Məhkəmə qərarları › İş №2-2(104)-261/2025

Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(104)-261/2025

24.11.2025 · Xususi icraat - Vergi ödəyicisi olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında işlər üzrə icraat (xüsusi icraat)
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-2(104)-261/2025 24.11.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Ərizəçi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 11 saylı Ərazi Vergilər Baş İdarəsinin oğlunun Maraqlı şəxs ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması tələbinə dair iş üzrə Açar sözlər: ərazi aidiyyəti, işin ümumi məhkəmə aidiyyəti Hakimlər Məcidov Rüfət Azadəli oğlu (sədrlik edən və məruzəçi), Rzaquliyev Şamil Qəhrəman oğlu və Həsənov İslam Telman oğlundan ibarət tərkibdə, Məmmədov Xəzər Natiq oğlunun katibliyi, Maraqlı şəxs iştirakı ilə, Ərizəçi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 11 saylı Ərazi Vergilər Baş İdarəsinin (bundan sonra – ərizəçi) Maraqlı şəxs (bundan sonra – maraqlı şəxs) qarşı “ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması” tələbinə dair iş üzrə Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(115)-261/2025 nömrəli qətnaməsindən maraqlı şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, qərardad qəbul etdi. İşin halları

1. "xxxx" X6 xx.xx.2007-ci il tarixində qeyri-kommersiya hüquqi şəxs kimi vergi orqanında qeydiyyara alınmış və ona ********** nömrəli VÖEN (vergi ödəyicisinin eyniləşdirmə nömrəsi) verilmişdir.

2. Hüquqi şəxsin qeydiyyat sənədlərinə əsasən, "xxxx" X3 (VÖEN: **********) icra orqanının rəhbəri Maraqlı şəxsdur.

3. Vergi orqanı tərəfindən vergi ödəyicisinə ünvanlanmış xx.xx.2025-ci il tarixli, xx.xx.2025-ci il tarixli bildirişlərin və xx.xx.2025-ci il tarixli xəbərdarlığın surətlərindən görünür ki, "xxxx" X2 borcun 5 gün müddətində ödənilməsi tələb edilmiş və borcu ödəməməyə görə məsuliyyət barədə xəbərdarlıq edilmişdir.

4. Ədliyyə Nazirliyinin Bərdə rayon qeydiyyat şöbəsinin qeyri-kommersiya təşkilatlarının dövlət reyestrinin xx.xx.2023-cü il qeydiyyat tarixli, 1007-BQ1-07 nömrəli çıxarışdan görünür ki, xx.xx.2007-ci il tarixli, 1007-BQ1-07 qeydiyyat nömrəli "xxxx" X6 təşkilatı-Hüquqi forması – İctimai birlik – olmaqla, Ədliyyə Nazirliyinin Hüquqi şəxslərin dövlət qeydiyyatı üzrə Bərdə bölgə şöbəsində xx.xx.2001-ci il tarixdə 10/58 nömrəli ilə dövlət qeydiyyatına alınmış "xxxx" X7 Məsuliyyətli Cəmiyyətinin hüquqi varisidir. Hüquqi ünvanı: Bərdə rayonu, Hüseynalılar kəndidir.

5. "xxxx" X3 nizamnaməsinin 1.2-ci bəndindən görünür ki, "xxxx" X6 (bundan sonra «Birlik» adlandınlacaq) bu Nizamnamədə müəyyən olunmuş məqsədlərlə ümumi maraqlar əsasında birləşmiş könüllülük, üzvlərinin hüquq bərabərliyi prinsipləri əsasında yaradılan , öz fəaliyyətinin əsas məqsədi kimi gəlir əldə etməyi nəzərdə tutmayan və əldə edilən gəliri öz üzvlərinin arasında bölməyən, istifadəsinə verilən meliorasiya və irriqasiya sistemlərini idarə etmək və xidmət etdiyi ərazidə əkinləri suvarma suyu ilə təmin etmək məqsədi ilə torpaq istifadəçiləri tərəfindən «Meliorasiya və irriqasiya haqqında» Azərbaycan Respublikası qanununa uyğun yaradılan və fəaliyyət göstərən qeyri-kommersiya qurumunun xüsusi formasıdır. 3-cü bənd. Birliyin məqsədi xidmət gostərdiyi ərazidə istifadəsində olan meliorasıya və irriqasiya sistemlərini idarə etmək və torpaq istifadəçilərini mütəşəkkil, səmərəli və ədalətli olaraq su ilə tamin etməkdir.

Birinci instansiya məhkəməsində icraat

6. Ərizəçi ərizə ilə Gəncə Kommersiya Məhkəməsinə müraciət edərək, "xxxx" X3 Dövlət Sosial Müdafiə Fonduna olan 2098,6 manat, İşsizlikdən sığorta fonduna olan 86,77 manat, İcbari Tibbi Sığorta Fonduna olan 338,09 manat məbləğində borcunun ödənilməsini təmin etmək üçün Maraqlı şəxs ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

7. Ərizəçi tələbini onunla əsaslandırılmışdır ki, vergi öhdəliklərini Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədiyi üçün xx.xx.2025- ci il tarixə vergi ödəyicisi olan "xxxx" X3 (VÖEN: **********) Dövlət Sosial Müdafiə Fonduna 2098,6 manat, İcbari Tibbi Sığorta Fonduna 338,09 manat, İşsizlikdən sığorta fonduna 86,77 manat olmaqla, ümumilikdə 2523,46 manat borcu vardır. Yaranmış borc məbləğinin 5 gün ərzində müvafiq fonda ödənilməsi məqsədi ilə vergi ödəyicisinə Vergi Məcəlləsinin 65-ci maddəsinə əsasən xx.xx.2025-ci il tarixli **********096900, xx.xx.2025-ci il tarixli **********399400, xx.xx.2025-ci il tarixli **********418400 nömrəli bildirişlər göndərilmiş, lakin vergi ödəyicisi yaranmış borc məbləğini ödəməmişdir.

8. Ərizəçinin nümayəndəsi ərizə əlavə edərək, məhkəmə iclasının onların iştirakı olmadan keçirilməsini xahiş etmiş, maraqlı şəxs isə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, məhkəmə iclasında iştirak etməmiş və bu barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 355-7.2-ci maddəsinə əsasən ərizəçinin nümayəndəsinin və maraqlı şəxsin iştirakı olmadan ərizəyə baxılmasını mümkün hesab etmişdir.

9. Gəncə Kommersiya Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) xx.xx.2025-ci il tarixli, e-2-2(115)-261/2025 nömrəli qətnaməsi (hakim Əbülfəz Məmmədli) ilə, ərizənin təmin edilməsi, xx.xx.2025-ci il tarixə vergi ödəyicisi olan "xxxx" X3 (VÖEN: **********) Dövlət Sosial Müdafiə Fonduna 2098,6 manat, İcbari Tibbi Sığorta Fonduna 338,09 manat, İşsizlikdən sığorta fonduna 86,77 manat olmaqla, ümumilikdə 2523,46 manat məbləğində borcunun ödənilməsini təmin etmək üçün xx.xx.1958-ci il tarixdə Bərdə rayonu, Mustafaağalı kəndində anadan olmuş, Bərdə rayonu, Hüseynalılar Ə/D, Arabaçılar kəndində qeydiyyatda olan Maraqlı şəxs (şəxsiyyəti təsdiq edən sənədin fərdi identifikasiya nömrəsi – xxxxxxx, şəxsiyyət vəsiqəsinin nömrəsi – AA*******) ölkədən getmək hüququ məhdudiyyətin qoyulmasına səbəb olmuş əsaslar aradan qalxanadək müvəqqəti məhdudlaşdırılması, dövlət rüsumunun əvəzi olaraq 100 (yüz) manat məbləğində pul Maraqlı şəxs tutularaq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir.

10. Birinci instansiyası məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, vergi ödəyicisi olan "xxxx" X6 vergi öhdəliklərini qanunla müəyyən edilmiş müddətdə yerinə yetirmədiyi üçün onun dövlət büdcəsinə borcu yaranmışdır. Həmin borcun ödənilməsini təmin etmək məqsədi ilə vergi orqanı tərəfindən vergi ödəyicisinə borcun ödənilməsinə dair bildiriş ünvanlanaraq 5 gün müddətində ödənilməsi tələb edilmişdir.Lakin, qeyd olunan müddət ərzində "xxxx" X6 tərəfindən borc məbləğinin ödənilməsi təmin edilməmişdir.

11. Odur ki, "xxxx" X3 dövlət büdcəsinə olan borcunun ödənilməsini təmin etmək məqsədilə həmin hüquqi şəxslərin icra orqanının rəhbəri olan Maraqlı şəxs ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması üçün qanunvericilikdə nəzərdə tutulmuş əsaslar mövcuddur.

12. Məhkəmə qeyd etmişdir ki, şəxsin ölkədən getmək hüququnu məhdudlaşdırmaq üçün borcun həcmi, onun sabitliyi və ya proqnozlaşdırıla bilən dinamik artımı, yəni müəyyənliyivə vergi ödəyicisinin borc məbləği barədə lazımınca xəbərdar edilməsi, onun mübahisəyə qədərki davranışları, müvafiq borcların vaxtı-vaxtında ödənilməsi kimi halları nəzərə almaq mütənasibliyin əsas tələblərindəndir.

13. Qeyd olunan hallar, eləcə də müvafiq borcun ödənilməsi ilə bağlı ərizəçi tərəfindən bildiriş (xəbərdarlıq) göndərildikdən sonra borcun ödənilməməsi nəzərə alındıqda məhkəmə qeyd edir ki, hazırkı halda maraqlı şəxsin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması qanuna uyğun olmaqla legitim məqsəd güdür və demokratik cəmiyyətdə zəruri – mütənasibdir.

14. Məhkəmə həmin nəticəyə gələrkən Azərbaycan Respublikasının Konstitusiyasının 28, 71 və 73-ci maddələrinə, Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 1.4, 16.1.1, 23.1.15-3, 24.1.2-1, 77.3 və 78.1-ci maddələrinə, “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında” Azərbaycan Respublikasinin Konstitusiya Qanununa, İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyaya dair 4 saylı protokoluna, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 213.1-ci maddəsinin və Azərbaycan Respublikası Vergi Məcəlləsinin 78.3 və 78.4-cü maddələrinin şərh edilməsinə dair” xx.xx.2013-cü il tarixli Qərarına və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1, 355-5.1 və 355-7.4-cü maddələrinə istinad etmişdir.

15. Maraqlı şəxs apellyasiya şikayəti ilə məhkəməyə müraciət edərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və ərizənin təmin edilməməsinə dair qətnamə qəbul edilməsi xahiş olunmuşdur.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri

a) Apellyasiya şikayətinin dəlilləri

16. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qətnamədə qeyd olunur ki, guya onun rəhbərlik etdiyi "xxxx" X3 xx.xx.2025-ci il tarixinə Dövlət Sosial Müdafiə Fonduna 2098,6 manat, İcbari Tibbi Sığorta Fonduna 338,09 manat, İşsizlikdən Sığorta Fonduna 86,77 manat olmaqla ümumilikdə 2523,46 manat borcu vardır. Bu əsasa görə də onun ölkədən getmək hüququm məhdudlaşdırılmışdır. Lakin bu qərar tam əsassızdır, hüquqi və faktiki cəhətdən yanlışdır, çünki göstərilən borc "xxxx" X4 deyil, əvvəlki “Boyəhmədli” X4 məxsus olmuşdur. 2024-cü ildə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 11 saylı Ərazi Vergilər Baş İdarəsi Gəncə Kommersiya Məhkəməsinə 2-2(115)-1730/2024 saylı iş üzrə ərizə təqdim etmiş, həmin ərizədə “Boyəhmədli” X3 Dövlət Sosial Müdafiə Fonduna 2269,94 manat, İşsizlikdən Sığorta Fonduna 22,35 manat, İcbari Tibbi Sığorta Fonduna 89,08 manat, cəmi 2381,37 manat məbləğində borcu olduğu göstərilmiş və bu borca görə X5 ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmışdır. Həmin 2-2(115)-1730/2024 saylı qətnamə 2024-cü ilin sonlarında qüvvəyə minib və orada borclu təşkilatın “Boyəhmədli” X1 açıq şəkildə göstərilmişdir. İndi isə eyni məbləğ və eyni məzmunlu borc, heç bir hüquqi və faktiki əsas olmadan, onun adımla və rəhbərlik etdiyi "xxxx" X3 adına yazılmışdır. Qeyd edir ki, "xxxx" X6 2023-cü ildən etibarən yenidən formalaşdırılmış, yeni nizamnamə və yeni üzvlərlə fəaliyyətə başlamış, tam fərqli hüquqi şəxsdir. Bu birlik “Boyəhmədli” X3 nə hüquqi varisi, nə də onun öhdəliklərini daşıyan təşkilatdır. Vergi qanunvericiliyinə görə, hər bir hüquqi şəxsin öhdəlikləri yalnız öz adına və fəaliyyəti dövrünə aid olur. Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 20.1-ci maddəsinə əsasən, bir hüquqi şəxsin borcları digər hüquqi şəxsə yalnız birləşmə və ya varislik yolu ilə keçə bilər. Belə bir hal isə "xxxx" və “Boyəhmədli” birlikləri arasında baş verməmişdir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

17. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

Məhkəmə icraatı iştirakçılarının izahatları

18. Maraqlı şəxs məhkəmə iclasında apellyasiya şikayətinin dəlillərini müdafiə edərək, izahatında göstərdi ki, "xxxx" X6 2023-cü ildən etibarən yenidən formalaşdırılmış, yeni nizamnamə və yeni üzvlərlə fəaliyyətə başlamış, tam fərqli hüquqi şəxsdir. Bu birlik “Boyəhmədli” X3 nə hüquqi varisi, nə də onun öhdəliklərini daşıyan təşkilatdır. Əsassız olaraq borclar onların üzərinə yazılmışdır. Həmçinin, işə baxılması üçün məhkəmə adiyyəti üzrə Bərdə Rayona Məhkəməsinə göndərilməsinə razıdır. Odur ki, apellyasiya şikayətinin təmin edilməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini xahiş etmişdir.

19. Ərizəçi məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar olunmasına baxmayaraq məhkəmə iclasında nümayəndələrinin iştirakını təmin etməmiş və bunun üzürlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə onların (nümayəndələrinin) iştirakı olmadan baxmışdır.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikasının Konstitusiyası

20. Maddə 60. İ. Hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir.

21. Maddə 62. Məhkəmə aidiyyətinin dəyişdirilməsinə yol verilməməsi.

Azərbaycan Respublikası Mülki Məcəlləsi

22. Maddə 13. Sahibkarlıq fəaliyyəti şəxsin müstəqil surətdə həyata keçirdiyi, əsas məqsədi əmlak istifadəsindən, malların istehsalından və (və ya) satışından, işlər görülməsindən və ya xidmətlər göstərilməsindən mənfəət (fərdi sahibkarlar tərəfindən gəlir) götürülməsi olan fəaliyyətdir.

23. Maddə 43.5. Hüquqi şəxslər fəaliyyətinin əsas məqsədi mənfəət götürməkdən ibarət olan (kommersiya hüquqi şəxsləri) və ya əsas məqsədi mənfəət götürməkdən ibarət olmayan və götürülən mənfəəti iştirakçıları arasında bölüşdürməyən (qeyri-kommersiya hüquqi şəxsləri), habelə ümumdövlət və (və ya) ictimai əhəmiyyət daşıyan fəaliyyətlə məşğul olan (publik hüquqi şəxslər) qurumlar ola bilər

24. Maddə 43.6. Qeyri-kommersiya qurumları olan hüquqi şəxslər ictimai birliklər, fondlar, hüquqi şəxslərin ittifaqları formasında, habelə qanunvericilikdə nəzərdə tutulan digər formalarda yaradıla bilər. Qeyri-kommersiya hüquqi şəxsləri sahibkarlıq fəaliyyəti ilə yalnız o hallarda məşğul ola bilərlər ki, bu fəaliyyət onların yaradılması zamanı qarşıya qoyulmuş məqsədlərə nail olmağa xidmət etsin və bu məqsədlərə uyğun gəlsin. Sahibkarlıq fəaliyyətini həyata keçirmək üçün qeyri-kommersiya hüquqi şəxsləri təsərrüfat cəmiyyətləri yarada bilər və ya onlarda iştirak edə bilərlər.

25. Maddə 114.1. İctimai birliyin təsisçilərinin (iştirakçılarının) ictimai birliyə verdikləri əmlak birliyin mülkiyyətidir. İctimai birlik bu əmlakdan onun nizamnaməsində müəyyənləşdirilmiş məqsədlər üçün istifadə edir.

26. Maddə 117.1. Kommersiya təşkilatları özlərinin sahibkarlıq fəaliyyətinin əlaqələndirilməsi, habelə ümumi mənafelərin (əmlak mənafeləri daxil olmaqla) təmsil və müdafiə edilməsi (o cümlədən dövlət və digər orqanlarda, beynəlxalq təşkilatlarda) məqsədi ilə ittifaqlar yarada bilərlər. Əgər iştirakçıların qərarı ilə ittifaqa sahibkarlıq fəaliyyətini həyata keçirmək həvalə edilirsə, belə ittifaq bu Məcəllə ilə nəzərdə tutulan qaydada təsərrüfat ortaqlığına və ya cəmiyyətə çevrilir və ya sahibkarlıq fəaliyyətini həyata keçirmək üçün təsərrüfat cəmiyyəti yarada bilər və ya bu cür cəmiyyətdə iştirak edə bilər.

27. Maddə 117.2. Qeyri-kommersiya təşkilatları özlərinin fəaliyyətinin əlaqələndirilməsi, habelə ümumi mənafelərinin təmsil və müdafiə edilməsi məqsədi ilə ittifaqlar yarada bilərlər.

Azərbaycan Respublikasının Vergi Məcəlləsi

28. Maddə 13.2.37. Sahibkarlıq fəaliyyəti - şəxsin müstəqil surətdə, öz riski ilə həyata keçirdiyi, əsas məqsədi əmlak istifadəsindən, malların təqdim edilməsindən, işlər görülməsindən və ya xidmətlər göstərilməsindən mənfəət (fərdi sahibkarlar tərəfindən gəlir) götürülməsi olan fəaliyyətidir.

“Sahibkarlıq fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanunu

29. Maddə 1. Sahibkarlıq fəaliyyətini şəxsin müstəqil surətdə həyata keçirdiyi, əsas məqsədi əmlak istifadəsindən, malların istehsalından və (və ya) satışından, işlər görülməsindən və ya xidmətlər göstərilməsindən mənfəət (fərdi sahibkarlar tərəfindən gəlir) götürülməsi olan fəaliyyətdir.

“İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 18 sentyabr 2020-ci il tarixli, 10 nömrəli Plenumunun qərarı

30. Bənd 10. 2019-cu il 9 iyul tarixli Qanunla edilmiş dəyişikliklərlə məhkəmə aidiyyətinin müəyyən edilməsi meyarları dəyişməz qalsa da, onların tətbiqi mexanizmində köklü dəyişiklik edilmişdir. Belə ki, MPM-in 24.2-ci maddəsinin qüvvədən düşmüş redaksiyasında tərəflərin subyekt tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakterindən ibarət sadalanan üç qiymətləndirici meyarın hər biri müstəqil şəkildə mübahisənin ümumi məhkəməyə və ya inzibati-iqtisadi məhkəməyə aidiyyətini müəyyən etməyə imkan verirdisə, yeni redaksiyada məhkəmə aidiyyətinin müəyyən edilməsində bu meyarların hər üçünün qarşılıqlı bağlılığı tələb olunur.

31. Bənd 11. O da nəzərə alınmalıdır ki, MPM-in 1-ci maddəsinin qeyd hissəsində kommersiya mübahisələrinə anlayış verilərkən onların məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə aid olduğu göstərilmişdir. MPM-in istinad olunan 1-ci, habelə 25 və 26-cı maddələrinin tələblərinə uyğun olaraq mübahisə üzrə tərəflərin hüquq münasibətlərinin xarakterinin sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olması işin ümumi və ya kommersiya məhkəmələrinə aidiyyətinin müəyyənləşdirilməsi baxımından həlledici meyardır. Göründüyü kimi, qanunverici məhkəmə aidiyyətini yeni qaydada müəyyən edən zaman, həm mübahisənin subyekt tərkibinin, həm də predmetinin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olmasını tələb edir. Həmin meyar üzrə qiymətləndirmənin həyata keçirilməsi zamanı mübahisənin predmetini təşkil edən tələbin tərəflərdən yalnız birinin sahibkarlıq fəaliyyətindən irəli gəlməsi və ya onun sahibkarlıq fəaliyyəti ilə bağlı olması işin kommersiya məhkəməsində baxılması üçün yetərli deyildir. Belə ki, məsələn: verilmiş istehlak krediti üzrə fərdi sahibkar statusuna malik olan fiziki şəxsə qarşı borc tələbinə dair iddianın bankın sahibkarlıq fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməsinə, habelə mübahisənin hər iki tərəfinin sahibkarlıq subyekti olmasına baxmayaraq, kreditin sahibkarlıq fəaliyyətində istifadə üçün deyil, şəxsi istehlak məqsədləri ilə verilməsi səbəbindən işə ümumi məhkəmədə baxılmalıdır.

32. Bənd 12. Bu baxımdan məhkəmə aidiyyətinin müəyyən edilməsi zamanı işin kommersiya məhkəməsində baxılması üçün hüquq münasibətlərinin xarakterinə qiymət verilərkən əsas tələb (və yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin tərəflərdən yalnız birinin deyil, ən azı iki qarşı tərəfin ayrı-ayrılıqda və ya birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən, yaxud da tərəflərin (sahibkarlıq subyekti olub-olmamasından asılı olmayaraq) bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməli olması nəzərə alınmalıdır.

33. Bənd 13. Əsas tələb (yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin ən azı iki qarşı tərəfin birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən irəli gəldiyi mübahisələrə müqavilə münasibətlərindən yaranan tələblər aiddir. İş üzrə ən azı iki qarşı tərəfin sahibkarlıq fəaliyyətinin birgə və yaxud ayrı-ayrılıqda həyata keçirdiyi zaman yarana bilən mübahisələrə əşya-hüquqi münasibətlərdən irəli gələn istifadə, sahiblik və mülkiyyət hüquqlarının müdafiəsi, habelə deliktdən irəli gələn tələblər aiddir. Tərəflərin bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən meydana gələn mübahisələrə isə kommersiya hüquqi şəxsi ilə bağlı korporativ mübahisələr aiddir.

34. Bənd 15. Məhkəmələrə həmçinin izah edilir ki, kommersiya mübahisələrinin subyektlərinin, habelə baxış predmetinin mümkün dairəsi də məhz mübahisə üzrə hüquq münasibətinin xarakterinin sahibkarlıq fəaliyyəti ilə bağlı olmasına dair bu Qərarın 13-cü bəndində əks olunmuş yanaşma baxımından müəyyənləşdirilməlidir.

35. Bənd 21. Subyekt tərkibi ilə bağlı meyarın qiymətləndirilməsi zamanı məhkəmələrəlavə olaraq nəzərə almalıdır ki, qeyri-hökumət təşkilatlarının və publik hüquqi şəxslərin fəaliyyətini tənzimləyən qanunlarla (“Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında” və “Publik hüquqi şəxslər haqqında” Qanunlar) onların ikili, yəni həm qeyrisahibkarlıq, həm də sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq imkanları nəzərdə tutulmuşdur. Məhz bu fərqləndirici xüsusiyyət mübahisələrin məhkəmə aidiyyətinin müəyyən edilməsi zamanı qeyri-hökumət təşkilatları və publik hüquqi şəxslərə münasibətdə fərqli yanaşmanın sərgilənməsini tələb edir.

36. Bənd 22. Bu baxımdan məhkəmələrə izah edilir ki, qeyri-kommersiya qurumlarının, publik hüquqi şəxslərin və fərdi sahibkarların kommersiya mübahisəsinin subyekti olması imkanı mübahisənin onların qanunla qadağan edilməyən sahibkarlıq fəaliyyətindən irəli gəldiyi hallarda mümkün olacaqdır. Onların sahibkarlıq fəaliyyətindən irəli gəlməyən mülki mübahisələrinin kommersiya məhkəmələrinin baxış predmetini təşkil etməsinə isə yalnız MPM-in 30-cu maddəsinə əsasən digər kommersiya mübahisəsi ilə birgə baxıldığı halda yol verilməlidir.

37. Bənd 25. Qeyri-kommersiya qurumlarının, publik hüquqi şəxslərin və fərdi sahibkarların əşya hüquqi münasibətlərdən və deliktdən irəli gələn tələblərinə kommersiya məhkəməsində baxılması üçün mübahisənin onların qanunla qadağan edilməyən sahibkarlıq fəaliyyətindən irəli gəldiyi hallarda mümkün olacaqdır. Mübahisə qeyrikommersiya qurumlarının, publik hüquqi şəxslərin və fərdi sahibkarların sahibkarlıq fəaliyyətlərindən irəli gəlmədikdə isə işə kommersiya məhkəmələrində baxılması imkanı, yalnız MPM-in 30-cu maddəsinə əsasən digər kommersiya mübahisəsi ilə birgə baxıldığı halda mümkün olacaqdır. Beləliklə, məhkəmələr nəzərə almalıdır ki, əşya-hüquqi münasibətlərdən irəli gələn istifadə, sahiblik və mülkiyyət hüquqlarının müdafiəsi üzrə tələblərdə və ya deliktdən irəli gələn tələblərdə mübahisənin məhz hər iki tərəfin birgə və yaxud ayrı-ayrılıqda həyata keçirdikləri sahibkarlıq fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməsi məhkəmə aidiyyətini müəyyən edən həlledici meyardır. Dövlət və bələdiyyə orqanlarına münasibətdə isə qeyd edilməlidir ki, müqavilədən irəli gələn öhdəlik hüquqi münasibətlərdən fərqli olaraq əşya hüquqi münasibətlərdən və deliktdən irəli gələn mübahisələrdə onların sahibkarlıq subyektləri ilə olan münasibətlərinin xarakteri mahiyyət etibarilə iqtisadi xarakterli olmadığından bu mübahisələrə ümumi məhkəmələrdə baxılmalıdır.

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

38. Maddə 24.2. Mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir.

39. Maddə 26.1. Sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır.

40. Maddə 26.2. Kommersiya məhkəmələri bu Məcəllənin 40-5-ci fəslində nəzərdə tutulmuş işlərə, habelə sahibkarlıq fəaliyyəti ilə əlaqədar olduqda bu Məcəllənin 35-ci və 40-2-ci fəsillərində nəzərdə tutulmuş işlərə və qanunla onların səlahiyyətlərinə aid edilən digər işlərə də baxırlar.

41. Maddə 30. Bir-biri ilə əlaqədar olan bir neçə tələbi birləşdirərkən, onlardan bir qismi ümumi məhkəməyə, digərləri isə kommersiya məhkəməsinə aiddirsə, tələblərə kommersiya məhkəməsində baxılmalıdır.

42. Maddə 31.1. Aidiyyət qaydalarının pozulmasına yol verilmir.

43. Maddə 32.4. Aidiyyət haqqında məsələ qalxdıqda, hakim işin aidiyyəti üzrə göndərilməsi və ya aidiyyət haqqında ərizənin rədd edilməsi barədə əsaslandırılmış qərardad çıxarır.

44. Maddə 44.1. Aidiyyət qaydalarına riayət edilməklə məhkəmənin öz icraatına qəbul etdiyi iş, sonradan başqa məhkəməyə aid olsa da, mahiyyəti üzrə həmin məhkəmədə həll edilməlidir.

45. Maddə 44.2. Məhkəmə işi aşağıdakı hallarda başqa məhkəmədə baxılmağa verir: 44.2.2. iş həmin məhkəmədə baxıldığı zaman onun aidiyyət qaydalarının pozulması ilə icraata qəbul edildiyi aşkar olarsa;

46. Maddə 152.1. Hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır: 152.1.3. əgər iş ərazi və ya məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə;

47. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.4. işə məhkəmə və ya ərazi aidiyyəti qaydalarının pozulması ilə baxıldığını müəyyən etdikdə, qətnaməni ləğv edib, işi aidiyyəti üzrə birinci instansiya məhkəməsinə göndərə bilər;

48. Maddə 385.1. Məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi;

49. Maddə 387.2. Şikayətin dəlillərindən asılı olmayaraq birinci instansiya məhkəməsinin qətnaməsi və ya qərardadı aşağıdakı hallarda ləğv edilməlidir: 387.2.9. işə ərazi və ya məhkəmə aidiyyəti qaydalarının pozulması ilə baxılmışdırsa.

50. Maddə 402.2. Apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının aşağıdakı qərardadlarından kassasiya şikayəti verilə bilər: 402.2.5. bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında.

Apellyasiya baxışının hədləri

51. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

52. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

53. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi 387.2.9. İşə ərazi və ya məhkəmə aidiyyəti qaydalarının pozulması ilə baxılmışdırsa şikayətin dəlillərindən asılı olmayaraq birinci instansiya məhkəməsinin qətnaməsi və ya qərardadı ləğv edilməlidir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

54. Məhkəmə kollegiyası (bundan sonra – məhkəmə) məruzəçi hakimin məruzəsini, proses iştirakçısının izahatını dinləyib, mülki işdə olan sənədləri araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli və iş baxılması üçün məhkəmə aidiyyəti üzrə Bərdə Rayon Məhkəməsinə göndərilməlidir.

55. Mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla müəyyən edilir.

56. MPM-in 24.2, 25.1 və 26.1-ci maddələrinin, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun Qərarının 10 və 11-ci bəndlərinin əlaqəli təhlilindən belə nəticəyə gəlinir ki, mübahisənin kommersiya məhkəməsinin aidiyyətində olub-olmamasının müəyyən edilməsi üçün: 1) tərəflərin subyektiv tərkibi; 2) mübahisənin predmeti və 3) hüquq münasibətlərinin xarakterinin sahibkarlıq fəaliyyəti ilə bağlılığı müəyyən olunmalıdır.

57. Məhkəmə kollegiyası izah edir ki, yuxarıda qeyd olunan hər üç şərt birlikdə mövcud olduqda münasibətlər sahibkarlıq münasibətlərindən əmələ gələn münasibət hesab olunur.

58. Birinci şərtlə bağlı qeyd edilməlidir ki, işin müəyyən edilmiş hallarına əsasən cavabdeh, Nizamnaməsinin 1.1-ci bəndinə görə qiymətləndiricilərin məcburi üzvlüyü əsasında yaradılan və fəaliyyətini özünüidarəetmə prinsipi əsasında həyata keçirən qeyrikommersiya hüquqi şəxsdir.

59. Belə olan halda, hüquqi qiymətləndirmə digər iki meyar üzrə də - mübahisənin predmeti və hüquq münasibətlərinin xarakterinin sahibkarlıq fəaliyyəti ilə bağlılığı yoxlanılmalıdır.

60. Mülki Məcəllənin 43.5-ci maddəsinə görə hüquqi şəxslər fəaliyyətinin əsas məqsədi mənfəət götürməkdən ibarət olan (kommersiya hüquqi şəxsləri) və ya əsas məqsədi mənfəət götürməkdən ibarət olmayan və götürülən mənfəəti iştirakçıları arasında bölüşdürməyən (qeyri-kommersiya hüquqi şəxsləri), habelə ümumdövlət və (və ya) ictimai əhəmiyyət daşıyan fəaliyyətlə məşğul olan (publik hüquqi şəxslər) qurumlar ola bilər.

61. Mülki Məcəllənin 43.6-cı maddəsinə görə qeyri-kommersiya qurumları olan hüquqi şəxslər ictimai birliklər, fondlar, hüquqi şəxslərin ittifaqları formasında, habelə qanunvericilikdə nəzərdə tutulan digər formalarda yaradıla bilər. Qeyri-kommersiya hüquqi şəxsləri sahibkarlıq fəaliyyəti ilə yalnız o hallarda məşğul ola bilərlər ki, bu fəaliyyət onların yaradılması zamanı qarşıya qoyulmuş məqsədlərə nail olmağa xidmət etsin və bu məqsədlərə uyğun gəlsin. Sahibkarlıq fəaliyyətini həyata keçirmək üçün qeyri-kommersiya hüquqi şəxsləri təsərrüfat cəmiyyətləri yarada bilər və ya onlarda iştirak edə bilərlər.

62. Bununla bağlı qeyd edilməlidir ki, istənilən işdə tərəflərdən birinin (hazırkı işdə cavabdehin) hüquqi şəxs olması onun sahibkarlıq fəaliyyəti ilə məşğul olması anlamına gəlmir. Bu zaman hüquqi şəxsin təşkilati-hüquqi formasına diqqət yetirilməli, onun bilavasitə kommersiya və ya qeyri-kommersiya hüquqi şəxs olmasına, qeyri-kommersiya hüquqi şəxs olduğu halda isə sahibkarlıq fəaliyyətinin istiqamətinə qiymət verilməklə məhkəmə aidiyyəti müəyyən edilməlidir. Sahibkarlıq fəaliyyəti və bu fəaliyyətin məqsədinin nədən ibarət olması da Mülki Məcəllə, Vergilər Məcəlləsi və “Sahibkarlıq fəaliyyəti haqqında” Qanunun yuxarıda qeyd edilən normalarında dəqiq müəyyən edilib.

63. Nəzərə alınmalıdır ki, qeyri-kommersiya hüquqi şəxsləri yalnız yaradılması zamanı qarşıya qoyulmuş məqsədlərə nail olmağa xidmət edən və bu məqsədlərə uyğun gələn sahibkarlıq fəaliyyəti ilə məşğul ola bilər.

64. Buna görə də hüquqi şəxsin qeyri-kommersiya təşkilatı olması onun sahibkarlıq fəaliyyətini istisna etmədiyi üçün işin məhkəmə aidiyyətini müəyyən etmək məqsədilə mübahisənin predmeti və hüquq münasibətlərinin xarakterinə də qiymət verilməli, həmin münasibətlərin qeyri-kommersiya təşkilatının yaradılması zamanı qarşıya qoyulmuş məqsədlərə nail olmağa xidmət edən və bu məqsədlərə uyğun gələn sahibkarlıq fəaliyyətinə aid olub-olmamasına aydınlıq gətirilməlidir.

65. Hazırki işdə iddia tələbi qeyri-kommersiya hüquqi şəxsinin icra orqanın rəhbəri olan maraqlı şəxsin yaranmış vergi, sosial sığorta və s. borcların ödənilməməsinə görə üzərinə ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə tələbidir.

66. Qeyri-kommersiya hüquqi şəxsləri, publik hüquqi şəxslər və fərdi sahibkarlar yalnız qanunla onlara icazə verilmiş sahibkarlıq fəaliyyətindən irəli gələn mübahisələr üzrə kommersiya məhkəməsinin subyekti sayıla bilər. Lakin, Ali Məhkəmə Plenumunun 18 sentyabr 2020-ci il tarixli qərarının 22 və 25-ci bəndlərində xüsusi olaraq vurğulandığı kimi, bu subyektlərin sahibkarlıq fəaliyyəti ilə əlaqəsi olmayan mübahisələri kommersiya məhkəmələrinin baxış predmeti deyildir və yalnız MPM-in 30-cu maddəsinin tələblərinə uyğun olaraq digər kommersiya mübahisəsi ilə birgə baxıldığı halda kommersiya məhkəməsinin yurisdiksiyasına daxil edilə bilər.

67. Bundan başqa MPM-in 26.2-ci maddəsinə əsasən, kommersiya məhkəmələri bu Məcəllənin 40-5-ci fəslində nəzərdə tutulmuş işlərə, habelə sahibkarlıq fəaliyyəti ilə əlaqədar olduqda bu Məcəllənin 35-ci və 40-2-ci fəsillərində nəzərdə tutulmuş işlərə və qanunla onların səlahiyyətlərinə aid edilən digər işlərə də baxırlar.

68. Qeyd edilməlidir ki, vergi ödəyicisinin və ya hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə ərizələrə baxılması MPM-in 40-2-ci fəslinə uyğun baxılır.

69. MPM-in 26.2-ci maddəsində qeyd edildiyi kimi, kommersiya məhkəmələri tərəfindən bu qəbildən olan müraciətlərə mübahisələrin tərəflərin sahibkarlıq fəaliyyəti ilə əlaqədar olduqda baxılır ki, iş üzrə "xxxx" X6 sahibkarlıq deyil qeyri-kommersiya hüquqi şəxsdir və bu hal sonuncunun qeydiyyat sənədləri ilə təsdiq olunur.

70. Bu səbəbdən də məhkəmə hesab edir ki, hazırki ərizəyə Kommersiya Məhkəmələri tərəfindən deyil, ümumi məhkəmələr tərəfindən baxılmalıdır.

71. Lakin, qeyd edilən hallar birinci instansiya məhkəməsi tərəfindən araşdırılaraq hüquqi qiymət verilməmişdir ki, birinci instansiyası məhkəməsi işə mahiyyəti üzrə baxmaqda haqlı olmamış və işi aidiyyət qaydalarına zidd icraatına qəbul etmişdir.

72. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, ərizənin icraata qəbul edilməsi mərhələsində aidiyyət məsələsinin araşdırılması məhkəmənin vəzifəsidir.

73. Belə ki, verilmiş iddia üzrə məhkəmənin ilk növbədə fəaliyyəti MPM-nin 151-ci maddəsinə əsasən iddia ərizəsinin mümkünlüyünün yoxlanılmasından ibarətdir. Bu mümkünlük şərtlərindən biri iddianın məhkəmə aidiyyətinin müəyyən olunmasıdır. Əgər aidiyyət pozulmuşdursa, MPM-in 152.1.3-cü maddəsinə əsasən, məhkəmə iddia ərizəsinin geri qaytarılması barədə qərardad çıxarır.

74. Birinci instansiya məhkəməsi işin bu mərhələsində məhkəmə aidiyyəti ilə bağlı uyğunsuzluq müəyyən etməmişdir.

75. Qeyd olunmalıdır ki, məhkəmə mübahisənin məhkəmə aidiyyəti ilə əlaqədar məsələləri ərizənin məhkəmənin icraatına qəbul edilməsi zamanı yoxlamalıdır (MPM maddə - 24.3).

76. Məhkəmə hesab edir ki, hazırkı mübahisəyə baxılarkən məhkəmə aidiyyəti qaydaları pozulmuş və Gəncə Kommersiya Məhkəməsi prosessual qanunvericiliyin məhkəmə aidiyyəti ilə bağlı tələblərini pozmaqla işi icraatına qəbul edərək, hazırkı qətnaməni qəbul etmişdir.

77. Azərbaycan Respublikasının MPM-in 384.0.4-cü maddəsinə görə işə məhkəmə və ya ərazi aidiyyəti qaydalarının pozulması ilə baxıldığını müəyyən etdikdə, apellyasiya instansiyası məhkəməsi qətnaməni ləğv edib, işi aidiyyəti üzrə birinci instansiya məhkəməsinə göndərə bilər.

78. 385.1.1-ci maddəsinə əsasən, maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır.

79. 387.2.9-cu maddəsinə əsasən, şikayətin dəlillərindən asılı olmayaraq işə ərazi və ya məhkəmə aidiyyəti qaydalarının pozulması ilə baxılmışdırsa ləğv edilməlidir.

80. İş materiallarından göründüyü kimi, maraqlı şəxs "xxxx" X6 qeyri-kommersiya hüquqi şəxsi kimi Bərdə rayonu, Hüseynalılar kəndi ünvanında dövlət qeydiyyatına alınmışdır.

81. MPM-in 35.2-ci maddəsinə görə, hüquqi şəxsə iddia hüquqi şəxsin ünvanının olduğu yerə görə verilir. Hüquqi şəxsin törəmə müəssisəsinin fəaliyyətindən əmələ gələn iddialar müəssisənin ünvanının olduğu yerə görə verilir.

82. Bu baxımdan məhkəmə qeyd edir ki, maraqlı şəxsin hüquqi ünvanının Bərdə rayonu olması onun prosessual iştirakçısı olduğu mübahisənin ərazi yurisdiksiyası üzrə məhz Bərdə Rayon Məhkəməsinə aid olduğunu müəyyən edir. Tərəf olan təşkilatın məhz Bərdə rayonunda yerləşməsi, fəaliyyətinin həmin inzibati ərazidə həyata keçirilməsi və ona qarşı tələblərin icrası ilə bağlı hüquqi nəticələrin də həmin ərazidə meydana çıxması nəzərə alınmaqla işə digər məhkəmədə baxılması MPM-in ərazi aidiyyəti normalarına zidd olardı.

83. Beləliklə, iddianın cavabdehin hüquqi ünvanı üzrə baxılmalı olması qanunvericiliyin müvafiq müddəaları ilə təsdiq olunduğundan, işin məhkəmə aidiyyəti üzrə Bərdə Rayon Məhkəməsinə göndərilməsi zəruri və hüquqi cəhətdən əsaslıdır.

84. Ona görə də, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi tamamilə ləğv edilməli və iş baxılması üçün məhkəmə aidiyyəti üzrə Bərdə Rayon Məhkəməsinə göndərilməlidir.

85. Eyni zamanda Mülki Prosessual Məcəllənin 402.2-ci maddəsinə əsasən, hazırkı qərardaddan kassasiya şikayəti verilə bilər.

86. Göstərilənlərə əsasən, Mülki Prosessual Məcəllənin 26, 44, 263, 264, 384, 385, 387 və 405-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı:

Maraqlı şəxs tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(115)-261/2025 nömrəli qətnaməsi tamamilə ləğv edilsin. Ərizəçi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 11 saylı Ərazi Vergilər Baş İdarəsinin Maraqlı şəxs qarşı “ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması” tələbinə dair iş baxılması üçün məhkəmə aidiyyəti üzrə Bərdə Rayon Məhkəməsinə göndərilsin. Qərardaddan, qərardad işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar