Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2-2(104)-230/2024 16.12.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məcidov Rüfət Azadəli oğlu (sədrlik edən və məruzəçi), Rzaquliyev Şamil Qəhrəman oğlu, Həsənov İslam Telman oğlundan ibarət tərkibdə, Məmmədov Xəzər Natiq oğlunun katibliyi, Cavabdeh, onun nümayəndəsi və vəkili Nümayəndə2 iştirakı ilə, İddiaçı Məhdud Məsliyyətli Cəmiyyətinin (bundan sonra- iddiaçı) Cavabdeh (bundan sonra- cavabdeh) qarşı “44935,53 manat borcun tutulması” tələbinə dair kommersiya işi üzrə Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(115)-620/2024 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxılaraq qətnamə qəbul edildi. İşin halları İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış 21 fevral 2022-ci il tarixli 065/2022 nömrəli məhsulların nisiyə alğı-satqısı barədə müqavilə bağlanmışdır. Müqaviəyə əsasən satıcı alıcıya nisyə (borc) olaraq ümumi dəyəri 44935,53 manat məbləğində olan müxtəlif çeşidli məhsulları (və ya taranı) satmağı, alıcı isə həmin malları nisyə olaraq qəbul etməyi və borcunu 6 ay ərzində pul şəkilində ödəməyi öhdəsinə götürmüşdür. 21 fevral 2022-ci il tarixdə təhvil-təslim aktına əsasən müqaviləyə əsasən 44935,53 manat dəyərində olan məhsullar satıcı tərəfindən alıcıya təhvil verilmiş, alıcı isə həmin məhsulları təhvil almışdır. 21 fevral 2022-ci il tarixdə tərəflər arasında mövcud borcun etirafı haqqında mücərrəd müqavilə bağlanmış və borclu Cavabdeh kreditor İddiaçı MMC-yə 44935,53 manat borcunun olduğunu etiraf etmiş və müqavilədə göstərilən müddətdə və qaydada ödəməyi öhdəsinə götürmüşdür. Cavabdeh İddiaçı MMC-yə ərizə ilə müraciət edərək İddiaçı MMC ilə bağladığı müqaviləyə əsasən müəssisəyə 44935,53 manat borcunun olduğunu etiraf etmiş və həmin borc məbləğini 21 avqust 2022-ci il tarixə qədər tam şəkildə ödəməyi öhdəsinə götürmüşdür. Məhkəmə Ekspertiza Mərkəzinin 31 iyul 2024-cü il tarixli 4/926 nömrəli ekspert rəyindən əsasən ekspertizaya təqdim edilmiş, işin 65-ci vərəqində olan məhsulların nisyə alqı-satqısı barədə xx.xx.2022-ci il tarixli 065/2022 nömrəli müqavilədə “Alıcı” qrafasından aşağıda yerləşən “İmza” qrafasındakı imza, 66-cı vərəqində olan xx.xx.2022-ci il tarixli mövcud borcun etirafı haqqında mücərrəd müqavilədə “Borclu” qrafasından aşağıda yerləşən “F/Ş” qrafasındakı imza, 67-ci vərəqində olan xx.xx.2022-ci il tarixli təhvil-təslim aktında “Təhvil aldı:” qrafasından aşağıda yerləşən “İmza” qrafasındakı imza, 68-ci vərəqində olan Cavabdeh adından İddiaçı MMC” Prezidentinə ünvanlanmış xx.xx.2022-ci il tarixli ərizədə “İmza:” qrafasındakı imza Cavabdeh tərəfindən icra olunmuşdur. Birinci instansiya məhkəməsində icraat İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək iddiasını onunla əsasladırmışdır ki, "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli 065/2022 saylı nisyə alğı-satqısına dair müqaviləyə əsasən İddiaçı MMC cavabdehə ümumi dəyəri 44935,53 manat məbləğində olan müxtəlif çeşidli məhsulları satmış, cavabdeh isə həmin məhsulları qəbul etmiş və malların dəyərini pul şəklində 6 ay müddətində ödəməyi öhdəsinə götürmüşdür. Daha sonra cavabdeh İddiaçı MMC-nin rəhbərliyinə yazdığı ərizədə borcunu etiraf etmiş və qeyd edilən müddət ərzində borcunu tam şəkildə ödəyəcəyini bildirmişdir. Buna baxmayaraq, cavabdeh müqavilə üzrə öhdəliklərini lazımi qaydada yerinə yetirməmiş və iddiaçıya olan borcunun 44935,53 manat hissəsini bu günədək ödəməmişdir. Cavabdeh iddia tələbinə etirazla məhkəməyə müraciət edərək etirazını onunla əsaslandırmışdır ki, o sahibkarlıq fəaliyyəti ilə məşğul olur, özünə məxsus topdan və pərakəndə gündəlik tələbat malları mağazası vardır. İddiaçının təqdim etdiyi müqavilənin mövcudluğundan iddia ərizəsi ilə tanış olarkən məlumatı olmuşdur. Sahibkar olaraq onlar qəbul etdikləri malları müqavilə əsasında deyil, elektron qaimə vasitəsilə qəbul edirlər. Uzun illər sahibkarlıq fəaliyyəti ilə məşğul olan bir şəxs kimi satışla məşğul olan firmalarla bu günədək nisyə alğı-satqı müqaviləsi bağlayaraq heç bir mal almamışdır. İddiaçı şirkətlə aralarında heç bir müqavilə sövdələşməsi olmamışdır. İddia ərizəsinə əlavə edilmiş müqavilə saxtadır və kim tərəfindən imzalandığı məlum deyildir. İddiaçının nümayəndəsi məhkəmə icasında iddianı müdafiə edərək təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdehin vəkili və nümayəndəsi məhkəmə iclasında iddia tələbinə etirazın məzmununa uyğun izahat verərək iddianın rədd edilməsini xahiş etmişdir. Gəncə Kommersiya Məhkəməsinin (bundan sonra – birinci instansiyası məhkəməsi) xx.xx.2024-cü il tarixli e-2-2(115)-620/2024 nömrəli qətnaməsi ilə iddia təmin edilərək “44935,53 manat borcun və ödənilmiş 224,81 manat dövlət rüsumunun iddiaçının xeyrinə tutulması” qət edilmişdir. Birinci instansiyası məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, iddiaçı ilə cavabdeh arasında xx.xx.2022-ci il tarixdə məhsulların nisyə alğı-satqına dair müqaviləsi bağlanmış, müqaviləyə əsasən satıcı alıcıya 44935,53 manat dəyərində müxtəlif çeşidli məhsullar vermişdir. Alıcı isə müqavilə üzrə üzərinə götürdüyü öhdəliyi yerinə yetirməmiş və malların dəyərini satıcıya ödəməmiş və onun iddiaçıya 44935,53 manat borcu yaranmışdır. Qeyd edilənlərə əsasən məhkəmə hesab etmişdir ki, iddiaçı müqavilə üzrə yaranmış borc məbləğini cavabdehdən tələb etməkdə haqlıdır. Tərəflər arasında bağlanmış müqaviləyə əsasən 44935,53 manat məbləğində pul cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Birinci instansiyası məhəməsi öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1,386.1, 442, 445.1, 445.2, 448.1, 448.2, 567, 600, Mülki Prosessual Məcəllənin 14.2, 77.1-ci maddələrinə istinad etməklə əsaslandırmışdır. Cavabdeh apellyasiya şikayəti ilə məhkəməyə müraciət edərək Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(115)-620/2024 saylı qətnaməsinin ləğv edilməsi və iddianın rədd edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Apellyasiya şikayətinin dəlilləri Cavabdehin topdan və pərakəndə gündəlik təlabat malları mağazası vardır. Yuxarıda qeyd edilən müqavilənin mövcudluğu barədə iddia ərizəsi ilə tanış olduqda məlumatım olmuşdur. Sahibkar olaraq cavabdeh qəbul etdiyi malları müqavilə əsasında deyil elektron qaimə vasitəsi ilə qəbul edilir. İddia ərizəsinə əlavə edilmiş müqavilə saxtdır. Müqaviləyə diqqət yetirdikdə formal olaraq hazılandığı tam aydınıqla görünür. 45000 min manatlıq bir öhdəlik yaradan müqavilənin bu qədər sadə və formal hazılanması mümklün deyildir. Müqavilə bağlandığı gündən yalan əqd olmuşdur. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Plenumunun Ə.İbrahimovun şikayəti üzrə 2004-cü il 12 aprel tarixli qərarına əsasən formalaşdırdığı hüquqi mövqeyə əsasən, hər hansı əqdin etibarlılığı, yəni arzu olunan hüquqi nəticəyə səbəb olması üçün onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə ifadəsinin bildirilməsi və vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. Müqavilənin qanunvericilikdə müəyyən edilmiş qayda və şərtlərə uyğun bağlanması tələb olunur. Mülki Məcəllənin əqdlərin etibarsızlığı anlayışı və onun nəticələrini müəyyən edən 337-ci maddəsinə əsasən, bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Qeyd edilən maddədə etibarsızlıq hallarının iki növü göstərilmişdir. Bunlar mübahisə edilən əqdlər və əhəmiyyətsiz əqdlərdir. Mülki Məcəllənin 337.3-cü maddəsinə görə, əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. Göründüyü kimi, qanunda əqdin əhəmiyyətsizliyi hallarında etibarsızlıqla bağlı nəticələrin tətbiqi üçün məhkəmə qərarına ehtiyac olmadığı ifadə edilmişdir. Qanunvericiliyin imperativ göstərişlərinə zidd olan və etibarsız hesab edilməsi üçün hər hansı əlavə qayda və şərt nəzərdə tutulmayan əqdlər əhəmiyyətsizdir. Beləliklə, əhəmiyyətsiz əqd mübahisələndirilmədən, məhkəmə qərarından, müddətlərdən və s. şərtlərdən asılı olmadan bağlandığı andan etibarən özlüyündə etibarsız olan, yəni arzu olunan hüquqi nəticəni yaratmaq qabiliyyətinə malik olmayan əqddir. Bununla belə, əqdin əhəmiyyətsizliyi faktının mövcud olub-olmaması ilə bağlı mübahisə yaranarsa əhəmiyyətsizliyin təsbiti üçün məhkəmədə iddia qaldırıla bilər. Məhkəmə araşdırması zamanı əqdin əhəmiyyətsiz olması müəyyən edilərsə, məhkəmə tərəfindən verilən qərar əhəmiyyətsizlik halının mövcud olub-olmaması ilə bağlı hüquqi mübahisənin aradan qaldırılması məqsədini daşıyır. Əhəmiyyətsiz əqd bağlandığı andan etibarsız olduğundan, həmin əqdin predmeti daşınmaz əşya olduğundan həmin daşınmaz əşya qarşı tərəfin mülkiyyətinə keçmir və burada müddət tətbiq olunmayacaqdır, istənilən müddətdə iddia qaldırıla bilər. Əhəmiyyətsiz əqdin predmetini daşınar əşya təşkil etdikdə isə, daşınar əşya qarşı tərəfin mülkiyyətinə keçərək onun əmlakına qarışdığından hüququ pozulan şəxs əsassız varlanan şəxsdən bir il müddətində əmlakı geri tələb etmək hüququna malikdir. Yəni 354.1-ci maddədə nəzərdə tutulmuş bir illik müddət əhəmiyyətsiz əqdin icrası nəticəsində yaranmış daşınar əşyalarla bağlı əsassız varlanma halları ilə bağlı tələblər üçün keçərlidir. Gəncə Kommersiya Məhkəməsi tərəfindən qəbul edilmiş qətnamə maddi hüquq normasının pozulması nəticəsində qəbul olunduğundan ləğv olunmalıdır. Məhkəmə prosesual huquq normlaraına istinad etmədən qətnamə qəbul etmişdir. Birinci instansiyası məhkəməsi cavabehin haqlı tələblərinə məhəl qoymamışdır. Bu isə onun maddi vəziyyətinin daha da ağırlaşmasına gətirib çıxaran bir haldır. Həmin müqavilənin formal olmasına sübuta yetirəcək sübütları və şahidləri movcuddur. Məhkəmə qətnaməsindən də görünür ki, müqavilənin bağlanması şərtlərinin pozulması ilə baxılmışdır. Bu səbəbdən qətnamə ləğv edilməlidir. Belə ki, iş üzrə sübutetmə predmetinə daxil olan halların təqdim edilməsi yükü tərəflərin üzərinə düşür. Məhz tərəflər bu halların mövcud olub olmamasını sübut etməyə borcludurlar. b) Apellyasiya şikayətlərinə qarşı etirazın dəlilləri Apellyasiya şikayəinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Cavabdeh məhkəmə iclasında apellyasiya şikayətini müdafiə edərək izahatında bildirdi ki, o, qəbul etdiyi malları müqavilə əsasında deyil, elektron qaimə vasitəsilə qəbul etmişdir. O, bu günədək nisyə alğı-satqı müqaviləsi bağlayaraq heç bir mal almamışdır. İddiaçı şirkətlə arasında heç bir müqavilə sövdələşmə olmamışdır. İddia ərizəsinə əlavə edilmiş müqavilə saxtadır və kim tərəfindən imzalandığı məlum deyil. Şirkət məhkəməyə saxta müqavilə, təhvil-təslim aktı təqdim etdiyi sənədlərdəki imzalar ona məxsus deyildir. Apellyasiya şikayətinin təmin edilçəsini və birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməsini xahiş etdi. Cavabdehin nümayəndəsi və vəkili məhkəmə iclasında apellyasiya şikayətini müdafiə edərək izahatında bildirdi ki, birinci instansiya məhkəməsi qətnaməsində maddi və prosessual hüquq normasının pozulması və ya düzgün tətbiq edilməməsi ilə qəbul edilmişdir. Belə ki, iddia ərizəsinə əlavə edilmiş müqavilə saxtadır və kim tərəfindən imzalandığı məlum deyildir. İddiaçı tərəfindən təqdim edilən sənədlərdəki imzalar cavabdehə aid deyildir. İddiaçı məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar olunmasına baxmayaraq məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və bunun üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, qeyd edilən halın işin baxılmasına mane olmadığını nəzərə alaraq, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Apellyasiya baxışının hədləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası (bundan sonra – Məhkəmə) qeyd edir ki, cavabdeh qətnaməni tam mübahisələndirir. Odur ki, məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-ci maddəsinin tələbindən çıxış edərək qətnamənin əsaslılığını tam yoxlamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi 329.2. Əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır. 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. 337.3. Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. 337.4. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. 340.1. Uydurma əqd ona uyğun hüquqi nəticələr yaratmaq niyyəti olmadan yalnız görünüş üçün bağlanmış əqddir. Uydurma əqd əhəmiyyətsizdir. 340.2. Yalan əqd başqa əqdi pərdələmək məqsədi ilə bağlanan əqddir. Yalan əqd əhəmiyyətsizdir. Yalan əqdə onun mahiyyəti nəzərə alınmaqla, tərəflərin həmin əqdi bağlayarkən əslində nəzərdə tutduqları əqdə aid olan qaydalar tətbiq edilir. 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 389.1. Mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. 406.1. Müqavilə əqdlərin bağlanması üçün nəzərdə tutulan hər hansı formada bağlana bilər, bu şərtlə ki, bu Məcəllədə həmin növ müqavilə üçün müəyyən forma təyin edilməsin. 406.3. Yazılı formada müqavilə tərəflərin imzaladığı bir sənədin tərtibi yolu ilə, habelə bu Məcəllənin 331.1-ci maddəsinə uyğun olaraq məktubların, teleqramların, elektron sənədlərin və ya digər verilənlərin mübadiləsi yolu ilə bağlana bilər.
442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445.2. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz.
567. Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 600.1. Alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir.
Azərbaycan Respublikasının Vegi Məcəlləsi
71-1.1. Bu Məcəllə ilə müəyyən edilən hallarda malları təqdim edən (göndərən), işləri görən və xidmətləri göstərən, habelə malların təsərrüfatdaxili yerdəyişməsini həyata keçirən vergi orqanında uçotda olan şəxs elektron qaimə-fakturanı aşağıdakı müddətlərdə təqdim (tərtib) etməlidir: 71-1.1.1. bu Məcəllənin 71-1.5.1-ci, 71-1.5.4-cü, 71-1.5.5-ci, 71-1.5.7-ci və 71- 1.5.8-ci maddələrində nəzərdə tutulmuş hallarda – mallar göndərilən (verilən) vaxt; 71-1.1.2. əvvəlcədən sifariş edilməyən malların təqdim edilməsi üzrə – malların təhvil verilməsini təsdiq edən sənədin verildiyi tarixdən 5 gün müddətində; 71-1.1.3. işlərin görülməsi və xidmətlərin göstərilməsi üzrə – işlərin görüldüyü və xidmətlərin göstərildiyi tarixdən 5 gün müddətində; 71-1.1.4. bu Məcəllənin 71-1.5.2-ci, 71-1.5.3-cü və 71-1.5.6-cı maddələrində nəzərdə tutulmuş hallarda – malların qaytarıldığı və vergi tutulan dövriyyənin dəqiqləşdirildiyi vaxtdan 3 gün müddətində; 71-1.1.5. bu Məcəllənin 71-1.5.12-ci maddəsində nəzərdə tutulmuş halda–avansın alındığı gün. 71-1.2. Elektron qaimə-fakturanın forması, tətbiqi, uçotu və istifadəsi qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi (MPM)
Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 217. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Maddə 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
Apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq məhkəmə hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2024cü il tarixli e-2-2(115)-620/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Cavabdehin qətnamədən şikayət dəlili aqd etibarsız, yəni uydurma əqd olmasından ibarətdir və cavabdeh eyni zamanda satılmış mallara dair elektron qaimənin verilməməsini əsas kimi göstərir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış 21 fevral 2022-ci il tarixli 065/2022 nömrəli məhsulların nisiyə alğısatqısı barədə müqavilə bağlanmışdır. Müqaviəyə əsasən satıcı alıcıya nisiyə (borc) olaraq ümumi dəyəri 44935,53 manat məbləğində olan müxtəlif çeşidli məhsulları (və ya taranı) satmağı, alıcı isə həmin nisiyə olaraq qəbul etməyi və borcunu 6 ay ərzində pul şəkilində ödəməyi öhdəsinə götürmüşdür. Satılmış malların təhvil təsliminə dair 21 fevral 2022-ci il tarixdə təhvil-təslim aktı tərtib edilmiş və 44935,53 manat dəyərində mallar cavabdehə təhvil verilərək sonuncu tərəfindən qəbul edilmişdir. Eyni zamanda 21 fevral 2022-ci il tarixdə tərəflər arasında mövcud borcun etirafı haqqında mücərrəd müqavilədə bağlanmış və borclu Cavabdeh kreditor İddiaçı MMC-yə 44935,53 manat borcunun olduğunu etiraf etmiş və bu müqavilədə göstərilən müddətdə və qaydada ödəməyi öhdəsinə götürmüşdür. Eyni zamanda cavabdeh iddiaçıya ərizə ilə müraciət edərək İddiaçı MMC ilə bağladığı müqaviləyə əsasən müəssisəyə 44935,53 manat borcunun olduğunu etiraf etmiş və həmin borc məbləğini 21 avqust 2022-ci il tarixə qədər tam şəkildə ödəməyi öhdəsinə götürmüşdür. Cavabdehin biirnci instansiya məhkəməsində icraat aparıldığı zaman müqavilə akt və sair sənədlərdə olan imzaların ona məxsus olmadığını iddia etdiyindən məhkəmə tərəfindən ekspertiza təyin edilmiş və Məhkəmə Ekspertiza Mərkəzinin 31 iyul 2024-cü il tarixli 4/926 nömrəli ekspert rəyindən əsasən ekspertizaya təqdim edilmiş, işin 65-ci vərəqində olan məhsulların nisyə alqı-satqısı barədə xx.xx.2022-ci il tarixli 065/2022 nömrəli müqavilədə “Alıcı” qrafasından aşağıda yerləşən “İmza” qrafasındakı imza, 66-cı vərəqində olan xx.xx.2022-ci il tarixli mövcud borcun etirafı haqqında mücərrəd müqavilədə “Borclu” qrafasından aşağıda yerləşən “F/Ş” qrafasındakı imza, 67-ci vərəqində olan xx.xx.2022-ci il tarixli təhvil-təslim aktında “Təhvil aldı:” qrafasından aşağıda yerləşən “İmza” qrafasındakı imza, 68-ci vərəqində olan Cavabdeh adından İddiaçı MMC” Prezidentinə ünvanlanmış xx.xx.2022-ci il tarixli ərizədə “İmza:” qrafasındakı imza Cavabdeh tərəfindən icra olunmuşdur. Göründüyü kimi, ekspertiza araşdırmasının predmeti olmuş müqavilələr və ərizələr cavabdeh tərəfindən imzalanmış və tərəflər arasında alğı-satqıdan irəli gələn hüquq münasibətləri yaranmışdır. Tərəflər arasında bağlanmış müqavilə hər iki tərəfin imzalanması ilə bağlanmış, alğısatqıdan irəli gələn həqiqi hüquqi nəticələr yaratmışdır ki, mülki qanunvericilikdə alğı-satqı müqaviləsinin xüsusi forması nəzərdə tutulmamışdır. Belə olan halda tərəflər arasında bağlanmış müqavilə qanunvericiliyin tələblərinə zidd olmayaraq sadə yazılı formada bağlanmış və etibarsız olmamışdır. Cavabdeh apellyasiya şikayətində əqdin uydurma olduğunu iddia edir ki, uydurma əqd ona uyğun hüquqi nəticələr yaratmaq niyyəti olmadan yalnız görünüş üçün bağlanmış əqddir. Cavabdeh bu hala istinad etsə də məhkəmə araşdırması zamanı tərəflər arasında bağlanmış əqdin uydurmalığı hər hansı sübutlarla təsdiq olunmamış və cavabdeh bu halı təsdiq edəcək dəlil və sübutları məhkəməyə təqdim edə bilməmişdir. Cavabdehin dəlillərinin əksinə tərəflər arasında bağlanmış əqdin ona uyğun nəticə yaratması satın alınmış malların təhvil-təslimi, cavabdehin borcun etirafına dair müraciəti və borcun etirafına dair mücərrəd müqavilə ilə təsdiqini tapmışdır. Eyni zamanda yalan əqd başqa əqdi pərdələmək məqsədi ilə bağlanan əqddir ki, tərəflər arasında bağlanmış əqdin hansı əqdi pərdələmək məqsədi ilə bağlandığına dair iş materiallarında sübut mövcud deyildir. Bundan başqa satılmış mallara dair cavabdeh tərəfindən elektron qaimənin verilməməsi müqavilənin uydurma və ya yalan əqd olmasını təsdiq etmir və mülki qanunvericiliyin bununla bağlı qəti göstərişi mövcud deyildir. Elekton qaimənin verilməsinin əsasları və müddətləri vergi qanunvericiliyi ilə müəyyən edilir ki, vergi yoxlaması zamanı aşkar olunacaq bu hal iddiaçının vergi qanunvericiliyinə uyğun məsuliyyət məsələsinin həlli zamanı nəzərə alına bilər. Göründüyü kimi, cavadehin birinci instansiyası məhkəməsində icraat zamanı müqavilənin onun tərəfindən imzalanmamasına və apellyasiya icraatı zamanı əqdin etibarsızlığa dair şikayət dəlilləri əsassız olmuşdur. Tərəflər arasında etibarlı müqavilə bağlanmış, müqavilə həqiqi hüquqi nəticələr yaratmağa yönəlmiş və belə nəticələr yaratmış, yalan və ya uydurma olmamışdır ki, cavabdeh müqavilə öhdəliklərini yerinə yetirmədiyindən sonuncunun tələb olunan məbləğdə borcu yaranmışdır. Bunlardan başqa cavabdeh apellyasiya şikayətində məhkəmənin prosesual huquq normalarına istinad etmədən qətnamə qəbul etdiyini və birinci instansiyası məhkəməsinin cavabehin haqlı tələblərinə məhəl qoymadığını bildirir. Bununla bağlı qeyd edilməlidir ki, tərəflər arasında mübahsənin həlli prosessual deyil, maddi hüquq normaları əsasında həyata keçirirlir. Birinci instansiyası məhkəməsi işin nəticəsinə təsir edəcək prosessual pozuntuya yol verməmiş, mübahisənin həqiqi hallarını müəyyən etmək üçün ekspertiza belə keçirtmişdir. Göründüyü kimi, iş üzrə cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin dəlilləri əsassız, birinci instansıyası məhkəməsinin mövqeyi isə əsaslıdır. Beləliklə də, apellyasiya baxışının nəticələri ilə müəyyən edilir ki, birinci instansiya məhkəməsi iş üzrə düzgün nəticəyə gələrək qanuni və əsaslı qətnamə qəbul etmişdir. Apellyasiya şikayətinin dəlilləri formal mülahizə xarakteri daşıyır. Qətnamənin tam və ya qismən ləğv edilməsi, habelə dəyişdirilməsi üçün əsaslar yoxdur. Məhkəmə, Mülki Prosessual Məcəllənin 384.0.1-ci maddəsində təsbit olunmuş səlahiyyətinə əsaslanaraq hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə həmçinin qeyd edir ki, MPM-nin 402.1-ci maddəsinin tələbinə görə hazırki qətnamədən kassasiya şikayəti verilə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 392, 393 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə
qət etdi: Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(115)-620/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.