Məhkəmə qərarları › İş №2-2(104)-4/2025

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(104)-4/2025

19.02.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2-2(104)-4/2025 19.02.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı iş üzrə Açar sözlər: alqı-satqı müqaviləsi; müqavilənin təfsiri Hakimlər Abdullayev Əlizamin Gülzalı oğlu (sədrlik edən və məruzəçi), Bayramov Azər Vahid oğlu və Mamedov Rəşad Ziyaviddin oğlundan ibarət tərkibdə, Quliyev Anar Elcan oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil1, Cavabdeh nümayəndəsi Ak Turanın, həmçinin vəkili və nümayəndəsi Vəkil4 iştirakları ilə, İddiaçı Cavabdehnə qarşı müqavilənin etibarsız hesab edilməsi və pul tələbinə dair Gəncə Kommersiya Məhkəməsinin 17 iyun 2022-ci il tarixli e-2-2(115)-433/2022 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. 29 sentyabr 2020-ci il tarixdə satıcı İddiaçı ilə alıcı Cavabdeh MMC arasında 017 nömrəli alqı-satqı müqaviləsi bağlanmışdır: Müqavilənin 1.1-ci bəndində qeyd edilir ki, satıcı mebel istehsalı fəaliyyətindən yaranmış mal-qalıqlarını (bundan sonra mal adlandırılacaq) alıcıya təqdim edir. Alıcı isə həmin malları dəyəri ödənilmədən satıcıdan qəbul edir. Müqavilənin 1.2-ci bəndində qeyd edilir ki, hazırkı müqavilə satıcının əvvəlki mebel istehsalı fəaliyyətindən yaranmış mal qalıqlarının alıcıya keçirilməsi və alıcının fəaliyyətinin təmin edilməsi məqsədilə bağlanır. Müqavilənin 4.2-ci bəndində qeyd edilir ki, bu müqavilə üzrə mallar əsas məbləği (qiyməti) ödənilmədən alıcıya təhvil verilir. Müqavilənin 4.3-cü bəndində qeyd edilir ki, alıcı yalnız malların təqdim edilməsi ilə bağlı satıcının çəkdiyi və çəkməli olduğu xərcləri, vergi və digər məcburi ödənişləri ödəyir. ƏDV məbləğinin ödənilməsi alıcının ümumi yığıncağı tərəfindən qəbul edilmiş qərar əsasında həyata keçirilir.

a) İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat

2. İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə Gəncə Kommersiya Məhkəməsinə müraciət edərək, Cavabdeh MMC-yə satılmış malların ƏDV ilə birlikdə dəyəri olan 198240 (yüz doxsan səkkiz min iki yüz qırx) manat və borclunun icranı gecikdirdiyi üçün qeyd olunan məbləğin 5 faizinin, yəni 9912 (doqquz min doqquz yüz on iki) manat pul məbləği və ödənilmiş 500 manat dövlət rüsumu (200 manat mediasiya xərci və 300 manat dövlət rüsumu) də nəzərə alınmaqla ümumilikdə 208652 (iki yüz səkkiz min altı yüz əlli iki) manat pul vəsaitinin cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

3. Sonradan iddiaçı tərəf iddia tələbinin həcminin artırılması haqqında məhkəməyə ərizə göndərərək, xx.xx.2020-ci il tarixli 017 saylı alqı-satqı müqaviləsinin 1.1, 1.2, 4.2 və 4.3-cü bəndlərinin etibarsız hesab edilməsini tələbinə əlavə etmişdir.

4. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2020-ci il tarixdə İddiaçı dəyəri ƏDV ilə birlikdə 198240 manat olan mebel avadanlıqları Cavabdeh MMC-yə satmışdır. Bununla əlaqədar Dövlət Vergi Xidmətinin proqram təminatı vasitəsilə cavabdehin elektron qutusuna Seriya EBAQ nömrə 665616-li elektron qaimə-faktura göndərilmiş və elektron qaimə-faktura təsdiq edilmişdir. Lakin, göstərilənlərə baxmayaraq Cavabdeh MMC tərəfindən ona olan 198240 (yüz doxsan səkkiz min iki yüz qırx) manat borc hələ də ödənilməmişdir. Bununla bağlı onun tərəfindən xx.xx.2021-ci il tarixli məktubla cavabdehə müraciət olunsa da cavabdeh tərəfindən borcun ödənilməsi ilə bağlı hər hansı addım atılmamışdır. Daha sonra mübahisənin həlli üçün mediatora müraciət olunmuş, lakin ilkin mediasiya sessiyasından sonra aralarında hər hansı razılıq əldə oluna bilmədiyindən hesab edir ki, mübahisə məhkəmə qaydasında həll edilməli, satılmış mebel avadanlıqlarının dəyəri olan 198240 (yüz doxsan səkkiz min iki yüz qırx) manat və borclunun icranı gecikdirdiyi üçün qeyd olunan məbləğin 5 faizi yəni 9912 (doqquz min doqquz yüz on iki) manat pul məbləği cavabdehdən tutulmalıdır. Həmçinin qeyd etmişdir ki, müqavilə bağlanarkən aldadıldığından müqavilə qismən etibarsız sayılmalıdır.

5. Gəncə Kommersiya Məhkəməsinin 17 iyun 2022-ci il tarixli e-2-2(115)-433/2022 saylı qətnaməsi ilə (hakim Kənan Vəliyev) iddia tələbi qismən təmin edilərək, Cavabdehndən satılmış malların ƏDV ilə birlikdə dəyəri olaraq 198 240 (yüz doxsan səkkiz min iki yüz qırx) manat, 200 manat mediasiya xərci, 290 manat dövlət rüsumu olmaqla, ümumilikdə 198 730 (yüz doxsan səkkiz min yeddi yüz otuz) manat tutularaq İddiaçı ödənilməsi; İddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir.

6. Birinci instansiya məhkəməsi mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 390, 404.1, 404.2, 427.4, 442, 448.1, 567 və 599.1-ci maddələrinə istinadla əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri b) Apellyasiya şikayətinin dəlilləri

7. Cavabdeh apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunmasını və iddia tələbinin təmin olunmaması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişlər.

8. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışlar ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmışdır. İş üzrə hərtərəfli, tam və obyektiv araşdırma aparılmamış və işin faktiki hallarına düzgün hüquqi qiymət verilməmişdir. Belə ki, İddiaçı ilə Cavabdeh MMC arasında xx.xx.2020-ci il tarixdə forma olaraq malların təqdim edilməsi (alqı-satqı) müqaviləsi bağlanılmışdır. Həmin müqavilənin 1.1, 1.2, 4.2 və 4.3-cü bəndlərinə əsasən müqavilənin məqsədi Cavabdeh MMC-nin təsisçiləri İddiaçı və Türkiyə Respublikasının vətəndaşı Ak Turanın arasında əvvəlki mövcud olmuş şərikli mebel istehsalı sahəsindən qalmış ƏDV ilə birlikdə 198000 manat dəyərində malların yeni yaradılmış Ulusoy Group MMC-nin balansına keçirilməsi olmuşdur. Müqavilədə malların əsas məbləği ödənilmədən yalnız ƏDV hissəsi Ulusoy Group MMC-nin ümumi yığıncağının qərarı əsasında ödənilməsi razılaşdırılmışdır. Çünki, qeyd olunan mübahisəli mallar ƏDV-li mallar olduğu üçün həm də vergi qanunvericiliyinin tələblərinə görə bu əməliyyatı yalnız elektron qaimə faktura təqdim etməklə Cavabdeh MMC-yə keçirilməsi mümkün olardı. Buna baxmayaraq, Gəncə Kommersiya Məhkəməsi tərəflərin qarşılıqlı iradə ifadəsinə zidd olaraq malların dəyərinin ödənilməsi qənaətinə gəlmiş və iddiaçının malların dəyərinin ödənilməsi ilə bağlı iddia tələbinin təmin edilməsində düzgün olmayan qətnamə çıxartmışdır. Belə ki, birinci instansiya məhkəməsi İddiaçı Cavabdeh MMC-yə münasibətdə aidiyyəti şəxs olduğunu araşdırmamışdır, eyni zamanda Cavabdeh MMC-nin təsisçilərinin əvvəlki şərikli fəaliyyəti olması və Cavabdeh MMC-nin yeni şərikli fəaliyyət üçün yaradılmasını araşdırmamışdır, məhkəmə yanlış olaraq müqavilədə tərəflərin iradə ifadəsini, yəni ki, cavabdehin həmin malların dəyəri ödənilmədən alması iradə ifadəsini nəzərə almayaraq rədd etmişdir İddiaçı Cavabdeh MMC-yə münasibətdə aiddiyyəti şəxs sayılır. Ulusoy Gorup MMC-nin nizamnamə kapitalı ******* manat təşkil edir. Müqavilənin dəyəri isə nizamnamə kapitalının 5 hissəsindən hissəsindən artıqdır. Müqavilə bağlayarkən auditor rəyi və Cavabdeh MMCnin ümumi yığıncağının qərarı alınmamışdır. Lakin məhkəmə qeyd olunan halları nəzərə almamış, müqavilənin etibarlı olub-olmamasını yoxlamamış və iddianın mümkünlüyünü araşdırmamışdır. Cavabdeh digər təsisçinin Ak Turanın malların keçirilməsi ilə bağlı ümumi yığıncağın çağrılması barədə iddiaçıya təqdim etdiyi yazışmaları və məktubları məhkəməyə təqdim etsə də məhkəmə həmin sübutlara qiymət verməmişdir. Hazırkı iş üzrə tərəflərin iradə ifadəsi ondan ibarət olmuşdur ki, İddiaçı digər təsisçi Turan Akla əvvəlki mebel istehsalı üzrə şərikli fəaliyyətindən qalmış mal qalıqlarının əsas dəyəri ödənilmədən təsisçisi olduqları və yeni yaratdıqları Ulusoy Group MMC-nin balansına keçirəcəklər. Lakin, məhkəmə müqavilədə razılaşdırılmış şərtləri və tərəflərin münasibətlərini nəzərə almadan və buna zidd olaraq iddiaçının sonradan dəyişdirilmiş iradə ifadəsini qəbul edərək iddia tələbini təmin etmişdir. Tərəflər arasında azad surətdə malların dəyəri ödənilmədən və yalnız ƏDV hissəsini ödənilməsi ilə təqdim edilməsi razılaşdırılmışdır. Göründüyü kimi tərəflər müqavilənin məzmununu azad surətdə müəyyən ediblər. Lakin məhkəmə müqavilədə razılaşdırılmış şərtləri və tərəflərin münasibətlərini nəzərə almadan və buna zidd olaraq İddiaçı sonradan dəyişdirilmiş iradə ifadəsini qəbul edərək iddia tələbini təmin etmişdir.

c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

9. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

d) Məhkəmə icraatı iştirakçılarının izahatları

10. xx.xx.2025-ci il tarixdə keçirilmiş məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh nümayəndəsi və vəkili Vəkil4 apellyasiya şikayətini müdafiə edərək izahatında bildirmişdir ki, tərəflər arasında bağlanmış müqaviləsinin adı «alqı-satqı müqaviləsi» olsa da, əslində müqavilə mahiyyətcə başqa əqd olmuşdur. Müqavilənin 1.1-ci bəndində qeyd olunur ki, satıcı mebel istehsalatında yaranmış mal qalıqlarını alıcıya təqdim edir, alıcı da qəbul edir, həmin müqavilənin 1.2-ci bəndində satıcı əvvəlki mebel istehsalcı fəaliyyətində yaranmış mebel qalıqları alıcıya keçdiyi qeyd olunub. İddiaçı və Ak Turan hər ikisi Cavabdeh MMC-nin təsisçiləri olmaqla MMC-də 50 faiz pay hüququna malik olublar. Müqavilənin predmeti və niyyətindən isə görünür ki, burada alqı-satqıdan söhbət getmir, Sadəcə qalıq malların ötürülməsindən gedir, o da ki, əgər mal qalığı olmuşdursa. Bundan sonra İddiaçı iddia qaldırıb və mal qalığı adında verilmiş əmlakın dəyərinin ödənilməsini istəmişdir. Alqı-satqı müqaviləsi bağlanan zaman tərəflər üzərinə hüquq və vəzifələr qoyula bilməz, burada əsas alqı-satqı predmeti olan əşyadan gedə bilər və iş materiallarında da mal qalıqları ilə bağlı sənəd mövcud olmamışdır. Eyni zamanda, iddiaçı iddia ərizəsində qeyd edib ki, müqaviləni bilmədən bağlamışdır. Halbuki, iddiaçı tərəf müqaviləni imzalamaqla müqavilədə göstərilən şərtlərlə razılaşdığını bəyan etmişdir. İş materiallarına əlavə edilmiş CD diskdəki səs yazısında guya Ak Turanın iddianı qəbul etdiyi barədə arqumentlər irəli sürülsə də, əslində Ak Turan iddia tələbini qəbul etməmiş və bu da qətnamədə öz əksini tapmışdır. Həmin səs yazısı həqiqətən də Ak Turana aid olmuşdur. Verilmiş suallara cavab olaraq nümayəndə bildirmişdir ki, ümumiyyətlə iddia tələbini qəbul etmirlər. Müqavilədə göstərilən mallar onlara təhvil verilməyib. Əgər mallar verilmiş olsaydı İddiaçı ümumi yığıncaq çağırardı və mallara görə ƏDV ödənilməsini tələb edərdi. Əgər 29 sentyabr 2020-ci il tarixli əqd alqı-satqı müqaviləsi kimi qəbul edilirsə real müqavilə əsasında bu əmlak onlara verilməliydi. Əgər əmlakı almış olsaydılar, ƏDV-ni də ödəyəcəydilər. Onlara mal verilməyib və bununla bağlı təhvil təslim aktı da tərtib edilməyib. Biz məhkəmə iclas protokollarına dair qeydlər vermişik, lakin həmin qeydlər təmin edilməyib. Elektron qaiməyə imza atmamışlar və malları qəbul etməmişlər, elektron qaimə təhvil təslim aktı deyildir.

11. xx.xx.2025-ci il tarixdə keçirilmiş məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Vəkil1 apellyasiya şikayətini qəbul etməyərək izahatında bildirmişdir ki, məhkəmə prosesində qarşı tərəf müqaviləni təqdim etmiş və onlar da müqavilədə olan saxtakarlıqları görmüşlər. Bundan sonra qarşı tərəf iddia tələbini qismən qəbul etmişdir. CD diskdəki səs yazılarını məhkəməyə təqdim etmişlər, səs yazısında İddiaçı müqaviləni başa düşmədiyini və izah edilməsini xahiş etmişdir, cavabdehin nümayəndəsi müqaviləni oxuyub izah edir və malların Cavabdeh MMC-yə satılması ilə bağlı bu şəkildə izah edir və o da buna razılıq verir. Apellyasiya şikayətinin dəlillərində göstərilən 49-cu maddə ilə bağlı isə preyudisial əhəmiyyət daşıyan məhkəmə qərarı var və həmin qərarla məsələ öz həllini tapıb. Bundan əlavə, birinci instansiya məhkəməsində icraat zamanı cavabdeh tərəf malları qəbul etdiyini və CD diskdəki səs yazısının onlara aid olduğunu etiraf etmiş, sadəcə bildirmişlər ki, bu mallar birgə şəriklik fəaliyyətindən qaldığı üçün malların dəyəri ödənilmədən verilməlidir, malların yalnız zəruri xərcləri ödənilməlidir. İkinci məsələ bu müəssisə istehsalatçılıqla məşğuldur və zəruri avadanlıqları Türkiyə Respublikasından idxal edir və hazır məhsulu Qazaxıstan Respublikasına ixrac edir. 2020ci ilin Gömrük sənədlərindən də idxal olunmadığı, ancaq ümumi dəyəri 62000 ABŞ dolları məbləğində ixrac olunduğu görünür. Verilmiş suallara cavab olaraq nümayəndə bildirmişdir ki, müqavilənin əslini qarşı tərəfin nümayəndəsi hər iki nüsxədə məhkəməyə təqdim edib. İddiaçı müqaviləni Ak Turan və onun nümayəndəsi təklif edib. İddiaçı cavabdeh tərəfin vəkili Vəkil2la görüşməsi barədə məlumatı yoxdur. Mallar bir yerdən digər bir yerə daşınmır, obyekt bir kompleksdə yerləşir.

12. xx.xx.2025-ci il tarixdə keçirilmiş məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Vəkil1 bildirmişdir ki, CD diskdəki səs yazısı 29 sentyabr 2020-ci il tarixli müqavilə bağlandıqdan sonra qeydə alınmışdır. Həmin müqavilənin əsli onlarda yoxdur.

13. Hazırkı məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh nümayəndəsi Ak Turan apellyasiya şikayətini müdafiə edərək izahatında bildirmişdir ki, qeydə alınmış səs yazısında ya fikrini yanlış ifadə etmiş, ya da ki, sözü yanlış anlaşılmışdır. Çünki, həmin zaman “mal bizə verilsəydi qaimə faktura kəsiləcəydi və orada ƏDV yaranacaydı, bu mal bizə verilsəydi, şərik olduğumuza görə ƏDV hissəsini biz ödəyəcəydik”-deyə bildirmişdir. Orada iddianı qəbul etməmişdir. İddiaçı onlara mebel göndərsəydi, biz ƏDV-ni ödəyərdilər. Ancaq, İddiaçı malları verməkdən imtina etmişdir, əldə edilmiş gəliri də verməkdən imtina etmişdir. İddiaçı malı versəydi, həmin malın ixracatından gəlir əldə edib onu istehsalata qoyacaqdılar. Elektron qaimə nədir və nəyə lazım olduğunu bilməmişdir. X1 sonda məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

14. Hazırkı məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh nümayəndəsi və vəkili Vəkil4 apellyasiya şikayətini müdafiə etdiyini və əvvəlki məhkəmə iclaslarında verdiyi izahata əlavəsi olmadığını bildirmişdir. Nümayəndə sonda məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmasını, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunmasını və iddia tələbinin təmin olunmaması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

15. Hazırkı məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Vəkil1 apellyasiya şikayətini qəbul etmədiyini və əvvəlki məhkəmə iclasında verdiyi izahata əlavəsi olmadığını bildirmişdir. Nümayəndə sonda məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmamasını, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.

Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi

16. Maddə 324.1. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir.

17. Maddə 324.2. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər.

18. Maddə 390.1. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. 390.4. Tərəflər bu Məcəllədə nəzərdə tutulmuş müxtəlif müqavilələrin ünsürlərini əhatə edən müqavilə (qarışıq müqavilə) bağlaya bilərlər. Tərəflərin razılaşmasından və ya qarışıq müqavilənin mahiyyətindən ayrı hal irəli gəlmirsə, qarışıq müqavilə üzrə tərəflərin münasibətlərinə qarışıq müqavilədə ünsürləri olan müqavilələrə dair qaydalar müvafiq hissələrdə tətbiq edilir.

19. Maddə 567. Alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

20. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.

21. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

22. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

23. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

24. Maddə 124.2. İddia rədd edildikdə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər dövlət mədaxilinə məhkəmə xərclərindən azad edilməyən iddiaçıdan alınır.

25. Maddə 217.3 Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

26. Maddə 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.

27. Maddə 385.1.1. Maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır.

28. Maddə 386. Maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin.

Apellyasiya baxışının hədləri

29. MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

30. MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

31. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi xahiş edildiyi üçün apellyasiya baxışının hədlərini qətnamənin qanuniliyinin və əsaslılığının tam şəkildə yoxlanılması təşkil edir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

32. Məhkəmə kollegiyası işin hallarına dair məruzəçi hakimin məruzəsini və proses iştirakçılarının izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini kommersiya işinin materialları ilə birlikdə araşdırıb işin hallarına tətbiq edilməli olan qanunvericiliyə əsasən hüquqi qiymət verərək aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməli, baxılan iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi tamamilə ləğv edilməli, yeni qətnamə qəbul edilərək iddia təmin edilməməlidir.

33. Məhkəmə kollegiyası MPM-nin 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə iclasında tədqiq olunmuş sübutlara istinad edərək və həmin sübutlara adıçəkilən Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hüquqi qiymət verərək mübahisənin mahiyyəti üzrə həll olunması üçün əhəmiyyəti olan işin faktik halları kimi müəyyən etmişdir ki, hər iki tərəf sahibkarlıq fəaliyyəti göstərən subyektidir. Tərəflər arasında 29 sentyabr 2020-ci il tarixdə 017 nömrəli alqı-satqı müqaviləsi bağlanmışdır. Müqaviləni satıcı qismində İddiaçı, alıcı qismində isə Cavabdeh MMC-nin rəhbəri Ak Turan imzalamışlar. Müqavilənin predmeti - mebel istehsalı fəaliyyətindən yaranmış mal qalıqlarının alıcıya təqdim edilməsi, alıcının isə həmin malları dəyəri ödənilmədən satıcıdan qəbul etməsi olmuşdur. Satıcı İddiaçı müqavilədə göstərilən malların alıcıya satıldığını, lakin sonuncunun malların dəyərini ödəmədiyini, o cümlədən müqavilənin müvafiq bəndlərinin etibarsız olduğunu əsas gətirərək hazırkı iddia ilə məhkəməyə müraciət etmişdir.

34. Birinci instansiya məhkəməsi iddia tələbini qismən təmin etmiş və gəldiyi qənaətini onunla əsaslandırmışdır ki, müqavilədə yazılmış olan və malların əvəzinin ödənilmədən verilməsi barədə ifadələri müqavilənin məzmunu ilə bütövlükdə müqayisə edərək daha sonra qeyd edir ki, yalnız hərfi mənaya əsaslanan təfsir hüquqi təfsir hesab olunmur. Həmin ifadələrin hərfi mənasına əsaslanmaq, tərəflərin iradə ifadəsinin həqiqi mənasına və alqı-satqı müqaviləsinin məzmununun qanunla imperativ qaydada müəyyənləşdirilmiş qaydasına zidd yanaşma olardı. Müqavilədə olan 1.1, 1.2, 4.2 və 4.3cü bəndlər zahirən əvəzsizlik görünüşü yaratmış olsa da, satıcının həqiqi niyyətinə və alqısatqı müqaviləsinin qanunla müəyyən edilmiş məzmununa uyğun olmadığından bu mənada hüquqi nəticə yaratmaq keyfiyyətinə malik deyildir. Məhkəmə iclasında səsləndirilən səs yazısından eşidilir ki, danışıqlar məqamında, yəni müqavilə imzalanmamışdan əvvəl məzmunu satıcıya alqı-satqı müqaviləsi kimi təqdim edilir. Tərəflər arasında olan danışıqlar onların iradə ifadəsinin şifahi formasıdır.

35. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmır və bununla bağlı aşağıdakıları qeyd edir.

36. İlk növbədə qeyd edilməlidir ki, iddia iki hissədən ibarətdir: alqı-satqı müqaviləsinin müvafiq bəndlərinin etibarsız hesab edilməsi; alqı-satqı müqaviləsi üzrə malların dəyərinin ödənilməsi. Məhkəmə kollegiyası hesab edir ki, iddia tələblərinə ayrıayrılıqda hüquqi qiymət verilməli və ilk növbədə iddianın müqavilənin bəndlərinin etibarsız hesab edilməsi hissəsi üzrə hüquqi dəyərləndirmə aparılmalıdır. Çünki, iddianın həmin hissəsi bilavasitə alqı-satqı müqaviləsinin predmeti olan malların dəyərinin ödənilməsi məsələsinin həllinə təsir göstərir.

37. Qeyd edilməlidir ki, hər hansı əqdin etibarlılığı, yəni arzu olunan hüquqi nəticəyə səbəb olması üçün onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə ifadəsinin bildirilməsi və vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. Müqavilənin qanunvericilikdə müəyyən edilmiş qayda və şərtlərə uyğun bağlanması tələb olunur (Ə.İbrahimovun şikayəti üzrə Konstitusiya Məhkəməsi Plenumunun 12 aprel 2004-cü il tarixli Qərarı).

38. İstənilən iddia tələbi ilə əlaqədar məhkəmə icraatının ən əsas vəzifəsi həmin tələbin hüquqi əsasının olub-olmadığının müəyyən olunmasıdır. Məhkəmələr bunu tərəflərin həmin tələblə bağlı hansı hüquqi əsaslandırmanı irəli sürmələrindən asılı olmayaraq müstəqil surətdə müəyyən etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 2.1-ci maddəsinə uyğun olaraq, mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Konstitusiyasından, qanunlarından və digər normativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq olunmasıdır. Həmin Məcəllənin 217.1-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Bunun üçün isə məhkəmələr tərəfindən ilk növbədə işin faktiki halları və hüquqi əsası araşdırılmalıdır.

39. Əvvəla, qeyd edilməlidir ki, mübahisələndirilən əqd səlahiyyətli subyektlər arasında bağlanmış, habelə əqdin forma və məzmunu ilə bağlı mülki qanunvericiliklə nəzərdə tutulmuş qaydalara riayət edilmişdir. Mübahisələndirilən əqdin mülki qanunvericiliyin tələblərinə uyğun bağlandığı öz təsdiqini tapdığından məhkəmə kollegiyası həmin müqaviləni etibarlı əqd olaraq qiymətləndirir.

40. İddiaçı Cavabdeh MMC-nin rəhbəri Ak Turanla münasibətləri normal olduğundan ona inanaraq tərtib edilən sənədləri, o cümlədən mübahisələndirilən alqı-satqı müqaviləsini oxumadan imzaladığını iddia etmişdir. Başqa sözlə, iddiaçı müqavilənin 1.1, 1.2, 4.2 və 4.3-cü bəndlərinin onun iradə ifadəsini əks etdirmədiyini əsas göstərməklə həmin bəndlərin etibarsız olduğunu iddia edir. Halbuki, müqavilə iddiaçının bilavasitə özünün iştirakı ilə tərtib edilmiş və onun tərəfindən imzalanmışdır. O cümlədən, iddiaçı tərəf müqavilənin surətinin onlara verilmədiyini bildirsə də, lakin tərəflər arasında bağlanmış müqavilənin 7.6-cı bəndində təsbit edilmişdir ki, müqavilə iki səhifədən ibarətdir, Azərbaycan dilində tərtib edilmişdir və tərəflərə təqdim olunur. Bununla yanaşı, iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş elektron qaimədə (bax mülki iş İ cild səhifə 41) mübahisələndirilən müqavilənin bağlandığı tarix və nömrəsi barədə məlumatlar göstərilmişdir. İşin bu halı da bir daha təsdiq edir ki, iddiaçı tərəfin göstərilən dəlilləri əsassız mülahizələrdir.

41. Mülki Məcəllənin 339.3-cü maddəsində deyilir ki, aldatma yolu ilə bağlanmış əqdin mübahisələndirilməsi üçün tərəfin yanlış məlumat verərkən fayda götürmək məqsədini, yaxud digər tərəfə zərər vurmaq məqsədini güdmüş olduğunun əhəmiyyəti yoxdur. Üçüncü şəxs tərəfindən aldadılma halında, əgər bu əqddən fayda götürən şəxs aldatmadan xəbərdar idisə və ya xəbərdar olmalı idisə, əqd mübahisələndirilə bilər. Əgər hər iki tərəf aldatma yolu ilə hərəkət etmişsə, onlardan heç birinin ixtiyarı yoxdur ki, aldadıldığına istinad edərək əqdi mübahisələndirsin və ya zərərin əvəzinin ödənilməsini tələb etsin.

42. İşin halları yuxarıda göstərilən hüquq normaları baxımından tədqiq olunduqda görünür ki, iddiaçının cavabdeh tərəfindən aldadılmaqla müqavilənin bağlanması barədə nəticəyə gəlməyə əsas verən hallar mövcud deyildir. İddiaçı könüllü olaraq cavabdehlə müqavilə bağlamış və hüquqi nəticələri görərək bunu arzu etmişdir. Bir sözlə tərəflər arasında bağlanmış əqd iddiaçının həqiqi iradə ifadəsini əks etdirmişdir.

43. Həm də, nəzərdən qaçırmaq olmaz ki, Mülki Məcəllənin 352-ci maddəsinə görə, əqdin bir hissəsinin etibarsızlığı onun qalan hissələrinin etibarsızlığına o halda səbəb olmur ki, əqd onun etibarsız hissəsi daxil edilmədən də bağlana bilərdi. Hazırkı müqavilənin etibarsız sayılması tələb olunan hissələrində malların verilməsi; malların dəyərinin ödənilməsi qaydası və s. bəhs olunur ki, göstərilən bəndlər olmadan ümumiyyətlə müqavilə bağlana bilməzdi. İşin göstərilən halı da bir daha onu deməyə əsas verir ki, əqdin mübahisələndiirlən bəndlərinin etibarsızlığından söhbət gedə bilməz.

44. Məhkəmə kollegiyası həmçinin iddia tələbinin alqı-satqı müqaviləsi üzrə malların dəyərinin ödənilməsi hissəsinə hüquqi qiymət verərək qeyd edir ki, həmin hissədə də iddia təmin edilməməlidir.

45. İddiaçı müqavilə predmeti olan malların cavabdehə satılmış olduğunu əsas gətirərək malların dəyərinin sonuncu tərəfindən ödənilməsini tələb edir. Cavabdeh isə müqavilədə göstərilən malların alqı-satqı predmeti olmadığını, həmin malların mebel istehsalı fəaliyyətindən yaranmış mal-qalıqlarının təqdim edilməsi məqsədilə bağlandığını bildirərək iddianın rədd edilməsini xahiş edir.

46. Mülki Məcəllənin 324.5-ci maddəsinə əsasən, iradə ifadəsinin təfsiri zamanı onun hüquqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. Həmçinin, Məcəllənin 404-cü maddəsi müqavilə şərtlərinin təfsiri zamanı məhkəmənin təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsinin nəzərə alınmalı olduğunu müəyyən etmişdir.

47. Kollegiyanın qənaətinə görə, tərəflər arasında bağlanmış müqavilənin bütün şərtləri, o cümlədən tərəflər arasındakı münasibətlər, tərəflərin müqaviləyə qədərki danışıqları və onların sonrakı hərəkətləri sistemli şəkildə təhlil edilməlidir.

48. Müqavilənin 1.1-ci bəndində qeyd edilir ki, satıcı mebel istehsalı fəaliyyətindən yaranmış mal-qalıqlarını (bundan sonra mal adlandırılacaq) alıcıya təqdim edir. Alıcı isə həmin malları dəyəri ödənilmədən satıcıdan qəbul edir.

49. Müqavilənin 1.2-ci bəndində qeyd edilir ki, hazırkı müqavilə satıcının əvvəlki mebel istehsalı fəaliyyətindən yaranmış mal qalıqlarının alıcıya keçirilməsi və alıcının fəaliyyətinin təmin edilməsi məqsədilə bağlanır.

50. Müqavilənin 4.2-ci bəndində qeyd edilir ki, bu müqavilə üzrə mallar əsas məbləği (qiyməti) ödənilmədən alıcıya təhvil verilir.

51. Müqavilənin 4.3-cü bəndində qeyd edilir ki, alıcı yalnız malların təqdim edilməsi ilə bağlı satıcının çəkdiyi və çəkməli olduğu xərcləri, vergi və digər məcburi ödənişləri ödəyir. ƏDV məbləğinin ödənilməsi alıcının ümumi yığıncağı tərəfindən qəbul edilmiş qərar əsasında həyata keçirilir.

52. Məlumdur ki, alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür (MM maddə 567).

53. İlk öncə qeyd edilməlidir ki, İddiaçı və Ak Turan Cavabdeh MMC-də 50 faiz pay sahibidirlər. Bununla belə, tərəflər arasında bağlanmış müqavilənin şərtləri isə Mülki Məcəllənin 567-ci maddəsinin dispozisiya şərtləri ilə uzlaşmamaqdadır. Belə ki, əvvəla tərəflər arasında bağlanmış müqavilənin predmeti malların alqı-satqısı deyil də, mebel istehsalı fəaliyyətindən yaranmış mal-qalıqlarının satıcı tərəfindən alıcıya təqdim edilməsi olmuşdur. Eyni zamanda, müqavilədə alıcının da həmin malları dəyəri ödənilmədən satıcıdan qəbul etməsi nəzərdə tutulmuşdur ki, işin bu halı da müqavilədə göstərilən malların alqı-satqı predmeti olması halını birmənalı olaraq təkzib edir. Xüsusilə nəzərə almaq lazımdır ki, tərəflər müqavilə şərtləri ilə razılaşmışlar ki, müqavilə üzrə mallar əsas məbləği (qiyməti) ödənilmədən alıcıya təhvil verilir. Əqdin ad olaraq “alqı-satqı müqaviləsi” kimi rəsmiləşdirilməsi, müqavilə tərəflərinin adının da “satıcı” və “alıcı” göstərilməsi əqdin alqı-satqı müqaviləsi olması anlamına gəlmir. Çünki, müqavilənin təfsiri zamanı əsas faktorlar iradə ifadəsi, müqavilənin şərtləri, tərəflərin müqaviləyə qədərki danışıqları və onların sonrakı hərəkətləri və s. elementlərdir.

54. “CD diskdəki səs yazılarını məhkəməyə təqdim etmişlər, səs yazısında cavabdehin nümayəndəsi müqaviləni oxuyub izah edir və malların Cavabdeh MMC-yə satılmasını bildirir” barədə iddiaçı tərəfin arqumentləri də məhkəmə kollegiyası tərəfindən əsassız sayılmışdır. Çünki, əvvəla müqavilə şərtlərinin təfsiri nəticəsində əqdin alqı-satqı müqaviləsi olmadığı məlum olur. Digər tərəfdən də, həmin səs yazısı müqavilə bağlandıqdan sonra qeydə alınmışdır.

55. Məhkəmə kollegiyası müqavilənin şərtlərini Mülki Məcəllənin 404.1 və 404.2-ci maddələrinin tələbləri baxımından tədqiq edərək müqavilədə göstərilən malların alqı-satqı predmeti olmadığı və alıcının həmin malların dəyərini ödəmək öhdəliyi daşımadığını qənaətinə gəlir.

56. Məsələnin obyektiv həlli baxımından növbəti araşdırılmalı məsələ - tərəflərin müqavilədən sonrakı hərəkətləridir.

57. İşin halları bu aspektdə araşdırıldıqda müəyyən edilir ki, müqavilədə göstərilən mallar iddiaçı tərəfindən cavabdehə təqdim edilməmişdir. Belə ki, iddiaçı tərəfindən bu barədə məhkəməyə hər hansı mötəbər sübut təqdim edilməmiş; cavabdeh də malların ona təhvil verilmədiyini bildirmişdir. İddiaçı tərəfindən təqdim edilmiş elektron qaimə də bu məsələnin həlli baxımından mötəbər sübut kimi qiymətləndirilə bilməz. Ona görə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 2 fevral tarixli 26 nömrəli qərarı ilə təsdiq edilmiş “Elektron qaimə-fakturanın forması, tətbiqi, uçotu və istifadəsi Qaydaları”nda elektron qaimənin forması müəyyən edilmişdir. Həmin formaya görə elektron qaimədə müəssisənin rəhbəri, malları təhvil verən-təhvil alan və s. məlumatlar göstərilməlidir. Hazırkı işdə iddiaçı tərəfin təqdim etdiyi elektron qaimə isə göstərilən tələblərə cavab vermir. Bu halda, həmin elektron qaimə müqavilədə göstərilən malların cavabdehə təhvil verilmiş olması qənaətinə gəlməyə əsas sayıla bilməz.

58. Qeyd edilməlidir ki, müqavilə üzrə tərəflərdən hər birinin öhdəliyi, məhz qarşı tərəfin öhdəliyinin yaranması əvəzində əmələ gəlirsə, onda bu növ müqavilələr tam ikitərəfli (synallagmatic contract) müqavilə hesab edilir. Yaxud da, əgər müqavilə üzrə yalnız bir tərəf üçün öhdəlik əmələ gəlirsə, ya da müqavilə üzrə bir tərəfin öhdəliyi sırf qarşı tərəfin öhdəliyinin yaranması əvəzində deyil də, onun icra edilməsi nəticəsində əmələ gəlirsə belə müqavilələr tam ikitərəfli müqavilə hesab edilmir.

59. Natamam ikitərəfli müqavilələrdə bir tərəf üçün öhdəlik müqavilənin bağlandığı anda dərhal yaranır, digər tərəf üçün isə bunun əvəzində öhdəlik yaranmır. Həmin tərəf üçün öhdəlik, ancaq ilk yaranan öhdəliyin icrası nəticəsində əmələ gəlir. Məsələn borc, alqı-satqı, əvəzsiz istifadə və s. müqavilələri natamam ikitərəfli müqavilələrdir. Ona görə ki, borc/satan və ya əvəzsiz istifadə edənin hər hansı obyekti geri qaytarma, yaxud əşyanın dəyərinin ödənilməsi öhdəliyinin yarana bilməsi üçün heç şübhəsiz ki, əvvəlcə borc/satan və ya əvəzsiz istifadə edənin müqavilədə göstərilən obyekti müqavilənin digər tərəfinə təqdim etmiş olmalıdır.

60. İstər alqı-satqı, istərsə də əvəzsiz istifadə müqaviləsi natamam ikitərəfli müqavilə olduğundan müqavilə üzrə hər hansı maddi obyekt alan üçün hüquq və vəzifələr müqavilə bağlandığı anda deyil, məhz satanın və ya əvəzsiz istifadəyə verənin müqavilə öhdəliklərini yerinə yetirməsi nəticəsi olaraq yaranır. Hazırkı işdə isə, İddiaçı müqavilə üzrə üzərinə düşən öhdəlikləri icra etmiş olması müəyyən edilmir.

61. “Birinci instansiya məhkəməsində icraat zamanı cavabdeh tərəf malları qəbul etdiyini etiraf etmişdir” barədə iddiaçı tərəfin arqumenti də məhkəmə kollegiyası tərəfindən əsassız sayılmışdır. İşdən aydın olur ki, birinci instansiya məhkəməsində icraat zamanı keçirilmiş məhkəmə iclaslarında Cavabdeh MMC-ni onun nümayəndəsi (təsisçi) Ak Turan və digər nümayəndəsi (vəkil) Vəkil2 təmsil etmişlər. Cavabdehin nümayəndəsi (vəkil) Vəkil2 verdiyi izahatında elektron qaimə fakturanın təsdiqləndiyini və malların cavabdehin balansına keçdiyini bildirmişdir (bax mülki iş İ cild səhifə 180 məhkəmə iclas protokolu). Bununla belə, həmin məhkəmə iclasında Cavabdeh MMC-nin nümayəndəsi (təsisçi) Ak Turan da iştirak etmiş, lakin MMC-nin təsisçisi Ak Turan malların onlara təhvil verildiyini bildirməmişdir. Əksinə, o, bildirmişdir ki, real heç bir alqı-satqı əməliyyatı olmamışdır.

62. Kollegiya qeyd edir ki, mülki prosessual qanunvericilikdə işin nümayəndə vasitəsilə aparılması nəzərdə tutulmuşdur. Baxılan işdə nümayəndə (vəkil) Vəkil2 iddianı qismən etiraf edərək elektron qaimə fakturanın təsdiqləndiyini və malların cavabdehin balansına keçdiyini bildirsə də, lakin nəzərə almaq lazımdır ki, vəkil hüquqi şəxsin təsisçisi, işçisi və ya digər məsul şəxsi deyildir. Yəni, vəkil tərəflər arasındakı sahibkarlıq fəaliyyətinin bilavasitə və ya dolayı yolla iştirakçısı deyildir. O, hazırkı məhkəmə mübahisəsi başladıqdan sonra hüquqi xidmət göstərilməsi barədə müqavilə əsasında işə cəlb edilmiş şəxsdir. Cavabdeh MMC-nin təsisçisi Ak Turandır ki, həmin şəxs də məhkəmə iclasında verdiyi izahatında malların onlara təhvil verilmədiyini bildirmişdir. Aparılan təhlilin yekunu olaraq məhkəmə kollegiyasının qənaəti bundan ibarətdir ki, malların qəbul edilməsi məsələnin həllində Cavabdeh MMC-nin təsisçisi Ak Turanın məhkəmə iclasında verdiyi izahat əsas götürülməlidir.

63. Nəzərə almaq lazımdır ki, iddianın etiraf edilməsinin qanuna zidd olub-olmaması yalnız iddia tələblərinin öz-özlüyündə əsaslı olub-olmamasından asılıdır. Yəni, iddia buna müvafiq subyektiv hüquqa malik olan şəxs tərəfindən və iddiaya cavab verməli olan şəxsə qarşı qaldırılıbsa, həmçinin iddiaçının özünün bildirdiyi hallar və mübahisə üzrə tətbiq edilməli olan maddi hüquq normaları iddianın əsaslı olması nəticəsinə gəlməyə əsas verirsə, cavabdeh tərəfindən iddianın etiraf edilməsi qanuna zidd hesab edilə bilməz. Əks halda, yəni qeyd olunan şərtlərin hər hansı biri (bir neçəsi) və ya hamısı mövcud deyilsə, iddianın etiraf edilməsinin hər hansı əhəmiyyəti yoxdur və qanuna zidd olduğu üçün qəbul edilə bilməz.

64. Şərh olunan halları ümumiləşdirirək məhkəmə kollegiyası belə qənaətə gəlir ki, İddiaçı 29 sentyabr 2020-ci il tarixdə 017 nömrəli müqavilədə göstərilən malların dəyərini cavabdehdən tələb etməkdə haqlı olmamışdır. Bununla belə, müqavilədə göstərilən malların iddiaçı tərəfindən cavabdeh təqdim edilməsi sübuta yetirilmədiyindən həmin malların əlavə dəyər vergisi də cavabdehdən tutula bilməz. Çünki, əlavə dəyər vergisi malların, işlərin, xidmətlərin istehsalı prosesində yaranan və onlar satıldıqca büdcəyə, keçirilən dəyər artımının bir hissəsinin büdcəyə alınması formasıdır (“Əlavə dəyər vergisi haqqında” Qanun maddə 1). Bundan əlavə, tərəflər arasında bağlanmış müqavilənin 4.3cü bəndində nəzərdə tutulmuşdur ki, ƏDV məbləğinin ödənilməsi alıcının ümumi yığıncağı tərəfindən qəbul edilmiş qərar əsasında həyata keçirilir. Belə bir qərarın qəbul edilməsi isə iş materiallarından müəyyən olunmur.

65. Gəldiyi qənaətə uyğun olaraq kollegiya, müqavilə üzrə borcun ödənilməsindən irəli gələn digər tələb üzrə (beş faiz borcu) əlavə əsaslandırma aparılmasına zərurət olmadığını vurğulayır; çünki müqavilə üzrə borcun tutulması tələbinin təmin edilməməsi, bu tələbdən irəli gələn digər tələblərin dispozitiv şərtlərini də istisna edir.

66. Birinci instansiya məhkəməsi isə maddi hüquq normalarını yanlış təfsir etməklə iddianın qismən təmin edilməsi barədə düzgün olmayan nəticəyə gəlmişdir. Ona görə də birinci instansiya məhkəməsinin qətnaməsi tamamilə ləğv edilməli və yeni qətnamə qəbul edilərək iddia tələbi təmin edilməməlidir.

67. Bundan əlavə, iddia tələbi təmin edilmədiyindən iddia ərizəsi verilməsi üçün ödənilmiş dövlət rüsumu, habelə mediasiya prosesinə görə çəkilmiş xərc iddiaçıya aid edilməlidir.

68. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 372.1, 384, 385, 392-393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qət etdi : Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Gəncə Kommersiya Məhkəməsinin 17 iyun 2022-ci il tarixli, e-2-2(115)-433/2022 saylı qətnaməsi tamamilə ləğv edilsin. İş üzrə yeni qətnamə çıxarılsın. İddia tələbi təmin edilməsin. İddia ərizəsi verilməsi üçün ödənilmiş dövlət rüsumu, habelə mediasiya prosesinə görə çəkilmiş xərc iddiaçıya aid edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən tələbləri təmin olunmayan şəxs(lər) tərəfindən 2 (iki) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Gəncə Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən kassasiya şikayəti verilməzsə, o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar