Məhkəmə qərarları › İş №2-2(104)-293/2025

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(104)-293/2025

03.02.2026 · Xususi icraat - Vergi ödəyicisi olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında işlər üzrə icraat (xüsusi icraat)
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2-2(104)-293/2025 03.02.2026 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Ərizəçi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 12 saylı Ərazi Vergilər Baş İdarəsinin Maraqlı şəxs qarşı mülki iş üzrə Açar sözlər: vergi borcu; sərbəst hərəkət etmək hüququnun müvəqqəti məhdudlaşdırılması; mütənasiblik prinsipi Hakimlər Həsənov İslam Telman oğlu (sədrlik edən və məruzəçi), Rzaquliyev Şamil Qəhrəman oğlu və Məcidov Rüfət Azadəli oğlundan ibarət tərkibdə, Kərimova Cəmilə Əbülfət qızının katibliyi, Ərizəçi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 12 saylı Ərazi Vergilər Baş İdarəsinin etibarnamə üzrə nümayəndəsi X1 iştirakı ilə, Ərizəçi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 12 saylı Ərazi Vergilər Baş İdarəsinin Maraqlı şəxs qarşı ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə ərizəsinə dair iş üzrə Gəncə Kommersiya Məhkəməsinin 02 dekabr 2025-ci il tarixli 2-2(115)-2708/2025 nömrəli qətnaməsindən ərizəçi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 12 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən verilmiş apellyasiya şikayətinə məhkəmə kollegiyası 03 fevral 2026-cı il tarixdə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. Vergi ödəyicisi olan Maraqlı şəxs (VÖEN: **********) Dövlət Sosial Müdafiə Fonduna 8,68 manat, İcbari Tibbi Sığorta Fonduna 2,01 manat, dövlət büdcəsinə 21904,82 manat məbləğində (o cümlədən, vergilər üzrə 17456,64 manat, faizlər üzrə 4448,18 manat) olmaqla, ümumilikdə 21915,51 manat məbləğində borcu yaranmışdır.

2. Borcun ödənilməsi təmin edilmədiyindən ərizəçi hazırkı tələblə məhkəməyə müraciət edərək ərizəsini onunla əsaslandırmışdır ki, vergi öhdəliklərini Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədiyi üçün xx.xx.2025-ci il tarixə vergi ödəyicisi olan Maraqlı şəxs (VÖEN: **********) Dövlət Sosial Müdafiə Fonduna 8,68 manat, İcbari Tibbi Sığorta Fonduna 2,01 manat, dövlət büdcəsinə 21904,82 manat məbləğində (o cümlədən, vergilər üzrə 17456,64 manat, faizlər üzrə 4448,18 manat) olmaqla, ümumilikdə 21915,51 manat borcu vardır. Yaranmış borc məbləğinin 5 gün ərzində dövlət büdcəsinə və müvafiq fonda ödənilməsi məqsədi ilə vergi ödəyicisinə Vergi Məcəlləsinin 65-ci maddəsinə əsasən bildirişlər göndərilmiş, lakin vergi ödəyicisi yaranmış borc məbləğlərini ödəməmişdir.

a) İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat

3. Ərizəçi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 12 saylı Ərazi Vergilər Baş İdarəsi Maraqlı şəxs qarşı ərizə ilə məhkəməyə müraciət edərək, vergi ödəyicisi olan fiziki şəxs tərəfindən dövlət büdcəsinə olan ümumilikdə 21904,82 manat, Dövlət Sosial Müdafiə Fonduna olan 8,68 manat, İcbari Tibbi Sığorta Fonduna olan 2,01 manat məbləğində borcun ödənilməsini təmin etmək üçün Maraqlı şəxs barəsində (doğulduğu tarix - xx xxxxxx 1985-ci il, Doğulduğu yer - RUSİYA FEDERASİYASİ,, Şəxsiyyəti təsdiq edən sənədin FİN nömrəsi - xxxxxxx, şəxsiyyət vəsiqəsinin seriya və nömrəsi AZE0*******) ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

4. Ərizə onunla əsaslandırılmışdır ki, vergi öhdəliklərini Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədiyi üçün xx.xx.2025-ci il tarixə vergi ödəyicisi olan Maraqlı şəxs (VÖEN: **********) Dövlət Sosial Müdafiə Fonduna 8,68 manat, İcbari Tibbi Sığorta Fonduna 2,01 manat, dövlət büdcəsinə 21904,82 manat məbləğində (o cümlədən, vergilər üzrə 17456,64 manat, faizlər üzrə 4448,18 manat) olmaqla, ümumilikdə 21915,51 manat borcu vardır. Yaranmış borc məbləğinin 5 gün ərzində dövlət büdcəsinə və müvafiq fonda ödənilməsi məqsədi ilə vergi ödəyicisinə Vergi Məcəlləsinin 65-ci maddəsinə əsasən xx.xx.2025-ci il tarixli **********562100, xx.xx.2025-ci il tarixli **********918600, xx.xx.2025-ci il tarixli **********071400 nömrəli bildirişlər göndərilmiş, lakin vergi ödəyicisi yaranmış borc məbləğini ödəməmişdir.

5. Gəncə Kommersiya Məhkəməsinin 02 dekabr 2025-ci il tarixli 2-2(115)-2708/2025 nömrəli qətnaməsi ilə (hakim Ramiq Qələndərzadə) ərizəçi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 12 saylı Ərazi Vergilər Baş İdarəsinin Maraqlı şəxs qarşı ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması tələbinə dair ərizəsinin rədd edilməsi qət edilmişdir.

6. Məhkəmə həmin nəticəyə gələrkən Azərbaycan Respublikasının Konstitusiyasının 27, 41, 60 və 73-cü maddələrinə, Vergi Məcəlləsinin 1.4, 16.1.1, 23.1.15-3, 77.1 və 78.1-ci maddələrinə, “Sosial sığorta haqqında” Qanunun 10-cu maddəsinə, “Tibbi sığorta haqqında” Qanunun 15-5.2.2-ci maddəsinə, “İşsizlikdən sığorta haqqında” Qanunun 6.2 və 6.2.3-cü maddələrinə, habelə Mülki Prosessual Məcəllənin 355-5.1, 355-5.2, 355-7.3 və 355-7.4-cü maddələrinə istinad etmişdir.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri b) Apellyasiya şikayətinin dəlilləri

7. Ərizəçi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 12 saylı Ərazi Vergilər Baş İdarəsi apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və ərizənin təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

8. Ərizəçi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 12 saylı Ərazi Vergilər Baş İdarəsi apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmışdır. İş üzrə hərtərəfli, tam və obyektiv araşdırma aparılmamış və işin faktiki hallarına düzgün hüquqi qiymət verilməmişdir. Belə ki, 12 saylı Ərazi Vergilər Baş İdarəsində vergi ödəyicisi kimi qeydiyyatda olan fiziki şəxs Maraqlı şəxs (VÖEN: **********) Dövlət Sosial Müdafiə Fonduna 8.68 manat, İcbari Tibbi Sığorta Fonduna 2.01 manat, dövlət büdcəsinə 21904.82 manat olmaqla, ümumilikdə 21915.51 manat borcu vardır. Yaranmış borc məbləğinin 5 gün ərzində müvafiq fondlara və dövlət büdcəsinə ödənilməsi məqsədi ilə vergi ödəyicisinə Vergi Məcəlləsinin 65-ci maddəsinə əsasən borc bildirişi və “Ölkədən getmək hüququnun müəvəqqəti məhdudlaşdırılması haqqında” xəbərdarlıq məktubu göndərilmiş, lakin vergi ödəyicisi yaranmış borc məbləğini ödəməmişdir. Bu baxımdan həmin şəxsin vergi öhdəliyinin yerinə yetirilməsinin üsulu kimi onun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması tələbi ilə məhkəməyə müraciət edilmişdir. Məhkəmə ərizəni təmin etməməklə Maraqlı şəxs vergi öhdəliyinin yerinə yetirilməsi ilə bağlı qanunla müəyyən edilmiş vəzifəsinin icrasından yayınmasına şərait yaratmışdır. Məhkəmə ərizəni təmin etməməklə qanunvericiliklə vergi orqanlarına verilmiş vergi ödəyicisinin vergi öhdəliyinin icrası üsulu olan maraqlı şəxslərin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması ilə bağlı hüquqi imkanlarını səmərəsiz etmişdir. Vergi Məcəlləsinin 77.1 və 78.1-ci maddələri, həmçinin “Sosial sığorta haqqında” Qanunun 10 və 14.6-cı maddələri, “Tibbi sığorta haqqında” Qanunun 15-5.2.2-ci maddələrinin tətbiqi baxımdan qeyd edilməlidir ki, maraqlı şəxs qanunvericiliklə nəzərdə tutulmuş müddətdə mövcud öhdəliyini icra etməmişdir. Borc bildirişlərinin göndərilməsinə baxmayaraq vergi borcu ödənilməmişdir. Halbuki, qanuni şəkildə vergiləri, o cümlədən digər icbari ödənişləri ödəmək hər bir kəsin əsas konstitusiya borcudur. Vergi ödəyicisi qanunla nəzərdə tutulmuş qaydada dövlətin xəzinəsinə müəyyən pul məbləği şəklində ödənilməli olan əmlakının müəyyən hissəsinə dair öz mülahizələrinə uyğun sərəncam verə bilməz və bu məbləği mütəmadi olaraq dövlətin xeyrinə keçirməyə borcludur. Əks təqdirdə dövlətin, həmçinin digər şəxslərin hüquqları və qanunla qorunan maraqları pozulmuş olar. Vergi qanunvericiliyində əks olunmuş müddəalar vergi öhdəliyinin icrasının məcburiliyindən bəhs edir. Qanunverici vergi öhdəliyinin icrasını istisna edən halları müəyyən etməmişdir. Bu baxımdan müvafiq qaydada vergi öhdəliyi mövcud olan vergi ödəyicisinin vəzifəsi qanunla müəyyən olunmuş müddətdə vergi öhdəliyinin yerinə yetirilməsindən ibarətdir. Hazırkı işdə maraqlı şəxs olan Maraqlı şəxs şəxsi hesab vərəqəsindən görünür ki, onun tərəfindən sonuncu ödəniş xx.xx.2025-ci il tarixdə olmuşdur. Həmçinin nəzərə alınmalı digər məqam ondan ibarətdir ki, borc məbləği vergi ödəyicisinin özünün vergi orqanına təqdim etdiyi cari bəyannamə əsasında yaranmışdır.

c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

9. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

d) Məhkəmə icraatı iştirakçılarının izahatı

10. Məhkəmə iclasında ərizəçi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 12 saylı Ərazi Vergilər Baş İdarəsinin etibarnamə üzrə nümayəndəsi X2 apellyasiya şikayətini müdafiə edərək izahatında bildirmişdir ki, maraqlı şəxsin 20000 manatdan artıq vergi borcu var. Gəncə Birinci instansiya məhkəməsi şəxsin xəstəliyini əsas gətirərək ərizəni təmin etməmişdir. Ancaq vergi borcunu vaxtında ödəmək hər kəsin borcudur. Nümayəndə sonda məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir.

11. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, maraqlı şəxs məhkəmə iclasına gəlməmiş, eləcə də gəlməməsinin səbəbi və mümkünsüzlüyü barədə məlumat verməmişdir. Bu səbəbdən də, məhkəmə kollegiyası işə baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası

12. Maddə 73. Qanunla müəyyən edilmiş vergiləri və başqa dövlət ödənişlərini tam həcmdə və vaxtında ödəmək hər kəsin borcudur.

Azərbaycan Respublikasının Vergi Məcəlləsi

13. Maddə 16.1.1. Qanunla müəyyən edilmiş vergiləri, habelə bu Məcəllə ilə müəyyən edilmiş qaydada hesablanmış faizləri, tətbiq edilmiş maliyyə sanksiyalarını və digər məcburi ödənişləri ödəmək vergi ödəyicisinin vəzifəsidir.

14. Maddə 23.1.15-3. Vergi ödəyicisi vergi öhdəliyini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə, hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üsulu kimi vergi ödəyicisi olan fiziki şəxsin və ya hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması üçün məhkəməyə müraciət etmək vergi orqanının hüququdur.

15. Maddə 65.1. Vergi ödəyicisi vergi öhdəliyini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə vergi orqanı bu Məcəlləyə müvafiq olaraq hesablanmış və ya yenidən hesablanmış vergilərin, faizlərin və tətbiq edilmiş maliyyə sanksiyalarının 5 gün müddətində ödənilməsinə dair vergi ödəyicisinə bildiriş göndərir.

16. Maddə 65.2. Bu Məcəllənin 65.2.1.1-ci və 65.2.1.4-cü maddələrində nəzərdə tutulan hallar istisna olmaqla digər hallarda vergi orqanının hesabladığı və ya yenidən hesabladığı vergilər, faizlər və ya tətbiq etdiyi maliyyə sanksiyaları üzrə vergi orqanı vergi ödəyicisinin milli və ya xarici valyutada cari və ya digər hesablarında borc məbləğinin 105 faizi həcmində pul vəsaitinin məxaric əməliyyatları üzrə dondurulması haqqında kredit və ya elektron pul təşkilatına və ya bank əməliyyatları aparan şəxsə icra sənədi olan sərəncam verir.

17. Maddə 77.1. Vergi ödəyicisinin bu Məcəllədə göstərilən hallarda və qaydada müəyyən edilən vergini (o cümlədən cari vergi ödəmələrini), hesablanmış faizləri və tətbiq edilmiş maliyyə sanksiyalarını ödəmək vəzifəsi onun vergi öhdəliyi hesab olunur. 18 Maddə 77.3. Vergi ödəyicisi vergi qanunvericiliyinin tələblərinə uyğun olaraq verginin ödənilməsini nəzərdə tutan şəraitin yarandığı andan vergi öhdəliklərinin yerinə yetirilməsi üçün cavabdehdir.

19. Maddə 78.1 Vergi öhdəliklərinin yerinə yetirilməsi ödənilməli olan vergilərin (o cümlədən cari vergi ödəmələrinin), hesablanmış faizlərin və tətbiq edilmiş maliyyə sanksiyalarının müəyyən edilmiş müddətlərdə və qaydada ödənilməsidir. Vergi ödəyicisinin hesablarında və ya kassasında vəsaitin, habelə onun əmlakının olubolmamasından asılı olmayaraq vergi öhdəliklərinin yerinə yetirilməsi məcburidir.

“Sosial sığorta haqqında” Azərbaycan Respublikası Qanunu

20. Maddə 10. Müəyyən edilmiş müddət daxilində sosial sığorta haqqını sığortaçıya ödəmək sığortaedənlərin vəzifələridir.

“Tibbi sığorta haqqında” Azərbaycan Respublikasının Qanunu

21. Maddə 15-5.2.2. Sığorta haqlarını vaxtında və tam həcmdə ödəmək icbari tibbi sığorta üzrə sığortalıların vəzifəsidir.

“İşsizlikdən sığorta haqqında” Azərbaycan Respublikası Qanunu

22. Maddə 6.2.2 və 6.2.3. İşçilərini işsizlikdən sığorta etdirmək və “İşsizlikdən sığorta” haqqında Qanunu ilə müəyyən edilmiş qaydada, məbləğdə və vaxtda sığorta haqqını sığortaçıya ödəmək sığortaedənin vəzifəsidir.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

23. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. bunun üçün məhkəmə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

24. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

25. Maddə 217.3 Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

26. Maddə 305.1.12. Məhkəmə xüsusi icraat qaydasında vergi ödəyicisi və ya sığortaedən olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında işlərə baxır

27. Maddə 355-5.1. Vergi ödəyicisi və ya sığortaedən vergi, məcburi dövlət sosial sığorta, icbari tibbi sığorta və işsizlikdən sığorta haqları üzrə öhdəliyini qanunla müəyyən edilmiş hallarda və müddətlərdə yerinə yetirmədikdə, hesablanmış vergilər, məcburi dövlət sosial sığorta, icbari tibbi sığorta və işsizlikdən sığorta haqları üzrə borcların və faizlərin, vergilər və məcburi dövlət sosial sığorta haqları üzrə tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə məhkəməyə müraciət etmək hüququna malikdir.

28. Maddə 355-6. Vergi ödəyicisi və ya sığortaedən olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında ərizədə məhdudlaşdırmaya əsas olan hallar qeyd olunmalı və ərizəçinin xahişi göstərilməlidir.

29. Maddə 355-7.1. Vergi ödəyicisi və ya sığortaedən olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında ərizə məhkəməyə təqdim olunduqdan sonra məhkəmə tərəfindən 10 gün müddətinə baxılır.

30. Maddə 355-7.2. Məhkəmə ərizəyə baxılması barədə işdə maraqlı olan şəxslərə məlumat verməlidir. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş işdə maraqlı olan şəxslərin məhkəmə iclasına gəlməməsi işə baxılmasına mane olmur. Lakin işdə maraqlı olan şəxslər üzrlü səbəblərdən gəlmədiyi hallarda məhkəmə işin baxılmasını təxirə salır.

31. Maddə 355-7.3. İşə mahiyyəti üzrə baxan hakim ərizənin rədd edilməsi və ya təmin edilməsi barədə qətnamə qəbul edir.

32. Maddə 355-7.4. Vergi ödəyicisi və ya sığortaedən olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında qətnamə qəbul edildikdən dərhal sonra qüvvəyə minir və qətnamədən şikayətin verilməsi onun icrasını dayandırmır.

33. Maddə 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.

34. Maddə 385.1.1. Maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır.

Apellyasiya baxışının hədləri

35. MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

36. MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

37. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi xahiş edildiyi üçün apellyasiya baxışının hədlərini qətnamənin qanuniliyinin və əsaslılığının tam şəkildə yoxlanılması təşkil edir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

38. Məhkəmə kollegiyası işin hallarına dair məruzəçi hakimin məruzəsini dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb, işin hallarına tətbiq edilməli olan qanunvericiliyə əsasən hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, baxılan iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi tamamilə ləğv edilməli və yeni qətnamə qəbul edilməli, ərizə təmin edilməli, vergi ödəyicisi olan Maraqlı şəxs (VÖEN: **********) dövlət büdcəsinə olan ümumilikdə 21915,51 manat vergi borcu ödənilənədək Maraqlı şəxs (şəxsiyyəti təsdiq edən sənədin FİN nömrəsi – xxxxxxx, şəxsiyyət vəsiqəsinin nömrəsi AA2978750) ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmalıdır.

39. Məhkəmə kollegiyası MPM-nin 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə iclasında tədqiq olunmuş sübutlara istinad edərək və həmin sübutlara adıçəkilən Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hüquqi qiymət verərək mübahisənin mahiyyəti üzrə həll olunması üçün əhəmiyyəti olan işin faktik halları kimi müəyyən etmişdir ki, vergi ödəyicisi olan Maraqlı şəxs (VÖEN: **********) Dövlət Sosial Müdafiə Fonduna 8,68 manat, İcbari Tibbi Sığorta Fonduna 2,01 manat, dövlət büdcəsinə 21904,82 manat məbləğində (o cümlədən, vergilər üzrə 17456,64 manat, faizlər üzrə 4448,18 manat) olmaqla, ümumilikdə 21915,51 manat məbləğində borcu yaranmışdır. Borcun ödənilməsi təmin edilmədiyindən ərizəçi hazırkı ərizə ilə məhkəməyə müraciət etmişdir.

40. Məhkəmə kollegiyası ərizənin təmin edilməməsi barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmır; belə ki, vergi ödəyicisi olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasının məqsədini hesablanmış vergilər, məcburi dövlət sosial sığorta, icbari tibbi sığorta və işsizlikdən sığorta haqları üzrə borcların və faizlərin, vergilər və məcburi dövlət sosial sığorta haqları üzrə tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsinin təmin edilməsi təşkil edir.

41. Nəzərə alınmalıdır ki, qanunvericilikdə vergi öhdəliyinin təmin edilməsi ilə bağlı vergi orqanlarının səlahiyyətli olduqları məcburiyyət tədbirlərinin seçilməsi zamanı “növbəliliyə” riayət edilməsi barədə hər hansı müddəa nəzərdə tutulmamışdır - lakin bu hal ilkin mərhələdə istənilən növ məcburiyyət tədbirinin tətbiq edilməsi imkanı kimi də qiymətləndirilməməlidir. Çünki, hüquqi dövlətin ali prinsiplərindən biri olan mütənasiblik prinsipinin tələbinə görə, hüquqa müdaxilənin yolverilən hesab edilə bilməsi üçün onun qanuni məqsədə yönəlməsi öz-özlüyündə kifayət deyildir, bu zaman həm də müxtəlif toqquşan maraqlar arasında ağlabatan və ədalətli tarazlığa da əməl olunmalıdır.

42. Avropa Məhkəməsinin Reiner Bolqarıstana qarşı iş üzrə qərarında isə göstərilmişdir ki, belə bir yüksək məbləğdə ödənilməmiş verginin qaytarılmasında ictimai maraq ərizəçinin hüquqlarına müvafiq məhdudiyyətlər yarada bilər. Dövlətlər öz fiskal siyasətlərini tərtib və təşkil etmək, vergilərin ödənilməsini təmin etmək məqsədilə tədbirlər görmək üçün müəyyən qiymətləndirmə sərbəstliyinə malikdirlər (Reiner Bolqarıstana qarşı (Riener v. Bulgaria), № 46343/99, 2006-cı il 23 may tarixli qərarı, § 119).

43. Beləliklə, hazırkı növ ərizələr üzrə işlərə baxılarkən mütənasiblik prinsipinin tələblərinin nəzərə alınması mütləq xarakter daşıyır; lakin mütənasiblik prinsipi üzrə qiymətləndirmə formal şəkildə deyil, ümumi məyarlar və hər bir konkret işin bütün xüsusiyyətləri nəzərə alınmaqla aparılmalıdır.

44. Mütənasiblik prinsipinin tələbləri baxımından nəzərə alınmalı olan ümumi maraq qismində vergi borclarının, eləcə də məcburi dövlət sosial sığorta haqqı, icbari tibbi sığorta haqqı və işsizlikdən sığorta haqqı borclarının dövlət büdcəsinə alınmasının təmin edilməsi çıxış edir. Buna görə, sözügedən borclar dövlətin şərtsiz tələbi kimi bütün vergi ödəyicilərinə şamil olunur. Qeyd edilən ödənişləri ödəmək (o cümlədən qanunvericiliklə müəyyən edilmiş müvafiq vaxtda və miqdarda) hər bir şəxsin konstitusion vəzifələrindən biridir. Vergi ödəyicilərinin bu vəzifəsində cəmiyyətin bütün üzvlərinin ictimai maraqları öz əksini tapmışdır. Dövlət yalnız vergi ödəyicilərinin deyil, həmçinin cəmiyyətin digər üzvlərinin də hüquq və qanuni mənafelərinin qorunması məqsədilə vergi hüquq münasibətlərini tənzimləmək sahəsində qanuni tədbirlər görmək hüququna və vəzifəsinə malikdir. Odur ki, sözügedən borclar ödəyicilər tərəfindən könüllü ödənilmədikdə qanunvericilikdə nəzərdə tutulmuş məcburetmə vasitələrinin tətbiqi ilə alına bilər. Digər tərəfdən, cəmiyyətin ümumi maraqları həmçinin onu tələb edir ki, həmin borcların mümkün qədər operativ qaydada və tam məbləğdə büdcəyə ödənilməsi təmin edilməlidir.

45. Fiziki şəxsin və ya hüquqi şəxsin icra orqanının rəhbərinin diqqətə alınmalı olan maraqları qismində isə o hallar çıxış edir ki, əgər qanunvericilikdə nəzərdə tutulan digər üsulların həyata keçirilməsi və nəticədə həmin üsullar vasitəsilə vergi öhdəliklərinin real icra edilməsinin təmin edilməsi mümkündürsə, həmin şəxslərin ölkədən getmə hüququ məhdudlaşdırıla bilməz. Eyni zamanda, fiziki şəxs və ya hüquqi şəxsin icra orqanının rəhbəri digər üsulların həyata keçirilməsini və diqqətəlayiq hər hansı digər maraqlarının nəzərə alınmasını tələb edə bilərlər. Belə diqqətəlayiq maraqlar hər bir konkret haldan asılı olaraq dəyişə biləcəyi üçün məhkəmə tərəfindən hər işin xüsusi halları nəzərə alınmaqla qiymətləndirilməlidir. Məhkəmə məhz xüsusi hallardan çıxış etməklə və həmin xüsusi halları mütənasiblik prinsipinin tələbləri ilə əlaqələndirməklə qərar verməlidir.

46. Məhkəmə sözügedən qaydada davranmaq üçün əsasların mövcud olub-olmadığı məsələsini həll edərkən bir sıra meyarlar baxımından qiymətləndirmə aparmalı və aşağıdakı məsələlərin aydınlaşdırılması və qiymətləndirilməsi təmin etməlidir: - borcun məbləği və ödənilməməsinin müddəti; - ödənilməmənin səbəbləri; - ödəyicinin borcla bağlı mövqeyi, bildirdiyi diqqətəlayiq maraqları, eləcə də icranı onun üçün daha əlverişli üsul və vasitələrlə təmin etməyə dair təklifinin mövcudluğu; - borcun ödənilməsinin təmin edilməsi ilə bağlı vergi orqanı tərəfindən həyata keçirilmiş tədbirlər; - vergi orqanının tətbiq edə biləcəyi digər üsul və vasitələrin mövcudluğu, habelə onların real şəkildə effektiv nəticə verə bilməsinin mümkünlüyü; - maraqlı şəxsin ölkədən getmə hüququnun məhdudlaşdırılmasının onun şəxsi və ailə həyatında, habelə fiziki və ya hüquqi şəxsin sahibkarlıq fəaliyyətində yarada biləcəyi nəticələr.

47. Hazırki işdə ərizəçinin məhkəməyə müraciət etməsinə maraqlı şəxsin Dövlət Sosial Müdafiə Fonduna 8,68 manat, İcbari Tibbi Sığorta Fonduna 2,01 manat, dövlət büdcəsinə 21904,82 manat məbləğində borcunun yaranması əsas təşkil etmişdir. Ərizəçi hazırkı ərizə ilə məhkəməyə müraciət etməzdən əvvəl vergi borcunun 5 gün ərzində dövlət büdcəsinə ödənilməsi məqsədi ilə maraqlı şəxsə Vergi Məcəlləsinin 65-ci maddəsinə əsasən bildirişlər göndərmiş, lakin o, borcundan ödəniş etməmişdir. Halbuki, Vergi Məcəlləsinin 23.1.15-3-cü maddəsində təsbit olunan hüququn vergi orqanı tərəfindən reallaşdırılmasına əsas verən hal məhz vergi ödəyicisinin vergi öhdəliyini yerinə yetirməməsidir ki, hazırkı işin halları baxımından müvafiq halın mövcudluğu müəyyən olunur.

48. Maraqlı şəxs birinci instansiya məhkəməsində icraat zamanı məhkəməyə müvafiq epikrizlər təqdim etmiş və səhhəti ilə əlaqədar ölkə hüdudlarından kənara getməli olduğunu bildirərək ərizənin təmin edilməməsini xahiş etmişdir. Bu xüsusla bağlı qeyd edilir ki, şəxsin müalicəyə ehtiyacı olması bəzi hallarda vergi borcuna görə tətbiq edilmiş ölkədən çıxışa müvəqqəti məhdudiyyətin aradan qaldırılması üçün əsas ola bilər, lakin bunun üçün şəxsin həqiqətən müalicəyə ehtiyacı olmalı, müalicəni başqa ölkədə almalıdırsa da, bunu təsdiq edən rəsmi tibbi sənədlər (həkim rəyi, xəstəxana dəvəti və s.) məhkəməyə təqdim edilməlidir. Əgər xəstəlik xaricə getməyi zəruri etmirsə və ya bu barədə sübutlar təqdim olunmazsa, şəxsin ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırıla bilər.

49. Baxılan işdə maraqlı şəxs tərəfindən məhkəməyə təqdim edilmiş tibbi sənədlərdən görünür ki, o, həm ölkə ərazisində, həm də Türkiyə Cumhuriyyətində yerləşən xəstəxanalarda tibbi müayinədən keçmişdir. Lakin, həmin sənədlərdə onun müalicəyə ehtiyacı olduğu və bu müalicənin Türkiyə Cumhuriyyətində, habelə başqa ölkədə aparılmasının zəruriliyi barədə hər hansı qeyd aparılmamışdır. Bir sözlə, maraqlı şəxs səhhəti ilə əlaqədar ölkə hüdudlarından kənara getməli olması barədə irəli sürdüyü arqumenti təsdiq edəcək sübutu məhkəməyə təqdim etməmişdir.

50. Avropa İnsan Hüquqları Konvensiyasının 4 saylı Protokolunun 2-ci maddəsi, eləcə də “Vətəndaş və siyasi hüquqlar haqqında” Beynəlxalq Paktın 12-ci maddəsi də hərəkət azadlığına qoyulan məhdudiyyətlərin qanunla müəyyən edilmiş, ictimai maraqlarla əsaslandırılmış və demokratik cəmiyyətdə zəruri olduqda tətbiqinə yol verir. Beləliklə, vergi borcuna görə müvəqqəti xaricə çıxış məhdudiyyəti həmin beynəlxalq normalarla da uzlaşır.

51. Birinci instansiya məhkəməsi isə qeyd edilən hallar üzrə düzgün hüquqi dəyərləndirmə aparmadan ərizənin təmin edilməməsi barədə yanlış nəticəyə gəlmişdir. Odur ki, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli və yeni qətnamə qəbul edilərək ərizə təmin edilməlidir.

52. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 372, 384, 385, 392-393, 402 və 405ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qət etdi : Ərizəçi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 12 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Gəncə Kommersiya Məhkəməsinin 02 dekabr 2025-ci il tarixli 2-2(115)-2708/2025 nömrəli qətnaməsi tamamilə ləğv edilsin və yeni qətnamə qəbul edilsin. Ərizə təmin edilsin. Vergi ödəyicisi olan Maraqlı şəxs (VÖEN: **********) dövlət büdcəsinə olan ümumilikdə 21915,51 (iyirmi bir min doqquz yüz on beş manat əlli bir qəpik) manat vergi borcu ödənilənədək Maraqlı şəxs (şəxsiyyəti təsdiq edən sənədin FİN nömrəsi – xxxxxxx, şəxsiyyət vəsiqəsinin nömrəsi AA2978750) ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılsın. Qətnamə dərhal icra edilsin. Qətnamədən onun surətinin işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən tələbləri təmin olunmayan şəxs(lər) tərəfindən 2 (iki) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən kassasiya şikayəti verilməzsə, o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar