Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2-2(104)-37/2025 15.01.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası - hakimlər Rzaquliyev Şamil Qəhrəman oğlu (sədrlik edən və məruzəçi), Süleymanov Loğman Srac oğlu və Məcidov Rüfət Azadəli oğlundan ibarət tərkibdə, Vəlizadə Vasif Etibar oğlunun katibliyi, İddiaçı cavabdeh X4 qarşı borc tələbinə dair kommersiya işi üzrə Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(115)-2053/2024 saylı qətnaməsindən cavabdeh X5 tərəfindən verilmiş apellyasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsinin binasında yazılı icraata qaydasında baxaraq, Müəyyən etdi: Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(115)-2053/2024 nömrəli qətnaməsi ilə (hakim R.Qələndərzadə) iddia tələbinin qismən təmin edilməsi, cavabdeh X2 3500 manat əsas borc və 55 manat dövlət rüsumunun tutularaq İddiaçınə ödənilməsi, ödənilmiş 28,38 manat dövlət rüsumunun İddiaçınə aid edilməsi, iddianın qalan hissədə rədd edilməsi qət edilmişdir. Cavabdeh X5 həmin qətnamənin dəlilləri ilə razılaşmayıb apellyasiya şikayəti verərək Gəncə Kommersiya Məhkəməsinin 23 noyabr 2024-cü il tarixli, e-2-2(115)-2053/2024 nömrəli qətnaməsinin dəyişdirilməsinə, qətnamədə ondan tutulmasına dair göstərilən 3500 manat pul məbləğin 2243,80 manata azaldılmasına və həmin məbləğin ondan tutularaq cavabdehə ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İşin halları: İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti cavabdeh X4 qarşı borc tələbinə dair iddia ərizəsi ilə Gəncə Kommersiya Məhkəməsinə müraciət edərək, cavabdeh X2 xx.xx.2024-cü il tarixli 358 nömrəli alqı-satqı müqavilə üzrə yaranmış 6337,6 manat məbləğində əsas borc, həmçinin də 83,38 manat məbləğində ödənilmiş dövlət rüsumunun tutularaq iddiaçı "xxxx" MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, fərdi sahibkar X5 ilə "xxxx" MMC arasında xx.xx.2024-cü il tarixli 358 nömrəli alqı-satqı müqaviləsi imzalanmışdır. Müqavilənin 1.1-ci maddəsinə əsasən Satıcı - "xxxx" MMC elektron vergi qaimə-fakturada göstərilən mallar Alıcı - X4 təhvil verilsə də, sonuncu tərəfindən Müqavilə əsasında tərtib edilmiş elektron vergi qaimə-fakturalar üzrə ümumilikdə hesablanmış ödənişlər tam məbləğdə ödənilməmiş, bununla da Müqavilə üzrə üzərinə götürülmüş öhdəliklər lazımınca icra edilməmişdir. Müqavilənin 2.2-ci maddəsinə əsasən tərəflər arasında bağlanmış Müqavilə imzalandıqdan sonra razılaşdırılmış müddətdə mallar Alıcı – X4 göndərilmiş və həmin malların X1 göndərilməsini təsdiq edən xx.xx.2024-cü il, xx.xx.2024-cü il, xx.xx.2024-cü il, xx.xx.2024-cü il tarixli qaimə-fakturalardan görünür ki, alıcı - X3 "xxxx" MMC-yə ƏDV daxil 7517,6 manat məbləğində borcu yaranmışdır. X1 xx.xx.2024-cü il tarixində saat 15.05:21də 10122993 nömrəli elektron qaimə-faktura göndərilmiş və həmin elektron qaimə-faktura üzrə alıcı Naibə Hüseynovaya təqdim edilən mallar üzrə yekun məbləğ səhvən 3132,6979 manat məbləğində qeyd edilmişdir. Belə ki, xx.xx.2024-cü il tarixində saat 15.05:21-də 10122993 nömrə ilə cavabdehə göndərilən elektron qaimə-faktura üzrə yekun məbləğ səhv qeyd olunduğu üçün həmin elektron qaimə-fakturaya düzəliş edilməsi məqsədilə xx.xx.2024-cü il tarixində saat 09:59:22-də 10811297 nömrəli elektron qaimə-faktura göndərilmiş və həmin elektron qaimə faktura üzrə ödənilməli məbləğ 3021.6979 manat göstərilmişdir. Bir sözlə xx.xx.2024-cü il tarixində saat 15:05:21-də 10121483 nömrəli cavabdehə elektron qaimə-faktura göndərilmiş və həmin elektron qaimə-faktura üzrə yekun məbləğ 1038 manat məbləğində hesablanmışdır. xx.xx.2024-cü il tarixində saat 15:09:35-də 10122148 nömrəli cavabdehə elektron qaimə-faktura göndərilmiş və həmin elektron qaimə-faktura üzrə yekun məbləğ 1081,9 manat məbləğində hesablanmışdır. xx.xx.2024-cü il tarixində saat 15:09:36-da 10123204 nömrəli cavabdehə elektron qaiməfaktura göndərilmiş və həmin elektron qaimə-faktura üzrə yekun məbləğ 2376,0001 manat məbləğində hesablanmışdır. xx.xx.2024-cü il tarixində saat 09:59:22-də 10811297 nömrəli cavabdehə elektron qaimə-faktura göndərilmiş və həmin elektron qaimə-faktura üzrə yekun məbləğ 3021.6979 manat məbləğində hesablanmışdır. Nəticədə yuxarıda qeyd olunan elektron qaimə-fakturalar üzrə cavabdeh tərəfindən iddiaçıya ödənilməli məbləğ ƏDV daxil ümumilikdə 7517,6 manat məbləğində müəyyən edilmişdir. Cavabdehə göndərilən elektron qaimə-fakturalar üzrə ƏDV daxil ümumilikdə hesablanmış 7517,5 manat məbləğində borcdan cavabdeh Naibə Hüseynova xx.xx.2024-cü il tarixində ƏDV daxil cəmi 1180 manat məbləğində ödəniş etmişdir. Belə olan halda görünür ki, cavabdeh – X3 iddiaçı "xxxx" MMC-yə ƏDV daxil cəmi 6337,6 manat məbləğində borcu qalmışdır. Nəticədə tərəflər arasında bağlanılmış Alqı-satqı müqaviləsi üzrə iddiaçı üzərinə götürdüyü öhdəliklərini tam yerinə yetirsə də, cavabdeh qeyd olunan müqavilənin şərtlərini və qanunvericiliyin tələblərini pozaraq, müqavilə ilə üzərinə götürdüyü öhdəliklərini yerinə yetirməyərək, ödənişlərin ödənilməsini tam olaraq həyata keçirməmişdir. Daha sonra iddiaçının nümayəndəsi birinci instansiya məhkəməsinə ərizə göndərərək bildirmişdir ki, cavabdeh X5 iddiaçı "xxxx" MMC-yə ödəməli olan borcundan 1337,6 manat, 1000 manat və 1500 manat məbləğində ödəniş etmişdir. Ümumilikdə cavabdeh X3 ƏDV daxil 3500 manat məbləğində borcu qalmışdır. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: Cavabdeh X5 apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi işin halların tam hərtərəfli və obyektiv araşdırılmaması, sübutlara düzgün hüquqi qiymət verilməməsi ilə qəbul edilmiş, qanunsuz və əsassızdır. Belə ki, iddiaçı xx.xx.2024-cü il tarixdən sonra edilən ödəniş və malların geri qaytarılması ilə bağlı məhkəməyə məlumat verməmişdir. xx.xx.2024-cü il tarixdə 500 (beş yüz) manat (ƏDV daxil) ödəniş "xxxx" MMC-yə ödənilmişdir. 753,19 (yeddi yüz əlli üç manat on doqquz qəpik) manat dəyərində mal qaytarılması edilmişdir. xx.xx.2024-cü il tarixədək birinci instansiya məhkəməsinə bildirilən 3500 manat borcdan 500 manat məbləğ formasında, 753,19 manat dəyərində qaytarma üçün məbləğ və nəticədə iddiaçının təsdiqi ilə 2243,80 (iki min iki yüz qırx üç manat səksən qəpik) manat iddiaçıya borc qalıb. Ona görə də hesab edir ki, apellyasiya qaydasında birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilməlidir. Borc olan 3500 manat pul məbləği 2243,80 manata azaldılmalıdır. Bundan başqa birinci instansiya məhkəməsi məhkəməni tərəflərin iştirakı olmadan keçirilsə də, ona bu barədə nə rəsmi, nə də şifahi bildiriş verilməmişdir. Bununla onun etiraz vermək və əlavə sübutlar təqdim etmək hüquqları pozulmuş və onun "xxxx" MMC-yə 3500 manat borcunun olması məhkəmə qətnaməsində səhvlə göstərilmişdir. Prosessual məsələlər: Hazırki şikayətə Azərbaycan Respublikası MPM-in 397.2-ci maddəsinə müvafiq olaraq yazılı icraat qaydasında baxılır. İş üzrə tərəflərə işə yazılı icraat qaydasında baxılması barədə bildiriş göndərilərək, şikayətə dair etiraz və ya izahatlarının təqdim edilməsi təklif edilmiş, lakin tərəflər məhkəmə kollegiyasına izahat və etiraz göndərməmişlər. Hüquqi məsələlər və əsaslandırma: Azərbaycan Respublikası MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası işin halları barədə məruzəçi hakimi dinləyib, iş materillarını apellyasiya şikayətinin dəlilləri ilə əlaqəli şəkildə hərtərəfli, tam, obyektiv və qərəzsiz araşdırıb, toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilmədən, Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(115)-2053/2024 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarında olan "xxxx" MMC ilə X6 arasında bağlanmış 24 iyun 2024cü il tarixli alqı-satqı müqaviləsindən görünür ki, satıcı ərzaq, sənaye və gündəlik tələbat məhsullarını müqavilədə müəyyən olunmuş şərtlərlə alıcıya satmağı, alıcı isə malların dəyərini ödəməyi öz öhdəsinə götürmüşdür. İş materiallarında olan elektron qaimə-fakturalardan görünür ki, cavabdeh X3 iddiaçı "xxxx" MMC-yə ƏDV daxil 7517,5 manat məbləğində borcu yaranmışdır. İş materiallarında olan ödəniş tapşırıqlarından görünür ki, cavabdeh tərəfindən müəyyən ödənişlər edilmiş, nəticədə 3500 manat ödənilməmiş borc qalmışdır. İş materiallarında olan **********30 nömrəli ödəniş qəbzindən görünür ki, iddiaçı tərəfindən məhkəmədə iddia qaldırılması üçün 83,38 manat məbləğində dövlət rüsumu ödənilmişdir Məhkəmə kollegiyasının iclasında müəyyən olunmuşdur ki, fərdi sahibkar X5 ilə "xxxx" MMC arasında xx.xx.2024-cü il tarixli 358 nömrəli alqı-satqı müqaviləsi imzalanmışdır. Müqavilənin 1.1-ci maddəsinə əsasən Satıcı - "xxxx" MMC elektron vergi qaimə-fakturada göstərilən mallar Alıcı - X4 təhvil verilsə də, sonuncu tərəfindən Müqavilə əsasında tərtib edilmiş elektron vergi qaimə-fakturalar üzrə ümumilikdə hesablanmış ödənişlər tam məbləğdə ödənilməmiş, bununla da Müqavilə üzrə üzərinə götürülmüş öhdəliklər lazımınca icra edilməmişdir. Ümumilikdə cavabdeh X3 ƏDV daxil 3500 manat məbləğində borcu qalmışdır. İddia tələbini qismən təmin etmiş birinci instansiya məhkəməsi gəldiyi nəticəni belə əsaslandırmışdır ki, "xxxx" MMC ilə X5 ilə arasında bağlanmış xx.xx.2024-cü il tarixli 358 nömrəli alğı-satqı müqaviləsinə əsasən satıcı bu Müqavilənin müddəaları əsasında hazırki Müqavilənin tərkib hissəsi sayılan və hər dəfə Alıcının satınalma sifarişi əsasında tərtib edilən Əlavədə əks olunacaq ərzaq, sənaye və gündəlik tələbat məhsulları Alıcıya satmağı, Alıcı isə öz növbəsində malları qəbul edib onların dəyərini razılaşdırılmış qiymətlərə əsasən Satıcıya ödəməyi öz öhdəsinə götürmüşdür. İddiaçı müqavilə ilə üzərinə düşən öhdəlikləri yerinə yetirərərək müqaviləyə Əlavədə göstərilən malları cavabdehə vermiş, cavabdeh isə müqavilə ilə üzərinə düşən öhdəlikləri yerinə yetirməyərək aldığı malların dəyərini iddiaçıya ödəməmişdir. Cavabdehin qeyd olunan məbləğdə borcunun olması tərəflər arasında bağlanmış müqavilə, elektron qaimə fakturalar ilə öz təsdiqini tapır. Ona görə də 3500 manat məbləğində borc cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşan məhkəmə kollegiyası aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 598.1-ci maddəsinə əsasən əgər alğı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alğısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Həmin Məcəllənin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur (AR MM-in 443.1-ci maddəsi). İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır (AR MM-in 445.1-ci maddəsi). Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdehin alğı-satqı müqaviləsinə əsasən iddiaçıdan haqqını sonradan ödəmək şərti ilə almış olduğu malların 3500 manat təşkil edən hissəsinin dəyərini sonradan ödəmədiyi məhkəmə iclasında müəyyən edildiyinə görə birinci instansiya məhkəməsi iddia tələbini göstərilən qaydada təmin etməkdə haqlı olmuşdur. Apellyasiya şikayətinin dəlilləri ilə razılaşmayan məhkəmə kollegiyası aşağıdakıları qeyd edir. Cavabdeh iddiaçıdan aldığı malların çox hissəsini qaytardığını və borcunun az qaldığını göstərmiş olsa da, apelyasiya şikayətinə əlavə edilmiş ödəniş tapşırıqlarından görünür ki, cavabdeh məhkəməyə iddia ərizəsi verildikdən sonra müəyyən ödənişlər etmişdir. Lakin məhkəməyə verilərkən cavabdehin yuxarıda göstərilən qaydada borcu olduğundan birinci instansiya məhkəməsi iddia tələbini qismən təmin etməkdə haqlı olmuşdur. Cavabdehin apellyasiya şikayətinin dəlillərində göstərilir ki, işə onun iştirakı olmadan, çəkişmə prinsipinə əməl edilmədən, iddiaçının mənafeyi nəzərə alınaraq qətnamə qəbul edilmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin həmin dəlili ilə bağlı qeyd edir ki, hazırki işə birinci instansiya məhkəməsi tərəfindən kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxıldığından və iş materiallarında olan xx.xx.2024-cu il tarixli bildirişdən də göründüyü kimi, cavabdeh X4 oğluna 10 iş günü müddətində iddiaya qarşı etirazını və ona əlavə edilmiş sənədləri, öz dəlillərini və onları təsdiq edən sənədləri məhkəmə təqdim olunması barədə bildiriş göndərilmişdir. Cavabdeh isə iddiaya qarşı heç bir etiraz təqdim etməmişdir. Odur ki, məhkəmə kollegiyası apellyasiya şikayətinin həmin dəlilini, eləcə də məhkəmə tərəfindən iddiaçının marağı nəzərə alınmaqla qətnamə çıxarılmasına dair dəlilini əsassız sayır. Çünki cavabdeh verdiyi şikayətdə məhkəmə tərəfindən iddiaçının marağı nəzərə alınmaqla qətnamə çıxarıldığını göstərilmiş olsa da, həmin şikayətə dəlilini təsdiq edən sübut əlavə edilməmişdir. Cavabdehin birinci instansiya məhkəməsinin qətnaməsindən sonra 500 manat məbləğ formasında, 753,19 manat dəyərində qaytarma üçün məbləğ və nəticədə iddiaçının təsdiqi ilə 2243,80 (iki min iki yüz qırx üç manat səksən qəpik) manat iddiaçıya borc qalması dəlili ilə bağlı kollegiya qeyd edir ki, həmin ödənişlər birinci instansiya məhkəməsində işə mahiyyəti üzrə baxılıb qurtardıqdan sonra edildiyindən göstərilən hallar icra mərhələsində nəzərə alınmlı olan hallardır. Azərbaycan Respublikasы MPM-in 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasы MPM-in 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh X3 "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə borcunun olması iş materialları ilə təsdiq olunduğundan birinci instansiya məhkəməsi iddianı yuxarıda göstərilən qaydada təmin etməkdə haqlı olmuşdur. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(115)- 2053/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-in 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Həmin Məcəllənin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-in 372-376, 378-382, 384.0.1, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: Cavabdeh X5 tərəfindən verilmiş apellyasiya təmin edilməsin. Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(115)-2053/2024 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamə elan olunduqdan dərhal sonra qanuni qüvvəyə minir. Bu qətnamədən kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2-2(104)-37/2025
Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(104)-37/2025
15.01.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver