Məhkəmə qərarları › İş №2-2(104)-34/2024

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(104)-34/2024

06.03.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2-2(104)-34/2024 06.03.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyası-hakimlər Hüseynzadə Afiq Hüseyn oğlu (sədrlik edən və məruzəçi), Həsənov İslam Telman oğlu və Rzaquliyev Şamil Qəhrəman oğlundan ibarət tərkibdə, Məmmədov Elvin İsrayıl oğlunun katibliyi, Cavabdeh və vəkili X1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul və əmlak” tələbinə dair kommersiya mübahisəsi üzrə Gəncə Kommersiya Məhkəməsinin 16 oktyabr 2023-cü il tarixli, e-2-2(115)-940/2023 nömrəli qətnaməsindən İddiaçı və Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Birinci instansiya məhkəməsində icraat: İddiaçı Cavabdeh qarşı “pul və əmlak” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 40000,25 manat borc məbləğinin, 4000 manat faiz məbləğinin və qanunsuz olaraq istifadədə saxlanılan bir ədədinin dəyəri 350 manat olan 300 L -26 ədəd, bir ədədinin dəyəri 350 manat olan 314 L-12 ədəd, bir ədədinin dəyəri 450 manat olan 400 L-31 ədəd və bir ədədinin dəyəri 600 manat olan 600 L-5 ədəd soyuducunun geri qaytarılması bu mümkün olmadıqda isə onların ümumi dəyərini təşkil edən 30250 manat pulun və 400 manat mediasiya xərcinin tutularaq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh İddiaçı MMC-nin istehsal etdiyi dondurma məhsullarının satışı ilə məşğul olmuş, bununla əlaqədar müəssisə tərəfindən ona zəruri şərait yaradılmışdır. Belə ki, Gəncə şəhəri və ətraf rayonlarda satışın həyata keçirilməsi məqsədilə müəssisə tərəfindən Cavabdeh bir ədədinin dəyəri 350 manat olan 300 L - 26 ədəd, bir ədədinin dəyəri 350 manat olan 314 L12 ədəd, bir ədədinin dəyəri 450 manat olan 400 L-31 ədəd və bir ədədinin dəyəri 600 manat olan 600 L-5 ədəd soyuducu müvəqqəti istifadə üçün verilmişdir. Cavabdehlə müəssisə arasında olan alqısatqı əməliyyatları artıq 2 ildir ki, dayandırılmışdır. Göstərilən müddətdə Cavabdehlə üzləşmə aparılmış və sonuncunun müəssisəyə alqı-satqı əməliyyatlarından 40000,25 manat borcunun olduğu, eləcə də yuxarıda adıçəkilən əmlakların qanunsuz olaraq Cavabdeh istifadəsində olduğu müəyyən edilmişdir. Cavabdeh dəfələrlə şifahi və yazılı qaydada borcun ödənilməsi və yuxarıda adı çəkilən əmlakların geri qaytarılması tələb olunsa da, sonuncu borcu ödəməmiş və əmlakları geri qaytarmamışdır. Gəncə Kommersiya Məhkəməsinin 16 oktyabr 2023-cü il tarixli, 2-2(115)-940/2023 saylı qətnaməsi ilə (hakim K.Vəliyev) iddia tələbi qismən təmin edilərək, Cavabdeh 34600 manat borc və qanunsuz olaraq istifadədə saxlanılan bir ədədinin dəyəri 350 manat olan 300 L-2 ədəd, bir ədədinin dəyəri 350 manat olan 314 L- 6 ədəd, bir ədədinin dəyəri 450 manat olan 400 L-16 ədəd və bir ədədinin dəyəri 600 manat olan 600 L-3 ədəd soyuducunun geri qaytarılması və bu mümkün olmadıqda isə onların ümumi dəyərini təşkil edən 11800 manat pul və 400 manat mediasiya xərcinin tutularaq İddiaçı MMC-nin xeyrinə ödənilməsi, Cavabdeh 229,2 (iki yüz iyirmi doqquz manat iyirmi qəpik) manat dövlət rüsumunun tutularaq dövlət büdcəsinə ödənilməsi və iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. İşdə olan sübutlar: xx.xx.2020-ci il tarixli üzləşmə aktından görünür ki, Cavabdeh öhdəliyində 300 L -26 ədəd, 314 L- 12 ədəd, 400 L-31 ədəd və 600 L-5 ədəd olmaqla, cəmi 74 ədəd soyuducu, həmçinin həmin şəxsin "xxxx" MMC-yə xx.xx.2020-ci il tarixə 41186,66 manat borcu vardır. xx.xx.2022-ci il tarixli üzləşmə aktından görünür ki, Cavabdeh öhdəliyində 300 L -22 ədəd, 314 L- 12 ədəd, 400 L-27 ədəd və 600 L-5 ədəd olmaqla, cəmi 66 ədəd soyuducu vardır. Cavabdeh "xxxx" MMC-yə 40000 manat borcu vardır. 5400 manat borc mübahisəlidir. xx.xx.2023-cü il tarixli aktdan görünür ki, 300 L-20 ədəd, 314 L-6 ədəd, 400 L-11 ədəd, 600 L-2 ədəd olmaqla, ümumilikdə 39 ədəd soyuducu "xxxx" MMC-nin nümayəndələrinə təhvil verilmiş, tərəflərin imzaları ilə təsdiq edilmişdir. Analitik uçot kitabı adlı sənəddən görünür ki, 2014-cü il tarixdən 2021-ci il tarixədək Cavabdeh tərəfindən İddiaçındən götürülmüş dondurma məhsullarının hesabatı aparılmaqla, 2021-ci ilin əvvəlinə 48100,25 manat qalıq borc yaranmış, 2021-ci il ərzində isə Cavabdeh tərəfindən 6100 manat, 2022-ci il tarixdə isə 1000 manat ödənilməklə qalıq borc məbləği 41000,25 manat təşkil etmişdir. Analitik uçot kitabının hər səhifəsi illər üzrə xx.xx.2022-ci il tarixdə Cavabdeh tərəfindən imzalanmaqla təsdiqlənmişdir. Cavabdeh xx.xx.2022-ci il tarixli izahatından görünür ki, o, hər il İddiaçınə olan borcundan aprel, may, iyun, iyul və avqust ayları ərzində 5000 manat ödəyəcəyini bildirmişdir. İddiaçının apellyasiya şikayətinin dəlilləri: Gəncə Kommersiya Məhkəməsinin 16 oktyabr 2023-cü il tarixli, 2-2(115)-940/2023 saylı qətnaməsindən narazı qalan İddiaçı apellyasiya şikayəti verərək, Gəncə Kommersiya Məhkəməsinin 16 oktyabr 2023-cü il tarixli, 2-2(115)-940/2023 saylı qətnaməsinin iddianın təmin olunmayan hissəsində ləğv edilməsi və iddia tələbinin tam təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmənin iddia tələbini qismən təmin edilməsi zamanı mövqeyi bundan ibarət olmuşdur ki, tərəflərin təsdiq etdiyi xx.xx.2020-ci il tarixli üzləşmə cəmi 74 ədəd soyuducu, həmçinin həmin tarixə 41186,66 manat borcun olması göstərilir. xx.xx.2022-ci il tarixli üzləşmə aktında isə cəmi 66 ədəd soyuducunun və 40000 manat borcun olması göstərilir. 5400 manat borc mübahisəlidir. Məhkəmə qeyd edir ki, tarix baxımından xx.xx.2022-ci il tarixli üzləşmə aktı mübahisənin daha sonrakı vəziyyətini əks etdirir. Mübahisəli 5400 manat xx.xx.2020-ci il tarixli aktda göstərilmir. Eyni zamanda borcun 1186 manat hissəsinin ödənilməsi faktını iddiaçı qəbul edir. Lakin bu, o demək deyildir ki, 5400 manat məsələsi sonradan yaranmışdır. Tərəflərin təsdiq etdiyi xx.xx.2016-cı il tarixli aktdan göstərilir ki, 5400 manat borc mübahisəli olduğundan bu məsələ tam araşdırılmalıdır. İddiaçı soyuduculara münasibətdə xx.xx.2020-ci il tarixli akta əsaslanır. Pul tələbində isə xx.xx.2022-ci tarixli əkta istinad edir. xx.xx.2016-cı il tarixli aktdan görünür ki, 5400 manat borc daha əvvəl yaranmışdır və həmin vaxt cavavadehin iddiaçıya 11.856 manat borcu olmuşdur. İddiaçı 5400 manat borcun xx.xx.2020-ci il tarixli üzləşmə aktında göstərilən 41186,66 manatın tərkib hissəsi olmamasını təsdiq edən sübutu məhkəməyə təqdim edə bilməmişdir. Qeyd olunmalıdır ki, tərəflərindən məhkəməyə xx.xx.2020-ci il tarixli üzləşmə aktının əsli təqdim edilmişdir. xx.xx.2022-ci il tarixli üzləşmə aktının sürəti isə cavabdeh tərəfindən təqdim edilmişdir. Həmin akta tərəflərindən etiraz edilmiş və aktın əslinin təqdim olunması tələb edilmişdir. Cavabdeh isə aktın əslinin onda olmadığını bildirmişdir. xx.xx.2022-ci il tarixli üzləşmə aktını qəbul etmirlər. Tərəflərindən belə bir akt tərtib olunmamışdır. Bu xüsusatda guya onların pul tələbində isə xx.xx.2022-ci tarixli akta istinad etmələri ilə bağlı məhkəmənin gəldiyi mövqe yalnışdır. 1186,66 manat pulun ödənilməsi ilə bağlı analitik uçot kitabından müvafiq imzalı sənədlər və kassa mədaxil orederləri təqdim etmişlər. Eləcə də 5400 manatla bağlı. Buna görə də apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir. Cavabdehin apellyasiya şikayətinin dəlilləri: Gəncə Kommersiya Məhkəməsinin 16 oktyabr 2023-cü il tarixli, 2-2(115)-940/2023 saylı qətnaməsindən narazı qalan Cavabdeh apellyasiya şikayəti verərək, apellyasiya şikayətinin təmin edilməsini, Gəncə Kommersiya Məhkəməsinin 16 oktyabr 2023-cü il tarixli, 2-2(115)-940/2023 qətnaməsinin 34600 manat borc tələbi hissədə ləğv edilməsi və iddianın həmin hissədə təmin edilməməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyət ilə münasibəti 2004-cü ildən yaranıb. Ondan qabaq həmin Cəmiyyətlə Namiq adlı şəxs işləyirdi. Həmin vaxtıda onun mərhum qardaşı X6 da, Namiqlə birlikdə işləyirdi. 2004-cü ildə Namiq ona demişdir ki, onlar işdən çıxır, işləmək istəyirsə cəmiyyətin müdiri Adil müəllimin yanına gedib danışılsın. O da həmin vaxt işsiz olduğuna görə razılaşmış və Namiqlə birlikdə Cəmiyyətin müdiri Adil müəllimin yanına getmişlər. Adil müəllim də demişdir ki, Namiqdə soyuducular var onları təhvil götür, ondan sonra gəl dondurmalar götür, apar sat və satdıqca pulunu gətir və Cəmiyyətə ödə. O da 2004-cü ildən 2020-ci ilə kimi İddiaçı MMC-dən heç bir rəsmi sənəd, qaimə yazılmadan qeyri-rəsmi dondurma götürüb dərhal da satıb Cəmiyyətə qeyri-rəsmi yəni, heç bir sənəd tərtib etmədən satış pulunu ödəmişdir. Onun Cəmiyyətə heç bir borcu olmayıbdır. Çünki borcu qalmış olsaydı Cəmiyyət tərəfindən ona yenə satmaq üçün dondurma verməzdilər. O, Cəmiyyətə işçi kimi işə götürülməmiş və Cəmiyyətlə hər hansı bir əmək müqaviləsi olmamış, nə də Cəmiyyətlə onun arasında hər hansı bir maddi məsuliyyət haqqında və ya hər hansı bir öhdəlik haqqında müqavilə olmamışdır. İstər dondurmaların götürülməsi, istərsə də satış pulunun ödənilməsi heç bir sənəd tərtib edilmədən, qeyri-rəsmi edilmişdir. İddiaçı tərəfindən məhkəməyə təqdim edilən qara siyahı olan sənədlərdə heç bir qaimə və digər sənədlərlə təsdiq olunmur. Məhkəmənin istinad etdiyi xx.xx.2020-ci il tarixli və xx.xx.2022-ci il tarixli üzləşmə aktları da ona ağ blanka imza etdirdikdən sonra Cəmiyyətdə işləyən X5 tərəfindən yazılıb doldurulmuş və üzləşmə Aktlarının mətnindən məlumatı olmamışdır. Götürdüyü dondurmaların satışından "xxxx" MMC-yə hər hansı bir borcu olmadığı halda məhkəmə əsassız olaraq 34600 manat borcun ondan tutulmasına dair qətnamə çıxarmışdır. Məhkəmənin həmin qətnaməsi əsassız və ədalətsiz olduğundan eyni zamanda maddi və prosessual hüquq normalarının tələblərinin pozulması ilə çıxarıldığından, həmçinin məhkəmə qətnaməsi işin hallarına və tərəflərin qarşılıqlı münasibətinə uyğun olmayan nəticələrə əsaslandırıldığından, iddia borc tələbi hissəsində ləğv edilməli və iddia borc tələbi hissəsində təmin edilməməsinə dair yeni qətnamə çıxarılmalıdır. Azərbaycan Respublikası Mülki Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Göründüyü kimi öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olması mütləq şərtdir. Ancaq, hazırki mübahisə üzrə iddiaçı Cəmiyyətlə onun arasında öhdəliklə bağlı hər hansı bir müqavilə olmamışdır. Belə bir müqavilə olmadığı halda məhkəmə tərəfindən düzgün olmayaraq öhdəliklə bağlı maddi hüquq normaların tədbiq edilib, iddianın borc hissədə təmin edilməsi qanunsuz və əsassızdır. İddiaçı Cəmiyyətə pul verib dondurma almamışdır. İddiaçı Cəmiyyət ona dondurmaları heç bir sənəd tərtib olunmadan vermiş və o da bu dondurmaları müxtəlif yerlərdə satıb, satış pullarını yenə də, heç bir sənəd tərtib olunmadan Cəmiyyətə ödəmişdir. Bu cür hal isə alqı-satqı müqaviləsi kimi qiymətləndirilə bilməz. Hesab edir ki, həmin prosessual hüquq normalarının tələbinə məhkəmə tərəfindən düzgün əməl edilməmişdir. Belə ki, həmin prosessual hüquq normalarının tələblərinə əsasən məhkəmə tərəflərin təqdim etdiyi sübutları araşdırmalı, onlardan istifadə etməli, eyni zamanda hər tərəf məhkəmədə tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Hazırki mübahisə üzrə sübut etmə vəzifəsi iddiaçı Cəmiyyətin üzərində olduğu halda, iddiaçı Cəmiyyət tərəfindən mənim bu 16 ildə iddiaçı Cəmiyyətdən hər dəfə nə qədər dondurma götürdüyü və hər dəfə nə qədər satış pulu keçirdiyi barədə rəsmi sənədlər (qaimə, faktura, audit rəyi və s.) təqdim etmədiyi halda, məhkəmənin ona ağ blanka imza etdirilib, sonradan doldurulan üzləşmə aktlarını mötəbər sübut kimi qəbul edib iddianı borc hissəsində təmin etməsi, yuxarıda göstərilən prosessual hüquq normalarının tələblərinin pozulmasıdır. Buna görə də apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir. Apellyasiya icraatı iştirakçılarının izahatları: Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh apelyasiya şikayətini müdafiə etdiyini bildirib, şikayətin təmin edilməsini xahiş etmişdir. Əlavə olaraq bildirmişdir ki, iddiaçının ondan tələb etdiyi borcun hansı səbəbdən və hansı sənədlərə əsasən yaranması sübut olunmur. Üzləşmə aktı isə boş sənəd olmuş və o imza etmişdir. Sonradan məlumatlar həmin akta daxil edilmişdir. Suallara cavabda isə bildirmişdir ki, o üzləşmə aktını, müvafiq sənədləri və izahatını aldadılma nəticəsində yazmışdır. Belə ki, şirkətin rəhbərliyi borcunun araşdırılacağını və əvvəlcədən izahat yazmasını təklif etmiş, o da şirkətin rəhbərinə inanaraq izahatı yazmışdır. İddiaçıya nə qədər borclu olmasını bilmir. Soyuducularla bağlı hər hansı bir mübahisə yoxdur. 39 ədəd soyuducunu qaytarmış, 27 ədəd soyuducu isə ondadır. Dəfələrlə bildirməsinə baxmayaraq, iddiaçı qalan 27 ədəd soyuducuları götürüb aparmır. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh vəkili X3 çıxış edərək bildirmişdir ki, iddiaçı ilə cavabdeh arasında hər hansı bir əmək müqaviləsi, maddi məsuliyyət haqqında müqavilə olmamışdır. Alqı-satqının olması da rəsmi sənədlərlə təsdiq olunmur. Buna görə də apellyasiya şikayətini müdafiə edərək, təmin edilməsini xahiş edir. Məhkəmə kollegiyasının əvvəlki iclasında iştirak edən iddiaçı AER Company Qrup” Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi X2 izahat verib bildirmişdir ki, iddiaçının borcu məhkəməyə təqdim etdikləri sübutlarla, o cümlədən cavabdehin öz izahatı ilə təsdiq olunmaqdadır. Hətta cavabdeh birinci instansiya məhkəməsində verdiyi izahatında da borcunun olmasını qəbul etmişdir. İzahatında qeyd etdiyi aylar isə dondurma mövsümü olmuşdur ki, cavabdeh hər ilə həmin mövsümdə 5000 ödəyəcəyini qəbul etmişdir. Tərəflərindən müvafiq dəqiqləşmə aparılmış xx.xx.2022-ci il tarixli üzləşmə aktını və soyuducuların həqiqətən də 66 ədəd olmasını qəbul edirlər. 5400 manat mübahisəli borc məbləğinə münasibətin məhkəmə tərəfindən bildirilməsini xahiş edirlər. Birinci instansiya məhkəməsi tərəfindən isə 4000 manat faiz məbləğinə münasibətdə isə heç bir münasibət bildirilməmişdir. Buna görə də iddia tələblərini həmin hissədə müdafiə etməklə, birinci instansiya məhkəməsinin qətnaməsinin təmin edilməyən həmin hissədə ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş edirlər. Məhkəmə kollegiyasının iclasında şahid qismində dindirilmiş X5 ifadəsində göstərmişdir ki, aktdakı məlumatları o daxil etmişdir. O akta məlumatları daxil edərkən orada hər hansı bir imza və tarix olmamışdır. Həmin məlumatlarlar şirkətdaxili mühasibat sənədlərinə əsasən akta yazılmışdır. Sonradan isə akt iddiaçı və cavabdeh tərəfindən imzalanmışdır. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsi: 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.

442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445.7. Bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə kreditor gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə illik beş faizin ödənilməsini tələb edə bilər. 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.

567. Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 600.1. Alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir.

Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi:

14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.3. Qətnamə iş üzrə müəyyən olunmuş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır. 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 376.2. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxslərin gəlməməsi işə baxılmasına mane olmur. Lakin işdə iştirak edən şəxslər üzürlü səbəblərdən gəlmədiyi hallarda məhkəmə işin baxılmasını təxirə sala bilər. 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin kommers və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi:

Məhkəmə kollegiyası tərəflərin izahatını dinləyib, apellyasiya şikayətlərinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb bu nəticəyə gəlir ki, Gəncə Kommersiya Məhkəməsinin 16 oktyabr 2023-cü il tarixli, e-2-2(115)-940/2023 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməli, Gəncə Kommersiya Məhkəməsinin 16 oktyabr 2023-cü il tarixli, e-2-2(115)-940/2023 nömrəli qətnaməsi iddia tələbinin öhdəliyin icrasının gecikdirilməsinə görə 4000 manat məbləğin cavabdehdən tutulmasının rədd edilməsi hissəsində ləğv edilməli və həmin hissədə iddia qismən təmin edilməlidir. Məhkəmə kollegiyası ilk öncə cavabdehin apellyasiya şikayətinin dəlillərini əsassız hesab edərək qeyd edir ki, iş materiallarında olan analitik uçot kitabı adlı sənəddən görünür ki, 2014-cü il tarixdən 2021-ci il tarixədək Cavabdeh tərəfindən İddiaçındən götürülmüş dondurma məhsullarının hesabatı aparılmaqla, 2021-ci ilin əvvəlinə 48100,25 manat qalıq borc yaranmış, 2021-ci il ərzində isə Cavabdeh tərəfindən 6100 manat, 2022ci il tarixdə isə 1000 manat ödənilməklə qalıq borc məbləği 41000,25 manat təşkil etmişdir. Analitik uçot kitabının hər səhifəsi illər üzrə xx.xx.2022-ci il tarixdə Cavabdeh tərəfindən imzalanmaqla təsdiqlənmişdir. Həmçinin, tərəflər arasında xx.xx.2022-ci il tarixdə üzləşmə aktı tərtib edilərək, Cavabdeh "xxxx" MMC-yə 40000 manat borcun olmasını, lakin həmin borc məbləğinin 5400 manatının mübahisəli olmasını təsdiq etmişdir. Lakin, Cavabdeh borcu birdəfəlik ödəyə bilmədiyini nəzərə alaraq, xx.xx.2022-ci il tarixli yazılı izahatla İddiaçınə olan borcundan aprel, may, iyun, iyul və avqust ayları ərzində hər il 5000 manat ödəyəcəyini öhdəsinə götürmüş, lakin öhdəliyini icra etməmişdir. Cavabdeh üzləşmə aktı olan sənədə boş ikən imza etməsi ilə bağlı izahatı isə iş üzrə dindirilmiş şahid ifadəsi ilə inkar olunmuşdur. Digər tərəfdən iş materiallarından görünür ki, cavabdeh birinci instansiya məhkəməsində verdiyi izahatı ilə də iddiaçı qarşısında olan pul öhdəliyini qəbul etmişdir. Buna görə də məhkəmə kollegiyası hesab edir ki, cavabdehin apellyasiya şikayətinin dəlilləri əsassız olmuşdur. İddiaçının apelllyasiya şikayətinin dəlillərini isə məhkəmə kollegiyası qismən əsaslı hesab edərək qeyd edir ki, iddiaçının nümayəndəsi məhkəmə kollegiyasının iclasında tərəflərindən müvafiq dəqiqləşmə aparıldığını buna görə də xx.xx.2022-ci il tarixli üzləşmə aktını və soyuducuların həqiqətən də 66 ədəd olmasını qəbul etdiklərini bildirmişdir ki, bununla da mübahisə edilən hissə Gəncə Kommersiya Məhkəməsinin 16 oktyabr 2023-cü il tarixli, e-2-2(115)-940/2023 nömrəli qətnaməsi ilə iddia tələbinin öhdəliyin icrasının gecikdirilməsinə görə 4000 manat məbləğin cavabdehdən tutulmasının rədd edilməsi hissəsi olmuşdur. Birinci instansiya məhkəməsi isə iddia tələbinə həmin hissədə ümumiyyətlə hüquqi qiymət verməmişdir. Lakin, məhkəmə kollegiyası hesab edir ki, həmin hissədə iddia qismən əsaslı olmuşdur. Belə ki, iş materialları ilə müəyyən edilir ki, tətəflər arasında müvafiq üzləşmə keçirilmiş və xx.xx.2022-ci il tarixli üzləşmə aktına əsasən cavabdeh pul öhdəliyinin olmasını və həmin tarixdən etibarən hər il 5000 manat ödəməyi öhdəsinə götürmüşdür. İddiaçı da həmin tarixdən etibarən cavabdeh tərəfindən 5000 manat ödəməsinə razı olmuşdur. Cavabdeh həmin öhdəliyini razılaşmaya müvafiq olaraq icra etmədiyindən iddiaçı 6 ay sonra iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir ki, bununla da pul öhdəliyinin icrasının gecikdirilməsi həmin müddət daxilində və 5000 manat məbləğinə münasibətdə əsaslı olmuşdur. Buna görə də məhkəmə kollegiyası hesab edir ki, Mülki Məcəllənin 445.7-ci maddəsinin tələbi baxımından iddiaçının həmin hissədə iddiası qismən əsaslı hesab edilməli, Gəncə Kommersiya Məhkəməsinin 16 oktyabr 2023cü il tarixli, e-2-2(115)-940/2023 nömrəli qətnaməsi iddia tələbinin öhdəliyin icrasının gecikdirilməsinə görə 4000 manat məbləğin cavabdehdən tutulmasının rədd edilməsi hissəsində ləğv edilməli və Cavabdeh öhdəliyin icrasının gecikdirilməsinə görə 250 (iki yüz əlli) manat faiz məbləği tutularaq, İddiaçınə ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 372, 384, 392 və 402, maddələrini rəhbər tutaraq,

q ə t e t d i:

Gəncə Kommersiya Məhkəməsinin 16 oktyabr 2023-cü il tarixli, e-2-2(115)-940/2023 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Gəncə Kommersiya Məhkəməsinin 16 oktyabr 2023-cü il tarixli, e-2-2(115)-940/2023 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Gəncə Kommersiya Məhkəməsinin 16 oktyabr 2023-cü il tarixli, e-2-2(115)-940/2023 nömrəli qətnaməsi iddia tələbinin öhdəliyin icrasının gecikdirilməsinə görə 4000 manat məbləğin cavabdehdən tutulmasının rədd edilməsi hissəsində ləğv edilsin və həmin hissədə yeni qətnamə qəbul edilsin. İddia tələbi həmin hissədə qismən təmin edilsin. Cavabdeh öhdəliyin icrasının gecikdirilməsinə görə 250 (iki yüz əlli) manat faiz məbləği tutularaq, İddiaçınə ödənilsin. Apellyasiya şikayəti qalan hissədə təmin edilməsin. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Cavabdeh “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə təqdim edilməklə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommerisya kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar