Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-2(104)-206/2023 09.08.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası - hakimlər Rzaquliyev Şamil Qəhrəman oğlu (sədrlik edən və məruzəçi), Süleymanov Loğman Srac oğlu və Hüseynzadə Afiq Hüseyn oğlundan ibarət tərkibdə, Tağıyeva Ruhiyə Nadim qızının katibliyi ilə, İddiaçı cavabdeh “LLC CREEN CONTRY” şirkətinə qarşı pul tələbinə dair iddiası üzrə Gəncə Kommersiya Məhkəməsinin 07 iyul 2023-cü il tarixli 2-2(115)-1058/2023 nömrəli qərardadından İddiaçı tərəfindən verilmiş şikayətə Gəncə Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh “LLC CREEN CONTRY” şirkətindən 15060 ABŞ dolları məbləğində borcun İddiaçı "xxxx" QSC-də olan cari hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Gəncə Kommersiya Məhkəməsinin 07 iyul 2023-cü il tarixli 2-2(115)-1058/2023 nömrəli qərardadı ilə (hakim G.Quliyeva) iddia ərizəsinin qəbul edilməsindən imtina edilmiş və İddiaçı Gürcüstan Respublikasının səlahiyyətli məhkəməsinə müraciət etmək hüququnun izah edilməsi qərara alınmışdır. İş üzrə İddiaçı qərardaddan şikayət verərək, Gəncə Kommersiya Məhkəməsinin 07 iyul 2023-cü il tarixli qərardadının qanunsuz və əsassız olduğu üçün ləğv olunaraq kommersiya işinə aidiyyət üzrə Gəncə Kommersiya Məhkəməsində baxılması barədə qərardad çıxarılmasını xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, iddiaçı Goranboy rayonu Bağçakürd kəndində qeydiyyatda olmaqla, həmin ünvanda yaşayan və sahibkarlıq fəaliyyət ilə məşğul olan fermer İddiaçı ilə Gürcüstan Respublikası Tbilisi şəhəri Kviratskoveli küçəsi 107 saylı ünvanda yerləşən və sahibkarlıq fəaliyyət ilə məşğul olan cavabdeh “LLC CREEN CONTRY” şirkəti arasında Goranboy rayonu Baxçakürd kəndində xx.xx.2022-ci il tarixdə 01/22 nömrəli müqavilə bağlanmışdır. Həmin müqaviləyə əsasən satıcı kimi İddiaçı ümumi dəyəri 300000 ABŞ dolları olan günəbaxan məhsullarını satıcıya Azərbaycan Respublikasında gömrük qanunvericiliyinə əməl etməklə satmağı öhdəsinə götürmüşdür. Satıcı nəzərdə tutulmuş alqı-satqı əməliyyatını həyata keçirmişdir. Alıcı da həmin malı qəbul edib aparmışdır. Nəticədə alıcı məhsulun dəyərinin bir hissəsini bank vasitəsi ilə satıcıya ödəmişdir. Lakin son hesablaşmada alıcının 15060 ABŞ dolları məbləğində borcu qalmışdır. Borcla əlaqədar alıcı şirkətə gürcü və rus dillərində tərcümə olunmaqla pretenziya məktubu göndərilmişdir. Lakin alıcı təşkilat borcunun ödənilməsi ilə əlaqədar heç bir tədbir görməmişdir. Nəticədə borca görə gömrük orqanına ixrac rüsumu ödənilməmişdir. İxrac rüsumunun ödənilməməsinə görə Azərbaycan Respublikası Gömrük Komitəsinin Qərb Ərazi Baş Gömrük İdarəsi tərəfindən iddiaçı barəsində cinayət işinin başlanılması üçün Goranboy Rayon Prokurorluğuna materiallar göndərilmişdir. Mövcud vəziyyətə görə ixrac rüsumunun ödənilməsi ilə əlaqədar mübahisələrə Azərbaycan Respublikasının aidiyyəti kommersiya məhkəmələri tərəfindən baxılmalıdır. Bununla əlaqədar iddiaçı tərəfindən borcun ödənilməsi üçün Gəncə 1 saylı Mediasiya təşkilatına müraciət olunmuşdur. Müraciətə mediator X1 tərəfindən baxılmışdır. Lakin cavabdeh mediasiya təşkilatına gəlməmiş, aralarında heç bir barışıq sazişi bağlanılmamışdır. Gəncə 1 saylı Mediasiya təşkilatı tərəfindən ilkin mediasiya sessiyasında cavabdehin iştirak edilməməsi barədə xx.xx.2023-cü il tarixdə MŞG/1-01953 nömrəli arayış verilmişdir. İddiaçı tərəfindən toplanmış materiallar ərazi aidiyyəti üzrə iddia ərizəsi ilə birlikdə baxılması üçün Gəncə Kommersiya Məhkəməsinə göndərilmişdir. Gəncə Kommersiya Məhkəməsi işə Gürcüstan Respublikasının səlahiyyətli məhkəməsinin baxmalı olduğunu əsas gətirərək, əsassız olaraq iddia ərizəsinin qəbul edilməsindən imtina edilməsi barədə qərardad çıxarmışdır. İddiaçı kimi hesab edirlər ki, alıcı təşkilat aldığı məhsulun dəyərini müqavilə şərtinə əsasən tam ödəməyə borcludur. Tərəflər arasında xx.xx.2022-ci il tarixdə bağlanmış müqavilənin 5.1-ci maddəsinə əsasən müqavilənin şərtlərinə əməl edilməməsi ilə bağlı mübahisələrə Azərbaycan Respublikasının Kommersiya Məhkəmələrində baxılmalıdır. Məhkəmə qərardad çıxararkən tərəflər arasında bağlanmış həmin müqavilənin tələbini və Azərbaycan Respublikası MPMnin tələblərini pozmuş, MPM-nin 36-cı maddəsinin tələblərini nəzərə almamış, qanunvericiliyin tələbinə əsaslanmamış, aidiyyət məsələsində iddiaçının yanaşmasına düzgün hüquqi qiymət verməmiş, iddia ərizəsinin qəbul edilməsindən imtina edilməsi barədə qərardad qəbul edərkən yanlışlığa yol vermişdir. Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(115)-105/2023 saylı qərardadı ilə şikayət təmin edilməmiş və şikayət iş materialları ilə birlikdə baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərmişdir. Hazırki şikayətə Azərbaycan Respublikası MPM-in 397.2-ci maddəsinə müvafiq olaraq yazılı icraat qaydasında baxılır. İş üzrə tərəflərə işə yazılı icraat qaydasında baxılması barədə bildiriş göndərilərək, şikayətə dair etiraz və ya izahatlarının təqdim edilməsi təklif edilmiş, lakin tərəflər məhkəmə kollegiyasına izahat və etiraz göndərməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Məhkəmə kollegiyası şikayətin dəlillərini iş materialları ilə əlaqəli şəkildə araşdırıb hesab edir ki, şikayət təmin edilmədən Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(115)-1058/2023 saylı qərardadı və həmin qərardadla bağlı xx.xx.2023-cü il tarixli, e-2-2(115)-1058/2023 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra Mülki Prosessual Məcəllənin) 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Həmin Məcəllənin 439.1-ci maddəsinə əsasən əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, xarici hüquqi şəxslərin və beynəlxalq təşkilatların (bundan sonra-xarici şəxslər) pozulmuş və ya mübahisə edilən hüquqlarının və qanunla qorunan mənafelərinin müdafiəsi üçün Azərbaycan Respublikasının məhkəmələrinə müraciət etmək hüququ vardır. Həmin Məcəllənin 440.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının məhkəmələri mülki və kommersiya mübahisələri üzrə beynəlxalq səlahiyyətə bu şərtlə malikdirlər ki, işdə iştirak edən şəxslərdən hər hansı biri xarici şəxs olsun, onun Azərbaycan Respublikasında yaşayış yeri, olduğu yer və adətən gəldiyi yer olsun. Həmin Məcəllənin 443.0, 443.0.1, 443.0.2, 443.0.3 və 443.0.7-ci maddələrinə əsasən iş üzrə birgə iddiaçılardan və ya birgə cavabdehlərdən hər hansı birinin Azərbaycan Respublikasında yaşayış yeri, olduğu yer və yaxud adətən gəldiyi yer olduqda, xarici şəxslərin idarəçilik orqanı, filialı və ya nümayəndəliyi Azərbaycan Respublikasının ərazisində olduqda, cavabdeh Azərbaycan Respublikasının ərazisində əmlaka malik olduqda, iddia icrası tamamilə və ya qismən Azərbaycan Respublikasının ərazisində həyata keçirilməli olan və ya həyata keçirilmiş müqavilədən irəli gəldikdə Azərbaycan Respublikasının məhkəmələri xarici şəxslərin iştirakı ilə olan işlərə baxmağa haqlıdır. Məhkmə kollegiyası qeyd edir ki, iddia ərizəsini icraata qəbul etməmiş birinci instansiyası məhkəməsi gəldiyi nəticəni cavabdeh “LLC CREEN CONTRY” şirkətinin Gürcüstan respublikasında yerləəşməsi, şirkətin Azərbaycan Respublikasında olduğu yer və yaxud adətən gəldiyi yerin mövcud olmaması ilə əsaslandırmışdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi həmin nəticə ilə razılaşmasa da, hesab edir ki, qərardad aşağıdakılara əsasən dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, MPM-in 4.3-cü maddəsinə əsasən əgər qanunla müəyyən kateqoriya kommersiya mübahisələri üçün məhkəməyə qədər nizamlama (pretenziya) qaydası müəyyən olunarsa və yaxud bu, tərəflər arasında müqavilə ilə nəzərdə tutularsa, mübahisə həmin qaydaya riayət edildikdən sonra kommersiya məhkəməsinin həllinə verilə bilər. Həmin Məcəllənin 149.2.4-cü maddəsinə əsasən iddia ərizəsində müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla bu nəzərdə tutulmuşsa, cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınmasına riayət edilməsinə dair məlumat göstərilməlidir. Həmin Məcəllənin 150.1.4-cü maddəsinə əsasən bu Məcəllənin 150.2-ci maddəsinə uyğun olaraq kommersiya mübahisələri üzrə işdə iştirak edən digər şəxslər tərəfindən iddia ərizəsinin surətinin və ona əlavə edilmiş sənədlərin alınması haqqında sənəd; həmin Məcəllənin 150.1.6-cı maddəsinə əsasən müqavilə ilə və ya həmin kateqoriya mübahisələr üçün qanunda bu nəzərdə tutulmuşsa, cavabdehlə mübahisənin məhkəməyə qədər və ya pretenziya qaydasında nizama salınmasına riayət edilməsini təsdiq edən sənəd (kommersiya mübahisələri üzrə həmin sənədlər bu Məcəllənin 150.2-ci maddəsinə uyğun olaraq verilir) iddia ərizəsinə əlavə edilir. Həmin Məcəllənin 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Yenə də həmin Məcəllənin 152.1 və 152.1.6-cı maddələrinə əsasən müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla nəzərdə tutulmuşsa, iddiaçı cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınmasına riayət edilməsinə dair sənəd təqdim etmədikdə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Həmin Məcəllənin 152.4-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. İşdən göründüyü kimi iddiaçı pretenziyanın surətini iddia ərizəsinə əlavə etmiş olsa da, lakin həmin pretenziyanın, həmçinin iddia ərizəsinin surətinin cavabdeh tərəfindən alındığını təsdiq edən sənədi iddia ərizəsinə əlavə etməmişdir. Ona görə də kollegiya hesab edir hazırkı vəziyyətdə iddiaçının verdiyi iddia ərizəsi icraata qəbul edilib baxıla bilməzdi. Qaldı ki, cavabdehin Gürcüstan Respublikasında yerləşməsinə kollegiya qeyd edir ki, işdən göründüyü kimi müqavilə Azərbaycan Respublikasında bağlanmaqla Azərbaycan Respublikasında da malın verilməsi ilə qismən icra olunmuşdur. Müqavilənin 5.1-ci bəndində də yarana biləcək mübahisələrin Azərbaycan Respublikasının Arbitraj Məhkəmələrində baxılması nəzərdə tutulmuşdur. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə qismən razılaşır və hesab edir ki, birinci instansiya məhkəməsi iddiaçının ərizəsini icraata qəbul etmədən geri qaytarmaqda haqlı olmuşdur. Həmin Məcəllənin 398.0. və 398.0.1-ci maddələrinəəsasən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 398.0, 398.0.1, 400 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş şikayət təmin edilməsin. Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(115)-1058/2023 saylı qərardadı və həmin qərardadla bağlı xx.xx.2023-cü il tarixli, e-2-2(115)-1058/2023 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Bu qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2-2(104)-206/2023
Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(104)-206/2023
09.08.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver