Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-2(104)-240/2025 01.10.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məcidov Rüfət Azadəli oğlu (məruzəçi), Rzaquliyev Şamil Qəhrəman oğlu və X1 ibarət tərkibdə, Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli e-2-2(115)-164/2025 nömrəli qətnaməsindən İddiaçı (bundan sonra – iddiaçı) və Cavabdeh (bundan sonra – cavabdeh) tərəfindən verilmiş apellyasiya şikayətlərinin mümkünlüyünü yoxlayaraq, məhkəmə müəyyən etdi: İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 07 sentyabr 2023- cü il tarixli B/97 nömrəli alqı-satqı müqaviləsinə əsasən yaranmış və ödənilməmiş 63090,60 manat əsas borc, 18900 manat cərimə borcu, ödənilmiş dövlət rüsumu 336 manat, hüquqi yardım göstərilməsinə dair 1529 saylı müqaviləyə əsasən ödənilmiş 1500 manat məbləğində pul olmaqla, ümumilikdə 83916,60 manatın Cavabdeh tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Bundan sonra, cavabdeh qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ilkin iddianın rədd edilməsinə, 07 sentyabr 2023-cü il tarixli B/97 nömrəli alqı-satqı müqaviləsinin etibarsız sayılmasına və ödənilmiş 100 manat dövlət rüsumunun İddiaçındən alınıb ona verilməsinə dair qətnamə qəbul olunmasını xahiş etmişdir. Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli e-2-2(115)-164/2025 nömrəli qətnaməsi (hakim Gülnaz Quliyev) ilə, ilk iddianın qismən təmin edilməsi, ilk iddia üzrə Cavabdeh 63090 (altmış üç min doxsan) manat 60 (altmış) qəpik borc, 279 (iki yüz yetmiş doqquz) manat 27 (iyirmi yeddi) qəpik dövlət rüsumu və 500 (beş yüz) manat hüquqi yardım göstərilməsinə dair xidmət haqqı tutularaq ilkin iddia üzrə İddiaçınə ödənilməsi, ilkin iddianın qalan hissədə təmin edilməməsi, qarşılıqlı iddianın təmin edilməsi, İddiaçı ilə Cavabdeh arasında bağlanmış 07 sentyabr 2023-cü il tarixli B/97 saylı iki alqı-satqı müqaviləsi etibarsız hesab edilməsi, iş üzrə məhkəmə-xətşünaslıq ekspertizasının keçirilməsi ilə bağlı 137 (bir yüz otuz yeddi) manat ekspertiza xərci ilk iddia üzrə İddiaçındən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (X2, kodu: 210005, VÖEN: **********, müxbir hesab: AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzinin VÖEN: **********, hesab AZ34CTRE********************) ödənilməsi qət edilmişdir. Qətnamədən narazı qalan iddiaçı apellyasiya şikayəti ilə məhkəməyə müraciət edərək, qətnamənin İddiaçı tərəfindən verilmiş iddia tələbinin təmin edilməmiş hissəsində, qarşılıqlı iddianın isə təmin edilmiş hissəsində ləğv edərək, ilkin iddianın tam olaraq təmin edilməsini, qarşılıqlı iddianın isə rədd edilməsini xahiş etmişdir. Həmçinin, qətnamənin dəlilləri ilə razılaşmayan cavabdeh apellyasiya şikayəti ilə məhkəməyə müraciət edərək, qətnamənin qismən, yəni ilkin iddianın təmin olunan hissəsinə münasibətdə ləğv edilməsini, həmin hissədə iddianın təmin edilməməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətlərini və işin materiallarını nəzərdən keçirərək hesab edir ki, iddiaçı və cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətlərinə qanunvericiliklə müəyyən edilmiş məbləğdə dövlət rüsumunun ödənilməsinə dair sübut təqdim edilməmişdir. Buna görə də apellyasiya şikayətlərini Mülki Prosessual Məcəllənin 361-ci maddəsinin tələblərinin yoxlanılması üçün geri qaytarılmalıdır. Belə ki, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.3-cü maddəsinə əsasən, iddia qiyməti 10.000 manatdan 100.000 manatadək olduqda 120 manat + 10.000 manatdan yuxarı olan iddia qiymətinin 0,3 faizi məbləğində dövlət rüsumu ödənilir. 8.2-ci maddəsinə əsasən, qiymətləndirilməyən iddia ərizəsinin, məhkəmə əmri haqqında ərizənin, xüsusi icraat qaydasında baxılan iş üzrə ərizənin verilməsinə görə 100 manat məbləğində dövlət rüsumu ödənilir. İş materiallarına əsasən, ilkin iddia tələbinin qiyməti 81.990,60 manat olmaqla ödənilməli olan dövlət rüsumunun məbləği 335,97 manat, qarşılıqlı iddianın tələbi isə qiymətləndirilməyən olduğundan 100 manat təşkil edir. İddia və qarşılıqlı iddia tələbləri üzrə dövlət rüsumları ödənilmiş və ümumi iddia tələbinə baxılması ilə əlaqədar dövlət rüsmunun məbləği 435,97 manat (335,97 + 100 = 435,97) təşkil etmişdir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.6-cı maddəsinə əsasən, apellyasiya, kassasiya və ya əlavə kassasiya şikayətinin, qanuni qüvvəyə minmiş məhkəmə aktlarına yeni açılmış hallar üzrə yenidən baxılması üçün ərizənin verilməsinə görə bu Qanunun müvafiq olaraq 8.1-ci, 8.2-ci, 8.8-ci (müvəqqəti təminat tədbirlərinin tətbiqinə münasibətdə), 8.10-cu və 8.11-ci maddələrində müəyyən edilmiş dövlət rüsumunun 50 faizi məbləğində dövlət rüsumu ödənilir. Bu halda, 8.6-cı maddənin tələbi tətbiq edilməklə dövlət rüsumu 8.1-ci maddəyə uyğun hesablanmalı və yarı miqdarda (50%) ödənilməlidir. Buna əsasən, məhkəmə qeyd edir ki, apellyasiya şikayəti üzrə ödənilməli olan dövlət rüsumu 435,97 manatın 50 faizi isə 217,98 manat təşkil edir. Lakin, iş materiallarına əlavə olunmuş ödəniş sənədlərindən göründüyü kimi, apellyasiya şikayətini verən şəxslər kimi iddiaçı 168 manat dövlət rüsumu, cavabadeh isə yalnız 140 manat dövlət rüsumu ödəmişdir. Bu isə qanunvericiliklə müəyyən edilmiş rüsum məbləğindən azdır. Yuxarıda qeyd edildiyi kimi, apellyasiya və kassasiya şikayətlərinin verilməsi ilə əlaqədar qətnamənin mübahisələndirilən hissəsinə uyğun ödənilməli olan dövlət rüsumunun deyil, iddianın qiymətinə uyğun ödənilməli olan dövlət rüsumunun 50 faizi ödənilməlidir ki, iddiaçı və cavabdeh qanunla müəyyən edilmiş dövlət rüsumunun məbləğindən az rüsum ödəmə\kdə haqlı olmamışlar. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 361.3-cü maddəsinə əsasən, şikayətə dövlət rüsumunun ödənilməsini təsdiq edən sübutlar əlavə edilir. 363.1.2-ci maddəsinə əsasən, apellyasiya şikayətinə müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənədlər əlavə olunmamışdırsa, qanunla dövlət rüsumunun ödənilməsinə möhlət verilməsi, hissə-hissə ödənilməsi və ya onun məbləğinin azaldılması imkanı nəzərdə tutulmuşdursa, bu barədə vəsatət olmadıqda və ya vəsatət rədd edilmişdirsə apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. Beləliklə, yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı və cavabdeh apellyasiya şikayətlərinin verilməsi üçün qanunla tələb olunan dövlət rüsumunu tam ödəməmiş, birinci instansiya məhkəməsi isə şikayəti Mülki Prosessual Məcəllənin 361-ci və 363.1.2-ci maddələrinin tələblərinə uyğunluğunu yoxlamadan baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərmişdir. Buna görə də şikayət Mülki Prosessual Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunun yoxlanılması üçün birinci instansiya məhkəməsinə geri qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 366.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində apellyasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə apellyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir. 366.2-ci maddəsinə əsasən, əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. 366.4-cü maddəsinə əsasən, apellyasiyanın qeyri-mümkün hesab edilməsi barədə qərardaddan kassasiya instansiyasına şikayət verilə bilər. Yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263, 264, 361, 363.1.1-1 və 366-cı maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli e-2-2(115)-164/2025 nömrəli qətnaməsindən İddiaçı və Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətləri qeyri-mümkün hesab edilsin və apellyasiya şikayətləri hüquqi qiymət verilməsi üçün işlə birlikdə Gəncə Kommersiya Məhkəməsinə göndərilsin. Qərardaddan, qərardad işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-2(104)-240/2025
Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(104)-240/2025
01.10.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver