Məhkəmə qərarları › İş №2-2(104)-221/2025

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(104)-221/2025

03.10.2025 · Xususi icraat - Vergi ödəyicisi olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında işlər üzrə icraat (xüsusi icraat)
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2-2(104)-221/2025 03.10.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası - hakimlər Rzaquliyev Şamil Qəhrəman oğlu (sədrlik edən və məruzəçi), Mehtiyev Fikrət Ədilşah oğlu və Məcidov Rüfət Azadəli oğlundan ibarət tərkibdə, Vəlizadə Vasif Etibar oğlunun katibliyi, Ərizəçi 12 saylı Ərazi Vergilər Baş İdarəsinin nümayəndəsi X1 və Maraqlı şəxs iştirakı ilə, Ərizəçi 12 saylı Ərazi Vergilər Baş İdarəsinin Maraqlı şəxs ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasınа dаir kommersiya işi üzrə Gəncə Kommesiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli e-2-2(115)-1577/2025 saylı qətnaməsindən ərizəçi tərəfindən verilmiş apellyasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Gəncə Kommesiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli e-2-2-(115)-1577/2025 saylı qətnaməsi ilə (hakim G.Quliyeva) ərizəçi 12 saylı Ərazi Vergilər Baş İdarəsinin Maraqlı şəxs ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasınа dаir ərizəsinin təmin edilməməsi qət edilmişdir. Ərizəçi 12 saylı Ərazi Vergilər Baş İdarəsi apellyasiya şikayəti verərək Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli e-2-2(115)-1577/2025 nömrəli qətnaməsinin ləğv edilməsi və Maraqlı şəxs ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırlması tələbinə dair ərizənin təmin edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İşin halları: Ərizəçi 12 saylı Ərazi Vergilər Baş İdarəsi ərizə ilə Gəncə Kommersiya Məhkəməsinə mürаciət edərək, vergi ödəyicisi olan Goranboy rayon Kooperativ Cəmiyyətinin Dövlət büdcəsinə 553,65 manat, Dövlət Sosial Müdafiə Fonduna 1212,47 manat, İşsizlikdən Sığorta Fonduna 66,62 manat, İcbari Tibbi Sığorta Fonduna 238,78 manat məbləğində borcunun ödənilməsini təmin etmək üçün hüquqi şəxsin icra orqanının rəhbəri Maraqlı şəxs ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi tələbini оnunlа əsаslаndırmışdır ki, vergi öhdəliklərini Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədiyi üçün xx.xx.2025-ci il tarixə vergi ödəyicisi olan Goranboy rayon Kooperativ Cəmiyyətinin (VÖEN: **********) İşsizlikdən Sığorta Fonduna 66,62 manat, İcbari Tibbi Sığorta Fonduna 238,78 manat, dövlət büdcəsinə 553,65 manat məbləğində (o cümlədən, vergilər üzrə 499,42 manat, faizlər üzrə 54,23 manat), Dövlət Sosial Müdafiə Fonduna 1212,47 manat olmaqla, ümumilikdə 2071,52 manat borcu vardır. Yaranmış borc məbləğinin 5 gün ərzində dövlət büdcəsinə və müvafiq fonda ödənilməsi məqsədi ilə vergi ödəyicisinə bildirişlər göndərilmiş, lakin vergi ödəyicisi yaranmış borc məbləğlərini ödəməmişdir. Odur ki, ərizənin təmin edilməsi bаrədə qətnаmə çıxаrılmаsını xаhiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi qəbul edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: Ərizəçi apellyasiya şikayətini əsaslandırmaq üçün göstərmişdir ki, birinci instansiya məhkəməsinin qətnaməsi əsassızdır. Belə ki, məhkəmə ərizələrini təmin etməməklə Goranboy rayon Kooperativ Cəmiyyətinin vergi öhdəliyinin yerinə yetirilməsi ilə bağlı qanunla müəyyən edilmiş vəzifəsinin icrasından yayınmasına şərait yaratmışdır. Məhkəmə ərizələri təmin etməməklə qanunvericiliklə vergi orqanlarına verilmiş vergi ödəyicisinin vergi öhdəliyinin icrası üsulu olan Maraqlı şəxs ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması ilə bağlı hüquqi imkanlarını səmərəsiz etmişdir. Qanunvericiliyin tələblərinə əsasən hüquqi şəxsin qeydiyyat ərizəsində göstərdiyi məlumatlarda hər hansı dəyişiklik baş verdikdə qanunla müəyyən edilmiş vaxtda təsdiqedici sənədlər əsasında qeydiyyat orqanına müraciət edilməli, qeydiyyat orqanı tərəfindən həmin dəyişiklik müvafiq qaydada qeydiyyata alınmalıdır. Qanunun tələbinə görə yalnız bu halda hüquqi şəxsin məlumatlarındakı hər hansı dəyişiklik qeydiyyata alınmış hesab edilir. X3 Məhkəməsi tərəfindən müəyyən olunmuş hallarından məlum olur ki, Maraqlı şəxsun Goranboy rayon Kooperativ Cəmiyyətinin rəhbəri vəzifəsindən azad edilməsi ilə bağlı dəyişiklik dövlət qeydiyyatına alınmamışdır. Belə ki, Maraqlı şəxs xx.xx.2025-ci il tarixdə cəmiyyətin rəhbəri vəzifəsindən azad edilməsi ilə bağlı müraciət məktubunu vergi orqanına göndərmiş, xx.xx.2025-ci il tarixli məktuba müvafiq təsdiqedci sənədlər əlavə edilməməsi səbəbindən tərəflərindən Goranboy rayon Kooperativ Cəmiyyətinin qeydiyyat məlumatlarında müvafiq dəyişikliyin qeydə alınmasından imtina olunmuşdur. Bununla əlaqədar xx.xx.2025-ci il tarixli 2-21-2-18/2-K-2xx-xx/2025 nömrəli imtina məktubu Maraqlı şəxs göndərilmişdir. Göründüyü kimi, Maraqlı şəxs Goranboy rayon Kooperativ Cəmiyyətinin rəhbəri vəzifəsindən azad edilməsinə dair hüquqi şəxsin qeydiyyat məlumatlarındakı dəyişiklik dövlət qeydiyyatına alınmamış və bununla bağlı proses başa çatmamışdır. Qeydiyyat-uçot məlumatlarında hələ də cəmiyyətin rəhbəri kimi Maraqlı şəxs adının qeyd olunması xüsusatına görə məhkəmənin gəldiyi mövqe əsaslı hesab edilə bilməz. Yuxarıda göstərilənlərə əsasən qeyd edilməlidir ki, Gəncə Kommersiya Məhkəməsinin qətnaməsi maddi hüquq normalarının pozulması ilə qəbul edildiyindən ləğv edilməlidir. . Apellyasiya şikayəti üzrə izahatlar: Məhkəmə kollegiyasının iclasında ərizəçi 12 saylı Ərazi Vergilər Baş İdarəsinin nümayəndəsi X2 apellyasiya şikayətinin dəlillərinə uyğun izahat şikayət verərək birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunması və ərizənin təmin olunmasına dair yeni qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında Maraqlı şəxs apellyasiya şikayətinin dəlillərinə etiraz edərək şikayətin təmin olunmamasını, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Hüquqi məsələlər və əsaslandırma: Azərbaycan Respubilkasının MPM-in 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası işin halları barədə məruzəçi hakimin məruzəsini, apellysiya şikayətinin dəlilləri ilə bağlı tərəflərin izahatlarını dinləyib, iş materiallarını apellyasiya şikayətinin dəlilləri əsasında tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin iş üzrə qətnaməsi ləğv edilməlii və ərizənin təmin edilməsinə dair yeni qətnamə çıxarılmalıdır. Belə ki, iş materiallarına əlavə edilmiş hüquqi şəxs haqqında məlumat cədvəlindən görünür ki, hüquqi şəxsin icra orqanının rəhbəri Maraqlı şəxsdur. İş mаteriаllarınа əlаvə edilmiş 12 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən təqdim оlunmuş sənədlərdən görünür ki, hüquqi şəxs Goranboy rayon Kooperativ Cəmiyyətinin dövlət büdcəsinə, Dövlət Sosial Müdafiə Fonduna, İşsizlikdən Sığorta Fonduna, İcbari Tibbi Sığorta Fonduna 2071,52 manat borcu var. İş mаteriаllarınа əlаvə edilmiş xx.xx.2025-ci il tarixli **********811200, xx.xx.2024-cü il tarixli **********775400, xx.xx.2025-ci il tarixli **********659000, xx.xx.2025-ci il tarixli **********153500 nömrəli bildirişlərdən görünür ki, vergi ödəyicisinə borcun ödənilməsi barədə xəbərdarlıq edilmişdir. İş materiallarına əlavə edilmiş şəxsiyyət vəsiqəsi haqqında elektron portaldan çıxarışdan görünür ki, Maraqlı şəxs doğum tarixi və yeri xx.xx.1997-ci il, ünvan 1 ünvanı Goranboy rayonu Səfikürd kəndidir. İş materiallarına əlavə edilmiş 30 may 2025-ci il tarixli idarə heyətinin qərarından görünür ki, Maraqlı şəxs öz ərizəsinə əsasən 30 may 2025-ci il tarixdən tutduğu vəzifədən azad edilməsi qərara alınmışdır. İş materiallarına əlavə edilmiş əmək kitabçasından görünür ki, Maraqlı şəxs xx.xx.2022-ci il tarixdə Goranboy rayon Kooperativ Cəmiyyətinin idarə heyətinin sədri vəzifəsinə təyin edilmiş, xx.xx.2025-ci il tarixdə öz xahişi ilə tutduğu vəzifədən azad edilmişdir. İş mаteriаllarınа əlаvə edilmiş 12 saylı Ərazi Vergilər Baş İdarəsinin Maraqlı şəxs ünvanladığı 3-21-2-18/2-K-2xx-xx/2025 saylı məktubdan görünür ki, vəzifədən azad edilmə barədə müraciət məktubu idarə tərəfindən xx.xx.2025-ci il tarixdə qeydiyyata alınmışdır Ərizəni təmin etməmiş birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, Goranboy rayon Kooperativ Cəmiyyətinin icra orqanının rəhbəri Maraqlı şəxs olmuş, o tutduğu vəzifədən hüquqi şəxsin 30 may 2025-ci il tarixli qərarı ilə azad edilmişdir. Maraqlı şəxs vergi orqanına icra orqanının rəhbəri vəzifəsindən azad edilməsi barədə məlumat vermiş, vergi orqanında həmin dəyişikliyin qeydə alınmasını xahiş etmişdir. Göründüyü kimi Maraqlı şəxs hazırda Goranboy rayon Kooperativ Cəmiyyətinin icra orqanın rəhbəri deyildir. Ona görə də hüquqi şəxsin borclarına görə hazırda icra orqanının rəhbəri olmayan Maraqlı şəxs ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasınа dаir vergi orqanının ərizəsi əsaslı sayıla və təmin edilə bilməz. Birinci instansiya məhkəməsinin gəldiyi həmin nəticə ilə razılaşmayan məhkəmə kollegiyası aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Konstitusiyasının 73-cü maddəsinin İ hissəsinə əsasən qanunla müəyyən edilmiş vergiləri və başqa dövlət ödənişlərini tam həcmdə və vaxtında ödəmək hər bir kəsin borcudur. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 16.1.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş vergiləri, habelə bu Məcəllə ilə müəyyən edilmiş qaydada hesablanmış faizləri, tətbiq edilmiş maliyyə sanksiyalarını və digər məcburi ödənişləri ödəmək vergi ödəyicisinin vəzifələrindəndir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən vergi ödəyicisinin bu Məcəllədə göstərilən hallarda və qaydada müəyyən edilən vergini (o cümlədən cari vergi ödəmələrini) ödəmək vəzifəsi onun vergi öhdəliyi hesab olunur. Həmin Məcəllənin 77.3-cü maddəsinə əsasən vergi ödəyicisi vergi qanunvericiliyinin tələblərinə uyğun olaraq verginin ödənilməsini nəzərdə tutan şəraitin yarandığı andan vergi öhdəliklərinin yerinə yetirilməsi üçün cavabdehdir. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə vergi öhdəliklərinin yerinə yetirilməsi ödənilməli olan vergi məbləğinin müəyyən edilmiş müddətlərdə və qaydada ödənilməsidir. Vergi ödəyicisinin hesablarında və ya kassasında vəsaitin, habelə onun əmlakının olubolmamasından asılı olmayaraq vergi öhdəliklərinin yerinə yetirilməsi məcburidir. Həmin Məcəllənin 23.1 və 23.1.15-3-cü maddələrinə görə vergi ödəyicisi vergi öhdəliyini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə, hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üsulu kimi vergi ödəyicisi olan fiziki şəxsin və ya hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması üçün məhkəməyə müraciət etmək vergi orqanlarının hüquqlarındandır. Azərbaycan Respublikası MPM-in 355-5.1-ci maddəsinə əsasən vergi ödəyicisi vergi öhdəliyini Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə, hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üçün müvafiq icra hakimiyyəti orqanı fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə məhkəməyə müraciət etmək hüququna malikdir. Həmin Məcəllənin 355-7.1-ci maddəsinə əsasən vergi ödəyicisi olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında ərizə məhkəməyə təqdim olunduqdan sonra məhkəmə tərəfindən 10 gün müddətinə baxılır. Həmin Məcəllənin 355-7.3-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim ərizənin rədd edilməsi və ya təmin edilməsi barədə qətnamə qəbul edir. Aparılmış məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, vergi öhdəliklərini Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədiyi üçün xx.xx.2025-ci il tarixə vergi ödəyicisi olan Goranboy rayon Kooperativ Cəmiyyətinin (VÖEN: **********) İşsizlikdən Sığorta Fonduna 66,62 manat, İcbari Tibbi Sığorta Fonduna 238,78 manat, dövlət büdcəsinə 553,65 manat məbləğində (o cümlədən, vergilər üzrə 499,42 manat, faizlər üzrə 54,23 manat), Dövlət Sosial Müdafiə Fonduna 1212,47 manat olmaqla, ümumilikdə 2071,52 manat borcu vardır. Yaranmış borc məbləğinin 5 gün ərzində dövlət büdcəsinə və müvafiq fonda ödənilməsi məqsədi ilə vergi ödəyicisinə bildirişlər göndərilmiş, lakin vergi ödəyicisi yaranmış borc məbləğlərini ödəməmişdir. Maraqlı şəxs xx.xx.2025-ci il tarixdə cəmiyyətin rəhbəri vəzifəsindən azad edilməsi ilə bağlı müraciət məktubunu vergi orqanına göndərmiş, xx.xx.2025-ci il tarixli məktuba müvafiq təsdiqedci sənədlər əlavə edilməməsi səbəbindən tərəflərindən Goranboy rayon Kooperativ Cəmiyyətinin qeydiyyat məlumatlarında müvafiq dəyişikliyin qeydə alınmasından imtina olunmuşdur. Bununla əlaqədar xx.xx.2025-ci il tarixli 2-21-2-18/2-K-2xx-xx/2025 nömrəli imtina məktubu Maraqlı şəxs göndərilmişdir. Göründüyü kimi, Maraqlı şəxs Goranboy rayon Kooperativ Cəmiyyətinin rəhbəri vəzifəsindən azad edilməsinə dair hüquqi şəxsin qeydiyyat məlumatlarındakı dəyişiklik dövlət qeydiyyatına alınmamış və bununla bağlı proses baş çatmamışdır, Məhkəmə kollegiyası hesab edir ki, hazırki halda Maraqlı şəxs Goranboy rayon Kooperativ Cəmiyyətinin rəhbəri vəzifəsindən azad olunması barədə təsdiqedici sənədlər vergi orqanı tərəfindən qeydə alınmadığından və cəmiyyətin dövlət büdcəsinə ödənilməmiş borcu olduğundan məhkəmə ərizəni təmin etməməkdə haqlı olmamışdır. Belə ki, işdən göründüyü kimi hüquqi şəxsin icra orqanının rəhbərinin dəyişdirilməsi ilə bağlı hüquqi şəxs yox, hazırkı iş üzrə Maraqlı şəxs müraciət etmiş, halbuki o, vergi ödəyicisi olan hüquqi şəxsə aidiyyətinin olmadığını bildirir. Kollegiya qeyd edir ki, hazırkı halda məhkəmə araşdırmasının predmetini yaranmış borcun vaxtında ödənilməməsinə görə vergi ödəyicisi olan hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması təşkil edir və onun ölkədən getmək hüququnun məhdudlaşdırılması dövlət büdcəsinə olan vergi borcunun yubadılmadan ödənilməsinə xidmət edir. Təsadüfi deyil ki, qanunla müəyyən edilmiş vergiləri və başqa dövlət ödənişlərini tam həcmdə və vaxtında ödəmək Azərbaycan Respublikasının Konstitusiyasında hər bir kəsin borcu kimi müəyyən edilmişdir. Azərbaycan Respublikası MPM-in 217.3-cü maddəsinə görə qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Odur ki, kollegiya ərizəçinin apellyasiya şikayətinin dəlilləri ilə razılaşır və hesab edir ki, birinci instansiya məhkəməsinin iş üzrə qətnaməsi ləğv edilərək, ərizənin təmin edilməsinə dair yeni qətnamə çıxarılmalıdır. Azərbaycan Respublikası MPM-in 384.0.2-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 355-7.3, 372-376, 378-382, 384.0.2, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: Apellyasiya şikayəti təmin edilsin. Gəncə Kommesiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli e-2-2-(115)-1577/2025 saylı qətnaməsi ləğv edilsin və yeni qətnamə çıxarılsın. Ərizə təmin edilsin. Vergi ödəyicisi olan Goranboy rayon Kooperativ Cəmiyyətinin (VÖEN:**********) dövlət büdcəsinə 553.56 manat, Dövlət Sosial Müdafiə Fonduna 1212.47 manat, İşsizlikdən Sığorta Fonduna 66.62 manat, İcbari Tibbi Sığorta Fonduna 238.78 manat olmaqla, ümumilikdə 2071.43 manat borcunun ödənilməsini təmin etmək üçün həmin hüquqi şəxsin icra orqanının rəhbəri olan Maraqlı şəxs (Şəxsiyyət vəsiqəsinin FİN nömrəsi xxxxxxx) ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılsın. Qətnamə dərhal icra edilsin. Ödənilməli olan 100 manat məbləğində dövlət rüsumu Maraqlı şəxs tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetdə yerləşdirməklə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamə şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar