Məhkəmə qərarları › İş №2-2(104)-246/2023

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(104)-246/2023

01.12.2023 · Xususi icraat - Vergi ödəyicisi olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında işlər üzrə icraat (xüsusi icraat)
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2-2(104)-246/2023 01.12.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası- hakimlər Hüseynzadə Afiq Hüseyn oğlu (sədrlik edən və məruzəçi), Həsənov İslam Telman oğlu və Rzaquliyev Şamil Qəhrəman oğlundan ibarət tərkibdə, Məmmədov Elvin İsrayıl oğlunun katibliyi, ərizəçi 14 saylı Ərazi Vergilər İdarəsinin nümayəndəsi X1 iştirakı ilə, Ərizəçi 14 saylı Ərazi Vergilər İdarəsinin Maraqlı şəxs qarşı “ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması” tələbinə dair kommersiya mübahisəsi üzrə Gəncə Kommersiya Məhkəməsinin 07 sentyabr 2023-cü il tarixli, e-2-2(115)-1300/2023 nömrəli qətnaməsindən ərizəçi 14 saylı Ərazi Vergilər İdarəsi tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Birinci instansiya məhkəməsində icraat: Ərizəçi Dövlət vergi Xidməti 14 saylı Ərazi Vergilər İdarəsi Maraqlı şəxs qarşı «ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması» tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, “Ak X2” Məhdud Məsuliyyətli Cəmiyyətinin və fiziki şəxs qismində Maraqlı şəxs dövlət büdcəsinə olan ümumilikdə 676707,04 manat, Dövlət Sosial Müdafiə Fonduna olan 127112,35 manat, İşsizlikdən sığorta fonduna olan 4032,99 manat məbləğində borcun ödənilməsini təmin etmək üçün həmin şəxslərin icra orqanının rəhbəri olan Maraqlı şəxs ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi tələbini onunla əsaslandırmışdır ki, vergi öhdəliklərini Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədiyi üçün xx.xx.2023-cü il tarixə vergi ödəyicisi olan “Ak X2” Məhdud Məsuliyyətli Cəmiyyətinin (VÖEN: **********) Dövlət Sosial Müdafiə Fonduna 126879,49 manat, İşsizlikdən sığorta fonduna 4032,99 manat, dövlət büdcəsinə 676706,98 manat məbləğində (o cümlədən, vergilər üzrə 463190,63 manat, faizlər üzrə 171968,97 manat, maliyyə sanksiyası üzrə 41547,38 manat) və Maraqlı şəxs (VÖEN: **********) Dövlət Sosial Müdafiə Fonduna 232,86 manat, dövlət büdcəsinə 0,06 manat məbləğində (o cümlədən, vergilər üzrə 0,05 manat, faizlər üzrə 0,01 manat) olmaqla, ümumilikdə 807852,38 manat borcu vardır. Yaranmış borc məbləğinin 5 gün ərzində dövlət büdcəsinəvə müvafiq fonda ödənilməsi məqsədi ilə vergi ödəyicilərinə Vergi Məcəlləsinin 65-ci maddəsinə əsasən xx.xx.2021-ci il tarixli **********191000, xx.xx.2021-ci il tarixli **********193400, xx.xx.2022-ci il tarixli ******************.02.2019-cu il tarixli **********454800, xx.xx.2017-ci il tarixli **********516500 nömrəli bildirişlər göndərilmiş, lakin vergi ödəyiciləri yaranmış borc məbləğləri ödənilməmişdir. Buna görə də iddia tələbinin təmin edilməsi xahiş edilmişdir. Gəncə Kommersiya Məhkəməsinin 07 sentyabr 2023-cü il tarixli, 2-2(115)-1300/2023 qətnaməsi ilə (hakim K.Vəliyev) ərizə təmin edilməmişdir. Maraqlı şəxs iddiya qarşı yazılı etirazı: Maraqlı şəxs iddiya qarşı yazılı etirazını onunla əsaslandırmışdır ki, o, 05 dekabr 2020-ci il tarixdən 24 dekabr 2020-ci il tarixədək “AK X2” MMC-də direktor vəzifəsində çalışmışdır. “AK X2” MMC 24 dekabr 2020-ci il tarixdə "xxxx" MMC-yə qoşularaq ləğv edilmiş və "xxxx" MMC onun hüquqi varisidir. Məhz bu səbəbdən 14 saylı Ərazi Vergilər İdarəsi ilə yaranmış vergi mühabisələrinə dair bütün məhkəmə proseslərində də “Ak X2” MMC-nin hüquqi varisi kimi "xxxx" MMC iştirak etmişdir. “Ak X2” MMC "xxxx" MMC-yə birləşməsinə baxmayaraq 14 saylı Ərazi Vergilər İdarəsi reyestr uçot bazasında dəyişiklik etməmiş və olmayan müəssisəyə dair qanunsuz qərarlar qəbul etməkdə davam edir. Bununla bağlı “Ak X2” MMC-nin hüquq varisi "xxxx" MMC tərəfindən 14 saylı Ərazi Vergilər İdarəsinin hərəkətsizliyinə dair iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət etmişdir. Qeyd olunanları nəzərə alaraq iddia tələbinin rədd edilməsini xahiş etmişdir. İşdə olan sübutlar: İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin hüquqi şəxslərin dövlət qeydiyyat idarəsinin xx.xx.2020-ci il tarixli çıxarışından görünür ki, "xxxx" MMC Azərbaycan Respublikasının Vergilər Nazirliyində xx.xx.2017-ci il tarixdə VÖEN **********1 nömrəsi ilə dövlət qeydiyyatına alınmış “AK X2” MMC-nin ona qoşulması nəticəsində yenidən təşkil edilmişdir və onun hüquqi varisidir. İş materillarında olan xx.xx.2023-cü il tarixli fiziki şəxs haqqında məlumatdan görünür ki, Maraqlı şəxs vergi ödəyicisi kimi (VÖEN **********) fəaliyyəti müvəqqəti dayandırılmışdır. Apellyasiya şikayətinin dəlilləri. Gəncə Kommersiya Məhkəməsinin 07 sentyabr 2023-cü il tarixli, 2-2(115)- 1300/2023 qətnaməsindən narazı qalan ərizəçi 14 saylı Ərazi Vergilər İdarəsi apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini xahiş etmişdir. Ərizəçi 14 saylı Ərazi Vergilər İdarəsi apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, "Ak X2" Məhdud Məsuliyyətli Cəmiyyəti 14 saylı Ərazi Vergilər İdarəsində qeydiyyatdadır vergi öhdəlikləri tam yerinə yetrildikdən sonra ləğv ediləcək. Məhkəmə ərizələrini təmin etməməklə “Ak X2" Məhdud Məsuliyyətli Cəmiyyətinin dövlət büdcəsinə və məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta haqqları üzrə borcu ödəməklə bağlı qanunla müəyyən edilmiş vəzifəsinin icrasından yayınmasına şərait yaratmışdır. Məhkəmə ərizələrini təmin etməməklə qanunvericiliklə vergi orqanlarına verilmiş vergi ödəyicisinin vergi öhdəliyinin icrası üsulu olan Maraqlı şəxs ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması ilə bağlı hüquqi imkanlarını səmərəsiz etmişdir. Məhkəmə Maraqlı şəxs ölkədən getmək hüququnun müvəqqəti məhdulaşdırılmaması “Ak X2" Məhdud Məsuliyyətli Cəmiyyətinin dövlət büdcəsi və Dövlət Sosial Müdafiə Fondu qarşısında olan mövcud vergi öhdəliyinin həmin vergi ödəyicisi tərəfindən bilavasitə icra edilməməsi ilə nəticələnəcəkdir. Apellyasiya icraatı iştirakçılarının izahatları: Məhkəmə kollegiyasının iclasında iştirak edən ərizəçi Dövlət Vergi Xidməti 14 saylı Ərazi Vergilər İdarəsinin nümayəndəsi X3 apellyasiya şikayətində göstərilənlərə uyğun izahat verib, apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir. Məhkəmənin suallarına cavabında isə bildirmişdir ki, həqiqətən də “AK X2” MMC "xxxx" MMC-yə qoşulmuşdur. Lakin, həmin yenidən təşkil onlar tərəfindən deyil, digər vergi orqanı tərəfindən aparılmşdır. “AK X2” MMC 14 saylı Ərazi Vergilər İdarəsində qeydiyyatda olduğundan və borcu qaldığından hazıkı tələblə məhkəməyə müraciət etmişlər. Borc ödənildikdən sonra hüquqi şəxs ləğv edilərək onların uçotundan çıxarılacaqdır. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq maraqlı şəxs məhkəmə iclasına gəlməmiş, gəlməmənin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respubilkasının MPM-in 376.2-ci maddəsinə əsasən maraqlı şəxsin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq: 43.1. Hüquqi şəxs qanunla müəyyənləşdirilən qaydada dövlət qeydiyyatından keçmiş, xüsusi yaradılmış elə bir qurumdur ki, mülkiyyətində ayrıca əmlakı vardır, öz öhdəlikləri üçün bu əmlakla cavabdehdir, öz adından əmlak və şəxsi qeyri-əmlak hüquqları əldə etmək və həyata keçirmək, vəzifələr daşımaq, məhkəmədə iddiaçı və ya cavabdeh olmaq hüququna malikdir. Hüquqi şəxsin müstəqil balansı olmalıdır. 55.1. Hüquqi şəxsin yenidən təşkili (birləşmə, qoşulma, bölünmə, ayrılma, çevrilmə) onun təsisçilərinin (iştirakçılarının) və ya hüquqi şəxsin nizamnamə ilə vəkil edilmiş orqanının qərarı ilə həyata keçirilə bilər. 55.5. Hüquqi şəxs başqa hüquqi şəxsin ona qoşulması şəklində yenidən təşkil edilərkən qoşulan hüquqi şəxsin fəaliyyətinə xitam verilməsi haqqında qeydin hüquqi şəxslərin dövlət reyestrinə daxil edildiyi andan birinci hüquqi şəxs yenidən təşkil edilmiş sayılır. 56.2. Hüquqi şəxs digər hüquqi şəxsə qoşulduqda qoşulan hüquqi şəxsin hüquq və vəzifələri təhvil aktına uyğun olaraq əvvəlki hüquqi şəxsə keçir. Azərbaycan Respublikasının Vergi Məcəlləsi: 34.4. Hüquqi şəxsin ləğvi və ya yenidən təşkil edilməsi, hüquqi şəxs tərəfindən öz filialının və ya nümayəndəliyinin ləğv edilməsi, nümayəndəlik vasitəsi ilə fəaliyyətinin ləğvi, fərdi sahibkarın fəaliyyətinin ləğvi hallarında uçotdan çıxarılma, bu Məcəllənin 34.3-cü maddəsində göstərilən müddətlər nəzərə alınmaqla vergi ödəyicisinin müraciətinə əsasən həyata keçirilir. 34.3. Vergi ödəyicisinin olduğu yer və ya yaşadığı yer dəyişdikdə, vergi orqanına bu cür dəyişiklik baş verdiyi gündən 40 gün müddətində ərizə verməlidir. Vergi ödəyicisinin vergi uçotunda olduğu vergi orqanına olduğu yer və ya yaşadığı yer dəyişdiyi barədə ərizə ilə müraciət etdiyi gündən sonra 15 gün müddətində həmin vergi orqanı vergi ödəyicisinin yenidən uçota alınmasını (yəni əvvəlki vergi orqanından uçotdan çıxarılması və yeni vergi orqanında uçota alınması) həyata keçirməlidir. Vergi ödəyicisi vergi orqanında uçota alınmaq üçün verdiyi ərizə formasında olan məlumatlarda hər hansı dəyişiklik baş verdikdə, dəyişiklik baş verən gündən 40 gün müddətində vergi orqanına məlumat verməlidir. 34.3-1. Vergi ödəyicisinin bir təsərrüfat subyekti (obyekti) olduqda və həmin təsərrüfat subyekti (obyekti) vergi ödəyicisinin olduğu yerdən kənarda olduqda vergi ödəyicisi həmin təsərrüfat subyektinin (obyektinin) olduğu ünvan üzrə yenidən uçota alınır. Vergi ödəyicisinin iki və daha çox təsərrüfat subyekti (obyekti) olduqda həmin vergi ödəyicisi iqtisadi maraqlar mərkəzinin yerləşdiyi ünvan üzrə yenidən uçota alınır. Vergi ödəyicisinin təsərrüfat subyekti (obyekti) üzrə yenidən uçota alınması qaydası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilir. Bu maddənin müddəaları mərkəzləşdirilmiş qaydada uçota alınan vergi ödəyicilərinə şamil edilmir. 80.5. Bir hüquqi şəxs digər hüquqi şəxsə birləşdirildikdə, onun birləşdiyi hüquqi şəxs birləşdirilmiş hüquqi şəxsin vergilərin ödənilməsinə dair öhdəliklərinin yerinə yetirilməsi üzrə hüquqi varisi sayılır. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi: 355-5.1. Vergi ödəyicisi və ya sığortaedən vergi, məcburi dövlət sosial sığorta, icbari tibbi sığorta və işsizlikdən sığorta haqları üzrə öhdəliyini qanunla müəyyən edilmiş hallarda və müddətlərdə yerinə yetirmədikdə, hesablanmış vergilər, məcburi dövlət sosial sığorta, icbari tibbi sığorta və işsizlikdən sığorta haqları üzrə borcların və faizlərin, vergilər və məcburi dövlət sosial sığorta haqları üzrə tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə məhkəməyə müraciət etmək hüququna malikdir. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.3. Qətnamə iş üzrə müəyyən olunmuş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır. 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi:

Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb bu nəticəyə gəlir ki, Gəncə Kommersiya Məhkəməsinin 07 sentyabr 2023-cü il tarixli, e-2-2(115)-1300/2023 nömrəli qətnaməsindən ərizəçi Dövlət Vergi Xidmətinin 14 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanmalıdır. Ərizəni təmin etməyən birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, hüquqi şəxs “AK X2” MMC digər hüquqi şəxs "xxxx" MMC qoşulduğundan öz statusunu itirərək qoşulduğu hüquqi şəxsin tərkibinə daxil olmuş, bununla da onun mövcudluğuna son qoyulmuş və hüquqi şəxsin yenidən təşkil olunması vergi orqanında qeydə alınmışdır. "xxxx" MMC ona qoşulan hüquqi şəxsin hüquqi varisidir. Buna baxmayaraq vergi orqanı mövcud olmayan hüquqi şəxsin əvvəllər rəhbəri olmuş şəxs barəsində əsassız ərizə vermişdir. Maraqlı şəxs (VÖEN: **********) fərdi sahibkar kimi qismində Dövlət Sosial Müdafiə Fonduna olan 232,86 manat, dövlət büdcəsinə 0,06 manat məbləğində olan borc məbləği isə az miqdarda olduğundan həmin borca görə şəxsin hərəkət azadlığının məhdudlaşdırılmasının mütənasiblik prinsipinə uyğun hesab etməmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılşaraq apellyyasiya şikayətinin dəlillərinə münasibətdə isə qeyd edir ki, iş materiallarında olan Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin hüquqi şəxslərin dövlət qeydiyyat idarəsinin xx.xx.2020-ci il tarixli çıxarışına əsasən "xxxx" MMC “AK X2” MMC-nin ona qoşulması nəticəsində yenidən təşkil edilmiş və o “AK X2” MMC-nin onun hüquqi varisi hesab olunmuşdur. Ərizəçi “AK X2” MMC-nin "xxxx" MMC-yə qoşulmasını və "xxxx" MMCnin həmin hüquqi şıxsin hüquqi varisi olmasını qəbul etməsinə baxmayaraq, sadəcə olaraq “AK X2” MMC-nin dövlət büdcəsinə öhdəliklərinin qaldığını və həmin hüquq şəxsin 14 saylı Ərazi Vergilər İdarəsində qeydiyyatda olduğunu və ləğv edilmədiyini əsas gətirmişdir ki, ərzəçinin həmin dəlilləri ümumiyyətlə anlaşılan olmamışdır. Belə ki, yuxarıda istinad olunan Mülki Məcəllənin 56.2-ci maddəsinin tələbindən göründüyü kimi hüquqi şəxs digər hüquqi şəxsə qoşulduqda qoşulan hüquqi şəxsin hüquq və vəzifələri əvvəlki hüquqi şəxsə keçməklə, o cümlədən Vergi Məcəlləsinin 80.5-ci maddəsinə əsasən isə əvvəlki hüquqi şəxs ona birləşmiş (qoşulmuş) hüquqi şəxsin vergilərin ödənilməsinə dair öhdəliklərinin yerinə yetirilməsi üzrə hüquqi varis sayılır. Həmçinin, Mülki Məcəllənin 55.5-ci maddəsinə əsasən isə hüquqi şəxs başqa hüquqi şəxsin ona qoşulması şəklində yenidən təşkil edilərkən qoşulan hüquqi şəxsin fəaliyyətinə xitam verilməsi haqqında qeydin hüquqi şəxslərin dövlət reyestrinə daxil edildiyi andan birinci hüquqi şəxs yenidən təşkil edilmiş sayılır ki, hazırkı iş materialları ilə də "xxxx" MMC-nin yenidən təşkilinin 24 dekabr 2020-ci il tarixdə dövlət qeydiyyatına alındığı müəyyən edilməkdədir. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, qanuni qüvvəsini almasa da iş materiallarına əlavə edilmiş Gəncə İnzibati Məhkəməsinin 07 sentyabr 2023-cü il tarixli, 2- 1(114)-3808/2023 saylı qərarından görünür ki, “AK X2” MMC-nin hüquqi varisi olan "xxxx" MMC 14 saylı Ərazi Vergilər İdarəsinə qarşı “AK X2” MMC-nin vegi uçot sistemində qeydiyyatının ləğv edilməsi tələbinə dair iddia qaldırmış və iddiası təmin edilmişdir ki, 14 saylı Ərazi Vergilər İdarəsi tərəfindən verilmiş apellyasiya şikayəti isə hazırda Gəncə Apellyasiya Məhkəməsinin icraatındadır. Bununla yanaşı qeyd olunur ki, ərizəçi “AK X2” MMC 14 saylı Ərazi Vergilər İdarəsində qeydiyyatda olduğunu və borcu qaldığını iddia etmişdir ki, “AK X2” MMC-nin vergi öhdəliklərinin təhvil aktına uyğun olaraq "xxxx" MMCyə keçib-keçməməsi, o cümlədən “AK X2” MMC-nin fəaliyyətinə xitam verilməsi haqqında qeydin hər hansı bir səbəbdən hüquqi şəxslərin dövlət reyestrinə daxil edilməməsi hazırkı mübahisə predmetinə aid olan məsələ olmamışdır. İşin müəyyən edilmiş hallarına əsasən maraqlı şəxs 24 dekabr 2020-ci il tarixədək “AK X2” MMC-nin icra orqanının rəhbəri olmuşdur ki, həmin tarixdən sonra da “AK X2” MMC "xxxx" MMC-yə qoşulmuş, "xxxx" MMC də həmin hüquqi şəxsin hüquqi varisi hesab olunmaqla, maraqlı şəxs isə yenidən təşkil olunmuş hüquqi şəxsin icra orqanının rəhbəri də olmamışdır. Buna görə də maraqlı şəxsin “AK X2” MMC-nin icra orqanının rəhbəri qismində qəbul edilməsi və onun ölkədən getmək hüququnun məhdudlaşdırılması qanunsuz və əsassız hesab olunur ki, bununla da birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslı olmuşdur. Məhkəmə kollegiyası Maraqlı şəxs fərdi sahibkar kimi qismində Dövlət Sosial Müdafiə Fonduna 232,86 manat, dövlət büdcəsinə 0,06 manat olan borcuna münasibətdə onun ölkədən getmək hüququnun məhdudlaşdırılmalı olması ilə bağlı tələbə münasibətdə isə qeyd edir ki, ərizəçi tərəfindən buna dair apellyasiya şikayətində hər hansı bir dəlil irəli sürülməmişdir. Bununla yanaşı məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiyasının 28-ci maddəsinin İİİ hissəsində və beynəlxalq-hüquqi sənədlərdə təsbit olunmuş sərbəst hərəkət etmək hüququ mütləq deyil və məhdudlaşdırıla bilər. Konstitusiyada bu hüquqlara dair məhdudiyyətlərin hədləri dəqiq müəyyən olunmuşdur (Konstitusiyanın 71-ci maddəsinin İİ hissəsi və “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Qanununun 3-cü maddəsi). Belə ki, onların məhdudlaşdırılması qanunçuluğun tələbinə cavab verməli, başqa şəxslərin hüquq və azadlıqlarının müdafiəsi məqsədilə tətbiq edilməli, mütənasib olmalı və bu konstitusiya hüquqlarının mahiyyətini dəyişməməlidir. Bundan başqa Avropa Məhkəməsinin bir sıra qərarlarında göstərilmişdir ki, hərəkət azadlığı hüququnu məhdudlaşdıran hər hansı tədbir qanuna uyğun olmalı, Konvensiyaya dair 4 saylı Protokolun 2-ci maddəsinin 3-cü bəndində qeyd edilən legitim məqsədlərdən birini güdməli, demokratik cəmiyyətdə zəruri olmalı, yəni mütənasiblik meyarına cavab verməlidir (Battista İtaliyaya qarşı iş üzrə 2 dekabr 2014-cü il tarixli, § 37; Stamose Bolqarıstana qarşı iş üzrə 27 noyabr 2012-ci il tarixli, § 30; Bartik Rusiyaya qarşı iş üzrə 21 dekabr 2006-cı il tarixli, § 46 Qərarlar). Məhkəmə kollegiyası maraqlı şəxsin konstitusion hüququnun məhdudlaşdırılması ilə bağlı yuxarıda qeyd olunan mütənasibliyin dəyərləndirilməsinə münasibətdə qeyd edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq Maraqlı şəxs fərdi sahibkar kimi qismində Dövlət Sosial Müdafiə Fonduna olan 232,86 manat, dövlət büdcəsinə olan 0,06 manat borc məbləğinin az miqdarda olması baxımından onun konstitusion hüququ olan hərəkət azadlığının məhdudlaşdırılmasını mütənasiblik prinsipinə uyğun hesab etməmişdir. Hərçənd ki, ərizəçi həmin öhdəliyin icrasını konstitusion hüququ məhdudlaşdırmadan, digər vasitələrlə təmin etmək imkanına da malikdur. Beləliklə, yuxaırda qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə qanuni və əsaslı olmuşdur. Buna görə də Gəncə Kommersiya Məhkəməsinin 07 sentyabr 2023-cü il tarixli, e-2-2(115)- 1300/2023 nömrəli qətnaməsindən ərizəçi Dövlət Vergi Xidmətinin 14 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384, 392 və 402, maddələrini rəhbər tutaraq,

q ə t e t d i:

Gəncə Kommersiya Məhkəməsinin 07 sentyabr 2023-cü il tarixli, e-2-2(115)- 1300/2023 nömrəli qətnaməsindən ərizəçi 14 saylı Ərazi Vergilər İdarəsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Gəncə Kommersiya Məhkəməsinin 07 sentyabr 2023-cü il tarixli, e-2-2(115)- 1300/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə təqdim edilməklə Azərbaycan Respublikası Ali Məhkəməsinin kommerisya kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar