Məhkəmə qərarları › İş №2-2(104)-27/2025

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(104)-27/2025

03.02.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2-2(104)-27/2025 03.02.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Açıq Səhmdar Cəmiyyətinin (bundan sonra ASC) cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iş üzrə Açar sözlər: müqavilə öhdəliklərindən irəli gələn mübahisələr, lizinq müqaviləsi Hakimlər Məcidov Rüfət Azadəli oğlu (sədrlik edən və məruzəçi), Rzaquliyev Şamil Qəhrəman oğlu və Həsənov İslam Telman oğlundan ibarət tərkibdə, Məmmədov Xəzər Natiq oğlunun katibliyi, İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin nümayəndəsi Vəkil1 və Cavabdeh2 nümayəndəsi (vəkili) Vəkil2 iştirakı ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin (bundan sonra - iddiaçı) cavabdehlər Cavabdeh1 və Cavabdeh2 (bundan sonra - cavabdeh) qarşı pul tələbinə dair kommersiya işi üzrə Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(115)-824/2024 nömrəli qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, qətnamə qəbul etdi. İşin halları

1. İddiaçı ASC ilə X7 arasında bağlanmış 06 mart 2020-ci il tarixli 263/20 nömrəli daxili lizinq müqaviləsinə əsasən, bu müqavilənin şərtlərinə uyğun olaraq lizinq verən lizinq alanın sifariş etdiyi və bu lizinq müqaviləsinin ayrılmaz tərkib hissəsi olan 2 saylı əlavədə göstərilən əmlakı (bundan sonra lizinq obyekti adlandırlacaq) öz mülkiyyətinə əldə edilməsini və muzdla lizinq alanın müvəqqəti sahibliyinə və istifadəsinə verilməsini öhdəsinə götürmüşdür. Müqavilənin 2.1-ci bəndinə əsasən əmlak lizinqalana lizinqverən tərəfindən 36 ay müddətinə lizinqə verilir. Müqavilənin 3.1-ci bəndinə əsasən qiymətin 55200 manat hissəsi avtomaşının sənədləri alıcıya verildikdən sonra avans şəklində satıcıya ödənilir. Qalan məbləği 220800 manat hissəsi, tərəflər arasında təhvil-təslim aktı imzalandıqdan sonra alıcı tərəfindən ödənilir.

2. xx.xx.2022-ci il tarixli LM-263-4/22 nömrəli öhdəliyin icrası ilə bağlı sazişlə Cavabdeh1 icrasını qəbul etdiyi, 06 mart 2020-ci il tarixli 263/20 saylı daxili maliyyə lizinqi müqaviləsinə əsasən İddiaçı ASC-yə 07 iyun 2022-ci il tarixinə olan borcu 223695,95 manat təşkil etməsi, qeyd edilən məbləğdən 15282 manat ödədikdən sonra, M-263-4/22 müqaviləsinə əlavə olunmuş qrafik üzrə illik 12% hesablanmaqla hər ay 5488,34 manat olmaqla tam ödənilənədək lizinq obyektinin mülkiyyət hüququ İddiaçı ASC-yə məxsus olması, Cavabdeh1 lizinq ödənişi cədvəlinə əsasən öhdəliyini tam icra edənədək lizinq obyekti olan avtomobilin texniki və kosmetik işlərinə avtomobilin tam sazlığına cavabdeh olması barədə razılığa gəlmişlər.

3. 263-4/22 nömrəli zaminlik müqaviləsindən əsasən, zamin Cavabdeh2 lizinq alan Cavabdeh1 07 iyun 2022-ci il tarixli 263-4/22 saylı illik 12% 208413,95 manat məbləği, hər ay 5488,34 manat olmaqla 48 ay müddətinə daxili maliyyə lizinqi müqaviləsi üzrə öhdəliklərinin tam həcmdə yerinə yetirilməsinə görə məsuliyyəti daşımaq öhdəliyini öz üzərinə götürmüşdür.

4. Cavabdeh1 xx.xx.2022-ci il tarixli “iltizamla” qrafik üzrə ödəmələri 30 gün ərzində gecikdirəcəyi təqdirdə iddiaçı tərəfindən avtomobilin müsadirə edilməsinə etiraz etmədiyini bəyan etmişdir.

5. LM-263/20 saylı 06 mart 2020-ci il tarixli daxili maliyyə lizinqi müqaviləsinə dair təhvil-təslim aktından görünür ki, 07 iyun 2022-ci ildə 2015-ci il buraxılışlı, “MERCEDES BENZ S500 MAYBACH minik” markalı, WDD2229821A155963 ban nömrəli, qara metallik rəngli, buraxılış ili 2015 olan avtomobil lizinq alana, yəni Cavabdeh1 təhvil verilmişdir.

6. Maliyyə arayışına əsasən, xx.xx.2023-cü il tarixə Cavabdeh1 banka əsas borc məbləği 3761,24 manat, ümumi faiz borcu 3020,72 manat, dəbbə borcu 112,86 manat olmaqla cəmi borc 6894,82 manat təşkil edir.

7. Cavabdeh1 lizinq müqaviləsi üzrə öhdəliklərini icra etmədiyindən nəqliyyat vasitəsi ondan geri alınmış və təhvil alınarkən təhvil-təslim aktı tərtib ediməmişdir.

8. X8 MMC tərəfindən iddiaçının sifarişi əsasında 2015-ci il buraxılışlı, “MERCEDES BENZ S 500 MAYBACH minik” markalı, WDD2229821A155963 ban nömrəli, 10JB009 dövlət qeydiyyat nişanlı, avtomobilin təmiri ilə bağlı ehtiyyat hissələrinin və təmirin dəyəri 123465,26 manat məbləğində müəyyən edilmişdir.

Birinci instansiya məhkəməsində icraat

9. İddiaçı iddia ərizəsi ilə Gəncə Kommersiya Məhkəməsinə müraciət edərək, 07 iyun 2022-ci il tarixli 263-4/22 saylı öhdəliklərin icrası ilə bağlı sazişə və əlavə olunmuş ödəniş qrafikinə əsasən, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 birgə qaydada lizinq obyektinin müvəqqəti sahiblik və istifadə edilməsinə görə 07 aprel 2023-cü il tarixə olan 3761,24 manat əsas, 3020,72 manat faiz və 112,86 manat dəbbə pulu, cəmi 6894,82 manatın, avtomobildən istifadə zamanı vurduğu ziyana görə 123465,26 manat borcun və ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı ödənilmiş 100 manatın və ödənilmiş 321 manat dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

10. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, İddiaçı ASC ilə X7 arasında bağlanmış 06 mart 2020-ci il tarixli 263/20 saylı daxili maliyyə lizinq müqaviləsinə əsasən X1 ilə İddiaçı ASC-nin mülkiyyətində olan 2015-ci il buraxılışlı, “MERCEDES BENZ S500 MAYBACH MİNİK” markalı, WDD2229821A155963 ban nömrəli, qara metallik rəngli, ** PJ *** dövlət qeydiyyat nişanlı avtomobil sifarişçinin müvəqqəti sahiblik və istifadəsinə verilmişdir. Müqavilənin ayrılmaz tərkib hissəsi olan lizinq ödənişləri cədvəlinə əsasən X7 illik 22% hesablanmaqla 36 aylıq müddətə hər ay sabit məbləğ olmaqla 8432,46 manat, ümumilikdə isə 303568,16 manat məbləğində pulu İddiaçı ASC-nin hesabına ödəməyi öhdəsinə götürmüşdür. Ödənilməli olan ümumilikdə 303568,16 manat pulun 220800 manatı əsas borc təşkil edir. 07 iyun 2022-ci il tarixli 263-4/22 saylı öhdəliklərin icrası ilə bağlı sazişə əsasən Cavabdeh1 15282 manat ilkin ödəniş etdikdən sonra 263/20 saylı daxili lizinq müqaviləsi üzrə icrasını öz üzərinə götürdüyü öhdəliklərə əsasən lizinq obyektini müvəqqəti sahiblik və istifadəsinə götürmüşdür. Lizinq ödənişləri cədvəlinə əsasən Cavabdeh1 illik 12 % hesablanmaqla 48 aylıq müddətə hər ay sabit məbləğ olmaqla 5488,34 manat, ümumilikdə isə 263440,24 manat məbləğində pulu İddiaçı ASCnin hesabına ödəməyi öhdəsinə götürmüşdür. Ödənilməli olan ümumilikdə 263440,24 manat pulun 208413,95 manatı əsas məbləğ təşkil edir. Cavabdeh1 tərəfindən lizinq şirkətinə son ödəniş 21 fevral 2023-cü il tarixdə olmuşdur. Cavabdeh1 müvəqqəti istifadəsinə verilmiş İddiaçı ASC-nin mülkiyyətində olan 2015-ci il buraxılışlı, “MERCEDES BENZ S500 MAYBACH MİNİK” markalı, WDD2229821A155963 ban nömrəli, qara metallik rəngli, ** PJ *** dövlət qeydiyyat nişanlı avtomobil ASC-yə təhvil verilmişdir. Bundan əlavə, İddiaçı ASC ilə Cavabdeh2 arasında 07 iyun 2022-ci il tarixli 263-4/22 saylı zaminlik müqaviləsi bağlanmışdır. Daxili lizinq müqaviləsi və ödəniş cədvəlinin şərtlərinə cavabdeh tərəfindən əməl edilməmiş, cavabdeh lizinq ödənişlərinin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımi qaydada icra etməmiş və onun iddiaçı qarşısında öhdəliyi yaranmışdır. Həmçinin Cavabdeh1 həmin avtomobildən istifadəsi zamanı əldə edilmiş qüsur aktına əsasən 123465,26 manat ziyan dəymişdir. Buna dair “Autostar Kaukasus BmBH Azərbaycan” MMC-dən alınmış xx.xx.2023-cü il tarixli qüsur aktı alınmışdır.

11. İddiaçı nümayəndəsi məhkəmə iclasında iddia iddianın təmin edilməsini xahiş etmişdir.

12. Cavabdeh1 xx.xx.2024-cü il tarixdə keçirilən məhkəmə iclasında verdiyi izahatında bildirmişdir ki, 07 iyun 2022-ci il tarixli sazişi özü bağlamış, həmin tarixli təhviltəslim aktını özü imzalamışdır. Həmin vaxt ödənişlərlə bağlı ona da qrafik verilmişdir, lakin hazırda həmin qrafik onda yoxdur. Stabil olaraq 10-11 ay ödəniş etmişdir. İddiaçıya borcu qalmışdır, iddia ərizəsində qeyd edilən əsas və faiz məbləğləri ilə bağlı etirazı yoxdur. Avtomobillə əlaqədar tərtib edilmiş rəylə razı deyildir. Avtomobili o, Türkiyədə olanda Cavabdeh2 "xxxx" ASC-yə təhvil vermişdir. Avtomobili təhvil verərkən onun heç bir qüsuru olmamışdır. Onların lizinq şirkəti müflis olmamışdan qabaq iddiaçı ilə 4 il ərizində qarşılıqlı fəaliyyət göstərmişlər, lakin təzə rəhbərlik gələndən sonra aralarında mübahisələr yaşanmışdır. Avtomobili o götürməmişdən qabaq, həmin avtomobillə qəza törədilmişdir. O avtomobili təhvil alanda avtomobil qəzalı vəziyyətdə olmuşdur. Onlar müqavilə bağlayanda avtomobil iddiaçının ustasında olmuşdur. Avtomobil yararsız vəziyyətdə olduğu üçün o avtomobilə ilkin ödəniş kimi az pul ödəmişdir. Avtomobili onun zamini təhvil verəndə avtomobil tam saz vəziyyətdə olmuşdur. Lakin, bununla bağlı əlində təhvil-təslim aktı yoxdur.

13. Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(115)-824/2024 nömrəli qətnaməsi ilə, iddianın təmin edilməsi, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 arasında bağlanmış 07 iyun 2022-ci il tarixli LM 263-4/22 saylı öhdəliyin icrası ilə bağlı saziş üzrə 07 aprel 2023-cü il tarixə yaranmış 3761 manat 24 qəpik əsas borc, 3020 manat 72 qəpik faiz borcu, 112 manat 86 qəpik cərimə olmaqla cəmi 6894 (altı min səkkiz yüz doxsan dörd) manat 82 (səksən iki) qəpik borc, dəymiş ziyana görə 123465 (bir yüz iyirmi üç min dörd yüz altmış beş) manat 26 (iyirmi altı) qəpik pul, 100 (bir yüz) manat mediasiya xərci və 321 (üç yüz iyirmi bir) manat dövlət rüsumu cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 99 (doxsan doqquz) manat 36 (otuz altı) qəpik dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir.

14. Birinci instansiyası məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, göründüyü kimi lizinq verən saziş üzrə üzərinə düşən öhdəlikləri yerinə yetirmiş, lizinq obyektini lizinq alana vermiş, lizinq alan isə ödənişləri vaxtlı-vaxtında icra etməmiş, həmçinin lizinq obyektinin texniki və kosmetik işlərinə görə avtomobilin tam sazlığına cavabdehliyi üzərinə götürsə də avtomobilə ziyan dəymişdir. İddiaçı tərəfindən maliyyə arayışı tərtib edilmiş, xx.xx.2023-cü il tarixə Cavabdeh1 əsas borc məbləği 3761,24 manat, faiz borcu 3020,72 manat, dəbbə borcu 112,86 manat, olmaqla borcun cəmi 6894,82 manat təşkil etməsi qeyd edilmişdir. Həmçinin, “Autostar Kaukasus GmbH Azərbaycan” MMC-nin qüsur aktı barədə rəydən görünür ki, 2015-ci il buraxılışlı, “MERCEDES BENZ S500 MAYBACH minik” markalı, WDD2229821A155963 ban nömrəli, 10JB009 dövlət qeydiyyat nişanlı avtomobilə 123465,26 manat məbləğində ziyan dəyməsi müəyyən edilmişdir. Qeyd edilənlərə əsasən məhkəmə hesab etmişdir ki, iddiaçı 3761,24 manat əsas, 3020,72 manat faiz borcu, 112,86 manat dəbbə borcu, olmaqla cəmi 6894,82 manat borcu cavabdehdən tələb etməkdə haqlıdır. Həmçinin cavabdeh məhkəmə iclasında borcla bağlı hər hansı etirazının olmadığını bildirmişdir.

15. Bundan başqa, iddiaçı avtomobilə 123465,26 manat məbləğində ziyan dəydiyini bildirmiş, həmin məbləğin də cavabdehlərdən tutulmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh1 avtomobil iddiaçıya təhvil verilərkən heç bir qüsuru olmadığını, əslində isə avtomobili qüsurlu qəbul etdiyini göstərsə də məhkəməyə bununla bağlı hər hansı sənəd təqdim etməmişdir. 7 iyun 2022-ci il tarixli təhvil-təslim aktından görünür ki, lizinq predmeti üzrə qüsur və çatışmazlıqlar müəyyən olunmamışdır, tam, saz, işlək və sifariş edilmiş xüsusiyyətlərə uyğundur. Ona görə də iddiaçı avtomobilə dəyən 123465,26 manat məbləğində ziyanı da tələb etməkdə haqlıdır.

16. Məhkəmə eyni zamanda digər Cavabdeh2 mülki məsuliyyətlərini araşdıraraq hesab etmişdir ki, o, 07 iyun 2022-ci il tarixli 263-4/22 saylı lizinq müqaviləsi üzrə öhdəliklərin tam həcmdə yerinə yetirilməsinə görə məsuliyyəti daşımağı öz üzərinə götürmüşdür. Göstərilən qanunvericilik normalarına əsasən məhkəmə hesab etmişdir ki, Cavabdeh1 lizinq saizişi üzrə öhdəliyini yerinə yetirməmişdir. Zaminliklə təmin edilmiş öhdəliyi icra edilmədiyindən Hacıyev X3 Ramin Tofiq oğlu ilə birlikdə iddiaçı qarşısında birgə məsuliyyət daşıyırlar.

17. Odur ki, İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış 07 iyun 2022-ci il tarixli LM 263-4/22 saylı öhdəliyin icrası ilə bağlı saziş üzrə 07 aprel 2023-cü il tarixə yaranmış 3761 manat 24 qəpik əsas borc, 3020 manat 72 qəpik faiz borcu, 112 manat 86 qəpik cərimə olmaqla cəmi 6894 manat 82 qəpik borc, dəymiş ziyana görə 123465 manat 26 qəpik pul cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçıya ödənilməlidir.

18. Məhkəmə həmin nəticəyə gələrkən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 6.2, 21.1, 21.2, 385.1, 386.1, 442, 445, 448.1, 470.1, 472.2 və 747.1-ci maddələrinə və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 14.2, 77.1, 119.1, 119.2, 124.1, 216-220, 227, 233 və 360-cı maddələrinə istinad etmişdir.

19. Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(115)-824/2024 nömrəli qətnaməsində Cavabdeh2 tərəfindən apellyasiya şikayəti verilmiş və Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli qətnaməsndən Cavabdeh2 münasibətdə “dəymiş ziyana görə 123465 (bir yüz iyirmi üç min dörd yüz altmış beş) manat ödənilməsi” hissəsində ləğv edilməsini və xx.xx.2024-cü il tarixli zaminlik müqaviləsinə həmin zərərə münasibətdə xitam verilməsini xahiş etmişdir.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri

a) Apellyasiya şikayətinin dəlilləri

20. Birinci instansiya məhkəməsi qətnaməsində maddi və prosessual hüquq normasının pozulması və ya düzgün tətbiq edilməməsi ilə qəbul edilmişdir. Belə ki, İddiaçı Açıq Səhmdar Cəmiyyətiilə Cavabdeh1 arasında “Lizin obyektinin müvəqqəti sahiblik və istifadə edilməsinə görə” 07 iyun 2022-ci il tarixdə LM 263-4/22saylı öhdəliyin icrası ilə bağlı saziş bağlanmışdır. LM 263- 4/22 saylı müqavilənin ödənişinin təminatı məqsədilə xx.xx.2022-ci ildə onunla (Cavabdeh2) İddiaçı Açıq Səhmdar Cəmiyyəti arasında 263-4/22 №-li “Zaminlik müqaviləsi” bağlanmışdır. Həmin müqavilənin birinci bölməsi “Müqavilənin predmeti” adlanır. Birinci bölməsinin 1.1-ci bəndinə görə “Zamin Lizinq verənqarşısında öz üzərinə öhdəlik” götürmüşdür. Müqavilənin 1-ci bölməsinin 1.1-ci bəndinə zamininin konkret nəyi öhdəsinə götürməsi tərəflər tərəfindən təsdiq edilmişdir. İmperativ formaya malik olan həmin bənd tərəflərin gələcəkdə hansı məsuliyyət daşıdığını dəqiq müəyyən etmişdir. AR Mülki Məcəllənin 470.1-ci maddəsinə əsaslanan həmin bəndə görə zamin avtomaşına dəyən zərər üçün məsuliyyət daşımır. Belə ki, Cavabdeh1 **-PJ-*** dövlət qeydiyyat nişanlı avtomaşını idarə etmişdir (avtomaşının əvvəlki dövlət qeydiyyat nişanı **- JB-***). Məntiqə əsasən avtomaşına dəyən zərərə görə cavabdehliyi Cavabdeh1 daşımalıdır (əyər avtomaşına zərərin dəyməsi müəyyən edilərsə). Buradan belə çıxır ki, müqavilə ilə belə bir öhdəlik götürməyən zamin avtomaşına dəymiş ziyana görə 123465 manat həddində Cavabdeh1lə birgə məsuliyyət daşıyır. Hesab edir ki, məhkəmə qətnamə qəbul edərkən MM-in 389.1-ci maddəsinin tələblərinə əməl etməmişdir. MM-in 390.1-ci maddəsinə əsaslanaraq tərəflər müstəqil şəkildə müqavilənin şərtlərini müəyyən etmişdir. O, zamin kimi yalnız Cavabdeh1 tərəfindən götürülən 208413,95 manata görə öhdəlik götürmüşdür. Avtomaşına dəyən zərərə görə öhdəlik götürməyi üçün məsuliyyət daşımır. Mübahisəyə baxan məhkəmə tərəflər arasında imzalanmış zaminlik müqaviləsinin şərtinə məhəl qoymamışdır.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

21. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

Məhkəmə icraatı iştirakçılarının izahatları

22. Cavabdehin nümayəndəsi və vəkili apellyasiya şikayətinin dəlillərini müdafiə edərək, izahatda bildirdi ki, Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli qətnaməsi zaminə münasibətdə əssasızdır və işin hallarına uyğun deyildir. İlk öncə müəyyənləşdirmək lazımdır ki, Gəncə Kommersiya Məhkəməsi lizinq predmeti olan avtomobilin ümumi dəyəri 263440,24 man olduğu halda iddiaçının bildirdiyi 123.465 (bir yüz iyirmi üç min dörd yüz altmış beş) manat dəymiş ziyanı həqiqiliyini araşdırmamış və yalnız iddiaçının özünün təqdim etdiyi qüsur aktı ilə kifayətlənmişdir. İddiaçının tələb etdiyi ziyanın məbləği ümumi lizinq məbləğinin 50 faizi həcmindədir. Bu isə o deməkdir ki, avtomobilə çox ciddi ziyan dəymişdir. Lakin, iddiaçı tərəfindən bu ziyanın əmələ gəlməsi əsasları barədə heç sübut təqdim edilməmişdir. Bu cür ziyan adətən yol nəqliyyat hadisələri zamanı yaranır. Lakin, belə bir hadisənin olması ilə iddiaçı tərəfindən heç bir rəsmi sənəd əlavə edilməmişdir. Belə anlaşılır ki, iddiaçının ehtimalına görə belə ziyan lizinq verənin hərəkəti nəticəsində yaranmışdır. Buna da iddiaçı özünün sifarişi əsasında əldə etdiyi “Autostar Kaukasus GmbH Azərbaycan” MMC-nin qüsur aktına əsasən müəyyənləşdirmişdir. Bildiyiniz kimi bu cür sübutlar mötəbər hesab edilə bilməz və birtərəfli xarakter daşıyır. Nəzərə alınsa ki, məhkəmənin özünün müvafiq ekspertiza təyin etmək hüququ var o zaman bu ziyanın həqiqətən nə zaman vurulması və hansı həcmdə vurulması peşəkar ekspetiza rəyi ilə təsdiq edilməli idi. Buna görə burada hesab edirlər ki, ziyanın özünün vurulması faktı və əgər belə ziyan vurulubsa onun miqdarı və nə zaman vurulması ilə bağlı heç bir mötəbər sübut təqdim edilməmişdir. Apellyasiya şikayətinin təmin edilməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin Cavabdeh2 münasibətdə “dəymiş ziyana görə 123465 (bir yüz iyirmi üç min dörd yüz altmış beş) manat ödənilməsi” hissəsində ləğv edilməsini xahiş etdi.

23. İddiaçının nümayəndəsi (vəkil) apellyasiya şikayətinin dəlillərini əsassız hesab edərək, apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Əlavə olaraq, sədrlik edənin sualına cavab olaraq bildirmişdir ki, onlar bütün sübutlarını birinci instansiya məhkəməsində təqdim etmişlər. Bu işlə bağlı hər hansı bir əlavə sübutları yoxdur. Nəqliyyat vasitəsinin təhvil-təslim edilərkən akt tərtib olunmamışdır.

24. Cavabdeh1 məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar olunmasına baxmayaraq məhkəmə iclasında özünün və ya nümayəndəsinin iştirakını təmin etməmiş və bunun üzürlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə Cavabdeh1 iştirakı olmadan baxılmışdır.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikasının Mülki Məcəlləsi

25. Maddə 5.3. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar.

26. Maddə 16.1. Fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda suiistifadə edilməsinə yol verilmir.

27. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

28. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.

29. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.

30. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

31. Maddə 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur.

32. Maddə 445.1. İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır.

33. Maddə 445.2. Aşağıdakı hallar borclunun icranı gecikdirməsi sayılır: 445.2.1. öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi; 445.2.2. icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi.

34. Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.

35. Maddə 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz.

36. Maddə 460.1. Öhdəliklərin icrası girov, dəbbə pulu, borclunun əmlakının saxlanması, zaminlik, qarantiya, beh ilə və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər üsullarla təmin edilə bilər.

37. Maddə 462.1. Dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir.

38. Maddə 470.1. Zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür.

39. Maddə 472.1. Borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar.

40. Maddə 472.2. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır.

41. Maddə 747.1. Lizinq müqaviləsinə görə, lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur.

42. Maddə 748-1.1. Lizinq verən lizinq obyekti olan əmlakı lizinq alana lizinq müqaviləsinin şərtlərinə və həmin əmlakın təyinatına uyğun halda (vəziyyətdə) təqdim etməlidir.

43. Maddə 748-1.12. Lizinq verənin aşağıdakı hallarda pul məbləğlərini və lizinq obyektini mübahisəsiz geri almaq və bununla da lizinq müqaviləsini vaxtından əvvəl ləğv etmək hüququ vardır: 748-1.12.1. lizinq alanın lizinq obyektindən istifadə şəraiti lizinq müqaviləsinin şərtlərinə və ya lizinq obyektinin təyinatına uyğun deyilsə; 748-1.12.2. lizinq alan lizinq verənin icazəsi olmadan sublizinq həyata keçirirsə; 748-1.12.3. lizinq alan lizinq obyektini işlək halda saxlamırsa və bu da onun istehlak keyfiyyətlərini pisləşdirirsə; 748-1.12.4. lizinq alan lizinq obyektindən istifadə üçün haqqı müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmirsə.

44. Maddə 748-2.3. Lizinq verən bu Məcəllənin 748-1.11-ci maddəsində və lizinq müqaviləsində nəzərdə tutulmuş hallarda lizinq obyektini lizinq alanın sahibliyindən və istifadəsindən geri almaq hüququna malikdir.

45. Maddə 748-1.8. Lizinq müqaviləsinə xitam verildikdən sonra lizinq alan lizinq obyektini normal köhnəlmə (amortizasiya) və ya lizinq müqaviləsi ilə şərtlənən köhnəlmə nəzərə alınmaqla, lizinq verənə ondan aldığı vəziyyətdə (halda) qaytarmalıdır.

46. Maddə 748-7.1. Lizinq obyekti olan əmlakın zərərin bütün növlərindən qorunması, həmçinin onun məhv edilməsi, itirilməsi, korlanması, talanması, vaxtından əvvəl sıradan çıxması, quraşdırılması və ya istifadəsi zamanı buraxılan səhvlərdən və istismarı zamanı yol verilən risklərdən qorunması ilə bağlı məsuliyyəti, lizinq müqaviləsi ilə ayrı qayda nəzərdə tutulmayıbsa, lizinq obyektinin faktiki qəbulu anından lizinq alan daşıyır.

47. Maddə 748-10.1. Lizinq müqaviləsinin qüvvədə olduğu müddət ərzində həmin müqavilə üzrə ödənişlərin ümumi məbləği lizinq ödənişləri hesab edilir. Lizinq ödənişləri lizinq müqaviləsi üzrə lizinq alana verilmiş lizinq obyektindən istifadəyə görə onun tərəfindən lizinq verənin xeyrinə həyata keçirilən ödənişlərdir.

48. Maddə 748-10.4. Lizinq alanın lizinq ödənişlərinin verilməsi ilə bağlı öhdəlikləri, lizinq müqaviləsi ilə ayrı qayda nəzərdə tutulmayıbsa, lizinq alanın lizinq obyektindən istifadəyə başladığı vaxtdan qüvvəyə minir.

49. Maddə 750. Lizinq alanın təqsiri üzündən müqaviləyə vaxtından əvvəl xitam verildikdə lizinq verən icra ilə bağlı öz mənafelərinə aid olmayan tələbləri irəli sürə bilməz. Tələblər müəyyənləşdirilərkən lizinq əmlakının qalıq dəyəri, lizinq muzdu üzrə faizlərin qalığı və qənaət edilmiş digər xərclər nəzərə alınır.

Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi

50. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.

51. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

52. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

53. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

54. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

55. Maddə 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir.

56. Maddə 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır.

57. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.2. qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.

58. Maddə 385.1. Məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; 385.1.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi;

59. Maddə 388. Apellyasiya instansiyası məhkəməsində yeni sübutlar tədqiq edilərkən işin nəticəsinə təsir edən digər faktiki hallar müəyyən edilərsə, bu halda məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamış hesab edilir.

60. Maddə 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

Apellyasiya baxışının hədləri

61. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

62. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

63. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Kontitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli qərarında deyilir ki, “Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədlərini həmçinin dispozitivlik prinsipinin mahiyyətini təşkil edən “məhkəmə tərəflərin irəli sürdüyü tələblərdən kənara çıxmamalıdır” tələbi müəyyən edir. Bu tələb məhkəmənin qətnaməsindən şikayət verilməsi mərhələsində “nə qədər şikayət - o qədər qərar” qaydasına çevrilir”.

64. Bu baxımdan apellyasiya araşdırmasının hədləri araşdırılarkən müəyyən olunur ki, Cavabdeh2 qətnaməni “ondan 123465,26 manat ziyanın tutulması” hissəsində ləğv edilməsini xahiş edir. Ona görə də qətnamənin əsaslılığı yalnız Cavabdeh2 münasibətdə həmin hissə üzrə yoxlanılmışdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

65. Məhkəmə kollegiyası (bundan sonra – məhkəmə) ilkin olaraq qeyd edir ki, işə baxılan zaman birinci instansiya məhkəməsi tərəfindən Cavabdeh2 münasibətdə dəymiş ziyanla bağlı pulun tutulması hissəsində məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamış, müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan hallar sübut edilməmiş, qətnamədə göstərilmiş nəticələr işin hallarına uyğun gəlməmişdir.

66. Beləliklə, birinci instansiya məhkəməsi tərəfindən mübahisələndirilən hissədə maddi və prosessual hüquq normaları pozulmuş, bu da mübahisələndirilən hissədə əsassız qətnamənin qəbul edilməsi ilə nəticələnmişdir.

67. Belə ki, işin halları ondan ibarətdir ki, İddiaçı ASC ilə X7 arasında 06 mart 2020ci il tarixli 263/20 nömrəli daxili lizinq müqaviləsi bağlanmışdır. İddiaçı ASC ilə Cavabdeh1 arasında xx.xx.2022-ci il tarixdə öhdəliyin icrası ilə bağlı saziş bağlanmış, lizinq alan 06 mart 2020-ci il tarixli 263/20 nömrəli lizinq müqaviləsinin icrasını qəbul etmiş, həmin sazişə əsasən 07 iyun 2022-ci il tarixinə İddiaçı ASC-yə olan borcun 223695,95 manat təşkil etməsi, qeyd edilən məbləğdən 15282 manat ödədikdən sonra, M-263-4/22 müqaviləsinə əlavə olunmuş qrafik üzrə illik 12% hesablanmaqla hər ay 5488,34 manat olmaqla tam ödənilənədək lizinq obyektinin mülkiyyət hüququnun İddiaçı ASC-yə məxsus olması barədə tərəflər razılaşmışlar. Cavabdeh2 lizinq alanın Cavabdeh1 öhdəliklərinin tam həcmdə yerinə yetirilməsinə görə məsuliyyəti daşımaq öhdəliyini öz üzərinə götürmüşdür. 07 iyun 2022-ci il tarixdə MERCEDES BENZ S500 MAYBACH minik” markalı, WDD2229821A155963 ban nömrəli, qara metallik rəngli, buraxılış ili 2015-ci il olan avtomobil lizinq alana, yəni Cavabdeh1 təhvil verilmişdir.

68. Məhkəmənin qənaətinə görə tərəflər arasında yaranmış hüquq münasibətləri lizinq müqaviləsi üzrə yaranan mülki münasibətlərdir. Ona görə də işin hallarına lizinqlə bağlı qanunvericiliyin və tərəflər arasında bağlanmış lizinq müqaviləsinin müddəalarına əsasən hüquqi qiymət verilməlidir.

69. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.2.1-ci maddəsinə əsasən, qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biridir. Həmin Məcəllənin 386.1-ci maddəsinin tələbinə görə öhdəliyin əmələ gəlməsinin əsaslarından biri tərəflər arasında müqavilənin olmasıdır.

70. Bu baxımdan tərəflər arasında bağlanmış və yuxarıda göstərilən lizinq müqaviləsi iddia tələbi üzrə cavabdehin hüquq və öhdəliklərinin yaranması üçün Mülki Məcəllənin 14.2.1 və 386.1-ci maddələrində göstərilən hüquqi əsasları təşkil edir.

71. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 747.1-ci maddəsində lizinq müqaviləsinin anlayışı müəyyən edilərək göstərilir ki, lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur.

72. İddia tələbinin yuxarıda göstərilən hüquqi əsaslarının mübahisəyə tətbiq edilməsi üçün məhkəmə ilk növbədə müqavilə üzrə öhdəliklərin lizinq alan tərəfindən lazımi qaydada icra edilməməsinin səbəbini araşdıraraq hesab edir ki, onun tərəfindən ödəniş aparılmaması hər hansı qarşısıalınmaz qüvvənin təsiri altında yaranmış halla bağlı deyildir.

73. İş materialları ilə müəyyən edilir ki, lizinqalan tərəfindən müqavilə üzrə ödənişlər mütəmadi olaraq edilməmiş, eyni zamanda edilmiş xəbərdarlığa məhəl qoyulmamışdır. Bu səbəbdən isə lizinqverənin lizinq obyektini geri qaytarmaq və geri qalan borcu tələb etmək hüququ yaranmışdır.

74. Zaminə qarşı tələbin hüquqi əsasları ilə bağlı qeyd olunmalıdır ki, mülki dövriyyənin müdafiəsi məqsədilə qanunverici tərəfindən dispozitiv xarakter daşıyan MM-in 460.1-ci maddəsində öhdəliklərin icrasının təmin edilməsinə yönələn xüsusi üsullar müəyyən edilmişdir. Həmin maddəyə əsasən öhdəliklərin icrası girov, dəbbə pulu, borclunun əmlakının saxlanması, zaminlik, qarantiya, beh ilə və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər üsullarla təmin edilə bilər. Sadalanan eyni hüquqi təyinatlı üsullar əsas müqavilələrdən irəli gəlir, mahiyyət və tətbiqi qaydalarına görə isə fərqlənirlər. Kreditor və borclu arasında bağlanan müqavilədən irəli gələn öhdəliklərin icrasını təmin edən zaminlik müqaviləsi aksessor xarakter daşıyır. Zaminliyin aksessor xarakteri ondan ibarətdir ki, zaminlik müqaviləsi icra edilməyən və ya lazımınca icra edilməyən əsas öhdəliyin icrasını təmin etmək məqsədi ilə borclunun öhdəliyinə əlavə kimi çıxış edir.

75. Əsas öhdəliyin icrasının təmin edilməsi üsullarından biri olan zaminlik münasibətləri Mülki Məcəllənin 470-477-ci maddələri ilə tənzimlənir. Mülki Məcəllənin 470ci maddəsinə görə zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür.

76. Birinci instansiya məhkəməsi zaminə qarşı iddia tələbini təmin edərkən lizinq alan öhdəliklərini icra etmədiyindən və onunla birgə məsuliyyət daşımasına əsaslanmışdır.

77. Mülki Məcəllənin mülki hüquqların və vəzifələrin əmələ gəlməsindən bəhs edən 2-ci fəslinin 14.2.1-ci maddəsinə görə qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr (əmək müqavilələri istisna olmaqla) və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biridir.

78. İddia tələbinin kökündə tələb etmənin əsası zaminlik müqaviləsi dayanır. Məhz iddiaçı lizinq verən həmin müqaviləni rəhbər tutaraq hazırda cavabdehlərdən dəymiş ziyan məbləğini tələb edir və əsas kimi göstərir ki, zamin əsas öhdəliyə dair üzərinə düşən öhdəlikləri icra etməmişdir. Məhkəmə bununla bağlı aşağıdakıları göstərməyi zəruri hesab edir.

79. Qeyd olunmalıdır ki, mülki münasibətlərdə hüquq və vəzifələrin əmələ gəlməsi, bir qayda olaraq, müqavilələrlə (əqdlərlə) bağlıdır. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Müqavilənin bağlanması üçün tərəflərin razılaşdırılmış iradə ifadəsi olmalıdır.

80. Hər kəs müqavilə bağlamaqda müstəqildir və müqavilə azadlığı mülki qanunvericiliyin əsas prinsiplərindən biridir (Mülki Məcəllənin 6-cı maddəsi). Həmin prinsip mülki hüquq subyektlərinə müstəqil olaraq, heç kəsin iradəsindən asılı olmadan öz mülahizə və istəklərinə görə mənafelərini nəzərə almaqla müqavilə bağlamaq imkanı verir.

81. Mülki Məcəllənin “Müqavilə hüququ” adlanan 20-ci fəslinin məqsədi müqavilə hüquq münasibətlərinə girən tərəflərin sərbəst iradə ifadəsi və bərabərliyi prinsiplərinə riayət etməklə və onların müqavilə maraqlarını qorumaqla mülki dövriyyənin azadlığını təmin etməkdir.

82. Mülki Məcəllənin 390.1-ci maddəsinin məzmununa görə, fiziki və hüquqi şəxslər müqavilə əsasında öz hüquq və vəzifələrinin, həmçinin müqavilənin qanuna zidd olmayan istənilən şərtinin müəyyən edilməsində sərbəstdirlər.

83. Mülki qanunvericilikdə müqavilə hüququnun əsasını təşkil edən müqavilə azadlığı prinsipi ilə yanaşı, bağlanan müqavilələrin ümumi şərtlərini (müqavilənin növlərini və formasını, onun standart şərtlərini, dəyişdirilməsinin və ləğv edilməsinin əsaslarını və s.), o cümlədən bağlanmış müqavilənin qüvvəsini tənzimləyən bir sıra müddəalar nəzərdə tutulmuşdur.

84. Müqavilə münasibətlərində tərəflər bərabər hüquq və vəzifələrə malik olmaqla balanslaşdırılmış ortaq maraqdan çıxış edir. Həmin müqaviləni bağlayan şəxslərin iqtisadi marağı onda ifadə olunur ki, bir tərəf lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyi nəzərdə tutur. Müqavilənin mahiyyəti onda ifadə olunur ki, belə razılaşmada hər iki tərəfin mənafeyi qorunur.

85. Mülki qanunvericilik müqavilə şərtlərinin məcburiliyini və icra edilməli olduğunu təsbit edir. Bu prinsipə görə, bağlanmış müqavilələr onlarda göstərilən və tərəflərin razılığa gəldikləri şərtlər əsasında da icra edilir. Həmin prinsip müəyyən edir ki, müqavilə qüvvəyə mindiyi andan tərəflər üçün məcburi xarakterə malik olur və onun şərtləri, bir qayda olaraq, dəyişdirilmir. Bu, mülki dövriyyənin sabitliyini, möhkəmliyini və dayanıqlığını təmin edir. Eyni zamanda, mülki qanunvericilik müqavilənin qüvvədə olduğu müddət ərzində dəyişdirilməsinin və ləğv edilməsinin mümkünlüyünü nəzərdə tutur.

86. Məhkəmə qeyd edir ki, Cavabdeh2 münasibətdə lizinq verənlə arasında öhdəlik hüquq münasibətləri yaranması üçün zaminlik müqaviləsinin bağlanması şərtdir. Çünki, məhz müqavilə bağlanacağı halda iddia tələbi üzrə cavabdehə lizinq alanın üzərinə götürdüyü məsuliyyətlə bağlı öhdəliyi yaranmış olacaqdı. Nəzərə almaq lazımdır ki, öhdəlik hüquq münasibətlərinin əmələ gəlmə əsasları dedikdə öhdəliyin əmələ gəlməsini şərtləndirən, onun yaranmasına dəlalət edən, qanunda nəzərdə tutulan və qanunun əlaqələndirdiyi hüquqi faktlar başa düşülür. Yəni, öhdəliklər hüquqi faktlar əsasında meydana gəlir. Öhdəliyin əmələ gəlməsini şərtləndirən hüquqi faktların dairəsi geniş olsa da, ən genişi müqavilə olmasıdır.

87. Tərəflər arasında bağlanmış zaminlik müqaviləsinin 1.1-ci bəndinə görə, “zamin Lizing verən qarşısında Lizinq alanın 7 İyun 2022-ci il tarixli 263-4/22 saylı illik 12% (on iki) faiz 208413,95 (İki yüz səkkiz min dörd yüz on üç manat, 95 qəp) AZN məbləği, hər ay 5488,34 (beş min dörd yüz səksən səkkiz manat, 34qəp) AZN olmaqla 48 ay müddətinə daxili maliyə lizinqi müqaviləsi (bundan sonra “Lizinq müqaviləsi”) üzrə öhdəliklərinin tam həcmdə yerinə yetirilməsinə görə məsuliyyəti daşımaq öhdəliyini öz üzərinə götürür”.

88. Eyni zamanda zaminlik müqaviləsinin 2.1 və 2.2-ci bəndlərinə əsaən, zamin lizinq alanın lizinq verən qarşısında lizinq müqaviləsinin tam və keyfiyyətli icrası üçün məsuliyyət daşıyır. Zamin lizinq alanın lizinq müqaviləsi üzrə öhdəliklərinin yerinə yetirmədiyi və ya lazımınca yerinə yertirmədiyinin nəticəsində əmələ gələn faizlərin, dəbbə pulunun, borc tutulması üzrə məhkəmə xərclərinin və bununla bağlı digər zərərin əvəzinin ödənilməsinə görə lizinq verən qarşısında lizinq alan ilə eyni həcmdə məsuliyyət daşıyır.

89. Məhkəmə qeyd edir ki, hazırda iddiaçı məhz zaminlik müqaviləsinin müvafiq maddələrinə istinadən avtomobilə dəymiş zərərin cavabdeh – zamindən tutulmasını xahiş edir. Halbuki, zaminlik müqaviləsinin müvafiq bəndində konkret göstərilən hallar arasında zaminin lizinq predmetinə dəymiş zərər üzrə lizinq verən qarşısında məsuliyyət daşıması halı müəyyən edilməmişdir. Zaminlik müqaviləsində öz əksini tapan əsas şərtlər aydın müəyyən olunmalı, digər müqaviləyə istinadı mücərrəd olmamalı, zaminin sonradan əmələ gələcək öhdəliyə görə məsuliyyətinin həcmini müəyyən etməyə imkan verən hallar mühüm şərtlər hesab edildiyindən dəqiq göstərilməlidir. Belə ki, zaminin imzaladığı müqavilədə nəzərdə tutulmuş şərtlər çərçivəsində məsuliyyət daşımalı olması ilə bağlıdır. Zamin müqavilə münasibətlərindən irəli gəlməyən əsaslarla məsuliyyət daşıya bilər, lakin bu kimi hallar zaminin məsuliyyətini artıran hallar kimi zaminlik müqaviləsində aydın şəkildə qeyd edilməlidir.

90. Azərbaycan Respublikasının tərəfdar olduğu İnsan Hüquqları və X6 X2 (AİHK) 1 saylı Protokolunun 1-ci maddəsi mülkiyyət hüququnu qoruyur və müqavilə azadlığını təmin edir.

91. İnsan Hüquqları və X6 X5 “Bäck v. Finlandiya” qarşı iş üzrə xx.xx.2004-cü il tarixli qərarında qeyd etmişdir ki, müqavilə azadlığı hüququ çərçivəsində tərəflər yalnız razılaşdıqları şərtlər üzrə öhdəlik daşıya bilərlər. Müqavilə azadlığı hüququnun qorunması mülkiyyət hüququnun bir hissəsidir. Əgər, müqavilə bağlayan tərəflər konkret şərtlər üzərində razılığa gəliblərsə, dövlət bu şərtləri birtərəfli şəkildə dəyişməməlidir və ya tərəflərdən birini əlavə öhdəliklər daşımağa məcbur etməməlidir.

92. X10 Konvensiyasının (AİHK) 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən, mülkiyyət hüququna müdaxilə yalnız qanuni, zəruri və proporsional olmalıdır.

93. İnsan Hüquqları və X6 X5 “Sovtransavto Holding v. Ukrayna” qarşı iş üzrə xx.xx.2002-ci il tarixli qərarında qeyd etmişdir ki, dövlət məhkəmələri müqavilə şərtlərinə müdaxilə etmədən, yalnız müqavilədə nəzərdə tutulmuş öhdəliklər çərçivəsində qərar qəbul etməlidir.

94. Bu baxımdan, zamin yalnız müqavilədə nəzərdə tutulmuş öhdəliklər çərçivəsində məsuliyyət daşıya bilər və əlavə öhdəliklərin ona aid edilməsi Avropa Konvensiyasının müqavilə azadlığı prinsipinə ziddir.

95. Hazırki mübahisə üzrə dəymiş zərərin tutulmasına dair iddianın hüquqi əsası Mülki Məcəllənin 21-ci (Zərərin əvəzinin ödənilməsi) maddəsi və 59-cu Fəsli (Mülki hüquq pozuntuları (deliktlər)) təşkil edir ki, zaminlik müqaviləsində zaminin bu halların baş verməsi nəticəsində məsuliyyətinə dair öhdəlik müəyyən edilməmişdir.

96. Belə ki, zamin, müqavilənin 2.1 və 2.2-ci bənlərində belə yalnız lizinq alanın lizinq verən qarşısında lizinq müqaviləsinin tam və keyfiyyətli icrası üçün, o cümlədən lizinq alanın lizinq müqaviləsi üzrə öhdəliklərinin yerinə yetirmədiyi və ya lazımınca yerinə yertirmədiyinin nəticəsində əmələ gələn faizlərin, dəbbə pulunun, borc tutulması üzrə məhkəmə xərclərinin və bununla bağlı digər zərərin əvəzinin ödənilməsinə görə lizinq verən qarşısında lizinq alan ilə eyni həcmdə məsuliyyət daşıyır.

97. Müqavilənin mənasına görə “borc tutulması üzrə məhkəmə xərclərinin və bununla bağlı digər zərərin əvəzinin ödənilməsi” dedikdə isə borcun qaytarılması ilə bağlı lizinq verənin məhkəməyə müraciət edəcəyi təqdirdə əmələ gəlmiş zərərin tutulmasını ehtiva edir ki, çüqavilə şərtlərinə əsasən dəymiş zərərin ödənilməsi ilə bağlı zaminin məsuliyyətini müəyyən edən müqavilə şərti mövcud deyildir.

98. Göründüyü kimi, tərəflər yalnız öz razılaşdıqları şərtlər üzrə məsuliyyət daşıyırlar və məhkəmə və ya digər dövlət orqanları əlavə məsuliyyət yükləyə bilməzlər. Zamin yalnız müqavilədə açıq şəkildə nəzərdə tutulmuş borclar üçün cavabdehdir, əlavə öhdəliklər isə onun üzərinə qoyula bilməz. Azərbaycan Mülki Məcəlləsinin müqavilə azadlığı prinsipi və Avropa Konvensiyasının presedent hüququ əsasında, zaminlik müqaviləsində göstərilməmiş məsuliyyətlərin məhkəmə tərəfindən yüklənməsi hüquqi baxımdan əsassızdır.

99. Bununla paralel məhkəmə qeyd edir ki, lizinq predmetinin lizinq alanın istifadəsində olan zaman ona zərərin dəyməsinə dair sübutlar mövcud deyildir. Belə ki, lizinq predmeti təhvil alınarkən bununla bağlı təhvil-təslim aktı tərtib edilməmiş, nəqliyyat vasitəsinin qəzaya uğraması nəticəsində ona zərərin dəyməsinə dair sübutlar mövcud deyildir. Cavabdeh apellyasiya şikayətində nəqliyyat vasitəsinin saz vəziyyətdə təhvil verildiyini iddia edir, iddiaçı tərəf isə təhvil-təslim aktının tərtib olunmadılğını bildirir.

100. Azərbaycan Respublikasının Konstitusiyasının 125-ci maddəsinin Vİİ bəndində göstərilmişdir ki, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir.

101. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu «S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-nın xx.xx.2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 31 may 2006-cı il tarixli qərarında göstərmişdir ki, “mülki-prosessual qanunvericiliyin göstərilən müddəalarından irəli gələrək məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır”.

102. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2006-cı il tarixli Qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir.

103. Avropa İnsan Hüquqları Məhkəməsi “Oferta Plus S.R.L. Moldovaya qarşı” 19 dekabr 2006-cı il tarixli qərarında xatırlatmışdır ki, Konvensiyasının 6-cı maddəsinin 1-ci bəndi məhkəmələrin üzərinə öz qərarlarını əsaslandırmaq vəzifəsini qoyur (96-cı bənd).

104. Məhkəmə qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apellyasiya şikayəti təmin olunmalı, birinci instansiya məhkəməsinin qətnaməsi Cavabdeh2 münasibətdə dəymiş ziyana görə pulun tutulması hissəsində ləğv edilərək iddia həmin hissədə rədd edilməlidir.

105. Məhkəmə həmçinin qeyd edir ki, Mülki Prosessual Məcəllənin 402.1-ci maddəsinin tələbinə görə hazırki qətnamədən iddiaçı tərəfindən kassasiya şikayəti verilə bilər.

106. Yuxarda göstərilənlərə əsasən, Azərbaycan Respublikasının Mülki Posessual Məcəlləsinin 10-1, 372.1, 382, 384.0.2, 388, 392, 393, 402, 404, 404 və 405- 407-ci maddələrini rəhbər tutaraq, məhkəmə

qət etdi: Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(115)-824/2024 nömrəli qətnaməsi qismən, mübahisələndirilən “dəymiş ziyana görə 123465,26 manat pulun Cavabdeh2 tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi” hissəsində ləğv edilsin. İddia tələbi mübahisələndirilən dəymiş ziyana görə 123465,26 manat pulun Cavabdeh2 tutulması hissəsində rədd edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar