Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2-2(104)-34/2025 28.08.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Nuriyeva Züleyxa Etibar qızına qarşı iş üzrə Açar sözlər: kredit borcunun tutulması, kredit müqaviləsi üzrə faizlər Hakimlər Məcidov Rüfət Azadəli oğlu (sədrlik edən və məruzəçi), Cavadova Günay İsmayıl qızı və X1 ibarət tərkibdə, Kəsəmənli Nicat Güloğlan oğlunun katibliyi, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin (bundan sonran – iddiaçı və ya ASC) cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 (bundan sonra – cavabdeh(lər)) qarşı “kredit müqaviləsi üzrə borcun ödənilməsi və borcun ipoteka predmetinə yönəldilməsi” tələbinə dair kommersiya işi üzrə Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-2(115)-23/2023 nömrəli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, qətnamə qəbul etdi. İşin halları
1. 10 sentyabr 2018-ci il tarixli 10-BİZG-1-0-04-18 nömrəli baş kredit müqaviləsinə əsasən iddiaçı tərəfindən Cavabdeh1 (bundan sonra – borclu) illik faiz dərəcəsi 36 faiz olmaqla, 120 ay müddətinə 150.000 manat məbləğində kredit xətti açılmışdır.
2. 08 noyabr 2019-cu il tarixli 10-BİZGZ-2-0-40-19 nömrəli kredit müqaviləsinə əsasən, iddiaçı tərəfindən borcluya illik faiz dərəcəsi 19 faiz olmaqla, 36 ay müddətinə 50.000 manat məbləğində kredit verilmişdir.
3. Borclunun kredit müqaviləsi üzrə öhdəliklərinin icrasının təmin edilməsi məqsədi ilə 10 sentyabr 2018-ci il tarixli 10-BİZG-1-0-04-18 nömrəli ipoteka müqaviləsinə əsasən Cavabdeh2 məxsus Qazax şəhəri, H.Əliyev küçəsində yerləşən, 4 otaqlı, 78,2 kv.m yaşayış, 57,8 kv.m köməkçi sahədən ibarət 64 “A” nömrəli fərdi yaşayış evi və 0,04 ha torpaq sahəsi ipoteka ilə yüklü edilmişdir. Həmin müqavilənin 9.4-cü bəndinə əsasən ipoteka predmetinə tutma yönəldilməsi zamanı ilkin satış qiyməti tərəflərin qarşılıqlı razılığı ilə 35.000 manat məbləğində müəyyən edilmişdir.
4. Qazax şəhəri, H.Əliyev küçəsində yerləşən, 4 otaqlı, 78,2 kv.m yaşayış, 57,8 kv.m köməkçi sahədən ibarət 64 “A” nömrəli fərdi yaşayış evi və 0,04 ha torpaq sahəsinin ipoteka ilə yüklü edilməsi daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydiyyatdan keçirilmişdir.
5. Borclunun kredit öhdəliyinin təmin edilməsi məqsədilə Cavabdeh3 və Cavabdeh4 ilə bank arasında 8 noyabr 2019-cu il tarixli 10-BİZGZ-2-0-40-19 nömrəli zaminlik müqavilələri bağlanmışdır.
6. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, Qazax şəhəri, H.Əliyev küçəsində yerləşən, 4 otaqlı, 78,2 kv.m yaşayış, 57.8 kv.m köməkçi sahədən ibarət 64 “A” nömrəli fərdi yaşayış evi və 0.04 ha torpaq sahəsi ipoteka ilə yüklü edilməsi daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydiyyatdan keçirilmişdir.
7. "xxxx" MMC-nin 01 mart 2022-ci il tarixli, ƏEM/M 16-189/22 nömrəli rəyində göstərilmişdir ki, Cavabdeh2 xüsusi mülkiyyətində olan Qazax şəhəri, H.Əliyev küçəsində yerləşən, 4 otaqlı, 78,2 kv.m yaşayış, 57,8 kv.m köməkçi sahədən ibarət 64 “A” nömrəli fərdi yaşayış evinin və 0.04 ha torpaq sahəsi ilə birlikdə bazar dəyəri 70000 manat, likvid dəyəri 47000 manatdır.
8. "xxxx" MMC-nin xx.xx.2023-cü il tarixli, G-03/23-044 nömrəli rəyində göstərilmişdir ki, Cavabdeh2 xüsusi mülkiyyətində olan Qazax şəhəri, H.Əliyev küçəsində yerləşən, 4 otaqlı, 78,2 kv.m yaşayış, 57,8 kv.m köməkçi sahədən ibarət 64 “A” nömrəli fərdi yaşayış evinin və 0.04 ha torpaq sahəsi ilə birlikdə bazar dəyəri 127300 manat, likvid dəyəri 110000 manatdır. Təqdiqatın dəyəri 350 manat təşkil etmişdir.
9. Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli 9/3319 nömrəli ekspert rəyindən görünür ki, Qazax şəhəri, H.Əliyev küçəsində yerləşən Cavabdeh2 məxsus olan 64 “A” nömrəli fərdi yaşayış evinin bazar dəyəri 72500 manat, likvid dəyəri 66000 manat müəyyən edilir.
10. Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2025-ci il tarixli 9/2886 nömrəli ekspert rəyindən görünür ki, iş materiallarında olan hesabdan çıxarış məlumatları, 08 noyabr 2019-cu il tarixli, 10-BİZGZ-2-0-40-19 nömrəli kredit müqaviləsində qeyd olunan şərtləri nəzərə alaraq Cavabdeh1 sualda qeyd edilən tarixlərə İddiaçı ASC-yə olan borcu aşağıdakı kimi müəyyən edilir, o cümlədən xx.xx.2021-ci il tarixə: əsas borc üzrə 45.732,29 manat, faiz borcu üzrə 7.506,45 manat, xx.xx.2025-ci il tarixə: əsas borc üzrə 24.868,29 manat, faiz borcu üzrə 7.506,45 manat təşkil edir. Qeyd edilir ki, 08 noyabr 2019-cu il tarixli, 10-BİZGZ-2-0-40-19 nömrəli kredit müqaviləsi üzrə xx.xx.2025-ci il tarixə borc məbləği hesablanarkən, məhkəmənin eskpertiza təyini haqqında qərardadında ekspert qarşısında qoyulmuş 2-ci sualda göstərdildiyi kimi, xx.xx.2021-ci il tarixdən sonra kredit müqaviləsi üzrə olunmuş ödənişlər 1-ci suala əsasən müəyyən edilmiş borc məbləğindən çıxılmaqla hesablanmışdır. Yəni, xx.xx.2021-ci il tarixdən sonra əsas borc məbləği üzrə illik faiz dərəcəsi tətbiq edilməmişdir. Birinci instansiya məhkəməsində icraat
11. İddiaçı cavabdehlərə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh4 müştərək qaydada iddiaçının xeyrinə 45.682,18 manat əsas, 10.055,06 manat faiz, 248,83 manat cərimə borcu olmaqla, ümumilikdə 55.986,07 manat məbləğində borcun, 30 manat dövlət rüsumunun, ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun və 30 manat xidmət haqqının tutulması, tutmanın Cavabdeh2 mülkiyyətindəki Qazax şəhəri, H.Əliyev küçəsində yerləşən 4 otaqlı, 78,2 kv.m yaşayış, 57,8 kv.m köməkçi sahədən ibarət 64 A nömrəli fərdi yaşayış evinə və 0,04 ha torpaq sahəsinə yönəldilməsi, həmin əmlakın açıq hərracdan satılması və borcun ipoteka predmetinin hərracdan satışından əldə olunan vəsait hesabına ödənilməsi, satışdan əldə olunmuş vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qətnamənin qalan hissədə ümumi qaydada icra edilməsi, ipoteka predmetinə tutma yönəldikdə və o satıldıqdan 1 ay sonra Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 həmin əmlakdan istifadə hüquqlarının itirilmiş hesab edilməsi və onların həmin fərdi yaşayış evindən çıxarılmaları, əmlakın boşaldılması və iddiaçıya təhvil verilməsi, Cavabdeh1 ilə "xxxx" İKB ASC arasında bağlanmış 2019-cu il 8 noyabr tarixli kredit müqaviləsinin ləğv edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
12. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, 10 sentyabr 2018-ci il tarixli baş kredit müqaviləsinə əsasən Cavabdeh1 “Nikoyl" İKB ASC-nin “Gəncə” filialında 120 ay müddətinə 150.000 manat və ya həmin məbləğin digər valyutalarda ekvivalenti məbləğində kredit limiti ayrılmışdır. 2019-cu il 08 noyabr tarixli kredit müqaviləsinə əsasən Cavabdeh1 illik 19 %-lə 36 ay müddətinə 50.000 manat məbləğində kredit götürmüşdür. Borcun təminatı olaraq, Cavabdeh2 mülkiyyətindəki Qazax şəhəri, H.Əİiyev küçəsində yerləşən, 4 otaqlı 78,2 kv.m yaşayış, 57.8 kv.m köməkçi sahədən ibarət 64 "A” nömrəli fərdi yaşayış evi və 0.04 ha torpaq sahəsinin 10 sentyabr 2018-ci il tarixli ipoteka müqaviləsilə yüklü edilmiş və X4 və Cavabdeh4 ilə 2019-cıı il 08 noyabr tarixli zaminlik müqavilələri bağlanmışdır. İpoteka müqaviləsi notarial qaydada təsdiq edilmiş, dövlət reyestrində qeydə alınmışdır. 2015-ci il 10 maıi tarixli kredit müqaviləsinin 4.8-ci bəndinə əsasən hər gecikdirilən gün üçün gccikdirilmiş məbləğin illik 0.1 faizlə cərimə hesablayıb borcludan tələb edir. 2021-ci il mayın 5-dək Cavabdeh1 2019-cu il 08 noyabr tarixli kredit müqaviləsi üzrə banka 45.682,18 manat əsas, 10.055,06 manat faiz, 248,83 manat cərimə borcu olmaqla, cəmi 55.986,07 manat borcu vardır. Xəbərdarlıq edilməsinə baxmayaraq Cavabdeh1 borcu ödəməkdən boyun qaçırır. Bu səbəbdən qanunla müəyyən edilmiş qaydada və müddətdə ipoteka predmetinə tutmanın yönəldilməsinə dair cavabdehə bildiriş verilmişdir. Eyni zamanda reyestr orqanına ərizə göndərilmişdir. Ərizə bu orqanda qeydə alınmışdır. Müddətin keçməsinə baxmayaraq cavabdeh bildirişə münasibətini bildirmir.
13. Qazax rayon Məhkəməsinin 2021-ci il 5 avqust tarixli qərardadı ilə təyin edilmiş məhkəmə mühasibatlıq ekspertizasının 2021-ci il 26 oktyabr tarixli 9/6011 nömrəli rəyində göstərilmişdir ki, Cavabdeh1 2021-ci il 5 may tarixinə 45.682,18 manat əsas, 10.055,06 manat faiz, 248,83 manat cərimə borcu olmaqla, ümumilikdə 55.986,07 manat borcu vardır.
14. Qazax rayon Məhkəməsinin 2022-ci il 21 aprel tarixli 2(023)-115/2022 nömrəli qərardadı ilə, iddiaçının cavabdehlərə qarşı borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair iş aidiyyəti üzrə baxılması üçün Gəncə Kommersiya Məhkəməsinə göndərilmişdir.
15. İddiaçı sonuncu dəfə 2023-cü il 10 aprel tarixində iddia tələbinin həcminin artırılması barədə məhkəməyə ərizə verərək, Cavabdeh1, Cavabdeh3 və Cavabdeh4 müştərək qaydada iddiaçının xeyrinə 2019-cu il 8 noyabr tarixli kredit müqaviləsi üzrə 34.482,18 manat əsas, 25.184,27 manat faiz, 7.178,57 manat cərimə, 2022-ci il 8 noyabr tarixindən 2023-cü il 10 aprel tarixinədək gecikdirilmiş vaxt üçün illik 5 faizlə hesablanmış 759,75 manat məbləğində borc olmaqla, cəmi 67.604,77 manat məbləğində borcun, 30 manat dövlət rüsumunun, ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun və 30 manat xidmət haqqının tutulması, tutmanın ipoteka predmetinə yönəldilməsi, ipoteka predmetinin açıq hərracdan satılması və borcun ipoteka predmetinin hərracdan satışından əldə olunan vəsait hesabına iddiaçıya ödənilməsi, satışdan əldə olunmuş vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qətnamənin qalan hissədə ümumi qaydada icra edilməsi, ipoteka predmetinə tutma yönəldikdə və o satıldıqdan 1 ay sonra Cavabdeh1, Cavabdeh3, Cavabdeh2 və Cavabdeh4 həmin əmlakdan istifadə hüquqlarının itirilmiş hesab edilməsi və onların həmin fərdi yaşayış evindən çıxarılmaları, əmlakın boşaldılması və iddiaçıya təhvil verilməsi, Cavabdeh1 ilə "xxxx" İKB ASC arasında bağlanmış 2019-cu il 8 noyabr tarixli kredit müqaviləsinin ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
16. Cavabdehlər tərəfindən iddia tələbinə qarşı etiraz yazılı etiraz təqdim edilməmişdir.
17. Cavabdeh1 məhkəmə iclasında izahatında bankdan çörək bişirmə fəaliyyəti ilə məşğul olmaq və biznesini inkişaf etdirmək üçün kredit götürdüyünü, yaranan maliyyə problemləri ilə əlaqədar olaraq işini qura bilmədiyini, bank tərəfindən ona faiz borcunun çox yazıldığını, 2022-ci il 22 iyun tarixində ödəniş etdiyini, lakin ödənilmiş məbləğin bank tərəfindən nəzərə alınmadığını qeyd etmişdir. Bir müddət xəstəliyi ilə əlaqədar olaraq işini davam etdirə bilməmiş, mümkün olduqca borcunu ödəmiş, bankdan ona yeni ödəniş qrafiki ayrılmasını xahiş etmişdir. Əsas borcu qəbul etsə də, hesablanmış faiz borcu və ekspert rəyində evin bazar qiymətinin 70.000 manat, likvid qiymətinin 47.000 manat müəyyən edilməsindən narazıdır, belə ki, ipoteka predmeti Qazax şəhərinin mərkəzi küçəsində yerləşməklə bazar qiyməti 150.000 manatdır.
18. Gəncə Kommersiya Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) xx.xx.2023-cü il tarixli, 2-2(115)-23/2023 nömrəli qətnaməsi (hakim R.Məmmədov) ilə, iddianın qismən təmin edilməsi, 30.782,18 manat əsas borc, 22.297,15 manat müqavilə müddətinə faiz borcu, 500 manat cərimə borcu, 759,75 manat gecikdirilmiş vaxt üçün faiz borcu olmaqla, cəmi 54.339,08 manat məbləğində borc, ödənilmiş 30 manat dövlət rüsumu və ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 40 manat dövlət rüsumunun müştərək qaydada cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh4 tutularaq iddiaçının xeyrinə ödənilməsi, tələb üzrə tutmanın Cavabdeh2 mülkiyyətində olan ipoteka predmetinə yönəldilməsi, ipoteka predmetinin açıq hərracdan satılması və ilkin satış qiymətinin 66.000 manat həddində müəyyən edilməsi, açıq hərrac keçirildikdən sonra əldə edilən vəsait hesabına ümumi borc məbləğinin iddiaçıya ödənilməsi, iddiaçının tələbləri ödənildikdən sonra qalan məbləğin Cavabdeh2 qaytarılması, ipoteka predmetinin satışından əldə edilmiş vəsait borcun tam ödənilməsi üçün yetərli olmadıqda qalan borc məbləğinin müştərək qaydada cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh4 tutularaq iddiaçıya ödənilməsi, açıq hərrac keçirildikdən 1 ay sonra cavabdehlər Cavabdeh1, Cavabdeh3, Cavabdeh2 və Cavabdeh4 fərdi yaşayış evindən çıxarılması və fərdi yaşayış evinin boşaldılması, iddianın qalan hissəsinin təmin edilməməsi qət edilmişdir.
19. Birinci instansiya məhkəməsi gəldiyi nəticə ilə bağlı göstərmişdir ki, Cavabdeh1 iddiaçıdan kredit almış, ayrılmış kredit məbləğinin ödəniş planına əsasən qaytarılmasına dair bank qarşısında öhdəlik götürmüş, lakin ödənişləri vaxtında və tam həcmdə yerinə yetirməyərək öhdəliklərini icra etməmişdir.
20. Məhkəmə qeyd etmişdir ki, məhkəməyə təqdim olunmuş 2023-cü il 10 aprel tarixli iddia tələbinin həcminin artırılması barədə ərizədə 34.482,18 manat əsas borc məbləği, 25.184,27 manat məbləğində müqavilə müddətinə faiz borcu tələb edilsə də, 2023-cü il 23 oktyabr tarixli maliyyə arayışına əsasən Cavabdeh1 iddiaçıya 30.782,18 manat əsas və müqavilə müddətinin sonuna 22.297,15 manat məbləğində faiz borcunun olduğu göstərildiyindən, maliyyə arayışında göstərilən əsas və müqavilə müddətinin sonuna olan faiz borcu məbləği əsas götürülməlidir. Ona görə də, əsas və faiz borcunun qalan hissəsi təmin edilə bilməz.
21. Məhkəmə həmçinin hesab etmişdir ki, iddiaçı dəbbə pulunun tutulmasına dair tələb irəli sürərkən, dəbbə pulunun məbləği tənasübsüz surətdə yüksək hesablandığından, 500 manat məbləğində dəbbə pulunun tutulması ədalətli olmaqla yanaşı, iddiaçının həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri qorunmuş olur.
22. Məhkəmə eyni zamanda hesab etmişdir ki, tərəflər arasında bağlanmış 2019-cu il 8 noyabr tarixli 10-BİZGZ-2-0-40-19 nömrəli kredit müqaviləsinin qüvvədə olma müddəti 2022-ci il 8 noyabr tarixində bitdiyinə görə iddia tələbinin müqavilənin vaxtından əvvəl ləğv edilməsi hissəsi təmin edilə bilməz.
23. Məhkəmə iddia tələbinin ipoteka predmetinə tutma yönəldilməsi hissəsini əsaslı hesab edərək göstərmişdir ki, müxtəlif ekspertiza mərkəzlərindən fərqli ekspertiza rəyləri daxil olsa da, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi dövlət ekspertiza mərkəzi olduğundan, həmin qurumun 2023-cü il 21 sentyabr tarixli 10/3139-9/3319 nömrəli qiymətləndirmə rəyinə əsasən ipoteka predmetinin bazar dəyəri 72.500 manat, likvid dəyəri 66.000 manat məbləğində müəyyən edilməsi əsas götürülməlidir.
24. Birinci instansiya məhkəməsi bu qənaətini Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – “MM”) 6.2, 269.1, 269.4, 319.1, 385.1, 386.1, 442, 445.7, 448.1, 467, 470.1, 472.1-ci, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 34.1.1-ci maddələrinə; Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – “MPM”) 14.2, 77.1, 216-220, 227, 233, 360-cı maddələrinə istinad etməklə əsaslandırmışdır.
25. Cavabdeh1 qətnamədən apellyasiya şikayəti ilə məhkəməyə müraciət edərək qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin olunmamasını xahiş etmişdir.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri
a) Apellyasiya şikayətinin dəlilləri
26. Birinci instansiya məhkəməsi iş üzrə düzgün araşdırma aparmadan, maddi və prosessual hüquq normalarının pozulması ilə qətnamə qəbul etmişdir. Belə ki, məhkəmə qətnamə qəbul edən zaman iş üzrə bir neçə ziddiyətli ekspertiza rəyi olmasına baxmayaraq həmin ziddiyətlərin aradan qaldırılması ilə bağlı heç bir araşdırma aparmamış Məhkəmə Ekspertiza Mərkəzinin dövlət ekspertiza mərkəzi olduğundan, məhkəmə Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2023-cü il tarixli, 10/3139-9/3319 nömrəli qiymətləndirmə rəyinə əsaslanmışdır. Belə olan halda məhkəmə nəzərə almamışdır ki, əmlakın qiymətləndirilməsi sözü gedən ekspert rəyi ilə müəyyən edilməsi qanuna ziddir. Bununla yanaşı sözügedən rəyə əlavə edilmiş şəkillərdən də görünür ki, ekspertiza onun evinin ölçülərinə və yerləşdiyi məkana uyğun olmayan evin üzərində tədqiqat aparmış, beləliklə də əsassız rəy verilməsi ilə nəticələnmişdir. Ekspertiza mərkəzinin mütəxəsisi onun evinə baxış keçirtməmiş, fərziyələrə əsasən rəy vermişdir. Məhkəmə ona əsassız olaraq hesablanmış 22297 manat 15 qəpik müqavilə müddətinə faiz borcu, 500 manat cərimə borcu, 759 manat 75 qəpik gecikdirilmiş vaxt üçün faiz borcunun hansı meyarlarla hesablanmasını öz qətnaməsində əsaslandırmamış, iddiaçı bank tərəfindən təqdim edilmiş maliyyə arayışını sübut növündə qiymətləndirərək iş üzrə qətnamə qəbul etmişdir. 30785,18 manat əsas borcu olan şəxsin 22297 manat 15 qəpik müqavilə müddətinə faiz borcu, 500 manat cərimə borcu, 759 manat 75 qəpik gecikdirilmiş vaxt üçün faiz borcu mümkünsüzdür. Lakin məhkəmənin qənaətinə görə iddia tələbi həmin hissədə əsaslıdır. İddiaçı iş üzrə məhkəmə baxışında iddia tələbinin hecminin artırılmasına dair ərizə ilə müraciət etmiş məhkəmə isə sözügedən ərizəni heç bir əsas olmadan icraata götürmüş və yekun məhkəmə aktı qəbul etmişdir. Qeyd edir ki, məhkəmə iş üzrə onun iddiaçı banka borcunun məbləği sübut edilmədiyi təqdirdə bu qənaətə gəlmiş və nəticədə əsassız pul məbləğini onun və digər cavabdehlərin öhdəliyinə vermişdir. İddiaçı tərəfindən sübut növündə təqdim edilmiş maliyyə arayışı nəyin əsasında tərtib edilməsi, eləcə də ona hesablanmış faiz məbləğinin hansı meyarlarla müəyyən edilməsi barədə mötəbər sübut təqdim etməmiş, məhkəmədə öz qətnaməsin həmin hallara aydınlıq gətirməmişdir. Məhkəmə bir neçə ekspertin rəyləri arasında ziddiyyətlərin olmasına baxmayaraq təkrar ekspertiza təyin etməmiş, bununla da mülkiyyətində olan evin qiymətləndirilməsi zamanı müəyyən edilmiş məbləğ həddindən aşağı qiymət yazılmaqla mülkiyyət hüququnu əsassız pozmuşdur. Bununla yanaşı məhkəmə iş üzrə verilmiş ekspertiza rəyinə əlavə edilmiş internet səhifəsindən götürülmüş ev qiyməti ilə qane olmuşdur. Belə ki, iş materiallarına əlavə edilmiş şəkildən də görünür ki, ekspertiza tədqiqində istifadə edilən foto şəkildəki evin ölçüləri, eləcə torpaq ölçüləri habelə evin xarici və daxili görünüşü fərlidir. Onun evi avropa standartlarına uyğun və şəhərin mərkəzində yerləşir. Evinin belə gülünc qiymətə qoyulması bununda məhkəmədə sübut növü qismində tanınması qanunaziddir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
27. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
Apellyasiya instansiyası məhkəməsində birinci icraat
28. Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2024-cü il 9 fevral tarixli 2-2(104)-36/2024 nömrəli qətnaməsi ilə Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi apellyasiya şikayətinə aid hissədə dəyişdirilmədən saxlanılmışdır (sədrlik edən-məruzəçi hakim A.Hüseynzadə, hakimlər İ.Həsənov və Ş.Rzaquliyev).
29. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, cavabdeh qətnamə ilə tutulan faiz və cərimə məbləğini mübahisələndirməklə həmin məbləğlərin düzgün hesablanmadığını iddia etsə də, tələb edilən borc məbləğinin düzgün hesablanmamasına dair hər hansı bir arqument irəli sürə bilməmişdir. Cavabdeh ödənilmiş məbləğlərin nəzərə alınmamasını və ya ödənilmiş məbləğlərin əsas və faiz məbləğinə görə düzgün silinməməsini konkret hallar üzrə əsaslandırmağa borclu olmasına baxmayaraq, öz gümanlarına əsaslanmaqla qeyri-müəyyən dəlillər irəli sürmüşdür. Halbuki, birinci instansiya məhkəməsi tərəfindən iş üzrə məhkəmə-mühaibatlıq ekspertizası təyin edilmiş və ekspertiza rəyi ilə cavabdehin 2022-ci il 23 iyun tarixinə 47.437,62 manat əsas, 20.605,06 manat faiz borcunun olması öz təsdiqini tapmışdır.
30. Məhkəmə cavabdehin əsas borc məbləğinə münasibətdə faiz məbləğinin çox olması ilə bağlı dəlilinə münasibətdə qeyd etmişdir ki, iş materiallarına əsasən cavabdeh tərəfindən 2019-cu il 8 noyabr tarixində kredit müqaviləsi bağlandıqdan sonra 3 ay ərzində cəmi 5.754 manat ödəniş edilmiş, ekspert rəyi verilən 2022-ci il 23 iyun tarixinə kimi isə heç bir ödəniş edilməmişdir. Ödəniş cədvəlinə əsasən isə kredit müqaviləsi bağlandıqdan 3 ay sonrakı qalıq 46.826,89 manat əsas borc məbləğinə hesablanmalı olan aylıq faiz məbləğinin 741,43 manat olması nəzərə alındıqda, keçən 27 aylıq dövr üzrə 2022-ci il 23 iyun tarixinədək hesablanmış faiz məbləğinin 20.605,06 manat məbləğində olması hər hansı bir şübhə yaratmır. Həmin tarixdən sonra edilmiş ödənişlər isə iddiaçı bank tərəfindən yalnız əsas borc məbləğindən silinmişdir ki, kredit müqaviləsi üzrə öhdəliyin icrasının son müddəti olan 2022-ci il 8 noyabr tarixinə qalıq faiz məbləğinin 22.297,15 manat olması da hər hansı bir şübhə yaratmamaqla əsaslı olmuşdur.
31. Həmçinin, əsas borc məbləğinə münasibətdə öhdəliyin icrasının gecikdirilməsinə görə hesablanmış 759,75 manat faiz məbləği, o cümlədən, MM-in 467-ci maddəsinin tətbiqi baxımından birinci instansiya məhkəməsinin müəyyən etdiyi 500 manat cərimə məbləği də əsaslı olmuşdur.
32. İpoteka predmetinin ilkin satış qiymətinin düzgün müəyyən olunmaması ilə bağlı dəlilə münasibətdə isə qeyd olunmuşdur ki, tərəflər arasında bağlanmış 2018-ci il 10 sentyabr tarixli ipoteka müqaviləsinin 2.2-ci bəndi ilə ipoteka predmetinin dəyəri tərəflərin qarşılıqlı razılığı ilə 35.000 manat dəyərində qiymətləndirilsə də, birinci instansiya məhkəməsi tərəfindən əmlakın qiymətləndirilməsi yenidən həyata keçirilmiş və 2023-cü il 21 sentyabr tarixli 9/3319 nömrəli rəylə ipoteka predmetinin likvid dəyəri 66.000 manat müəyyən edilmişdir. İpoteka predmetinin dəyəri ilə bağlı ekspert rəyi ilə müəyyən edilmiş məbləğ "xxxx" MMC-nin 2022-ci il 1 mart tarixli mütəxəssis rəyinə və ipoteka müqaviləsi ilə müəyyən edilmiş məbləğə uyğun olmaqla, "xxxx" MMC-nin 2023-cü il 13 mart tarixli rəyi ilə müəyyən edilmiş məbləğdən kəskin fərqlənmişdir ki, bu da "xxxx" MMC-nin mütəxəssis rəyinin qeyri-mötəbər olmasını deməyə əsas vermişdir. Bundan başqa qanunvericilik ipoteka qoyana ipoteka ilə yüklü edilmiş əmlakını özgəninkiləşdirmək imkanı verir. Belə ki, ipoteka qoyan əmlakının dəyərinin daha yüksək olduğunu iddia etdiyi halda əsas öhdəlik üzrə tələblərin ödənilməsini təmin etməklə ipoteka predmetini iddia etdiyi yüksək qiymətə özgəninkiləşdirə bilər
33. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni MM-in 269.1, 269.7, 317.1, 319.1, 385.1, 442, 448.1, 460.1, 462.1, 467 və 739.1-ci maddələrinə, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1, 30.6, 36, 39.3 və 39.3.3-cü maddələrinə istinadla əsaslandırmışdır.
34. Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayətində, qətnamənin ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya məhkəməsinə qaytarılması xahiş edilmişdir.
Kassasiya instansiya məhkəməsində icraat
35. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının xx.xx.2024-cü il tarixli 2-2(102)-464/2024 nömrəli qərarı ilə, kassasiya şikayətinin qismən təmin olunması, Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2024-cü il 9 fevral tarixli 2- 2(104)-36/2024 nömrəli qətnaməsi qismən - kredit borcunun tutulması hissəsində ləğv edilməsi, işin həmin hissədə yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi, qətnamənin qalan hissədə dəyişdirilmədən saxlanılması qərara alınmışdır.
36. Kassasiya instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, baxılan işin materiallarından göründüyü kimi, iddiaçı tərəfindən cavabdehə 2021-ci il 21 yanvar tarixli xəbərdarlıq məktubu ünvanlanaraq borcalan tərəfindən müqavilə şərtlərinin pozulması, əsas və faiz borcunun ödənilməsinin təmin edilməməsi göstərilmiş, kreditorun kredit müqaviləsinə vaxtından əvvəl xitam vermək və verdiyi kredit məbləğini bu müddətədək faizlərlə birlikdə qaytarılmasını tələb etmək hüququna istinadla borcun xəbərdarlıq məktubunun alındığı vaxtdan etibarən 5 gün müddətində ödənilməsi tələb olunmuşdur.
37. Göründüyü kimi, hazırki iş üzrə iddiaçı cavabdehə 2021-ci il 21 yanvar tarixli xəbərdarlıq məktubu göndərməklə kredit müqaviləsi üzrə öhdəliklərin vaxtından əvvəl icra edilməsini tələb etməklə mübahisəli kredit müqaviləsinin ləğv edilməsinə dair iradəsini qarşı tərəfə bildirmiş, bununla da mübahisəli kredit müqaviləsinə birtərəfli qaydada xitam verilmişdir. Odur ki, iddiaçı yalnız müqaviləyə xitam verildiyi tarixədək olan müqavilə üzrə faizlərin ödənilməsini tələb etmək hüququna malikdir. Hazırki iş üzrə isə iddiaçı tərəfindən kredit üzrə faizlərin 2023-cü il 10 aprel tarixinədək tələb olunmasına dair ərizə verilmiş, iddia olunan borcun miqdarı ilə bağlı 2023-cü il 23 oktyabr tarixli maliyyə arayışı təqdim olunmuşdur. İşə baxmış məhkəmələr tərəfindən 2023-cü il 23 oktyabr tarixinə faiz borcunun tutulmasına dair qətnamə qəbul edilmişdir.
38. Məhkəmə kollegiyası hesab etmişdir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən kredit müqaviləsinin iddiaçı tərəfindən birtərəfli qaydada xitam verildiyi tarixədək deyil, iddia olunan tarixədək müqavilə faizinin tutulması əsaslı hesab olunmaqla, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 29 mart 2023-cu il tarixli qərarındakı hüquqi mövqeyə zidd nəticəyə gəlinmiş, həmin qərarda istinad olunan maddi hüquq normalarının tələbləri pozulmuşdur
39. Bundan əlavə məhkəmə kollegiyası qeyd edilməsini zəruri hesab etmişdir ki, işə mahiyyəti üzrə baxılarkən cavabdehin kredit borcunun miqdarı yalnız iddiaçı tərəfindən təqdim olunmuş maliyyə arayışına əsasən müəyyən edilmişdir
40. Baxılan iş üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən cavabdehdən tələb olunan borcun miqdarına dair sübutların kifayətedici olması ilə bağlı hər hansı əsaslandırma aparılmadan, məhz iddiaçı tərəfindən təqdim olunmuş maliyyə arayışında göstərilən miqdarda borcunun olunması barədə nəticəyə gəlinməklə, MPM-in 88, 217 və 97-ci maddəsinin tələbləri pozulmuşdur.
41. Odur ki, məhkəmə kollegiyası hesab etmişdir ki, apellyasiya instansiyası məhkəməsinin iş üzrə qətnaməsi maddi hüquq normalarının pozulmasına görə qismən cavabdehdən kredit borcunun tutulması hissəsində ləğv edilməli, iş həmin hissədə yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməli, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti qismən təmin edilməlidir. Məhkəmə qətnaməsinin ləğv edildiyi hissədə yeni apellyasiya baxışı zamanı yuxarıda qeyd olunan nöqsanları aradan qaldırılmalı, iş üzrə qanuni və əsaslı qətnamə qəbul edilməlidir.
Məhkəmə icraatı iştirakçılarının izahatları
42. İddiaçının nümayəndəsi apellyasiya şikayətinin dəlillərini əsassız hesab edərək izahatında bildirdi ki, ekspert rəyi ilə razı deyillər. Ekspert araşdırması məhkəmənin mövqeyinə uyğun olan tarixə aparılmış və rəydə illik beş faizi hesablamamışdır. İllik beş faizin tutulması ilə yenidən məhkəmədə iddia qaldıracaqlar. Şikayətin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirlmədən saxlanılmasını xahiş etmişdir.
43. Cavabdehlərə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar olunmasına baxmayaraq məhkəmə iclasında özlərinin və ya nümayəndələrinin iştirakını təmin etməmiş və bunun üzürlü səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikasının Mülki Məcəlləsi
44. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
45. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
46. Maddə 390.2. Müqavilə onun bağlandığı vaxt qüvvədə olan qanunla və digər hüquqi aktlar ilə müəyyənləşdirilmiş, tərəflər üçün məcburi qaydalara (imperativ normalara) uyğun gəlməlidir. Əgər müqavilə bağlandıqdan sonra onu bağlayarkən qüvvədə olmuş qaydalardan fərqlənən, tərəflər üçün məcburi başqa qaydalar müəyyənləşdirən qanun qəbul edilmişsə, bağlanmış müqavilənin şərtləri qüvvəsini saxlayır, amma qanunda onun qüvvəsinin əvvəllər bağlanmış müqavilələrdən əmələ gələn münasibətlərə şamil olunmasının müəyyənləşdirildiyi hallar istisna təşkil edir.
47. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.
48. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
49. Maddə 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur.
50. Maddə 445.1. İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır.
51. Maddə 445.2. Aşağıdakı hallar borclunun icranı gecikdirməsi sayılır: 445.2.1. öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi; 445.2.2. icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi. Maddə 445.7 (zamana görə qüvvədə olan redaksiya). Borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir.
52. Maddə 447.7. Müqavilədən çıxarkən kreditor müqavilənin icra edilməməsi nəticəsində ona dəymiş zərərin əvəzini ödəməyi tələb edə bilər. Əgər müqavilədən çıxmaq üçün əsas borclunun təqsiri üzündən yaranmamışsa, bu qayda tətbiq edilmir.
53. Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.
54. Maddə 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz.
55. Maddə 739.1 (zamana görə qüvvədə olan redaksiya). Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.
56. Maddə 739.2 (zamana görə qüvvədə olan redaksiya). Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər.
“Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 29 mart 2023-cu il tarixli Qərarı
57. Kredit müqaviləsi üzrə öhdəliyin pozulması səbəbindən kreditorun Mülki Məcəllənin 447.1-ci maddəsinə əsasən müqavilədən imtina etdiyi təqdirdə, həmin anadək gecikdirilmiş annuitet ödənişlərinə yaranmış tələb müqavilənin ləğvindən sonra da qüvvədə qalır. Bu öhdəlik müqavilənin ləğv edilməsindən əvvəl yarandığı üçün kreditor onun ödənilməsini tələb etməkdə haqlıdır. Həmçinin, bir tərəfin müqavilə öhdəliyini əhəmiyyətli dərəcədə pozmaqla qarşı tərəfə zərər vurması halında qarşı tərəfin (kontragentin) müqaviləni ləğv etməsi onun məruz qaldığı zərərin ödənilməsini tələb etmək hüququndan məhrum olunması, hüquqa zidd hərəkət edən şəxsin isə mülki məsuliyyətdən azad edilməsi kimi qiymətləndirilə bilməz. Bu halda kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş əlavə müddət bitənədək (ləğv anınadək) pul vəsaitindən istifadə haqqını (faizləri), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər.
58. Qərarda həmçinin göstərilmişdir ki, “..ikitərəfli müqavilələr üzrə öhdəliyin pozulması halında kreditor Azərbaycan Respublikası Mülki Məcəlləsinin 447.1-ci maddəsinə uyğun olaraq müqavilədən imtina etməklə ona xitam verə bilər. Müqavilədən imtina barədə iradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqaviləyə xitam verilmiş sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3-cü maddəsinin tələbləri baxımından müqavilənin ləğvindən əvvəl gecikdirilmiş annuitet (əsas məbləğ və hesablanmış faizlər) ödənişlərə münasibətdə yaranmış tələb müqavilənin ləğvindən sonrada da qüvvədə qalır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə uyğun olaraq, kreditor öhdəliyin pozulması halında digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz məbləğində vəsaitin ödənilməsini tələb etmək hüququna malikdir.
Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi
59. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.
60. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
61. Maddə 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.
62. Maddə 76.2. Bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir
63. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
64. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
65. Maddə 97.1. İşə baxılarkən xüsusi bilik tələb olunan sualları izah etmək üçün məhkəmə işdə iştirak edən şəxsin yazılı qaydada verilən əsaslandırılmış vəsatəti və ya öz təşəbbüsü ilə ekspertiza təyin edə bilər. İşdə iştirak edən şəxsin vəsatəti rədd edildikdə məhkəmə bu barədə əsaslandırılmış qərardad qəbul etməlidir
66. Maddə 103.1. Ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir.
67. Maddə 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir.
68. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
69. Maddə 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir.
70. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.2. qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.
71. Maddə 385.1. Məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; 385.1.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi;
72. Maddə 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
73. Maddə 420. Kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir.
Apellyasiya baxışının hədləri
74. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
75. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
76. Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası (bundan sonra – Məhkəmə) qeyd edir ki, borclu tərəfindən verilmiş apellyasiya şikayətinin dəlillərində birinci instansiya məhkəməsinin qətnaməsinin – kredit müqaviləsi üzrə yaranmış borcun məbləği və ipoteka predmetinin ilkin satış qiyməti hissələrində mübahisələndirmişdir.
77. Eyni zamanda məhkəmə göstərir ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2024-cü il tarixli qərarında qeyd olunmuş göstərişlərə əməl edilməlidir.
78. Belə ki, kassasiya instansiya məhkəməsinin qərarı ilə müəyyən olunur ki, əvvəlki apellyasiya instansiya məhkəməsinin baxışında qəbul edilmiş qətnamə iddia tələbinin – kredit borcunun tutulması – hissəsində ləğv edilmiş, qətnamə qalan hissələrdə isə dəyişdirilmədən saxlanılmışdır. Buna görə də qətnamənin əsaslılığını yalnız borcluya münasibətdə kredit borcunun tutulması hissəsi üzrə yoxlamışdır.
79. Çünki, Azərbaycan Respublikası MPM-in 420-ci maddəsinə görə, kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
80. Məhkəmə ilkin olaraq qeyd edir ki, işə baxıldığı zaman birinci instansiya məhkəməsi tərəfindən cavabdehin əsas və faiz borcunun dəqiq məbləği müəyyən edilməmiş, təqdim olunmuş sübutlar və ekspert rəyləri arasında mövcud ziddiyyətlər aradan qaldırılmamışdır. Bu səbəbdən birinci instansiya məhkəməsi tərəfindən çıxarılan qətnamədə göstərilmiş nəticələr işin faktiki hallarına və qanunvericiliyin tələblərinə tam uyğun gəlməmişdir.
81. Belə ki, işin halları ondan ibarətdir ki, 10 sentyabr 2018-ci il tarixli 10-BİZG-1-0- 04-18 nömrəli baş kredit müqaviləsinə əsasən Cavabdeh1 illik faiz dərəcəsi 36 faiz olmaqla, 120 ay müddətinə 150.000 manat məbləğində kredit xətti açılmış, 2019-cu il 8 noyabr tarixli 10-BİZGZ-2-0-40-19 nömrəli kredit müqaviləsinə əsasən, ona illik faiz dərəcəsi 19 faiz olmaqla, 36 ay müddətinə 50.000 manat məbləğində kredit verilmişdir. Kredit öhdəliklərinin təminatı kimi cavabdehin mülkiyyətində olan Cavabdeh2 məxsus Qazax şəhəri, H.Əliyev küçəsində yerləşən, 4 otaqlı, 78,2 kv.m yaşayış, 57,8 kv.m köməkçi sahədən ibarət 64 “a” nömrəli fərdi yaşayış evi və 0,04 ha torpaq sahəsi ipoteka ilə yüklü edilmişdir. Kredit müqaviləsi üzrə öhdəliklər cavabdeh tərəfindən yerinə yetirilmədiyindən, iddiaçı tərəfindən bu qərarın 6-cı bəndində qeyd olunan məzmunda hazırki iddia ilə məhkəməyə müraciət olunmuşdur
82. Məhkəmə qeyd edir ki, tərəflər arasında yaranmış hüquq münasibətləri kredit ilə bağlı yaranan mülki münasibətlərdir. Ona görə də işin hallarına tərəflər arasında bağlanmış kredit müqaviləsinə, habelə qanunvericiliyin borcla bağlı müddəaları əsasında hüquqi qiymət verilməlidir.
83. Mülki Məcəllənin mülki hüquqların və vəzifələrin əmələ gəlməsindən bəhs edən 2-ci fəslinin 14.2.1-ci maddəsinə görə qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr (əmək müqavilələri istisna olmaqla) və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biridir.
84. İddia tələbinin kökündə tələb etmənin əsası kredit müqaviləsi dayanır. Məhz iddiaçı bank həmin müqaviləni rəhbər tutaraq hazırda borcalandan borc məbləğini tələb edir və əsas kimi göstərir ki, borcalan kredit müqaviləsi üzrə üzərinə düşən öhdəlikləri lazımınca icra etməmişdir. Məhkəmə bununla bağlı aşağıdakıları göstərməyi zəruri hesab edir.
85. Qeyd olunmalıdır ki, mülki münasibətlərdə hüquq və vəzifələrin əmələ gəlməsi, bir qayda olaraq, müqavilələrlə (əqdlərlə) bağlıdır. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Müqavilənin bağlanması üçün tərəflərin razılaşdırılmış iradə ifadəsi olmalıdır.
86. Hər kəs müqavilə bağlamaqda müstəqildir və müqavilə azadlığı mülki qanunvericiliyin əsas prinsiplərindən biridir (Mülki Məcəllənin 6-cı maddəsi). Həmin prinsip mülki hüquq subyektlərinə müstəqil olaraq, heç kəsin iradəsindən asılı olmadan öz mülahizə və istəklərinə görə mənafelərini nəzərə almaqla müqavilə bağlamaq imkanı verir.
87. Mülki Məcəllənin “Müqavilə hüququ” adlanan 20-ci fəslinin məqsədi müqavilə hüquq münasibətlərinə girən tərəflərin sərbəst iradə ifadəsi və bərabərliyi prinsiplərinə riayət etməklə və onların müqavilə maraqlarını qorumaqla mülki dövriyyənin azadlığını təmin etməkdir.
88. Mülki Məcəllənin 390.1-ci maddəsinin məzmununa görə, fiziki və hüquqi şəxslər müqavilə əsasında öz hüquq və vəzifələrinin, həmçinin müqavilənin qanuna zidd olmayan istənilən şərtinin müəyyən edilməsində sərbəstdirlər.
89. Mülki qanunvericilikdə müqavilə hüququnun əsasını təşkil edən müqavilə azadlığı prinsipi ilə yanaşı, bağlanan müqavilələrin ümumi şərtlərini (müqavilənin növlərini və formasını, onun standart şərtlərini, dəyişdirilməsinin və ləğv edilməsinin əsaslarını və s.), o cümlədən bağlanmış müqavilənin qüvvəsini tənzimləyən bir sıra müddəalar nəzərdə tutulmuşdur.
90. Müqavilə münasibətlərində tərəflər bərabər hüquq və vəzifələrə malik olmaqla balanslaşdırılmış ortaq maraqdan çıxış edir. Həmin müqaviləni bağlayan şəxslərin iqtisadi marağı onda ifadə olunur ki, bir tərəf - borc verən kreditdən istifadə müddəti ərzində borc verdiyi vəsaitə görə müqavilədə nəzərdə tutulan faiz məbləğindən, digər tərəf - kredit götürən isə kreditdən istifadə müddəti ərzində həmin vəsaitdən səmərəli istifadə etməklə faydalanmağı nəzərdə tutur. Müqavilənin mahiyyəti onda ifadə olunur ki, belə razılaşmada hər iki tərəfin mənafeyi qorunur.
91. Mülki qanunvericilik müqavilə şərtlərinin məcburiliyini və icra edilməli olduğunu təsbit edir. Bu prinsipə görə, bağlanmış müqavilələr onlarda göstərilən və tərəflərin razılığa gəldikləri şərtlər əsasında da icra edilir. Həmin prinsip müəyyən edir ki, müqavilə qüvvəyə mindiyi andan tərəflər üçün məcburi xarakterə malik olur və onun şərtləri, bir qayda olaraq, dəyişdirilmir. Bu, mülki dövriyyənin sabitliyini, möhkəmliyini və dayanıqlığını təmin edir. Eyni zamanda, mülki qanunvericilik müqavilənin qüvvədə olduğu müddət ərzində dəyişdirilməsinin və ləğv edilməsinin mümkünlüyünü nəzərdə tutur.
92. Məhkəmə qeyd edir ki, tərəflər arasında öhdəlik hüquq münasibətləri yaranması üçün kredit müqaviləsinin bağlanması şərtdir. Çünki məhz müqavilə bağlanacağı halda iddia tələbi üzrə cavabdehin borcu qaytarmaq öhdəliyi yaranmış olacaqdı. Nəzərə almaq lazımdır ki, öhdəlik hüquq münasibətlərinin əmələ gəlmə əsasları dedikdə öhdəliyin əmələ gəlməsini şərtləndirən, onun yaranmasına dəlalət edən, qanunda nəzərdə tutulan və qanunun əlaqələndirdiyi hüquqi faktlar başa düşülür. Yəni öhdəliklər hüquqi faktlar əsasında meydana gəlir. Öhdəliyin əmələ gəlməsini şərtləndirən hüquqi faktların dairəsi geniş olsa da, ən genişi müqavilə olmasıdır.
93. Mülki Məcəllənin 386.1-ci maddəsi bəzi istisnalarla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilənin bağlanmalı olduğunu müəyyən edir. Həmin maddədə nəzərdə tutulmuşdur ki, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
94. İddia ərizəsinə əlavə edilmiş sənədlərə istinad edilən zaman müəyyən edilir ki, kreditor, borcalan və zaminlər arasında olan xx.xx.2019-cu il tarixli kredit müqaviləsi Mülki Məcəllənin 390-cı maddəsinin tələbləri baxımından könüllü şəkildə iradələrinə uyğun olaraq bağlamışlar və müqavilənin etibarsızlığı baxımından hər hansı hüquqi durum mövcud deyildir. Müqavilə nəticəsində iddiaçı kreditor, cavabdeh isə borclu statusu əldə etmişdir. Həmin müqavilə onlar arasında yaranmış borc münasibətlərinin təməlini qoymuşdur.
95. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739-cu maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır (zamana görə qüvvəsində olan redaksiya).
96. 385-ci maddəsinə görə kreditorun borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 742.1-ci maddəsinə görə isə borc alan borcun qaytarılması üçün qoyulmuş müddətdə borcu qaytarmalıdır.
97. 425.1-ci maddəsinin tələbinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.
98. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsində göstərilmişdir ki, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür.
99. Mülki Məcəllənin 448.1-ci maddəsində deyilir ki, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.
100. Həmin Məcəllənin 449-cu maddəsinə əsasən kreditorun borcludan faizlərin ödənilməsini tələb etmək hüququ vardır.
101. Məhkəmə araşdırması zamanı müəyyən edildiyi kimi, borcalan kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəlikləri lazımınca icra etməmiş, nəticədə onun banka borcu yaranmışdır. Yəni kreditor tərəfindən kredit verilən zaman gözlənilən nəticə cavabdehin üzərinə götürdüyü öhdəlikləri icra etmədiyi üçün baş tutmamışdır. Bununla da kreditorun qanunla qorunan hüquqları pozulmuşdur. Nəticədə borcalanın kreditora borcu yaranmışdır. Ona görə də borcun kredit müqaviləsi üzrə tərəf olan Cavabdeh1 tələb edilməsi əsaslıdır.
102. Bununla bağlı kreditor tərəfindən borcalan kredit müqaviləsi üzrə öhdəlikləri lazımınca icra etmədiyindən 21 yanvar 2021-ci il tarixli xəbərdarlıq məktubu ilə cavabdehlərə müraciət edərək bağlanmış kredit müqavilələri üzrə borcalan tərəfindən müqavilə şərtlərinin pozulması, əsas və faiz borcunun ödənilməsinin təmin edilməməsi göstərilmiş, kreditorun kredit müqaviləsinə vaxtından əvvəl xitam vermək və verdiyi kredit məbləğini bu müddətədək faizlərlə birlikdə qaytarılmasını tələb etmək hüququna istinadla borcun xəbərdarlıq məktubunun alındığı vaxtdan etibarən 5 gün müddətində ödənilməsi tələb olunmuş, əks təqdirdə borcun borclu və zaminlərdən tutulması ilə əlaqədar tədbirlərin görüləcəyi barədə xəbərdarlıq edilmişdir.
103. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 29 mart 2023-cü il tarixli qərarına əsasən, Mülki Məcəllənin 421.2-ci maddəsində nəzərdə tutulmuş əsaslar üzrə müqavilənin ləğv edilməsi həmin Məcəllənin 421.3-cü maddəsinə uyğun olaraq birtərəfli iradə ifadəsi ilə məhkəmədən kənar qaydada baş verir. İradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqavilə ləğv edilmiş hesab edilir və bu ləğvetmənin həyata keçirilməsinin ümumi formasıdır. İkitərəfli müqavilələr üzrə öhdəliyin pozulması halında kreditor Mülki Məcəllənin 447.1-ci maddəsinə uyğun olaraq müqavilədən imtina etməklə ona xitam verə bilər. Müqavilədən imtina barədə iradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqaviləyə xitam verilmiş sayılır (58-59&).
104. Göründüyü kimi, iddiaçı müqavilənin ləğvinə dair iradə ifadəsinin xx.xx.2021-ci il tarixdə bəyan etmişdir ki, tərəflər arasında bağlanmış kredit müqaviləsi ləğv edilmişdir. Belə olan halda iddiaçı kredit müqaviləsinə istinadən xx.xx.2021-ci il tarixdən sonra faizin hesablanmasını aparmaqda haqlı olmamışdır. Eyni zamanda, xx.xx.2021-ci il tarixdən sonra borc üzrə ödənişlər aparıldığı halda hazıradək borcun məbləği də müəyyən edilməmişdir.
105. Kassasiya instansiya məhkəməsinə göstərişinə əsasən birinci instansiya məhkəməsinin qənaətinin qanuni və əsaslı olub-olmamasının müəyyən edilməsi və borc məbləğinin düzgün müəyyən edilməsi üçün iş üzrə təkrar məhkəmə-mühasibatlıq ekspertizası keçirilmiş və ekspertin xx.xx.2025-ci il tarixli 9/2886 nömrəli rəyi ilə müəyyən olunmuşdur ki, iş materiallarında olan hesabdan çıxarış məlumatları, 08 noyabr 2019-cu il tarixli, 10-BİZGZ-2-0-40-19 nömrəli kredit müqaviləsində qeyd olunan şərtləri nəzərə alaraq Cavabdeh1 sualda qeyd edilən tarixlərə İddiaçı ASC-yə olan borcu aşağıdakı kimi müəyyən edilir, o cümlədən xx.xx.2021-ci il tarixə: əsas borc üzrə 45.732,29 manat, faiz borcu üzrə 7.506,45 manat, xx.xx.2025-ci il tarixə: əsas borc üzrə 24.868,29 manat, faiz borcu üzrə 7.506,45 manat təşkil edir. Qeyd edilir ki, 08 noyabr 2019-cu il tarixli, 10- BİZGZ-2-0-40-19 nömrəli kredit müqaviləsi üzrə xx.xx.2025-ci il tarixə borc məbləği hesablanarkən, məhkəmənin eskpertiza təyini haqqında qərardadında ekspert qarşısında qoyulmuş 2-ci sualda göstərdildiyi kimi, xx.xx.2021-ci il tarixdən sonra kredit müqaviləsi olunmuş ödənişlər 1-ci suala əsasən müəyyən edilmiş borc məbləğindən çıxılmaqla hesablanmışdır. Yəni, xx.xx.2021-ci il tarixdən sonra əsas borc məbləği üzrə illik faiz dərəcəsi tətbiq edilməmişdir.
106. Məhkəmə Azərbaycan Respublikasının MPM-in 103-cü maddəsinə əsasən həmin rəyi qiymətləndirərək mötəbər sübut kimi qəbul edir. Belə ki, Azərbaycan Respublikasının MPM-in 76.2-ci maddəsinə əsasən ekspert rəyi sübut növlərindən biri kimi müəyyən olunmuşdur.
107. Azərbaycan Respublikasının MPM-in 103.1-ci maddəsinə əsasən, ekspertin rəyi məhkəmə tərəfindən bu Məcəllənin 88-ci maddəsində müəyyən olunmuş qaydalar üzrə qiymətləndirilir.
108. Ekspert qeyd etmişdir ki, borcun hesablanmasında məhkəmə qərardadında göstərilən suallara uyğun olaraq xx.xx.2021-ci ildən sonrakı dövr üzrə cavabdeh tərəfindən edilmiş ödənişlər nəzərə alınmış, həmin tarixdən sonra əsas borc məbləğinə illik faiz dərəcəsi tətbiq edilməmişdir. Bu səbəbdən rəy yalnız faktiki ödənişlər və kredit müqaviləsinin şərtləri əsasında hesablanmışdır.
109. Məhkəmə hesab edir ki, bu ekspert rəyi iş materiallarında mövcud digər ekspert rəyləri ilə müqayisədə daha obyektivdir, tamdır, işin hallarına və qanunvericiliyin tələblərinə uyğundur. Çünki, bir tərəfdən cavabdeh tərəfindən aparılmış ödənişlər nəzərə alınmış, digər tərəfdən isə kredit müqaviləsinin şərtlərinə uyğun olaraq faizlərin hesablanması yalnız müqavilənin qüvvədə olduğu dövr üçün aparılmışdır. Ekspert hesablama apararkən təqdim olunmuş mühasibatlıq sənədlərini və tərəflər arasında bağlanmış müqavilənin şərtlərini əsas tutmuş, rəydə ekspertin gəldiyi nəticə əsaslandırılmışdır. Beləliklə, xx.xx.2024-cü il tarixli ekspert rəyi işdə mövcud ziddiyyətləri aradan qaldıraraq, cavabdehin kredit borcunun dəqiq həcmini müəyyən etmişdir.
110. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77, 88 və 217-ci maddələrinin tələblərinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsasını sübut etməlidir; məhkəmə isə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxmalı və yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla qətnaməsini əsaslandırmalıdır. Bu baxımdan məhkəmə müəyyən edir ki, xx.xx.2025-ci il tarixli ekspert rəyi işin halları üzrə dolğun sübut hesab edilməli və cavabdehin real borc məbləği həmin rəy əsasında müəyyən olunmalıdır.
111. İş materiallarından görünür ki, iddiaçı kreditor xx.xx.2021-ci il tarixdə Cavabdeh1 ünvanladığı yazılı bildirişlə kredit müqaviləsinin ləğvinə dair iradəsini bəyan etmişdir. Bu tarixdən etibarən tərəflər arasında bağlanmış kredit müqaviləsinə xitam verilmiş hesab olunur. Nəticə etibarilə, iddiaçının kredit müqaviləsinə əsaslanaraq xx.xx.2021-ci ildən sonrakı dövr üzrə faizlərin hesablanmasını tələb etməsi hüquqi əsasa malik deyildir.
112. Bundan əlavə, həmin tarixdən sonra cavabdeh tərəfindən borc üzrə müəyyən ödənişlər aparıldığından, borcun dəqiq məbləğinin müəyyən edilməsi yalnız bu ödənişlərin nəzərə alınması yolu ilə mümkündür. Bu isə məhz xx.xx.2025-ci il tarixli ekspert rəyində öz əksini tapmışdır. Ekspert rəyi göstərmişdir ki, cavabdeh tərəfindən aparılan ödənişlər əsasında xx.xx.2025-ci il tarixə faktiki borc 24.868,29 manat əsas və 7.506,45 manat faiz olmaqla ümumilikdə 32.374,74 manat təşkil etmişdir.
113. Beləliklə, məhkəmə hesab edir ki, kredit müqaviləsinə xx.xx.2021-ci il tarixdə xitam verildiyindən, həmin tarixdən sonrakı dövr üzrə yalnız gecikdirilmiş ödənişlərdən yaranan məsuliyyət tətbiq oluna bilər, müqavilə üzrə faizlərin hesablanması isə yolverilməzdir. Bu mövqe həm Konstitusiya Məhkəməsinin 29 mart 2023-cü il tarixli qərarına, həm də Mülki Məcəllənin 399, 421.3, 424.3 və 447-ci maddələrinin tələblərinə tam uyğun gəlir.
114. Nəticə etibarilə, məhkəmə belə qənaətə gəlir ki, Cavabdeh1 iddiaçının qarşısında 08 noyabr 2019-cu il tarixli kredit müqaviləsi üzrə xx.xx.2021-ci il tarixədək yaranmış faiz borcu əsas götürülməli, həmin tarixdən sonrakı dövr üzrə yalnız faktiki ödənişlər nəzərə alınmaqla dəqiq əsas borc məbləği müəyyən edilməlidir. Bununla da borcalanın real borcu ekspert rəyində göstərilən məbləğlər əsasında qəbul edilməlidir.
115. Bundan başqa apellyator ondan birinci instansiyası məhkəməsi tərəfindən tutulmuş 500 manat cərimə borcunu və gecekdirilmiş vaxt üçün hesablanmış 759,75 manat faiz borcunu da mübahisələndirir.
116. Cərimə borcuna münasibətdə qeyd edilməlidir ki, iddiaçı 7178,57 manat cərimə borcu tələb etmiş və məhkəmə cərimə borcunu azaldaraq 500 manat cərimənin tutulması qənaətinə gəlmişdir. Mülki Məcəllənin 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir (xx.xx.2023-cü il tarixədək qüvvədə olan redaksiya).
117. Məhkəmə araşdırması zamanı müəyyən edildiyi kimi, tərəflər arasında kredit müqaviləsi 08 noyabr 2019-cu il tarixdə bağlanmış və apellyatora 36 ay müddətinə 50000 manat kredit verilmişdir.
118. Tərəflər arasında bağlanmış kredit müqaviləsinin 4.8-ci bəndinə əsasən, borcalan müqavilənin 4.2-ci bəndinə uyğun olaraq ödənişlərini həyata keçirmədikdə gecikdirilən gündən gecikdirilən əsas borc məbləğinə əsas faizlə yanaşı gecikdirilən hər gün üçün cərimə kimi gündəlik 0.1 faiz dəbbə puluda ödəyir. Dəbbə pulu ödənişlər gecikdirilən gündən gecikdirilən məbləğ kreditora tam ödənildiyi günədək hesablanır. 119.Göründüyü kimi tərəflər arasında bağlanmış müqavilənin bağlandığı zaman qüvvədə olan mülki qanunvericiliyin tələbinə əsasən dəbbə pulunun ödənilməsinə dair razılaşma müqavilədə nəzərdə tutulmuşdur ki, iddiaçı dəbbə pulunun ödənilməsini tələb etməkdə haqlı olmuşdur.
120. Tutulmuş dəbbə pulunun məbləğinə münasibətdə isə qeyd edilməlidir ki, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir (Mülki Məcəllə maddə - 467).
121. Birinci instansiyası məhkəməsi mülki qanunvericiliyin ona verilmiş səlahiyyətlərin çıxış edərək tələb olunan 7178,57 manat dəbbə (cərimə) məbləğini azaltmışdır ki, hazırda tutulmuş 500 manat dəbbə pulunun məbləği əsas borc olan 24.868,29 manata münasibətdə yüksək deyildir ki, apellyatorun apellyasiya şikayəti bu hissədə əsassızdır.
122. Bunlardan başqa iddiaçı xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixədək gecikdirilən məbləğə illik beş faiz olaraq 759,15 manat tələb edir.
123. Məhkəmə qeyd edir ki, iddiaçının iddia tələbinin bu hissəsinə münasibətdə maddi hüquq norması kimi Mülki Məcəllənin tərəflər arasında müqavilədən orəli gələn münasibətlər formalaşan 08 noyabr 2019-cu il tarixdə qüvvədə olan 445.7-ci maddəsi çıxış edir. Həmin maddənin tələbinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir.
124. İddiaçının xx.xx.2021-ci il tarixdə müqavilənin xitamına dair iradəsini bəyan etməsinə və tərəflər arasında bağlanmış müqaviləyə həmin tarixdən xitam verilməsinə baxmayaraq iddiaçı müqavilənin 3 illik müddətinin keçməsindən sonra xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixədək illik beş faizin tutulmasını xahiş etmiş və iddiaçının tələbinə uyğun birinci instansiyası məhkəməsi tərəfindən qətnamə qəbul edilmişdir.
125. Apellyatordan tutulmuş məbləğinin əsaslılığı ilə bağlı ekspert rəyinə əsasən müəyyən edilmişdir ki, borclunun borcu xx.xx.2022-ci il tarixə 38532,29 manat (illik 5 faiz 1926,61 manat / 365 günə = 5,27 manat göndəlik) manat təşkil etmiş və illik 5 faizə uyğun gündəli 5,27 manat təşkil edir. İddiaçının tələbi üzrə xx.xx.2022-ci il tarixdən növbəti ödənişin olunduğu xx.xx.2022-ci il tarixə isə 23 gün təşkil edir ki, həmin tarixlər üzrə illik 5 faizlə hesablanmalı olan faizin məbləği 121,21 manat (5,27 manat göndəli x 23 günə) təşkil edir.
126. Növbəti tələb üzrə olan tarixlər üzrə isə, yəni xx.xx.2022-ci il tarixə 37532,29 manat (illik 5 faiz 1876,61 manat / 12 ay = 156,38 manat bir ay), xx.xx.2022-ci il tarixə 36532,29 manat (1826,61 manat / 12 ay = 152,21 manat aylıq), xx.xx.2023-cü il tarixə 35932,29 manat (1796,61 manat / 12 ay = 149,71 manat aylıq), xx.xx.2023-cü il tarixə 35332,29 manat (1766,61 manat / 12 = 147,21 manat aylıq), xx.xx.2023-cü il tarixə 34532,29 manat (1726,61 manat / 12 ay = 143,88 manat aylıq) təşkil edir.
127. Adi riyazi hesablama nəticəsində aylıq hesablanmalı olan 121,21, 156,38, 152,21, 149,71, 147,21, 143,88 manat məbləğlər cəmləndikdə cəmi məbləğ 870,6 manat təşkil edir ki, iddiaçının tələb etdiyi və birinci instansiyası məhkəməsi tərəfindən təmin edilən 759,15 manat fazi məbləği hesablanmalı olan 870,6 manat məbləğdən azdır.
128. Azərbaycan Respublikasının Konstitusiyasının 125-ci maddəsinin Vİİ bəndində göstərilmişdir ki, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir.
129. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu «S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-nın xx.xx.2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 may 2006-cı il tarixli qərarında göstərmişdir ki, «mülki-prosessual qanunvericiliyin göstərilən müddəalarından irəli gələrək məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır».
130. Məhkəmə qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apellyasiya şikayəti qismən təmin olunmalı, birinci instansiya məhkəməsinin qətnaməsi – 30.782 manat 18 qəpik əsas borc, 22297 manat 15 qəpik müqavilə müddətinə faiz borcu, 500 manat cərimə borcu, 759 manat 75 qəpik gecikdirilmiş vaxt üçün faiz borcu olmaqla, cəmi 54.339 manat 08 qəpik məbləğində borc, ödənilmiş 30 manat dövlət rüsumu və ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 40 manat dövlət rüsumu müştərək qaydada cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh4 tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməsi – hissəsində dəyişdirilməli, cavabdehlərdən müştərək qaydada tutulmalı olan məbləğ 24.868,29 manat əsas və 7.506,45 manat faiz borcunda müəyyən edilməlidir.
131. Eyni zamanda məhkəmə hesab edir ki, Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə əsasən 100 manat ekspertiza xərci cavabdehlərdən müştərək qaydada tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilməlidir.
132. Məhkəmə həmçinin qeyd edir ki, Mülki Prosessual Məcəllənin 402.1-ci maddəsinin tələbinə görə hazırki qətnamədən iddiaçı və Cavabdeh1 tərəfindən kassasiya şikayəti verilə bilər.
133. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Posessual Məcəlləsinin 10-1, 372.1, 382, 384.0.2, 388, 392, 393, 402, 404, 404 və 405- 407-ci maddələrini rəhbər tutaraq, məhkəmə
qət etdi : Cavabdeh1 apellyasiya şikayəti qismən təmin edilsin. Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-2(115)-23/2023 nömrəli qətnaməsi – 30.782 manat 18 qəpik əsas borc, 22297 manat 15 qəpik müqavilə müddətinə faiz borcu, 500 manat cərimə borcu, 759 manat 75 qəpik gecikdirilmiş vaxt üçün faiz borcu olmaqla, cəmi 54.339 manat 08 qəpik məbləğində borc, ödənilmiş 30 manat dövlət rüsumu və ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 40 manat dövlət rüsumu müştərək qaydada cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh4 tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməsi – hissəsində dəyişdirilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh4 müştərək qaydada 24.868,29 manat əsas borc, 7.506,45 manat faiz borcu, 500 manat cərimə borcu, 759.75 qəpik gecikdirilmiş vaxt üçün hesablanmış faiz borcu olmaqla, cəmi 33.634,49 (otuz üç min altı yüz otuz dörd manat qırx doqquz qəpik) manat məbləğində pul, həmçinin ödənilmiş 30 manat dövlət rüsumu və ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 40 manat dövlət rüsumu tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilsin. İş üzrə ekspertiza xərci olan 100 (bir yüz) manat məbləğində pul müştərək qaydada cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh4 müştərək qaydada tululub SAP (XİİS), X2, kod210005, VÖEN**********, m/h Az41NABZ********************, S.W.İ.F.T. Bik: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, AZ34CTRE******************** nömrəli hesaba keçirilsin. Qətnamə mübahisələndirilən kredit borcunun tutulması hissələrində dəyişdirilmədən saxlanılsın. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.