Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2-2(104)-256/2025 24.11.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Ərizəçi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin Maraqlı şəxs oğlunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması tələbinə dair iş üzrə Hakimlər Məcidov Rüfət Azadəli oğlu (sədrlik edən və məruzəçi), Rzaquliyev Şamil Qəhrəman oğlu və Həsənov İslam Telman oğlundan ibarət tərkibdə, Məmmədov Xəzər Natiq oğlunun katibliyi ilə, ərizəçi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin (bundan sonra – ərizəçi) Maraqlı şəxs (bundan sonra – maraqlı şəxs) “ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması” tələbinə dair kommersiya işi üzrə Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(115)-2164/2025 nömrəli qətnaməsindən maraqlı şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, qətnamə qəbul etdi. İşin halları
1. Maraqlı şəxs xx.xx.2017-ci il tarixdə vergi orqanlarında qeydiyyatdan keçmiş və ona vergi ödəyicisinin eyniləşdirmə nömrəsi - VÖEN: ********** verilmişdir.
2. Maraqlı şəxsin xx.xx.2025-ci il tarixə çap olunmuş şəxsi hesab vərəqəsinə əsasən, onun dövlət büdcəsinə vergi üzru 38904,09 manat, Dövlət Sosial Müdafiə Fonduna 1285,4 manat, İşsizlikdən sığorta fonduna olan 0,49 manat, İcbari Tibbi Sığorta Fonduna olan 225,85 manat məbləğində borcu vardır.
3. Vergi orqanı tərəfindən vergi ödəyicisinə ünvanlanmış xx.xx.2025-ci il tarixli, xx.xx.2025-ci il tarixli, xx.xx.2025-ci il tarixli bildirişlər və xx.xx.2025-ci il tarixli xəbərdarlığın surətindən görünür ki, maraqlı şəxsdən borcun 5 gün müddətində ödənilməsi tələb edilmiş və borcu ödəməməyə görə məsuliyyət barədə xəbərdarlıq edilmişdir.
4. Ərizəçinin təqdim etdiyi vegi ödəyiciləri ilə yazışmalar barədə hesabatdan aydın olur ki, xx.xx.2025-ci bildiriş və xx.xx.2025-ci il tarixli xəbərdarlıq vergi ödəyicisinin elektron kabinetinə yerləşdirilmişdir.
Birinci instansiya məhkəməsində icraat
5. Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, Maraqlı şəxs dövlət büdcəsinə olan ümumilikdə 38904,09 manat, Dövlət Sosial Müdafiə Fonduna olan 1285,4 manat, İşsizlikdən sığorta fonduna olan 49 manat, İcbari Tibbi Sığorta Fonduna olan 225,85 manat məbləğində borcun ödənilməsini təmin etmək üçün onun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
6. Ərizə onunla əsaslandırılmışdır ki, vergi öhdəliklərini Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədiyi üçün xx.xx.2025-ci il tarixə vergi ödəyicisi olan Maraqlı şəxs (VÖEN: **********) Dövlət Sosial Müdafiə Fonduna 1285,4 manat, İcbari Tibbi Sığorta Fonduna 225,85 manat, İşsizlikdən sığorta fonduna, 49 manat, dövlət büdcəsinə 38904,09 manat məbləğində (o cümlədən, vergilər üzrə 27871,32 manat, faizlər üzrə 10032,77 manat, maliyyə sanksiyası üzrə 1000 manat) olmaqla, ümumilikdə 40415,83 manat borcu vardır. Yaranmış borc məbləğinin 5 gün ərzində dövlət büdcəsinəvə müvafiq fonda ödənilməsi məqsədi ilə vergi ödəyicisinə Vergi Məcəlləsinin 65-ci maddəsinə əsasən xx.xx.2025-ci il tarixli **********040200, xx.xx.2025-ci il tarixli **********996500, xx.xx.2025-ci il tarixli **********434600, xx.xx.2025-ci il tarixli **********489300 nömrəli bildirişlər göndərilmiş, lakin vergi ödəyicisi yaranmış borc məbləğini ödəməmişdir.
7. Tərəflərə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq ərizəçi məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş, ərizə ilə məhkəməyə müraciət edərək işə nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmiş, maraqlı şəxs məhkəmə iclasına gəlməmiş və bunun üzürlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 355-7.2-ci maddəsinə əsasən ərizəçinin nümayəndəsinin və maraqlı şəxsin iştirakı olmadan ərizəyə baxılmasını mümkün hesab etmişdir.
8. Gəncə Kommersiya Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) xx.xx.2025-ci il tarixli, e-2-2(115)-2164/2025 nömrəli qətnaməsi ilə (hakim Əbülfəz Məmmədli), ərizənin təmin edilməsi, 05 sentyabr 2025-ci il tarixə Dövlət Sosial Müdafiə Fonduna 1285,4 manat, İcbari Tibbi Sığorta Fonduna 225,85 manat, İşsizlikdən sığorta fonduna, 49 manat, dövlət büdcəsinə 38904,09 manat məbləğində (o cümlədən, vergilər üzrə 27871,32 manat, faizlər üzrə 10032,77 manat, maliyyə sanksiyası üzrə 1000 manat) olmaqla, ümumilikdə 40415,83 manat məbləğində borcunun ödənilməsini təmin etmək üçün xx.xx.1996-cı il tarixdə ünvan 1 ünvanında qeydiyyatda olan Maraqlı şəxs (şəxsiyyəti təsdiq edən sənədin fərdi identifikasiya nömrəsi – xxxxxxx, şəxsiyyət vəsiqəsinin nömrəsi –AA*******) ölkədən getmək hüququ məhdudiyyətin qoyulmasına səbəb olmuş əsaslar aradan qalxanadək müvəqqəti məhdudlaşdırılması, dövlət rüsumunun əvəzi olaraq 100 (yüz) manat məbləğində pul Maraqlı şəxs tutularaq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir.
9. Birinci instansiyası məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, vergi ödəyicisi olan Maraqlı şəxs vergi öhdəliklərini qanunla müəyyən edilmiş müddətdə yerinə yetirmədiyi üçün onun dövlət büdcəsinə borcu yaranmışdır. Həmin borcun ödənilməsini təmin etmək məqsədi ilə vergi orqanı tərəfindən vergi ödəyicisinə borcun ödənilməsinə dair bildiriş ünvanlanaraq 5 gün müddətində ödənilməsi tələb edilmişdir. Lakin qeyd olunan müddət ərzində Maraqlı şəxs tərəfindən borc məbləğinin ödənilməsi təmin edilməmişdir.
10. Odur ki, Maraqlı şəxs dövlət büdcəsinə olan borcunun ödənilməsini təmin etmək məqsədilə onun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması üçün qanunvericilikdə nəzərdə tutulmuş əsaslar mövcuddur.
11. Məhkəmə qeyd etmişdir ki, şəxsin ölkədən getmək hüququnu məhdudlaşdırmaq üçün borcun həcmi, onun sabitliyi və ya proqnozlaşdırıla bilən dinamik artımı, yəni müəyyənliyi və vergi ödəyicisinin borc məbləği barədə lazımınca xəbərdar edilməsi, onun mübahisəyə qədərki davranışları, müvafiq borcların vaxtı-vaxtında ödənilməsi kimi halları nəzərə almaq mütənasibliyin əsas tələblərindəndir.
12. Qeyd olunan hallar, eləcə də müvafiq borcun ödənilməsi ilə bağlı ərizəçi tərəfindən bildiriş (xəbərdarlıq) göndərildikdən sonra borcun ödənilməməsi nəzərə alındıqda məhkəmə qeyd etmişdir ki, hazırkı halda maraqlı şəxsin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması qanuna uyğun olmaqla legitim məqsəd güdür və demokratik cəmiyyətdə zəruri – mütənasibdir.
13. Məhkəmə həmin nəticəyə gələrkən Azərbaycan Respublikasının Konstitusiyasının 28, 71 və 73-ci maddələrinə, Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 1.4, 16.1.1, 23.1.15-3, 24.1.2-1, 77.3 və 78.1-ci maddələrinə, “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında” Azərbaycan Respublikasinin Konstitusiya Qanununa, İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyaya dair 4 saylı protokoluna, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 213.1-ci maddəsinin və Azərbaycan Respublikası Vergi Məcəlləsinin 78.3 və 78.4-cü maddələrinin şərh edilməsinə dair” xx.xx.2013-cü il tarixli Qərarına və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1, 355-5.1 və 355-7.4-cü maddələrinə istinad etmişdir.
14. Maraqlı şəxs apellyasiya şikayəti ilə məhkəməyə müraciət edərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və ərizənin təmin edilməməsinə dair qətnamə qəbul edilməsi xahiş olunmuşdur.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri
a) Apellyasiya şikayətinin dəlilləri
15. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə ərizəyə onun iştirakı olmadan baxılmış və borcun mövcudluğu arşdırılmamışdır. Bu səbəbdən subutlarının təqdim edilməsi üçün zəmin olmamışdır. Belə ki, qeyd edilən vergi borcu və cərimələr düzgün yazılmamışdır. Belə ki, ərizəçi Gəncə Komersiya Məhkəməsinə müraciət edərək guya onun vergi öhdəliklərini Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədiyim üçün Dövlət Sosial Müdafiə Fonduna 1285.4 manat, İcbari Tibbi Sığorta Fonduna 225.85 manat, İşsizlikdən Sığorta Fonduna 49 manat, Dövlət Büdcəsinə 38904.09 manat məbləğində (o cümlədən, vergilər üzrə 27871.32 manat, fazilər üzrə 10032.77 manat, maliyyə sanksiyası üzrə 1000 manat) olmaqla, ümumilikdə 40415.83 manat borcu varmış. Qeyd edilən vergi borcu ilə razı deyildir. O qeyd edilən borcla bağlı X1 Bakı Şəhəri Lokal Gəlirlər Baş İdarəsində də izahat verərək yazılan borcun qanunsuz olduğunu, heç bir qanuni əsası olmadan yazıldığını deyərək öz etirazını bildirmişdir. X3 Bakı Şəhərinin Lokal Gəlirlər Baş İdarəsi qeyd edilən borcu şəxsi kart hesabına gələn pullarla bağlı əsaslandıraraq ona yuxarıda qeyd edilən vergi borcunu yazmışdır. O vergi hesabatlarını vaxtlı-vaxtında ödəyən bu günə qədər heç bir vergi öhdəliyindən yayınmayan bir ticarətçidir. Hakim işə baxarkən işi dəqiq araşdırmamışdır.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
16. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
Məhkəmə icraatı iştirakçılarının izahatları
17. Ərizəçi və maraqlı şəxs məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar olunmasına baxmayaraq məhkəmə iclasında özlərinin və ya nümayəndələrinin iştirakını təmin etməmiş və bunun üzürlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə onların (nümayəndələrinin) iştirakı olmadan baxmışdır.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikasının Konstitusiyası
18. Maddə 28. Azadlıq hüququ İİİ. Qanuni surətdə Azərbaycan Respublikasının ərazisində olan hər kəs sərbəst hərəkət edə bilər, özünə yaşayış yeri seçə bilər və Azərbaycan Respublikasının ərazisindən kənara gedə bilər. ...
19. Maddə 71. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının təminatı İİ. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. Hər kəsin hüquq və azadlıqları bu Konstitusiyada və qanunlarda müəyyən edilmiş əsaslarla, habelə digərlərinin hüquq və azadlıqları ilə məhdudlaşır. Hüquq və azadlıqların məhdudlaşdırılması dövlət tərəfindən gözlənilən nəticəyə mütənasib olmalıdır. ...
20. Maddə 73. Vergilər və başqa dövlət ödənişləri İ. Qanunla müəyyən edilmiş vergiləri və başqa dövlət ödənişlərini tam həcmdə və vaxtında ödəmək hər bir kəsin borcudur.
“Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında” Azərbaycan Respublikasinin Konstitusiya Qanunu
21. Maddə 3.6. Azərbaycan Respublikasının Konstitusiyasında göstərilən digər əsaslarla yanaşı, Konstitusiyanın 28-ci maddəsinin İİİ hissəsində, 32-ci, 33-cü, 49-cu, 50ci, 51-ci, 58-ci maddələrində göstərilən hüquqlar və azadlıqlar və 47-ci maddəsində göstərilən söz azadlığı dövlət təhlükəsizliyi mənafeləri üçün, sağlamlığın və mənəviyyatın, digər şəxslərin hüquq və azadlıqlarının qorunması üçün, cinayətin qarşısının alınması məqsədi ilə; Konstitusiyanın 32-ci, 33-cü, 49-cu, 50-ci və 58-ci maddələrində göstərilən hüquqlar və azadlıqlar və 47-ci maddəsində göstərilən söz azadlığı həmçinin iğtişaşların qarşısının alınması üçün; Konstitusiyanın 28-ci maddəsinin İİİ hissəsində, 49-cu, 50-ci və 58-ci maddələrində göstərilən hüquqlar və azadlıqlar, 47-ci maddəsində göstərilən söz azadlığı və 48-ci maddəsinin İİ hissəsində göstərilən hər hansı dinə etiqad etmək, dinə münasibəti ilə bağlı əqidəsini ifadə etmək və yaymaq hüququ həmçinin ictimai təhlükəsizliyin qorunması üçün; Konstitusiyanın 28-ci maddəsinin İİİ hissəsində, 32-ci və 33-cü maddələrində göstərilən hüquqlar və azadlıqlar və 48-ci maddəsinin İİ hissəsində göstərilən hər hansı dinə etiqad etmək, dinə münasibəti ilə bağlı əqidəsini ifadə etmək və yaymaq hüququ həmçinin ictimai qaydanın təmin edilməsi üçün, Konstitusiyanın 32-ci və 33-cü maddələrində göstərilən hüquqlar və azadlıqlar həmçinin ölkənin iqtisadi rifahı mənafeləri üçün; Konstitusiyanın 47-ci maddəsində göstərilən söz azadlığı və 50-ci maddəsində göstərilən məlumat azadlığı həmçinin dövlətin ərazi bütövlüyü mənafelərinin təmin edilməsi məqsədi ilə, digər şəxslərin nüfuzu və ya hüquqlarının müdafiəsi üçün, məxfi qaydada əldə edilmiş məlumatın açıqlanmasının qarşısının alınması və ya məhkəmənin nüfuzunun və qərəzsizliyinin təmin edilməsi üçün; Konstitusiyanın 48-ci maddəsinin İİ hissəsində göstərilən hər hansı dinə etiqad etmək, dinə münasibəti ilə bağlı əqidəsini ifadə etmək və yaymaq hüququ sağlamlığın və ya mənəviyyatın və ya digər şəxslərin hüquq və azadlıqlarının qorunması məqsədi ilə məhdudlaşdırıla bilər.
Azərbaycan Respublikasının Vergi Məcəlləsi
22. Maddə 1.4. Bu Məcəllənin vergitutmanın ümumi əsasları, vergilərin ödənilməsi qaydaları (ödənilməsi mənbələri istisna olmaqla), vergi ödəyicilərinin və dövlət vergi orqanlarının, habelə vergi münasibətlərinin digər iştirakçılarının vergitutma məsələləri ilə bağlı hüquq və vəzifələri, vergi nəzarətinin forma və metodları, vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyət, dövlət vergi orqanlarının və onların vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayət edilməsi qaydaları ilə bağlı müddəaları məcburi dövlət sosial sığorta haqqı, icbari tibbi sığorta haqqı və işsizlikdən sığorta haqqına münasibətdə də tətbiq olunur.
23. Maddə 16.1. Vergi ödəyicisinin aşağıdakı vəzifələri vardır: 16.1.1. qanunla müəyyən edilmiş vergiləri, habelə bu Məcəllə ilə müəyyən edilmiş qaydada hesablanmış faizləri, tətbiq edilmiş maliyyə sanksiyalarını və digər məcburi ödənişləri ödəmək;
24. Maddə 23.1. Vergi orqanlarının hüquqları aşağıdakılardır: 23.1.15-3. vergi ödəyicisi vergi öhdəliyini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə, hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üsulu kimi vergi ödəyicisi olan fiziki şəxsin və ya hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması üçün məhkəməyə müraciət etmək;
25. Maddə 77.1. Vergi ödəyicisinin bu Məcəllədə göstərilən hallarda və qaydada müəyyən edilən vergini (o cümlədən cari vergi ödəmələrini), hesablanmış faizləri və tətbiq edilmiş maliyyə sanksiyalarını ödəmək vəzifəsi onun vergi öhdəliyi hesab olunur.
26. Maddə 77.3. Vergi ödəyicisi vergi qanunvericiliyinin tələblərinə uyğun olaraq verginin ödənilməsini nəzərdə tutan şəraitin yarandığı andan vergi öhdəliklərinin yerinə yetirilməsi üçün cavabdehdir.
27. Maddə 78.1. Vergi öhdəliklərinin yerinə yetirilməsi ödənilməli olan vergilərin (o cümlədən cari vergi ödəmələrinin), hesablanmış faizlərin və tətbiq edilmiş maliyyə sanksiyalarının müəyyən edilmiş müddətlərdə və qaydada ödənilməsidir. Vergi ödəyicisinin hesablarında və ya kassasında vəsaitin, habelə onun əmlakının olubolmamasından asılı olmayaraq vergi öhdəliklərinin yerinə yetirilməsi məcburidir.
Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “X2 (X4) şikayəti üzrə bəzi normativ hüquqi aktların Azərbaycan Respublikasının Konstitusiyasına uyğunluğunun yoxlanılmasına dair” 2017-ci il 26 may tarixli Qərarı
28. “...borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına səbəb olan əsaslar və mütənasiblik prinsipindən irəli gələn meyarlar kifayət qədər aydındır... Mütənasiblik prinsipinə riayət olunmasını təmin etmək üçün məhkəmə işə baxarkən hər bir konkret halda məhdudiyyətin müəyyən olunmasının əsaslarını, borclunun buna qarşı etirazlarını öz daxili inamına görə qiymətləndirməli, işi hərtərəfli, tam və obyektiv araşdırmalı, məsələ ilə bağlı öz nəticələrini müvafiq məhkəmə aktında əsaslandırmalıdır...”
Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 213.1-ci maddəsinin və Azərbaycan Respublikası Vergi Məcəlləsinin 78.3 və 78.4-cü maddələrinin şərh edilməsinə dair” xx.xx.2013-cü il tarixli Qərarı
29. ... Konstitusiyanın 73-cü maddəsində təsbit olunmuş vergi ödəmək vəzifəsi dövlətin şərtsiz tələbi kimi bütün vergi ödəyicilərinə şamil olunur. Vergiləri ödəmək (o cümlədən qanunvericiliklə müəyyən edilmiş müvafiq vaxtda və miqdarda) hər bir şəxsin konstitusiya vəzifələrindən biridir. Vergi ödəyicisinin bu vəzifəsində cəmiyyətin bütün üzvlərinin ictimai maraqları öz əksini tapmışdır. Buna görə dövlət yalnız vergi ödəyicilərinin deyil, həmçinin cəmiyyətin digər üzvlərinin də hüquq və qanuni mənafelərinin qorunması məqsədilə vergi hüquq münasibətlərini tənzimləmək sahəsində qanuni tədbirlər görmək hüququna və vəzifəsinə malikdir.
“Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanunu
30. Maddə 10. Müəyyən edilmiş müddət daxilində sosial sığorta haqqını sığortaçıya ödəmək sığortaedənlərin vəzifələridir.
“Tibbi sığorta haqqında” Azərbaycan Respublikasının Qanunu
31. Maddə 15-5.2.2. Sığorta haqlarını vaxtında və tam həcmdə ödəmək icbari tibbi sığorta üzrə sığortalıların vəzifəsidir.
“İşsizlikdən sığorta” haqqında Azərbaycan Respublikasının Qanunu
32. Maddə 6.2.2 və 6.2.3. İşçilərini işsizlikdən sığorta etdirmək və “İşsizlikdən sığorta” haqqında Qanunu ilə müəyyən edilmiş qaydada, məbləğdə və vaxtda sığorta haqqını sığortaçıya ödəmək sığortaedənin vəzifəsidir.
Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi
33. Maddə 355-5. Ərizənin verilməsi 355-5.1. Vergi ödəyicisi və ya sığortaedən vergi, məcburi dövlət sosial sığorta, icbari tibbi sığorta və işsizlikdən sığorta haqları üzrə öhdəliyini qanunla müəyyən edilmiş hallarda və müddətlərdə yerinə yetirmədikdə, hesablanmış vergilər, məcburi dövlət sosial sığorta, icbari tibbi sığorta və işsizlikdən sığorta haqları üzrə borcların və faizlərin, vergilər və məcburi dövlət sosial sığorta haqları üzrə tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə məhkəməyə müraciət etmək hüququna malikdir.
34. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər;
35. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
36. Maddə 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
Apellyasiya baxışının hədləri
37. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
38. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
39. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Kontitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli qərarında deyilir ki, “Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədlərini həmçinin dispozitivlik prinsipinin mahiyyətini təşkil edən “məhkəmə tərəflərin irəli sürdüyü tələblərdən kənara çıxmamalıdır” tələbi müəyyən edir. Bu tələb məhkəmənin qətnaməsindən şikayət verilməsi mərhələsində “nə qədər şikayət - o qədər qərar” qaydasına çevrilir”.
40. Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası (bundan sonra – Məhkəmə) qeyd edir ki, maraqlı şəxs qətnaməni tam mübahisələndirir. Odur ki, məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-ci maddəsinin tələbindən çıxış edərək qətnamənin əsaslılığını tam yoxlamışdır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
41. Məhkəmə hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur.
42. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən maddi və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
43. Məhkəmə hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(115)-2164/2025 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
44. Beləliklə, işin halları ondan ibarətdir ki, vergi ödəyicisi olan maraqlı şəxsin (VÖEN: **********) vergi öhdəliklərini qanunla müəyyən edilmiş müddətdə yerinə yetirmədiyi üçün onun dövlət büdcəsinə borcu yaranmışdır. Həmin borcun ödənilməsini təmin etmək məqsədi ilə vergi orqanı tərəfindən vergi ödəyicisinə borcun ödənilməsinə dair bildiriş ünvanlanaraq 5 gün müddətində ödənilməsi tələb edilmişdir. Lakin, qeyd olunan müddət ərzində maraqlı şəxs tərəfindən borc məbləğinin ödənilməsi təmin edilməmişdir. Vergi orqanı tərəfindən borcun ödənilməsi məqsədilə Vergi Məcəlləsinin 65ci maddəsinə uyğun bildirişlər göndərilmiş, lakin müəyyən edilmiş müddət ərzində borcun ödənilmədiyi təsbit edilmişdir. Bu səbəbdən ərizəçi, borcun ödənilməsini təmin etmək məqsədilə maraqlı şəxsin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə məhkəməyə müraciət etmişdir.
45. Birinci instansiya məhkəməsi ərizəni təmin etməklə, maraqlı şəxsin borcu ödənilənədək ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmış, eləcə də ondan 100 manat dövlət rüsumu dövlət gəlirinə tutulmuşdur.
46. Maraqlı şəxs apellyasiya şikayətində bildirmişdir ki, vergi orqanı tərəfindən ona əsassız və şişirdilmiş borc hesablanmış, qeyd edilən borcun isə onun şəxsi kart hesabına gələn pullarla bağlı ona qeyd edilən vergi borcu hesablanmışdır.
47. Məhkəmə araşdırması zamanı maraqlı şəxsin şəxsi hesab vərəqəsindən müəyyən edilmişdir ki, maraqlı şəxsə hesablanmış Dövlət Sosial Müdafiə Fonduna və İcbari Tibbi Sığorta Fonduna olan borcları onun özü tərəfindən təqdim edilmiş “cari bəyənnamələr” əsasında hesablanmışdır.
48. Maraqlı şəxsə carı bəyənnamələr əasında hesablanmış məcburi dövlət sosial sığorta və icbarı tibbi sığorta haqlarının bir qismi ödəniş tapşırıqları və bir cox halda hesabına qoyulmuş “sərəncamlar” əsasında ödənilmişdir ki, hazırda qeyd edilən sığorta haqları üzrə borclar mövcuddur.
49. Bundan başqa şəxsi hesab vərəqəsindən müəyyən edilmişdir ki, maraqlı şəxsə xx.xx.2024-cü il tarixdə 2023-cü il üçün “Fiziki şəxsin gəlir vergisi” üzrə 27899 manat analoji bəyənnamə əsasında vergi borcu hesablanmış və həmin məbləğə xx.xx.2025-ci il tarixə hesablanmış 10128,55 manat faiz borcu yaranmışdır.
50. Maraqlı şəxs həmin borcun kartına mədaxil olunmuş vəsaitə görə hesablandığını və borcun əsassız olduğu iddia edir.
51. Lakin məhkəmə araşdırmaları dövründə maraqlı şəxs həmin borcun hesablanması barədə qərarın inzibati məhkəmə icraatı qaydasında mübahisələndirilməsinə və ya yuxarı vergi orqanına şikayət edilməsinə dair sübutları məhkəmələrə təqdim etməmişdir.
52. Borcun hesablanmasından bir il ötməsinə baxmayaraq maraqlı şəxs vergi orqanının qərarını mübahisələndirməmiş və hazırda həmin borc məbləği onun vergi öhdəliyi hesab olunur.
53. Azərbaycan Respublikası Konstitusiyasının 73-cü maddəsinə əsasən, hər kəs qanunla müəyyən edilmiş vergiləri və digər dövlət ödənişlərini tam həcmdə və vaxtında ödəməyə borcludur. Vergi Məcəlləsinin 16.1.1-ci, 23.1.15-3-cü, 77.1-ci və 78.1-ci maddələri ilə vergi ödəyicisinin vergi öhdəliklərini müəyyən edilmiş qaydada və müddətdə yerinə yetirməsi məcburi vəzifə kimi təsbit olunmuşdur. Bu öhdəliklərin icra edilməməsi halında isə vergi orqanının, borcun ödənilməsini təmin etmək məqsədilə fiziki şəxsin və ya hüquqi şəxsin rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə məhkəməyə müraciət etmək hüququ vardır.
54. Vergi orqanı tərəfindən borcun ödənilməsi məqsədilə Vergi Məcəlləsinin 65-ci maddəsinə uyğun bildirişlər göndərilmiş, lakin müəyyən edilmiş müddət ərzində borcun ödənilmədiyi təsbit edilmişdir. Bu səbəbdən ərizəçi, borcun ödənilməsini təmin etmək məqsədilə maraqlı şəxsin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə məhkəməyə müraciət etmişdir.
55. İş materiallarından göründüyü kimi, vergi orqanı tərəfindən maraqlı şəxsin şəxsi hesab vərəqəsində əks olunan borc məbləği, vergi bildirişləri və xəbərdarlıqlar məhkəməyə təqdim edilmişdir.
56. Birinci instansiya məhkəməsi həmin sənədlərin məzmununa istinad etməklə nəticəyə gəlmiş və hesab etmişdir ki, maraqlı şəxs tərəfindən borcun ödənilməsi barədə sübut təqdim edilmədiyindən, vergi borcunun mövcudluğu və ödənilməmiş qalması iş materialları ilə tam təsdiqini tapmışdır.
57. Məhkəmə qeyd edir ki, maraqlı şəxsin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qərar yalnız vergi borcunun mövcudluğuna əsaslanmış, digər əlavə sanksiya xarakteri daşımamışdır. Bu tədbir vergi öhdəliyinin icrasına nəzarət və dövlətin fiskal maraqlarının qorunması məqsədi daşıdığından, onun tətbiqi mütənasiblik prinsiplərinə cavab verir.
58. Apellyasiya şikayətində göstərilən əsaslardan biri birinci instansiya məhkəməsinin sübutları tam araşdırmaması ilə bağlı olmuşdur. Lakin, apellyasiya məhkəməsi müəyyən etmişdir ki, birinci instansiya məhkəməsi təqdim edilmiş bütün sənədləri tədqiq etmiş, onların hüquqi qüvvəsini qiymətləndirmiş və əsaslandırılmış nəticəyə gəlmişdir.
59. Bundan əlavə, apellyator tərəfindən borcun yaranması mənbəyi və hesablanma qaydası barədə irəli sürülmüş etirazlar sübutlarla təsdiq olunmamışdır. Apellyasiya məhkəməsinə yeni, birinci instansiyada təqdim edilməmiş sübutlar təqdim edilməmişdir. Vergi orqanının hesablamalarının qanuniliyinə dair şübhə doğuran hallar aşkar edilməmiş, təqdim olunmuş sənədlərin forması və məzmunu Vergi Məcəlləsinin tələblərinə tam uyğun olmuşdur.
60. Odur ki, vergi ödəyicisinin dövlət büdcəsinə borcunun olmaması ilə bağlı sübutlar mövcud olmadığından və iş materialları ilə maraqlı şəxsin borcunun mövcudluğu təsdiqini tapdığından şəxsin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması dövlət büdcəsinə olan vergi borcunun ödənilməsinin təmin edilməsinə yönələn məqsədə cavab verir.
61. Belə olan halda yalnız borc məbləği tam ödənildikdən və ya hər hansısa formada hüquqi şəxsin hesabından silindiyi təqdirdə vergi ödəyicisinin ölkədən getmək hüququna tətbiq edilmiş məhdudiyyət götürülə bilər.
62. Məhkəmə bununla bağlı qeyd edir ki, Vergi Məcəlləsinin 15-ci maddəsinə əsasən vergi ödəyicisinin hesablanmış, yenidən hesablanmış, ödənilmiş və artıq ödənilmiş vergilər, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları, fаizlər, maliyyə sanksiyaları və inzibati cərimələrlə bağlı vergi orqanlarından elektron və (və ya) kağız daşıyıcılarda üzləşmə aktı tələb etmək hüququ vardır. Maraqlı şəxs vergi ödənişləri və digər ödəmələrə dair müvafiq vergi orqanı ilə üzləşmə aparmalı, eyni zamanda mübahisələndirməlidir.
63. Hazırki halda maraqlı şəxs hesablanmış vergi borcları və digər ödəmələrinin məbləğinin mübahisələndirilməsi və iddiasının uğurlu olmasına dair məhkəməyə sübut təqdim etməmiş, əksinə məcburi dövlət sosial sığorta və icbarı tibbi sığıorta haqarı üzrə hesablanmış borclar maraqlı şəxsin təqdim etdiyi carı bəyənnamələr əsasında həyata keçirilmişdir ki, məhz həmin borcların ödənilməsinin təmin edilməsi məqsədi ilə maraqlı şəxsin ölkədən getmək hüququnun məhdudlaşdırılması mümkündür.
64. Ödənilməmiş borc əsasında fərdin ölkədən getmək hüququnun məhdudlaşdırılması yalnız borcun qaytarılmasına xidmət etdikdə əsaslandırıla bilər (İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Reiner Bolqarıstana qarşı (Riener v. Bulgaria), № 46343/99, 2006-cı il 23 may tarixli qərarı, § 122).
65. Avropa İnsan Hüquqları Konvensiyasının 4 saylı Protokolunun 2-ci maddəsi, eləcə də “Vətəndaş və siyasi hüquqlar haqqında” Beynəlxalq Paktın 12-ci maddəsi də hərəkət azadlığına qoyulan məhdudiyyətlərin qanunla müəyyən edilmiş, ictimai maraqlarla əsaslandırılmış və demokratik cəmiyyətdə zəruri olduqda tətbiqinə yol verir. Beləliklə, vergi borcuna görə müvəqqəti xaricə çıxış məhdudiyyəti həmin beynəlxalq normalarla da uzlaşır.
66. Azərbaycan Respublikasının Konstitusiyasının 125-ci maddəsinin Vİİ bəndində göstərilmişdir ki, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir.
67. Məhkəmə qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apellyasiya şikayəti təmin olunmamalı, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
68. Məhkəmə həmçinin qeyd edir ki, Mülki Prosessual Məcəllənin 402.1-ci maddəsinin tələbinə görə hazırki qətnamədən maraqlı şəxs tərəfindən kassasiya şikayəti verilə bilər.
69. Yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikasının Mülki Posessual Məcəlləsinin 10-1, 372.1, 355-7, 382, 384.0.1, 385.2, 392, 393, 402, 404, 404 və 405- 407-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi:
Maraqlı şəxs tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(115)-2164/2025 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.