir. Buna baxmayaraq, onlar məhkəmə iclasına gəlməmişdir. Belə olan halda məhkəmə kollegiyası işə gəlməyən tərəfin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi 5.3. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. 16.1. Fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir. Azərbaycan Respublikası Torpaq Məcəlləsi
82. Torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçiləri aşağıdakıları yerinə yetirməyə borcludurlar: torpaqdan təyinatı üzrə, səmərəli və müəyyən edilmiş istifadə rejiminə uyğun istifadə etmək, təbiətqoruyucu istehsal texnologiyalarını tətbiq etmək, təsərrüfat fəaliyyətində ərazinin ekoloji vəziyyətinin pisləşməsinə yol verməmək; torpaqlarda bu Məcəllədə nəzərdə tutulmuş kompleks mühafizə tədbirlərini həyata keçirmək; torpaq sahəsində tikinti və abadlaşdırma işlərini qüvvədə olan planlaşdırma-memarlıq, tikinti, sanitariya-gigiyena, yanğından mühafizə və müəyyən edilmiş digər tələblərə (normalara, qaydalara, normativlərə) uyğun olaraq həyata keçirmək; torpaq sahəsi ilə bağlı öhdəliklərə, məhdudiyyətlərə, torpaq üzərində qoyulmuş servitutlara əməl etmək; torpaq vergisini və ya icarə haqqını vaxtında ödəmək; başqa torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqlarını pozmamaq; torpaq sahəsində olan mərzləri, təbiət abidələrini, geoloji təzahürləri, geodeziya-istinad məntəqələrini və yerüstü nişanlarını, meteoroloji şəbəkələri və ölçü vasitələrini, habelə meliorasiya və irriqasiya sistemlərini qoruyub saxlamaq; torpağın istifadəsi vəziyyətinə dair müəyyən edilmiş məlumatları müvafiq orqanlara vaxtında vermək; qanunvericiliklə müəyyən edilmiş digər vəzifələri yerinə yetirmək. 84.1. Torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. 111.1. Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. 111.2. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. 111.3. Torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir.
“Qaz təhcizatı haqqında” Azərbaycan Respublikası Qanunu 19.2. Qaz kəmərlərinin mühafizə zonası dairəsində tikinti işlərinin aparılmasına, xüsusilə də binaların inşasına icazə verilmir.
22. Bu qanunu pozan hüquqi və fiziki şəxslər Azərbaycan Respublikasının Qanunvericiliyinə uyğun olaraq məsuliyyət daşıyırlar.
Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 2019cu il 18 mart tarixli qərarında qeyd edilmişdir ki: “....hüquqi həqiqət prinsipinin realizəsi mexanizmi bu cürdür: iş üzrə sübutetmə predmetinə daxil olan halların təqdim edilməsi yükü tərəflərin üzərinə düşür; məhz tərəflər bu halların mövcud olub-olmamasını sübut etməyə borcludurlar; prosesdə həqiqəti isə ədalət mühakiməsi orqanı olaraq məhkəmə müəyyən edir. Nəticədə hüquqi həqiqət prinsipi mülki prosesdə tərəflər və məhkəmə arasında müəyyən iş bölgüsünə gətirib çıxarır: tərəflər işin faktiki hallarını təqdim edir, məhkəmə isə sübutları qiymətləndirir və sonda hüququ tətbiq edir. Belə iş bölgüsü Roma hüququnun “da mihi factum, dabo tibi ius” (“mənə faktları ver, mən sənə uyğun hüququ verəcəm”) prinsipinə əsaslanır”.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.2. Yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 119.2. İddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. 119.5. Apellyasiya və kassasiya şikayətləri verilməsi ilə əlaqədar işdə iştirak edən şəxslərin çəkdikləri məhkəmə xərcləri də bu Məcəllənin 119.1-119.4-cü maddələrində göstərilən qaydaya uyğun bölüşdürülür. 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
Apellyasiya baxışının həddi
Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri). Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini araşdırıb, işdə olan sübutlara məcmu halında hüquqi qiymət verərək, apellyasiya şikayətinin dəlillərini əsassız, birinci instansiya məhkəməsinin gəldiyi nəticəni isə əsaslı sayaraq hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbini təmin etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasına görə, hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. Dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir (Konstitusiyanın 26-cı maddəsi və 60-cı maddəsinin İ hissəsi). Hüquq və azadlıqların məhkəmə təminatı yalnız birinci instansiyada məhkəmə müdafiəsinin təmin olunmasını deyil, bu hüququn həmçinin qanunvericilikdə nəzərdə tutulmuş qaydada apellyasiya və kassasiya instansiyalarında həyata keçirilməsini də nəzərdə tutur. Qanunvericilikdə nəzərdə tutulmuş hər hansı məhkəmə instansiyasına şikayət etmək hüququ məhkəmə müdafiəsi hüququnun mahiyyətindən irəli gəlməklə hüququn aliliyinin təmin edilməsi məqsədinə yönəlir. Məhkəmə kollegiyası vurğulayır ki, məhkəmə müdafiəsindən istifadə etmək hüququnun şəxslər üçün o zaman istəklərinə və arzularına uyğun nəticəsi ola bilər ki, bu cür mülki hüquq münasibətləri qurarkən yaxud hər hansı fəaliyyəti həyata keçirərkən hüququn prinsiplərinə və qanunvericiliyin tələblərinə ciddi riayət etmiş olsunlar. Əks halda qanuna riayət edilmədən yaranan münasibətlərin də mübahisə baş verdiyi halda məhkəmə müdafiəsindən istifadə etmək hüququ şəxsin arzuladığı nəticəni uğurlu etməyəcəkdir. Bu həm də ona görə zəruri və vacibdir ki, mülki dövriyyənin iştirakçıları bu cür mülki hüquq münasibətlərinə girərkən yaxud hər hansı fəaliyyəti həyata keçirərkən hüququn prinsipləri və qanunvericiliyin tələblərinə riayət etsinlər, intizamlı və vicdanlı olsunlar, hüquqdan başqalarına zərər vurmaq niyyətlə açıq-aşkar sui-istifadə etməsinlər. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materiallarına əsasən yoxlayaraq hesab edir ki, birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir ki, bununla da gəldiyi nəticə qanuni və əsaslı hesab edilməlidir. Apellyasiya şikayətinin dəlilləri formal mülahizələrə əsaslanmaqla heç bir sübutla təsdiqini tapmır. Buna baxmayaraq tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından, tərəfin apellyasiya şikayətində göstərdiyi dəlillərin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməlidir. İddia tələbinin mahiyyətindən müəyyən edilir ki, tərəflər arasında olan mübahisə qaz kəmərinə olan maneənin aradan qaldırılması ilə bağlıdır. Belə ki, İddiaçı İstahsalat Birliyinin Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh məsxus (Orman kafesi) tərəfindən İsmayıllı rayonunun ərazisindən keçən, İddiaçı Ağsu X11 İdarəsnin balansında və istismarında olan, diametri 219 mm-lik, orta təzyiqli qaz kəmərinin 8 metr məsafədə 15 metr enində üzərinin cavabdehin vəsaiti hesabına açılması və kəmərin mühafizə zonasının bərpa edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsinin iş üzrə qətnaməsi ilə iddia tələbi təmin edilmişdir. Apellyator isə birinci instansiya məhkəməsinin qətnaməsini bütövlükdə, yəni iddia tələbinin təmin edilməsi hissəsində mübahisələndirmişdir. Ümumiyyətlə apellyator iddianın rədd edilməsini xahiş edir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını şərtləndirən aşağıdakı əsasların qeyd olunmasını zəruri hesab edir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə qiymət verən zaman birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə və hüquqi əsaslandırması ilə razılaşaraq ilkin olaraq qeyd edir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1999-cu il tarixli, 103 saylı qərarı ilə təsdiq edilmiş “Qaz təchizatında mühafizə zonaları və təhlükəsizlik tədbirləri Qaydaları”-nın 2.13-cü maddəsinə əsasən, boru kəmərlərinin mühafizə zonalarında onların normal istismarını pozan və yaxud boru kəmərlərinin zədələnməsinə gətirib çıxara bilən bütün növ işlərin görülməsinə yol verilmir. 2.11. Boru kəmərlərinin mühafizə zonalarında, onu istismar edən hüquqi və fiziki şəxslər Dövlət Neft Şirkəti və onun yerli orqanlarının yazılı razılığı olmadan aşağıda göstərilən işlərin aparılması qadağandır: a) hər hansı tikinti və ya quraşdırma işləri; b) bütün növ kol və ağacların basdırılması, yem məhsullarının, gübrə və materialların yığılması, ot və samanların taya vurulması, heyvan saxlamaq, balıq yetişdirmək üçün yerlərin ayrılması, balıq və su heyvanlarını tutmaq, bitkiləri yığmaq, buz sındırılması və yığılması; c) boru kəmərlərinin üstündən və yanından keçidlərin düzəldilməsi, avtomobil və digər nəqliyyat vasitələri, traktor və mexanizmlər üçün dayanacaqların təşkili, kollektiv bağ və bostan salınması. 3.21. Yeraltı qaz kəmərində, açıcı mexanizmlər qurulmuş quyular tikinti xəttindən, binanın divarından, sənaye, yaxud kommunal müəssisənin hasarından 2 metrdən az olmayan məsafədə, habelə ona xidmət etmək üçün əlçatan yerdə yerləşdirilməlidir. Çöl şəraitində quyuların ağzı yerin səthindən 0,4—0,5 metr hündürdə olmalı və asanlıqla açılan, qıfıllı qapaqla örtülməlidir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin iddianın sübut edilməməsi ilə bağlı dəlillərinə münasibət bildirərək qeyd edir ki, şikayətin dəlilləri həmin hissədə də təmin edilə bilməz. Belə ki, cavabdeh tərəf apellyasiya şikayətində iddianın sübuta yetirlmədiyini bildirmişdir. Kollegiya qeyd edir ki, iş materialları ilə iddia tələbində göstərilmiş hallar tamamilə öz təsdiqini tapmışdır. Belə ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2025-ci il tarixli, 10/6554 nömrəli rəyindən görünür ki, tədqiq olunan ünvana baxış zamanı İddiaçı X7 RQİİ-nin balansında və istismarında olan qaz borusunun, İsmayıllı rayonu, İsmayıllı-Qəbələ yolunun kənarında yerləşən “Orman” kafesinin istifadəsində olan torpaq sahəsindən keçən hissəsində 3 hissədə üzərinin bağlandığı (asfaltlandığı), 3 hissədə isə üzərinin dəmir barmaqlıqlarla örtüldüyü müəyyən olunduğu, Qaz təchizatında mühafizə zonaları və təhlükəsizlik tədbirləri Qaydalarının təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1999-cu il tarixli 103 nömrəli qərarına edilmiş 2 və 5 nömrəli əlavələrdə orta təzyiqli yeraltı qaz kəmərinin mühafizə zonası 4 metr, yerüstü qaz kəmərinin mühafizə zonası 5 metr, aşağı təzyiqli qaz kəmərinin mühafizə zonası isə 2 metr müəyyən edilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, sözü gedən ekspert rəyləri hüquqi qiymət verilərək sübut növü kimi qiymətləndirilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 97.1-ci maddəsinə əsasən, işə baxılarkən xüsusi bilik tələb olunan sualları izah etmək üçün məhkəmə işdə iştirak edən şəxsin vəsatəti və ya öz təşəbbüsü ilə ekspertiza təyin edə bilər. Həmin Məcəllənin 101.3-cü maddəsinə əsasən, ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Həmin Məcəllənin 103.1-ci maddəsinə əsasən, ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsinədə müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Kollegiya qeyd edir ki, hazırki ekspert rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksək olmuş olsa da, bu hal həmin rəyin “xüsusi”, “müstəsna” sübut kimi qiymətləndirilməsi üçün əsas ola bilməz. Məhkəmə üçün ekspert rəyi məcburi əhəmiyyətə malik deyil və o, məhkəmə tərəfindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 88-ci maddəsi ilə müəyyən edilmiş qaydalar əsasında qiymətləndirilir. Ekspert rəyinin qiymətləndirilməsinə aşağıdakılar daxildir: 1) ekspertizanın hazırlanması, təyini, keçirilməsinin prosessual qaydasına riayət edilməsi; 2) qoyulmuş suallara cavabın uyğunluğunun yoxlanılması; 3) rəyin tamlığının müəyyən edilməsi; 4) rəyin elmi əsaslandırılmasının elmi qiymətləndirilməsi. Kollegiya qeyd edir ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlük hüququna malik olmasa da, ekspert rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminatı o vaxt kifayət qədər yüksək ola bilər ki, araşdırma zamanı hazırkı ekspert rəyində müəyyən edilən halları təkzib edən, bu hallara zidd olan sübutlar müəyyən edilməsin. Yalnız bu halda və ekspert rəyinin sübut növü kimi qəbul edilməməsinə dair dəlillər ehtimal xarakterli olduqda, həmin rəy mötəbər sübut növü kimi qəbul edilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, hazırki ekspert rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir. Bu səbəbdən məhkəmə kollegiyası ekspert rəyini, tədqiq edərək, məhkəmə araşdırması zamanı hazırkı ekspert rəylərində müəyyən edilən halları təkzib edən, bu hallara zidd olan sübutlar müəyyən edilmədiyini nəzərə alaraq, həmin rəylə razılaşır və belə nəticəyə gəlir ki, hazırkı iş üzrə ekspert rəyi sübut kimi qəbul edilməlidir. Həmçinin, “X5rşı işi üzrə” 16 fevral 2010-cu il tarixli qərarında da İnsan Hüquqları üzrə Avropa Məhkəməsi hesab etmişdir ki, yalnız elmi cəhətdən əsaslandırılmış və məhkəmənin suallarına cavab verən rəy ədalətin gücünə inam yarada və məhkəmənin fəaliyyətinə kömək edə bilər. Məhkəmə kollegiyası eyni zamanda qeyd edir ki, ekspertizanın verdiyi rəyi hazırki real vəziyyəti əks etdirdiyi üçün sübut növü kimi qəbul edir və həmin rəylə razılaşır. Göründüyü kimi, qaz borusunun bir hissəsinin “Orman” kafesinin ərazisindən keçməsi öz təsdiqini tapmışdır. Qaz borusunun, İsmayıllı rayonu, İsmayıllı-Qəbələ yolunun kənarında yerləşən “Orman” kafesinin istifadəsində olan torpaq sahəsindən keçən hissəsində 3 hissədə üzərinin bağlandığı (asfaltlandığı), 3 hissədə isə üzərinin dəmir barmaqlıqlarla örtüldüyü müəyyən olunmuşdur. Eyni zamanda, cavabdeh tərəfdə qaz borusunun üzərinin örtüldüyünü bildirmişdir. Bundan başqa, “Qaz təchizatında mühafizə zonaları və təhlükəsizlik tədbirləri Qaydaları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1999-cu il tarixli, 103 nömrəli qərarına edilmiş 2 və 5 nömrəli əlavələrə əsasən orta təzyiqli yeraltı qaz kəmərinin mühafizə zonası 4 metr, yerüstü qaz kəmərinin mühafizə zonası 5 metr, aşağı təzyiqli qaz kəmərinin mühafizə zonası isə 2 metr müəyyən edilmişdir. Odur ki, yuxarıda qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbini təmin etməklə iş üzrə düzgün hüquqi nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin sübutlara düzgün qiymət verilməməsi ilə bağlı dəlillərinə münasibət bildirərək qeyd edir ki, şikayətin dəlilləri həmin hissədə də əsassızdır. Cavabdeh tərəf apellyasiya şikayətində bildirmişdir ki, birinci instansiya məhkəməsi ancaq iddiaçı tərəfin sübutlarını əsas götürmüş, onların sübutlarına hüquqi qiymət verməmişdir. Məhkəmə kollegiyası həmin dəlillə bağlı qeyd edir ki, cavabdeh tərəf dəfələrlə məhkəmə iclasına dəvət edilməsinə baxmayaraq iclaslarda iştirak etməmişdir. Bundan başqa, iş üzrə keçirilmiş məhkəmə-texniki ekspertizası məhz cavabdeh tərəfin vəsatəti nəzərə alınaraq əldə edilmişdir. Bundan başqa, cavabdeh tərəf məhkəməyə hərhansı sübut təqdim etməmişdir. Belə olan kollegiya şikayətin qeyd edilən dəlillərini əsassız hesab edir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin cavabdehin kafeni aldıqdan sonra orada heç bir qaz kəmərinin üzərinin basdırılmaması ilə bağlı dəlillərinə münasibət bildirərək qeyd edir ki, şikayətin dəlilləri həmin hissədə də əsassızdır. Belə ki, cavabdeh tərəf obyekti hazırki vəziyyətdə olduğu kimi aldığını və alınan vaxtdan heç bir qaz kəmərinin üzərini basdırmadığını bildirmişdir. Məhkəmə kollegiyası şikayətin həmin dəlili ilə bağlı qeyd edir ki, qaz borusunun üzəri hazırki iş üzrə cavabdeh tərəfindən və ya onun dövründə basdırılmasada (örtülməsədə), yenə iş materiallarına və tərəfin bildirdiyinə görədə həmin hadisə baş vermişdir. Kollegiya qeyd edir ki, hətta boruların üzəri əvvəllər örtülümş olsada, faktiki olaraq həmin obyekt hal-hazırda cavabdehə məxsusdur və o, obyekti olduğu kimi qəbul etmişdir. Belə olan halda isə, cavabdeh tərəf boruların üzərinin obyektin ona məxsus olmayan dövrdə və ya başqa biri tərəfində örtüldüyünə (basdırıldığına) istinad edə bilməz. Kollegiya eyni zamanda qeyd edir ki, qaz borularının üzəri hətta əvvəllər örtülmüş olsada, hal hazırda həmin obyekt cavabdehə məxsus olduğundan iddia tələbidə düzgün olaraq həmin cavabdehə qarşı irəli sürülmüşdür. Məhkəmə kollegiyası apellyasiya şikayətinin cavabdehin kafenin ərazisində qanunsuz tikili aparmaması ilə bağlı dəlillərinə münasibət bildirərək qeyd edir ki, şikayətin dəlilləri həmin hissədə də əsassızdır. Belə ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2025-ci il tarixli, 10/6554 nömrəli rəyinə görə, qaz borusunun, İsmayıllı rayonu, İsmayıllı-Qəbələ yolunun kənarında yerləşən “Orman” kafesinin istifadəsində olan torpaq sahəsindən keçən hissəsində 3 hissədə üzərinin bağlandığı (asfaltlandığı), 3 hissədə isə üzərinin dəmir barmaqlıqlarla örtüldüyü müəyyən olunmuşdur. Göründüyü kimi, qaz borusunun üzəri birneçə hissədə faktiki olaraq örtülmüşdür (basdırılmışdır). Odur ki, tikilinin hansı formada olmasından asılı olmayaraq qaz borusunun üzəri açılmalı və mühafizə zonası bərpa edilməli idi. Bundan başqa, “Qaz təchizatında mühafizə zonaları və təhlükəsizlik tədbirləri Qaydaları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1999-cu il tarixli, 103 nömrəli qərarına edilmiş 2 və 5 nömrəli əlavələrə əsasən orta təzyiqli yeraltı qaz kəmərinin mühafizə zonası 4 metr, yerüstü qaz kəmərinin mühafizə zonası 5 metr, aşağı təzyiqli qaz kəmərinin mühafizə zonası isə 2 metr müəyyən edilmişdir. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbini təmin etməkdə haqlı olmuşdur. Kollegiya daha sonra qeyd edir ki, cavabdeh tərəf apellyasiya şikayətində qeyd edilmiş halın baş vermədiyini yox, obyekti hazırki olduğu vəziyyətdə aldığını və əməlin onun tərəfindən törədilmədiyini (əvvəllər baş verdiyini) bildirmişdir. Bundan başqa, cavabdeh tərəf məhkəməyə vəsatət göndərərək qaz xəttinin üstünün nə vaxt örtüldüyünün müəyyən edilməsini xahiş etmişdir. Göründüyü kimi, həmin vəsatət birdaha təsdiq edir ki, cavabdeh tərəfin yeganə arqumenti qaz xəttinin üzərinin onlar tərəfindən örtülməməsi və əvvəlki dövrlərdə edilməsi ilə bağlı olmuşdur. Kollegiya bir daha qeyd edir ki, qaz xəttinin üzərinin nəvaxt və kim tərəfindən örtülməsindən asılı olmayaraq kəmərin mühafizə zonasının üzəri hazırki iş üzrə Cavabdeh tərəfindən açılmalıdır. Məhkəmə kollegiyası bildirir ki, boru kəmərlərinin, çəkilmə tərzindən asılı olmayaraq, istismarına normal şərait yaratmaq və zədələnmə hallarının qarşısını almaq məqsədi ilə mühafizə zonası təyin edilir. Nəvaxt və kim tərəfindən edilməsindən asılı olmayaraq boru kəmərlərinin mühafizə zonalarında onların normal istismarını pozan və yaxud boru kəmərlərinin zədələnməsinə gətirib çıxara bilən bütün növ işlərin görülməsinə yol verilmir. İş materiallarından isə müəyyən edilir ki, qaz borusunun İsmayıllı rayonu, İsmayıllı- Qəbələ yolunun kənarında yerləşən “Orman” kafesinin istifadəsində olan torpaq sahəsindən keçən hissəsinin üzrəri faktiki olaraq örtülmüşdür. Kollegiya qeyd edir ki, qaz xətləri ilə bağlı bukimi hallara etinadsız yamaşmaq və ya onları görməzdən gəlmək olmaz. Belə ki, kəmərin zədələnməsi və ya qaz sızmasının baş verməsi partlayışa, yanğına və insan tələfatı ilə nəticələnə bilən digər bədbəxt hadisələrə səbəb ola bilər. Həmçinin, qaz kəmərinin üzərinin örtülməsi kəmərin texniki istismarına və təmirinə ciddi maneələr törətməklə yanaşı, həmin ətrafda yaşayan insanların həyatı və əmlakı üçün ciddi təhlükə yaradır. Kollegiya xatırladır ki, həm dövlət orqanları həmdə fiziki və hüququ şəxslər bu məsələlərə daha ehtiyyatla yanaşmalıdır. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, iddia tələbi düzgün olaraq təmin edilmişdir. Kollegiya hesab edir ki, apellyasiya şikayətinin digər dəlilləri şəxsi mülahizələrə əsaslanan fikirlər olmaqla iş materialları ilə öz təsdiqini tapmamışdır. Belə olan halda məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiyası məhkəməsi tərəfindən işin faktiki hallarını nəzərə alınmaqla, mübahisə tam, hərtərəfli və obyektiv araşdırılmaqla düzgün nəticəyə gəlinmiş, qəbul edilmiş qətnamənin nəticə hissəsi ilə işin faktiki halları arasında heç bir uyğunsuzluq olmamış, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Birinci instansiya məhkəməsi tərəfindən faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı, eyni zamanda mahiyyəti üzrə düzgün olan qətnamə qəbul edilmişdir. Bu baxımdan birinci instansiyası məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissədə ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Məhkəmə kollegiyası onu da vurğulamağı zəruri hesab edir ki, Mülki Prosessual Məcəllənin 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamənin qanuniliyi dedikdə, onun mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılması başa düşülür Qətnamənin əsaslılığı dedikdə isə qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olması başa düşülür. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn nəticəsi onda şərh olunsun, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Qeyd olunmalıdır ki, Azərbaycan Respublikasının Konstitusiyasında təsbit olunmuş məhkəmə müdafiəsi hüququ və hüquqi dövlət prinsipi, şəxsin hüquq və vəzifələri ilə bağlı qərarlar qəbul etmiş məhkəmələrin belə qərarlarını mütləq olaraq lazımi qaydada əsaslandırmalı olduqlarını tələb edir. Bununla hər kəs onun barəsində çıxarılmış qərarın nəinki konkret nəticəsi barədə, həm də səbəbləri və əsasları barədə məlumat əldə etmiş olur. Əsaslandırılmamış, yaxud düzgün əsaslandırılmamış məhkəmə qərarı hüquqi dövlət prinsipi ilə ziddiyyət təşkil edir. Bu, həm də ona görə vacibdir ki, qərarın əsaslandırılması ilə tanış olmadan şikayət etmək hüququnun həyata keçirilməsini təsəvvür etmək mümkün deyildir, çünki şikayət vermək hüququnun həyata keçirilməsi özündə məhkəmənin dəlillərinin və əsaslandırılmasının əks arqumentlər gətirilməklə mübahisələndirilməsini nəzərdə tutur. “S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2006-cı il tarixli qərarında” da göstərilmişdir ki, məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilibedilməməsinin səbəbləri aydın göstərilməlidir. Sübutları qiymətləndirən zaman məhkəmə “əsaslı şübhələr yaratmayan” sübut standartını qəbul edir. Belə sübut kifayət qədər inandırıcı, aydın və bir-birinə uyğun gələn məntiqi nəticələrin və ya faktlarla bağlı oxşar, təkzib edilməyən ehtimalların mövcudluğundan irəli gələ bilər (“Avşar Türkiyəyə qarşı” AİHM-nin qərarı №25657/94, §282). Məhkəmə kollegiyası eyni zamanda qeyd edir ki, hüquqi müəyyənlik prinsipi digər tələblərlə yanaşı, ən ümumi mənada mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan, məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır (Konstitusiya Məhkəməsi Plenumunun N.Babayevin şikayəti üzrə 28 dekabr 2011-ci il tarixli Qərarı). İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Hiro Balani İspaniyaya qarşı" iş üzrə 1994-cü il 9 dekabr tarixli qərarında göstərmişdir ki, milli məhkəmələr hər təqdim olunan arqumenti və onunla əlaqəli sübutu cavablandırmaq vəzifəsini daşımasalar da, məhkəmə tərəfindən mühüm arqumentlər cavabsız qaldıqda məhkəmə baxışı ədalətli hesab edilə bilməz. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəflər arasında yaranmış mübahisəni düzgün həll etmiş, qətnamə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmış, iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun və yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırılmışdır. Apellyatorun verdiyi apellyasiya şikayətinin dəlilləri hazırkı iş üzrə qətnamənin dəyişdirilməsi və ya ləğv edilməsi üçün əsas ola bilməz. Ona görə də birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Həmin Məcəllənin 385.2-ci maddəsinə əsasən, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Kollegiya hesab edir ki, apellyatorun ödədiyi dövlət rüsumu onun özünə aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 10-1.3-cü maddəsinə əsasən, kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384, 392, 393, 402 və 405-406-cı maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Q Ə T E T D İ:
Cavabdehin nümayəndəsi və vəkili X1 apellyasiya şikayəti təmin edilməsin. Şəki Kommersiya Məhkəməsinin 18 iyun 2025-ci il tarixli, e-2-2(117)-14/2025 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu apellyatora aid olunsun. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Şəki Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet və vəkil vasitəsilə). Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.