Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2-2(104)-226/2023 06.10.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının hakimləri - Hüseynzadə Afiq Hüseyn oğlu (sədrlik edən və məruzəçi), Rzaquliyev Şamil Qəhrəman oğlu və Həsənov İslam Telman oğlundan ibarət tərkibdə, Məmmədov Elvin İsrayıl oğlunun katibliyi, ərizəçi Dövlət Vergi Xidmətinin 11 saylı Ərazi Vergilər Baş İdarəsinin nümayəndəsi X1 iştirakı ilə, Ərizəçi Dövlət Vergi Xidmətinin 11 saylı Ərazi Vergilər Baş İdarəsinin Maraqlı şəxs qarşı “ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması” tələbinə dair kommersiya işi üzrə Gəncə Kommersiya Məhkəməsinin 08 avqust 2023-cü il tarixli, e-2- 2(115)-1098/2023 saylı qətnaməsindən ərizəçi Dövlət Vergi Xidmətinin 11 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Birinci instansiya məhkəməsində icraat: Ərizəçi Dövlət Vergi Xidmətinin 11 saylı Ərazi Vergilər Baş İdarəsi ərizə ilə məhkəməyə mürаciət edərək, vergi ödəyicisi olan “TUFAN-66" Məhdud Məsuliyyətli Cəmiyyətinin dövlət büdcəsinə 24711,89 manat borcunun ödənilməsini təmin etmək üçün həmin hüquqi şəxsin icra orqanının rəhbəri olan Maraqlı şəxs ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi tələbini оnunlа əsаslаndırmışdır ki, vergi öhdəliklərini Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədiyi üçün xx.xx.2023-cü il tarixə vergi ödəyicisi olan “TUFAN66" Məhdud Məsuliyyətli Cəmiyyətinin (VÖEN: **********) dövlət büdcəsinə 24711,89 manat borcu vardır. Yaranmış borc məbləğinin 5 gün ərzində dövlət büdcəsinə ödənilməsi məqsədi ilə vergi ödəyicisinə bildiriş göndərilmiş, lakin vergi ödəyicisi yaranmış borc məbləğini ödəməmişdir. Odur ki, ərizənin təmin edilməsi bаrədə qətnаmə çıxаrılmаsını xаhiş etmişdir. Gəncə Kommersiya Məhkəməsinin 08 avqust 2023-cü il tarixli, 2-2(115)-1098/2023 saylı qətnaməsi ilə (hakim G.Quliyeva) ərizənin təmin edilməməsi qət edilmişdir. İşdə olan sübutlar: Hüquqi şəxs haqqında məlumat cədvəlindən görünür ki, “TUFAN66" Məhdud Məsuliyyətli Cəmiyyətinin rəhbəri Maraqlı şəxsdur. xx.xx.2023-cü il tarixli, **********700800 nömrəli bildirişdən görünür ki, vergi ödəyicisinə borcunun ödənilməsi barədə bildiriş göndərilmişdir. Şəxsi hesab vərəqəsindən çıxarışdan görünür ki, ərizədə qeyd olunan 24711,89 manat məbləğ Gəncə İnzibati Məhkəməsinin 18 aprel 2023-cü il tarixli, 2-1(114)- 1600/2023 saylı qərarına əsasən borclunun əmlakının hərracdan satılması yolu ilə ödənilməsi qərara alınan borcdur. Gəncə İnzibati Məhkəməsinin 18 aprel 2023-cü il tarixli 2-1(114)- 1600/2023 saylı qərarından görünür ki, 11 saylı Ərazi Vergilər Baş İdarəsi cavabdeh “TUFAN66" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı xx.xx.2023-cü il tarixdə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehin xx.xx.2022-ci il tarixə dövlət büdcəsinə ödənilməmiş 38694,42 manat borcunun ödənilməsinin təmin edilməsi məqsədilə ******* manat məbləğində siyahıya alınmış əmlakının açıq hərracda satılması barədə qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmənin qərarı ilə iddia təmin edilmiş, “TUFAN-66" Məhdud Məsuliyyətli Cəmiyyətinin dövlət büdcəsinə ödənilməmiş 38694,42 manat borcunun ödənilməsinin təmin edilməsi məqsədilə ona məxsus ******* manat məbləğində siyahıya alınmış əmlak (Bərdə rayonu Güloğlular kəndində yerləşən ümumi sahəsi 358000,5 kv.m əsas, 892,7 kv.m köməkçi sahədən ibarət əmlak kompleksi (Bərdə ticarət mərkəzi)) ixtisaslaşdırılmış açıq hərracda satılması, satışdan əldə olunan vəsaitin qalan hissəsinin vergi ödəyicisinin yeni borcu yaranmadıqda 3 bank günü ərzində vergi ödəyicisinə qaytarılması qərara alınmışdır. Şəxsi hesab vərəqəsindən görünür ki, ərizəçinin tələbinə görə maraqlı şəxsin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına əsas verən 24711,89 manat borc məbləği, 25 iyul 2023-cü il tarixdən 25 sentyabr 2023-cü il tarixədək aralığında olan 8500 manat ödəniş edilməsi ilə əlaqədar azalaraq, 17211,89 manat təşkil edir. Apellyasiya şikayətinin dəlilləri. Gəncə Kommersiya Məhkəməsinin 08 avqust 2023-cü il tarixli, 2-2(115)-1098/2023 saylı qətnaməsindən ərizəçi Dövlət Vergi Xidmətinin 11 saylı Ərazı Vergilər Baş İdarəsi tərəfindən apellyasiya şikayəti verərək, Gəncə Kommersiya Məhkəməsinin 08 avqust 2023-cü il tarixli, 2-2(115)-1098/2023 saylı qətnaməsinin ləğv edilməsi, ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, işə baxan birinci instansiya məhkəməsi mübahisənin ədalətli həlli üçün zəruri olan mühüm xüsusatları nəzərdən qaçırmış, məhkəmə baxışı zamanı qanunvericiliyin tələblərini tam araşdırmamış, maddi və prosessual hüquq normalarını yanlış tətbiq etməklə ərizənin təmin edilməməsi barədə qanuni və əsaslı olmayan qətnamə qəbul etmişdir. Belə ki, Gəncə Kommersiya Məhkəməsinin qətnaməsində qeyd edilmişdir ki, işdə olan Gəncə İnzibati Məhkəməsinin 18 aprel 2023-cü il tarixli 2-1(114)-1600/2023 saylı qərarından görünür ki, 11 saylı Ərazi Vergilər Baş İdarəsi cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı xx.xx.2023-cü il tarixdə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehin xx.xx.2022-ci il tarixə dövlət büdcəsinə ödənilməmiş 38694,42 manat borcunun ödənilməsinin təmin edilməsi məqsədilə ******* manat məbləğində siyahıya alınmış əmlakının açıq hərracda satılması barədə qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmənin qərarı ilə iddia təmin edilmiş, “TUFAN-66" Məhdud Məsuliyyətli Cəmiyyətinin dövlət büdcəsinə ödənilməmiş 38694,42 manat borcunun ödənilməsinin təmin edilməsi məqsədilə ona məxsus ******* manat məbləğində siyahıya alınmış əmlak (Bərdə rayonu Güloğlular kəndində yerləşən ümumi sahəsi 358000,5 kv.m əsas, 892,7 kv.m köməkçi sahədən ibarət əmlak kompleksi (Bərdə ticarət mərkəzi)) ixtisaslaşdırılmış açıq hərracda satılması, satışdan əldə olunan vəsaitin qalan hissəsinin vergi ödəyicisinin yeni borcu yaranmadıqda 3 bank günü ərzində vergi ödəyicisinə qaytarılması qərara alınmışdır. Göründüyü kimi adı çəkilən qərarla yaranmış borcun ödənilməsi borclunun siyahıya alınmış əmlakı (borcdan dəfələrlə artıq məbləğdə olan əmlakı) hesabına ödənilməsi qərara alınmışdır. Eyni borc məbləğinin ödənilməsi üçün hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə də ərizə verilmişdir. Bundan başqa məhkəmə qeyd edir ki, hüquqi şəxsə aid şəxsi hesab vərəqəsindən görünür ki, vergi ödəyicisi mütəmadi olaraq dövlət büdcəsinə ödənişlər etmişdir ki, vergi orqanı onun dövlət büdcəsinə olan borcuna görə (əmlaka yönəldilmiş məbləğ istisna olmaqla) icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə ərizə verməmişdir. Qeyd etmək lazımdır ki, qanunvericilikdə vergi öhdəliyinin təmin edilməsi ilə bağlı vergi orqanlarının səlahiyyətli olduqları məcburiyyət tədbirlərinin birinin seçildiyi təqdirdə digərinin seçilməsinin istisna olunmasına dair hər hansı müddəa nəzərdə tutulmamışdır. Belə müddəa olmasa belə borclunun siyahıya alınmış əmlakının satılaraq ödənilməsi nəzərdə tutulan eyni borca görə vergi ödəyicisinin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması tədbirinin seçilməsi hüquqi dövlətin ali prinsiplərindən biri olan mütənasiblik prinsipinin tələbinə zidd olmaqla yanaşı ağlabatan və ədalətli hesab edilə bilməz. Azərbaycan RespublikasıVergi Məcəlləsinin 65.2-ci maddəsinin Azərbaycan RespublikasıKonstitusiyasının 13-cü maddəsinin İ və İİ hissələrinə, 29-cu maddəsinə və 73-cü maddəsinin İİ hissəsinə uyğunluğunun yoxlanılmasına dair Azərbaycan RespublikasıKonstitusiya Məhkəməsi Plenumunun 17 mart 2016-cı il tarixli qərarında göstərilmişdir ki, Konstitusiyanın 73-cü maddəsinin İ hissəsində qeyd edilmişdir ki, qanunla müəyyən edilmiş vergiləri və başqa dövlət ödənişlərini tam həcmdə və vaxtında ödəmək hər bir kəsin borcudur. Həmin maddənin İİ hissəsinə əsasən isə heç kəs qanunla nəzərdə tutulmuş əsaslar olmadan və qanunda göstərilmiş həcmdən əlavə vergilər və başqa dövlət ödənişləri ödəməyə məcbur edilə bilməz. Konstitusiya hüquq və azadlıqlarla yanaşı, onlardan irəli gələn vəzifələri də müəyyən edir və hüquqların həyata keçirilməsinə mümkün qanuni və əsaslı müdaxilələri istisna etmir. Lakin hər hansı hüquqa, o cümlədən mülkiyyət hüququna qanuni müdaxilə mütənasib olmalı, cəmiyyətin və ya dövlətin ümumi maraqları ilə fərdin konstitusiya hüquqlarının qorunması arasında ədalətli tarazlığa nail olmaqla həyata keçirilməlidir. Vergi ödəmək vəzifəsində cəmiyyətin ümumi maraqları əks olunub. Dövlət təkcə vergi ödəyicilərinin deyil, həm də cəmiyyətin digər üzvlərinin hüquqlarını və qanuni maraqlarını müdafiə etmək məqsədilə vergi münasibətlərinin tənzimlənməsi üzrə tədbirlər görmək hüququna malikdir və belə tədbirləri həyata keçirməlidir. Qanunvericilik normalarının tələblərindən də göründüyü kimi vergi ödəyicisinin borcunun alınmasını təmin etmək üçün vergi orqanlarına qanunvericiliklə bir sıra hüquqlar verilmişdir və bu hüquqlarla müəyyən edilmiş tədbirlərdən hər hansı birinin tətbiqi digər tədbirlərin tətbiqini istisna etmir. Yəni vergi orqanlarının vergilərin dövlət büdcəsinə alınmasını təmin etmək vəzifəsini daşıyan orqan kimi bu məqsədlə səlahiyyətində olan hüquqlardan və vasitələrdən hər hansı birindən istifadə etməsi digərlərindən istifadə edilməsni istisna etmir. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda istinad edilən mövqeyindən də göründüyü kimi vergi ödəyicisi tərəfindən vergi öhdəliklərinin qanunvericilikdə nəzərdə tutulmuş qaydada və vaxtda yerinə yetirilməməsi cəmiyyətin digər üzvlərinin və bütövlükdə dövlətin qanunla qorunan hüquqlarının pozulmasına gətirib çıxarır. Gəncə Kommersiya Məhkəməsi isə qətnaməsində maddi hüquq normalarının tamamilə əleyhinə olan mövqe ortaya qoymuşdur. Məhkəmə hazırkı iş üzrə birtərəfli mövqe sərgiləmiş, mütənasiblik prinsipini əsas gətirməklə borclu vergi ödəyicisinin rəhbərinin hüquqlarını müdafiə etməyə çalışmış və bu zaman cəmiyyətin bir fərdinin hüquqlarının qorunmasını qanunvericiliyə zidd olaraq cəmiyyətin bütün digər bütün üzvlərinin hüquqlarının pozulması hesabına üstünlük vermişdir. Beləliklə, məhkəmə tətbiq edilməli olan maddi hüquq normalarını tətbiq etməməməklə iş üzrə maddi hüquq normalarının tətbiqində səhvə yol vermişdir. Apellyasiya icraatı iştirakçılarının izahatları: Məhkəmə kollegiyasının iclasında iştirak edən ərizəçi Dövlət Vergi Xidməti 11 saylı Ərazi Vergilər Baş İdarəsinin nümayəndəsi X2 apellyasiya şikayətini müdafiə etdiyini bildirib, şikayətin təmin edilməsini xahiş etmişdir. Məhkəmənin suallarına cavabında isə bildirmişdir ki, maraqlı şəxsin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına əsas verən 24711,89 manat borc məbləğindən müəyyən qədər ödənilməsi ilə əlaqədar hazırda borc məbləği 17211,89 manat təşkil etməkdədir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq maraqlı şəxs məhkəmə iclasına gəlməmiş, gəlməmənin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respubilkasının MPM-in 376.2-ci maddəsinə əsasən maraqlı şəxsin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiyası: 28-ci maddəsinin İİİ hissəsinə əsasən, qanuni surətdə Azərbaycan Respublikasının ərazisində olan hər kəs sərbəst hərəkət edə bilər, özünə yaşayış yeri seçə bilər və Azərbaycan Respublikasının ərazisindən kənara gedə bilər. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi: 355-5.1. Vergi ödəyicisi və ya sığortaedən vergi, məcburi dövlət sosial sığorta, icbari tibbi sığorta və işsizlikdən sığorta haqları üzrə öhdəliyini qanunla müəyyən edilmiş hallarda və müddətlərdə yerinə yetirmədikdə, hesablanmış vergilər, məcburi dövlət sosial sığorta, icbari tibbi sığorta və işsizlikdən sığorta haqları üzrə borcların və faizlərin, vergilər və məcburi dövlət sosial sığorta haqları üzrə tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə məhkəməyə müraciət etmək hüququna malikdir. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.3. Qətnamə iş üzrə müəyyən olunmuş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır. 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 402.1. Kommersiya işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin Kommersiya və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Kommersiya və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi:
Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb bu nəticəyə gəlir ki, Gəncə Kommersiya Məhkəməsinin 08 avqust 2023-cü il tarixli, e-2- 2(115)-1098/2023 saylı qətnaməsindən ərizəçi Dövlət Vergi Xidmətinin 11 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanmalıdır. Belə ki, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiyasının 28-ci maddəsinin İİİ hissəsində və beynəlxalq-hüquqi sənədlərdə təsbit olunmuş sərbəst hərəkət etmək hüququ mütləq deyil və məhdudlaşdırıla bilər. Konstitusiyada bu hüquqlara dair məhdudiyyətlərin hədləri dəqiq müəyyən olunmuşdur (Konstitusiyanın 71-ci maddəsinin İİ hissəsi və “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Qanununun 3-cü maddəsi). Belə ki, onların məhdudlaşdırılması qanunçuluğun tələbinə cavab verməli, başqa şəxslərin hüquq və azadlıqlarının müdafiəsi məqsədilə tətbiq edilməli, mütənasib olmalı və bu konstitusiya hüquqlarının mahiyyətini dəyişməməlidir. Bundan başqa Avropa Məhkəməsinin bir sıra qərarlarında göstərilmişdir ki, hərəkət azadlığı hüququnu məhdudlaşdıran hər hansı tədbir qanuna uyğun olmalı, Konvensiyaya dair 4 saylı Protokolun 2-ci maddəsinin 3-cü bəndində qeyd edilən legitim məqsədlərdən birini güdməli, demokratik cəmiyyətdə zəruri olmalı, yəni mütənasiblik meyarına cavab verməlidir (Battista İtaliyaya qarşı iş üzrə 2 dekabr 2014-cü il tarixli, § 37; Stamose Bolqarıstana qarşı iş üzrə 27 noyabr 2012-ci il tarixli, § 30; Bartik Rusiyaya qarşı iş üzrə 21 dekabr 2006-cı il tarixli, § 46 Qərarlar). Məhkəmə kollegiyası maraqlı şəxsin konstitusion hüququnun məhdudlaşdırılması ilə bağlı yuxarıda qeyd olunan mütənasibliyin dəyərləndirilməsinə münasibətdə qeyd edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq qeyd edtmişdir ki, ölkədən getmək hüququnun məhdudlaşdırılmasına dair işlərə baxarkən hər bir halda həmin məhdudiyyət tədbirinin mütənasiblik meyarına cavab verib-verməməsinin araşdırmalıdır. Sadəcə borcun mövcud olması bu məhdudiyyətin tətbiq edilməsi üçün kifayət deyildir. Məhdudiyyətin mütənasib olub-olmaması mütləq müəyyən edilməli, bu zaman vergi ödəyicisinin mübahisəyə qədərki davranışları, vergilərin vaxtı-vaxtında ödənilməsi kimi hallar, bu məcburiyyət tədbiri tətbiq edilmədən vergilərin ödənilməsi imkanları və s. nəzərə alınmalıdır. Hazırkı işdə Gəncə İnzibati Məhkəməsinin 18 aprel 2023-cü il tarixli 2-1(114)- 1600/2023 saylı qərarı ilə yaranmış borcun ödənilməsi borclunun siyahıya alınmış əmlakı hesabına ödənilməsi qərara alınmışdır. Həmin qərar qanuni qüvvəyə minməsə də maraqlı şəxsin ölkədən getmək hüququnu məhdudlaşdırmadan da borcun əmlak hesabına ödənilməsi ehitimallarını gücləndirməkdədir. Digər tərəfdən ərizəçinin tələbinə görə maraqlı şəxsin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına əsas verən 24711,89 manat olmuş borc məbləği də vergi ödəyicisinin 25 iyul 2023-cü il tarixdən 25 sentyabr 2023-cü il tarixədək aralığında olan 8500 manat ödəniş etməsi ilə əlaqədar azalaraq 17211,89 manat təşkil etməkdədir ki, qeyd olunan fakt da vergi ödəyicisinin vergi borcunu ödəməkdən yayınmaq niyyətinin olmadığını təsdiq etməkdədir. Buna görə də məhkəmə kollegiyası hesab edir ki, ərizəni təmin etməyən birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslı olmuşdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 372, 384, 392 və 402, maddələrini rəhbər tutaraq,
q ə t e t d i:
Gəncə Kommersiya Məhkəməsinin 08 avqust 2023-cü il tarixli, e-2-2(115)- 1098/2023 saylı qətnaməsindən ərizəçi Dövlət Vergi Xidmətinin 11 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Gəncə Kommersiya Məhkəməsinin 08 avqust 2023-cü il tarixli, e-2-2(115)- 1098/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə təqdim edilməklə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommerisya kollegiyasına kassasiya şikayəti verilə bilər. AZƏRBAYCAN RESPUBLİKASİ GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ _______________________________________________________________________ _ Gəncə şəhəri, Atatürk prospekti 252. Telefon (022) 266-08-22. Faks (022) ***-**-**
№ 2-2(104)-226/2023 16 oktyabr 2023-cü il
Dövlət Vergi Xidmətinin 11 saylı Ərazi Vergilər Baş İdarəsinə Yevlax şəhəri, Bakı prospekti, 4
Maraqlı şəxs Bərdə rayonu, Qaradağlı kəndi
Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2-2(104)-226/2023 saylı, 06 oktyabr 2023-cü il tarixli qətnaməsi məlumat üçün Sizə göndərilir.
Qoşma: qətnamə
Hakim
Afiq Hüseynzadə AZƏRBAYCAN RESPUBLİKASİ GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ _______________________________________________________________________ __ Gəncə şəhəri, Atatürk prospekti 252. Telefon (022) 266-08-22. Faks (022) ***-**-**
№ 2-2(104)-226/2023 13 oktyabr 2023-cü il
Gəncə Kommersiya Məhkəməsinə
Hörmətli Rəşad müəllim!
Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2-2(104)-226/2023 saylı, 06 oktyabr 2023-cü il tarixli qətnaməsi məlumat üçün Sizə göndərilir.
Qoşma: qətnamə - 8 vərəq
Hakim Afiq Hüseynzadə