Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-2(104)-250/2023 13.11.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası-hakimlər Rzaquliyev Şamil Qəhrəman oğlu (sədrlik edən və məruzəçi), Süleymanov Loğman Srac oğlu və Hüseynzadə Afiq Hüseyn oğlundan ibarət tərkibdə, Əliyev Rafiq Çingiz oğlunun katibliyi ilə, Gəncə Kommersiya Məhkəməsinin 05 oktyabr 2023-cü il tarixli e-2-2(115)-1028/2023 nömrəli qərardadından İddiaçı tərəfindən verilmiş şikayətə Gəncə Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək İddiaçı MMC” ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2021-ci il tarixli 21/20 nömrəli alğı-satqı müqaviləsinə əsasən 31825,25 manat əsas borc, 3200 manat dəbbə pulu, 200 manat mediasiya xərci olmaqla, cəmi 35225,25 manat məbləğində pulun Cavabdeh2 tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Gəncə Kommersiya Məhkəməsinin 05 oktyabr 2023-cü il tarixli e-2-2(115)-1028/2023 nömrəli qərardadı ilə (G.Quliyeva) İddiaçı Cavabdeh2 qarşı pul tələbinə dair iddia ərizəsinin baxılmamış saxlanılması qərara alınmışdır. İş üzrə İddiaçı qərardaddan şikayət vermiş, qərardadın ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, məhkəmə yalnışlığa yol vermişdir. Belə ki, məhkəmənin də qeyd etdiyi kimi müvafiq bildirişinin göndərilmə tarixi xx.xx.2022, mediasiya sessiyasının keçirilmə tarixi isə xx.xx.2022-ci il tarixi olmuşdur. Adi riyazi hesablamağa əsasən görərik ki, iki tarix arasındakı fərq 6 gün edir. Ancaq məhkəmə hansı əsasla müddət fərqinin 5 gündən aşağı olmasını qeyd etməsi barədə heç bir məlumat verməmişdir. Bundan başqa qanunvericilikdə bildirişin hansı formada (poçtla, sms-lə və s.) təqdim olunması barədə də heç bir imperativ norma yoxdur. Yəni mediatorun tərəflərə sessiya barədə məlumatı telefon vasitəsi ilə də bildirməsi qanunvericiliklə qadağan olunmayan haldır. Məhkəmə qanunvercilikdə düzgün maddi hüquq normasına istinad etməmişdir. Belə ki, qeyd olunan məhkəmə işi kommersiya mübahisəsi olduğu və məcburi mediasiyaya aid olduğu üçün “Mediasiya Haqqında” AR Qanununun 28 və 29-cu maddələrinə istinad etməli idi. Mediator tərəfin bildirişi alıb-almamasını, hansı tarixdə almasını və ya geri qayıtmasını gözləmədən 05 aprel 2022-ci il tarixdə Cavabdeh2 25 mart 2022-ci il tarixə saat 10:30-da keçirilmiş ilkin mediasiya sessiyasında iştirak etməməsi barədə arayış vermiş, arayışda isə həmin tarixdə keçiriləcək ilkin mediasiya sesiyasının yeri və vaxtı barədə tərəfin 5 iş günü əvvəlcədən poçt vasitəsilə məlumatlandırıldığı qeyd edilmişdir. Halbuki poçt zərfi artıq ilkin mediasiya sesiyasında iştirak edilməməsinə dair arayış tərtib edildikdən sonra, 09 aprel 2022-ci il tarixdə mediasiya təşkilatına qaytarılmışdır. Bununla da mediator tərəfindən mediasiya haqqında qanunvericiliyin tələbləri pozularaq arayış tərtib edilmişdir. Bu əsasın düzgün olubolmamasını araşdırmaq üçün iş üzrə Gəncə 1 saylı Mediasiya Təşkilatına müvafiq sorğu göndərilmişdir. “Mediasiya Haqqında” AR Qanunvericiliyində mediatorun mütləq qaydada bildirişin cavabını gözləmədən mediasiya sessiyasını aparıb aparmaması ilə bağlı heç bir imperativ göstəriş yoxdur. İş materiallarına diqqət yetirsək mediasiya bildirişinin poçt qəbzində Azərpoçtun “SS” kodunun mövcud olduğunun şahidi olarıq. Bu kod azərpoçt tərəfindən müştərilər üçün yaradılmış elektron izləmə vasitəsidir. Mediator tərəflərindən verilən sorğuya cavabda da bildiriş barədə məlumatı “SS” kod vasitəsi ilə öyrəndiyini qeyd etmişdir. Ancaq məhkəmə bu halları dəqiqləşdirmək üçün mediatora əsaslı sorğu verməli olduğu halda verməmişdir. Mediator qanunvericiliyə uyğun olaraq cavabdehin rəsmi qeydiyyatda olduğu ünvana məlumat vermiş, ancaq cavabdeh həmin ünvanda yaşamadığı üçün müvafiq bildiriş ona çatmamışdır. Bundan başqa qanunvercilikdə “bildirşin çatmaması mediatorun mediasiya sessiyasını keçirməməsi” ilə bağlı heç bir maddi norma yoxdur. Tərəflərindən verilən sorğuya cavabda mediator həyata keçirdiyi mediasiya prosesi barədə tam ətraflı qeydlərini təqdim etmişdir. Cavabdehə 15 fevral 2022-ci il tarixli pretenziya məktubu poçt vasitəsilə göndərilmiş, poçt zərfi ünvan tam deyil qeydi ilə iddiaçıya qaytarmışdır. Halbuki iddiaçı iddia ərizəsini və ona əlavə edilmiş sənədləri elektron qaydada cavabdehə göndərmişdir. Pretenziya məktubunu da elektron qaydada, “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetinə, “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçməmişsə, bu halda müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində yaradılmış elektron kabinetinə göndərilməli idi. Məhkəmənin bu əsası da qanunsuzdur. Belə ki, iddiaçının pretenziya məktubunu mütləq qaydada elektron göndərməsi ilə bağlı qanunvercilikdə hər hansı bir imperativ qayda yoxdur. Belə ki, məhkəmənin istinad etdiyi MPM-nin 150.2-ci maddəsi iddia ərizəsi və digər sənədlərin məhkəməyə təqdim etmə formasını tənzimləyir. Pretenziya məktubu isə məhkəməyə qədər tənzimləyən sənəddir. MPM-nin 150.2-ci maddəsinə əsasən kommersiya mübahisələri üzrə elektron qaydada verilən iddia ərizəsi və ona əlavə edilmiş sənədlər işdə iştirak edən digər şəxslərin “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetinə göndərilir və bu barədə məlumat elektron qaydada (elektron poçtvə SMS vasitəsilə) onlara çatdırılır. Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(115)-1028/2023 nömrəli qərardadı ilə Gəncə Kommersiya Məhkəməsinin 05 oktyabr 2023-cü il tarixli e-2- 2(115)-1028/2023 nömrəli qərardadından iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən verilmiş şikayətin təmin edilməməsi, şikayətin iş materialları ilə birlikdə baxılması üçün 7 gün müddətində Gəncə Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Hazırki şikayətə Azərbaycan Respublikası MPM-in 397.2-ci maddəsinə müvafiq olaraq yazılı icraat qaydasında baxılır. İş üzrə tərəflərə işə yazılı icraat qaydasında baxılması barədə bildiriş göndərilərək, şikayətə dair etiraz və ya izahatlarının təqdim edilməsi təklif edilmiş, lakin tərəflər məhkəmə kollegiyasına izahat və etiraz göndərməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Məhkəmə kollegiyası şikayətin dəlillərini iş materialları ilə əlaqəli şəkildə araşdırıb hesab edir ki, şikayət təmin edilmədən Gəncə Kommersiya Məhkəməsinin 05 oktyabr 2023-cü il tarixli e-2-2(115)-1028/2023 nömrəli qərardadı və həmin qərardadla bağlı 20 oktyabr 2023-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarına əlavə olunmuş "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh2 arasında bağlanmış 16 may 2021-ci il tarixli 21/20 saylı alqı-satqı müqaviləsindən görünür ki, müqaviləyə əsasən satıcı "xxxx" MMC alıcı Cavabdeh2 bu müqavilənin əlavələrində (X1) qeyd olunmuş məhsulla Tərəflər arasında müəyyən edilmiş müddətdə təmin etməyi, alıcı isə həmin malı qəbul edib və müqavilə ilə razılaşdırılmış qaydada və müddətdə malın dəyərini satıcıya ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarına əlavə olunmuş DİN-in BPQMİ-nin MAPS şöbəsi tərəfindən verilən xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, Cavabdeh2 qeydiyyat yeri Göygöl rayonu Üçtəpə ərazi dairəsi Üçtəpə kəndidir. İş materiallarına əlavə olunmuş 15 fevral 2022-ci il tarixli pretenziya məktubundan və göndərilməsinə dair sənədlərdən görünür ki, borcluya yaranmış borcu ilə bağlı məlumat verilməsi haqqında bildiriş poçt vasitəsilə Cavabdeh2 adına, onun qeydiyyat ünvanına göndərilmiş, lakin zərf üzərində ünvan tam deyil qeydi ilə iddiaçıya qaytarılmışdır. İş materiallarına əlavə olunmuş 18 mart 2022-ci il tarixli MŞG/1-00904 saylı mediasiyaya dəvət məktubundan və göndərilməsinə dair sənədlərdən görünür ki, ilkin mediasiya sessiyasında iştirak etməsi üçün Cavabdeh2 adına, onun qeydiyyat ünvanına poçt vasitəsilə bildiriş göndərilmiş, lakin poçt zərfi üzərində bu ünvanda yaşamır qeydi ilə mediasiya təşkilatına qaytarılmışdır. İş materiallarına əlavə olunmuş 05 aprel 2022-ci il tarixli MŞG/1-00904 saylı ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, Gəncə 1 saylı mediasiya təşkilatı tərəfindən Cavabdeh2 25 mart 2022-ci il tarixə saat 10:30-da keçirilmiş ilkin mediasiya sessiyasında iştirak etməməsi barədə arayış verilmişdir. “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununun 21.8-ci maddəsinə əsasən tərəflər arasında mediasiyaya dair qeyd-şərtdə mediatorun (mediasiya təşkilatının) adı müəyyən edildiyi halda və bu Qanunun 21.6-cı maddəsinə uyğun olaraq göndərilmiş təklifə 10 gün ərzində cavab verilmədikdə və ya təklif rədd edildikdə, təklifi göndərən tərəf mediasiyaya dair qeyd-şərtdə nəzərdə tutulmuş mediatora (mediasiya təşkilatına) müraciət edir. Həmin mediatorun (mediasiya təşkilatının) bu Qanunun 22-ci (22.1.1-ci maddə istisna olmaqla) maddəsində nəzərdə tutulan məlumatları və mediasiya sessiyasının keçirilmə tarixi, vaxtı və yerini əks etdirən mediasiya sessiyası barədə bildirişi tərəflərə təqdim etməsindən sonra tərəflər və ya onlardan biri mediasiya sessiyasında iştirak etmədikdə və ya iştirak etməkdən yazılı şəkildə imtina etdikdə, yaxud “mediasiya prosesinin tətbiqi barədə müqavilə”ni imzalamağa razı olmadıqda, mediator sessiyada iştirak edən və etməyən tərəfləri qeyd etməklə “Mediasiya sessiyasında iştirak edilməməsi” ilə bağlı arayışı həmin şəxslərə təqdim edir. Tərəflər arasında başqa qayda müəyyən edilmədiyi halda, bu maddənin ikinci cümləsində qeyd edilən bildiriş tərəflərə mediasiya sessiyasının keçirilmə tarixindən azı 5 gün əvvəl təqdim edilməlidir. Həmin Qanunun 21.9.4-cü maddəsinə əsasən bu Qanunun 21.8-ci maddəsində nəzərdə tutulmuş hallarda tərəf həmin maddədə nəzərdə tutulmuş arayışı məhkəməyə etdiyi müraciətə əlavə etmədikdə məhkəməyə müraciət edildikdə müraciət məhkəmə tərəfindən baxılmamış saxlanılır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəllənin 150.1.6-cı maddəsinə əsasən müqavilə ilə və ya həmin kateqoriya mübahisələr üçün qanunda bu nəzərdə tutulmuşsa, cavabdehlə mübahisənin məhkəməyə qədər və ya pretenziya qaydasında nizama salınmasına riayət edilməsini təsdiq edən sənəd (kommersiya mübahisələri üzrə həmin sənədlər bu Məcəllənin 150.2-ci maddəsinə uyğun olaraq verilir) iddia ərizəsinə əlavə edilməlidir. Həmin Məcəllənin 150.2-ci maddəsinə əsasən kommersiya mübahisələri üzrə elektron qaydada verilən iddia ərizəsi və ona əlavə edilmiş sənədlər işdə iştirak edən digər şəxslərin “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetinə göndərilir və bu barədə məlumat elektron qaydada (elektron poçt və SMS vasitəsilə) onlara çatdırılır. Əgər sahibkar olan cavabdeh “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçməmişsə, bu halda kommersiya mübahisələri üzrə elektron qaydada verilən iddia ərizəsi barədə bildiriş və “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçmə qaydasına dair məlumat həmin şəxsin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində yaradılmış elektron kabinetinə göndərilir və bu barədə məlumat elektron qaydada (elektron poçt və SMS vasitəsilə) ona çatdırılır. Cavabdeh qeyri-rezident olduğu halda iddia ərizəsi və ona əlavə edilmiş sənədlər onun nümayəndəsinin “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetinə göndərilir. İş materiallarından göründüyü kimi mediator tərəfindən bildiriş tərəflərə mediasiya sessiyasının keçirilmə tarixindən azı 5 gün əvvəl təqdim edilməli olduğu halda, mediasiya sessiyasının keçirilməsi 25 mart 2022-ci il tarixə təyin edilmiş, bildiriş isə həmin sessiyadan 5 gün əvvəl, yəni 19 mart 2022-ci il tarixdə poçta verilmişdir. Mediator bildirişin cavabdeh tərəfindən alınıb-alınmamasını gözləmədən qanunvericiliyin tələbini pozmaqla 05 aprel 2022-ci il tarixdə Cavabdeh2 25 mart 2022-ci il tarixə saat 10:30-da keçirilmiş ilkin mediasiya sessiyasında iştirak etməməsi barədə arayış vermişdir. Bundan başqa cavabdehə pretenziya məktubu elektron qaydada deyil poçt vasitəsilə göndərilmiş və poçt zərfi “ünvan tam deyil” qeydi ilə iddiaçıya qaytarmışdır. Bununla da iddiaçı cavabdehlə mübahisənin məhkəməyə qədər və ya pretenziya qaydasında nizama salınmasına riayət edilməsini təsdiq edən sənədi məhkəməyə təqdim edə bilməmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır və hesab edir ki, birinci instansiya məhkəməsi iddiaçının ərizəsini baxılmamış saxlamaqda haqlı olmuşdur. Bu isə iddiaçının məhkəməyə lazımi qaydada yenidən müraciət etmək hüququnu məhdudlaşdırmır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.13-cü maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 21.9-cu maddəsində göstərilən hallarda məhkəmə ərizəni baxılmamış saxlayır. Həmin Məcəllənin 260.4-cü maddəsinin tələblərinə əsasən isə iddianın baxılmamış saxlanması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra maraqlı şəxs ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etməyə haqlıdır. Həmin Məcəllənin 398.0. və 398.0.1-ci maddələrinəəsasən apelyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 398.0, 398.0.1, 400 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş şikayət təmin edilməsin. Gəncə Kommersiya Məhkəməsinin 05 oktyabr 2023-cü il tarixli e-2-2(115)-1028/2023 nömrəli qərardadı və həmin qərardadla bağlı 20 oktyabr 2023-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan dərhal sonra qanuni qüvvəyə minir. Bu qərardaddan şikayət verilməsinə yol verilmir.
Məhkəmə qərarları › İş №2-2(104)-250/2023
Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(104)-250/2023
13.11.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver