Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-2(104)-294/2025 09.01.2026 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası - hakimlər Rzaquliyev Şamil Qəhrəman oğlu (sədrlik edən və məruzəçi), Həsənov İslam Telman oğlu və Məcidov Rüfət Azadəli oğlundan ibarət tərkibdə, Gəncə Kommersiya Məhkəməsinin 10 dekabr 2025-ci il tarixli e-2-2(115)-3026/2025 nömrəli qərardadından İddiaçı tərəfindən verilmiş şikayətə Gəncə Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq, Müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2025-ci il tarixli xx/xx/2025 saylı müqavilə əsasında yaranmış 20000 ABŞ dolları borc pul vəsaitinin cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən alınaraq iddiaçıya ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi belə əsaslandırılmışdır ki, 01 mart 2025-ci il tarixdə fərdi sahibkar İddiaçı ilə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında xx/xx/2025 saylı “atların alınması” barədə müqavilə bağlanmış və müqavilədə göstərilən 1000 baş diri və cinssiz atların "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə, yəni alıcıya sataraq onun mülkiyyətinə verməyi, alıcı isə həmin malları qəbul edərək, müqavilə ilə razılaşdırılmış qaydada malın dəyərini satıcıya ödəməyi öhdəsinə götürmüşdür. Müqavilənin 2.5-ci bəndinə əsasən, çatdırılan hər bir mal partiyası üçün ödəniş birbaşa bank köçürməsi ilə 100% əvvəlcədən həyata keçirilməlidir. Müqavilənin şərtlərinə əsasən xx.xx.2025-ci il tarixli **********5037 saylı bəyannamə üzrə, çəkisi 18.500 kg olan 10000 ABŞ dolları dəyərində 50 baş diri və cinssiz atlar, xx.xx.2025-ci il tarixli **********5241 saylı bəyannamə üzrə, çəkisi 18.900 kg olan 10000 ABŞ dolları dəyərində 50 baş diri və cinssiz atlara dair bəyannamələr verilmişdir. Beləliklə, 20000 ABŞ dolları dəyərində mal Azərbaycan Respublikasından ixrac olunmuşdur. Sözügedən müqavilədə qeyd olunduğu kimi, alıcı çatdırılan malın dəyərini ödəməyi öz öhdəsinə götürmüşdür. Həmçinin qeyd olunmuşdur ki, müqavilə üzrə öhdəliklərin yerinə yetirilməsində yubanma olarsa, gecikmənin ilk 10 günü ərzində göndərilməmiş malların dəyərinin 0,1%-i məbləğində cərimə tətbiq olunacaqdır. Belə olduğu halda, çatdırılmış malın tam dəyəri ödənilmədikdə satıcı onun ödənilməsini alıcıdan tələb etməyə haqlıdır. Lakin mallar satıcı tərəfindən alıcının mülkiyyətinə verilməsinə baxmayaraq, alıcı 20000 ABŞ dolları dəyərində olan malların dəyərini, tərəflərin müqavilə üzrə razılaşdırdıqları, eləcə də alıcının üzərinə götürdüyü öhdəliklərə uyğun olaraq satıcıya ödəməmişdir. Mübahisələrin həlli ilə bağlı dəfələrlə yazılı qaydada pretenziya məktubu göndərilməsinə baxmayaraq, borcun ödənilməsi barədə cavabdeh tərəfindən heç bir tədbir görülməmişdir. Gəncə Kommersiya Məhkəməsinin 10 dekabr 2025-ci il tarixli e-2-2(115)-3026/2025 nömrəli qərardadı ilə (hakim G.Quliyeva) İddiaçı cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə (Qırğızıstan Respublikası filialı) qarşı pul tələbinə dair iddia ərizəsinin qəbul edilməsindən imtina edilmiş, İddiaçı Qırğızıstan Respublikasının səlahiyyətli məhkəməsinə müraciət etmək hüququ izah edilmiş, hökumət ödəniş portalı vasitəsilə ödənilmiş 195 manat məbləğində dövlət rüsumunun iddiaçıya (qəbzin nömrəsi:**********) qaytarılması qərara alınmışdır. İş üzrə İddiaçı qərardaddan şikayət verərək, Gəncə Kommersiya Məhkəməsinin 10 dekabr 2025-ci il tarixli e-2-2(115)-3026/2025 saylı qərardadının ləğv edərək, işin icraata qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, mübahisə predmeti tərəflər arasında bağlanmış alqı-satqı müqaviləsi olduğu üçün müqavilənin 7.2-ci bəndinə istinad edərək, iddia iddiaçının yerləşdiyi yer üzrə məhkəməyə verilmişdir. Hazırki mübahisə obyekti tərəflər arasında bağlanmış alqı-satqı müqaviləsidir və orada birbaşa iddiaçının olduğu yer üzrə məhkəməyə verilməsini nəzərdə tutan müddəa vardır. Belə olan halda, iddianın iddiaçının olduğu yer üzrə verilməsi məqsədəmüvafiq və qanunidir. Bundan əlavə, eyni predmet üzrə tərəfindən digər cavabdehə qarşı verilmiş iddia hazırda Gəncə Kommersiya Məhkəməsinin icraatındadır. Gəncə Kommersiya Məhkəməsinin 18 dekabr 2025-ci il tarixli e-2-2(115)-3026/2025 nömrəli qərardadı ilə Gəncə Kommersiya Məhkəməsinin 10 dekabr 2025-ci il tarixli e-2- 2(115)-3026/2025 nömrəli qərardadından İddiaçı tərəfindən verilmiş şikayətin təmin edilməməsi, şikayətin işin materialları ilə birlikdə baxılması üçün 7 gün müddətində Gəncə Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Hazırki şikayətə Azərbaycan Respublikası MPM-in 397.2-ci maddəsinə müvafiq olaraq yazılı icraat qaydasında baxılır. İş üzrə tərəflərə işə yazılı icraat qaydasında baxılması barədə bildiriş göndərilərək, şikayətə dair etiraz və ya izahatlarının təqdim edilməsi təklif edilmiş, lakin tərəflər məhkəmə kollegiyasına izahat və etiraz göndərməmişlər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb hesab edir ki, şikayət təmin edilməli, Gəncə Kommersiya Məhkəməsinin 10 dekabr 2025-ci il tarixli e-2-2(115)-3026/2025 nömrəli qərardadı ləğv edilməli, iddia ərizəsi baxılması üçün iş materialları ilə birlikdə Gəncə Kommersiya Məhkəməsinə göndərilməlidir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iş materialları ilə müəyyən edilmişdir ki, cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin (Qırğızıstan Respublikası filialı) hüquqi ünvanı Qırğızıstan Respublikası Bişkek şəhəri Timiryazev küçəsi ev 65 A mənzil 1-dir. Həmin cavabdeh hüquqi şəxsin Azərbaycan Respublikasında yerləşdiyi yerin olması, idarəçilik orqanı, filialı və ya nümayəndəliyinin Azərbaycan Respublikasının ərazisində olması, Azərbaycan Respublikasının ərazisində əmlaka malik olması, iddianın icrasının tamamilə və ya qismən Azərbaycan Respublikasının ərazisində həyata keçirilməli olan və ya həyata keçirilmiş müqavilədən irəli gəlməsi halları müəyyən edilməmişdir. Belə olan halda məhkəmə hesab etmişdir ki, iddia tək cavabdehə qarşı qaldırılmış, cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin (Qırğızıstan Respublikası filialı) yerləşdiyi ünvan Qırğızıstan Respublikası Bişkek şəhəri Timiryazev küçəsi ev 65 A mənzil 1-dir. Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən hüquqi şəxsə iddia hüquqi şəxsin ünvanının olduğu yerə görə verilməsi nəzərdə tutulduğundan məhkəmə hazırkı mübahisə üzrə beynəlxalq səlahiyyətə malik deyildir. Belə olan halda iddia ərizəsinin qəbul edilməsindən imtina olunmalı, habelə iddiaçıya Qırğızıstan Respublikasının səlahiyyətli məhkəməsinə müraciət etmək hüququ izah edilməlidir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayan məhkəmə kollegiyası aşağıdakıları qeyd edir: İş materiallarılnda olan alqı-satqı müqaviləsindən görünür ki, fərdi sahibkar İddiaçı (Azərbaycan Respublikasının vətəndaşı) ilə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti (Qırğızstan Respublikası Filialı) arasında xx.xx.2025-ci il tarixli xx/xx/2025 saylı “atların alınması” barədə müqavilə bağlanmış və iddiaçı (Satıcı) müqavilədə göstərilən 1000 baş diri və cinssiz atların "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə, yəni Alıcıya sataraq onun mülkiyyətinə verməyi, Alıcı isə həmin malları qəbul edərək, müqavilə ilə razılaşdırılmış qaydada malın dəyərini Satıcıya ödəməyi öhdəsinə götürmüşdür. Həmin müqavilənin 7.1-ci bəndinə əsasən müqavilənin icrası zamanı yaranan bütün mübahisələr və fikir ayrılıqları, mümkün olduqda, tərəflər arasında danışıqlar yolu ilə həll ediləcəkdir. Həmin Müqavilənin 7.2-ci maddəsində göstərilmişdir ki, danışıqlar yolu ilə həll edilməyən mübahisələrə iddiaçının ölkəsində qüvvədə olan qanunlara uyğun olaraq, iddiaçının yerləşdiyi məhkəmədə baxılacaqdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 439.1-ci maddəsinə əsasən əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, xarici hüquqi şəxslərin və beynəlxalq təşkilatların (bundan sonra-xarici şəxslər) pozulmuş və ya mübahisə edilən hüquqlarının və qanunla qorunan mənafelərinin müdafiəsi üçün Azərbaycan Respublikasının məhkəmələrinə müraciət etmək hüququ vardır. Həmin Məcəllənin 440.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının məhkəmələri mülki və kommersiya mübahisələri üzrə beynəlxalq səlahiyyətə bu şərtlə malikdirlər ki, işdə iştirak edən şəxslərdən hər hansı biri xarici şəxs olsun, onun Azərbaycan Respublikasında yaşayış yeri, olduğu yer və adətən gəldiyi yer olsun. Həmin Məcəllənin 443.0, 443.0.1, 443.0.2, 443.0.3 və 443.0.7-ci maddələrinə əsasən iş üzrə birgə iddiaçılardan və ya birgə cavabdehlərdən hər hansı birinin Azərbaycan Respublikasında yaşayış yeri, olduğu yer və yaxud adətən gəldiyi yer olduqda, xarici şəxslərin idarəçilik orqanı, filialı və ya nümayəndəliyi Azərbaycan Respublikasının ərazisində olduqda, cavabdeh Azərbaycan Respublikasının ərazisində əmlaka malik olduqda, iddia icrası tamamilə və ya qismən Azərbaycan Respublikasının ərazisində həyata keçirilməli olan və ya həyata keçirilmiş müqavilədən irəli gəldikdə Azərbaycan Respublikasının məhkəmələri xarici şəxslərin iştirakı ilə olan işlərə baxmağa haqlıdır. “Xarici elementli kommersiya mübahisələrində qanunvericiliyin tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 dekabr 2023-cü il tarixli 15/2023 saylı qərarının 2.2-ci bəndində göstərilmişdir ki, xarici elementli mübahisələr üzrə Azərbaycan Respublikasının məhkəmələri beynəlxalq müqavilələrlə və ya tərəflərin razılaşması əsasında digər qayda müəyyən edilmədiyi halda (MPM-nin 28ci maddəsi) beynəlxalq səlahiyyətə malikdir. Ona görə də, xarici elementli kommersiya mübahisələrində məhkəmələrin MPM ilə müəyyən edilmiş beynəlxalq səlahiyyətə malik olub-olmamalarının müəyyən edilməsi üçün ilk növbədə qeyd olunan iki haldan hər hansı birinin mövcudluğu aydınlaşdırılmalıdır. Həmin qərarın 2.4-cü bəndinə əsasən əgər xarici elementli kommersiya mübahisəsinə Azərbaycan Respublikasının məhkəmələri tərəfindən baxılmasını istisna edən, bu Qərarın 2.2-ci bəndində göstərilən hallardan hər hansı biri mövcud deyilsə, MPM-in məhkəmələrin beynəlxalq səlahiyyətinin ümumi şərtlərinin təsbit olunduğu 440.1ci maddəsinin tələbləri əsas götürülməlidir. Həmin maddənin tələbləri baxımından xarici elementli kommersiya mübahisəsində məhkəmələrin beynəlxalq səlahiyyətinin ümumi şərtləri aşağıdakılardır: - işdə iştirak edən şəxslərdən hər hansı birinin xarici şəxs olması; - xarici şəxsin Azərbaycan Respublikasında yaşayış yeri, olduğu yer və adətən gəldiyi yerin olması. Həmin qərarın 2.5-ci bəndinə əsasən həmin ümumi şərtlərlə yanaşı, MPM-in 443-cü maddəsi aşağıdakı xüsusi hallarda xarici elementli kommersiya mübahisəsi üzrə Azərbaycan Respublikası məhkəmələrinin beynəlxalq səlahiyyətini müəyyən edir: - iş üzrə birgə iddiaçılardan və ya birgə cavabdehlərdən hər hansı birinin Azərbaycan Respublikasında yaşayış yeri, olduğu yer və yaxud adətən gəldiyi yerin olması; - xarici şəxslərin idarəçilik orqanı, filialı və ya nümayəndəliyinin Azərbaycan Respublikasının ərazisində olması; - cavabdehin Azərbaycan Respublikasının ərazisində əmlaka malik olması; - əmlaka vurulan ziyanın ödənilməsi işlərində ziyanın ödənilməsi haqqında tələbin verilməsi üçün əsas olan hərəkət və ya digər halın Azərbaycan Respublikasının ərazisində baş verməsi; - iddianın icrası tamamilə və ya qismən Azərbaycan Respublikasının ərazisində həyata keçirilməli olan və ya həyata keçirilmiş müqavilədən irəli gəlməsi; - iddianın Azərbaycan Respublikasının ərazisində baş vermiş əsassız varlanmadan irəli gəlməsi. “Mülki, ailə və cinayət işləri üzrə hüquqi yardım və hüquqi münasibətlər haqqında” Kişinyov Konvensiyasının müqavilə üzrə məhkəmə aidiyyətindən bəhs edən 23-cü maddəsinə əsasən Razılığa gələn Tərəflərin məhkəmələri, əgər işə mahiyyəti üzrə baxılmasına qədər mübahisənin həmin məhkəmələrə verilməsi haqqında Tərəflərin yazılı razılığı mövcuddursa, işlərə digər hallarda da baxa bilərlər. Göründüyü kimi hazırkı iş üzrə tərəflər arasında bağlanan müqavilədə danışıqlar yolu ilə həll edilməyən mübahisələrə iddiaçının ölkəsində qüvvədə olan qanunlara uyğun olaraq, iddiaçının yerləşdiyi məhkəmədə baxılması nəzərdə tutulduğundan və həmin müqavilə “Mülki, ailə və cinayət işləri üzrə hüquqi yardım və hüquqi münasibətlər haqqında” Kişinyov Konvensiyasına uyğun olduğundan birinci instansiya məhkəməsi iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarmaqla düzgün nəticəyə gəlməmişdir. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin olunmalı, Gəncə Kommersiya Məhkəməsinin 10 dekabr 2025-ci il tarixli e-2-2(115)-3026/2025 nömrəli qərardadı ləğv edilməli və iddia ərizəsinin məhkəmə icraatının mümkünlüyü məsələsinə yenidən baxılması üçün iddia ərizəsi ona əlavə edilmiş materiallarla birlikdə baxılması üçün həmin məhkəməyə qaytarılmalıdır. Azərbaycan Respublikası MPM-in 398.0.2-ci maddəsinə görə, qərardaddan verilmiş şikayətə baxan apellyasiya instansiyası məhkəməsinin qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib, işi birinci instansiya məhkəməsinə göndərmək səlahiyyəti vardır. Azərbaycan Respublikası MPM-in 399-cu maddəsinə görə, birinci instansiya məhkəməsinin qərardadını ləğv edib işi yenidən baxılmağa göndərdikdə apellyasiya instansiyası məhkəməsinin qərardadında müəyyən olunmuş göstərişlər işə baxan birinci instansiya məhkəməsi üçün məcburidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264, 397-398, 400, 402 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş şikayət təmin edilsin. Gəncə Kommersiya Məhkəməsinin 10 dekabr 2025-ci il tarixli e-2-2(115)-3026/2025 nömrəli qərardadı ləğv edilsin. İddiaçı cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə (Qırğızıstan Respublikası filialı) qarşı pul tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddia ərizəsinin məhkəmə icraatının mümkünlüyü məsələsinə yenidən baxılması üçün Gəncə Kommersiya Məhkəməsinə göndərilsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2-2(104)-294/2025
Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(104)-294/2025
09.01.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver