Məhkəmə qərarları › İş №2-2(104)-259/2023

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(104)-259/2023

13.12.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2-2(104)-259/2023 13.12.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası - hakimlər Rzaquliyev Şamil Qəhrəman oğlu (sədrlik edən və məruzəçi), Süleymanov Loğman Srac oğlu və Hüseynzadə Afiq Hüseyn oğlundan ibarət tərkibdə, Xəlilov Eldar Yaşar oğlunun katibliyi ilə, İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin Cavabdehnə qarşı pul tələbinə dair ilk, iddiaçı Cavabdeh İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə qarşı pul tələbinə dair qarşılıqlı iddia tələblərinə dair kommersiya işi üzrə Gəncə Kommesiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(115)-947/2023 saylı qətnaməsindən ilk iddia üzrə iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Gəncə Kommesiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(115)-947/2023 saylı qətnaməsi ilə (hakim G.Quliyeva) ilkin iddianın qismən təmin edilməsi, İddiaçı Qapalı Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 29 oktyabr 2022-ci il tarixli alqısatqı müqaviləsi üzrə yaranmış 200 (iki yüz) manat cərimə borcu, ödənilmiş 400 (dörd yüz) manat mediasiya xərci və 150 (bir yüz əlli) manat 90 (doxsan) qəpik dövlət rüsumunun ilkin iddia üzrə Cavabdehndən tutularaq ilkin iddia üzrə İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə ödənilməsi, qarşılıqlı iddianın qismən təmin edilməsi, İddiaçı Qapalı Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 15 iyun 2022-ci il tarixli 001 saylı saxlama müqaviləsi üzrə 516 (beş yüz on altı) manat 52 (əlli iki) qəpik borc və 60 (altmış) manat dövlət rüsumunun qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı Qapalı Səhmdar Cəmiyyətindən tutularaq qarşılıqlı iddia üzrə iddiaçı Cavabdehnə ödənilməsi, ilkin iddianın və qarşılıqlı iddianın qalan hissəsinin təmin edilməməsi qət edilmişdir. İlk iddia üzrə İddiaçı Qapalı Səhmdar Cəmiyyəti apellyasiya şikayəti verərək Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2-2(115)-947/2023 nömrəli qətnaməsinin ilkin iddia üzrə 200 manat cərimə məbləği hissəsində ləğv edilərək, iddianın həmin hissədə tam təmin edilməsi, qarşılıqlı iddianın isə təmin edilməməsi dair yeni qətnamənin qəbul edilməsini xahiş etmişdir. İşin halları: İddiaçı Qapalı Səhmdar Cəmiyyəti iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 30298 manat əsas borc və 230599,15 manat cərimə borcu olmaqla, ümumilikdə 260897,15 manat borcun, ödənilmiş 400 manat məbləğində mediasiya xərcinin və 150,90 manat dövlət rüsumunun Cavabdehndən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh MMC ilə İddiaçı QSC arasında xx.xx.2022-ci il tarixdə alqı-satqı müqaviləsi imzalanmışdır. Həmin müqaviləyə əsasən, 455730 kq arpa məhsulu, 1 kq qiyməti 0,44 manat olmaqla, ümumilikdə 200521,98 manata İddiaçı QSC tərəfindən Şəmkir Un-Yem MMC-yə satılmışdır. Eyni tarixdə tərəflər arasında bağlanmış akta əsasən, bütün malların Alıcıya təhvil verilməsi təsdiq edilmişdir. Tərəflər arasında bağlanmış müqavilənin 2.3-cü bəndinə əsasən, malın ümumi qiyməti 5 iş günü ərzində (yəni xx.xx.2022-ci il tarixinədək) ödənilməlidir. Müqavilənin 7.2-ci bəndinə əsasən isə, alıcı müqavilədə nəzərdə tutulmuş öhdəlikləri yerinə yetirmədikdə, gecikdirilən hər 1 təqvim günü üçün malın dəyərinin 1% miqdarında cərimə ödəməlidir. Cavabdeh MMC tərəfindən əsas borc üzrə 30298 manat ödənməmiş borc məbləği qalmışdır. Məsələ ilə bağlı bir neçə dəfə müraciət olunmuş, lakin ödənişlər olmamışdır. Müqavilə üzrə 115 təqvim günü gecikmə günü var və müqaviləyə görə həmin müddətə görə (1 təqvim günü 2005,21 manat olmaqla) 230599,15 manat cərimə ödənilməlidir. Beləliklə İddiaçı QSC üzərinə götürdüyü öhdəliklərini tam şəkildə yerinə yetirsə də, Cavabdeh MMC buna əməl etməyərək, təqdim edilən mala görə məbləğlərin ödənilməsinə dair üzərinə düşən öhdəliyi tam şəkildə icra etməmişdir. İddiaçı QSC xx.xx.2023-cü il tarixdə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, 3988 manat əsas borc, 230599,15 manat cərimə borcu olmaqla, ümumilikdə 234587,15 manat pulun, ödənilmiş 400 manat mediasiya xərci, 150,90 manat dövlət rüsumunun Cavabdeh MMC-dən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı QSC sonuncu dəfə xx.xx.2023-cü ildə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, "xxxx" MMC tərəfindən 3988 manat ödəniş edildiyini, lakin cərimə və çəkilən xərclər hissəsində hər hansı ödəniş etmədiklərini, İddiaçı QSC isə Cavabdeh MMC-yə bütün borc məbləğini ödədiyini bildirmişdir. Qeyd edilənləri nəzərə alaraq, ilkin iddia ərizəsi üzrə iddianın cərimə, dövlət rüsumu və mediasiya xərci hissəsində təmin edilməsini, qarşılıqlı iddia ərizəsinin isə təmin edilməməsini xahiş etmişdir. İlk iddia üzrə Cavabdeh MMC qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 3987,32 manat pulun və ödənilmiş 60 manat dövlət rüsumunun İddiaçı QSC-dən tutularaq Cavabdeh MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Qarşılıqlı iddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı QSC ilə Cavabdeh MMC arasında bağlanan saxlama müqaviləsinə əsasən İddiaçı QSC-yə məxsus 456,44 ton arpanın saxlanılması nəzərdə tutulmuşdur. Saxlama müddəti nəzərə alınmaqla 456,44 ton arpanın saxlanılmasının 4 aylıq dəyəri 3651,56 manat təşkil edir və arpanın qurudulması üçün isə 335.76 manat xidmət haqqı təşkil edir. İş üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi qəbul edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə tərəfindən qəbul edilən qətnamə əsassız və qeyri obyektivdir. Belə ki, məhkəmə tərəfindən ilkin iddia üzrə cərimə məbləğinin yalnız 200 (iki yüz) manat hissəsinin qəbul edilməsi əsassızdır. Məhkəmə tərəfindən Mülki Məcəllənin 467-ci maddəsinə əsaslanaraq cərimə məbləğinin azaldılmasını qeyd etsə də, məhkəmə işin hallarını tam nəzərə almamışdır. Belə ki, cavabdeh tərəfindən ödənişlərin həyata keçirilməsi 10 ay müddətinə gecikdirilmişdir. Bu müddət ərzində yeni əkin sezonu üçün alışların alınmasında çətinliklər yaranmışdır. Baxmayaraq ki, qarşı tərəfin bank hesabına pullar daxil olurdu, o, ödənişləri vaxtında həyata keçirmirdi. Bu müddət ərzində isə İddiaçı QSC artıq bağlanma nəticəsinə gəlib çıxırdı. Çünki şirkətin arpa üzrə ilk satışı idi və bu satışa görə ödəniş vaxtında olmadığı üçün, yenidən malların alışını həyata keçirmək mümkün olmurdu. Cavabdeh son ödənişləri (30000 manat artıq hissəsini) məhkəməyə müraciət etdikdən sonra etmişdir. Digər tərəfdən də tərəflər müqavilə bağlamaqda azaddır və öz imzaları ilə müqavilə şərtlərini qəbul etmişlər. Müqavilə şərtlərinə görə də hesablanmış cərimə məbləği 230599,15 təşkil edir. Tərəflər arasında bağlanmış müqaviləyə əsasən gecikdirilmiş ödənişə görə, cərimə məbləği müəyyən edilmiş, qarşı tərəfə bilərəkdən ödənişlərin həyata keçirilməsini uzatmış, lakin məhkəmə cəriməni 200 manatadək azaldaraq qərar qəbul etmişdir. Bu əsassızdır və tərəflərin müqavilə öhdəliklərini vaxtında yerinə yetirilməməsinə gətirib çıxardır. Hakim qətnamə qəbul edərkən, müqavilə üzrə hesablanmış cərimənin 0,1%-ni belə qəbul etməmişdir. Burda hansı tənasübsüzlükdən söhbət gedə bilər. İş materiallarında olan xx.xx.2023-ci il tarixli pretenziya məktubunun surətindən görünür ki, borcluya yaranmış borc ilə bağlı məlumat verilmiş, məsuliyyəti barədə xəbərdarlıq edilmişdir. Yəni şəxs həmin tarixdən bu yana da ödənişləri yalnız özü istədiyi kimi, az miqdarda həyata keçirmişdir. Məhkəmə tərəfindən belə qərar qəbul edildiyi halda, tərəflər müqavilə şərtlərinə əməl etməyib, gecikdirmələrə yol verəcəklər, çünki bu tendensiya ona gətirib çıxardır ki, gec ödənilməsi halında da, məhkəmə cərimə hesablamayacaq. Qarşılıqlı iddia ərizəsi üzrə isə bildirmişlər ki, məhkəmə prosesi zamanı da bildirilən kimi qarşı tərəfin bütün borcu tam şəkildə ödənilmişdir. Belə ki qarşı tərəf e-qaimə təqdim etmiş və həmin elektron qaiməyə əsasən bütün borc məbləği tam şəkildə bağlanmışdır. Şəmkir "xxxx" MMC tərəfindən xx.xx.2023-cü il tarixdə 3379.09 manat məbləğində əsas, 608.24 manat məbləğində ƏDV ödənişi ilə bağlı e-qaimə təqdim etmiş və xx.xx.2023-cü il tarixdə hər iki ödəniş həyata keçirilmişdir. Əksinə məhkəmə qərarına əsasən, artıq ödəmə etmişlər. Lakin burda da qarşı tərəf yalnız əsas borc üzrə ödəniş sənədini məhkəməyə təqdim edərək, məhkəməni yanıltmış və bu da nəticədə düzgün olmayan qərarın qəbul edilməsinə gətirib çıxarmışdır. Prosessual məsələlər: Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmiş tərəflərdən ilk iddia üzrə iddiaçı məhkəməyə ərizə ilə müraciət edərək işə baxılmasının başqa vaxta təxirə salınmasını xahiş etmiş, eyni zamanda apellyasiya şikayətini müdafiə etdiklərini bildirmiş, ilk iddia üzrə cavabdehin nümayəndəsi isə hər hansı üzrlü səbəb göstərmədən məhkmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikasının MPM-in 376.2-ci maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Hüquqi məsələlər və əsaslandırma: Azərbaycan Respubilkasının MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası işin halları barədə məruzəçi hakimin məruzəsini dinləyib, iş materiallarını apellyasiya şikayətinin dəlilləri ilə əlaqəli şəkildə tam, obyektiv və qərəzsiz araşdırıb, toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli və ilk iddianın qismən təmin edilməsinə, qarşılıqlı iddianın isə rədd edilməsinə dair yeni qətnamə çıxarılmalıdır. Belə ki, iş materiallarında olan İddiaçı QSC ilə Cavabdeh MMC arasında bağlanmış 15 iyun 2022-ci il tarixli 001 saylı saxlama müqaviləsindən görünür ki, malı saxlayan Cavabdeh MMC, tərəflərin iştirakı ilə tərtib edilmiş akta əsasən təhvil almış olduğu malı saxladan İddiaçı QSC-yə məxsus olan arpa məhsulunu müəyyən olunmuş müddətdə lazımı şəraitdə saxlamağı və sonda təhvil verməyi öhdəsinə götürmüşdür. Həmin müqavilənin 2.2-ci bəndinə əsasən mallar qəbul olunarkən, hər bir maşından arpanın nəmliyini laboratoriyada ölçmək üçün nümunə götürülür. Nəmliyi 12%-dən çox olan arpa qurudularaq nəmliyi 12%-ə çatdırılır və 12%-dən artıq olan faiz fərqi qədər akta əsasən qəbul olunan malın miqdarı azaldılır. Əlavə olaraq laboratoriya nəticələrinə əsasən nəmliyi 16% faizdən artıq olan hər bir ton arpanın qurudulması üçün 3 manat xidmət haqqı hesablanır. Həmin müqavilənin 2.5-ci bəndinə əsasən malların kisələrə doldurularaq anbarda saxlama haqqı bir ton arpa məhsulu üçün aylıq 2 manat (ƏDV daxil) olmaqla hesablanır. İş materiallarında olan İddiaçı QSC ilə Cavabdeh MMC arasında bağlanmış 29 oktyabr 2022-ci il tarixli alqı-satqı müqaviləsindən görünür ki, satıcı İddiaçı QSC 1 kq-nın qiyməti 0.44 manat olmaqla ümumi çəkisi 455730 kq olan 200521,98 manat dəyərində arpanı alıcı Cavabdeh MMC-nə satmağı, alıcı isə həmin malın qiymətini bu müqavilə ilə müəyyən edilmiş müddətdə və qaydada ödəməyi öhdəsinə götürmüşdür. Həmin müqavilənin 7.2-ci bəndinə əsasən alıcı müqavilədə nəzərdə tutulan öhdəlikləri yerinə yetirmədikdə gecikdirilən hər gün üçün malın dəyərinin 1%-i miqdarında cərimə ödəməsi nəzərdə tululmuşdur. İş materiallarında olan xx.xx.2022-ci il tarixli malların təhvil-təsliminə dair aktdan görünür ki, ümumi dəyəri 200521,98 manat olan 455,73 ton arpanın satıcı İddiaçı QSC tərəfindən alıcı Cavabdeh MMC-yə təhvil verilməsi hər iki tərəfin imzası ilə təsdiq olunmuşdur. İş materiallarında olan xx.xx.2023-ci il tarixli pretenziya məktubunun surətindən görünür ki, borclu Cavabdeh MMC-yə yaranmış borcla bağlı məlumat verilmiş, məsuliyyəti barədə xəbərdarlıq edilmişdir. İş materiallarında olan 24 avqust 2023-cü il tarixli 411478 nömrəli elektron qaimədən görünür ki, Cavabdeh MMC tərəfindən İddiaçı QSC-nə 3987,33 manat dəyərində (o cümlədən 3379,09 manat yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin dəyəri (ƏDV-siz), 608,24 manat vergi tutulan əməliyyatlardan ödənilməli ƏDV) qaimə ötürülmüşdür. İş materiallarında olan hesabdan çıxarış vərəqindən görünür ki, 15 iyun 2022-ci il tarixli saxlama müqaviləsi üzrə yaranmış borcundan İddiaçı QSC tərəfindən Cavabdeh MMC-nə 3379 manat məbləğində ödəniş edilmişdir. Apellyasiya şikayətinə əlavə edilmiş xx.xx.2023-cü il tarixli D7EDV nömrəli ödəniş tapşırığından görünür ki, İddiaçı QSC tərəfindən Cavabdeh MMC-yə xx.xx.2023-cü il tarixli EBDG seriyalı 411478 nömrəli qaiməyə əsasən 608,24 manatı X1 tam ödəmişdir. Beləliklə, qeyd olunanlara əsasən məhkəmə kollegiyası müəyyən etmişdir ki, İddiaçı QSC ilə Cavabdeh MMC arasında 29 oktyabr 2022-ci il tarixli alqı-satqı müqaviləsi bağlanmış, müqaviləyə əsasən satıcı İddiaçı QSC 1 kiloqramının qiyməti 0,44 manat olmaqla ümumi çəkisi 455730 kiloqram olan 200521,98 manat dəyərində arpanı alıcı Cavabdeh MMC-yə satmağı, alıcı isə həmin malın qiymətini bu müqavilə ilə müəyyən edilmiş müddətdə və qaydada ödəməyi öhdəsinə götürmüşdür. İlkin iddia üzrə iddiaçı üzərinə götürdüyü öhdəliyi yerinə yetirmiş, satdığı malı Alıcıya vermiş, Alıcı isə malın pulunu müqavilədə nəzərdə tutulduğu müddətdə tam ödəməmişdir. Belə ki, ilkin iddia üzrə iddiaçı məhkəməyə müraciət edərək alqı-satqı müqaviləsi üzrə 30298 manat əsas borcun və 230599,15 manat cərimə borcunun cavabdehdən tutulmasını məhkəmədən xahiş etmiş, ilk iddia üzrə cavabdeh ödəyəcəyi məbləğin böyük bir hissəsini iddia qaldırılmazdan əvvəl ilk iddiaçıya ödəmiş, iddia tələbində qeyd edilən əsas borc məbləğinin xeyli hisssəsini birinci instansiya məhkəməsində hazırlıq iclası keçirilənədək, qalan hissəsini olan 3988 manatını hazırlıq iclası zamanı ilkin iddia üzrə iddiaçıya ödəmişdir. Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh MMC iddia tələbində saxlama müqaviləsi üzrə İddiaçı QSCdən 3987,32 manat məbləğində pulun tutulmasını məhkəmədən xahiş etmişdir. İddia tələbində həmin məbləğin 3651,56 manatının 456,44 ton arpanın 4 ay ərzində saxlanılması haqqı, 335,76 manatının isə nəmlik faizi 16%-dən artıq arpanın qurudulmasına çəkilmiş xərc qismində tələb etmiş, qarşılıqlı iddia üzrə iddiaçı tərəfindən pulun ödənilməsi ilə bağlı qarşılıqlı idddia üzrə cavabdehı 24 avqust 2023-cü il tarixli 411478 nömrəli elektron qaimə ötürülmüş, qarşılıqlı iddia üzrə cavabdeh elə həmin gün elektron qaimədə göstərilmiş ödənişləri müvafiq hesablara ödəmişdir. İlk və qarşılıqlı iddia tələbini qismən təmin etmiş birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, ilk iddia üzrə cavabdehin ilk iddia üzrə iddiaçıya hər hansı əsas borcu qalmadığından əsas borc hissəsində təmin edilməməli, cərimənin ödənilməsi hissəsində isə qismən təmin edilməlidir. Dəbbə pulunun ilk iddiada göstərilən həcmdə tutulması cavabdehin əmlak mənafelərinə ciddi xələl gətirə bilər. Dəbbə pulunun məbləğinin azaldılması kreditorun əmlak mənafelərinə əsaslı təsir etmir. Belə ki, Satıcı malı satarkən dəbbə pulunu əldə edəcəyi gözlənilən qazanc kimi deyil, öhdəliyin icrasının təminatı üsulu kimi nəzərdə tutmuşdur. Məhkəmə ilk iddia üzrə cavabdeh tərəfindən əsas borc məbləğinin tamamilə ödənilməsini, habelə əsas borc məbləğinin xeyli hissəsinin ilk iddiaçı məhkəmədə iddia qaldırdığı ərəfədə ödənilməsini nəzərə alaraq hesab edir ki, 230599 manat 15 qəpik məbləğində dəbbə pulu (cərimə) tənasübsüz surətdə yüksəkdir. Odur ki, cərimə azaldılaraq 200 manat məbləğində müəyyən edilməlidir. Məhkəmə hesab edir ki, ilkin iddia qismən təmin edilməli, tərəflər arasında bağlanmış alğı-satqı müqaviləsi üzrə 200 manat cərimə borcu ilkin iddia üzrə Cavabdeh MMC-dən tutularaq ilk iddia üzrə İddiaçı QSC-yə ödənilməlidir. Qarşılıqlı iddia tələbi ilə bağlı məhkəmə hesab etmişdir ki, İddiaçı QSC ilə Cavabdeh MMC arasında 15 iyun 2022-ci il tarixli saxlama müqaviləsi bağlanmış, müqaviləyə əsasən malı saxlayan Cavabdeh MMC tərəflərin iştirakı ilə tərtib edilmiş akta əsasən təhvil almış olduğu malı saxladan İddiaçı QSC-yə məxsus olan arpa məhsulunu müəyyən olunmuş müddətdə lazımı şəraitdə saxlamağı və sonda təhvil verməyi öhdəsinə götürmüşdür. Saxlayıcı müqavilə üzrə üzərinə götürdüyü öhdəliyi yerinə yetirmiş, Malı verən isə öhdəliklərini yerinə yetirməmiş, müqavilə üzrə ödəyəcəyi məbləği müqavilədə nəzərdə tutulan müddətdə ödəməmişdir. Məhkəmə icraatı zamanı isə İddiaçı QSC 3379 manat ödəniş etmişdir. İş materiallarından görünür ki, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh MMC iddia tələbində saxlama müqaviləsi üzrə İddiaçı QSC-dən 3987,32 manat məbləğində pulun tutulmasını məhkəmədən xahiş etmişdir. İddia tələbində həmin məbləğin 3651,56 manatının 456,44 ton arpanın 4 ay ərzində saxlanılması haqqı, 335,76 manatının isə nəmlik faizi 16%-dən artıq arpanın qurudulmasına çəkilmiş xərc qismində tələb etmişdir. Məhkəmə tələb edilən məbləğlərlə bağlı bildirir ki, qarşılıqlı iddia üzrə iddiaçının təqdim etdiyi sənədlərdən görünür ki, 2022-ci ilin iyun ayı ərzində Saxlayıcıya 456,44 ton deyil, 410,56 ton apra saxlanılması üçün təhvil verilmişdir ki, həmin miqdarın müqavilə üzrə saxlanılma haqqı 812,12 manat təşkil edir. 2022-ci ilin iyul ayında isə əlavə olaraq 45,88 ton arpa saxlanılması üçün təhvil verilmiş və iyul ayında saxlanılması üçün verilmiş arpa 456,44 ton təşkil etmiş, bir aylıq saxlama haqqı isə 912,88 manat təşkil etmişdir. Arpa məhsulu isə alqı-satqı müqaviləsi əsasında xx.xx.2022-ci il tarixdə Alıcıya təhvil verilmişdir. Belə olan halda arpa məhsulunun 4 ay ərzində saxlanılması üçün haqq 3651,56 manat deyil, 3559,76 manat təşkil edir. Həmin məbləğlə arpanın nəmliyinin qurudulmasına çəkilmiş xərc birlikdə 3895,52 manat təşkil edir. Nəzərə alınsa ki, qarşılıqlı iddia üzrə cavabdeh tərəfindən 3379 manat ödəniş edilmiş, o zaman qarşılıqlı iddia üzrə cavabdehin qarşılıqlı iddia üzrə iddiaçıya olun borcu 516,52 manat təşkil edir. Odur ki, qarşılıqlı iddia qismən təmin edilməli, tərəflər arasında bağlanmış saxlama müqaviləsi üzrə 516 manat 52 qəpik məbləğində borc qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı QSC-dən tutularaq qarşılıqılı iddia üzrə iddiaçı Cavabdeh MMCnə ödənilməlidir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayan məhkəmə kollegiyası aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2-ci maddəsinə əsasən öhdəliyin onun icra üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. Həmin Məcəllənin 449.1-ci maddəsinə görə özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. Həmin Məcəllənin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 822-ci maddəsinə əsasən saxlama müqaviləsinə görə bir şəxs (yük götürən, saxlayıcı) başqa şəxsin (yük verənin, tapşıranın) ona verdiyi daşınar əşyanı saxlamağı və müqavilənin qüvvəsi sona çatdıqda qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. İşin hallarından göründüyü kimi ilk iddia üzrə cavabdeh müqavilə öhdəliyinə lazımi qaydada əməl etməmiş, alğı-satqı müqaviləsi üzrə aldığı malın dəyərinin ödənilməsini yubatmış, yalnız iddiaçı müvafiq iddia ərizəsi ilə məhkəməyə müraciət etdikdən sonra 30298 manat təşkil edən əsas borcunu ödəmiş, lakin hesablanmış 230599,15 manat cərimə borcundan ödəniş etməmişdir. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, doğrudur tərəflər arasında bağlanmış alğı-satqı müqaviləsinin 7.2-ci bəndinə əsasən Alıcının müqavilədə nəzərdə tutulmuş öhdəlikləri yerinə yetirmədikdə, gecikdirilən hər 1 təqvim günü üçün malın dəyərinin 1% miqdarında cərimə ödəməsi nəzərdə tutulmuşdur. İşin hallarından göründüyü kimi ilk iddia üzrə iddiaçı ilk dəfə pretenziya ilə müraciət edərkən ödənilməmiş əsas borc 36988 manat, müvafiq iddia ərizəsi ilə məhkəməyə müraciət edərkən 30298 manat təşkil etmiş, ilk iddia üzrə iddiaçı isə müqavilə şərtinə uyğun olaraq hətta malın ödənilmiş dəyərinə görə də cərimənin tutulmasını xahiş etmişdir. Kollegiya hesab edir ki, Satıcı malı satarkən dəbbə pulunu əldə edəcəyi gözlənilən qazanc kimi deyil, öhdəliyin icrasının təminatı üsulu kimi nəzərdə tutmuş olsa da, ilk iddia üzrə cavabdeh tərəfindən müqavilə şərtləri pozulduğuna görə iddiaçıya ödənilməli cərimə məbləğinin birinci instansiya məhkəməsi tərəfindən 200 manat həddində müəyyən edilməsi satıcının maraqlarına uyğun sayıla bilməz. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, ilk iddiaçı üzrə cavabdehdən 1000 manat cərimənin tutulması daha ağlabatandır və ilk iddia üzrə cavabdehin əmlak mənafelərinə təsiri yoxdur. Odur ki, ilk iddia üzrə cərimə məbləği 1000 manat miqdarında təmin edilməlidir. Qarşılıqlı iddia ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, işdə olan hesabdan çıxarış vərəqi ilə 15 iyun 2022-ci il tarixli saxlama müqaviləsi üzrə yaranmış borcundan İddiaçı QSC tərəfindən Cavabdeh MMC-yə 3379 manat məbləğində, apellyasiya şikayətinə əlavə edilmiş xx.xx.2023-cü il tarixli D7EDV nömrəli ödəniş tapşırı ilə isə İddiaçı QSC tərəfindən Cavabdeh MMC-yə xx.xx.2023-cü il tarixli EBDG seriyalı 411478 nömrəli qaiməyə əsasən 608,24 manatı X1 ödəməsi müəyyən olunmuşdur. Göründüyü kimi qarşılıqlı iddia üzrə cavabdeh tərəfindən borc tam ödənildiyindən həmin hissədə də iddia tələbi təmin edilməməlidir. Məhkəmə xərci ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, hazırkı iddia ilə iddiaçı məhkəməyə müraciət edərkən zəruri xərcləri ödəmişdir. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 36.5-ci maddəsində göstərilmişdir ki, “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. İş materiallarında olan Gəncə 1 saylı Mediasiya təşkilatı tərəfindən ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayış verilmiş, ilkin iddia üzrə iddiaçının nümayəndəsi tərəfindən 400 manat məbləğində mediasiya xərci ödənildiyi qeyd edilmişdir. İş materiallarında olan ********** nömrəli qəbzdən görünür ki, ilkin iddia üzrə iddiaçı tərəfindən iddia ərizəsinin məhkəməyə verilməsi üçün 150,40 manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara əsasən hesab edir ki, 400 manat mediasiya xərci və 150,40 manat dövlət rüsumu ilk iddia üzrə cavabdehdən tutularaq iddiaçıya verilməlidir. Qarşılıqlı iddia üzrə iddiaçının tələbi təmin edilmədiyindən dövlət rüsumu ona aid edilməlidir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Gəncə Kommesiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2- 2(115)-947/2023 saylı qətnaməsi ləğv edilməli və yeni qətnamə çıxarılaraq ilk iddia qismən təmin edilməli, İddiaçı Qapalı Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 29 oktyabr 2022-ci il tarixli alqı-satqı müqaviləsi üzrə yaranmış 1000 (bir min) manat cərimə borcu, ödənilmiş 400 (dörd yüz) manat mediasiya xərci və 150 (bir yüz əlli) manat 90 (doxsan) qəpik dövlət rüsumu ilkin iddia üzrə Cavabdehndən tutularaq ilkin iddia üzrə İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə ödənilməli, ilk iddia qalan hissədə və qarşılıqlı iddia təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-in 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 384.0.2-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Yuxarıda şərh olunanları və Azərbaycan Respublikası MPM-in 372, 384, 392, 393, 402-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: Apellyasiya şikayəti qismən təmin edilsin. Gəncə Kommesiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(115)-947/2023 saylı qətnaməsi ləğv edilsin və yeni qətnamə çıxarılsın. İlk iddia qismən təmin edilsin. İddiaçı Qapalı Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 29 oktyabr 2022-ci il tarixli alqı-satqı müqaviləsi üzrə yaranmış 1000 (bir min) manat cərimə borcu, ödənilmiş 400 (dörd yüz) manat mediasiya xərci və 150 (bir yüz əlli) manat 90 (doxsan) qəpik dövlət rüsumu ilkin iddia üzrə Cavabdehndən tutularaq ilkin iddia üzrə İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə ödənilsin. İlk iddia qalan hissədə təmin edilməsin. Qarşılıqlı iddia təmin edilməsin. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetə yerləşdirməklə Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamə şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar