Məhkəmə qərarları › İş №2-2(104)-241/2023

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(104)-241/2023

30.12.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2-2(104)-241/2023 30.12.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin kommersiya kollegiyası-hakimlər Hüseynzadə Afiq Hüseyn oğlu (sədrlik edən və məruzəçi), Həsənov İslam Telman oğlu və Rzaquliyev Şamil Qəhrəman oğlundan ibarət tərkibdə, Məmmədov Elvin İsrayıl oğlunun katibliyi, iddiaçı «Şəmkir Səbət Ticarət Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi vəkil X1 və Cavabdeh nümayəndəsi X4 iştirakı ilə, İddiaçı «Şəmkir Səbət Ticarət Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdehnə qarşı borcun silinməsi tələbinə dair kommersiya mübahisəsi üzrə Gəncə Kommersiya Məhkəməsinin 22 avqust 2023-cü il tarixli, e-2-2(115)-168/2023 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Birinci instansiya məhkəməsində icraat: İddiaçı Cavabdehnə qarşı borcun silinməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh hərəkətlərinin qanunsuz hesab edilməklə əsassız olaraq hesablanmış 15765.20 manat borcun silinməsi tələbinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, İddiaçı MMC tərəfindən cəmiyyətin fəaliyyətinin təmin edilməsi üçün istilik enerjisindən istifadə edilməsi üçün Flouq Qaz-1 tipli qaz sayğacı quraşdırılmışdır. Qaz sayğacı üzrə İddiaçı MMC tərəfindən istehlak edilməsi üzrə pul ödənişi normal ödənilmişdir. Sonradan sayğacda yaranmış qüsur nəticəsində cəmiyyətə əsassız olaraq 15765,20 manat pul hesablanmışdır. Bununla bağlı cavabdehə müraciət edilərək əsassız hesablanmış qaz pulunun silinməsi və sayğacın dəyişdirilməsi barədə məlumat verilmişdir. Bunun əsasında cavabdeh tərəfindən sayğaca baxış keçirilərək sayğacın kollektorunun və gövdəsinin nasaz olması barədə qüsur aktı tərtib edilmişdir. Lakin, hazıradək cavabdeh tərəfindən cəmiyyətə hesablanmış 15765,20 manat qaz pulu silinməmişdir. Buna görə də iddia tələbinin təmin edilməsi xahiş edilmişdir. Gəncə Kommersiya Məhkəməsinin 22 avqust 2023-cü il tarixli, 2-2(115)-168/2023 saylı qətnaməsi ilə (hakim K.Vəliyev) iddia qismən təmin edilərək, Cavabdeh tərəfindən hesablanmış 14706,61(on dörd min yeddi yüz altı manat altmış bir qəpik) manat borcun İddiaçı abonentin hesabından silinməsi, Cavabdehndən 134,12 (bir yüz otuz dörd manat on iki qəpik) manat dövlət rüsumunun tutularaq dövlət büdcəsinə ödənilməsi, iş üzrə 40 manat ekspertiza xərcinin İddiaçı MMC-dən, 40 manatın isə Cavabdehndən tutularaq Az.MEM, VÖEN **********, AZ34CTRE********************, X2, KOD 210005 VÖEN ********** müxbir hesab AZ 41 NABZ013601**********3944 SFİFT BİK CTREAZ 22 saylı hesaba ödənilməsi və iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. İşdə olan sübutlar: xx.xx.2019-cu il tarixli, AMX-9533/19 saylı “Qaz paylayıcısı ilə sənaye qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə” müqavilənin 1-ci bəndinə əsasən paylayıcı Cavabdeh bu müqavilə ilə müəyyən edilmiş şərtlərə uyğun olaraq istehlakçını keyfiyyətli qazla təmin edir, istehlakçı isə aldığı qazın dəyərini qaz sayğacının göstəricisinə uyğun olaraq paylayıcı tərəfindən təqdim edilən hesaba əsasən ödəyir. Metrologiya Departamenti Sayğacların müayinəsi Laboratoriyası tərəfindən tərtib edilmiş xx.xx.2020-ci il tarixli SS №29/1640-01190 nömrəli “Qeyri-əhali qaz sayğacının yoxlanması haqqında” aktın surətindən görünür ki, ilkin baxış zamanı sayğacın daxili çirkli olduğu müəyyən edilmişdir. Sayğacın kranşteyni əyilmişdir. Sayğac yuyulmuş, təmizlənmiş, hava vurulmuş və mexaniki hissənin işlək olması müəyyən edilmişdir. Korrektora baxış keçirilmiş, arxivlər oxunmuş, saatlıq arxivə əsasən maksimal təzyiqi və maksimal sərfiyyatı müəyyən etmək mümkün olmamışdır. Temperatur çevricisi normaldır. Təzyiq çevricisi nasazdır. Elektron göstərici Vt mexaniki göstəricidən 11 m3 çoxdur. T baza=100C, Pbaza=750mm.c.st olmalıdır. T baza=200C, Pbaza=760 mm.c.st. Minimal sərfiyyatda xəta normaya uyğun deyil. Təzyiq çevricisi tələb olunur. xx.xx.2023-cü il tarixə olan abonent saldosundan görünür ki, 2020-ci ilin iyun ayına 14706,61 manat olmaqla il ərzində 15765.20 manat borc qeyd edilmişdir. Məhkəmə Ekspertiza Mərkəzi xx.xx.2023-cü il tarixli, 10/3557 nömrəli ekspert rəyindən görünür ki, “Texniki şərtin sorğu blankı”na əsasən Şəmkir rayonu, "xxxx" MMC-yə məxsus İddiaçı bazarında istifadə edilən qaz cihazlarının ümumi saatlıq qaz sərfiyyatı 29,95 m3 /saat təşkil edir. Məhkəmə tərəfindən qaz cihazlarından gündəlik istifadə müddəti müəyyən edildikdən sonra 2020-ci ilin yanvar-iyun aylarında istifadə olunan qaz sərfiyyatının həcmi müəyyən edilə bilər. Apellyasiya şikayətinin dəlilləri. Gəncə Kommersiya Məhkəməsinin 22 avqust 2023-cü il tarixli, 2-2(115)-168/2023 saylı qətnaməsindən narazı qalan Cavabdeh apellyasiya şikayəti verərək, Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(115)-168/2023 saylı qətnaməsinin ləğv edərək, iddia tələbinin təmin olunmaması barədə yeni qətnamə qət edilməsini xahiş etmişdir. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, iş materiallarından göründüyü kimi İddiaçı MMC-nin abonent qeydiyyatı üzrə ticarət mərkəzində G-25 markalı 40381186 nömrəli qaz sayğacı istismarda olmuş və istehlak olunmuş qaz sərfinin hesabatı həmin sayğac vasitəsilə hesablanmışdır. Lakin hazırkı iddia üzrə tərəf həmin göstəricinin xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixə qədər düzgün olmadığını və sayğacda yaranmış nasazlıq səbəbindən artıq hesablandığını bildirmişdir. Qeyd edirlər ki, abonentin saldosuna əsasən 14923,60 manat yekun borc məbləği istehlak edilmiş qaz sərfi dəyərinin ödənilməmiş qalan borc məbləğidir. Tərəfin iddia tələbində göstərdiyi Metrologiya Departamentinin Sayğacların müayinəsi loboratoriyasında sözügedən qaz sayğacına baxış keçirilərkən digər istismar qüsurları ilə yanaşı sayğacın maksimal təzyiq və sərfiyyatı müəyyən etmək mümkün olmaması heç də sayğacın artıq hesabat aparmasına dəlalət etmir. Əgər belədirsə onda həmin rəydə sayğacın minimal sərfiyyatda xətanın normaya uyğun olmadığı da göstərilmişdir. Onda itirilmiş qaz müəyyən olunmalı idi. Bundan əlavə həmin müddətdəki sayğac göstəricilərinin dəyişkən olaraq qeydə alınması, yəni davamlı yüksək göstəricinin olamaması artıq hesabatın aparılmasını şübhə altına almış olur. Ona görə də abonentin bu barədə məhkəməyə verdiyi ifadə iddianın təmin olunmasına əsas olunmalıdır. Qeyd edirlər ki, məhkəmə tədqiqatı gedişində cavabdeh tərəf olaraq artıq hesabatın aparılmasına etirazlarına baxmayaraq iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş formal sübutlar əsasında iş üzrə mühəndis-texniki ekspertiza təyin edilmişdir. Həmin ekspertiza tərəfindən məhkəməyə təqdim edilmiş rəyə əsasən iddiaçıya məxsus obyektdə istifadədə olan qaz cihazlarının ümumi saatlıq qaz sərfiyyatının 29.95 m3 olması müəyyən edilməklə qaz cihazlarından istifadə müddəti və qeyd olunan dövr ərzində istehlak edilmiş qaz həcminin hesablanmasının mümkünlüyü bildirilmişdir. Nəzərə alsalar ki, bu ekspertiza birbaşa iddiaçı tərəfin təşəbbüsü ilə reallaşdırılmışdır, deməli işə obyektiv yanaşmanın göstəricisi olaraq yekun rəy nəzərə alınmaqla ən azından yeni hesabat forması müəyyən olunmaqla iş üzrə daha obyektiv qərar qəbul olunmasına nail oluna bilərdi. Yoxsa ki, qaz sayğacının hesabatını düzgün hesab etməyərək daha dolğun hesabatın aparılması üçün məhkəmə tərəfindən təyin edilmiş ekspertizanın nəticəsi olaraq təqdim edilmiş rəyin nəzərə alınmaması bundan əlavə ekspertiza xərcinin tərəflərinin üzərinə qoyulması qətnamənin obyektivliyinə şübhə yaratmış olur. Belə ki, iş üzrə əsaslı sübütlar eləcə də qüsurlu qeydiyyatlı hesab edilən qaz sərfiyyatının qanunauyğunluğu müəyyən edilmiş hesabatının aparılması qaydası ola-ola, birinci instansiya məhkəməsi tərəfindən cavabdeh tərəfin formal mülahizələr əsasında qurduğu izahatını dinləyərək, iş materiallarını səthi araşdıraraq, iş üzrə iddiaçı tərəfindən heç bir sübut təqdim olunmamasına baxmayaraq səhv hüquqi qiymət vermiş, səhv nəticəyə gəlmiş və düzgün olmayan qətnamə qət etmişdir. Qeyd edilənlərdən aydın görünür ki, iddiaçının abonent hesabında olan və mübahisələndirilən 15765,20 manat borc məbləği istismarda olan mövcud qaz sayğacı vasitəsilə istehlak olunmuş qaz sərfinin dəyər hesabatı olaraq müəyyənlədirilmiş və bu işin mübahisəsiz halıdır. Ona görə də qeyd edilən müddət ərzində həmin sayğac üzrə aylarla hesabat aparılaraq istehlak edilmiş qaz sərfinin dəyəri 15765,20 manat müəyyən edilməklə abonent hesabına daxil edilmişdir. Məhkəmə Kollegiyasının diqqətinə çatdırırlar ki, iddia tələbinin ilk hissəsində qeyd edilən 2020-ci ilin ilk altı ayı hesablanmış borc məbləği müddət ərzində istismarda olan qaz sayğacı vasitəsilə istehlak edilmiş təbii qazın dəyər məbləğidir və mövcud qaydaların tələblərinə uyğun olaraq iddiaçı tərəfindən tam ödənilməlidir. İş materiallarından göründüyü kimi İddiaçı MMC-nin abonent qeydiyyatı üzrə ticarət mərkəzində G-25 markalı 40381186 nömrəli qaz sayğacı istismarda olmuş və istehlak olunmuş qaz sərfinin hesabatı həmin sayğac vasitəsilə hesablanmışdır. Lakin hazırkı iddia üzrə tərəf həmin göstəricinin xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixə qədər düzgün olmadığını və sayğacda yaranmış nasazlıq səbəbindən artıq hesablandığını bildirmişdir. Buna görə də apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir. Proses iştirakçılarının izahatları: Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh nümayəndəsi X6 izahat verib bildirmişdir ki, iddiaçının qaz sayğacında qüsurun olması işin mübahisəsiz halı olmuşdur. Labarator müayinənin nəticəsi olaraq sayğacın maksimal təzyiq və sərfiyyatı müəyyən etməməsi həmin sayğacın keçən qazın həcmini çox qeydə alması anlamına gəlmişdir. Lakin, birinci instansiya məhkəməsi nasaz sayğacın olduğu dövr üzrə yaranmış bütün borc məbləğini silmişdir. Halbuki, birinci instansiya məhkəməsi sayğacın göstəricilərini qəbul etmədiyi halda sayğacın keçən qazın həcmini düzgün qeyd etmədiyi dövr üzrə işlədicilərin qaz sərfiyatına uyğun olaraq, itirilmiş qazın həcmini müəyyən edə bilərdi. Buna görə də apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı «Şəmkir Səbət Ticarət Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyətinin vəkili X3 çıxış edərək bildirmişdir ki, iddiaçıya yeni qaz sayğacı quraşdırıldıqdan sonra həmin sayğacın göstəriciləri ilə də əvvəlki sayğacın işləmədiyi təsdiqini tapmışdır. Birinci instansiya məhkəməsi də haqlı olaraq qeyd etmişdir ki, 2021-ci ilin yanvar ayına münasibətdə 2020-ci ilin yanvar ayında hesablanmış məbləğ 26 dəfə çox olmuşdur. Buna görə də apellyasiya şikayətinin əsassız hesab edilərək, təmin edilməməsini xahiş etmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsi: Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı, 12 may 2011-ci il tarixli Qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə qaydaları”: 4.9. İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. 5.2. Bu Qaydaların 5.4-cü, 6.5-ci, 6.5-2-ci və 6.5-3-cü bəndlərində nəzərdə tutulmuş hallar istisna olmaqla, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini qaz sayğacının göstəricilərinə əsasən hər ay üzrə hesablamalı və növbəti ayın 10-dək istehlakçıya bu barədə məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən təqdim edilməsi (göndərilməsi) tələb olunmur. İstehlakçının istehlak etdiyi qazın dəyəri tam ödənildikdən sonra qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin istehlakçı tərəfindən ödənilməsi tələb edilə bilməz. 6.5. Qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın 1 (bir) nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), 1 (bir) nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün EN-ə, cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. 6.5-1. İstehlakçı tərəfindən qazın talanması məqsədilə sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qaz paylayıcısına vurulmuş zərərin hesablanması zamanı aşağıdakı şərtlər nəzərə alınır: 6.5-1.1. sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qazdan istifadə edildiyi müddət və həmin müddətin əhatə olunduğu ilin mövsümü; 6.5-1.2. əvvəlki dövrün orta gündəlik qaz sərfi; 6.5-1.3. istehlakçının istifadə etdiyi qaz qurğusunun xüsusiyyətləri (növü, maksimal saatlıq qaz sərfi) və qaz sayğacının markası. 6.5-2. İstehlakçı tərəfindən qazın talanması məqsədilə qaz sayğacına müdaxilə edildikdə (plomb qoparıldıqda, baxış şüşəsi sındırıldıqda, gövdəsi zədələndikdə və sayğaca vizual baxış nəticəsində qüsurun müəyyən edilməsi mümkün olan digər hallarda), qaz paylayıcısı tərəfindən pozuntu aradan qaldırılmalı və bu Qaydaların 3.1.10-cu yarımbəndinə uyğun olaraq qaz sayğacına keçirilmiş sonuncu baxış tarixindən sayğaca müdaxilə halları aşkar edildiyi tarixədək, lakin 3 (üç) aydan çox olmayan müddətdə istifadə edilmiş qazın dəyəri hər bir hal üzrə bu Qaydaların 6.5-1-ci bəndi ilə müəyyən edilmiş şərtlərin, habelə məişət abonentlərinə münasibətdə sutkanın on iki saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla hesablanır. 6.5-3. İstehlakçı tərəfindən qanunsuz qoşulma hallarında qaz paylayıcısı tərəfindən pozuntu aradan qaldırılmalı və qazpaylayıcı şəbəkəyə keçirilmiş sonuncu baxış tarixindən qanunsuz qoşulma halları aşkar edildiyi tarixədək, lakin on iki aydan çox olmayan müddətdə istifadə edilmiş qazın dəyəri hər bir hal üzrə bu Qaydaların 6.5-1-ci bəndi ilə müəyyən edilmiş şərtlərin, habelə məişət abonentlərinə münasibətdə sutkanın on iki saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla hesablanır. 6.5-4. Qaz paylayıcısının işçisi bu Qaydaların 6.5-ci bəndinə uyğun olaraq tərtib etdiyi akta vurulmuş zərərin bu Qaydaların 6.5-2-ci və 6.5-3-cü bəndlərinə uyğun olaraq hesablanmış məbləği barədə ilkin məlumatı əlavə edir. Akt qaz paylayıcısının işçisi və istehlakçı (və ya onun səlahiyyətli nümayəndəsi, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən biri) tərəfindən imzalanmalıdır. İstehlakçı (və ya onun səlahiyyətli nümayəndəsi, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən biri) aktı imzalamaqdan imtina etdikdə, bu barədə aktda müvafiq qeyd aparılır və yol verilmiş pozuntu texniki vasitələrlə (foto və ya videoçəkiliş aparılmaqla) qeydə alınır. İstehlakçı (və ya onun səlahiyyətli nümayəndəsi, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən biri) izahat və aktın məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə aktı imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüququna malikdir, bu izahatlar və mülahizələr akta əlavə olunur. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi: 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.3. Qətnamə iş üzrə müəyyən olunmuş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır. 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 376.2. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxslərin gəlməməsi işə baxılmasına mane olmur. Lakin işdə iştirak edən şəxslər üzürlü səbəblərdən gəlmədiyi hallarda məhkəmə işin baxılmasını təxirə sala bilər. 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi:

Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini mülki iş materialları ilə birlikdə araşdırıb bu nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, məhkəmə kollegiyasının iclasında müəyyən edilmişdir ki, iddiaçıya məxsus qaz sayğacı nasaz olması səbəbindən xx.xx.2020-ci il tarixdə xətdən çıxarılmış, çıxarılmış sayğacın yerinə yeni sayğac quraşdırılmış və çıxarılmış sayğac yoxlamaya göndərilmişdir. xx.xx.2020-ci il tarixli, SS seriyalı, 29/1640-01190 nömrəli “Qeyri-əhali qaz sayğacının yoxlanması haqqında” rəylə isə müəyyən edilmişdir ki, saatlıq arxivə əsasən maksimal təzyiqi və maksimal sərfiyyatı müəyyən etmək mümkün olmamaqla, sayğacın təzyiq çevricisi nasaz olmuşdur. Minimal sərfiyyatda xəta normaya uyğun deyil. Təzyiq çevricisi tələb olunur. Lakin, həmin rəydə nasazlığın hansı səbəbdən, o cümlədən kənar təsir nəticəsində əmələ gəlməsi ilə bağlı hər hansı bir nəticəyə gəlinməmişdir. İş materiallarında olan abonentin saldosu adlı sənəddən isə görünür ki, əvvəki nasaz sayğac çıxarılarkən sayğacın göstəricisi 79719 kubmetr göstəricidə olmuş, yeni quraşdrılmış sayğacın göstəricisi isə 48711 kubmetr göstəricidə olmuşdur. Həmçinin, əvvəlki nasaz sayğacın göstəricisi olan 79719 kubmetr göstərici xx.xx.2019-cu il tarixdən xx.xx.2020-ci il tarixədək olan 9 aylıq dövrü əhatə etmişdir. Yeni sayğac quraşdırıldıqdan 1 il ərzində isə, yəni 18 iyun 2020-ci il tarixdən 01 iyul 2021-ci il tarixədək olan dövr ərzində cəmi (60855- 48711=12144) 12144 kubmetr qaz sərfini qeydə almışdır. Bundan başqa Məhkəmə Ekspertiza Mərkəzi xx.xx.2023-cü il tarixli, 10/3557 nömrəli ekspert rəyi ilə iddiaçıya məxsus obyektdə istifadə edilən qaz cihazlarının ümumi saatlıq qaz sərfiyyatı 29,95 m3 /saat təşkil etmişdir ki, həmin qaz cihazları günün 24 saatı, 30 gün dayanmadan işlədiyi təqdirdə, aylıq sərf oluna biləcək qaz sərfi 21564 m3 (29,95 m3/saat x 24 saat=718,8 m3, 718,8 m3x 30 gün=21564 m3) təşkil edəcəkdi. Lakin, iş materiallarında olan abonent saldosu adlı sənəddn görünür ki, 2020-ci ilin yanvar ayında sayğac 35358 m3, 2020-ci ilin fevral ayında isə 22202 m3 qaz sərfi qeydə almışdır. Halbuki, qaz işlədicilərinin hamısı günün 24 saatı, 30 gün dayanmadan işlədiyi təqdirdə həmin göstəricinin olması mümkünsüzdür ki, 29/1640-01190 nömrəli “Qeyri-əhali qaz sayğacının yoxlanması haqqında” rəylə yanaşı, qeyd olunanlarla da çıxarılmış nasaz sayğacın təzyiq çeviricisinin işlək olmaması səbəbindən faktiki istifadə edilən qazın həcmindən daha çox qaz həcmini qeydə alması təsdiq olunmuşdur. Birinci instansiya məhkəməsi isə haqlı olaraq qeyd etmişdir ki, Cavabdeh bu qədər kəskin kəskin fərqlərə əhəmiyyət vermədən və sayğacın nasaz olmasını nəzərə almadan “Qazdan istifadə Qaydaları”nın 5.2-ci bəndinin tələblərini pozaraq qazın dəyərini qaz sayğacının göstəricilərinə əsasən tələb etmişdir. Hərçənd ki, sayğacda olan nasazlıq səbəbindən sayğacın faktiki sərfdən az hesablama apardığı hallarda itirilmiş sərfiyyatın dəyəri kimi istehlakçıya müvafiq aktlarla əlavə borcun hesablanması təmin edilir ki, bunun əksi olaraq nasaz olan sayğacın faktiki sərfdən çox hesablama apardığı vəziyyətdə bu hala əhəmiyyət verilməməsi düzgün olmamaqla, “Qazdan istifadə Qaydaları”nın tələbinin pozuntusu olmuşdur. İddiaçı tərəfindən 2020-ci ilin yanvar ayına kimi olan borc məbləği ödənilmişdir ki, birinci instansiya məhkəməsi də haqlı olaraq, “Qazdan istifadə Qaydaları”nın tələbinə əsasən nasaz qaz sayğacının göstəricilərinə əsasən istehlakçıdan borcun tələb edilməsinin əsassız və qanunsuz olmasını qeyd etməklə, xx.xx.2020-ci il tarixdən nasaz sayğac çıxarılan 18 iyun 2020-ci il tarixinədək həmin sayğac əsasında hesablanmış 14706,61 manat borc məbləğini silmişdir. Məhkəmə kollegiyası cavabdeh təşkilatın əvvəlki sayğacın göstəriciləri etibarsız hesab edildiyi halda xx.xx.2020-ci il tarixdən yeni sayğac quraşdırılan tarixədək məhkəmə tərəfindən müvafiq hesablama aparılaraq, həmin dövr üzrə isitfadə edilmiş qazın dəyərinin müəyyən edilməsi ilə bağlı şikayətinin dəlilinə münasibətdə isə qeyd edir ki, məhkəmə verilmiş tələb üzrə qətnamə çıxarmaqla, həmin vəzifə “Qazdan istifadə Qaydaları”nın tələbinə əsasən cavabdeh təşkilata məxsus olmuşdur. Yuxarıda qeyd olunduğu kimi cavabdeh təşkilat sayğacda olan nasazlıq səbəbindən sayğacın faktiki sərfdən az hesablama apardığı hallarda itirilmiş sərfiyyatın dəyəri kimi istehlakçıya müvafiq aktlarla “Qazdan istifadə Qaydaları”nın tələbinə əsasən əlavə borcun hesablanmasını təmin etdiyi kimi, hazırkı halda da yəni, nasaz olan sayğacın faktiki sərfdən çox hesablama apardığını nəzərə alaraq qaydaların tələbinə əsasən sayğacın düzgün işləmədiyi dövr üzrə istifadə edilmiş qazın həcmini müəyyən etməklə, istehlakçıdan tələb etməkdə haqlı hesab oluna bilərdi. İstehlakçı isə həmin hesablama ilə razı olmadığı təqdirdə, məhkəmə müdafiəsi hüqundan istifadə etmək hüququna malik olur. Hərçənd ki, yuxarıda istinad olunan “Qazdan istifadə Qaydaları”nın 5.4-cü, 6.5-ci, 6.5-2-ci və 6.5-3-cü bəndləri ilə qaz sayğacının işləmədiyi, qanunsuz qoşulma və istehlakçı tərəfindən qazın talanması məqsədilə sayğaca müdaxilə edilməsi halları ilə əlaqədar istifadə edilmiş və ya itirilmiş qazın həcminin hesablanması qaydası müəyyən edilmişdir. Məhkəmənin isə birbaşa olaraq qaz sayğacının işləmədiyi dövr üzrə “Qazdan istifadə Qaydaları”nın tələbinə müvafiq olaraq hesablama aparması mövcud olmayan və ya hələ yaranmamış mübahisə üzrə qərar qəbul etməsi anlamına gəlməkdədir. Buna görə də məhkmə kollegiyası cavabdehin qeyd olunan dəlilini əsassız hesab etmişdir. Beləliklə, qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, Gəncə Kommersiya Məhkəməsinin 22 avqust 2023-cü il tarixli, e-2-2(115)-168/2023 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, Gəncə Kommersiya Məhkəməsinin 22 avqust 2023-cü il tarixli, e-2-2(115)-168/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 372, 384, 392 və 402, maddələrini rəhbər tutaraq,

q ə t e t d i:

Gəncə Kommersiya Məhkəməsinin 22 avqust 2023-cü il tarixli, e-2-2(115)-168/2023 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Gəncə Kommersiya Məhkəməsinin 22 avqust 2023-cü il tarixli, e-2-2(115)-168/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə təqdim edilməklə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommerisya kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar