Məhkəmə qərarları › İş №2-2(104)-42/2024

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(104)-42/2024

17.01.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2-2(104)-42/2024 17.01.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası - hakimlər Rzaquliyev Şamil Qəhrəman oğlu (sədrlik edən və məruzəçi), Süleymanov Loğman Srac oğlu və Hüseynzadə Afiq Hüseyn oğlundan ibarət tərkibdə Xəlilov Eldar Yaşar oğlunun katibliyi ilə, İddiaçı cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı pul tələbinə dair kommersiya işi üzrə Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-2(115)- 1192/2023 nömrəli qətnaməsindən cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən verilmiş apellyasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-2(115)-1192/2023 nömrəli qətnaməsi ilə (hakim G.Quliyeva) iddianın qismən təmin edilməsi, İddiaçı ilə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında bağlanmış 06 mart 2020-ci il tarixli 2020- SM/EH-001 nömrəli alqı-satqı müqaviləsinə əsasən 193007 manat 31 qəpik əsas borc, 4000 manat cərimə borcu olmaqla cəmi 197007 (bir yüz doxsan yeddi min yeddi) manat 31 (otuz bir) qəpik pul, ödənilmiş 400 (dörd yüz) manat mediasiya xərcinin cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən tutularaq İddiaçınə ödənilməsi, cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən 384 (üç yüz səksən dörd) manat dövlət rüsumunun tutularaq dövlət büdcəsinə ödənilməsi, iddianın qalan hissəsinin təmin edilməməsi qət edilmişdir. Cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti həmin qətnamənin dəlilləri ilə razılaşmayıb apellyasiya şikayəti verərək Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2023cü il tarixli,e-2-2(115)-1192/2023 saylı qətnaməsinin qismən, yəni İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı pul tələbinə dair iddiasının təmin edildiyi hissədə ləğv edilməsi və iddianın tam şəkildə rədd olunması barədə yeni qətnamənin çıxarılmasını xahiş etmişdir. İşin halları: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən 193007,31 manat əsas borc və 19301,75 manat penya borcu olmaqla cəmi 212309,06 manat pulun və 400 manat mediasiya xərcinin iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə "xxxx" MMC arasında xx.xx.2020-ci il tarixli alqı-satqı müqaviləsi və həmin müqaviləyə 1 nömrəli əlavə razılaşma imzalanmışdır. Həmin razılaşmaya əsasən hazırki müqavilə ilə müəyyən edilmiş şərtlərlə və lazım olan halda bu müqavilənin ayrılmaz hissəsi olaraq tərəflər arasında tərtib edilmiş protokollarda göstərilən inşaat kimyəvi məhsullarını müqavilə müddəti dövründə Satıcı Alıcının mülkiyyətinə verməyi, Alıcı isə həmin malların dəyərini bu müqavilədə nəzərdə tutulmuş müddətdə və qaydada Satıcıya ödəməyi öhdəsinə götürür. Həmin müqaviləyə əsasən, Satıcı sabit limit olaraq 200000 manat məbləğində malı Alıcıya verir, Alıcı isə malın dəyərini qaimə-faktura əsasında təhvil aldığı tarixdən etibarən 60 gün müddətində Satıcıya nağd və ya köçürmə şəklində ödəyir. Gecikmə halında Alıcı hər gecikən gün üçün müddəti keçən məbləğin 0,1% penya ödəməyi qəbul və təsdiq edir. Müqavilə əsasında Satıcı tərəfindən inşaat kimyəvi məhsullar müqavilə ilə nəzərdə tutulmuş qaydada, tam və standarta uyğun şəkildə Alıcıya təhvil verilmiş, lakin Alıcı həmin malların dəyərini bu müqavilədə nəzərdə tutulmuş müddətdə və qaydada Satıcıya ödəmək öhdəliyini tam şəkildə yerinə yetirməmiş, iddiaçıya 193007,31 manat ödənilməmiş borcu qalmışdır. xx.xx.2023-cü il tarixli qarışılıqlı üzləşmə aktına əsasən cavabdeh iddiaçı qarşısında xx.xx.2022-ci il tarixinə qədər 196096,23 manat borcu olduğunu etiraf və təsdiq etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi iş üzrə təqdim olunmuş sübutlara tam və ətraflı baxaraq həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verməli olduğu halda, yalnız özünun subyektiv mülahizəsinə əsaslanaraq qiymətləndirmə aparmışdır. Birinci instansiya məhkəməsi maddi hüquq normalarından əlavə, həmçinin prosessual hüquq normasının pozuntusuna yol verməklə, iş üzrə düzgün olmayan məhkəmə aktı qəbul etmişdir. Belə ki, iddiaçı ilə cavabdeh arasında bağlanmış xx.xx.2020-ci il tarixli 2020- SM/EH-001 saylı alqı-satqı müqaviləsinin 4.1.5-ci bəndinə görə, malların təhvil verilməsi Satıcının Sumqayıt şəhəri, X3 qəsəbəsində yerləşən satış anbarında və ya Alıcının istəyinə uyğun olaraq onun Bakı və Sumqayıt ərazisində göstərdiyi ünvanda həyata keçiriləcəkdir. Şübhəsizdir ki, müqavilənin qeyd olunan bəndinə uyğun olaraq tərəflər arasında onların səlahiyyətli şəxsləri tərəfindən malların təhvil-təsliminə dair müvafiq akt imzalanmalı idi. Lakin iddiaçı cavabdehə həqiqətən 193007,31 manat təşkil edən malların verilməsinə dair təhvil-təslim aktını məhkəməyə təqdim edə bilməmişdir. Satıcı əşyanı alıcının mülkiyyətinə verməlidir ki, alıcının əşyanın əvəzində pulun ödənilməsi öhdəliyi yaranmış olsun. Göründüyü kimi, birinci instansiya məhkəməsi işin bu hallarını ümumiyyətlə, araşdırmamış və işin hallarına uyğun tətbiq etməli olduğu maddi hüquq normasını tətbiq etməyərək, hüquq normasının pozuntusuna yol vermişdir. İddiaçı ilə cavabdeh arasında bağlanmış xx.xx.2020-ci il tarixli 2020-SM/EH-001 saylı alqı-satqı müqaviləsinin məqsədinə bütünlüklə nail olmaq o halda mümkün ola bilərdi ki, hər bir tərəf öz üzərinə düşən öhdəliyi tam icra etmiş olsun. Halbuki, iddiaçı cavabdeh qarşısında müqavilə üzrə öz üzərinə götürdüyü öhdəliklərini tam yerinə yetirməmişdir. Bundan başqa məhkəmə onların iştirakını təmin etmədən işə baxmaqla çəkişmə prinsipini də pozmuşdur. Prosessual məsələlər: Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsə də, tərəflər məhkəmə iclasına gəlməmiş, gəlməmənin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. İddiaçının nümayəndəsi X1 məhkəməyə ərizə göndərərək işə onun iştirakı olmadan baxılaraq birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Hüquqi məsələlər: Azərbaycan Respublikası MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materialları ilə əlaqəli şəkildə hərtərəfli, tam, obyektiv və qərəzsiz araşdırıb, toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilmədən, Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-2(115)-1192/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarında olan İddiaçı MMC ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2020-ci il tarixli 2020-SM/EH-001 saylı alqı-satqı müqaviləsindən görünür ki, müqavilənin predmetini müqavilə ilə müəyyən edilmiş şərtlərlə və lazım olan halda müqavilənin ayrılmaz hissəsi olan tərəflər arasında tərtib edilmiş protokollarda göstərilən inşaat kimyəvi məhsullarının müqavilə müddəti dövründə Satıcı tərəfindən Alıcının mülkiyyətinə verməyi, Alıcı tərəfindən isə həmin malların dəyərinin müqavilədə nəzərdə tutulmuş müddətdə və qaydada Satıcıya ödəməyi öhdəsinə götürmüşdür. Müqavilənin müddəti xx.xx.2020-ci il tarixədəkdir. Həmin müqavilənin 3.3-cü bəndinə əsasən Satıcı sabit limit olaraq 200000 manat məbləğində malı Alıcıya verir, Alıcı isə malın dəyərini qaimə-faktura əsasında təhvil aldığı tarixdən etibarən 60 gün müddətində Satıcıya nağd və ya köçürmə şəklində ödəyir. Gecikmə halında Alıcı hər gecikən gün üçün müddəti keçən məbləğin 0,1% penya ödəməyi qəbul və təsdiq edir. İş materiallarında olan elektron qaimələrdən görünür ki, xx.xx.2022-ci il tarixdə 10364,53 manat, xx.xx.2022-ci il tarixdə 72,28 manat, xx.xx.2022-ci il tarixdə 2896,9 manat, xx.xx.2022-ci il tarixdə 2832 manat, 419,64 manat, xx.xx.2022-ci il tarixdə 4720 manat, 3534,34 manat, xx.xx.2022-ci il tarixdə 110,92 manat, xx.xx.2022-ci il tarixdə 2832 manat, 2230,2 manat, 3803,23 manat. xx.xx.2022-ci il tarixdə 5433,9 manat, xx.xx.2022-ci il tarixdə 944 manat, 443,68 manat, xx.xx.2022-ci il tarixdə 944 manat, 7375 manat, xx.xx.2022-ci il tarixdə 3350,26 manat, 2605,44 manat, xx.xx.2022-ci il tarixdə 10443 manat, xx.xx.2022-ci il tarixdə 2832 manat, xx.xx.2022-ci il tarixdə 4864,61 manat, xx.xx.2022-ci il tarixdə 132,75 manat, xx.xx.2022-ci il tarixdə 9440 manat, xx.xx.2022-ci il tarixdə 4720 manat, 318,6 manat, 4720 manat, xx.xx.2022-ci il tarixdə 3670,27 manat, xx.xx.2022-ci il tarixdə 2655 manat, xx.xx.2022-ci il tarixdə 1765,43 manat, xx.xx.2022-ci il tarixdə 4814,4 manat, xx.xx.2022-ci il tarixdə 3540 manat, xx.xx.2022-ci il tarixdə 3964,8 manat. xx.xx.2022-ci il tarixdə 318,6 manat, xx.xx.2022-ci il tarixdə 3776 manat, 2832 manat, 7611 manat, 2655 manat, 908,19 manat, xx.xx.2022-ci il tarixdə 3776 manat, xx.xx.2022-ci il tarixdə 2159,4 manat, 1681,5 manat, xx.xx.2022-ci il tarixdə 3964,8 manat, xx.xx.2022-ci il tarixdə 114,7 manat.1715,13 manat, xx.xx.2022-ci il tarixdə 83,93 manat, 177 manat, 2832 manat, 1770 manat, xx.xx.2022-ci il tarixdə 3776 manat, 2792,66 manat, xx.xx.2022-ci il tarixdə 2832 manat, xx.xx.2023-cü il tarixdə 885 manat, xx.xx.2023-cü il tarixdə 5876,4 manat, xx.xx.2023-cü il tarixdə 5044,5 manat, xx.xx.2023-cü il tarixdə 2864,32 manat, xx.xx.2023- cü il tarixdə 3776 manat, xx.xx.2023-cü il tarixdə 4720 manat, xx.xx.2023-cü il tarixdə 83,93 manat, xx.xx.2023-cü il tarixdə 2655 manat, xx.xx.2023-cü il tarixdə 2035,5 manat, xx.xx.2023-cü il tarixdə 3587,2 manat məbləğində malların qaiməsi İddiaçı MMC tərəfindən "xxxx" MMC-yə göndərilmişdir. İş materialllarında olan 15 mart 2023-cü il tarixli qarşılıqlı üzləşmə aktından görünür ki, xx.xx.2022-ci il tarixinə "xxxx" MMC-nin İddiaçı MMC-yə ƏDV daxil olmaqla 196096,23 manat kreditor borcu mövcuddur. İş materiallarında olan xx.xx.2023-cü il tarixli xəbərdarlıq məktubunun surətindən görünür ki, borcluya yaranmış borc ilə bağlı məlumat verilmiş, məsuliyyəti barədə xəbərdarlıq edilmişdir. Məhkəmə kollegiyasının iclasında müəyyən olunmuşdur ki, İddiaçı MMC ilə "xxxx" MMC arasında xx.xx.2020-ci il tarixli alqı-satqı müqaviləsi və həmin müqaviləyə 1 nömrəli əlavə razılaşma imzalanmış, həmin razılaşmaya əsasən tərəflər arasında tərtib edilmiş protokollarda göstərilən inşaat kimyəvi məhsullarını müqavilə müddəti dövründə cavabdehin mülkiyyətinə verməyi, cavabdeh isə həmin malların dəyərini bu müqavilədə nəzərdə tutulmuş müddətdə və qaydada iddiaçıya ödəməyi öhdəsinə götürmüşdür. Həmin müqaviləyə əsasən, Satıcı sabit limit olaraq 200000 manat məbləğində malı Alıcıya verir, Alıcı isə malın dəyərini qaimə-faktura əsasında təhvil aldığı tarixdən etibarən 60 gün müddətində Satıcıya nağd və ya köçürmə şəklində ödəyir. Gecikmə halında Alıcı hər gecikən gün üçün müddəti keçən məbləğin 0,1% penya ödəməyi qəbul və təsdiq edir. Müqavilə əsasında Satıcı tərəfindən inşaat kimyəvi məhsullar müqavilə ilə nəzərdə tutulmuş qaydada, tam və standarta uyğun şəkildə Alıcıya təhvil verilmiş, lakin Alıcı həmin malların dəyərini bu müqavilədə nəzərdə tutulmuş müddətdə və qaydada Satıcıya ödəmək öhdəliyini tam şəkildə yerinə yetirməmiş, iddiaçıya 193007,31 manat ödənilməmiş borcu qalmışdır. xx.xx.2023-cü il tarixli qarışılıqlı üzləşmə aktına əsasən cavabdeh iddiaçı qarşısında xx.xx.2022-ci il tarixinə qədər 196096,23 manat borcu olduğunu etiraf və təsdiq etmişdir. İddia tələbini qismən təmin etmiş birinci instansiya məhkəməsi gəldiyi nəticəni belə əsaslandırmışdır ki, İddiaçı MMC ilə "xxxx" MMC arasında xx.xx.2020-ci il tarixdə bağlanmış alqı-satqı müqaviləsinə əsasən Satıcı sabit limit olaraq 200000 manat məbləğində malı Alıcıya verməyi, Alıcı isə malın dəyərini qaimə-faktura əsasında təhvil aldığı tarixdən etibarən 60 gün müddətində Satıcıya nağd və ya köçürmə şəklində ödəməyi öhdəsinə götürmüşdür. Satıcı müqavilə ilə üzərinə götürdüyü öhdəliyi yerinə yetirmiş, malları Alıcıya vermiş, lakin Alıcı müqavilə ilə üzərinə götürdüyü öhdəliyi yerinə yetirməmiş və malların dəyərini Satıcıya tam ödəməmişdir. Onun iddiaçıya 193007 manat 31 qəpik borcu yaranmışdır. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçı müqavilə üzrə yaranmış borc məbləğini cavabdehdən tələb etməkdə haqlıdır. Məhkəmə, eyni zamanda iddianın cərimənin ödənilməsi hissəsini də araşdıraraq hesab edir ki, iddia həmin hissədə qismən təmin edilməlidir. Məhkəmə cavabdehin üzərində əsas borc olaraq icra edilməmiş pul öhdəliyinin olmasını, bununla yanaşı əlavə olaraq yüksək məbləğdə cərimənin tətbiq edilməsinin onun vəziyyətini daha da ağırlaşdırdığını nəzərə alaraq hesab edir ki, 19301,75 manat məbləğində dəbbə pulu (cərimə) tənasübsüz surətdə yüksəkdir. Odur ki, cərimə azaldılaraq 4000 manat məbləğində müəyyən edilməlidir. Odur ki, məhkəmə hesab edir ki, tərəflər arasında bağlanmış müqavilə üzrə 193007 manat 31 qəpik manat əsas borc, 4000 manat cərimə borcu olmaqla, cəmi 197007 manat 31 qəpik pul cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşan məhkəmə kollegiyası aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 598.1-ci maddəsinə əsasən əgər alğı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alğısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Həmin Məcəllənin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur (AR MM-in 443.1-ci maddəsi). İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır (AR MM-in 445.1-ci maddəsi). Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdehin alğı-satqı müqaviləsinə əsasən iddiaçıdan haqqını sonradan ödəmək şərti ilə almış olduğu malların 193007 manat 31 qəpik əsas borc təşkil edən hissəsinin dəyərini sonradan ödəmədiyi məhkəmə iclasında müəyyən edildiyinə görə birinci instansiya məhkəməsi iddia tələbini həmin hissədə qismən təmin etməkdə haqlı olmuşdur. Cərimə hissəsinə gəldikdə kollegiya aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 462.3-ci maddəsinə əsasən müqavilənin tərəfləri dəbbə pulunun miqdarını sərbəst müəyyənləşdirə bilərlər və bu, mümkün zərərdən çox ola bilər.Lakin dəbbə pulunun miqdarı zərərdən tənasübsüz dərəcədə yüksək olmamalıdır. Dəbbə pulunun məbləği kreditorun zərərinə tənasübsüz surətdə uyğun olmadıqda istər qanun üzrə istərsə də müqavilə ilə müəyyən edilmiş dəbbə pulunun məbləği məhkəmənin təşəbbüsü ilə azaldıla bilər. Məhkəmənin dəbbə pulunu azaltmaq səlahiyyəti Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinin tələblərindən irəli gəlir. Həmin maddədə göstərilir ki, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Məhkəmə qeyd olunanları nəzərə alaraq cavabdehə hesablanmış dəbbə pulunu azaltmışdır ki, iddiaçı birinci instansiya məhkəməsinin qətnaməsini mübahisələndirməmiş, məhkəmə kollegiyası da birinci instansiya məhkəməsinin həmin qənaəti ilə razılaşır. Apellyasiya şikayətinin dəlillərindən birincisi müqavilənin şərtlərinə uyğun olaraq tərəflər arasında malların təhvil-təsliminə dair müvafiq aktın iddiaçı tərəfindən təqdim edilməməsidir. Kollegiya apellyasiya şikayətinin həmin dəlili ilə bağlı qeyd edir ki, iş materiallarında olan üzləşmı aktından göründüyü kimi qarşılıqlı üzləşmə zamanı cavabdeh iddiaçıya həqiqətən 193007,31 manat borclu qaldığını etiraf etmişdir ki, bu halın özü yuxarıda qeyd olunan müqavilədə göstərilmiş miqdarda malların cavabdehə həqiqətən də təhvil verildiyi təsdiqini tapır. Bu səbəbdən də kollegiya apellyasiya şikayətinin həmin dəlilini əsassız sayır. Apellyasiya şikayətinin dəlillərindən digəri işə onun iştirakı olmadan baxıldığına görə çəkişmə prinsipinin pozulmasıdır. Kollegiya qeyd edir ki, həqiqətən də Azərbaycan Respublikası Konstitusiyasının 127ci maddəsinin 7-ci bəndinə görə məhkəmə icraatı çəkişmə prinsipi əsasında həyata keçirilir. Məhkəmə icraatının çəkişmə prinsipi əsasında həyata keçirilməsi mülki prosessual qanunvericilikdə də əksini tapmışdır. Belə ki, Azərbaycan Respublikasının MPM-in 9.1-ci maddəsinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Həmin Məcəllənin 9.2-ci maddəsinə əsasən bu Məcəllə ilə başqa hal nəzərdə tutulmayıbsa, məhkəmədə mübahisəyə işdə iştirak edən şəxslər çağırılıb dindirilmədikdə baxıla bilməz. İşdə iştirak edən şəxslər öz tələblərini əsaslandırdıqları dəlillər, sübutlar və hüquqi nəticələr barədə bir-birlərinə məlumat verməyə borcludur ki, digər tərəf bunlara qarşı özünün müdafiəsini təşkil edə bilsin. Həmin Məcəllənin 9.3-cü maddəsinə əsasən hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə, qərarını tərəfləri dəvət etmədən özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandıra bilməz. Həmin Məcəllənin 185.2-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərdən hər hansı biri məhkəmə iclasına gəlmədikdə, onlara məhkəmə bildirişi verilməsi haqqında məlumat olmadıqda, işə baxılması təxirə salınır. İş materiallarının 132-133-cü vərəqələrində olan SMS xəbərdarlığı və bildirişdən görünür ki, cavabdehə məhkəmə bildirişi və SMS xəbərdarlığı vasitəsilə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilmiş, lakin cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Həmçinin qeyd olunmalıdır ki, cavabdeh məhkəmə kollegiyasının iclasının yeri və vaxtı barə də lazımi qaydada xəbərdar edilmiş, lakin cavabdeh nümayəndəsini kollegiyanın iclasına da göndərməmişdir. Göründüyü kimi cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar olunmuş, lakin onun nümayəndəsi hər hansı səbəb göstərmədən məhkəmə iclasında iştirak etməmişdir. Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Göründüyü kimi apellyasiya şikayətinin dəlilləri əsassız olmaqla cavabdehin formal mülahizəsidir. Azərbaycan Respublikasы MPM-in 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır. Məhkəmə kollegiyası yuxarıda şərh olunanlara hüquqi qiymət verib hesab edir ki, şikayətlə mübahisələndirilən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmış, maddi və prosessual hüquq normalarının tətbiqində səhvə yol verilməmişdir. Ona görə də apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin iş üzrə qətnaməsi dəyişdirilmədən saxlanmalıdır. Azərbaycan Respublikası MPM-in 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-in 372-376, 378-382, 384.0.1, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: Cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin apellyasiya şikayəti təmin edilməsin. Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-2(115)-1192/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetə yerləşdirilməklə Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamə şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar