Məhkəmə qərarları › İş №2-2(104)-216/2024

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(104)-216/2024

06.11.2024 · Xususi icraat - Vergi ödəyicisi olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında işlər üzrə icraat (xüsusi icraat)
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2-2(104)-216/2024 06.11.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası - hakimlər Rzaquliyev Şamil Qəhrəman oğlu (sədrlik edən və məruzəçi), Süleymanov Loğman Srac oğlu və X1 ibarət tərkibdə, Vəlizadə Vasif Etibar oğlunun katibliyi ilə, Ərizəçi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 14 Saylı Ərazi Vergilər İdarəsinin Maraqlı şəxs qarşı xüsusi icraat qaydasında ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması tələbinə dair ərizəsi ilə bağlı kommersiya işi üzrə Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(115)- 1519/2024 saylı qətnaməsindən ərizəçi 14 saylı Ərazi Vergilər İdarəsinin verdiyi apellyasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(115)-1519/2024 saylı qətnaməsi ilə (hakim R.Qələndarzadə) ərizəçi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 14 Saylı Ərazi Vergilər İdarəsinin Maraqlı şəxs qarşı xüsusi icraat qaydasında ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması tələbinə dair ərizəsinin rədd edilməsi qət edilmişdir. Ərizəçi 14 saylı Ərazi Vergilər İdarəsi apellyasiya şikayəti verərək Gəncə Kommersiya Məhkəməsinin 04 sentyabr 2024-cü il tarixli e-2-2(115)-1519/2024 nömrəli qətnaməsinin ləğv edilməsi və Maraqlı şəxs ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırlması tələbinə dair ərizənin təmin edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İşin halları: Ərizəçi 14 saylı Ərazi Vergilər İdarəsi ərizə ilə Gəncə Kommersiya Məhkəməsinə mürаciət edərək, vergi ödəyicisi olan "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin (VÖEN: **********) dövlət büdcəsinə 19401,96 manat məbləğində (o cümlədən, vergilər üzrə 13731,91 manat, faizlər üzrə 5410,05 manat, maliyyə sanksiyası üzrə 260 manat), İşsizlikdən Sığorta Fonduna 626,69 manat, ümumilikdə 20028,65 manat məbləğində borcunun ödənilməsini təmin etmək üçün həmin hüquqi şəxsin icra orqanının rəhbəri olan Maraqlı şəxs ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi tələbini оnunlа əsаslаndırmışdır ki, vergi öhdəliklərini Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədiyi üçün xx.xx.2024-cü il tarixə vergi ödəyicisi olan "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin (VÖEN: **********) dövlət büdcəsinə 19401,96 manat məbləğində (o cümlədən, vergilər üzrə 13731,91 manat, faizlər üzrə 5410,05 manat, maliyyə sanksiyası üzrə 260 manat), İşsizlikdən Sığorta Fonduna 626,69 manat, ümumilikdə 20028,65 manat məbləğində borcu vardır. Yaranmış borc məbləğinin 5 gün ərzində dövlət büdcəsinə və müvafiq fonda ödənilməsi məqsədi ilə vergi ödəyicisinə Vergi Məcəlləsinin 65-ci maddəsinə əsasən bildiriş göndərilmiş, lakin vergi ödəyicisi yaranmış borc məbləğlərini ödəməmişdir. Bu səbəbdən qeyd olunan borc məbləğinin ödənilməsinin təmin edilməsi üçün həmin hüquqi şəxsin icra orqanının rəhbəri olan Maraqlı şəxs ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi qəbul edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi hüquqi nəticə ilə razılaşmayaraq qətnaməni əsassız hesab edirlər. Belə ki, 14 saylı Ərazi Vergilər İdarəsində vergi ödəyicisi kimi qeydiyyatda olan hüquqi şəxs "xxxx" MMC-nin (VÖEN: **********) dövlət büdcəsinə 19401,96 manat (vergilər üzrə 13731,91 manat, faizlər üzrə 5410,05 manat, maliyyə sanksiyası üzrə 260 manat) və İşsizlikdən Sığorta Fonduna 626,69 manat olmaqla ümumilikdə 20028,65 manat borcu vardır. Yaranmış borc məbləğinin 5 gün ərzində dövlət büdcəsinə və müvafiq fonda ödənilməsi məqsədi ilə vergi ödəyicisinə Vergi Məcəlləsinin 65-ci maddəsinə əsasən xx.xx.2024-cü il tarixli **********749000, xx.xx.2024-cü il tarixli **********669500, xx.xx.2024-cü il tarixli **********901500 nömrəli bildirişlər göndərilmiş, lakin vergi ödəyicisi yaranmış borc məbləğini ödəməmişdir. Bu baxımdan tərəfimizdən "xxxx" MMC-nin vergi öhdəliyinin yerinə yetirilməsinin üsulu kimi həmin hüquqi şəxsin icra orqanının rəhbəri olan Maraqlı şəxs ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə Gəncə Kommersiya Məhkəməsinə 30 iyul 2024-cü il tarixli 3-21-2-20/2-967/2024 nömrəli ərizə ilə müraciət edilmişdir. Gəncə Kommersiya Məhkəməsinin 04 sentyabr 2024-cü il tarixli e-2- 2(115)-1519/2024 nömrəli qətnaməsi ilə ərizə təmin edilməmişdir. Məhkəmə ərizənin rədd edilməsinin əsası kimi göstərmişdir ki, Maraqlı şəxs hazırda "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru, yəni icra orqanının rəhbəri olmadığından, vergi borcu olan hüquqi şəxsin icra orqanının rəhbəri kimi onun ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırıla bilməz. Birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi hüquqi nəticə ilə razılaşmır və 04 sentyabr 2024-cü il tarixli e-2-2(115)-1519/2024 nömrəli qətnaməni əsassız hesab edirlər. Birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi hüquqi nəticə ilə razılaşmırlar. Belə ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin ümumi yığıncağının 05 mart 2024-cü il tarixli qərarına əsasən cəmiyyətin rəhbəri Maraqlı şəxs təyin edilmişdir. Bu baxımdan 14 saylı Ərazi Vergilər İdarəsi "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin dövlət büdcəsinə 19401,96 manat (vergilər üzrə 13731,91 manat, faizlər üzrə 5410,05 manat, maliyyə sanksiyası üzrə 260 manat) və İşsizlikdən Sığorta Fonduna 626,69 manat olmaqla ümumilikdə 20028,65 manat borcunun olduğu və vergi öhdəliyinin yerinə yetirilməsinin üsulu kimi həmin hüquqi şəxsin icra orqanının rəhbəri olan Maraqlı şəxs ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə Gəncə Kommersiya Məhkəməsinə 30 iyul 2024-cü il tarixli 3-21-2-20/2-967/2024 nömrəli ərizə ilə müraciət etmişdir. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin icra orqanının rəhbəri olan Maraqlı şəxs ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə 14 saylı Ərazi Vergilər İdarəsinin ərizəsinə Gəncə Kommersiya Məhkəməsində baxılarkən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin ümumi yığıncağının 15 avqust 2024-cü il tarixli qərarı ilə cəmiyyətin rəhbəri X3 təyin edilmişdir. Bununla da, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti dövlət büdcəsi üzrə borcu ödəməklə bağlı qanunla müəyyən edilmiş vəzifəsinin icrasından yayınmışdır. Vergi ödəyicisi vergi öhdəliyini Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə, hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üsulu kimi vergi ödəyicisi olan fiziki şəxsin və ya hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması üçün məhkəməyə müraciət etmək Vergi Məcəlləsinin 23.1.15-3-cü maddəsinə əsasən vergi orqanlarının hüquqlarına aid edilmişdir. Bu baxımdan "xxxx" MMC-ninrəhbəri Maraqlı şəxs ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması ilə bağlı məhkəməyə müraciət etməkdə ərizəçi olaraq 14 saylı Ərazi Vergilər İdarəsi haqlı olmuşdur. Apellyasiya şikayəti üzrə izahatlar: Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq ərizəçinin nümayəndəsi və maraqlı şəxs məhkəmə iclasına gəlməmiş, gəlməmənin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikasının MPM-in 376.2-ci maddəsinə əsasən işə gəlməmiş şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Hüquqi məsələlər və əsaslandırma: Azərbaycan Respubilkasının MPM-in 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası işin halları barədə məruzəçi hakimin məruzəsini dinləyib, iş materiallarını apellyasiya şikayətinin dəlilləri əsasında tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin iş üzrə qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarında olan hüquqi şəxs haqqında məlumatdan görünür ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin rəhbəri Maraqlı şəxsdur. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəsmi saytından kommersiya qurumlarının dövlət reyestri məlumatları haqqında məlumatdan görünür ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin qanuni təmsilçisi X2r. İş mаteriаllarınа əlаvə edilmiş 14 saylı Ərazi Vergilər İdarəsi tərəfindən təqdim оlunmuş əvvəlki şəxsi hesab vərəqəsindən görünür ki, vergi ödəyicisi olan "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin (VÖEN: **********) xx.xx.2024-cü il tarixə dövlət büdcəsinə 19508,33 manat borcunun olması qeyd edilmişdir. İş mаteriаllarınа əlаvə edilmiş xx.xx.21024-cü il tarixli **********672600 nömrəli bildirişdən görünür ki, vergi ödəyicisinə borcun ödənilməsi barədə xəbərdarlıq edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəsmi saytından kommersiya qurumlarının dövlət reyestri məlumatları haqqında məlumatdan görünür ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin qanuni təmsilçisi X2r. Azərbaycan Respublikası Konstitusiyasının 73-cü maddəsinin İ hissəsinə əsasən qanunla müəyyən edilmiş vergiləri və başqa dövlət ödənişlərini tam həcmdə və vaxtında ödəmək hər bir kəsin borcudur. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 16.1.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş vergiləri, habelə bu Məcəllə ilə müəyyən edilmiş qaydada hesablanmış faizləri, tətbiq edilmiş maliyyə sanksiyalarını və digər məcburi ödənişləri ödəmək vergi ödəyicisinin vəzifələrindəndir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən vergi ödəyicisinin bu Məcəllədə göstərilən hallarda və qaydada müəyyən edilən vergini (o cümlədən cari vergi ödəmələrini) ödəmək vəzifəsi onun vergi öhdəliyi hesab olunur. Həmin Məcəllənin 77.3-cü maddəsinə əsasən vergi ödəyicisi vergi qanunvericiliyinin tələblərinə uyğun olaraq verginin ödənilməsini nəzərdə tutan şəraitin yarandığı andan vergi öhdəliklərinin yerinə yetirilməsi üçün cavabdehdir. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə vergi öhdəliklərinin yerinə yetirilməsi ödənilməli olan vergi məbləğinin müəyyən edilmiş müddətlərdə və qaydada ödənilməsidir. Vergi ödəyicisinin hesablarında və ya kassasında vəsaitin, habelə onun əmlakının olubolmamasından asılı olmayaraq vergi öhdəliklərinin yerinə yetirilməsi məcburidir. Həmin Məcəllənin 23.1 və 23.1.15-3-cü maddələrinə görə vergi ödəyicisi vergi öhdəliyini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə, hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üsulu kimi vergi ödəyicisi olan fiziki şəxsin və ya hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması üçün məhkəməyə müraciət etmək vergi orqanlarının hüquqlarındandır. Azərbaycan Respublikası MPM-in 355-5.1-ci maddəsinə əsasən vergi ödəyicisi vergi öhdəliyini Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə, hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üçün müvafiq icra hakimiyyəti orqanı fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə məhkəməyə müraciət etmək hüququna malikdir. Həmin Məcəllənin 355-7.1-ci maddəsinə əsasən vergi ödəyicisi olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında ərizə məhkəməyə təqdim olunduqdan sonra məhkəmə tərəfindən 10 gün müddətinə baxılır. Həmin Məcəllənin 355-7.3-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim ərizənin rədd edilməsi və ya təmin edilməsi barədə qətnamə qəbul edir. Birinci instansiya məhkəməsi gəldiyini nəticəni onunla əsaslandırmışdır ki, maraqlı şəxs borclu hüquqi şəxsin icra orqanının rəhbəri olmadığından, vergi borcu olan hüquqi şəxsin icra orqanının rəhbəri kimi onun ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırıla bilməz. Məhkəmə kollegiyası hesab edir ki, Maraqlı şəxs borclu hüquqi şəxsin icra orqanının rəhbəri olmadığından, məhkəmə ərizəni təmin etməməkdə və maraqlı şəxsin ölkədən getmək hüququnu müvəqqəti məhdudlaşdırmamaqda haqlı olmuşdur. Belə ki, MPM-in yuxarıda istinad olunan 355-5.1-ci maddəsinin məzmunundan da göründüyü kimi vergi ödəyicisi vergi öhdəliyini Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə, hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üçün müvafiq icra hakimiyyəti orqanı fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə məhkəməyə müraciət etmək hüququna malikdir. İşdəki sənədlərdən isə göründüyü kimi Maraqlı şəxs hazırda vergi ödəyicisi olan hüquqi şəxsin icra orqanının rəhbəri deyildir. Beləliklə kollegiyanın qənaətinə görə yuxarıda qeyd olunanlara əsasən ərizəçinin apellyasiya şikayətinin dəlilləri əsassız olmaqla mübahisələndirilən qətnamənin ləğvi üçün əsas deyildir. Azərbaycan Respublikası MPM-in 217.3-cü maddəsinə görə qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin iş üzrə qətnaməsi faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı, mahiyyəti üzrə düzgün olduğuna, apellyasiya şikayətinin dəlilləri isə əsassız olduğuna görə həmin şikayət təmin edilmədən, birinci instansiya məhkəməsinin iş üzrə qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-in 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 355-7.3, 372-376, 378-382, 384.0.1, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: Apellyasiya şikayəti təmin edilməsin. Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(115)-1519/2024 saylı qətnaməsi dəyişdirilmədən saxlansın. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetdə yerləşdirilməklə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamə şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar