Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2-2(104)-223/2025 02.10.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin Cavabdeh Əli oğluna qarşı iş üzrə X2 Rüfət Azadəli oğlu (sədrlik edən və məruzəçi), Rzaquliyev Şamil Qəhrəman oğlu və X1 ibarət tərkibdə, Məmmədov Xəzər Naitq oğlunun katibliyi ilə, İddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin (bundan sonra – iddiaçı) Cavabdeh Əli oğluna (bundan sonra cavabdeh) qarşı “pul” tələbinə dair iş üzrə Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2025ci il tarixli, e-2-2(115)-1133/2025 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. İddiaçı ilə Cavabdeh Əli oğlu arasında bağlanılmış, 18 avqust 2017-ci il tarixli “1662-GL/17” nömrəli lizinq müqaviləsinə əsasən lizinq verən ümumi məbləği 6100 manat olan kənd təsərrüfatı texnikalarını ilkin dəyərinin 40%-nə güzəşt tətbiq edilməklə qalıq dəyəri tam ödənildikdən və müvafiq sənədləşmə aparıldıqdan sonra lizinq alanın mülkiyyətinə verilməsi şərti ilə lizinqə verməyi öhdəsinə götürmüşdür. Lizinq alan isə texnikanın qalıq məbləğini ödəniş qrafikinə müvafiq olaraq ödəməyi öhdəsinə götürmüşdür.
2. İddiaçı ilə cavabdeh arasında bağlanılmış, 20 aprel 2018-ci il tarixli “501- L/18” nömrəli lizinq müqaviləsi ilə, lizinq verən ümumi məbləği 104400 manat olan kənd təsərrüfatı texnikalarını ilkin dəyərinin 40%-nə güzəşt tətbiq edilməklə qalıq dəyəri tam ödənildikdən və müvafiq sənədləşmə aparıldıqdan sonra lizinq alanın mülkiyyətinə verilməsi şərti ilə lizinqə verməyi öhdəsinə götürmüşdür. Lizinq alan isə texnikanın qalıq məbləğini ödəniş qrafikinə müvafiq olaraq ödəməyi öhdəsinə götürmüşdür.
3. "xxxx" Açıq Səhmdar Cəmiyyətinin fəaliyyətinin tənzimlənməsi ilə bağlı bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2020-ci il tarixli 1137 nömrəli Fərmanına əsasən "xxxx" ASC-nin adı dəyişdirilərək "xxxx" ASC adlandırılmış, "xxxx" ASC-nin kənd təsərrüfatı texnikasının, texnoloji avadanlığın, suvarma sistemləri dəsti və avadanlığın, damazlıq heyvanların kənd təsərrüfatı istehlakçılarına lizinq yolu ilə satılmasına dair qüvvədə olan lizinq müqavilələri üzrə hüquq və öhdəlikləri Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə ötürülmüşdür.
Birinci instansiya məhkəməsində icraat
4. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Gəncə Kommersiya Məhkəməsinə müraciət edərək, "xxxx" Açıq Səhmdar Cəmiyyətinə məxsus kənd təsərrüfatı texnikasının lizinqə verilməsi barədə "xxxx" ASC ilə Cavabdeh arasında bağlanmış 20 aprel 2018-ci il tarixli "501-L/18" nömrəli müqavilənin ləğv edilməsi və Cavabdeh 20 aprel 2018-ci il tarixli "501-L/18" nömrəli müqavilə üzrə 22752 manat qalıq borc, 3372,95 manat cərimə borcu olmaqla, cəmi 26124,95 manat, habelə "xxxx" Açıq Səhmdar Cəmiyyətinə məxsus kənd təsərrüfatı texnikasının lizinqə verilməsi barədə” "xxxx" ASC ilə Cavabdeh arasında bağlanmış 18 avqust 2017-ci il tarixli "1662-GL/17" nömrəli müqavilə üzrə 324 manat qalıq borc, 311,36 manat cərimə borcu olmaqla, cəmi 635,36 manat pul vəsaitinin iddiaçı Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
5. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, "xxxx" Açıq Səhmdar Cəmiyyətinə məxsus kənd təsərrüfatı texnikasının lizinqə verilməsi barədə” "xxxx" ASC ilə Cavabdeh arasında bağlanmış 20 aprel 2018-ci il tarixli “501-L/18” nömrəli və 18 avqust 2017-ci il tarixli “1662- GL/17” nömrəli müqavilələrə əsasən, borclu (lizinq alan) texnikanı ilkin ödəniş məbləği nəzərə alınmaqla qalıq məbləğini ödəniş qrafikinə uyğun ödəmək şərtilə lizinqə götürmüşdür. Cavabdeh müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməmişdir. Nəticədə cavabdehin maliyyə arayışının tərtib edildiyi xx.xx.2025-ci il tarixə 20 aprel 2018ci il tarixli “501-L/18” nömrəli müqavilə üzrə 22752 manat qalıq borc, o cümlədən 13068 manat gecikdirilmiş borc, 3372,95 manat cərimə borcu olmaqla, cəmi 26124,95 manat və 18 avqust 2017-ci il tarixli “1662-GL/17” nömrəli müqavilə üzrə 324 manat qalıq borc, o cümlədən 324 manat gecikdirilmiş borc, 311,36 (üç yüz on bir manat 36 qəpik) manat cərimə borcu olmaqla, cəmi 635,36 manat maliyyə borcu yaranmışdır. Cavabdehə öhdəliklərin yerinə yetirilməsi barədə dəfələrlə edilmiş xəbərdarlıqlara baxmayaraq, borclu tərəfindən ödənişlər yerinə yetirilməmişdir. Eyni zamanda Cavabdeh 20 aprel 2018-ci il tarixli "501-L/18" nömrəli müqavilə üzrə öhdəliklərini yerinə yetirmədiyinə görə həmin müqavilə ləğv edilməlidir. Cavabdeh öhdəliyi vaxtında icra etməməklə Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – Məcəllə) 427.3-cü, 442-ci və 445.2.1- ci maddələrinin tələblərini pozmuşdur. Belə ki, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Məcəllənin 442-ci maddələrinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Digər tərəfdən borclu öhdəliyi müəyyənləşdirilmiş müddətdə icra etmədikdə kreditor qarşısında məsuliyyət daşıyır.
6. Cavabdeh məhkəmə iclasında izahatında bildirmişdir ki, borcu göstərilən məbləğdən azdır, maddi cəhətdən çətinlikdən dolayı borcunu ödəyə bilməmişdir. Cərimə borcunun azaldılmasını məhkəmədən xahiş etmişdir.
7. Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilmiş, iddiaçının nümayəndəsi məhkəməyə müraciət edərək məhkəmə iclasının iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə Mülki Prosessual Məcəllənin 185.4-cü maddəsinə əsasən işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxmışdır.
8. Gəncə Kommersiya Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) xx.xx.2025-ci il tarixli, e-2-2(115)-1133/2025 nömrəli qətnaməsi (hakim Ramiq Qələndərzadə) ilə, iddianın qismən təmin edilməsi, "xxxx" Açıq Səhmdar Cəmiyyətinə məxsus kənd təsərrüfatı texnikasının lizinqə verilməsi barədə” "xxxx" ASC ilə Cavabdeh arasında bağlanmış 20 aprel 2018-ci il tarixli “501-L/18” nömrəli müqavilə ləğv edilməsi, Cavabdeh 20 aprel 2018-ci il tarixli “501-L/18” nömrəli müqavilə üzrə 22752 manat qalıq borc, 300 manat cərimə borcu olmaqla, cəmi 23052 manat, habelə "xxxx" Açıq Səhmdar Cəmiyyətinə məxsus kənd təsərrüfatı texnikasının lizinqə verilməsi barədə” "xxxx" ASC ilə Cavabdeh arasında bağlanmış 18 avqust 2017-ci il tarixli “1662-GL/17” nömrəli müqavilə üzrə 324 manat qalıq borc, 15 manat cərimə borcu olmaqla, cəmi 339 manat, ümumilikdə 23391 manat pul vəsaiti tutularaq iddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə ödənilməsi, Cavabdeh 160,17 manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilməsi, iddianın qalan hissədə rədd edilməsi qət edilmişdir.
9. Birinci instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, "xxxx" ASC ilə Cavabdeh Əli oğlu arasında bağlanılmış, 20 aprel 2018-ci il tarixli “501- L/18” nömrəli lizinq müqaviləsinə əsasən lizinq verən ümumi məbləği 104400 manat olan kənd təsərrüfatı texnikalarını ilkin dəyərinin 40%-nə güzəşt tətbiq edilməklə qalıq dəyəri tam ödənildikdən və müvafiq sənədləşmə aparıldıqdan sonra lizinq alanın mülkiyyətinə verilməsi şərti ilə lizinqə verməyi öhdəsinə götürmüşdür. Lizinq alan isə texnikanın qalıq məbləğini ödəniş qrafikinə müvafiq olaraq ödəməyi öhdəsinə götürmüşdür. İddiaçı tərəfindən müqavilə şərtləri yerinə yetirilərək müqavilənin spesifikasiyasında adı göstərilən kənd təsərrüfatı texnikaları cavabdehə lizinqə verilmişdir. Cavabdeh isə müqavilə üzrə üzərinə götürdüyü öhdəliyi lazımınca yerinə yetirməmiş və ödəniş qrafikinə əsasən ödənilməli məbləği vaxtı-vaxtında və tam həcmdə ödəməmişdir.
10. Həmçinin, "xxxx" ASC ilə Cavabdeh Əli oğlu arasında bağlanılmış, 18 avqust 2017-ci il tarixli “1662-GL/17” nömrəli lizinq müqaviləsinə əsasən lizinq verən ümumi məbləği 6100 manat olan kənd təsərrüfatı texnikalarını ilkin dəyərinin 40%-nə güzəşt tətbiq edilməklə qalıq dəyəri tam ödənildikdən və müvafiq sənədləşmə aparıldıqdan sonra lizinq alanın mülkiyyətinə verilməsi şərti ilə lizinqə verməyi öhdəsinə götürmüşdür. Lizinq alan isə texnikanın qalıq məbləğini ödəniş qrafikinə müvafiq olaraq ödəməyi öhdəsinə götürmüşdür. İddiaçı tərəfindən müqavilə şərtləri yerinə yetirilərək müqavilənin spesifikasiyasında adı göstərilən kənd təsərrüfatı texnikası cavabdehə lizinqə verilmişdir. Cavabdeh isə müqavilə üzrə üzərinə götürdüyü öhdəliyi lazımınca yerinə yetirməmiş və ödəniş qrafikinə əsasən ödənilməli məbləği vaxtı-vaxtında və tam həcmdə ödəməmişdir. Nəticədə cavabdehin 20 aprel 2018-ci il tarixli “501-L/18” nömrəli müqavilə üzrə 22752 manat, 18 avqust 2017-ci il tarixli “1662-GL/17” nömrəli müqavilə üzrə 324 manat əsas borcu qalmışdır. Bu səbəbdən həmin əsas borc məbləği cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.
11. Məhkəmə iddia tələbinin "xxxx" Açıq Səhmdar Cəmiyyətinə məxsus kənd təsərrüfatı texnikasının lizinqə verilməsi barədə” "xxxx" ASC ilə Cavabdeh arasında bağlanmış 20 aprel 2018-ci il tarixli “501-L/18" nömrəli müqavilənin ləğv edilməsi hissəsinə münasibətdə qeyd etmişdir ki, iddia tələbi həmin hissədə təmin olunmalıdır. Ümumi qaydaya görə lizinq müqaviləsi üzrə hüquq münasibətlərinə müqavilənin müddəti bitdikdə xitam verilir. Lakin, mülki qanunvericilikdə müddətin müəyyən edildiyi lizinq müqaviləsi üzrə hüquq münasibətlərinə vaxtından əvvəl də ləğv edilməsi imkan nəzərdə tutulmuşdur.
12. İddiaçı xx.xx.2025-ci il tarixdə elektron vergi kabineti vasitəsilə cavabdehə xəbərdarlıq məktubu göndərərək, müqavilə üzrə borcun ödənilməsini tələb etmiş, eyni zamanda müqavilənin ləğv edildiyini bildirmişdir. Hazırkı halda lizinq ödənişinin uzun müddət ödənilməməsi nəzərə alındığında qeyd olunan əsasla, yəni Mülki Məcəllənin 748- 1.12.4-cü maddəsinə müvafiq olaraq lizinq verənin müqaviləni vaxtından əvvəl ləğv etmək hüququnun dispozisiya şərtləri yaranmışdır və xx.xx.2025-ci il tarixdən lizinq müqaviləsi ləğv edilmiş hesab edilməlidir.
13. Cavabdeh müqavilə üzrə üzərinə düşən öhdəlikləri yerinə yetirməyərək ödəniş cədvəli ilə müəyyən edilən lizinq ödənişlərini vaxtı-vaxtında ödəməmişdir. Müqavilə tələbləri cavabdeh tərəfindən əhəmiyyətli dərəcədə pozulduğundan iddiaçı müqavilənin ləğv edilməsini tələb etməkdə haqlı olmuşdur. Ona görə də iddia tələbi həmin hissədə təmin edilərək "xxxx" Açıq Səhmdar Cəmiyyətinə məxsus kənd təsərrüfatı texnikasının lizinqə verilməsi barədə” "xxxx" ASC ilə Cavabdeh arasında bağlanmış 20 aprel 2018-ci il tarixli “501-L/18” nömrəli müqavilə ləğv edilməlidir.
14. Məhkəmə iddia tələbinin 20 aprel 2018-ci il tarixli “501-L/18” nömrəli müqavilə üzrə 3372,95 manat cərimə, 18 avqust 2017-ci il tarixli “1662-GL/17” nömrəli müqavilə üzrə 311,36 manat cərimə borcunun tutulması hissəsinə münasibətdə qeyd edir ki, iddia bu hissələrdə qismən təmin edilməlidir.
15. Həmçinin, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, cavabdeh lizinq predmetindən istifadə haqqını ödəməsə də, iddiaçı vaxtında məhkəməyə müraciət etməmiş, cərimənin artmasına şüurlu surətdə şərait yaratmışdır ki, hazırda tələb olunan cərimə məbləği əsas məbləğə münasibətdə tənasübsüz yüksəkdir.
16. Göründüyü kimi, tərəflər arasında bağlanmış müqavilənin şərtləri iddiaçı tərəfindən yerinə yetirilməyərək qrafik üzrə ödənişin bir dəfə aparılmamasından sonra üzərinə düşən hərəkətləri etməmiş və nəticədə dəbbə pulunun artmasına şüurlu surətdə şərait yaratmışdır. Bu səbəbdən də, dəbbə pulunun artmasında iddiaçının təqsirini, cavabdehin əmlak vəziyyətini nəzərə alaraq məhkəmə hesab etmişdir ki, cavabdehdən 20 aprel 2018-ci il tarixli “501-L/18” nömrəli müqavilə üzrə 300 manat cərimə, 18 avqust 2017-ci il tarixli “1662-GL/17” nömrəli müqavilə üzrə 15 manat cərimə borcu tutularaq iddiaçıya ödənilməli, iddia qalan hissədə rədd edilməlidir.
17. Məhkəmə həmin nəticəyə gələrkən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 6.2, 385.1, 386.1, 421.2, 442, 445.1, 445.2, 448.1, 448.2, 460, 462.1, 467, 747.1, 747-5.2, 748-1.12.4, 748-10.1 və 748-10.2-ci maddələrinə, Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 29 mart 2023-cü il tarixli Pelnumunun Qərarına istinad etmiş və prosessual hüquq norması kimi isə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 119.2, 216-220, 227, 233 və 360-cı maddələrinə istinad etmişdir.
18. Cavabdeh apellyasiya şikayəti ilə məhkəməyə müraciət edərək, birinci instansiya məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(115)-1133/2025 nömrəli qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməməsi barədə qətnamə edilməsini xahiş etmişdir.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri
a) Apellyasiya şikayətinin dəlilləri
19. Birinci instansiya məhkəməsi qətnaməsində maddi və prosessual hüquq normasının pozulması və ya düzgün tətbiq edilməməsi ilə qəbul edilmişdir. Belə ki, işə baxan məhkəmə yalnız iddiaçı cəmiyyətin təqdim etdiyi maliyyə arayışını əsas götürərək iddia tələbini təmin etmişdir. Banka olan borcundan ödədiyi məbləğlər nəzərə alınmamışdır. İş üzrə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmədən, borc məbləğini dəqiq müəyyən etmədən ondan yuxarı həddə pul tutulması qanunsuzdur. Borcunun dəqiq müəyyən edilməsi üçün iş üzrə məhkəmə-mühasibatlıq ekspertizası keçirilməlidir. Sadalananlara əsasən hesab edir ki, apelyasiya şikayəti təmin edilməli və sözügedən qətnamə ləğv edilməlidir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
20. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
Məhkəmə icraatı iştirakçılarının izahatları
21. İddiaçı və cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar olunmasına iddiaçı məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş, cavabdeh məhkəmə iclasına gəlməmiş və tərəflər bunun üzürlü səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxmışdır.
Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi
22. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
23. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
24. Maddə 390.1. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər.
25. Maddə 421.2. Tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur.
26. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.
27. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
28. Maddə 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur.
29. Maddə 445.1. İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır.
30. Maddə 445.2. Aşağıdakı hallar borclunun icranı gecikdirməsi sayılır: 445.2.1. öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi; 445.2.2. icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi.
31. Maddə 447.1. Əgər ikitərəfli müqavilənin bir tərəfi müqavilədən irəli gələn öhdəlikləri icra etmirsə, müqavilənin digər tərəfi öhdəliklərin icrası üçün təyin etdiyi əlavə müddət nəticəsiz qurtardıqdan sonra müqavilədən imtina edə bilər. Əgər öhdəliyin pozulması xarakteri əsas götürülməklə əlavə müddət tətbiq edilmirsə, xəbərdarlıq edilməsi əlavə müddət təyin olunmasına bərabər tutulur. Əgər öhdəliyin yalnız bir hissəsi icra edilməmişsə, kreditor müqavilədən yalnız öhdəliyin qalan hissəsinin icrasına marağını itirdiyi halda imtina edə bilər.
32. Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.
33. Maddə 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz.
34. Maddə 462.1. Dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir.
35. Maddə 465.2. Əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Əgər kreditorun lazımınca icra etməmək nəticəsində dəyən zərərin əvəzinin ödənilməsi hüququ varsa, kreditor onun ödənilməsini tələb edə bilər. Əgər kreditor icranı qəbul etmişsə, cərimənin tutulmasını yalnız icranı qəbul edərkən bu hüququ özündə saxlamış olduğu halda tələb edə bilər.
36. Maddə 747.1. Lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur.
37. Maddə 748-1.1. Lizinq verən lizinq obyekti olan əmlakı lizinq alana lizinq müqaviləsinin şərtlərinə və həmin əmlakın təyinatına uyğun halda (vəziyyətdə) təqdim etməlidir.
38. Maddə 748-1.2. Lizinq alan əmlakı qəbul edərkən hər hansı bir satışmazlıq aşkar edərsə, qəbul protokolunda bu barədə qeyd etməli və çatışmazlıqları aradan qaldırmaq məqsədilə bu əmlakı satan hüquqi və ya fiziki şəxslər qarşısında tələb irəli sürmək üçün lizinq verənə məlumat verməlidir.
39. Maddə 748-1.3. Lizinq alan bilavasitə lizinq obyektinin satıcısı qarşısında bu obyektin keyfiyyət və komplektliyi, göndərilmə müddətləri barədə və satıcı ilə lizinq verənin arasında alğısatqı müqaviləsi ilə nəzərdə tutulan digər tələbləri irəli sürə bilər.
40. Maddə 747-5.2. Lizinqlə əlaqədar bağlanılan alqı-satqı müqaviləsində, bu Məcəllə ilə nəzərdə tutulmuş şərtlərlə yanaşı, lizinq obyektinin lizinq verən tərəfindən xüsusi olaraq lizinqə verilmək üçün əldə edilməsi, lizinq müqaviləsində ayrı hal nəzərdə tutulmayıbsa, lizinq alanın lizinq obyektinin satıcısı ilə lizinq verən arasında bağlanılan alqı-satqı müqaviləsindən irəli gələn alıcı hüquqlarına malik olması göstərilməlidir.
41. Maddə 748-1.12.4. Lizinq alan lizinq obyektindən istifadə üçün haqqı müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmirsə lizinq verənin pul məbləğlərini və lizinq obyektini mübahisəsiz geri almaq və bununla da lizinq müqaviləsini vaxtından əvvəl ləğv etmək hüququ vardır
42. Maddə 748-10.1. Lizinq müqaviləsinin qüvvədə olduğu müddət ərzində həmin müqavilə üzrə ödənişlərin ümumi məbləği lizinq ödənişləri hesab edilir. Lizinq ödənişləri lizinq müqaviləsi üzrə lizinq alana verilmiş lizinq obyektindən istifadəyə görə onun tərəfindən lizinq verənin xeyrinə həyata keçirilən ödənişlərdir.
43. Maddə 748-10.2. Lizinq ödənişlərinin məbləği, həyata keçirilməsi üsulu, forması və dövriliyi lizinq müqaviləsinə uyğun olaraq Məcəllənin müddəaları nəzərə alınmaqla həyata keçirilir.
Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi
44. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
45. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
46. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
47. Maddə 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir.
48. Maddə 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır.
49. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
50. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
51. Maddə 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
Apellyasiya baxışının hədləri
52. MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
53. MPM-nin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
54. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Kontitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli qərarında deyilir ki, «Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədlərini həmçinin dispozitivlik prinsipinin mahiyyətini təşkil edən “məhkəmə tərəflərin irəli sürdüyü tələblərdən kənara çıxmamalıdır” tələbi müəyyən edir. Bu tələb məhkəmənin qətnaməsindən şikayət verilməsi mərhələsində “nə qədər şikayət - o qədər qərar” qaydasına çevrilir».
55. Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası (bundan sonra – Məhkəmə) qeyd edir ki, cavabdeh qətnamənin ləğv edilməsini xahiş etsə də, qətnamənin yalnız borcun məbləğ hissəsini mübahisələndirir. Odur ki, məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-ci maddəsinin tələbindən çıxış edərək qətnamənin əsaslılığını cavabdehə münasibətdə mübahisələndirlən hissədə yoxlamışdır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
56. Məhkəmə hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur.
57. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən maddi və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
58. Məhkəmə aşağıdakılara əsasən hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(115)- 1133/2025 nömrəli qətnaməsi Cavabdeh Əli oğluna münasibətdə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.
59. Belə ki, işin faktiki hallarından görünür ki, iddiaçı ilə cavabdeh arasında bağlanılmış, 20 aprel 2018-ci il tarixli “501- L/18” nömrəli lizinq müqaviləsinə əsasən lizinq verən ümumi məbləği 104400 manat olan kənd təsərrüfatı texnikalarını ilkin dəyərinin 40%-nə güzəşt tətbiq edilməklə qalıq dəyəri tam ödənildikdən və müvafiq sənədləşmə aparıldıqdan sonra lizinq alanın mülkiyyətinə verilməsi şərti ilə lizinqə verməyi öhdəsinə götürmüşdür. Lizinq alan isə texnikanın qalıq məbləğini ödəniş qrafikinə müvafiq olaraq ödəməyi öhdəsinə götürmüşdür. İddiaçı tərəfindən müqavilə şərtləri yerinə yetirilərək müqavilənin spesifikasiyasında adı göstərilən kənd təsərrüfatı texnikaları cavabdehə lizinqə verilmişdir. Cavabdeh isə müqavilə üzrə üzərinə götürdüyü öhdəliyi lazımınca yerinə yetirməmiş və ödəniş qrafikinə əsasən ödənilməli məbləği vaxtı-vaxtında və tam həcmdə ödəməmişdir. Həmçinin, iddiaçı ilə cavabdeh arasında bağlanılmış, 18 avqust 2017-ci il tarixli “1662-GL/17” nömrəli lizinq müqaviləsinə əsasən lizinq verən ümumi məbləği 6100 manat olan kənd təsərrüfatı texnikalarını ilkin dəyərinin 40%-nə güzəşt tətbiq edilməklə qalıq dəyəri tam ödənildikdən və müvafiq sənədləşmə aparıldıqdan sonra lizinq alanın mülkiyyətinə verilməsi şərti ilə lizinqə verməyi öhdəsinə götürmüşdür. Lizinq alan isə texnikanın qalıq məbləğini ödəniş qrafikinə müvafiq olaraq ödəməyi öhdəsinə götürmüşdür. İddiaçı tərəfindən müqavilə şərtləri yerinə yetirilərək müqavilənin spesifikasiyasında adı göstərilən kənd təsərrüfatı texnikası cavabdehə lizinqə verilmişdir. Cavabdeh isə müqavilə üzrə üzərinə götürdüyü öhdəliyi lazımınca yerinə yetirməmiş və ödəniş qrafikinə əsasən ödənilməli məbləği vaxtı-vaxtında və tam həcmdə ödəməmişdir. Nəticədə cavabdehin 20 aprel 2018-ci il tarixli “501-L/18” nömrəli müqavilə üzrə 22752 manat, 18 avqust 2017-ci il tarixli “1662-GL/17” nömrəli müqavilə üzrə 324 manat əsas borcu qalmışdır.
60. Məhkəmənin qeyd edir ki, tərəflər arasında yaranmış hüquq münasibətləri lizinq müqaviləsi üzrə yaranan mülki münasibətlərdir. Ona görə də işin hallarına lizinqlə bağlı qanunvericiliyin və tərəflər arasında bağlanmış lizinq müqaviləsinin müddəalarına əsasən hüquqi qiymət verilməlidir.
61. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.2.1-ci maddəsinə əsasən, qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biridir. Həmin Məcəllənin 386.1-ci maddəsinin tələbinə görə öhdəliyin əmələ gəlməsinin əsaslarından biri tərəflər arasında müqavilənin olmasıdır.
62. Bu baxımdan tərəflər arasında bağlanmış və yuxarıda göstərilən lizinq müqaviləsi iddia tələbi üzrə cavabdehin hüquq və öhdəliklərinin yaranması üçün Mülki Məcəllənin 14.2.1 və 386.1-ci maddələrində göstərilən hüquqi əsasları təşkil edir.
63. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 747.1-ci maddəsində lizinq müqaviləsinin anlayışı müəyyən edilərək göstərilir ki, lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur.
64. Həmin Məcəllənin 748-1.5-ci maddəsində deyilir ki, lizinq müqaviləsi qanuni qüvvəyə mindikdə lizinq alanın (müvafiq olaraq lizinq verənin lizinq verəndən (müvafiq olaraq lizinq alandan) lizinq müqaviləsi üzrə öhdəliklərinin yerinə yetirilməsini tələb etmək və onların yerinə yetirilmədiyi təqdirdə lizinq obyektinin qəbuluna hazırlıq zamanı vurulmuş zərərin, əgər bu hazırlıq üçün bilavasitə xərc çəkilibsə, lizinq verən (müvafiq olaraq lizinq alan) tərəfindən ödənilməsini məhkəmə yolu ilə tələb etmək hüququ vardır.
65. Mülki Məcəllənin 748-10.2-ci maddəsinə əsasən, lizinq ödənişlərinin məbləği, həyata keçirilməsi üsulu, forması və dövriliyi lizinq müqaviləsinə uyğun olaraq bu Məcəllənin müddəaları nəzərə alınmaqla həyata keçirilir.
66. İddia tələbinin yuxarıda göstərilən hüquqi əsaslarının mübahisəyə tətbiq edilməsi üçün məhkəmə ilk növbədə müqavilə üzrə öhdəliklərin lizinq alan tərəfindən lazımi qaydada icra edilməməsinin səbəbini araşdıraraq hesab edir ki, onun tərəfindən ödəniş aparılmaması hər hansı qarşısı alınmaz qüvvənin təsiri altında yaranmış halla bağlı deyildir.
67. İş materialları ilə müəyyən edilir ki, lizinqalan tərəfindən müqavilələr üzrə ödənişlər mütəmadi olaraq edilməmiş, eyni zamanda edilmiş xəbərdarlığa məhəl qoyulmamışdır. Bu səbəbdən isə lizinqverənin geri qalan borcu tələb etmək hüququ yaranmışdır.
68. Məhkəmə qeyd edir ki iddiaçı xx.xx.2025-ci il tarixdə elektron vergi kabineti vasitəsilə cavabdehə xəbərdarlıq məktubu göndərərək, müqavilə üzrə borcun ödənilməsini tələb etmiş, eyni zamanda müqavilənin ləğv edildiyini bildirmişdir. Bu xəbərdarlıqla iddiaçı öz iradəsini açıq şəkildə ifadə edərək müqavilə öhdəliklərinin pozulmasına istinad etmiş və kreditor kimi müqavilədən imtina etmə hüququnu həyata keçirmişdir.
69. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 29 mart 2023-cü il tarixli qərarına əsasən, Mülki Məcəllənin 421.2-ci maddəsində nəzərdə tutulmuş əsaslar üzrə müqavilənin ləğv edilməsi həmin Məcəllənin 421.3-cü maddəsinə uyğun olaraq birtərəfli iradə ifadəsi ilə məhkəmədən kənar qaydada baş verir. İradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqavilə ləğv edilmiş hesab edilir və bu ləğvetmənin həyata keçirilməsinin ümumi formasıdır. İkitərəfli müqavilələr üzrə öhdəliyin pozulması halında kreditor Mülki Məcəllənin 447.1-ci maddəsinə uyğun olaraq müqavilədən imtina etməklə ona xitam verə bilər. Müqavilədən imtina barədə iradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqaviləyə xitam verilmiş sayılır.
70. Azərbaycan Respublikası MM-nin 421.2-ci maddəsinə görə, müqavilə yalnız qanunda və ya müqavilədə nəzərdə tutulmuş hallarda birtərəfli qaydada ləğv edilə bilər.
71. 421.3-cü maddəsinə əsasən isə, müqavilənin birtərəfli qaydada ləğvi barədə iradə ifadəsi qarşı tərəfə bildirildiyi andan müqavilə ləğv edilmiş hesab olunur.
72. Göründüyü kimi, iddiaçı xx.xx.2018-ci il tarixli müqavilənin ləğvinə dair iradə ifadəsini cavabdehə bildirmiş və tərəflər arasında bağlanmış lizinq müqaviləsi ləğv edilmişdir. Lakin buna baxmayaraq cavabdehin ödənilməmiş öhdəliyi mövcud olmuşdur ki, iddiaçı həmin borc məbləğini tələb etməkdə haqlı olmuşdur.
73. Apellyator birinci instansiyası məhkəməsinin iclasında borcunun göstərilən məbləğdən az olmasını, maddi cəhətdən çətinlikdən dolayı borcunu ödəyə bilməməsini bildirmiş və cərimə borcunun azaldılmasını məhkəmədən xahiş etsə də birinci instansiyası məhkəməsinə borcundan ödənişləri təsdiq edən sübutları təqdim etməmişdir.
74. Apellyator eyni zamanda apellyasiya şikayətində banka ödədiyi məbləğlərin nəzərə alınmadığını iddia etsə də hazırki iş üzrə kredit borcu deyil, lizinq borcu mübahisə predmetidir.
75. Eyni zamanda cavabdeh apellyasiya şikayətində borcunun ondan tutulmuş məbləğdən az olmasını iddia etsə də apellyasiya instansiyası məhkəməsinə borcundan edilmiş ödənişlərə dair sübut təqdim etməmişdir.
76. Apellyasiya şikayətinin digər dəlillərinə gəldikdə isə məhkəmə aşağıdakı halları qeyd edir.
77. Apellyatorun ekspertiza təyin edilməsi barədə dəlili ilə bağlı məhkəmə göstərir ki, ekspertiza təyin edilməsi üçün əsaslar yoxdur.
78. Çünki, cavabdeh tərəfindən lizinq müqaviləsi üzrə ödəniş etdiyinə dair hər hansı bir sübut (ödəniş qəbzləri, mədaxil orderləri və s.) məhkəmələrə təqdim etməmişdir.
79. Halbuki, Mülki Məcəllənin 433.3-cü maddəsinə əsasən, öhdəliyin icrası zamanı borclu icranı kreditorun özünün və ya ixtiyarlı şəxsin qəbul etməsinə dair sübutların təqdim olunmasını tələb edə bilər və bu cür tələb irəli sürülməməsi nəticələrinin riskini daşıyır.
80. Eyni zamanda məhkəmə onu da qeyd edir ki, apellyator borcun düzgün hesablanmadığını bildirsə də, buna əsas verəcək dəlilləri, yəni etdiyi hansı ödənişin nəzərə alınmamasını şikayətində göstərməmiş, ümumiyyətlə ekspertiza təyin olunması zərurətini yetərincə əsaslandıra bilməmişdir. İddiaçının təqdim etdiyi maliyyə arayışında əksini tapmış məlumatlar müqavilə şərtləri, ödəniş qrafiki və cavabdehin ödədiyi vəsaitlərə dair şəxsi hesabı əsasında təhlil olunduqda görünür ki, hesablanmış əsas borc məbləğini şübhə altına almağa əsas yoxdur.
81. Məhkəmə xatırladır ki, MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
82. Həmçinin, apellyator birinci instansiya məhkəməsinin iclasında iştirak etmiş və ekspertiza təyin edilməsi barədə vəsatət verməmişdir. Bu səbəbdən məhkəmə onun bu dəlilini ağlabatan hesab etmir. Məhkəmə göstərir ki, ekspertiza təyin edilməsi barədə dəlil formal olmaqla borcun ödənilməsini yubatmaq xarakteri daşıyır.
83. Eyni zamanda, lizinqverənin cərimə borcunu tələb etməsi göstərilənlərə əsasən qanunidir.
84. Cərimə məbləğinin ödənilməsinin hüquqi əsaslarını müəyyən edən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir.
85. Həmin Məcəllənin 467-ci maddəsində göstərilir ki, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir.
86. Məhkəmə dəbbə pulu ilə bağlı gəldiyi nəticəni daha ətraflı işıqlandırmaq üçün qeyd edir ki, öhdəliklərin icrasının təmin edilməsinin xüsusi vasitələrindən biri kimi dəbbə pulu çıxış edir. Müqavilə üzrə borcalanın əsas vəzifəsi ödənişləri vaxtında etməkdən ibarətdir. Dəbbənin hüquqi mahiyyəti ondan ibarətdir ki, dəbbə, borclu tərəfindən öhdəliyin pozulması zamanı qanunda və müqavilədə nəzərdə tutulmuş hallarda tətbiq edilən maddi təsir tədbiri, yəni pul tənbehi kimi çıxış edir. Bu cür tənbeh tətbiq etmənin məqsədi, maddi sanksiyanı tətbiq etməklə tərəfi öhdəliyini icra etməyə məcbur etməkdir. Bu tənbeh, borclunun mülkiyyət hüquqlarına təsirsiz ötmür və dəbbə pulu tələbi müəyyən dərəcədə borclunun mülkiyyətinə müdaxiləni ifadə edir. Nəzərə alınmalıdır ki, dəbbə pulu ilə bağlı tələb həll edilərkən, borclu şəxsin də mülkiyyət maraqları qorunmalı və onun həddən artıq maliyyə məsuliyyətinə cəlb olunmasının qarşısı alınmalıdır.
87. Bu baxımdan məhkəmə qeyd edir ki, dəbbə pulunun ödənilməsi barədə razılaşma tərəflər arasında bağlanan müqavilələrin 4.2-ci bəndində nəzərdə tutulduğundan birinci instansiya məhkəməsi düzgün olaraq cavabdehə cərimə borcunun hesablanmasının mümkünlüyü barədə nəticəyə gəlmiş, eyni zamanda işin hallarını nəzərə alaraq, cərimə məbləğini əsas borca münasibətdə ağlabatan və ədalətli olaraq 300 və 15 manat məbləğdə müəyyən etmişdir. Məhkəmə hesab edir ki, qeyd olunan məbləğdə dəbbə pulu işin hallarına görə tənasübsüz dərəcədə yüksək sayıla bilməz.
88. Azərbaycan Respublikasının Konstitusiyasının 125-ci maddəsinin Vİİ bəndində göstərilmişdir ki, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir.
89. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-nın xx.xx.2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 31 may 2006-cı il tarixli qərarında göstərmişdir ki, «mülki-prosessual qanunvericiliyin göstərilən müddəalarından irəli gələrək məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır».
90. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən maddi və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
91. Məhkəmə qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apellyasiya şikayəti təmin olunmamalı, birinci instansiya məhkəməsinin qətnaməsi cavabdehə münasibətdə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.
92. Məhkəmə həmçinin qeyd edir ki, Mülki Prosessual Məcəllənin 402.1-ci maddəsinin tələbinə görə hazırki qətnamədən cavabdeh tərəfindən kassasiya şikayəti verilə bilər.
93. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 10-1, 372.1, 382, 384.0.1, 385.2, 392, 393, 402, 404, 404 və 405-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə
qət etdi : Cavabdeh Əli oğlu tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(115)-1133/2025 nömrəli qətnaməsi Cavabdeh Əli oğluna münasibətdə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.