Məhkəmə qərarları › İş №2-2(104)-204/2023

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(104)-204/2023

25.08.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2-2(104)-204/2023 25.08.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin hakimləri-Hüseynzadə Afiq Hüseyn oğlu (sədrlik edən və məruzəçi), Rzaquliyev Şamil Qəhrəman oğlu və Məmmədov Ədil İsa oğlundan ibarət tərkibdə, Məmmədov Elvin İsrayıl oğlunun katibliyi ilə, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdehnə qarşı pul tələbinə dair kommersiya işi üzrə Gəncə Kommersiya Məhkəməsinin 13 iyun 2023-cü il tarixli, 2-2(115)- 487/2023 nömrəli qətnaməsindən iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş apellyasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. Birinci instansiya məhkəməsində icraat: İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti Cavabdehnə qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC-dən 10000 manat məbləğin, 400 manat mediasiya xərci məbləğinin, ümumilikdə 10400 manat pul vəsaitinin iddiaçı "xxxx" ASC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddiaçı iddia tələbinin həcminin artırılması barədə ərizə verərək, Cavabdeh MMC-dən 19169 manat məbləğin, 400 manat mediasiya xərci məbləğinin ümumilikdə 19569 manat pul vəsaitinin iddiaçı "xxxx" ASC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Maraqlı şəxs1, X3 ilə "xxxx" ASC arasında sığorta müqavilələri bağlanmışdır. Müqavilə şərtlərinə əsasən sığortalının sahibliyində olan Bərdə rayonu, Güloğlular kəndində ünvanında yerləşən daşınmaz əmlaka 20000 manat məbləğində yanğın və digər risklərdən sığorta təminatı verilmişdir. xx.xx.2021-ci il tarixdə saat 08 radələrində Bərdə rayonu Güloğlular kəndində yerləşən, Cavabdeh MMC-yə məxsus ticarət mərkəzində yanğın hadisəsi baş vermiş, nəticədə ümumi sahəsi 13 ha olan ticarət mərkəzinin təxminən 2100 kv. metr sahəsində yerləşən geyim və digər malların satıldığı ticarət sahələri, eləcə də sığortalı Maraqlı şəxs1 məxsus satış üçün nəzərdə tutulmuş 10000 manat məbləğində geyim və s. mallar yanğının təsirindən yanaraq məhv olmuşdur. Baş vermiş yanğın hadisəsi ilə əlaqədar xx.xx.2021-ci il tarixdə fakta görə FHNnin Əməliyyat-İstintaq İdarəsinin İstintaq Şöbəsinin müstəntiqi Fuad Məhərrəmov tərəfindən Azərbaycan Respublikası CM-nin 225.2-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanaraq ibtidai istintaqı aparılmışdır. xx.xx.2021-ci il tarixdə cinayət işi üzrə əməl Azərbaycan Respublikası CM-nin 225.2-ci maddəsindən həmin Məcəllənin 186.2.2-ci maddəsinə tövsif edilməklə istintaqın davam etdirilməsi məqsədilə aidiyyəti üzrə Bərdə rayon Polis Şöbəsinə göndərilməsi barədə qərar qəbul edilmişdir. xx.xx.2021-ci il tarixində cinayət işi üzrə icraat dayandırılmışdır. AZ/069293 saylı sığorta müqaviləsinə (şəhadətnaməsinə) və AKTİ-Fİ-0020/2021/AKT3548/21 saylı sığorta aktına əsasən 400 manat azadolma məbləği çıxıldıqdan sonra 10000 manat məbləğində sığorta ödənişi sığortalı Maraqlı şəxs1 ödənilmişdir. Həmçinin, AZ/069292 saylı sığorta müqaviləsinə əsasən 1000 manat azadolma məbləği çıxılmaqla, 9169 manat məbləğində sığorta ödənişi X2 ödənilmişdir. Sığortalı hesablanılmış zərər məbləği və sığorta ödənişi ilə razılaşdıqdan sonra sığorta aktını imzalamış, sığorta ödənişi həyata keçirilmiş və bununla da bütün iddia və tələblərini sığorta qanunvericiliyinə əsasən "xxxx" ASC-yə sessiya etmişdir. Gəncə Kommersiya Məhkəməsinin 13 iyun 2023-cü il tarixli, 2-2(115)-487/2023 nömrəli qətnaməsi ilə (hakim K.Vəliyev) iddia təmin edilməmişdir. İşdə olan sübutlar: AZ/069293 saylı əmlakın yanğından və digər əlavə risklərdən sığortası şəhadətnaməsi üzrə 1 nömrəli qoşma olan “Sığorta məbləğinin bölgüsü”ndən görünür ki, Bərdə rayonu, Güloğlular kəndində yerləşən sığortalı Maraqlı şəxs1 daşınar əmlakına 20000 manat məbləğində yanğın və digər risklərdən sığorta təminatı verilmişdir. AZ/069292 saylı əmlakın yanğından və digər əlavə risklərdən sığortası şəhadətnaməsi üzrə 1 nömrəli qoşma olan “Sığorta məbləğinin bölgüsü”ndən görünür ki, Bərdə rayonu, Güloğlular kəndində yerləşən sığortalı X1 daşınar əmlakına 50000 manat məbləğində yanğın və digər risklərdən sığorta təminatı verilmişdir. xx.xx.2021-ci il tarixli icarə müqaviləsindən görünür ki, icarəyə verən-Cavabdeh MMC özünə məxsus Bərdə rayonu, Güloğlular kəndi ünvanında yerləşən ticarət mərkəzinin sahəsi 24 m2 olan ticarət obyektini bə bu müqavilənin ayrılmaz hissəsi olan təhvil-tsəlim aktında göstərilən inventarları icarəçiyə bu müqavilənin şərtləri daxilində 1 il müddətinə icarəyə verir. İcarəçi Maraqlı şəxs1 da öz növbəsində həmin müddətdə icarəyə verənə məxsus əmlakı və təhvil-tsəlim aktında göstərilən inventarları icarəyə götürür. Həmin müqavilənin 3.8-ci bəndinə əsasən icarəyə götürdüyü sahədə yanğın təhlükəsizliyinə, elektro texniki qaydalara və təhlükəsizlik qaydalarına icarəçi məsuliyyət daşıyır. xx.xx.2021-ci il tarixli 10/2314 nömrəli ekspert rəyindən görünür ki, Bərdə rayonu, Güloğlular kəndində yerləşən Cavabdeh MMC-yə məxsus ticarət mərkəzində yaranmış yanğın izlərinin nisbi dərəcəsinə görə, baş vermiş yanğının mənbəyi ticarət mərkəzinin “Depozit” adlanan sahəsinin 4-cü sırasında yerləşən 113-114 nömrəli mağazanın qarşısında olmuşdur. Hadisənin baş vermə şəraitini, cinayət işində olan məlumatları nəzərə almaqla təqdim olunmuş elektrik naqillərinin üzərində qısaqapanma izlərinin olmadığına, yanğın ilkin aşkar olunmuş sahədən götürülərək fiziki-kimyəvi ekspertizaya təqdim edilmiş nümunələrin üzərində neft məhsullarına məxsus izlər aşkar edildiyinə əsaslanaraq, kənardan düşmüş alışdırıcı mənbənin təsirindən baş vermişdir. Yanğın kənardan düşmüş alışdırıcı mənbənin təsirindən baş verdiyi üçün yanğın hadisəsi ilə əlaqədar normativ aktların tələblərinin pozulub-pozulmamasına dair sual üzrə təqdiqat aparılmamışdır. Bərdə rayon Polis Şöbəsinin müstənqitinin xx.xx.2021-ci il tarixli ********* nömrəli qərarından görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 186.2.2-ci maddəsi ilə başlanılmış cinayət işi üzrə aparılmış istintaq hərəkətlərinə baxmayaraq həmin cinayəti törətmiş şəxsi müəyyən etmək mümkün olmadığından cinayət işi üzrə icraat təqsirləndirilən şəxs müəyyənləşdirilib istintaqa cəlb edilənədək dayandırılmışdır. Apellyasiya şikayətinin dəlilləri: Gəncə Kommersiya Məhkəməsinin 13 iyun 2023-cü il tarixli, 2-2(115)-487/2023 nömrəli qətnaməsindən narazı qalan iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti apellyasiya şikayəti verərək, Gəncə Kommersiya Məhkəməsinin 13 iyun 2023-cü il tarixli, 2-2(115)-487/2023 nömrəli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, yanğın hadisəsi baş verən zaman binaların yanğın təhlükəsizliyinin təmin edilməsinə görə məsuliyyəti bu obyektlərin rəhbərləri, inzibati heyəti və ya sahibkarlar daşıyırlar. Həmçinin gələcəkdə baş vermə ehtimalı olan yanğın hadisəsinə qarşı obyektdə müxtəlif növ yanğın texnikaları (yanğın avtomobilləri, matopompalar, odsöndürənlər) olmalıdır. Məhkəmə isə bu bəndləri nəzərə almayaraq, əmlak qəsdən yandırmış şəxsin bəlli olmadığını və buna görə də iddiaçı tələbini cavabdehə yönəltməkdə haqlı olmadığını qeyd etmişdir. Qeyd edilən normalar yanğının kim tərəfindən, necə və hansı halda baş verdiyini qeyd etməyərək, ümumilikdə yanğın hadisəsi baş vermə ehtimalına qarşı və baş verən zaman obyektlərin rəhbərlərinin, inzibati heyətin və ya sahibkarların üzərinə öhdəliklər qoyur. Yanğının kənar şəxs tərəfindən qəsdən törədilməsindən asılı olmayaraq, yanğının baş verməsi tez bir zamanda aşkar edilməli və onun yayılmasının qarşısını almaq üçün vaxtında tədbirlər görülməli idi. Təqsir prezumpsiyasına görə isə hüququ pozan şəxs (zərərvuran) özünün təqsirsizliyini sübut edənə kimi, onun təqsirli olması güman edilir, yəni əksi sübut edilənə kimi şəxs mülki hüquq pozuntusu törətməkdə təqsirli sayılır. Məsuliyyətdən azad olmaq üçün zərərvuran (hüququ pozan şəxs) təqsirinin olmamasını sübut etməlidir. Deməli, sübutetmə yükünü öhdəliyi pozmuş şəxs çəkir, yəni təqsirin olmadığını öhdəliyi pozmuş şəxs sübuta yetirir. Təqsir prezumpsiyasına görə zərərçəkən tərəf zərərvuranın (hüququ pozan şəxsin) təqsirini sübut etməyə borclu deyildir. Zərərçəkən tərəf sübut etməlidir ki, başqa subyektin davranşı nəticəsində onun hüquq və qanunla qorunan mənafeyi pozulmuşdur. Amma təqsir prezumpsiyası zərərçəkəni məhkəməyə zərərvuranın təqsirli olmasını təsdiqləyən sübutlar təqdim etmək imkanından və hüququndan məhrum etmir. Zərərçəkən ona zərər vurulması faktını sübuta yetirməlidir. Belə ki, zərər vurulması faktını hamıdan əvvəl zərərçəkən bilir. Lakin, məhkəmə mübahisəni qeyd edilən nöqteyi nəzərdən qiymətləndirməmişdir. Buna görə də apellyasiya şikayətinin təmin olunmasını xahiş etmişdir. Apellyasiya icraatı iştirakçılarının izahatları: Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq tərəflər məhkəmə iclasına gəlməmiş, gəlməmənin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respubilkasının MPM-in 376.2-ci maddəsinə əsasən tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsi: 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 883.1. Sığorta müqaviləsi sığortalının müvafiq sığorta haqqı ödəməsi müqabilində sığorta obyektinin məruz qala biləcəyi risklərlə bağlı itkilərin, dəyən zərərin əvəzinin və ya razılaşdırılan pul məbləğinin müəyyən bir hadisənin baş verməsi əsasında ödənilməsinin sığortaçı tərəfindən öhdəlik kimi götürülməsi şərtlərinin təsbit edildiyi razılaşmadır. 884.1. Sığorta münasibətləri sığortalının və ya sığorta olunanın əmlakı, həyatı, sağlamlığı, mülki məsuliyyəti, qanunla qadağan olunmayan fəaliyyəti, o cümlədən sahibkarlıq fəaliyyəti ilə bağlı olan əmlak mənafelərinin müdafiəsi sahəsində risklərin ötürülməsinə və ya bölüşdürülməsinə əsaslanır. 888.1. Əmlak sığortasının obyektləri sığortalının əmlaka sahibliyi, ondan istifadəsi və (və ya) ona sərəncam verməsi, sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi, digər fiziki şəxslərin sağlamlığına xəsarət yetirməsi və ya fiziki şəxslərin əmlakına, həmçinin hüquqi şəxslərə vurduğu zərərin əvəzinin ödənilməsi, istehsalat fəaliyyəti ilə bağlı əmlak mənafeləridir. Əmlak sığortasına əmlakın və mülki məsuliyyətin sığortası aiddir. 926.1. Sığorta ödənişi sığorta hadisəsi baş verdikdə icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə uyğun olaraq sığortaçı tərəfindən ödənilən maliyyə kompensasiyasıdır. 936.1. Subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi: 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 82.3. Bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir.

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.3. Qətnamə iş üzrə müəyyən olunmuş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır. 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi:

Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materialları ilə əlaqəli şəkildə araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanmalıdır. Belə ki, birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, zərərin ödənilməsi ilə bağlı tələbdə təqsirin mövcud olması olduqca mühüm şərtdir. Ona görə ki, zərər öz qanunazidd davranışı ilə onun yaranmasına səbəb olmuş şəxsə, yaxud şəxslərə aid edilir. Yəni, ilk növbədə qanunsuz fəaliyyət və bu fəaliyyətlə zərərin yaranması arasında səbəbli əlaqə mövcud olmalıdır. Çünki zərərin yaranmasının əsasında bir şəxsin başqasının mülkiyyət hüquqlarının pozulmasına yönələn təqsirli əməli (hərəkəti və ya hərəkətsizliyi) dayandığı halda, o şəxsin məsuliyyəti yaranır və həmin şəxs zərərin əvəzini ödəmək öhdəliyini daşıyır. Göründüyü kimi sığorta edilmiş əmlakın qəsdən yandırılması barədə istintaq orqanı tərəfindən cinayət işi başlanılmışdır. Lakin, təqsirkar şəxs bu vaxta qədər müəyyən olunmamışdır. Hazırkı vəziyyətdə əmlakı yandıran şəxs bəlli deyildir. Nə qədər ki, əmlakın məhv edilməsində təqsirli olan şəxs aşkar edilməmişdir, iddiaçı tələbini Cavabdehnə qarşı irəli sürməkdə haqlı olmamışdır. Birinci instansiya məhkəməsi həmçinin qeyd etmişdir ki, “Ticarət və ictimai iaşə müəssisələri, yarmarkalar, baza və anbarlar üçün yanğın təhlükəsizliyi qaydaları”nın 1.2-ci bəndinə əsasən qüvvədə olan qanunvericiliyə müvafiq olaraq ticarət, ictimai iaşə müəssisələrinin, baza və anbarların yanğın təhlükəsizliyinin təmin edilməsinə görə məsuliyyəti bu obyektlərin rəhbərləri, inzibati heyəti və ya sahibkarlar (sonradan rəhbərləri) daşıyırlar. Həmin qaydaların 1.3-cü bəndinə əsasən ticarət ictimai iaşə müəssisələrinin, bazaların və anbarların rəhbərləri borcludurlar: 1.3.9. Yanğından müdafiə sistemlərini (yanğına qarşı su kəmərlərinin xəbərverici siqnalizasiya qurğularının, avtomatik yanğın söndürmənin və s.) daima saz vəziyyətdə saxlanmasını təmin etmək. Bu sistemlər nasaz olduqda və ya sıradan çıxdıqda onların işlək vəziyyətə gətirilməsi üçün tədbirlər görmək. 1.3.12. Yanğına qarşı təlimat keçməyən şəxsləri işə buraxmamağa. Həmin qaydaların 1.4cü bəndinə əsasən şöbələrin, bölmələrin, sexlərin, emalatxanaların, ticarət köşklərinin, çadırların, pavilyonların, bufetlərin, qəlyanaltıların ayrıca anbarların və sair binaların yanğın təhlükəsizliyinə cavabdehliyi onların sahibləri, icarəçiləri və ya ticarət, ictimai iaşə müəssisəsi, baza və anbarların rəhbərliyinin əmri ilə xüsusi olaraq təyin edilmiş vəzifəli şəxslər daşıyır. Mövcud qaydalardan göründüyü kimi binaların yanğın təhlükəsizliyinin təmin edilməsinə görə məsuliyyəti bu obyektlərin rəhbərləri, inzibati heyəti və ya sahibkarlar daşıyırlar. Binaların yanğın təhlükəsizliyinə cavabdehliyi onların sahibləri, icarəçiləri və ya ticarət, ictimai iaşə müəssisəsi, baza və anbarların rəhbərliyinin əmri ilə xüsusi olaraq təyin edilmiş vəzifəli şəxslər daşıyır. Qeyd olunanlar yanğın təhlükəsizliyi qaydalarının pozulması nəticəsində yaranmış məsuliyyəti müəyyən edir. Hazırkı iş üzrə yanğının baş vermə səbəbi kimi yanğın təhlükəsizliyi qaydalarının pozulması deyil, əmlakın qəsdən məhv edilməsinə yönələn hərəkət olmuşdur. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin əsaslandırması ilə tam razılaşaraq əlavə olaraq qeyd edir ki, Mülki Məcəllənin 936.1-ci maddəsinin tələbindən də göründüyü kimi subroqasiya hüququ sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Hazırkı işin hallarına görə idə cavabdehin sığorta ödənişi almış şəxslərə dəymiş zərərə görə məsuliyyəti müəyyən edilməmişdir. Beləliklə, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə və gəldiyi nəticəsini əsaslandırması ilə razılşır. Həmçinin birinci instansiya məhkəməsi tərəfindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya şikayətinin dəlilləri isə əsassız olmaqla, qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir. Buna görə də Gəncə Kommersiya Məhkəməsinin 13 iyun 2023-cü il tarixli, 2- 2(115)-487/2023 nömrəli qətnaməsindən iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, Gəncə Kommersiya Məhkəməsinin 13 iyun 2023-cü il tarixli, 2-2(115)-487/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 372, 384, 392 və 402, maddələrini rəhbər tutaraq,

q ə t e t d i:

Gəncə Kommersiya Məhkəməsinin 13 iyun 2023-cü il tarixli, 2-2(115)-487/2023 nömrəli qətnaməsindən iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Gəncə Kommersiya Məhkəməsinin 13 iyun 2023-cü il tarixli, 2-2(115)-487/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə təqdim edilməklə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommerisya kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar