Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2-2(104)-215/2024 20.11.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası - hakimlər Rzaquliyev Şamil Qəhrəman oğlu (sədrlik edən və məruzəçi), Süleymanov Loğman Srac oğlu və Məcidov Rüfət Azadəli oğlundan ibarət tərkibdə, Vəlizadə Vasif Etibar oğlunun katibliyi, Cavabdeh Kəlbəcər rayon İcra Hakimiyyəti başçısının Kəlbəcər şəhər İnzibati İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyinin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdeh Kəlbəcər rayon İcra Hakimiyyəti başçısının Kəlbəcər şəhər İnzibati İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyinə qarşı pul tələbinə dair kommersiya işi üzrə Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(115)-1242/2024 saylı qətnaməsindən cavabdeh Kəlbəcər rayon İcra Hakimiyyəti başçısının Kəlbəcər şəhər İnzibati İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş apellyasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(115)-1242/2024 saylı qətnaməsi ilə (hakim K.Vəliyev) iddianın təmin edilməsi, cavabdeh Kəlbəcər rayon İcra Hakimiyyəti başçısının Kəlbəcər şəhər İnzibati İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyindən 46657,29 manat əsas borc, 4665,72 manat cərimə olmaqla, cəmi 51323,01 manat və ödənilmiş 243,97 manat dövlət rüsumunun tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməsi qət edilmişdir. Cavabdeh Kəlbəcər rayon İcra Hakimiyyəti başçısının Kəlbəcər şəhər İnzibati İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi apellyasiya şikayəti verərək Gəncə Komersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(115)-1242/2024 saylı qətnaməsini ləğv edərək iddianın rədd edilməsi barədə yeni qətnamə çıxarılması xahiş etmişdir. İşin halları: İddiaçı Açıq Səhmdar Cəmiyyəti cavabdeh Kəlbəcər rayon İcra Hakimiyyəti başçısının Kəlbəcər şəhər İnzibati İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyinə qarşı pul tələbinə dair iddia ərizəsi ilə Gəncə Komersiya Məhkəməsinə müraciət edərək, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə əsas borc 46657,29 manat (ƏDV daxil), cərimə sanksiyası olaraq 4665,72 manat pulun, cəmi 51323,01 manat və ödənilmiş 243,97 manat dövlət rüsumunun cavabdeh Kəlbəcər şəhər İnzibati İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyindən tutulub ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC ilə Kəlbəcər rayon İcra Hakimiyyəti başçısının Kəlbəcər şəhəri İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi arasında ərzaq məhsullarının satın alınması barədə 2020-ci il 29 sentyabr tarixli SA-705 saylı müqavilə bağlanmışdır. Həmin müqavilənin 1.1-ci bəndinə əsasən İddiaçı ASC (İcraçı) müqavilənin 1 nömrəli cədvəlində göstərilən ərzaq məhsullarının satın alınması barədə Kəlbəcər rayon İH-nin Kəlbəcər şəhəri İƏD üzrə nümayəndəliyinin (Sifarişçinin) təklifini qəbul edir və cədvəldə göstərilən ərzaq məhsulları ilə Sifarişçini təmin etməyi öz öhdəsinə götürür. Həmin müqavilənin 1.2-ci bəndinə əsasən Kəlbəcər rayon İH-nin Kəlbəcər şəhəri İƏD üzrə nümayəndəliyi müqavilədə nəzərdə tutulmuş şərtlər əsasında ərzaq məhsullarının İcraçıdan qəbul edilməsini və onun dəyərinin ödənilməsini öhdəsinə götürür. Lakin Kəlbəcər rayon İH-nin Kəlbəcər şəhəri İƏD üzrə nümayəndəliyi müqaviləyə əsasən üzərinə düşən öhdəlikləri icra etməmiş və İddiaçı ASC-yə aldığı ərzaq məhsulları üzrə ödənişi həyata keçirməmişdir. Həmin müqavilənin 7.1-ci bəndinə əsasən Müqavilə üzrə alınacaq ərzaq məhsullarının ümumi məbləği 184600,00 manat təşkil edir. Həmin müqavilənin 7.1-ci bəndinə əsasən sifarişçi əlavədə qeyd edilmiş ərzaq məhsullarına görə ödənişi növbəti ayın 10-dək icraçının müqavilədə göstərilən bank hesabına ödəməyi öhdəsinə götürmüşdür. 2020-ci il 29 sentyabr tarixli SA-705 saylı müqavilə üzrə öhdəliklərinin tam icra olunmasına baxmayaraq alınmış ərzaq məhsullarının pulu ödənilməmişdir. Belə ki, 2020-ci il 29 sentyabr tarixli SA-705 saylı müqavilə üzrə 150095,14 manat (ƏDV daxil) dəyərində ərzaq məhsulları Kəlbəcər rayon İH-nin Kəlbəcər şəhəri İƏD üzrə nümayəndəliyinə təhvil verilmişdir. Lakin Kəlbəcər rayon İH-nin Kəlbəcər şəhəri İƏD üzrə nümayəndəliyi tərəfindən müqavilə üzrə öhdəliklər icra edilməmiş, 46657,29 (ƏDV daxil) manat dəyərində ərzaq məhsullarının dəyəri Cəmiyyətə ödənilməmişdir. Borcun ödənilməsinin təmin edilməsi məqsədi ilə iddiaçı tərəfindən cavabdehə pretenziya məktubu göndərilmişdir. Lakin qeyd olunan müraciətlər heç bir müsbət nəticə verməmiş və cavabdeh tərəfindən borcun ödənilməsi istiqamətində heç bir tədbir görülməmişdir. Hazırda cavabdehin iddiaçı qarşısında öhdəliyi müqavilə üzrə ümumilikdə 46657,29 (ƏDV daxil) manat təşkil edir. İş üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi qəbul edilmişdir. Аpellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qəbul etdiyi qətnamə maddi və prossesual prossesual hüququ normalarının pozulması ilə qəbul edildiyindən ləğv edilməli, iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməlidir. Belə ki, həqiqətən tərəflər arasında 4 saylı körpələr evi-uşaq bağcasının ərzaq təminatı üçün ərzaq məhsullarının satın alınması barədə 2020-ci il 29 sentyabr tarixli SA- 705 saylı müqavilə bağlanmışdır. Müqavilədə göstərilən məbləğdən 46.657,29 manat növbəti ilin ilk aylarında yeni müqavilə imzalanana qədər ödənişi nəzərdə tutulmuşdur. Lakin bundan sonra Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin xx.xx.2021-ci il tarixli “dövlət məktəblərə qədər təhsil sistemində idarəəetmənin təkminləşdirilməsi haqqında” müvafiq sərancamına əsasən 01 yanvar 2022-ci il tarixdən etibarən məktəbəqədər təhsil müəssisələri yerli icra hakimiyyəti orqanlarından alınaraq həmin rayonların təhsil şöbələrinə verilmişdir. Apellyasiya şikayətinə əlavə edilən üzləşmə aktından da görünür ki, ərzaq məhsullarının alınması ilə bağlı bütün vəsait büdcə tərəfindən onların hesabına yatırılsa da, 46966.15 manat üzləşmə dövrünə qalıq kimi qalmışdır. Məhkəmə nəzərə almamışdır ki, onalrın artıq həmin pula aid sərancam vermək hüquqları yoxdur. Həmin pul Təhsil şöbəsi tərəfindən ödənilə bilər. Onlar bir neçə dəfə Maliyyə Nazirliyinə bu problemin həll edilməsi üçün müraciət etsələr də nəticə əldə edilməmişdir. Hesab edir ki, onlar büdcə təşkilatı olduqalrı üçün həmin vəsait Təhsil şöbəsi və ya Maliyyə Nazirliyi tərəfindən ödənilməli olduğundan, onlar da bu işin baxılmasına cəlb edilməli idilər. Eyni zamanda qətnamənin icrası iddianın təmin olunduğu halda mümkün olmayacaq. Hər bir halda onların həmin pul barəsində sərəncam vermək hüquqları olmayacaq. Prosessual məsələlər və tərəfin izahatı: Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq iddiaçının nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respubilkasının MPM-in 376.2-ci maddəsinə əsasən işə gəlməyən şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi X3 apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının əvvəlki iclasında iştirak etmiş iddiaçının nümayəndələri Nümayəndə və X2 apellyasiya şikayətinin dəlillərinə etiraz edərək şikayətin təmin edilməməsini xahiş etmişlər. Hüququ məsələlər və əsaslandırma: Azərbaycan Respubilkasının MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası işin halları barədə məruzəçi hakimi və cavabdehin nümayəndəsinin izahatını dinləyib, iş materiallarını apellyasiya şikayətinin dəlilləri ilə əlaqəli şəkildə araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarına əlavə olunmuş İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Kəlbəcər rayon İcra Hakimiyyəti başçısının Kəlbəcər şəhər İnzibati İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi arasında bağlanmış xx.xx.2020-ci il tarixli SA-705 saylı ərzaq məhsullarının satın alınması müqaviləsindən görünür ki, icraçı müqavilənin 1 nömrəli cədvəlində göstərilən ərzaq məhsullarının satın alınması barədə sifarişçinin təklifini qəbul edir və cədvəldə göstərilən ərzaq məhsulları ilə sifarişçini təmin etməyi öz öhdəsinə götürmüşdür. Sifarişçi müqavilədə nəzərdə tutulmuş şərtlər əsasında ərzaq məhsullarının icraçıdan qəbul edilməsini və dəyərinin ödənilməsini öhdəsinə götürür. Həmin müqavilənin 7.1-ci bəndinə əsasən müqavilə üzrə alınacaq ərzaq məhsullarının ümumi məbləği 184600 manat təşkil edir. Həmin müqavilənin 7.5-ci bəndinə əsasən sifarişçi əlavədə qeyd edilmiş ərzaq məhsullarına görə ödənişi növbəti ayın 10-dək icraçının müqavilədə göstərilən bank hesabına ödəməyi öhdəsinə götürmüşdür. Həmin müqavilənin 9.2-ci bəndinə əsasən sifarişçi üzrlü səbəb olmadan müqavilədə nəzərdə tutulmuş müddətdə və qaydada ödəmələri aparmadıqda və ya təqdim olunan ərzaq məhsullarının qəbulunu gecikdirdikdə, icraçı hər gecikdirilmiş gün üçün müqavilənin dəyərinin 0,1 faizi məbləğində cərimə sanksiyaları tətbiq edə bilər. Həmin müqavilənin 9.3-cü bəndinə əsasən cərimələrin məbləğinin yuxarı həddi müqavilənin qiymətinin 10 (on) faizindən çox olmamalıdır. İş materiallarında olan elektron qaimələr və malların-təhvil-qəbul aktlarından görünür iki, 29 sentyabr 2020-ci il tarixli SA-705 saylı müqavilə üzrə 150095,14 manat (ƏDV daxil) dəyərində ərzaq məhsulları Kəlbəcər rayon İH-nin Kəlbəcər şəhəri İƏD üzrə nümayəndəliyinə təhvil verilmişdir. İş materiallarında olan qarşılıqlı hesablaşmalar aktından görünür ki, 29 sentyabr 2020-ci il tarixli SA-705 saylı müqavilə üzrə 150095,14 manat (ƏDV daxil) dəyərində ərzaq məhsulları Kəlbəcər rayon İH-nin Kəlbəcər şəhəri İƏD üzrə nümayəndəliyinə təhvil verilmiş, lakin Kəlbəcər rayon İH-nin Kəlbəcər şəhəri İƏD üzrə nümayəndəliyi tərəfindən 46 657,29 (ƏDV daxil) manat dəyərində ərzaq məhsullarının dəyəri Cəmiyyətə ödənilməmişdir. İş materiallarında olan maliyyə arayışından görünür ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti (bundan sonra Cəmiyyət) tərəfindən xx.xx.2020-ci il tarixli SA-705-saylı müqavilə üzrə Kəlbəcər Rayon lcra Hakimiyyəti başçısının Kəlbəcər şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyinə ümümi dəyəri 150095.14 (biryüz əlli min doxsan beş manat 14 qəpik) manat olan ərzaq məhsulları verilmişdir. Verilmiş ərzaq məhsulllarına görə Kəlbəcər Rayon İcra Hakimiyyəti başçısının Kəlbəcər şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin İddiaçı ASC-yə 150095.14 (bir yüz əlli min doxsan beş manat 14 qəpik) manat öhdəliyi yaranmışdır. Həmin öhdəliyin 103437.85 (bir yüz üç min dörd yüz otuz yeddi manat 85 qəpik) manat dəyərində hissəsi Kəlbəcər Rayon İcra Hakimiyyəti başçısının Kəlbəcər şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən Cəmiyyətə ödənilmişdir. Hal-hazırda Kəlbəcər Rayon İcra Hakimiyyəti başçısının Kəlbəcər şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin İddiaçı ASC-yə borcu 46657.29 (qırx altı min altı yüz əlli yeddi manat 29 qəpik) manat təşkil edir. Bu məbləğin 45700.06 (qırx beş min yeddi yüz manat 06 qəpik ) manat hissəsi əsas məbləğ, 957.23 (doqquz yüz əlli yeddi manat 23 qəpik) manat hissəsi isə ƏDV borcu təşkil edir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli pretenziya məktubunun surətindən görünür ki, borclulara yaranmış borc ilə bağlı məlumat verilmiş, məsuliyyəti barədə xəbərdarlıq edilmişdir. Məhkəmə iclasında araşdırılmış sübutlarla müəyyən edilmişdir ki, İddiaçı ASC ilə Kəlbəcər rayon İcra Hakimiyyəti başçısının Kəlbəcər şəhəri İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi arasında ərzaq məhsullarının satın alınması barədə 2020-ci il 29 sentyabr tarixli SA-705 saylı müqavilə bağlanmışdır. Həmin müqaviləyə görə alınacaq ərzaq məhsullarının ümumi məbləği 184600,00 manat təşkil edir və sifarişçi əlavədə qeyd edilmiş ərzaq məhsullarına görə ödənişi növbəti ayın 10-dək icraçının müqavilədə göstərilən bank hesabına ödəməyi öhdəsinə götürmüşdür. 2020-ci il 29 sentyabr tarixli SA- 705 saylı müqavilə üzrə iddiaçı tərəfindən öhdəliklərinin tam icra olunmasına baxmayaraq alınmış ərzaq məhsullarının pulu cavabdeh tərəfindən ödənilməmişdir. Belə ki, 2020-ci il 29 sentyabr tarixli SA-705 saylı müqavilə üzrə 150095,14 manat (ƏDV daxil) dəyərində ərzaq məhsulları Kəlbəcər rayon İH-nin Kəlbəcər şəhəri İƏD üzrə nümayəndəliyinə təhvil verilmiş, cavabdeh tərəfindən 103437.85 manat ödəniş edilmiş, lakin 46 657,29 (ƏDV daxil) manat dəyərində ərzaq məhsullarının dəyəri Cəmiyyətə ödənilməmişdir. Borcun ödənilməsinin təmin edilməsi məqsədi ilə iddiaçı tərəfindən cavabdehə pretenziya məktubu göndərilmiş, lakin qeyd olunan müraciətlər heç bir müsbət nəticə verməmiş və cavabdeh tərəfindən borcun ödənilməsi istiqamətində heç bir tədbir görülməmişdir. İddia tələbini təmin etmiş birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, Aqrar tədarük və təchizat” ASC ilə Kəlbəcər rayon İcra Hakimiyyəti başçısının Kəlbəcər şəhəri İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi arasında ərzaq məhsullarının satın alınması barədə 2020-ci il 29 sentyabr tarixli SA-705 saylı müqavilə bağlanmış, həmin müqaviləyə əsasən icraçı müqavilənin 1 saylı əlavəsində göstərilən ərzaq məhsullarının satın alınması barədə sifarişçinin təklifini qəbul edir və cədvəldə göstərilən ərzaq məhsulları ilə sifarişçini təmin etməyi öz öhdəsinə götürmüşdür. Tərəflər arasında bağlanmış müqaviləyə əsasən mallar iddiaçı tərəfindən cavabdehə təhvil verilmiş, cavabdeh müqavilə üzrə öhdəliklərini lazımi qaydada yerinə yetirməmiş və nəticədə 46657,29 manat borcu yaranmışdır. Cavabdehin qeyd edilən məbləğdə borcunun olması tərəflər arasında bağlanmış müqavilə, qarşılıqlı hesablaşmalar aktı ilə öz təsdiqini tapır. Bu səbəbdən məhkəmə hesab edir ki, 46657.29 manat borc cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşan məhkəmə kollegiyası aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, borc ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan öz vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2-ci maddəsinə əsasən öhdəliyin onun icra üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 567.1-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Məhkəmə kollegiyası hesab edir ki, mülki qanunvericiliyin şərh olunmuş normaları və iddiaçı ilə cavabdeh arasında bağlanmış ərzaq məhsullarının satın alınması barədə 29 sentyabr 2020-ci il tarixli SA-705 saylı müqavilənin şərtləri baxımından cavabdeh Kəlbəcər rayon İcra Hakimiyyəti başçısının Kəlbəcər şəhər İnzibati İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyinin hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilir . İddiaçının cavabdehə münasibətdə tələbi əsas borc hissəsində qanuni və əsaslı olduğu üçün məhkəmə iddianı həmin hissədə tam təmin etməkdə haqlı olmuşdur. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçı cavabdehdən müqavilədə nəzərdə tutulmuş öhdəliklərin icrasını tələb etməkdə haqlıdır, cavabdeh isə həmin müqavilə ilə nəzərdə tutulmuş öhdəlikləri icra etməyə, habelə müqavilə öhdəliklərini lazımi qaydada icra etməməyə görə kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludurlar. Birinci instansiya məhkəməsi cavabdehdən tutulmalı olan cərimənin (dəbbə pulunun) məbləği məsələsini müzakirə edərək belə nəticəyə gəlmişdir ki, iddiaçının tələb etdiyi cərimə məbləği əsas borca mütənasibdir. Ona görə də həmin cərimə məbləği də cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 462.3-ci maddəsinə əsasən müqavilənin tərəfləri dəbbə pulunun miqdarını sərbəst müəyyənləşdirə bilərlər və bu, mümkün zərərdən çox ola bilər.Lakin dəbbə pulunun miqdarı zərərdən tənasübsüz dərəcədə yüksək olmamalıdır. Dəbbə pulunun məbləği kreditorun zərərinə tənasübsüz surətdə uyğun olmadıqda istər qanun üzrə istərsə də müqavilə ilə müəyyən edilmiş dəbbə pulunun məbləği məhkəmənin təşəbbüsü ilə azaldıla bilər. Məhkəmənin dəbbə pulunu azaltmaq səlahiyyəti Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinin tələblərindən irəli gəlir. Həmin maddədə göstərilir ki, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Məhkəmə qeyd olunanları nəzərə alaraq cavabdehə hesablanmış dəbbə pulu əsas borca mütənasib olduğundan məhkəmə kollegiyası da birinci instansiya məhkəməsinin həmin qənaəti ilə razılaşır. Apellyasiya şikayətinin dəlillərində göstərilir ki, apellyasiya şikayətinə əlavə edilən üzləşmə aktından da görünür ki, ərzaq məhsullarının alınması ilə bağlı bütün vəsait büdcə tərəfindən onların hesabına yatırılsa da, 46966.15 manat üzləşmə dövrünə qalıq kimi qalmışdır. Məhkəmə nəzərə almamışdır ki, onalrın artıq həmin pula aid sərancam vermək hüquqları yoxdur. Həmin pul Təhsil şöbəsi tərəfindən ödənilə bilər. Belə ki, 01 yanvar 2022-ci il tarixdən etibarən məktəbəqədər təhsil müəssisələri yerli icra hakimiyyəti orqanlarından alınaraq həmin rayonların Təhsil şöbələrinə verilmişdir. Kollegiya apellyasiya şikayətinin həmin dəlili ilə razılaşmır. Ona görə ki, şikayətin dəlilindən də göründüyü kimi, 2021-ci il üçün məktəbəqədər təhsil müəssisələri üçün ərzaq məhsullarının alınması ilə bağlı müqavilədə nəzərdə tutulmuş məbləğdə pul vəsaiti cavabdehə ayrılmışdır və sifariş edərək aldığı ərzaq mallarının dəyərini ödəmək də cavabdehin borcu idi. Borcun yarandığı dövrdə məktəbəqədər təhsil müəssisələri cavabdehin hesabında olduğuna, alınmış ərzaq mallarına görə ödəniləcək pul məbləği də cavabdehin hesabına daxil olduğundan yaranmış borc cavbdeh tərəfindən də ödənilməlidir. Göründüyü kini apellyasiya şikayətinin dəlilləri əsassız olmaqla cavabdehin formal mülahizəsidir. Azərbaycan Respublikasы MPM-in 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-ci maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin mübahisələndirilən qətnaməsi iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmışdır, apellyasiya şikayətinin təmin edilməsi üçün hüquqi əsaslar yoxdur. Ona görə də, həmin şikayət təmin edilmədən, Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(115)-1242/2024 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-in 384.0.1-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Yuxarıda şərh olunanları və Azərbaycan Respublikası MPM-in 372, 384.0.1, 392, 393, 402-406-cı maddələrini rəhbər tutub, məhkəmə kollegiyası, Qət etdi: Cavabdeh Kəlbəcər rayon İcra Hakimiyyəti başçısının Kəlbəcər şəhər İnzibati İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş apellyasiya təmin edilməsin. Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(115)-1242/2024 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetdə yerləşdirilməklə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamə şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2-2(104)-215/2024
Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(104)-215/2024
20.11.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver