Məhkəmə qərarları › İş №2-2(104)-212/2024

Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(104)-212/2024

23.10.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-2(104)-212/2024 23.10.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası-hakimlər Rzaquliyev Şamil Qəhrəman oğlu (sədrlik edən və məruzəçi), Süleymanov Loğman Srac oğlu və Həsənov İslam Telman oğlundan ibarət tərkibdə, Vəlizadə Vasif Etibar oğlunun katibliyi ilə, Gəncə Kommersiya Məhkəməsinin 24 sentyabr 2024-cü il tarixli e-2-2(115)- 1081/2024 nömrəli qərardadından Cavabdeh tərəfindən verilmiş şikayətə Gəncə Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq, Müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə Gəncə Kommersiya Məhkəməsinə müraciət edərək, Cavabdeh 5450 manat 27 qəpik əsas borc, 1032 manat 40 qəpik cərimə, ödənilmiş 84 manat 83 qəpik dövlət rüsumu olmaqla cəmi 6567 manat 50 qəpik pulun alınaraq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir Gəncə Kommersiya Məhkəməsinin 09 iyul 2024-cü il tarixli e-2-2(115)-1081/2024 saylı qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, İddiaçı ilə Cavabdeh arasında 31 mart 2023-cü il tarixdə bağlanılmış 2023-cü il mövsümü üzrə xam-pambığın alqı-satqısına dair ********* saylı müqavilə üzrə yaranmış 5450 manat 27 qəpik əsas borc, 100 manat cərimə borcu olmaqla, cəmi 5550 manat 27 qəpik məbləğində pul, ödənilmiş 75 manat 50 qəpik dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməsi və iddianın qalan hissəsinin təmin edilməməsi qət edilmişdir. İş üzrə Cavabdeh 04 sentyabr 2024-cü il tarixdə Gəncə Kommersiya Məhkəməsinin 09 iyul 2024-cü il tarixli e-2-2(115)-1081/2024 saylı qətnaməsindən apellyasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin bərpa edilməsinə dair ərizə və apellyasiya şikayəti ilə məhkəməyə müraciət edərək müddətin bərpa edilmsəini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, qeyd olunan qətnamə şəxsi kabinetə yerləşdirilsə də elektron informasiya sistemindən istifadə edə bilmədiyi üçün qətnamə ilə vaxtında tanış olmamışdır və yalnız icraçı ona qətnamə barədə məlumat verdikdən və xx.xx.2024-cü il tarixdə çap edərək ona təqdim etdikdən sonra almışdır. Gəncə Kommersiya Məhkəməsinin 24 sentyabr 2024-cü il tarixli e-2-2(115)- 1081/2024 saylı qərardadı ilə (hakim G.Quliyeva) Cavabdeh tərəfindən verilmiş ərizə təmin edilməmişdir. Həmin qərardaddan Cavabdeh şikayət verərək qəradadın ləğv edilərək ərizənin təmin edilməsini, əks halda qanunla müəyyən edilmiş müddətdə və qaydada baxılması üçün apellyasiya instansiyasına göndərilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, məhkəmə tərəfindən apellyasiya şikayətinin verilməsi üçün müddətin ötürülməsinin üzürlü hesab edilməməsi barədə hüquqi nəticəyə gəlməsi əsassız olmaqla onun məhkəmə müdafiəsindən istifadə etmək hüququnu süni şəkildə məhdudlaşdırır. Belə ki, elektron məhkəmə sistemi yeni yaradılmışdır. Bu xidmətdən istifadə etmək üçün dövlət orqanlarında işləyən şəxslərə təlimlər keçirilir. Onun elektron vasitələrlə işləmək vərdişləri mövcud deyil. Mobil telefondan bir təhər istifadə edə bilir. Bu iş üzrə də onun tərəfindən şikayət verilmiş olsa da onun tərəfindən deyil, xüsusi biliyə malik insanlara pul vəsaiti ödəməklə istifadə etmişdir. Sistemlə bağlı tələbləri yeni olduğundan o qətnamənin poçtla ona göndəriləcəyini gözləmişdir. Bilsə ki, belə bir tələb var, əvvəl də şəxsi kabinetinə baxmağı kimisə tapıb xahiş edərdi. Ancaq məhkəmə onun yaşını, elektron vasitələrlə işləmək, istifadə etməklə bağlı bilik və bacarığının olmamasını, tətbiqin yeni olmaqla əhali arasında geniş yayılmamasını nəzərə almamışdır. O nəinki bu elektron sistemdən istifadə etmək, hətta bu sistemlə bağlı yeni ifadələri qavraya bilmir. Yeni qanunvericiliyin tətbiqi vətəndaşın hüquqlarının məhdudlaşdırılması üçün istifadə edilməsi, vətəndaşın vəziyyətini ağırlaşdırmağa yönəldilməsi normal hal deyil. Məhkəmə tərəfindən Mülki-Prosessual Məcəlləsinin 10-1.3 və10-1.5-ci maddələrinin tələbləri onun apellyasiya şikayətinin süni şəkildə məhdudlaşdırılmasına yönəldilməsi ədalətsiz və qanunsuzdur. Bu tələblər onun kimi məlumatsız və texniki vasitələrdən istifadə edilməsində çətinlik çəkən şəxslərə münasibətdə nəzərə alınmalıdır. Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(115)-1081/2023 nömrəli qərardadı ilə Gəncə Kommersiya Məhkəməsinin 24 sentyabr 2024-cü il tarixli e-2- 2(115)-1081/2024 nömrəli qərardadından Cavabdeh tərəfindən verilmiş şikayətin təmin edilməməsi, şikayətin işin materialları ilə birlikdə baxılması üçün 7 gün müddətində Gəncə Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Hazırki şikayətə Azərbaycan Respublikası MPM-in 397.2-ci maddəsinə müvafiq olaraq yazılı icraat qaydasında baxılır. İş üzrə tərəflərə işə yazılı icraat qaydasında baxılması barədə bildiriş göndərilərək, şikayətə dair etiraz və ya izahatlarının təqdim edilməsi təklif edilmiş, lakin tərəflər məhkəmə kollegiyasına izahat və etiraz göndərməmişlər. Azərbaycan Respublikası MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası işin halları barədə məruzəçi hakimi dinləyib hesab edir ki, şikayət təmin edilmədən, Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2- 2(115)-1081/2024 nömrəli qərardadı və həmin qərardadla bağlı xx.xx.2024-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, Gəncə Kommersiya Məhkəməsinin 09 iyul 2024-cü il tarixli e-2-2(115)-1081/2024 saylı qətnaməsi 12 iyul 2024-cü il tarixdə Cavabdeh şəxsi elektron kabinetinə yerləşdirilmişdir. Cavabdeh isə həmin qətnamədən apellyasiya şikayətini 04 sentyabr 2024-cü il tarixdə vermişdir. Göründüyü kimi cavabdeh apellyasiya şikayəti verilməsi üçün qanunvericiliklə müəyyən edilmiş müddəti ötürmüş, müddətin ötürülməsinə dair hər hansı üzürlü səbəb gətirməmiş, qətnamədən qanunvericiliklə müəyyən edilmiş müddətdə apellyasiya şikayəti verməmiş, verməməsinin səbəbləri barədə hər hansı dəlilə istinad etməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, qətnamədən apellyasiya şikayəti verilməsi üçün müəyyən edilmiş prosessual müddətin üzrlü hesab edilərək bərpa edilməsi üçün işdə hər hansı bir əsas yoxdur. Ona görə də ərizə təmin edilməməlidir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşan məhkəmə kollegiyası aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 357.1-ci maddəsinə əsasən azərbaycan Respublikasının birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlardan, həmin Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işlərində ərizəçilər və maraqlı şəxslər apellyasiya şikayəti verə bilər. Həmin Məcəllənin 357.2-ci maddəsinə əsasən həmin hüquqa, işdə iştirak etməyə cəlb edilməyən, lakin qəbul edilən qətnamə onların hüquq və vəzifələrinə toxunan hallarda digər şəxslər də malikdir. Həmin Məcəllənin 360-cı maddəsinə əsasən Apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Həmin Məcəllənin 128.1-ci maddəsinə əsasən prosessual hərəkətlər bu Məcəllə ilə və qanunlarla müəyyən edilmiş müddətlərdə həyata keçirilir. Həmin Məcəllənin 130.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. Həmin Məcəllənin 133.1-ci maddəsinə əsasən məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzrlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. Həmin Məcəllənin 133.5-ci maddəsinə əsasən müddətin bərpasından imtina barədə qərardad çıxarılır. Məhkəmə kollegiyası ilk öncə qeyd edir ki, iş materiallarından görünür ki, Gəncə Kommersiya Məhkəməsinin 09 iyul 2024-cü il tarixli e-2-2(115)-1081/2024 saylı qətnaməsi 12 iyul 2024-cü il tarixdə Cavabdeh şəxsi elektron kabinetinə yerləşdirilmişdir və cavabdehin qətnamədən şikayət vermə müddətini buraxması işin mübahisəsiz halıdır. Cavabdeh tərəfindən müddətin bərpa edilməsi ilə bağlı ərizəsində üzürlü səbəb göstərmədiyindən birinci instansiya məhkəməsi qətnamədən apellyasiya şikayəti verilməsi üçün müddətinin bərpasından imtina etməkdə haqlı olmuşdur. Şikayətin dəlillərində qeyd edilir ki, qeyd olunan qətnamə şəxsi kabinetə yerləşdirilsə də elektron informasiya sistemindən istifadə edə bilmədiyi üçün qətnamə ilə vaxtında tanış olmamışdır və yalnız icraçı ona qətnamə barədə məlumat verdikdən və xx.xx.2024-cü il tarixdə çap edərək ona təqdim etdikdən sonra almışdır. Şikayətin bu kimi dəlilini cavabdehin formal mülahizəsi hesab edən kollegiya qeyd edir ki, maraqlı şəxs qətnamənin surətini xx.xx.2024-cü il tarixdə almışdır və qətnamənin nəticə hissəsində həmin qətnamədən şikayət vermə hüququnun qətnamənin surəti rəsmi təqdim edildiyi gündən 1 (bir) ay olduğu aydın şəkildə göstərilmişdir. Maraqlı şəxs isə şikayəti 3 aya yaxın müddət keçdikdən sonra vermişdir. Bundan başqa iddia ərizəsi məhkəmənin icraatına daxil olduqdan sonra birinci instansiya məhkəməsi cavabdehə məhkəmə bildirişi göndərərək iddia ilə bağlı etirazını bildirmək hüququnun olduğunu izah etmiş, lakin cavabdeh məhkəmə bildirişini almış olsa da, iddia ərizəsinə heç bir münasibət bildirməmişdir. Göründüyü kimi Cavabdeh savadsızlıq, elektron yazışmalarla bağlı dəlili əsassız olmaqla Gəncə Kommersiya Məhkəməsinin 09 iyul 2024-cü il tarixli e-2-2(115)-1081/2024 saylı qətnaməsindən apellyasiya şikayəti vermək üçün prosessual müddəti üzrsüz səbəbdən buraxmışdır. Odur ki, kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi cavabdehin şikayətini təmin etməməkdə haqlı olmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.1-ci maddəsinə əsasən qərardaddan verilmiş şikayətə baxan apellyasiya instansiyası məhkəməsi məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək səlahiyyəti vardır. Məhkəmə kollegiyası yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 263, 264, 267, 268, 398 və 402-cı maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ : Şikayət təmin edilməsin. Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(115)-1081/2024 nömrəli qərardadı və həmin qərardadla bağlı xx.xx.2024-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir Qərardaddan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar