Məhkəmə qərarları › İş №2-2(104)-203/2023

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(104)-203/2023

09.08.2023 · Xususi icraat - Vergi ödəyicisi olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında işlər üzrə icraat (xüsusi icraat)
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2-2(104)-203/2023 09.08.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası - hakimlər Rzaquliyev Şamil Qəhrəman oğlu (sədrlik edən və məruzəçi), Süleymanov Loğman Srac oğlu və Hüseynzadə Afiq Hüseyn oğlundan ibarət tərkibdə, Tağıyeva Ruhiyə Nadim qızının katibliyi, Ərizəçi 12 saylı Ərazi Vergilər Baş İdarəsinin nümayəndəsi X1 iştirakı ilə, Ərizəçi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 12 saylı Ərazi Vergilər Baş İdarəsinin Maraqlı şəxs ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasınа dаir ərizəsi ilə bağlı kommersiya işi üzrə Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2-2(115)-882/2023 saylı qətnaməsindən Maraqlı şəxs verdiyi apellyasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2-2(115)-882/2023 saylı qətnaməsi ilə (hakim G.Quliyeva) ərizənin təmin edilməsi, "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Dövlət Sosial Müdafiə Fonduna 662092,23 (altı yüz altmış iki min doxsan iki manat iyirmi üç qəpik) manat məbləğində borcu ödənilənədək Maraqlı şəxs (doğulduğu tarix xx xxxx 1966-cı il, doğulduğu yer Gəncə şəhəri, şəxsiyyəti təsdiq edən sənədin FİN nömrəsi xxxxxxx, şəxsiyyət vəsiqəsinin seriya və nömrəsi AZE********) ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması, qətnamənin dərhal icra edilməsi qət edilmişdir. Maraqlı şəxs apellyasiya şikayəti verərək iş üzrə Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2-2(115)-882/2023 saylı qətnaməsini ləğv edərək ərizənin təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. İşin halları: Ərizəçi 12 saylı Ərazi Vergilər Baş İdarəsi ərizə ilə məhkəməyə mürаciət edərək, vergi ödəyicisi olan hüquqi şəxs "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Dövlət Sosial Müdafiə Fonduna 662092,23 manat məbləğində borcunun ödənilməsini təmin etmək üçün həmin hüquqi şəxsin icra orqanının rəhbəri olan Maraqlı şəxs ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi tələbini оnunlа əsаslаndırmışdır ki, vergi öhdəliklərini Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədiyi üçün xx.xx.2023-cü il tarixə vergi ödəyicisi olan "xxxx" Açıq Səhmdar Cəmiyyətinin (VÖEN: **********) Dövlət Sosial Müdafiə Fonduna 662092,23 manat borcu vardır. Yaranmış borc məbləğinin 5 gün ərzində müvafiq fonda ödənilməsi məqsədi ilə vergi ödəyicisinə bildiriş göndərilmiş, lakin vergi ödəyicisi yaranmış borc məbləğini ödəməmişdir. Odur ki, ərizənin təmin edilməsi bаrədə qətnаmə çıxаrılmаsını xаhiş etmişdir. Maraqlı şəxs etiraz ərizəsi ilə birinci instansiya məhkəməsinə müraciət edərək bildirmişdir ki, ərizəçi tərəfindən işə bir neçə bildiriş əlavə olunmuşdur. Həmin bildirişlərdə qeyd olunan borc məbləği ayrı-ayrı məbləğlər kimi hətta 900000 manat və daha artıq borcun olması göstərilir. Ərizəçi özü də onun borcunun nə qədər olmasını dəqiq bilmir. Çünki qeyd olunan borc barəsində artıq qanuni qüvvəyə minmiş məhkəmə qərarı mövcuddur. Həmin qərar icra mərhələsindədir. Belə ki, ərizəçi 12 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət olunaraq, xx.xx.2006-cı il tarixdən xx.xx.2019-cu il tarixədək olan dövr üçün "xxxx" ASC tərəfindən təqdim olunmuş dəqiqləşdirilmiş hesabatların, Azərbaycan Respublikası Vergilər Nazirliyinin 12 saylı Ərazi Vergilər Departamenti (Baş İdarəsi) tərəfindən qəbul edilməsi və "xxxx" ASC-nin xx.xx.2006-cı il tarixdən xx.xx.2019-cu il tarixədək olan dövr üçün məcburi dövlət sosial haqları üzrə bocların, məhz həmin dəqiqləşdirilmiş hesabatlar əsasında hesablanması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişlər. Gəncə İnzibati-İqtisadi Məhkəməsinin 27 dekabr 2019-cu il tarixli 2-1(083)-1403/2019 saylı qərarı ilə iddia tələbi qismən təmin edilərək, xx.xx.2013-cü il tarixdən xx.xx.2019-cu il tarixədək olan dövr üçün "xxxx" ASC tərəfindən təqdim olunmuş dəqiqləşdirilmiş hesabatların Azərbaycan Respublikası Vergilər Nazirliyinin 12 saylı Ərazi Vergilər Departamenti tərəfindən qəbul edilməsi, "xxxx" ASC-nin xx.xx.2013-cü il tarixdən xx.xx.2019-cu il tarixədək olan dövr üçün məcburi dövlət sosial sığorta haqları üzrə borclarının məhz həmin dəqiqləşdirilmiş hesabatlar əsasında hesablanması öhdəliyinin 12 saylı Ərazi Vergilər Departamentinin üzərinə qoyulması qərara alınmışdır. Həmin qərardan ərizəçi tərəfindən apellyasiya şikayəti verilmişdir. Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 17 mart 2020-ci il tarixli 2-1(104)-339/2020 saylı qərarı ilə cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Gəncə İnzibati-İqtisadi Məhkəməsinin 27 dekabr 2019-cu il tarixli 2-1(083)-1403/2019 saylı qərarı dəyişdirilmədən saxlanılmışdır. Yenidən ərizəçi tərəfindən həmin qərardan da, qanunvericilikdə nəzərdə tutumuş qaydada kassasiya şikayəti verilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)-1950/2020 saylı iş üzrə 28 oktyabr 2020-ci il tarixli qərarı ilə, kassasiya şikayətinin qismən təmin edilməsi ilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 17 mart 2020-ci il tarixli 2-1(104)-339/2020 saylı qərarı ləğv edilmiş və işin təkrar baxılması üçün yenidən apellyasiya instansiyası məhkəməsinə qaytarılması qərar alınmışdır. Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 05 avqust 2022-ci il tarixli 2-1(104)-19/2022 saylı qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, Gəncə İnzibati-İqtisadi Məhkəməsinin 27 dekabr 2019-cu il tarixli 2-1(083)-1403/2019 saylı qərarı iddianın təmin edilmiş hissəsində dəyişdirilmədən saxlanılmışdır. Qeyd olunan qərardan da ərizəçi tərəfindən kassasiya şikayəti verilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 23 fevral 2023-cü il tarixli 2-1(102)-92/2023 saylı iş üzrə qərarı ilə kassasiya şikayəti təmin edilməmiş, Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 05 avqust 2022-ci il tarixli 2-1(104)- 19/2022 saylı qərarı dəyişdirilmədən saxlanılmışdır. Həmçinin həmin iş üzrə məhkəmə tərəfindən, məhkəmə-mübasibatlıq ekspertizası təyin olunmuş və müəyyən olunmuşdur ki, onların borcu az miqdar təşkil edir ki, həmin borcda ödənilmişdir. Lakin Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının qanuni qüvvəyə minmiş qərarı olaola, ərizəçi həmin qərarı icra etmir. Onların şəxsi vərəqinə hər gün bir məbləğ daxil edir. Buna görə də Gəncə İnzibati Məhkəməsinə müraciət olunmuş və qeyd olunan borcların şəxsi hesab vərəqəsindən silinməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 12 saylı Ərazi Vergilər Baş İdarəsinin üzərinə qoyulması barədə qərar qəbul olunması xahiş olunmuşdur. Həmin iş 2-1(114)- 2819/2023 saylı nömrə ilə Gəncə İnzibati Məhkəməsinin icraatındadır. Məhkəmə iclası tarixə saat xx.xx.2023-cü il saat 15:10-a təyin olunmuşdur. Həmçinin ərizəçi Vergilər Məcəlləsinin 23.1.15-3-cü maddəsinə əsaslanaraq, onun vergi ödəyicisi kimi ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Ərizəçi öz ərizəsində etiraf edir ki, qeyd etdiyi borc Dövlət Sosial Müdafiə Fonduna olan borcdur. Vergilər Məcəlləsinin 23.1.15-3-cü maddəsində isə ərizəçi vergi borcuna görə qeyd olunan tələblə məhkəməyə müracət edə bilər. Həmin borcla bağlı da qanuni qüvvəyə minmiş məhkəmə aktları vardır ki, həmin aktlar da etiraz ərizəsinə əlavə olunur. Həmçinin, o qeyd olunan müəsissənin idarə heyətinin sədridir, müəssisədə olan öhdəliklərin yerinə yetirilməsinə, müəsissənin direktorlar şurası cavabdehidir. Direktorlar şurasının və səhmdarların ümumi yığıncağının qərarı ilə müəsissənin fəaliyyəti tənzimlənir. Qeyd olunan ərizənin təmin olunması isə onun konstitusion hüquqlarının məhdudlaşması ilə nəticələnə bilər. Ona görə də, işə baxarkən qeyd olunanların nəzərə alınmasını və ərizəçinin ərizəsinin rədd olnması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir İş üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi qəbul edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: Maraqlı şəxs apellyasiya şikayətini əsaslandırmaq üçün birinci instansiya məhkəməsində ərizəyə qarşı verdiyi etirazda qeyd edilənləri eyni ilə təkrarlayaraq göstərmişdir ki, etirazında qeyd etdiyi dəlillər birinci instansiya məhkəməsi tərəfindən araşdırılmamış, beləliklə də qətnamə prosessual hüquq normalarının pozulması ilə çıxarılmışdır. Apellyasiya şikayəti üzrə izahatlar: Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsə də, maraqlı şəxs məhkəmə iclasına gəlməmiş, gəlməmənin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə gəlməyən şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab edir Məhkəmə kollegiyasının iclasında iştirak etmiş ərizəçi 12 saylı Ərazi Vergilər Baş İdarəsinin nümayəndəsi X2 apellyasiya şikayətinin dəlillərinə etiraz edərək Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2-2(115)-882/2023 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Hüquqi məsələlər: Azərbaycan Respubilkasının MPM-in 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası işin halları barədə məruzəçi hakimin məruzəsini, apellyasiya şikayətinin dəlilləri ilə bağlı maraqlı şəxsi və ərizəçinin nümayəndəsini dinləyib, iş materiallarını apellyasiya şikayətinin dəlilləri əsasında tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin iş üzrə qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarına əlavə edilmiş hüquqi şəxs haqqında məlumat cədvəlindən görünür ki, hüquqi şəxsin rəhbəri Maraqlı şəxsdur. İş materiallarına əlavə edilmiş 12 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən təqdim оlunmuş sənədlərdən görünür ki, vergi ödəyicisi olan "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Dövlət Sosial Müdafiə Fonduna 662092,23 manat borcu yaranmışdır. İş materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli **********919800 nömrəli bildirişdən görünür ki, vergi ödəyicisinə borcun ödənilməsi barədə xəbərdarlıq edilmişdir. İş materiallarına əlavə edilmiş şəxsiyyət vəsiqəsi haqqında elektron portaldan çıxarışdan görünür ki, Maraqlı şəxs doğum tarixi və yeri xx.xx.1966-cı il, Gəncə şəhəri, qeydiyyat ünvanı Gəncə şəhəri ünvan 2dən və “Elektron Məhkəmə” informasiya sistemindən çıxarışdan görünür ki, iddiaçı "xxxx" ASC cavabdeh 12 saylı Ərazi Vergilər İdarəsinə qarşı iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, 12 saylı Ərazi Vergilər İdarəsi tərəfindən "xxxx" ASC-nin, "xxxx" ASC-nin, Gəncə filialındakı AZ07RBTA******************** saylı hesablaşma hesabına qoyulmuş **********0AS №-li sərəncamın ləğv olunması barədə qərar qəbul edilməsini xahiş etmiş, məhkəmə baxışı xx.xx.2023-cü il saat 15:10-a təyin edilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 73-cü maddəsinin İ hissəsinə əsasən qanunla müəyyən edilmiş vergiləri və başqa dövlət ödənişlərini tam həcmdə və vaxtında ödəmək hər bir kəsin borcudur. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 16.1.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş vergiləri, habelə bu Məcəllə ilə müəyyən edilmiş qaydada hesablanmış faizləri, tətbiq edilmiş maliyyə sanksiyalarını və digər məcburi ödənişləri ödəmək vergi ödəyicisinin vəzifələrindəndir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən vergi ödəyicisinin bu Məcəllədə göstərilən hallarda və qaydada müəyyən edilən vergini (o cümlədən cari vergi ödəmələrini) ödəmək vəzifəsi onun vergi öhdəliyi hesab olunur. Həmin Məcəllənin 77.3-cü maddəsinə əsasən vergi ödəyicisi vergi qanunvericiliyinin tələblərinə uyğun olaraq verginin ödənilməsini nəzərdə tutan şəraitin yarandığı andan vergi öhdəliklərinin yerinə yetirilməsi üçün cavabdehdir. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə vergi öhdəliklərinin yerinə yetirilməsi ödənilməli olan vergi məbləğinin müəyyən edilmiş müddətlərdə və qaydada ödənilməsidir. Vergi ödəyicisinin hesablarında və ya kassasında vəsaitin, habelə onun əmlakının olubolmamasından asılı olmayaraq vergi öhdəliklərinin yerinə yetirilməsi məcburidir. Həmin Məcəllənin 23.1 və 23.1.15-3-cü maddələrinə görə vergi ödəyicisi vergi öhdəliyini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə, hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üsulu kimi vergi ödəyicisi olan fiziki şəxsin və ya hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması üçün məhkəməyə müraciət etmək vergi orqanlarının hüquqlarındandır. Azərbaycan Respublikası MPM-in 355-5.1-ci maddəsinə əsasən vergi ödəyicisi vergi öhdəliyini Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə, hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üçün müvafiq icra hakimiyyəti orqanı fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə məhkəməyə müraciət etmək hüququna malikdir. Həmin Məcəllənin 355-7.1-ci maddəsinə əsasən vergi ödəyicisi olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında ərizə məhkəməyə təqdim olunduqdan sonra məhkəmə tərəfindən 10 gün müddətinə baxılır. Həmin Məcəllənin 355-7.3-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim ərizənin rədd edilməsi və ya təmin edilməsi barədə qətnamə qəbul edir. Kollegiya qeyd edir ki, maraqlı şəxs iş materiallarına əsasən dövlət büdcəsinə ödənilməmiş borclarının olduğunu mübahisələndirməmişdir, bank hesabları üzərinə qoyulmuş sərəncamı mübahisələndirmişdir. Özünün və rəhbəri olduğu müəssisənin hazırda ödənilməmiş vergi borcu qalmaqdadır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 49.3-cü maddəsinə əsasən hüquqi şəxs adından çıxış edən şəxs, o cümlədən hüquqi şəxsin idarəetmə orqanlarında (müşahidə (direktorlar) şurası, icra orqanı) təmsil olunan hər hansı şəxs təmsil etdiyi hüquqi şəxsin mənafeləri üçün vəzifələrini yerinə yetirərkən vicdanla, peşəkar qaydada və məntiqlə hərəkət etmək, hüquqi şəxsin və onun bütün iştirakçılarının maraqlarına sadiq olmaq və hüquqi şəxsin maraqlarını öz maraqlarından üstün tutmaq, ehtiyatlı olmaq, habelə qərarların qəbulu zamanı ədalətli və qərəzsiz olmağa borcludur. Həmin şəxs, bu vəzifələrin hüquqi şəxsin maraqlarına uyğun olaraq yerinə yetirilməsi üçün məsuliyyət daşıyır. Hüquqi şəxsin nizamnamə kapitalında ən azı 5 faiz paya (səhmə) malik olan iştirakçısının (iştirakçılarının) tələbi ilə o, vəzifələrini pozduğu halda, pozuntu nəticəsində hüquqi şəxsə dəymiş zərərin əvəzini ödəməlidir. Həmin Məcəllənin 52.2-ci maddəsinə əsasən bu Məcəllədə və ya hüquqi şəxsin nizamnaməsində nəzərdə tutulan hallar istisna olmaqla, hüquqi şəxsin təsisçisi (iştirakçısı) hüquqi şəxsin öhdəlikləri üçün, hüquqi şəxs isə təsisçinin (iştirakçının) öhdəlikləri üçün cavabdeh deyildir. Qanunvericiliyin istinad olunan normalarının məzmunundan da göründüyü kimi, hüquqi şəxsin icra orqanında təmsil olunan şəxs təmsil etdiyi hüquqi şəxsin mənafeləri üçün vəzifələrini hüquqi şəxsin maraqlarına uyğun olaraq yerinə yetirilməsi üçün məsuliyyət daşıyır. Qeyd olunmalıdır ki, hüquqi şəxsin hesablanmış vergi borcu və maliyyə sanksiyasının ödənilməsinin təmin edilməsi hüquqi şəxsin icra orqanının rəhbərinin borcudur. Maraqlı şəxsin şikayətinin dəlilləri ilə bağlı kollegiya aşağıdakıları qeyd edir. Şikayətin dəlilinə görə o, idarə heyətinin sədri olmaqla müəssisənin borclarına o yox, direktorlar şurası cavabdehdir. Kollegiya şikayətin həmin dəlili ilə razılaşmır. Çünki maraqlı şəxsin rəhbərlik etdiyi müəssisə tərəfindən vergi orqanına təqdim edilmiş sənədlərdə müəssisənin icra orqanının rəhbəri kimi məhz o, yəni Maraqlı şəxs müəyyən olunmuşdur. Apellyasiya şikayətinin digər bir dəlili borc Dövlət Sosial Müdafiə Fonduna olan borc olduğu halda ərizəçinin bu kimi ərizə ilə müraciət etməsinin qanuni olmamasıdır. Kollegiya şikayətin həmin dəlili ilə də razılaşmır və qeyd edir ki, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 1.4-cü maddəsinə əsasən bu Məcəllənin vergitutmanın ümumi əsasları, vergilərin ödənilməsi qaydaları (ödənilməsi mənbələri istisna olmaqla), vergi ödəyicilərinin və dövlət vergi orqanlarının, habelə vergi münasibətlərinin digər iştirakçılarının vergitutma məsələləri ilə bağlı hüquq və vəzifələri, vergi nəzarətinin forma və metodları, vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyət, dövlət vergi orqanlarının və onların vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayət edilməsi qaydaları ilə bağlı müddəaları məcburi dövlət sosial sığorta haqqı, icbari tibbi sığorta haqqı və işsizlikdən sığorta haqqına münasibətdə də tətbiq olunur. Apellyasiya şikayətinin digər dəlili – yaranmış borcun məhkəmə qaydasında mübahisələndirildiyinə dair dəlili ilə bağlı kollegiya qeyd edir ki, iş materiallarında olan "xxxx" ASC-nin Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 12 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşə verdiyi iddia ərizəsindən görünür ki, iddiaçı cavabdeh tərəfindən onun "xxxx" ASC-nin Gəncə filialındakı hesablaşma hesabına qoyulmuş sərəncamın ləğv olunmasını xahiş etmişdir. Göründüyü kimi şikayətin həmin dəlili də əsassızdır. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsində də göstərilir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Odur ki, məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri ilə razılaşmır. Məhkəmə kollegiyası hesab edir ki, işə birinci instansiya məhkəməsində baxılanda vergi ödəyicisi olan "xxxx" ASC-nin Dövlət Sosial Müdafiə Fonduna borcu olduğuna, maraqlı şəxs isə həmin müəssisənin rəhbəri olduğuna görə məhkəmə ərizəni təmin etməkdə haqlı olmuşdur. Azərbaycan Respublikası MPM-in 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 355-7.3, 372-376, 378-382, 384.0.1, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: Apellyasiya şikayəti təmin edilməsin. Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2-2(115)-882/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetə yerləşdirilməklə Gəncə Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, qəbul edildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar