Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2-2(104)-253/2025 17.11.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh X2 qarşı iş üzrə Hakimlər Məcidov Rüfət Azadəli oğlu (sədrlik edən və məruzəçi), Rzaquliyev Şamil Qəhrəman oğlu və Həsənov İslam Telman oğlundan ibarət tərkibdə, Məmmədov Xəzər Natiq oğlunun katibliyi ilə, İddiaçı (bundan sonra - iddiaçı) cavabdeh X2 (bundan sonra - cavabdeh) qarşı “pul” tələbinə dair iş üzrə Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(115)- 1195/2025 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, qətnamə qəbul etdi. İşin halları
1. Sabunçu RPİ-nin 14-cü PŞ-nin xx.xx.2025-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarından görünür ki, İddiaçı müraciəti əsasında toplanmış HK- 1/497 nömrəli material üzrə araşdırma zamanı həm İddiaçı, həm də Cavabdeh izahatları alınmış, İddiaçı Cavabdeh ondan 80000 manatlıq enerji içkiləri aldığını, təhvil aldığı malın pulundan 33900 manat ödədiyini, 46100 manat borclu qaldığını bildirmişdir. Cavabdeh İddiaçı izahatına uyğun etirafedici izahat vermişdir. Cavabdeh izahatından isə görünür ki, İddiaçı 46100 manat verəcəyinin olduğunu göstərmişdir.
Birinci instansiya məhkəməsində icraat
2. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Gəncə Kommersiya Məhkəməsinə müraciət edərək, cavabdehdən 46100 manat məbləğində pul vəsaitinin və ödənilmiş 230 manat məbləğində dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
3. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, işlətdiyi mağzada satıcı kimi işləyən Cavabdeh 2024-cü ilin avqust ayında Tərtər rayonunda yaşayan əmisinin əsgər yoldaşının enerji içkiləri istədiyini bildirmişdir. Cavabdehdən həmin içkiləri hansı şərtlərlə istədiyini soruşanda ona bildirmişdir ki, əmisinin hərbçi dostunun Qarabağ zonasında 30-a yaxın satış köşkləri var, həmin enerji içkiləri satış üçün ora göndəriləcək və içkilər satıldıqca pulu ona özü ödəyəcəkdir. Bundan sonra Bilgəh qəsəbəsi, A.Qadın 406 ünvanında fəaliyyət göstərən “Spar-Market”də cavabdehə ilkin olaraq 13000 manat, daha sonra 2024-cü ilin avqust ayından başlayaraq müxtəlif vaxtlarda 20000, 35000 və 12000 manat olmaqla, cəmi 80000 manat dəyərində enerji içkiləri vermişdir. Cavabdeh ondan təhvil aldığı içkilərin dəyərindən 2024-cü ilin sentyabr ayının 5-dən oktyabr ayının 28-dək olan müddət ərzində cəmi 25000 manat məbləğində ödəniş etmişdir. Cavabdehdən təhvil aldığı içkilərin dəyərinin tam ödənilməsini tələb etdikdə ona bildirmişdir ki, məhsulları verdiyi adamlardan pulu ala bilməmiş, 8900 manat dəyərində içkilərin Tərtər rayonunda əmisinin evində olduğunu deyib, həmin içkiləri geri qaytarmışdır. Beləliklə cavabdeh ondan götürdüyü cəmi 80000 manat dəyərində enerji içkilərinin dəyərindən 25000 manat məbləğində pul vəsaiti ödəmiş və 8900 manat dəyərində isə enerji içkilərini (ödənilən pul və qaytarılan içkilərin ümumi dəyəri 33900 manat) geri qaytarmış, 46100 manat borclu qalmışdır. Cavabdehdən qeyd olunan məbləğdə pulunu ala bilmədiyinə görə onun barəsində şikayət ərizəsi ilə Sabunçu RPİ-nə müraciət etmiş və müraciəti əsasında aparılmış araşdırma zamanı Cavabdeh verdiyi etirafedici izahatı ilə şikayətində qeyd olunan halları təsdiq etmişdir. Sabunçu RPİnin 14-cü PŞ-nin xx.xx.2025-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarı ilə müraciəti əsasında cinayət işinin başlanması rədd edilməsi və ona yaranmış mülki mübahisə ilə bağlı mülki mühakimə icratı qaydasında məhkəməyə müraciət etməyi tövsiyyə olunmuşdur.
4. Cavabdeh iddia tələbinə etirazla məhkəməyə müraciət edərək bildirmişdir ki, iddia tələbi tam əsassızdır və təmin oluna bilməz. Belə ki, iddiaçı iddia ərizəsində işin faktiki halları ilə baglı Cavabdeh 46100 manat məbləğində pul vəsaitinin və 230 manat ödənilmiş dövlət rüsumunun tutulması tələbini irəli sürərkən ona cəmi 80000 manat dəyərində enerji içkiləri verdiyini, ondan təhvil aldığı içkilərin dəyərindən 2024-cü ilin sentybr ayının 5-dən oktyabr ayının 28-dək olan müddət ərzində cəmi 25000 manat məbləğində ödəniş etdiyini, ondan təhvil aldığı içkilərin dəyərinin tam ödənilməsini tələb etdiyində məhsulları verdiyi adamlardan pulu ala bilmədiyini, 8900 manat dəyərində istifadə etmədiyi içkiləri iddiaçıya geri qaytardığını, 46100 manat borclu qaldığını bildirmiş, lakin onun iddiaçının kartına kartdan və ya milion aparatından çoxsaylı öödənişlər etdiyini nəzərə almamış və bu halları qeyd etməmiş və son nəticədə düzgün olmayan iddia məbləgini ondan tələb etmişdir ki, o da bunu əsassız hesab edir. İddiaçı qeyd etdiyi halları nəzərə almadıgından 46100 manat borc tələbini irəli sürmüşdür, əslində isə onun iddiaçıya 46100 manat deyil, təxminən ən çoxu 12000 manat borcu qalmışdır. Bu borclar da içkiləri verdiyi adamlardan borcu vaxtında yığıb qaytara bilməməyi ilə baglıdır. Yəni o, həmin borcları qısa müddətə yığıb gətirib iddiaçıya verəcəkdir. Ona görə də hesab edir ki, iddia tələbi ən çoxu 12000 manat həddində təmin edilməlidir. Əks təqdirdə onun ədalətli məhkəmə araşdırması və mülkiyyət hüquqları pozulmuş olacaqdır ki, o da bundan şikayət edəcəkdir.
5. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia tələbini müdafiə edərək təmin edilməsini məhkəmədən xahiş etmişdir.
6. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilmiş, lakin məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
7. Gəncə Kommersiya Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) xx.xx.2025-ci il tarixli, e-2-2(115)-1195/2025 nömrəli qətnaməsi (hakim Gülnaz Quliyeva) ilə, iddianın təmin edilməsi, cavabdeh X1 46100 (qırx altı min yüz) manat pul, ödənilmiş 230 (iki yüz otuz) manat dövlət rüsumunun alınaraq İddiaçı verilməsi qət edilmişdir.
8. Birinci instansiyası məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, cavabdehin aldığı malın pulunu tam ödəməməsi, onun iddiaçıya 46100 manat borcu qalması cavabdehin Sabunçu RPİ-nin 14-cü PŞ-də verdiyi izahatı ilə təsdiq edilir. Borcun ödənilməsi, iddia tələbindən az məbləğdə borc qalması ilə bağlı cavabdeh məhkəməyə hər hansı sübut təqdim etməmişdir. Qeyd edilənlərə əsasən məhkəmə hesab etmişdir ki, iddiaçı müqavilə üzrə yaranmış borc məbləğini cavabdehdən tələb etməkdə haqlıdır.
9. Məhkəmə həmin nəticəyə gələrkən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1, 386.1, 442, 445.1, 445.2, 448.1, 448.2, 567 və 600.1-ci maddələrinə və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 216-220 və 360-ci maddələrinə istinad etmişdir.
10. Cavabdeh birinci instansiya məhkəməsinin qətnaməsi ilə razılaşmayaraq apellyasiya şikayəti ilə məhkəməyə müraciət etmiş, qətnamənin ləğv edilməsini və iddia tələbinin rədd edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri
a) Apellyasiya şikayətinin dəlilləri
11. Birinci instansiya məhkəməsi qətnaməsində maddi və prosessual hüquq normasının pozulması və ya düzgün tətbiq edilməməsi ilə qəbul edilmişdir. Belə ki, təhvil aldığı içkilərin dəyərindən 2024-cü ilin sentyabr ayının 5-dən oktyabr ayının 28-dək olan müddət ərzində cəmi 25.000 (iyirmi beş min) manat məbləğində ödəniş etdiyini, ondan təhvil aldığı içkilərin dəyərinin tam ödənilməsini tələb etdiyində məhsulları verdiyim adamlardan pulu ala bilmədiyini, 8.900 manat dəyərində istifadə etmədiyi içkiləri iddiaçıya geri qaytardığını, 46.100 (qırx altımin bir yüz) manat borclu qaldığını bildirmiş, lakin ona kartdan və ya “million” aparatından onun kartına çoxsaylı ödənişlər etdiyini nəzərə almamış və bu halları qeyd etməmiş və son nəticədə düzgün olmayan iddia məbləğini ondan tələb etmişdir ki, o da bunu əsassız hesab edir. Belə ki, qeyd etdiyi kimi iddiaçı ona kartdan və ya million aparatından onun kartına çoxsaylı ödənişlər etdiyini hesaba almadıgından 46.100 manat borc tələbini irəli sürmüşdür, əslində isə onun iddiaçıya 46.100 manat deyil, təxminən ən çoxu 12.000 (on iki min) manat borcu qalmışdır ki, bu borclar da içkiləri verdiyi adamlardan borcu vaxtında yığıb qaytara bilməməyi ilə bağlıdır, yəni o həmin borcları qısa müddətə yığıb gətirib iddiaçıya verəcəkdir. Ona görə də hesab edir ki, bu halda iddia tələbi ən çoxu 12.000 manat həddində təmin edilməlidir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
12. İddiaçı cavabdehin apellyasiya şikayətinə etirazla məhkəməyə müraciət edərək Cavabdeh Gəncə Kommersiya Məhkəməsinin 04 sentyabr 2025-ci il tarixli qətnaməsindən verdiyi apellyasiya şikayətinin təmin edilməməsinə edilməməsinə və qətnamənin dəyişdirmədən saxlanılmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir.
13. Etiraz onunla əsaslandırılmışdır ki, Cavabdeh apellyasiya şikayətində qeyd etdiyi dəlilləri birinci instansiya məhkəməsinə təqdim etidiyi iddia ərizəsinə etirazın dəliləri ilə eyni təşkil edir və Cavabdeh qeyd olunan etirazı məhkəməyə təqdim etsə də, etirazında, eləcədə apellyasiya şikayətində istinad etdiyi əsas halı, yəni onun kartına ödənişlər etməsini təsdiq edən hər hansı qəbz və ya ödəniş sənədini sübut qismində məhkəməyə təqdim etməmişdir. Eyni zamanda qeyd edir ki, Cavabdeh ondan ümumi dəyəri 80.000 manat təşkil edən enerji içkilərini qəbul etdiyini də inkar etməmişdir. Cavabdeh apellyasiya şikayətində (eləcədə iddia ərizəsinə etirazında) ona qarşı irəli sürülmüş 46.000 manat tələbi qəbul etməyərək, mən “təxminən ən çoxu” 12 000 manat borcu qaldığını göstərmişdir. Göründüyü kimi Cavabdeh kartıma ödənişlər etdiyini qeyd etsə də, mənə borclu qaldığı məbləği qeyri-müəyyən olaraq "təxminən ən çoxu" ifadəsi ilə müəyyən etməyə çalışmışdır. Əgər doğrudanda Cavabdeh tərəfindən mənə ödənişlər edilmişdirsə, o zaman o qalıq borc məbləğini dəqiq ifadə etmiş olardı. Ödənişi təsdiq edən sənədlərin olmaması və Cavabdeh qalıq borc məblğinin miqdarını qeyri-müəyyən ifadə etməsi onun apellyasiya şikayətində göstərdiyi dəlillərin əsassız olmasını özündə ehtiva edir. Cavabdeh Sabunçu RPİ-nin 13-cü Polis Şöbəsində verdiyi xx.xx.2025-ci il tarixli İzahatında məndən hansı tarixlərdə nə qədər həcmdə eneji içkiləri götürdüyünü və sonda enerji içkiləritnin dəyəri olaraq mənə 46100 manat verəcəyinin olduğunu etiraf etmişdir. Buna baxmayaraq Cavabdeh apellyasiya şikayətinin dəlillərində qeyd olunan etirafedici izahatın mötəbərliliyini, eləcədə İzahatı şübhə altına ala biləcək hər hansı dəlil bildirməmiş və verdiyi etirafedici izahata münasibət bildirməmişdir. Qeyd olunan bu hal Cavabdeh apellyasiya şikayətində göstərdiyi dəlillərin əsassız olmasını və xx.xx.2025-ci il tarixli İzahatındakı etirafı işin faktiki hallarının necə olmasını müəyyən edir. Sadalanan qeyd olunan xüsüsatlar Cavabdeh apellyasiya şikayətində göstərdiyi dəlillərin yalnız formal mülahizələrdən ibarət olduğunun təsdiq edir.
Məhkəmə icraatı iştirakçılarının izahatları
14. İddiaçı və cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar olunmasına baxmayaraq məhkəmə iclasına gəlməmiş və bunun üzürlü səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxmışdır.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikasının Mülki Məcəlləsi
15. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
16. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
17. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
18. Maddə 445.1. İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır.
19. Maddə 445.2. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır.
20. Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır
21. Maddə 567. Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.
22. Maddə 600.1. Alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir.
23. Maddə 600.4. Əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər.
Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi
24. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.
25. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
26. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
27. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
28. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
29. Maddə 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir.
30. Maddə 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır.
31. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
32. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
33. Maddə 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
Apellyasiya baxışının hədləri
34. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
35. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
36. Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası (bundan sonra – Məhkəmə) qeyd edir ki, cavabdeh şikayətində qətnamənin tam ləğv edilməsi və iddianın rədd olunmasını xahiş edir. Odur ki, məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-ci maddəsinin tələbindən çıxış edərək qətnamənin əsaslılığını tam yoxlamışdır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
37. Məhkəmə hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur.
38. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən maddi və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
39. Məhkəmə hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(115)-1195/2025 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
40. Belə ki, məhkəmə araşdırmaları zamanı müəyyən edildiyi kimi iddiaçı ilə cavabdeh arasında şifahi razılaşma əsasında şifahi nisyə alğı-satqı müqaviləsi bağlanmışdır. İddiaçı cavabdehin ondan götürdüyü cəmi 80000 manat dəyərində enerji içkilərinin dəyərindən 25000 manat pul ödədiyini və 8900 manat dəyərində enerji içkilərinin geri qaytarıldığını, ödənilən pul və qaytarılan içkilərin ümumi dəyəri 33900 manat çıxılmaqla cavabdehin ona 46100 manat borcu qaldığını bildirmişdir. Cavabdeh isə iddiaçıya kart və pul köçürmələri aparatlarından istifadə etməklə pul köçürdüyünü, iddiaçıya ən çoxu 12000 manat borcu qaldığını və həmin məbləğin tutularaq iddiaçıya verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
41. İşin mübahisə edilməyən halları ondan ibarətdir ki, iddiaçı ilə cavabdeh arasında enerji içkilərinin nisyə alğı-satqısı olmuşdur. Cavabdeh isə iddiaçıdan içkilərin aldığını bildirmiş və cavabdeh tərəfindən əmlakların dəyəri mübahisələndirilməmişdir.
42. Məhkəmənin qənaətinə görə tərəflərin arasında yaranmış mübahisə, nisyə satılmış əşyanın dəyərinin ödənilməsi münasibətləri üzrə yaranmışdır. Ona görə də işin hallarına nisyə satılmış əşyanın dəyərinin ödənilməsi ilə bağlı qanunvericiliyə əsasən hüquqi qiymət verilməli və Azərbaycan Respublikası Mülki Məcəlləsinin yuxarıdakı müddəaları əsasında həll olunmalıdır.
43. İddia tələbinin hüquqi əsasını təşkil edən mərkəzi hüquq norması Azərbaycan Respublikası Mülki Məcəlləsinin 600.1-ci maddəsidir. Həmin normada deyilir ki, alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir.
44. 600.4-cü maddəsində deyilir ki, əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər.
45. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.2.1-ci maddəsinə əsasən, qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biridir. Həmin Məcəllənin 386.1-ci maddəsinin tələbinə görə öhdəliyin əmələ gəlməsinin əsaslarından biri kimi tərəflər arasında müqavilənin olmasıdır.
46. Məhkəmə sadalanan hüquq normalarını işin faktik halları ilə birlikdə müqayisəli şəkildə təhlil edərək belə nəticəyə gəlir ki, iddianın təmin edilməsi barədə məhkəmənin gəldiyi nəticə əsaslıdır.
47. Çünki, iş materiallarında olan araşdırma zamanı qəbul edilmiş Sabunçu RPİ-nin 14-cü PŞ-nin xx.xx.2025-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarından görünür ki, İddiaçı müraciəti əsasında toplanmış HK-1/497 nömrəli material üzrə araşdırma zamanı həm İddiaçı, həm də Cavabdeh izahatları alınmış, İddiaçı Cavabdeh ondan 80000 manatlıq enerji içkiləri aldığını, təhvil aldığı malın pulundan 33900 manat ödədiyini. 46100 manat borclu qaldığını bildirmişdir. Cavabdeh İddiaçı izahatına uyğun etirafedici izahat vermişdir. Cavabdeh izahatından isə görünür ki, İddiaçı 46100 manat verəcəyinin olduğunu qeyd etmişdir.
48. Nəzərə alınmalıdır ki, iş üzrə tərəflərin (nümayəndələrinin) izahatlarının xüsusiyyəti ondan ibarətdir ki, həmin məlumatlar işin nəticəsində maraqlı olan şəxslər tərəfindən verilir, bu isə məhkəməni onlara kifayət qədər ehtiyatlı yanaşmağa məcbur edir. Ona görə də iş üzrə tərəflərin (nümayəndələrinin) izahatları yalnız başqa obyektiv sübutlarla təsdiq edildiyi halda məhkəmə tərəfindən qəbul edilə bilər. Çünki, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir (Mülki Prosessual Məcəllənin 106.1-ci maddəsi).
49. Azərbaycan Respublikası MPM-in 76, 80, 81, 88 və 95-ci maddələrinin tələbləri baxımından əgər məhkəmə hər hansı sübutu qəbul edərək, iş materiallarına əlavə edibsə işdə olan sübutlara həmin sübutların qanuniliyi (qanunvericilik baxımından sübut kimi qəbul olunmasının yolverilənliyi), aidiyyəti (tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqəsi), mümkünlüyü (müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan hallar) və mötəbərliyi (sənədlərin əsli və ya təsdiq olunmuş surətləri, zəruri rekvizitlərə (imza, möhür və s) malik olması, montaj və saxtalaşdırma əlamətlərinin olub-olmaması və s.) baxımından qiymət verilməlidir.
50. Belə ki, hazırkı mübahisədə sübutetmə vəzifəsinin bölgüsü baxımından malların satılmasını və satılan malların dəyərini iddiaçı, satılmış malların dəyərinə görə iddiaçıya ödənilmiş pulun məbləğini isə cavabdeh sübut etməlidir.
51. Bu baxımdan əgər tərəflərdən biri sübut qismində məhkəməyə ibtidai araşdırma orqanlarında aparılmış araşdırma materiallarını, qəbul edilmiş qərarları, yaxud məhkəmə aktlarını və orada əksini tapmış izahatları təqdim edirsə, məhkəmə həmin sənədlərə yuxarıda istinad edilmiş prosessual hüquq normaları baxımından qiymət verməlidir.
52. Göründüyü kimi, işin qeyd olunan halı, yəni tərəflər arasında mal satışının həyata keçirilməsi və bu münasibətdən cavabndehin iddiaçıya tələb olunan məbləğdə borcunun olması cinayət işinin başlanmasının rədd edilməsi haqqında Sabunçu RPİ-nin 14-cü PŞnin xx.xx.2025-ci il tarixli qərarı və həmin icraat zamanı cavabdehdən alınmış izahat ilə də təsdiqini tapır. Həmin qərar isə hazırki iş üzrə cavabdeh tərəfindən mübahisələndirilməmişdir.
53. Mülki Prosessual Məcəllənin 82.4-cü maddəsinə görə, məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və iqtisadi mübahisəyə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir.
54. Kollegiya qeyd edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə, bu normaların tələbinə uyğundur.
55. Ancaq, cavabdeh apellyasiya şikayətinin dəlillərində iddiaçıdan aldığı malın dəyərindən ödənişlər etdiyini və ümumilikdə 12.000 manat məbləğində borcunun olduğunu bildirmişdir. Həqiqətən də pulun ödənilməsi yalnız cavabdehin subyektiv izahatı ilə öz təsdiqini tapmışdır. Halbuki, bu halda sübutetmə yükü cavabdehin üzərinə düşür. Çünki, Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
56. Bir qayda olaraq “sübut etmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür” prinsipi rəhbər tutulur. Sübutlar kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər.
57. Sübutetmə standartı - sübutların qiymətləndirilməsi və faktların müəyyən edilməsi meyarıdır. Nəzərə alınmalıdır ki, iki sübutetmə standartı – “ağlabatan (əsaslı) şübhədən kənar” və “sübutların üstünlüyü” standartları mövcuddur. İşə baxan məhkəmənin qarşısında duran vacib məsələlərdən biri işin faktlarını və hallarını müəyyən etməkdir. Onlara tətbiq edilən qanun-hüquq normaları yekunda çıxarılan məhkəmə qərarının əsasını təşkil edir. Faktları müəyyən etmək üçün məhkəmə ona təqdim edilmiş sübutları qiymətləndirir və sübutetmə standartı məhkəmə prosesinin məqsədləri üçün müəyyən faktın olub-olmamasını müəyyən edən kriteriyadır (meyardır).
58. Kollegiya xatırladır ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq «əsaslı şübhədən kənar» sübut standartları tətbiq edilir. Bü cür sübutlar olmadığı və ya kifayət qədər olmadığı halda, məhkəmə iddiaçının istinad etdiyi faktik hallara, yəni iddia tələbinin faktik əsaslarına mövcud olmayan hallar kimi qiymət verə bilər və iddia tələbini rədd edə və ya sübut edilən həddə uyğun qismən təmin edə bilər.
59. Apellyasiya instansiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə mövcud olan sübutları hərtərəfli təhlil etmiş, tərəflərin izahatlarını və təqdim edilmiş sənədləri nəzərə alaraq faktiki vəziyyəti obyektiv müəyyən etmişdir. Bu baxımdan, hüquqi normanın seçilməsindəki uyğunsuzluq qətnamənin mahiyyət etibarilə əsaslı nəticəyə gəldiyini dəyişdirmir.
60. Bu baxımdan cavabdeh, alınmış malların dəyərini iddiaçıya kart və ya başqa üsullarla ödədiyini və onun 12000 manat borcunun qaldığına dair etiraz dəlillərini sübut etmək vəzifəsi daşıyır ki, iş materiallarında bu halları təsdiq edəcək hər hansı sübutetmə vasitəsi mövcud deyildir. Cavabdeh apellyasiya şikayətində bu hallara istinad etsə də apellyasiya instansiyası məhkəməsinə bununla bağlı sübut təqdim etməmişdir.
61. Beləliklə, birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə məhkəmə kollegiyası razılaşır, onu qanuni və əsaslı hesab etməklə, çıxardığı qətnaməni işin həqiqi hallarına uyğun, tərəflərin qarşılıqlı münasibətlərini əks etdirən, gəlinmiş nəticələri qanunvericiliyin tələblərinə uygun hesab edir.
62. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən maddi və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
63. Məhkəmə qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apellyasiya şikayəti təmin olunmamalı, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
64. Məhkəmə həmçinin qeyd edir ki, Mülki Prosessual Məcəllənin 402.1-ci maddəsinin tələbinə görə hazırki qətnamədən cavabdeh tərəfindən kassasiya şikayəti verilə bilər.
65. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Posessual Məcəlləsinin 10-1, 372.1, 382, 384.0.1, 385.2, 392, 393, 402, 404, 404 və 405- 407-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi :
Cavabdeh X4 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(115)-1195/2025 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.