Məhkəmə qərarları › İş №2-2(104)-229/2025

Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(104)-229/2025

01.10.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-2(104)-229/2025 01.10.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məcidov Rüfət Azadəli oğlu (məruzəçi), Rzaquliyev Şamil Qəhrəman oğlu və X1 ibarət tərkibdə, Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli e-2-2(115)-1294/2025 nömrəli qətnaməsindən Cavabdeh (bundan sonra – cavabdeh) tərəfindən verilmiş apellyasiya şikayətinin mümkünlüyünü yoxlayaraq, məhkəmə müəyyən etdi: İddiaçı MMC (bundan sonra – iddiaçı) cavabdehə qarşı kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh İddiaçı MMC-nin xeyrinə 2185 manat 30 qəpik borc və 43 manat ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli e-2-2(115)-1294/2025 nömrəli qətnaməsi (hakim Rəşad Məmmədov) ilə, iddianın təmin edilməsi, 2185 manat 30 qəpik məbləğində borc və 43 manat dövlət rüsumu Cavabdeh tutularaq İddiaçı MMC-yə ödənilməsi qət edilmişdir. Qətnamədən narazı qalan cavabdeh apellyasiya şikayəti ilə məhkəməyə müraciət edərək, qətnamənin ləğv edilməsini və iddianın təmin edilməməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətini və işin materiallarını nəzərdən keçirərək hesab edir ki, apellyasiya şikayəti qeyri-mümkün hesab edilməli və şikayət Mülki Prosessual Məcəllənin 361-ci maddəsinin tələblərinin yoxlanılması üçün geri qaytarılmalıdır. Belə ki, şikayətin mümkünlüyü yoxlanılarkən müəyyən edilmişdir ki, iddiaçı tərəfindən “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə verilmiş elektron formada tərtib edilmiş şikayətin Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 361.1-ci maddəsinin tələblərinə riayət olunmamaqla, Həmin Məcəlləsinin 2 saylı Əlavəsində nəzərdə tutulmuş formada olmaması müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 361.1-ci maddəsinə əsasən, apellyasiya şikayəti bu Məcəllə ilə müəyyən edilmiş formada verilməlidir. Apellyasiya şikayətinin forması Mülki Prosessual Məcəllənin 2 saylı Əlavəsində müəyyən edilmişdir. Mülki Prosessual Məcəllənin 361.1-ci maddəsinə əsasən Bu Məcəllə ilə müəyyən edilmiş formada verilən apellyasiya şikayətində aşağıdakılar göstərilməlidir: 361.1.1. şikayətin verildiyi məhkəmənin adı və ünvanı; 361.1.2. şikayəti verən şəxsin soyadı, adı, atasının adı, (hüquqi şəxsə münasibətdə adı) şəxsiyyətini eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, işdə prosessual vəziyyəti; 361.1.3. barəsində şikayət verilən məhkəmə aktı, onun qəbul edilmə tarixi, nəticə hissəsi, həmin aktı qəbul edən məhkəmənin adı; 361.1.4. şikayəti verən şəxsin tələbi və məhkəmə aktının hansı hissədə mübahisələndirildiyi; 361.1.5. şikayət verən şəxsin məhkəmə aktını düzgün hesab etmədiyi konkret əsaslar; 361.1.6. şikayət verən şəxsin istinad etdiyi konkret fakt və hallar, habelə onları təsdiq edən sübutlar; 361.1.7. şikayətə əlavə edilən sənədlərin siyahısı Həmin Məcəllənin 363.1.1-1-ci maddəsinə əsasən apellyasiya şikayəti bu Məcəllənin 361-ci maddəsinin tələblərinə riayət edilmədən verilmişdirsə apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. Həmin Məcəllənin 364.1-ci maddəsinə əsasən, birinci instansiya məhkəməsi apellyasiya şikayətinin bu Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlayır. Bu Məcəllənin 361-ci maddəsinin tələblərinə cavab verən apellyasiya şikayəti ona əlavə olunmuş sənədlərlə və işlə birlikdə apellyasiya şikayətinin verilmə müddəti bitdikdən sonra 7 gün müddətində apellyasiya instansiyası məhkəməsinə göndərilir. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı tərəfindən “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemi vasitəsilə verilmiş elektron formada tərtib olunmuş apellyasiya şikayətində qəbul edilmiş məhkəmə aktının düzgün hesab etmədiyi konkret əsaslar və maddi və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsinə dair dəlillər göstərilməmişdir. Apellyasiya şikayətində sadəcə olaraq ayrı-ayrı maddi və prosessual hüquq normalarına istinad edilmiş, lakin həmin normaların tətbiqi zamanı hansı hallarda və necə pozuntuya yol verildiyi barədə konkret dəlillər təqdim olunmamışdır. Şikayətçi yalnız qanun normalarının məzmununu ümumi şəkildə sadalamış, lakin həmin normaların məhkəmə aktında düzgün tətbiq edilməməsinin nədən ibarət olduğu barədə izah və əsaslandırma verməmişdir. Beləliklə, apellyasiya şikayətində maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsinin nədən ibarət olması göstərilmədiyindən, həmin şikayət prosessual baxımdan qeyri-mümkün hesab edilməlidir. Eyni zamanda, Mülki Prosessual Məcəllənin 2 saylı Əlavəsinin “işin halları” hissəsində apellyasiya şikayəti verən şəxs işin faktiki halları ilə bağlı mövqeyini aydın ifadə etməli, işin materiallarına istinad edilməklə məhkəmələr tərəfindən müəyyən edilmiş hansı halları qəbul etdiyini, hansı halları isə qəbul etməyərək mübahisələndirdiyini dəqiq göstərməli, eləcə də mübahisənin düzgün həlli üçün əhəmiyyətli hesab etdiyi digər hansı faktiki halların məhkəmələr tərəfindən araşdırılmadığını dəqiq bildirməlidir. İşin halları ilə bağlı mövqe mübahisənin predmetinə aidiyyəti nəzərə alınmaqla, yığcam şəkildə, xronoloji ardıcıllıqla, sadə və anlaşıqlı formada təqdim edilməlidir. Lakin, apellyator tərəfindən yalnız iddiaçının hansı iddia ilə müraciət etməsi və birinci instansiya məhkəməsinin nəticə hissəsi qeyd edilmişdir ki, bu da mülki prosessual qanunvericiliyin tələbləri ilə uzlaşmamaqdadır. Həmçinin, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin müddətində verilib-verilməməsi məsələsinin düzgün həlli üçün, hər şeydən əvvəl, birinci instansiya məhkəməsinin qətnaməsinin cavabdehə hansı tarixdə rəsmi qaydada verildiyi dəqiq müəyyən edilməlidir. Bu məqsədlə məhkəmə, iş materiallarında mövcud sənədləri araşdıraraq, qətnamənin cavabdehin elektron kabinetinə yerləşdirilmə tarixi ilə bağlı təqdim edilmiş məlumatların hüquqi əhəmiyyətini ayrıca qiymətləndirmişdir. Belə ki, Azərbaycan Respublikası MPM-in 134.1.5-ci maddəsinin tələbinə görə, bu Məcəllənin 135.6-cı və 135.8-ci maddələrində müəyyən edilmiş hallar istisna olmaqla, bu Məcəllənin 134-cü maddəsində sadalanan məhkəmə sənədləri “Poçt haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş sifarişli poçt göndərişi (məktubu) ilə çatdırılır. Zəruri hallarda məhkəmə sənədinin çatdırılması hakim tərəfindən məhkəmə işçisinə tapşırıla və ya işdə iştirak edən şəxsin razılığı ilə həmin şəxsə həvalə edilə bilər 135.2-ci maddəsində göstərilmişdir ki, məhkəmə sənədləri məhkəməyə qaytarılmalı olan, forması müvafiq qaydada təsdiq edilmiş qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə, ünvan sahibinə rabitə orqanları, yaxud məhkəmə sənədlərinin çatdırılması tapşırılmış şəxslər tərəfindən şəxsən verilir. Hüquqi şəxsə ünvanlanmış məhkəmə sənədləri müvafiq vəzifəli şəxsə qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə verilir. Məhkəmə sənədlərinin rəsmi qaydada verilməsi məhkəmədə də həyata keçirilə bilər. 135.5-ci maddəsinə əsasən, bu Məcəllənin 135.2-ci, 135.3-cü, 135.6-cı və 135.8-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə sənədi rəsmi qaydada verilmiş hesab edilir. 135.6-cı maddəsində qeyd olunmuşdur ki, “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə işdə iştirak edən şəxslər “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçmişlərsə, məhkəmə sənədləri bu şəxslərin həmin sistemdə yaradılmış “elektron kabinet”lərində yerləşdirilir və onlara bu barədə məlumat həmin sistem vasitəsilə elektron qaydada (elektron poçt, SMS və s. vasitəsilə) çatdırılır. İş materiallarından müəyyən olunur ki, birinci instansiya məhkəməsinin xx.xx.2025-ci il tarixli e-2-2(115)-1294/2025 saylı qətnaməsi poçt vasitəsi ilə cavabdehin qeydiyyat ünvanı üzrə göndərilmiş və poçt göndərişi “köçüb” qeyd ilə geri qaytarılmışdır. Bundan sonra məhkəmə, məhkəmə sənədlərinin təqdim olounması üçün vergi orqanına müraciət etmiş və – Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 11 saylı Ərazi Vergilər Baş İdarəsinin xx.xx.2025-ci il tarixli, 3-21-2-17/2-102907/2025 nömrəli məktubu ilə birinci instansiya məhkəməsinin xx.xx.2025-ci il tarixli e-2-2(115)- 1294/2025 saylı qətnaməsi cavabdeh olan vergi ödəyicisinin vergi orqanında olan elektron kabinetinə göndərilmişdir. Lakin, apellyasiya şikayəti cavabdeh tərəfindən elektron kabinet vasitəsilə “Elektron Məhkəmə” informasiya sistemində xx.xx.2025-ci il tarixdə verilmişdir. Göründüyü kimi, vergi orqanı tərəfindən mübahisələndirilən məhkəmə aktı cavabdein vergi orqanında olan elektron kabetinə xx.xx.2025-ci il tarixdə göndərilmiş və həmin tarixdə təqdim oluinmuşdur. İş materiallarında birinci instansiya məhkəməsinin xx.xx.2025-ci il tarixli e-2-2(115)- 1294/2025 saylı qətnaməsinin başqa qaydada cavabdehə təqdim olunmasına dair sübut mövcud olmadığından məhkəmə hesab edir ki, cavabdeh tərəfindən birinci instansiya məhkəməsinin xx.xx.2025-ci il tarixli e-2-2(115)-1294/2025 saylı qətnaməsi məhz vergi orqanında olan elektron kabineti vasitəsi ilə cavabdehə təqdim olunmuşdur. Belə olan cavabdeh xx.xx.2025-ci il tarixdə apellyasiya şikayəti verməkdə prosessual müddətin ötürülməsi şübhə doğurmur. Lakin birinci instansiyası məhkəməsi qətnamənin cavabdehə təqdim olunması tarixini araşdırmadan şikayəti apellyasiya instansiyası məhkəməsinə göndərməkdə haqlı olmamışdır. Belə ki, hüquqi baxımdan məhz elektron kabinetə yerləşdirilmə anı MPM-in 135.6 və 135.5-ci maddələrinin mənasına görə “rəsmi qaydada verilmə” anı hesab olunur. Bu səbəbdən, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin müddətində olubolmaması məsələsinin düzgün qiymətləndirilməsi üçün qətnamənin elektron kabinetdə yerləşdirilmə tarixinin dəqiq müəyyən edilməsi zəruridir. Çünki, yalnız həmin tarixdən etibarən MPM-in 360-cı maddəsinə əsasən apellyasiya şikayəti üçün nəzərdə tutulmuş bir aylıq müddət başlanğıc götürür. Məhkəmə kollegiyası bu halları nəzərə alaraq, apellyasiya şikayətinin verilmə müddətinə hüquqi qiymət verilməsinin yalnız qətnamənin elektron kabinetdə yerləşdirilmə tarixi barədə dəqiq və rəsmi məlumat təqdim edildikdən sonra mümkün olduğu qənaətinə gəlir. Beləliklə, məhkəmə qeyd edir ki, apellyasiya şikayətinin müddətinin hesablanması üçün əsas götürüləcək an qətnamənin elektron kabinetə yerləşdirilmə və ya qanunla müəyyən edilmiş digər qaydada qəbul edilmə anıdır və bu barədə əlavə araşdırma aparılmalı, müvafiq təsdiqləyici sənəd iş materiallarına əlavə edilməlidir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh tərəfindən “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemi vasitəsilə verilmiş elektron formada tərtib olunmuş apellyasiya şikayəti Mülki Prosessual Məcəllənin 2 saylı Əlavəsində nəzərdə tutulmuş formada tərtib edilməmiş, birinci instansiya məhkəməsi isə apellyasiya şikayətini Mülki Prosessual Məcəllənin 361-ci və 363.1.1-1-ci maddələrinin tələblərinə uyğunluğunu yoxlamadan baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərmişdir. Buna görə də apellyasiya şikayəti Mülki Prosessual Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunun yoxlanılması, habelə qətnamədən apellyasiya şikayətinin verilməsinin müddətlərinə hüquqi qiymət verilməsi üçün iş birinci instansiya məhkəməsinə geri qaytarılmalıdır. 363.1.3-cü maddəsinə əsasən, apellyasiya şikayəti müəyyən edilmiş müddət keçdikdən sonra verilmişdirsə birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. 364.1-cü maddəsinə əsasən, birinci instansiya məhkəməsi apellyasiya şikayətinin bu Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlayır. Bu Məcəllənin 361-ci maddəsinin tələblərinə cavab verən apellyasiya şikayəti ona əlavə olunmuş sənədlərlə və işlə birlikdə apellyasiya şikayətinin verilmə müddəti bitdikdən sonra 7 gün müddətində apellyasiya instansiyası məhkəməsinə göndərilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 366.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində apellyasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə apellyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir. 366.2-ci maddəsinə əsasən, əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. 366.4-cü maddəsinə əsasən, apellyasiyanın qeyri-mümkün hesab edilməsi barədə qərardaddan kassasiya instansiyasına şikayət verilə bilər. Yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 10, 263, 264, 361, 363.1.1-1 və 366-cı maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli e-2-2(115)-1294/2025 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qeyri-mümkün hesab edilsin və apellyasiya şikayət hüquqi qiymət verilməsi üçün mülki işlə birlikdə Gəncə Kommersiya Məhkəməsinə göndərilsin. Qərardaddan, qərardad işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar