Məhkəmə qərarları › İş №2-2(104)-243/2023

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(104)-243/2023

13.12.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2-2(104)-243/2023 13.12.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası - hakimlər Rzaquliyev Şamil Qəhrəman oğlu (sədrlik edən və məruzəçi), Süleymanov Loğman Srac oğlu və Hüseynzadə Afiq Hüseyn oğlundan ibarət tərkibdə, Xəlilov Eldar Yaşar oğlunun katibliyi, Cavabdeh X3 iştirakı ilə, İddiaçı cavabdeh X4 qarşı pul tələbinə dair kommersiya işi üzrə Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(115)-932/2023 saylı qətnaməsindən cavabdeh X5 tərəfindən verilmiş apellyasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında apellyasiya qaydasında baxaraq, Müəyyən etdi: Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(115)-932/2023 saylı qətnaməsi ilə (hakim G.Quliyeva) iddianın təmin edilməsi, İddiaçı ilə X5 arasında bağlanmış 08 aprel 2019-cu il tarixli 82 A saylı alqı-satqı müqaviləsi üzrə yaranmış 9901 (doqquz min doqquz yüz bir) manat 82 (səksən iki) qəpik əsas borc və ödənilmiş 200 (iki yüz) manat mediasiya xərcinin cavabdeh X2 tutularaq İddiaçınə ödənilməsi, cavabdeh X2 119 (bir yüz on doqquz) manat 02 (iki) qəpik dövlət rüsumunun tutularaq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir. Cavabdeh X5 apellyasiya şikayəti verərək, Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(115)-932/2023 saylı qətnaməsinin ləğv edilməsini xahiş etmişdir. İşin halları: İddiaçı iddia ərizəsi ilə Gəncə Kommersiya Məhkəməsinə müraciət edərək 11901,82 manat əsas borcun və ödənilmiş 200 manat mediasiya xərcinin cavabdeh X2 tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, X5 ilə İddiaçı arasında bağlanmış xx.xx.2019-cu il tarixli 82A saylı inşaat materiallarının alqı-satqısı müqaviləsinin 1.1-ci bəndinə əsasən, müqaviləyə 1 saylı əlavə olan spesifikasiya aktında adları qeyd olunan malları Satıcı satmağı, Alıcı isə onu qəbul edib, razılaşdırılmış qiymətdə və razılaşdırılmış müddətdə dəyərini ödəməyi öz öhdəsinə götürmüşdür. Alqı-satqı münasibətlərinin yekununda qalıq debitor borcun müəyyənləşdirilməsi məqsədilə tərəflər arasında akt tərtib edilmişdir. xx.xx.2022-ci il tarixli üzləşdirmə aktına əsasən X5 İddiaçı MMC-yə 17901,82 manat məbləğində qalıq borcunun olduğu müəyyən edilmiş və tərəflərin imzası ilə təsdiq edilmişdir. Daha sonra müştəri müəssisəyə müəyyən ödənişlər etdikdən sonra 11901,82 manat icra olunmamış borc öhdəliyi qalmışdır. Müqavilənin 8.1-ci maddəsinə uyğun olaraq məsələni həll etmək məqsədilə dəfələrlə tərəflərindən borcun ödənilməsi ilə bağlı cavabdehə şifahi və yazılı xəbərdarlıqlar edilmişdir. Beləliklə iddiaçı tərəfindən müqavilə üzrə öhdəliklər tamamilə icra olunsa da, cavabdeh öz üzərinə götürdüyü öhdəliklərini bu günə kimi yerinə yetirməmiş, X5 müəssisədən aldığı malların dəyərini tam ödəməmiş və nəticədə İddiaçı MMC-yə 11901,82 manat məbləğində icra olunmamış borc öhdəliyi qalmışdır. Birinci instansiya məhkəməsində İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək 9901,82 manat əsas borcun və ödənilmiş 200 manat mediasiya xərcinin cavabdeh X2 tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi əsassız və qanunsuzdur. Belə ki, məhkəmə onun borcunu düzgün hesablamamışdır. O, 1000 manat pul ödəsə də həmin ödəmə nəzərə alınmamış, məhkəmə borcu həmin məbləğdə silməmişdir. İddiaçı tərəf onun borcunu ondan asılı olmayan səbəblərdən ödəyə bilmədiyini, yəni maddi cəhətdən çətin vəziyyətdə olduğunu, gəlirinin kəskin aşağı düşdüyünü nəzərə almamışdır. Yəni borcun ödənilməməsinin səbəblərindən biri də fors-major (qarşısıalınmaz qüvvə) halıdır. Belə ki, COVİD-19 pandemiyası onun şəxsi biznesini məhv etmiş, gecə-gündüz işləsə də o hələ də maddi vəziyyətini stabilləşdirə bilməmişdir. Məhkəmə də bu xüsusata diqqət yetirmədən, araşdırmadan qətnamə qəbul etmişdir. Ona görə də hesab edir ki, qətnamə qanunsuzdur, onun qalıq borcu düzgün hesablanmamışdır, məhkəmə qalıq borcunu düzgün hesablamadığı üçün, ciddi prosessual pozuntu baş vermiş, əsassız və qanunsuz qətnamə qəbul etmişdir. Prosessual məsələlər və tərəfin izahatı: Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmiş iddiaçının nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respubilkasının MPM-in 376.2-ci maddəsinə əsasən işə gəlməmiş şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh X5 apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək şikayətin təmin olunmasını xahiş etdi. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası MPM-in) 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb, işin halları brədə məruzəçi hakimin məruzəsini və cavabdehi dinləyib, eləcə də apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilərək qətnamə əsas borcun məbləği hissəsində dəyişdirilməlidir. Belə ki, iş materiallarında olan İddiaçı ilə X5 arasında bağlanmış 08 aprel 2019-cu il tarixli 82 A saylı alqı-satqı müqaviləsindən görünür ki, Satıcı İddiaçı MMC müqavilənin ayrılmaz tərkib hissəsi sayılan (müqaviləyə 1 saylı əlavə) spesifikasiyada adları göstərilən malları alıcı X1, Alıcı isə həmin malları qəbul edib dəyərini satıcıya ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan 09 sentyabr 2022-ci il tarixli “Üzləşdirmə” aktından görünür ki, X3 İddiaçı MMC-yə 09 sentyabr 2022-ci il tarixə 17901,82 manat məbləğində borcunun olması hər iki tərəfin imzası ilə təsdiq olunmuşdur. İş materiallarında olan müştəri ekstresindən (aylara görə) görünür ki, X5 müqavilə üzrə yaranmış borcundan xx.xx.2023-cü il tarixidə 1000 manat, xx.xx.2023-cü il tarixdə isə 1000 manat olmaqla, cəmi 2000 manat məbləğində ödəniş etmiş və onun İddiaçı MMC-yə 9901 manat borcu qalmışdır. İş materiallarında olan 08 avqust 2023-cü il tarixli maliyyə arayışından görünür ki, X3 İddiaçı MMC-yə 9901,82 manat əsas borcu vardır. İş materiallarında olan qəbzdən görünür ki, X5 tərəfindən xx.xx.2023-cü ilı tarixdə, yəni birinci instansiya məhkəməsi tərəfindən hazırkı iş üzrə yekun məhkəmə aktı qəbul edilməmişdən əvvəl 1000 manat ödəniş edilmişdir Məhkəmə iclasında müəyyən edilmişdir ki, X5 ilə İddiaçı arasında bağlanmış xx.xx.2019-cu il tarixli 82A saylı inşaat materiallarının alqı-satqısı müqaviləsinin 1.1-ci bəndinə əsasən, müqaviləyə 1 saylı əlavə olan spesifikasiya aktında adları qeyd olunan malları Satıcı satmağı, Alıcı isə onu qəbul edib, razılaşdırılmış qiymətdə və razılaşdırılmış müddətdə dəyərini ödəməyi öz öhdəsinə götürmüşdür. Alqı-satqı münasibətlərinin yekununda qalıq debitor borcun müəyyənləşdirilməsi məqsədilə tərəflər arasında akt tərtib edilmişdir. xx.xx.2022-ci il tarixli üzləşdirmə aktına əsasən X5 İddiaçı MMC-yə 17901,82 manat məbləğində qalıq borcunun olduğu müəyyən edilmiş və tərəflərin imzası ilə təsdiq edilmişdir. Daha sonra müştəri müəssisəyə müəyyən ödənişlər etdikdən sonra ödənilməmiş 9901,82 manat əsas borcu qalmış, iş məhkəmənin icraatında olduğu müddətdə isə cavabdeh tərəfindən daha 1000 (bir min) manat ödəniş edilmiş olsa da, həmin məbləğ məhkəmə tərəfindən nəzərə alınmamış və 9901,82 manat əsas borcun və məhkəmə xərclərinin cavabdeh X2 tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilmişdir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, İddiaçı MMC ilə X5 arasında bağlanmış 08 aprel 2019-cu il tarixli alqı-satqı müqaviləsinə əsasən Satıcı müqavilənin ayrılmaz tərkib hissəsi sayılan (müqaviləyə 1 saylı əlavə) spesifikasiyada adları göstərilən malları alıcı X1, Alıcı isə həmin malları qəbul edib dəyərini Satıcıya ödəməyi öhdəsinə götürmüşdür. Satıcı müqavilə ilə üzərinə götürdüyü öhdəliyi yerinə yetirmiş, malları Alıcıya vermiş, lakin Alıcı müqavilə ilə üzərinə götürdüyü öhdəliyi lazımınca yerinə yetirməmiş və malların dəyərini Satıcıya tam ödəməmişdir. Onun iddiaçıya 9901,82 manat borcu yaranmışdır. İddiaçı müqavilə üzrə yaranmış borc məbləğini cavabdehdən tələb etməkdə haqlıdır. Odur ki, tərəflər arasında bağlanmış müqaviləyə əsasən 9901,82 manat məbləğində pul cavabdeh X2 tutularaq iddiaçıya ödənilməlidir. Bundan başqa məhkəmə qeyd edir ki, iddiaçı mediasiyaya dair xərci ödədiyindən dövlət rüsumu ödəməkdən azad edilmiş, ona görə də iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq 119 manat 02 qəpik dövlət rüsumu cavabdehdən alınaraq dövlət büdcəsinə ödənilməlidir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə qismən razılaşan məhkəmə kollegiyası aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsi ilə müəyyən edilmişdir ki, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən isə borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Həmin Məcəllənin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun ) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borclundan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 445.1-ci maddəsinin tələbinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2-ci maddəsinə əsasən öhdəliyin onun icra üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir Birinci instansiya məhkəməsi cavabdehin müqavilə öhdəliklərini pozduğu üçün yaranmış borcun tutulması ilə bağlı düzgün nəticəyə gəlsə də, borcun məbləği hissəsində düzgün nəticəyə gəlməmişdir. Belə ki, iş materiallarından da göründüyü kimi, İddiaçı xx.xx.2023-cü il tarixli iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizədə 9901,82 manat pulun tutulmasını xahiş etmiş, cavabdeh isə xx.xx.2023-cü il tarixdə 1000 manat ödəniş etmişdir. Lakin sonuncu ödəniş məhkəmə qətnaməsi çıxarılarkən nəzərə alınmamışdır. Odur ki, kollegiya hesab edir ki, qətnamə əsas borc hissəsində dəyişdirilməli və tərəflər arasında bağlanmış 08 aprel 2019-cu il tarixli 82 A saylı alqı-satqı müqaviləsi üzrə cavabdeh tərəfindən iddiaçıya ödənilməli olan əsas borc 8901,82 manat miqdarında müəyyən edilməlidir. Azərbaycan Respublikası MPM-in 384.0.3-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirə bilər. Həmin Məcəllənin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Beləliklə, məhkəmə kollegiyası şərh olunanları və Azərbaycan Respublikasının MPM-in 372, 382, 384.0.3, 392, 393 və 402-407-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİ: Apellyasiya şikayəti qismən təmin edilsin. Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(115)-932/2023 saylı qətnaməsi - İddiaçı ilə X5 arasında bağlanmış 08 aprel 2019-cu il tarixli 82 A saylı alqısatqı müqaviləsi üzrə yaranmış 9901 (doqquz min doqquz yüz bir) manat 82 (səksən iki) qəpik əsas borcun cavabdeh X2 tutularaq İddiaçınə ödənilməsi hissəsində dəyişdirilsin. İddiaçı ilə X5 arasında bağlanmış 08 aprel 2019-cu il tarixli 82 A saylı alqı-satqı müqaviləsi üzrə yaranmış 8901 (səkkiz min doqquz yüz bir) manat 82 (səksən iki) qəpik əsas borc cavabdeh X2 tutularaq İddiaçınə ödənilsin. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamə elan olunduqdan dərhal sonra qanuni qüvvəyə minir. Bu qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar