Məhkəmə qərarları › İş №2-2(104)-213/2024

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(104)-213/2024

04.12.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2-2(104)-213/2024 04.12.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Əli Toğrul Məhəmməd oğlu (sədrlik edən və məruzəçi), Rzaquliyev Şamil Qəhrəman oğlu və Həsənov İslam Telman oğlundan ibarət tərkibdə, Zeynalov Yasin Namik oğlunun katibliyi, İddiaçı nümayəndəsi Nümayəndə2, Cavabdeh nümayəndəsi Vəkil iştirakları ilə, İddiaçı Cavabdehnə qarşı pul tələbinə dair kommersiya işi üzrə Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(115)-552/2024 nömrəli qətnaməsindən iddiaçı və cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətlərinə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. İşin halları: İddiaçı MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC-dən 151,114.75 manat (ƏDV daxil) qalıq borcun və müqavilələr üzrə hesablanmış 7,555.73 manat cərimənin, cəmi 158,670.48 manat məbləğində pulun tutularaq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Belə ki, tərəflər arasında 13 mart 2020-ci il tarixli QSZ B 011A/0320 saylı və 02 aprel 2021-ci il tarixli QSZ B 066/0421 saylı beton alqı-satqısı müqavilələr bağlanmışdır. Həmin müqavilələrə və onlara 1 saylı əlavəyə əsasən, “X1” MMC Cavabdeh MMC-yə pompa və çatdırılma daxil satış qiyməti manatla (ƏDV xaric) beton məhsulunu satmağı, alıcı isə malın müqabilində nəzərdə tutulmuş qiyməti (haqqı) ödəməyi öhdəsinə götürmüşdür. Bununla yanaşı tərəflər arasında bağlanmış 06 dekabr 2021-ci il tarixli QSZ S 103/1221 saylı sement alqı-satqısı müqaviləsinə və ona 1 saylı əlavəyə əsasən satıcı “X1” MMC Cavabdeh MMC-yə sement növlərini satmağı, alıcı isə həmin sement növlərinin dəyərini müqaviləyə 1 saylı əlavə ilə müəyyənləşdirilmiş məbləğində satıcıya ödəməyi öhdəsinə götürmüşdür. Həmin müqavilələr üzrə tərəflər üzərlərinə götürdükləri öhdəlikləri lazımınca yerinə yetirmədiklərindən onlar arasında mübahisə yaranmışdır. Birinci instansiya məhkəməsində icraat İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC (əvvəlki adı: “X1” MMC) ilə Cavabdeh MMC arasında xx.xx.2021-ci il tarixli QSZ B 066/0421 saylı beton alqı-satqı müqaviləsi, xx.xx.2021-ci il tarixli QSZ S 103/1221 saylı sement alqı-satqı müqaviləsi bağlanmışdır. İddiaçı hər iki müqavilə üzrə öhdəliyini yerinə yetirərək, öz istehsalı olan müxtəlif növdə sement və betonu cavabdehə təhvil vermişdir. Lakin cavabdeh tərəfindən müqavilə şərtləri pozulmuşdur. Belə ki, cavabdeh iddiaçıdan aldığı malların dəyərini bu günə kimi tam şəkildə ödəməli olduğu halda, onun müqavilələr üzrə iddiaçıya 151,114.75 manat (ƏDV daxil) ödənilməyən borcu qalmışdır. İddiaçı cavabdehə pretenziya göndərərək, verilmiş mallara görə qalıq borcun ərzində ödənilməsini xahiş etsə də, cavabdeh borcun ödənilməsini təmin etməmişdir. Odur ki, iddiaçı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Müqavilələr üzrə yaranmış qalıq borc, habelə borc məbləğində uyğun hesablanmış cərimə cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Cavabdeh MMC məhkəməyə 02 may 2024-cü il tarixdə etiraz ərizəsi ünvanlayaraq etirazını belə əsaslandırmışdır ki, tərəflər arasında xx.xx.2021-ci il tarixində QSZ B 066/0421 saylı beton alqı-satqı müqaviləsinin və xx.xx.2021-ci il tarixində QSZ S 103/1221 saylı sement alqı-satqı müqaviləsinin bağlanması işin mübahisəsiz halıdır. Müqavilələrə əsasən satıcı İddiaçı MMC Cavabdeh MMC-yə beton və sement məhsullarını müqavilələrin ayrılmaz tərkib hissələri olan əlavə və sertifikasiyalarda göstərilən sayda, həcmdə və qiymətdə satmalı, alıcı isə öz növbəsində sifariş verdiyi malı müqavilədə nəzərdə tutulmuş qaydada vaxtında qəbul etməli və ödənişləri həyata keçirməli idi. Qeyd olunan müqavilələr bağlansa da, icrasız qalmış, tərəflərindən satıcıya müqaviləyə uyğun olaraq heç bir sifariş verilməmiş, mal qəbul edilməmişdir. Buna baxmayaraq satıcı tərəfindən xx.xx.2020-ci ildən xx.xx.2021-ci ilədək alıcıya elektron qaiməfaktura göndərilərək ƏDV daxil cəmi 154,237 manat pul tələb edilmişdir. Həmin dövrdə cəmiyyətdə mühasib işləmiş şəxsin işə məsuliyyətsiz yanaşması səbəbindən qaiməfakturalar geri qaytarılmamışdır. Bu səbəbdən də həmin elektron qaimə-fakturalar proqram təminatı tərəfindən təsdiq edilmişdir. İddiaçı tərəf məhkəməyə elektron qaiməfakturalardan və özünün tərtib etdiyi arayışdan başqa heç bir sübut təqdim edə bilməmişdir. İşə əlavə edilmiş qaimələrin təhlili isə onu göstərir ki, həmin qaimələrdə göstərilmiş beton və sement məhsullarının alıcı tərəfindən alınmasına dair hər hansı təsdiqedici sənəd yoxdur. Alıcı tərəfindən satıcıya müqaviləyə uyğun heç bir sifariş verilməmişdir. Bununla bağlı işdə heç bir sübut yoxdur. İddiaçının iş materiallarına əlavə etdiyi qaimələrdə yük kifayət qədər böyük yükdür. Bu həcmdə yük hansı nəqliyyat vasitəsilə daşınmışdır, yol vərəqəsi, təhvil aktı və s. sübutları məhkəməyə iddiaçı təqdim etməlidir. Odur ki, iddianın rədd edilməsini xahiş etmişdir. İddiaçı MMC iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ünvanlayaraq Cavabdeh MMC-dən 151,114.75 manat (ƏDV daxil) borcun və müqavilələr üzrə hesablanmış 7,555.73 manat cərimənin, cəmi 158,670.48 manat məbləğində pulun tutularaq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəni onunla əsaslandırmışdır ki, iddiaçı ilə cavabdeh arasında xx.xx.2020-ci il tarixli QSZ B 011A/0320 saylı beton alqı-satqısı müqaviləsi, xx.xx.2021-ci il tarixli QSZ B 066/0421 saylı beton alqı-satqısı müqaviləsi, xx.xx.2021-ci il tarixli QSZ S 103/1221 saylı sement alqısatqısı müqaviləsi bağlanmışdır. İddiaçı xx.xx.2020-ci il tarixli QSZ B 011A/0320 saylı beton alqı-satqı müqaviləsi üzrə 24,450.19 manat (ƏDV daxil), xx.xx.2021-ci il tarixli QSZ B 066/0421 saylı beton alqı-satqı müqaviləsi üzrə 58,836.57 manat (ƏDV daxil), xx.xx.2021-ci il tarixli QSZ S 103/1221 saylı sement alqı-satqı müqaviləsi 67,828 manat (ƏDV daxil) həcmdə öz istehsalı olan məhsulları cavabdehə satmışdır. Beləliklə, tərəflər arasında bağlanmış müqavilələrə uyğun olaraq iddiaçı tərəfindən cavabdehə ümumilikdə 151,114.76 manat (ƏDV daxil) həcmində mallar/sement və beton məhsulları təhvil verilmiş, lakin cavabdeh iddiaçıdan aldığı malların dəyərini ödəməmişdir. İddiaçı MMC məhkəməyə xx.xx.2024-cü il tarixdə iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ünvanlayaraq Cavabdeh MMC-dən 151,114.75 manat (ƏDV daxil) borcun və müqavilələr üzrə hesablanmış 7,555.73 manat cərimənin, iddia ərizəsinin verilməsinə görə ödənilmiş 448.67 manat məbləğində dövlət rüsumunun əvəzinin, cəmi 159,119.15 manat məbləğində pulun tutularaq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh MMC-nin nümayəndəsi Vəkil iddia ərizəsinə etiraz edirək izahatında göstərdi ki, tərəflər arasında 2 ədəd müqavilə bağlanmışdır. Lakin həmin müqavilələr üzrə onlara hər hansı mal təqdim edilməmişdir. Çünki tərəf həmin malların onlara təhvil verilməsini və ya onların təhvil almağını təsdiq edən hər hansı sənəd təqdim etməmişdir. Qaimələrin də təsdiq edilməsi onların mühasibinin səriştəsizliyi ucbatından olmuşdur. Müqavilənin şərtlərinə görə də həmin malların təhvil alınmasına dair sənədlər mövcud olmalıdır. 06 dekabr 2021-ci il tarixli müqavilənin 3.1-ci bəndinə əsasən onların tərəfindən avas ödənilməsi ilə əlaqədar heç bir sənəd yoxdur. Həmin müqavilənin 3.2-ci bəndində əsasən 30 təqvim günü ərzində ödəniş edilməmişdir, qaimələrin tarixi 04 may 2020-ci ildən başlanır və 31 dekabr 2022-ci ilədək davam edir, bu qədər qaimə təqdim ediblər, əgər ödəniş edilməmişdirsə nəyə görə malları verirdilər. Müqavilənin 4.4-cü bəndinə əsasən tərəflər arasında yük nəqliyyat qaimləri olmalı idi, qarşı tərəf 1,505.50 ton yükün onlara göndərildiyini bildirir, bu qədər yükü əlbəttə ki, nəqliyyat vasitələri ilə göndərməli idilər, lakin bununla əlaqədar də sənəd təqdim edilməmişdir. Müqavilənin 5.1-ci bəndinə qeyd edilənlərlə əlaqədar hər hansı sifariş yoxdur. Müqavilə 2022- ci ilin dekabrında qüvvədən düşmüşdür. Bu illər ərzində tərəf borcunu tələb etməmişdir, müqavilə qüvvədən düşəndən sonra tərəf borcunu tələb etməyə başlamışdır. Həmin müqavilənin 12.1.4-cü bəndinə əməl edilməmişdir. Müqavilənin şərtləri əgər onların tərəfindən pozulmuşdursa nəyə görə müqaviləyə xitam verilməsi üçün iddiaçı müraciət etməmiş, onlara mal verməyə davam etmişdir. 02 aprel 2021-ci il tarixdə bağlanmış müqavilənin 3.1-ci bəndi, 3.7-ci bəndinə əsasən hər hansı akt təqdim edilməmişdir. 3.8-ci bəndinə əsasən də akt mövcud deyildir. Həmin müqavilənin 1 saylı əlavəsinin 2.1-ci bəndinə əsasən hər hansı sifariş olmamışdır. 2.2-ci bəndində qeyd edilən məlumatlar barədə də sənəd yoxdur. 2.3-cü bəndində də 30 gün ərzində ödənilmə göstərilmişdir. Təqdim edilmiş sənədlərdə təhvil-təslim aktı, yol qaimləri ilə əlaqədar hər hansı sübuta rast gəlinmir. Həmin müqavilənin 2.5-ci bəndində əsasən malın təhvil verilməsi ilə əlaqədar sənəd təqdim edilməmişdir. Konstitusiya Məhkəməsi plenum qərarında da göstərilmişdir ki, elektron vergi hesab fakturalar özü-özlüyündə malın təqdim edilməsini, işlərin görülməsini, xidmətlərin göstərilməsini birbaşa təsdiq etmir. Odur ki, qarşı tərəfin təqdim etdiyi qaimələr birbaşa sübut deyildir. Eyni zamanda tərəflər arasında olan müqavilənin şərtlərində də göstərilmişdir ki, yol qaimləri, təhvil-təslim aktları, malların təhvil alınmasına dair sənəd olmalıdır, lakin bununla əlaqədar hər hansı sənəd mövcud deyildir, mallar onlara təhvil verilməmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh MMC-nin nümayəndəsi Vəkil izahat verərək bildirdi ki, o, qarşı tərəfdən ötən iclaslarda da yük nəqliyyat qaimələrinin məhkəməyə təqdim edilməsini tələb etmişdir. Ancaq qarşı tərəf həmin yük nəqliyyat qaimələrini məhkəməyə təqdim etmədi. Müqavilənin 4.4-cü bəndində göstərilib ki, alıcı daşımaları sutkanın 24 saatı ərzində qəbul edir və yük nəqliyyat qaimələrini imza və möhürlə təsdiq edir. Həmiçinin qarşı tərəfin məhkəməyə təqdim etdiyi malların təhvil-qəbul aktlarını da qəbul etmir. Belə ki, həmin sənədlərə sonradan qələmlə qaimə nömrələri yazılıb ki, guya bu qaimələr əsasında mallar təhvil alınıb. Eyni zamanda müqavilənin şərtlərinə əsasən yük nəqliyyat qaimələri tərtib olunmalı idi. Çünki iddiaçı tərəf o qaimələri tərtib edir və yükün harda təhvil verilməsi, hansı nəqliyyat vasitəsilə daşınması göstərilir, ancaq hazırki işdə həmin qaimələr yoxdur. Beton alqı-satqısı ilə bağlı olaraq da müqavilədə qeyd edilmişdir ki, istədiyi mallar barədə əvvəlcədən satıcıya sifariş verir. Sifariş satıcı tərəfindən qəbul edilərək onunla alıcı arasında sifariş verilən malın həcmi, markası, malın təhvil vaxtı, yeri və çatdırılma şərtləri razılaşdırılır ki, bununla da bağlı olaraq qarşı tərəf məhkəməyə heç bir sənəd təqdim etməmişdir. Müqavilə şərtlərinə əsasən tərəflər arasında sifarişlə bağlı olan sənədi, həmiçinin yük nəqliyyat qaimələri ilə bağlı olan sənədləri qarşı tərəf məhhkəməyə təqdim etmədi. Yüklərin hansı nəqliyyat vasitələri daşındığı, həmin yüklərin kimə təhvil verildiyi təsdiq olunmadı. Bundan başqa sonradan təqdim olunmuş qaimələrə uyğunlaşdırılmış aktlar təqdim edilsə də, onların nömrəli elektron qaydada tərtib edilməmişdir. Müqavilədə nəzərdə tutulmuş şərtlərə uyğun olaraq onlar həmin malları da qəbul etməmişdir. Həmiçinin müqavilənin 3.2-ci bəndinə əsasən razılaşdırılmış kredit limiti çərçivəsində və qaydasında sonradan ödəmə şərti ilə alıcı tərəfindən alınacaq hər malın dəyəri (vergilər daxil olmaqla) elekrton qaimə vurulduğu gündən sonra 30 təqvim günü ərzində alıcı tərəfindən satıcının bank hesabına köçürülməli idi. Ən azından mal verilibsə 30 gün ərzində ödəniş edilmədiyi təqdirdə niyə yenidən mal təqdim edilirdi? Ona görə də iddianın rədd edilməsini xahiş etmişdir. Gəncə Kommersiya Məhkəməsinin 2024-cü il 23 avqust tarixli e-2-2(115)-552/2024 nömrəli qətnaməsi ilə (hakim G.Quliyeva) iddianın qismən təmin edilməsi, “X1” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 06 dekabr 2021-ci il tarixli sement alqı-satqı müqaviləsi üzrə 67,828 manat (ƏDV daxil) əsas borc, 1000 manat cərimə olmaqla 68,828 (altmış səkkiz min səkkiz yüz iyirmi səkkiz) manat pulun, ödənilmiş 296 (iki yüz doxsan altı) manat 48 (qırx səkkizir) qəpik dövlət rüsumunun Cavabdehndən tutularaq İddiaçınə ödənilməsi, iddianın qalan hissəsinin təmin edilməməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi tərəflər arasında 06 dekabr 2021-ci il tarixdə bağlanmış sement məhsulunun alqı-satqı müqaviləsi ilə bağlı yaranmış borcun ödənilməsinə dair iddia tələbinə münasibət bildirərək qeyd etmişdir ki, həmin müqavilə üzrə satıcı sement növlərini alıcıya satmağı, alıcı isə həmin sement növlərinin dəyərini satıcıya ödəməyi öhdəsinə götürmüşdür. Qeyd edilən müqavilə üzrə alıcıya xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarix də daxil olmaqla 23 ədəd 67,828 manat dəyərində elektron qaimə göndərilmiş, həmin elektron qaimələr alıcı tərəfindən təsdiq edilmişdir. Həmçinin iddiaçı həmin qaimələr üzrə malların təhvil-təslim aktlarını məhkəməyə təqdim etmişdir. Həmin aktlarda qaimələrin nömrəsi və sement məhsulunun adı, çəkisi və miqdarı əks olunmaqla təhvil verən və təhvil alan tərəfindən imzalanmışdır. Qeyd edilənlərə əsasən məhkəmə hesab etmişdir ki, sement məhsulunun alqı-satqı müqaviləsi üzrə 67,828 manat (ƏDV daxil) dəyərində malın satıcı tərəfindən alıcıya verilməsi təsdiq olunur. Malı təhvil almasına baxmayaraq alıcı satıcıya malın pulunu ödəməmişdir. Ona görə də 06 dekabr 2021-ci il tarixli sement alqı-satqı müqaviləsi üzrə 67,828 manat (ƏDV daxil) pul cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Cavabdehin nümayəndəsinin sözügedən müqavilə üzrə malın dəyərinin əvvəlcədən ödənilməli olması, alıcının mala dair sifariş verməli olması, mala dair yük nəqliyyat qaimələrinin tərtib olunmalı, imza və möhrlə təsdiq olunmalı olmasını qeyd etməklə müqavilə şərtlərinə iddiaçı tərəfindən əməl edilməməsini, bununla bağlı məhkəməyə hər hansı sübut təqdim edilməməsini, habelə təhvil-təsmil aklarında qaimə nömrələrinin elektron deyil, əl yazısı ilə yazıldığını vurğulamasına münasibətdə birinci instansiya məhkəmə bildirmişdir ki, sement alqı-satqı müqaviləsi üzrə 67,828 manat (ƏDV daxil) dəyərində malın satıcı tərəfindən alıcıya təhvil verilməsi cavabdeh tərəfindən təsdiq edilmiş elektron qaimələrlə yanaşı malların təhvil-təslim akları ilə təsdiq edilir. Həmin sübutların mötəbərliyini istisna edən hallar mövcud deyildir. Məhkəmə betonun alqı-satqı müqavilələri üzrə borcun tutulması ilə bağlı iddia tələbinə münasibət bildirərək qeyd etmişdir ki, tərəflər arasında betonun alqı-satqısı ilə bağlı 13 mart 2020-ci il tarixli və 02 aprel 2021-ci il tarixli müqavilələr bağlanmış, satıcı tərəfindən müqavilələrlə bağlı alıcıya 78 ədəd elektron qaimə göndərilmiş və həmin qaimələr alıcı tərəfindən təsdiq edilmişdir. Sözügedən müqavilələrin 3.7-ci bəndinə əsasən mal təhvil verilərkən tərəflər xüsusi hazırlanmış təhvil-təslim aktı imzalayırlar. Məhkəmə bildirir ki, beton alqı-satqı müqavilələri üzrə iddiaçı tərəf yalnız məhkəməyə elektron qaimələri təqdim etmişdir ki, həmin qaimələrdə qeyd edilən betonun alıcıya təhvil verilməsi digər hər hansı sübutla təsdiq olunmur. Məhkəmə beton alqı-satqı müqavilələri üzrə borcun tutulması hissəsində iddia tələbinin təmin edilməməli olduğunu hesab etmişdir. Eyni zamanda birinci instansiya məhkəməsi iddianın hesablanmış cərimənin ödənilməsi hissəsin qismən təmin edilməli olduğunu hesab etmişdir. Belə ki, məhkəmə qeyd etmişdir ki, dəbbə pulunun iddiada göstərilən həcmdə tutulması cavabdehin əmlak mənafelərinə ciddi xələl gətirə bilər. Dəbbə pulunun məbləğinin azaldılması kreditorun əmlak mənafelərinə əsaslı təsir etmir. Belə ki, satıcı sement məhsulu verərkən dəbbə pulunu əldə edəcəyi gözlənilən qazanc kimi deyil, öhdəliyin icrasının təminatı üsulu kimi nəzərdə tutmuşdur. Məhkəmə cavabdehin üzərində əsas və faiz borcu olaraq icra edilməmiş pul öhdəliyinin olmasını, bununla yanaşı əlavə olaraq yüksək məbləğdə cərimənin tətbiq edilməsinin onların vəziyyətini daha da ağırlaşdırdığını nəzərə alaraq hesab etmişdir ki, 7,555.73 manat məbləğində dəbbə pulu (cərimə) tənasübsüz surətdə yüksəkdir. Odur ki, məhkəmə tərəfindən cərimə azaldılaraq 1,000 manat məbləğində müəyyən edilmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları. Apellyasiya şikayətinin dəlilləri İddiaçı MMC tərəfindən verilmiş apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə iddia tələbini digər hissədə rədd edərkən belə nəticəyə gəlmişdir ki, tərəflər arasında bağlanmış beton alqı-satqı müqavilələri üzrə iddiaçı tərəf yalnız məhkəməyə elektron qaimələri təqdim etmişdir ki, həmin qaimələrdə qeyd edilən betonun alıcıya təhvil verilməsi digər hər hansı sübutla təsdiq olunmur. Hesab edilir ki, məhkəmə işin hallarını düzgün qiymətləndirməmiş, tərəflər arasındakı qarşılıqlı işgüzar münasibətləri nəzərə almamış, iddia tələbini digər hissədə rədd etməklə, həmin hissədə qanunsuz və əsassız məhkəmə aktı qəbul etmişdir. İddiaçı ilə cavabdeh arasında bağlanmış QSZ B 011A/0320 saylı, xx.xx.2020-ci il tarixli və QSZ B 066/0421 saylı, xx.xx.2021-ci il tarixli beton alqı-satqı müqavilələrinə uyğun olaraq, iddiaçı öz istehsalı olan müvafiq beton məhsullarını cavabdehə təhvil vermişdir. Lakin cavabdeh tərəfindən malların dəyəri müqavilədə göstərilən müddət ərzində iddiaçıya ödənilməmiş, bununla da cavabdeh hər iki müqavilənin şərtlərini pozmuşdur. Beləliklə, birinci instansiya məhkəməsi işin faktiki hallarına uyğun olaraq tətbiq etməli olduğu maddi hüquq normasını tətbiq etməmiş, bununla da hüquq normasının pozuntusuna yol vermişdir. İddiaçı QSZ B 011A/0320 saylı, xx.xx.2020-ci il tarixli və QSZ B 066/0421 saylı, xx.xx.2021-ci il tarixli beton alqı-satqı müqavilələri üzrə malları tam şəkildə cavabdehə təhvil vermiş, bununla bağlı ona elektron qaimə-faktura(lar) göndərmişdir. Nəzərə alınsa ki, beton məhsulu tez xarab olduğuna görə və məhsulun verilməsində operativlik tələb olunduğundan daha çevik üsuldan - elektron qaimə-fakturanın təqdim olunmasından istifadə olunmuşdur (tərəflər arasında qarşılıqlı işgüzür münasibətlər bu şəkildə təşəkkül tapmışdır). Yəni, müqavilədə qeyd olunmuş formal tələblərə (təhvil-təslim aktının imzalanması) riayət olunmasına ehtiyac olmamışdır. Cavabdeh isə öz növbəsində iddiaçı tərəfindən təqdim olunmuş elektron qaiməfakturaların heç birinə nə etiraz etməmiş, nə də qaimə-fakturanı düzəliş üçün cavabdehə qaytarmamışdır. Bununla da cavabdeh malların həqiqətən ona təhvil verildiyini təsdiq etmişdir. Göründüyü kimi, məhkəmə elektron qaimə-fakturalardan əlavə tərəflər arasında əvvəllər yaranmış qarşılıqlı işgüzar münasibətləri və işin digər hallarını nəzərə almamış və maddi hüquq normasının tələbini tətbiq etməməklə, bir daha hüquq normasının pozuntusuna yol vermişdir. Qeyd olunanlara əsasən qətnamənin qismən, yəni iddianın rədd edildiyi hissədə ləğv olunması və iddianın tam şəkildə təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş edilmişdir. Cavabdeh MMC tərəfindən verilmiş apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, işə baxan birinci instansiya məhkəməsi iddianı iki əsasla qismən təmin etmişdir. Məhkəmə ilkin olaraq hesab etmişdir ki, 06 dekabr 2021-ci il tarixdə bağlanmış sement məhsulunun alqı-satqı müqaviləsi üzrə alıcıya xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarix də daxil olmaqla 23 ədəd 67,828 manat dəyərində elektron qaimə göndərilmiş, həmin elektron qaimələr alıcı tərəfindən təsdiq edilmişdir. Həmçinin iddiaçı həmin qaimələr üzrə malların təhvil-təslim aktlarını məhkəməyə təqdim etmişdir. Həmin aktlarda qaimələrin nömrəsi və sement məhsulunun adı, çəkisi və miqdarı əks olunmaqla təhvil verən və təhvil alan tərəfindən imzalanmışdır. Bildirilir ki, tərəflər arasında xx.xx.2021-ci il tarixində QSZ B 066/0421 saylı beton alqı-satqı müqaviləsinin və xx.xx.2021-ci il tarixində QSZ S 103/1221 saylı sement alqı-satqı müqaviləsinin bağlanması işin mübahisəsiz halıdır. Müqavilələrə əsasən satıcı İddiaçı MMC alıcı olaraq Cavabdeh MMC-yə beton və sement məhsullarını müqavilələrin ayrılmaz tərkib hissələri olan əlavə və spesifikasiyalarda göstərilən sayda, həcmdə və qiymətdə satmalı, “Alıcı” isə öz növbəsində sifariş verdiyi malı müqavilədə nəzərdə tutulmuş qaydada vaxtında qəbul etməli və ödənişləri həyata keçirməli idi. Tərəflər arasında müqavilələr bağlansa da icrasız qalmış, cavabdeh tərəfindən iddiaçıya müqaviləyə uyğun olaraq heç bir sifariş verilməmiş, mal qəbul edilməmişdir. İddiaçı isə bunların əksini yəni malların təqdim edilməsini və cavabdeh tərəfindən harada təhvil alınmasını sübut edə bilməmişdir. Cavabdeh tərəfindən məhkəmə prosesi zamanı yüknəqliyyat qaimələri tələb edilsə də, iddiaçı həmin qaimələri məhkəməyə təqdim etməmiş, məhkəmə isə həmin sənədlərin əldə edilməsinə maraq göstərməmişdir. Buna baxmayaraq məhkəmə hesab etmişdir ki, 06 dekabr 2021-ci il tarixdə müqavilə bağlanıb xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarix də daxil olmaqla 23 ədəd 67,828 manat dəyərində elektron qaimə göndərilmiş, həmin elektron qaimələr alıcı tərəfindən təsdiq edilmişdir və həmin məbləğ cavabdehdən tutulmalıdır. Hesab edilir ki, məhkəmənin məsələyə bu cür yanaşmasının heç bir hüquqi əsası yoxdur. Belə ki, məhkəmə işə diqqətlə nəzər yetirsəydi onda məlum olardı ki, iddiaçı tərəfindən göndərilmiş qaimələr cavabdeh tərəfindən deyil, elektron sistem tərəfindən təsdiq edilmişdir. Bundan başqa iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş malların təhvil-qəbul aktlarına nəzər yetirəndə məlum olur ki, həmin aktlarda istinad olunan qaimə fakturaların nömrələri qələmlə sonradan doldurulmuşdur. Bu isə onu deməyə əsas verir ki, bu sübut heç bir halda mötəbər və legitim sübut hesab edilə bilməz və həmin sənədə əsasən cəmiyyətdən 67,828 manat alınaraq iddiaçıya ödənilməsi barədə qərar qəbul edilməsi qanunsuz və əsassızdır. Məhkəmənin istinad etdiyi elektron qaimə-fakturalarla bağlı bildirilir ki, həmin qaimə-fakturalar proqram təminatı tərəfindən təsdiq edilmişdir. Cəmiyyət heç bir halda həmin qaimə-fakturaları qəbul etmir və onları da təsdiq edə bilməzdi. Həmin dövrdə Cəmiyyətdə mühasib işləmiş şəxsin işə məsuliyyətsiz yanaşması səbəbindən qaimə-fakturalar geri qaytarılmamışdır. Bu səbəbdən də həmin elektron qaimə-fakturalar proqram təminatı tərəfindən təsdiq edilmişdir. İş materiallarından görünür ki, iddiaçı tərəf məhkəməyə elektron qaimə-fakturalardan və özünün sonradan tərtib etdiyi qələmlə doldurulmuş malların təhvil-təslim aktlarından başqa heç bir sübut təqdim edə bilməmişdir. İşə əlavə edilmiş qaimələrin və həmin aktların təhlili isə onu göstərir ki, həmin qaimələrdə və aktlarda göstərilmiş sement məhsullarının cavabdeh tərəfindən almasına dair hər-hansı bir təsdiq edici sənəd yoxdur. Halbuki, tərəflər arasında imzalanmış xx.xx.2021-ci il tarixli sement alqı-satqı müqaviləsinin 3.1-ci bəndinə əsasən Alıcı tərəfindən alınacaq hər malın dəyəri vergilər daxil olmaqla, Satıcının bank hesabına avans ödəniş (əvvəlcədən) qaydasında köçürmə yolu ilə həyata keçirilməli idi. Bu halda avans ödənilməsi ilə əlaqədar heç bir sənəd yoxdur. Qeyd edilənlərlə əlaqədar iş materiallarına nəzər yetirdikdə iddiaçı tərəfindən sifarişlə əlaqədar hər-hansı bir mötəbər sübut məhkəməyə təqdim olunmamışdır. Çünki hər hansı sifariş olmamışdır. Müqavilə 2022-ci ilin dekabrında qüvvədən düşmüşdür. Bu illər ərzində tərəf borcunu tələb etməmişdir, müqavilə qüvvədən düşəndən sonra tərəf borcunu tələb etməyə başlamışdır. Həmin müqavilənin 12.1.4-cü bəndinə əsasən tərəflərin müqavilə üzrə öhdəliklərinin pozulduğunu, icra olunmadığını və ya lazımı qaydada icra olunmadığı hallarda, digər tərəfə 15 (on beş) gün ərzində xəbərdarlıq verilməklə xitam verilə bilər. Göründüyü kimi müqavilənin qeyd edilən şərtinə də əməl edilməmişdir. Müqavilənin şərtləri əgər cavabdeh tərəfindən pozulmuşdursa nəyə görə müqaviləyə xitam verilməsi üçün iddiaçı müraciət etməmiş, cavabdehə mal verməyə davam etmişdir. Şikayətin ikinci əsası isə ondan ibarətdir ki, iddia üzrə dəbbə pulu (cərimə) olaraq 1,000 manat müəyyən edilmişdir. Maraqlı orasıdır ki, hər iki halda işə baxan məhkəmə iddia üzrə cavabdehin iş üzrə dəlillərinə deyil, öz mülahizələrinə əsaslanmışdır. Məhkəmə hesab etmişdir ki, dəbbə pulunun iddiada göstərilən həcmdə tutulması cavabdehin əmlak mənafelərinə ciddi xələl gətirə bilər. Dəbbə pulunun məbləğinin azaldılması kreditorun əmlak mənafelərinə əsaslı təsir etmir. Belə ki, satıcı sement məhsulu verərkən dəbbə pulunu əldə edəcəyi gözlənilən qazanc kimi deyil, öhdəliyin icrasının təminatı üsulu kimi nəzərdə tutmuşdur. Məhkəmə cavabdehin üzərində əsas və faiz borcu olaraq icra edilməmiş pul öhdəliyinin olmasını, bununla yanaşı əlavə olaraq yüksək məbləğdə cərimənin tətbiq edilməsinin onların vəziyyətini daha da ağırlaşdırdığını nəzərə alaraq hesab edir ki, 7,555.73 manat məbləğində dəbbə pulu (cərimə) tənasübsüz surətdə yüksəkdir. Odur ki, cərimə azaldılaraq 1,000 manat məbləğində müəyyən edilməlidir. Cavabdeh məhkəmənin bu mövqeyi ilə də razılaşmır, hesab edir ki, həmin məbləğin də cavabdehdən tutulması əsassız və qanunsuzdur. Belə ki, iş materiallarından kifayət qədər aydın görsənir ki, cavabdehə hər-hansı bir mal təhvil verilməmişdir, elektron sistem tərəfindən təsdiqlənmiş qaimələrə və qələmlə sonradan doldurulmuş malların təhvil-qəbul aktlarına istinad edilərək həmin malların təqdim edilməsi kimi əsaslandırmağa çalışmaq və həmin məbləğin və 1,000 manat cərimənin tutulması barədə qərar qəbuledilməsi məhkəmənin ədalətsiz mövqedən çıxış etməsinə dəlalət edir. Qeyd olunanlara əsasən qətnamənin iddia tələbinin qismən təmin edilməsi hissəsində ləğv edilərək, iddia tələbinin həmin hissədə təmin edilməməsinə dair yeni qətnamə qəbul edilməsi xahiş edilmişdir. Apellyasiya şikayətinə dair etirazın dəlilləri: Apellyasiya şikayətlərinə dair etiraz daxil olmamışdır. Apellyasiya icraatı iştirakçılarının izahatları: İddiaçı MMC nümayəndəsi Nümayəndə2 məhkəmə kollegiyasının iclasında bildirmişdir ki, onlar tərəfindən məhkəməyə beton məhsulunun təhvil verilməsinə dair üzləşmə aktları təqdim edilmişdir. Həmin sənədlərə nəzər yetirilsə görünər ki, ilkin olaraq təqdim olunmuş elektron qaimələrdəki betonun həçmi və xüsusiyyətləri üzləşmə aktlarında qeyd olunan xüsusiyyətlərə uyğun gəlir. Misal üçün xx.xx.2021-ci ildə elektron qaimə qarşı tərəfə təqdim olunubsa üzləşmə aktında göstərilən xüsusiyyətlərə uyğundur. Cavabdehə beton təhvil verilən zaman tərəzidə çəkilib, sonra mikser vasitəsilə və ya cavabdehin özünün gəlib götürməsi ilə təhvil verilirdi. Birinci instansiya məhkəməsində həmin sübutları təqdim etməməyimizin sənədlərin bu şəkildə olması olmuşdur. Həmçinin qarşı tərəfin bunu mötəbər sübut kimi qəbul etməyəcəyini bilmişdik. Cavabdeh nümayəndəsi Vəkil məhkəmə kollegiyasının iclasında bildirimişdir ki, birinci instansiya icraatı zamanı tərəfdən dəfələrlə həmin sənədlərin təqdim edilməsi tələb olunsa da təqdim edilməmişdir. Bundan başqa sənədləri imza etmiş şəxslərin imza etmək səlahiyyətlərinin olub-olmaması müəyyən edilmir. Həmçinin həmin sənədlər fərqli-fərqli şəxslər tərəfindən imzalanmışdır. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsi “Maddə 385. Öhdəlik anlayışı 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. ...” “Maddə 386. Öhdəliklərin əmələ gəlməsi əsasları 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. ...” “Maddə 442. Öhdəliyin icra edilməməsi anlayışı Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.” “Maddə 445. Borclunun icranı gecikdirməsi 445.1. İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 445.2. Aşağıdakı hallar borclunun icranı gecikdirməsi sayılır: 445.2.1. öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi; 445.2.2. icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi. ...” “Maddə 448. Öhdəliklərin icra edilməməsi üçün borclunun məsuliyyəti 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. ...” “Maddə 460. Öhdəliklərin icrasının təmin edilməsi üsulları 460.1. Öhdəliklərin icrası girov, dəbbə pulu, borclunun əmlakının saxlanması, zaminlik, qarantiya, beh ilə və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər üsullarla təmin edilə bilər. ...” “Maddə 462. Dəbbə pulu anlayışı 462.1. Dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. ...” “Maddə 467. Məhkəmə tərəfindən dəbbə pulunun azaldılması Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir.” “Maddə 567. Alğı-satqı müqaviləsi Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.” “Maddə 600. Nisyə satılmış əşyanın ödənilməsi 600.1. Alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. ...” Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur; Maddə 217.3. Qətnamə iş üzrə müəyyən olunmuş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır; Maddə 218.1. Hakim qətnamə çıxarıldıqda tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu müəyyən edir; Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır; Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır; Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır; Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Maddə 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası işin hallarına dair məruzəçi hakimin məruzəsini, proses iştirakçılarının izahatlarını dinləyib, apellyasiya şikayətlərinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb, işin hallarına mülki qanunvericiliyə əsasən hüquqi qiymət verərək, aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, apellyasiya şikayətləri təmin edilməməli, Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(115)-552/2024 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Bununla bağlı, məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya şikayətlərində irəli sürülən mahiyyətcə eyni dəlillər üzrə birinci instansiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşmaq və təsdiqi ilə kifayətlənmək mümkündür. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, birinci instansiya məhkəməsinin qətnaməsində ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır. Birinci instansiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də məhkəmə kollegiyası, birinci instansiya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır. Bununla belə, birinci instansiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qətnamənin nəticələri ilə razılaşarkən, məhkəmə kollegiyası həmçinin aşağıdakıları nəzərə aldığını qeyd etməyi zəruri sayır. Belə ki, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin dəlillərində qeyd edilir ki, məhkəmə işin hallarını düzgün qiymətləndirməmiş, tərəflər arasındakı qarşılıqlı işgüzar münasibətləri nəzərə almamış, iddia tələbini digər hissədə rədd etməklə, həmin hissədə qanunsuz və əsassız məhkəmə aktı qəbul etmişdir. İddiaçı QSZ B 011A/0320 saylı, xx.xx.2020-ci il tarixli və QSZ B 066/0421 saylı, xx.xx.2021-ci il tarixli beton alqı-satqı müqavilələri üzrə malları tam şəkildə cavabdehə təhvil vermiş, bununla bağlı ona elektron qaimə-faktura(lar) göndərmişdir. Nəzərə alınsa ki, beton məhsulu tez xarab olduğuna görə və məhsulun verilməsində operativlik tələb olunduğundan daha çevik üsuldan - elektron qaimə-fakturanın təqdim olunmasından istifadə olunmuşdur (tərəflər arasında qarşılıqlı işgüzar münasibətlər bu şəkildə təşəkkül tapmışdır). Məhkəmə kollegiyası iddiaçı tərəfin həmin arqumentinə münasibətdə xüsusilə vurğulayır ki, tərəflər arasında işgüzar münasibətlərin bu cür təşəkkül tapması bildirilsə də tərəflər arasında 06 dekabr 2021-ci il tarixdə bağlanmış sement məhsulunun alqı-satqı müqaviləsi üzrə sement məhsulları cavabdehə təhvil verilən zaman malların təhvil-təslim aktlarının tərtib edildiyi iş materialları ilə öz təsdiqini tapmışdır. Göründüyü kimi iddiaçı beton məhsulu üzrə təhvil-təslim aktlarının tərtib edilməməsinin tərəflər arasında qarşılıqlı işgüzar münasibətlərin bu şəkildə təşəkkül tapmış olması ilə əsaslandırsa da, digər yandan tərəflər arasında bağlanmış sement məhsulunun alqı-satqı müqaviləsi üzrə məhsulunun təhvil verilməsi təhvil-təslim aktları əsasında həyata keçirilmişdir. Bu hal isə apellyasiya şikayətində qeyd olunan arqumentin əsassız olmasını bir daha təsdiq etmiş olur. Bundan başqa məhkəmə kollegiyası cavabdeh tərəfin apellyasiya şikayətinin dəlillərinə münasibətdə aşağıdakıları qeyd edir. Belə ki, şikayətin dəlillərində bildirilir ki, tərəflər arasında müqavilələr bağlansa da icrasız qalmış, cavabdeh tərəfindən iddiaçıya müqaviləyə uyğun olaraq heç bir sifariş verilməmiş, mal qəbul edilməmişdir. İddiaçı isə bunların əksini yəni malların təqdim edilməsini və cavabdeh tərəfindən harada təhvil alınmasını sübut edə bilməmişdir. Bundan başqa iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş malların təhvil-qəbul aktlarına nəzər yetirəndə məlum olur ki, həmin aktlarda istinad olunan qaimə fakturaların nömrələri qələmlə sonradan doldurulmuşdur. Bu isə onu deməyə əsas verir ki, bu sübut heç bir halda mötəbər və legitim sübut hesab edilə bilməz və həmin sənədə əsasən cəmiyyətdən 67,828 manat alınaraq iddiaçıya ödənilməsi barədə qərar qəbul edilməsi qanunsuz və əsassızdır. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh iddiaçı ilə aralarında bağlanmış müqavilələrin icrasız qalmasını bildirsə də, iş materiallarında 06 dekabr 2021-ci il tarixdə bağlanmış sement məhsulunun alqı-satqı müqaviləsi üzrə sement məhsullarının cavabdehə təhvil verilməsinə 23 ədəd 67,828 manat dəyərində elektron qaimələr üzrə malların təhvil-təslim aktları mövcuddur. Həmin aktlarda qaimələrin nömrəsi, sement məhsulunun adı, çəkisi və miqdarı qeyd edilmiş, məhsulları təhvil verən və təhvil alan şəxslər tərəfindən imzalanmışdır. Göründüyü kimi 06 dekabr 2021-ci il tarixdə bağlanmış sement məhsulunun alqısatqı müqaviləsi üzrə malların təhvil verilməsi iş materialları ilə öz təsdiqini tapmışdır. Cavabdeh tərəfindən həmin sübutların mötəbərliyini istisna edə biləcək digər sübutlar məhkəməyə təqdim edilməmişdir. Cavabdehin şikayətinin dəlilləri özünün formal mülahizələrdən ibarət olmuşdur. Məhkəmə kollegiyası həmçinin iddia tələbinin iddianın hesablanmış cərimənin ödənilməsi hissəsində birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq qeyd edir ki, məhkəmə tərəfindən 1,000 manat məbləğində cərimə müəyyən edilməsi işin hallarına mütanasib olmuşdur. Bundan əlavə məhkəmə kollegiyası apellyasiya icraatı zamanı yeni sübutların təqdim edilməsi hissəsinə münasibətdə qeyd edir ki, AR Mülki Prosessual Məcəllənin 78.1-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Həmin Məcəllənin 372.2-ci maddəsinə görə yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Yuxarıda qeyd olunanları nəzərə alan məhkəmə kollegiyası iddiaçı tərəfin təqdim etdiyi yeni sübutlara (üzləşmə aktları) münasibətdə qeyd edir ki, iddiaçı tərəf sübutların birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını və ya əldə edilməsinin sonradan mümkün olmasını əsaslandıra bilməmişdir. Bəhs olununlara əsaslanaraq məhkəmə kollegiyası apellyasiya şikayətinin digər dəlilləri ilə bağlı qiymətləndirmə aparmağı zəruri hesab etmir. Məhkəmə kollegiyası yuxarıda şərh olunanlara hüquqi qiymət verib hesab edir ki, mübahisələndirilən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmış, maddi və prosessual hüquq normalarının tətbiqində səhvə yol verilməmişdir. Ona görə də apellyasiya şikayətləri təmin edilmədən, birinci instansiya məhkəməsinin iş üzrə qətnaməsi dəyişdirilmədən saxlanmalıdır. Nəticəvi hissə: Yuxarıda şərh olunanları və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384, 392, 402, 404, 405 və 406-cı maddələrini rəhbər tutaraq, qət etdi: İddiaçı və Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməsin. Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(115)-552/2024 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, qəbul edildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar