Məhkəmə qərarları › İş №2-2(104)-228/2023

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(104)-228/2023

27.10.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2-2(104)-228/2023 27.10.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının hakimləri- Hüseynzadə Afiq Hüseyn oğlu (sədrlik edən və məruzəçi), Rzaquliyev Şamil Qəhrəman oğlu və Həsənov İslam Telman oğlundan ibarət tərkibdə, Məmmədov Elvin İsrayıl oğlunun katibliyi, İddiaçı MMC-nin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı “pul” tələbinə dair kommersiya işi üzrə Gəncə Kommersiya Məhkəməsinin 11 iyul 2023-cü il tarixli, 2-2(115)-668/2023 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Birinci instansiya məhkəməsində icraat: İddiaçı MMC Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh İddiaçı MMC-nin xeyrinə 6404 (altı min dörd yüz dörd manat) manat borc və 100 manat məbləğində mediasiya rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, iddiaçı Azərbaycan Şəkər İstehsalat Birliyi” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli, “Şəkər çuğunduru məhsulu üzrə xidmət və aqı-satqı müqavilə”sinə əsasən cavabdeh 13.25 hektar sahədə şəkər çuğundur əkməyi və "xxxx" MMC-yə satmağı öhdəsinə götürmüşdür. Bu məqsədlə cavabdehə məxsus sahəyə cəmiyyət tərəfindən 6404 (altı min dörd yüz dörd) manat məbləğində mal və xidmət satılmışdır. Satılmış mal və xidmətin dəyəri məbləğində cavabdehə borc hesablanmışdır. Cavabdeh tərəfindən İddiaçı MMC–yə həmin məbləğin qarşılığında çuğundur məhsulu təhvil verilməmişdir. Nəticədə cavabdehin cəmiyyətə 6404 (altı min dörd yüz dörd) manat dəyərində borcu qalmışdır. Cavabdehin borclu olması malların təhvil-qəbul aktlarında, xidmətlərin təhvil-təslim qaktlarında öz təqsdiqini tapır. Müqavilə şərtlərinə əsasən, cavabdeh müqavilənin 1 saylı əlavəsində göstərilmiş aqrotexniki tədbirlərə aid hər bir xidmətə görə borclanır. Həmin borc (aqrotexniki xidmət, toxum, gübrə, bitkinin mühafizəsi və digər maddi-texniki vəsaitlərin haqqı) məhsul zavoda təhvil verilərkən məhsulun haqqından çıxılacaq, yerdə qalan məhsulun dəyəri isə hesab-faktura təqdim edildikdən sonra 15 iş gün ərzində cavabdehin bank hesabına köçürüləcəkdir. Müqavilə şərtlərinə görə təhvil verilmiş məhsulun dəyəri cavabdehin borcunu tam ödəmirsə, yaranmış borc cari ilin sonunadək pretenziya qaydasında iddiaçıya tam ödənilməlidir. Əks halda yaranmış borc məhkəmə qaydasında cavabdehdən tutulacaqdır. İddiaçı tərəfindən cavabdehə pretenziya məktubu göndərilmiş, lakin cavabdeh tərəfindən iddiaçının pretenziyasına cavab verilməmişdir. Borc mediasiya qaydasında tələb edilmiş, lakin heç bir razılıq əldə edilməmişdir. Gəncə Kommersiya Məhkəməsinin 11 iyul 2023-cü il tarixli, 2-2(115)-668/2023 saylı qətnaməsi ilə (hakim K.Vəliyev) iddia tələbi təmin edilərək, Cavabdeh 6404 (altı min dörd yüz dörd) manat borc və 100 (bir yüz) manat mediasiya xərcinin tutularaq, İddiaçı xeyrinə ödənilməsi və Cavabdeh 84.04 (səksən dörd manat dörd qəpik) manat dövlət rüsumunun tutularaq, dövlət büdcəsinə ödənilməsi qət edilmişdir. İşdə olan sübutlar: xx.xx.2021-ci il tarixli “Şəkər çuğunduru məhsulu üzrə xidmət və alğı-satqısı müqaviləsi”nin surətindən görünür ki, İddiaçı MMC cavabdehin qanuni istifadəsində olan 13,25 ha torpaq sahələrində şəkər çuğundurunu stimullaşdırmaq məqsədi ilə aqroservis xidmətləri, toxum və pestisidlər təchiz etməyi, istehsalçı isə məhsul əldə etməyi və məhsulu iddiaçıya satmağı öhdəsinə götürmüşdür. Malların fiziki şəxslərə təhvil-qəbulu qəbzlərində və görülmüş işlərin, xidmətlərin xx.xx.2021 tarixli, xx.xx.2021-ci il tarixli, xx.xx.2921-ci il tarixli təhvil-təslim aktlarında cavabdehə məxsus sahədə cəmiyyət tərəfindən dörd akt üzrə cəmi 6404 (altı min dörd yüz dörd manat) məbləğində işlərin və xidmətlərin görülməsi təsdiqini tapır. Apellyasiya şikayətinin dəlilləri: Gəncə Kommersiya Məhkəməsinin 11 iyul 2023-cü il tarixli, 2-2(115)-668/2023 saylı qətnaməsindən narazı qalan Cavabdeh apellyasiya şikayəti verərək, Gəncə Kommersiya Məhkəməsinin 11 iyul 2023-cü il tarixli, 2-2(115)-668/2023 saylı qətnaməsinin ləğv edilməsi və iddia tələbinin rədd edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, heyvandarlıq üçün nəzərdə tutulmuş torpaq sahəsində əkin aparmışdır. Onlara bildirmişdirlər ki, həmin torpaq sahəsini su ilə təmin edəcəklər, lakin etməmişlər. Bu səbəbdən də əkin sahələri yararsız vəziyyətə düşmüşdür. Bundan başqa bu iş üçün aqronom ayrılır, saxta sənədlərlə müqavilə bağlanılmışdır. Buna görə də hesab edir ki, qətnamə ləğv edilməli və iddia tələbi müddət ötürüldüyündən rədd edilməlidir. İştirakçılıqla bağlı prosessual məsələlər və məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmiş və məhkəməyə gəlməməlsinin səbələri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı MMC-nin nümayəndəsi X2 apellyasiya şikayətinin əsassız olduğunu, iddiaçının cavabdehin torpaq sahəsini su ilə təchiz etməsi ilə əlaqədar hər hansı bir öhdəliyinin olmadığını bildirib, şikayətin təmin edilməməsini xahiş etmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsi: 373.2. Müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 390.1. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. 600.1. Alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 752.1. Podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi: 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.3. Qətnamə iş üzrə müəyyən olunmuş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır. 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 402.1. Kommersiya işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin Kommersiya və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Kommersiya və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi:

Məhkəmə kollegiyası iddiaçının nümayəndəsinin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb bu nəticəyə gəlir ki, Gəncə Kommersiya Məhkəməsinin 11 iyul 2023-cü il tarixli, 2-2(115)-668/2023 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanmalıdır. Belə ki, məhkəmə kollegiyasının iclasında müəyyən edilmişdir ki, iddiaçı ilə cavabdeh arasında xx.xx.2021-ci il tarixli “Şəkər çuğunduru məhsulu üzrə xidmət və alğısatqısı müqaviləsi” bağlanmış, İddiaçı MMC cavabdehin istifadəsində olan 13,25 ha torpaq sahələrində şəkər çuğundurunu stimullaşdırmaq məqsədi ilə aqroservis xidmətlərinin göstərilməsini, toxum və pestisidlər təchiz etməyi, cavabdeh isə göstərilmiş xidmətin və satılmış malların dəyərini əldə etdiyi məhdulun iddiaçıya satılması ilə ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarına əlavə edilmiş malların fiziki şəxslərə təhvil-qəbulu qəbzlərində və görülmüş işlərin, xidmətlərin xx.xx.2021 tarixli, xx.xx.2021-ci il tarixli, xx.xx.2921-ci il tarixli təhvil-təslim aktlarında cavabdehə məxsus sahədə cəmiyyət tərəfindən dörd akt üzrə cəmi 6404 (altı min dörd yüz dörd manat) məbləğində malların verilməsi, xidmətlərin görülməsi təsdiqini tapsa da cavabdeh alınan həmin mallara və göstərilən xidmətlərə görə müqavilə şərtlərini yerinə yetiməmişdir. Cavabdeh qeyd edilən öhdəliyini yerinə yetirə bilməməsini onun torpaq sahəsinin su ilə təchiz olumaması ilə əlaqələndirmişdir ki, tərəflər arasında bağlanmış müqavilədə iddiaçının belə bir öhdəliyinin olması müəyyən edilməmişdir. Bundan başqa cavabdeh iş üçün aqronom ayrıldığını və saxta sənədlərlə müqavilə bağlanıldığını iddia etsə də onun bu dəlili anlaşılan olmamışdır. Belə ki, onun hansı saxta sənədlərdən bəhs etməsi, aqronomun ayrılması ilə bağlı şikayətinin konkret olaraq nədən ibarət olması qeyri-müəyyəndir. Müddətin ötürülməsi ilə bağlı dəlilə münasibətdə isə qeyd olunur ki, Mülki Məcəllənin 373.2-ci maddəsinin tələbinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç il təşkil edir ki, tərəflər arasında müqavilə xx.xx.2021-ci il tarixdə bağlanmaqla, iddia müddəti ötürülməmiş hesab olunur. Buna görə də məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinin dəlillərini əsassız hesab etmişdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Kommersiya- Prosessual Məcəlləsinin 372, 384, 392 və 402, maddələrini rəhbər tutaraq,

q ə t e t d i:

Gəncə Kommersiya Məhkəməsinin 11 iyul 2023-cü il tarixli, 2-2(115)-668/2023 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Gəncə Kommersiya Məhkəməsinin 11 iyul 2023-cü il tarixli, 2-2(115)-668/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamə elan olunduğu andan qanuni qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar