Məhkəmə qərarları › İş №2-2(104)-207/2023

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(104)-207/2023

25.08.2023 · Xususi icraat - Vergi ödəyicisi olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında işlər üzrə icraat (xüsusi icraat)
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2-2(104)-207/2023 25.08.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının hakimləri- Hüseynzadə Afiq Hüseyn oğlu (sədrlik edən və məruzəçi), Rzaquliyev Şamil Qəhrəman oğlu və Məmmədov Ədil İsa oğlundan ibarət tərkibdə, Məmmədov Elvin İsrayıl oğlunun katibliyi, ərizəçi 12 saylı Ərazi Vergilər Baş İdarəsinin nümayəndəsi X1 və Maraqlı şəxs iştiakı ilə, Ərizəçi 12 saylı Ərazi Vergilər Baş İdarəsinin Maraqlı şəxs qarşı «ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması» tələbinə dair kommersiya işi üzrə Gəncə Kommersiya Məhkəməsinin 14 iyul 2023-cü il tarixli, e-2-2(115)-994/2023 saylı qətnaməsindən ərizəçi 12 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Birinci instansiya məhkəməsində icraat: Ərizəçi 12 saylı Ərazi Vergilər Baş İdarəsi ərizə ilə məhkəməyə mürаciət edərək, hüquqi şəxs "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin İşsizlikdən Sığorta Fonduna 83,07 manat, dövlət büdcəsinə 76,27 manat, İcbari Tibbi Sığorta Fonduna 419,28 manat, Dövlət Sosial Müdafiə Fonduna 2671,66 manat borcunun ödənilməsini təmin etmək üçün həmin hüquqi şəxsin icra orqanının rəhbəri olan Maraqlı şəxs ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi tələbini оnunlа əsаslаndırmışdır ki, vergi öhdəliklərini Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədiyi üçün xx.xx.2023-cü il tarixə vergi ödəyicisi olan "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin (VÖEN: **********) İşsizlikdən Sığorta Fonduna 83,07 manat, dövlət büdcəsinə 76,27 manat məbləğində (o cümlədən, vergilər üzrə 75,25 manat, faizlər üzrə 1,02 manat), İcbari Tibbi Sığorta Fonduna 419,28 manat, Dövlət Sosial Müdafiə Fonduna 2671,66 manat olmaqla, ümumilikdə 3250,28 manat borcu vardır. Yaranmış borc məbləğinin 5 gün ərzində dövlət büdcəsinə və müvafiq fondlara ödənilməsi məqsədi ilə vergi ödəyicilərinə bildirişlər göndərilmiş, lakin vergi ödəyiciləri yaranmış borc məbləğlərini ödəməmişlər. Odur ki, ərizənin təmin edilməsi bаrədə qətnаmə çıxаrılmаsını xаhiş etmişdir. Gəncə Kommersiya Məhkəməsinin 14 iyul 2023-cü il tarixli, e-2-2(115)-994/2023 saylı qətnaməsi ilə (hakim G.Quliyeva) ərizənin təmin edilməmişdir. İşdə olan sübutlar: Hüquqi şəxs haqqında məlumat cədvəlindən görünür ki, hüquqi şəxsin rəhbəri Maraqlı şəxsdur. 12 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən təqdim оlunmuş sənədlərdən görünür ki, vergi ödəyicisi olan "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin dövlət büdcəsinə, İşsizlikdən Sığorta Fonduna, İcbari Tibbi Sığorta Fonduna və Dövlət Sosial Müdafiə Fonduna 3250,28 manat borcu yaranmışdır. Şəxsiyyət vəsiqəsi haqqında elektron portaldan çıxarışdan görünür ki, Maraqlı şəxs doğum tarixi və yeri xx.xx.1987-ci il, Gəncə şəhəri, qeydiyyat ünvanı Gəncə şəhəri, İmran Qasımov küçəsi, ev 20-dir. Qəbzlərdən görünür ki, Maraqlı şəxs DSMF-nin Mərkəzi Sosial Sığorta və Fərdi Uçot İdarəsinə 04 iyul 2023-cü il tarixli 8598 nömrəli qəbzə əsasən 500 manat, 14 iyul 2023-cü il tarixli 1653 nömrəli qəbzə əsasən 300 manat məbləğində pul ödəmişdir. xx.xx.2023-cü il tarixli bildirişlərdən görünür ki, vergi ödəyicisinə borcunun ödənilməsi barədə xəbərdarlıq edilmişdir . Apellyasiya şikayətinin dəlilləri. Gəncə Kommersiya Məhkəməsinin 14 iyul 2023-cü il tarixli, e-2-2(115)-994/2023 saylı qətnaməsindən ərizəçi 12 saylı Ərazi Vergilər Baş İdarəsi apellyasiya şikayəti verərək, Gəncə Kommersiya Məhkəməsinin 14 iyul 2023-cü il tarixli, e-2-2(115)-994/2023 saylı qətnaməsinin ləğv edilməsi və ərizənin təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə ərizənin təmin edilməməsi əsası kimi göstərmişdir ki, "iş üzrə maraqlı şəxs dövlət büdcəsinə və müvafiq fondlara ərizə məhkəməyə daxil olmamışdan əvvəl və sonra ödənişlər həyata keçirmişdir. Onun borcun ödənilməsindən qərəzli olaraq yayınması iş materialları ilə iəsdiq olunmur Belə olan halda vergi orqanı tərəfindən məhkəməyə təqdim edilən ərizə əsaslı sayıla və təmin edilə bilməz. Həmçinin məhkəmə əlavə olaraq bildirmişdir ki, ölkədən getmək hüququnun məhdudlaşdırılması liə bağlı məhdudiyyət tədbiri mütənasiblik prinsipinə cavab verməlidir. Aşağıdakı qeyd etdikləri işin xüsusatlarına görə birinci instansiya məhkəməsinin qərarının əsassız olduğunu hesab edirlər. Belə ki, məhkəmə ərizəni təmin etməməklə “SƏLİM FİNANCE" Məhdud Məsuliyyətli Cəmiyyətinin vergi öhdəliyinin yerinə yetirilməsi ilə bağlı qanunla müəyyən edilmiş vəzifəsinin icrasından yayınmasına şərait yaratmış, qanunvericiliklə vergi orqanlarına verilmiş vergi ödəyicisinin vergi öhdəliyinin icrası üsulu olan maraqlı şəxslərin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması ilə bağlı hüquqi imkanlarını səmərəsiz etmişdir. Məhkəmə Maraqlı şəxs DSMF-nin Sosial Sığorta və Fərdi Uçot İdarəsinə xx.xx.2023-cü il tarixli 1653 nömrəli i qəbz əsasında 300 manat ödəniş etməsini göstərmişdir. Şəxsi hesab vərəqəsindən görünü ki, cəmiyyət 2023-cü ilin 2-cü rübü üzrə cari hesablamalar etmişdir. Cəmiyyət tərəfindən cari bəyannamə üzrə 2023-cü ilin 2-cü rübü üçün 483.75 manat məbləğində vergi öhdəliyi müəyyən olunmuşdur. Bu xüsusda 14.07 2023-cü il tarixdə ödənilmiş 300 manat vəsait iddia predmetinə aid olmamaqla, VM-nin 88.2-ci maddəsinin tələblərinə əsasən vergi ödəyicisinin cari öhdəliyinə aiddir. Ona görə də məhkəmənin maraqlı şəxsin ödəniş etməsi ilə bağlı dəlili əsaslı hesab edilə bilməz. Buna görə də apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir. Apellyasiya icraatı iştirakçılarının izahatları: Məhkəmə kollegiyasının iclasında iştirak edən ərizəçi 12 saylı Ərazi Vergilər Baş İdarəsinin nümayəndəsi X2 apellyasiya şikayətini müdafiə etdiyini bildirib, şikayətin təmin edilməsini xahiş etmişdir. Əlavə olaraq bildirmişdir ki, iddiaçının ödədiyi pullar sosial sığorta ilə bağlı olduğundan cari dövrə hesablanmış ödənişlərə görə silinmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən Maraqlı şəxs borcunu ödəməkdən yayınmadığını, hissə-hissə olmaqla borcunu ödədiyini, bir neçə gün bundan əvvəl isə 200 manat da borcundan ödədiyini bildirib, apellyasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Vergi Məcəlləsi: 23.1.15-3. Vergi ödəyicisi vergi öhdəliyini Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə, hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üsulu kimi vergi ödəyicisi olan fiziki şəxsin və ya hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması üçün məhkəməyə müraciət etmək vergi orqanlarının hüququdur. 88.2. Məcburi dövlət sosial sığorta üzrə yaranmış borc aşağıdakı sıra qaydası ilə ödənilir: 88.2.1. cari rüb üzrə borc; 88.2.2. cari rübdən geriyə doğru (daha əvvəl yaranan borclar üzrə) yaranan borclar ardıcıl olaraq; 88.2.3. yaranma tarixi ardıcıllığı ilə hesablanmış faizlərin məbləği; 88.2.4. yaranma tarixi ardıcıllığı ilə tətbiq edilmiş maliyyə sanksiyalarının məbləği. 88.3. Cari rüb üzrə borc ödənildikdən sonra sığortaedənin artıq vəsaiti qaldığı təqdirdə, həmin vəsait bu Məcəllənin 88.2.2 – 88.2.4-cü maddələrində göstərilən qaydada əvvəlki borcların ödənilməsinə aid edilir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi: 355-5.1. Vergi ödəyicisi və ya sığortaedən vergi, məcburi dövlət sosial sığorta, icbari tibbi sığorta və işsizlikdən sığorta haqları üzrə öhdəliyini qanunla müəyyən edilmiş hallarda və müddətlərdə yerinə yetirmədikdə, hesablanmış vergilər, məcburi dövlət sosial sığorta, icbari tibbi sığorta və işsizlikdən sığorta haqları üzrə borcların və faizlərin, vergilər və məcburi dövlət sosial sığorta haqları üzrə tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə məhkəməyə müraciət etmək hüququna malikdir. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.3. Qətnamə iş üzrə müəyyən olunmuş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır. 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 402.1. Kommersiya işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin Kommersiya və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Kommersiya və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi:

Məhkəmə kollegiyası tərəflərin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb bu nəticəyə gəlir ki, Gəncə Kommersiya Məhkəməsinin 14 iyul 2023-cü il tarixli, e-2-2(115)-994/2023 saylı qətnaməsindən ərizəçi 12 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilərək yeni qətnamə çıxarılmalı və ərizə təmin edilməlidir. Belə ki, birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, maraqlı şəxs dövlət büdcəsinə və müvafiq fondlara ərizə məhkəməyə daxil olmamışdan əvvəl və sonra ödənişlər həyata keçirmişdir. Onun borcun ödənilməsindən qərəzli olaraq yayınması iş materialları ilə təsdiq olunmur. Belə olan halda isə məhdudiyyət tədbiri mütənasiblik meyarına cavab verməmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq qeyd edir ki, iş materiallarına əlavə olunmuş şəxsi hesab vərəqindən görünür ki, borcun əsas hissəsini Dövlət Sosial Müdafiə Fonduna olan borclar təşkil etmişdir ki, həmin borclar da 2021-ci il tarixdən etibarən yaranmaqla, maraqlı şəxs tərəfindən 2023-cü ilin iyul ayınadək demək olar ki, heç bir ödəniş edilməmişdir. Vergi orqanı tərəfindən xx.xx.2023-cü il tarixli bildirişlə maraqlı şəxsə xəbərdarlıq edilərək, borcunun ödənilməsi əks təqdirdə ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması üçün məhkəməyə müraciət ediləcəyi bildirilmiş və 04 iyul 2023-cü il tarixdə iddia ərizəsi məhkəməyə təqdim edilmişdir. Maraqlı şəxs tərəfindən isə həmin gün 500 manat ödəniş edilmiş, məhkmə iclasının təyin edildiyi gün isə, yəni 14 iyul 2023-cü il tarixdə isə 300 manat ödəniş edilmişdir. Vergi orqanı isə haqlı olaraq, Vergi Məcəlləsinin 88.2-ci maddəsinin tələbinə müvafiq olaraq, ödənilmiş məbləğin bir hissəsini cari rüb üçün yaranmış borc məbləğinə silmişdir. Göründüyü kimi maraqlı şəxs tərəfindən 2021-ci il tarixdən eitbarən ərizəçi məhkəməyə müraciət edənədək ödəniş edilməmiş, ödənişlər yalnız ərizə məhkəməyə verildikdən sonra həyata keçirilmişdir ki, bununla da birinci instansiya məhkəməsinin maraqlı şəxsin məhkəməyə müraciət edilməmişdən əvvəl borclarını ödəməsi ilə bağlı gəldiyi nəticə əsassız olmuşdur. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiyanın 28ci maddəsinin İİİ hissəsinə əsasən, qanuni surətdə Azərbaycan Respublikasının ərazisində olan hər kəs sərbəst hərəkət edə bilər, özünə yaşayış yeri seçə bilər və Azərbaycan Respublikasının ərazisindən kənara gedə bilər. Konstitusiyanın 28-ci maddəsinin İİİ hissəsində və beynəlxalq-hüquqi sənədlərdə təsbit olunmuş bu hüquqların vacibliyinə baxmayaraq, onlar mütləq deyil və məhdudlaşdırıla bilər. Konstitusiyada bu hüquqlara dair məhdudiyyətlərin hədləri dəqiq müəyyən olunmuşdur (Konstitusiyanın 71-ci maddəsinin İİ hissəsi və “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Qanununun 3-cü maddəsi). Belə ki, onların məhdudlaşdırılması qanunçuluğun tələbinə cavab verməli, başqa şəxslərin hüquq və azadlıqlarının müdafiəsi məqsədilə tətbiq edilməli, mütənasib olmalı və bu konstitusiya hüquqlarının mahiyyətini dəyişməməlidir. Bundan başqa Avropa Məhkəməsinin bir sıra qərarlarında göstərilmişdir ki, hərəkət azadlığı hüququnu məhdudlaşdıran hər hansı tədbir qanuna uyğun olmalı, Konvensiyaya dair 4 saylı Protokolun 2-ci maddəsinin 3-cü bəndində qeyd edilən legitim məqsədlərdən birini güdməli, demokratik cəmiyyətdə zəruri olmalı, yəni mütənasiblik meyarına cavab verməlidir (Battista İtaliyaya qarşı iş üzrə 2 dekabr 2014-cü il tarixli, § 37; Stamose Bolqarıstana qarşı iş üzrə 27 noyabr 2012-ci il tarixli, § 30; Bartik Rusiyaya qarşı iş üzrə 21 dekabr 2006-cı il tarixli, § 46 Qərarlar). Məhkəmə kollegiyası maraqlı şəxsin konstitusion hüququnun məhdudlaşdırılması ilə bağlı yuxarıda qeyd olunan mütənasibliyin dəyərləndirilməsi ilə bağlı isə qeyd edir ki, bununla əlaqədar olaraq maraqlı şəxs tərəfindən hər hansı bir arqument irəli sürülməmişdir. Beləliklə, qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, Gəncə Kommersiya Məhkəməsinin 14 iyul 2023-cü il tarixli, e-2-2(115)-994/2023 saylı qətnaməsindən ərizəçi 12 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən verilmiş apellyasiya şikayəti əsaslı olduğundan təmin edilməli, Gəncə Kommersiya Məhkəməsinin 14 iyul 2023-cü il tarixli, e-2-2(115)-994/2023 saylı qətnaməsi ləğv edilməli, yeni qətnamə çıxarılaraq, ərizə təmin edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 372, 384, 392 və 402, maddələrini rəhbər tutaraq,

q ə t e t d i:

Gəncə Kommersiya Məhkəməsinin 14 iyul 2023-cü il tarixli, e-2-2(115)-994/2023 saylı qətnaməsindən ərizəçi 12 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Gəncə Kommersiya Məhkəməsinin 14 iyul 2023-cü il tarixli, e-2-2(115)-994/2023 saylı qətnaməsi ləğv edilsin. Ərizə təmin edilsin. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin (VÖEN: **********) İşsizlikdən Sığorta Fonduna 83,07 manat, dövlət büdcəsinə 76,27 manat, İcbari Tibbi Sığorta Fonduna 419,28 manat, Dövlət Sosial Müdafiə Fonduna 2671,66 manat olan borcu ödənilənədək Maraqlı şəxs (Doğulduğu tarix – xx xxxxxx 1987-ci il, doğulduğu yer – Azərbaycan Respublikası, Gəncə şəhəri, Şəxsiyyəti təsdiq edən sənədin FİN nömrəsi – xxxxxxx, şəxsiyyət vəsiqəsinin seriya və nömrəsi – AA*******) ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılsın. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə təqdim edilməklə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommerisya kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar