Məhkəmə qərarları › İş №2-2(104)-46/2024

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(104)-46/2024

28.06.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2-2(104)-46/2024 28.06.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası - hakimlər Rzaquliyev Şamil Qəhrəman oğlu (sədrlik edən və məruzəçi), Süleymanov Loğman Srac oğlu və Həsənov İslam Telman oğlundan ibarət tərkibdə, Vəlizadə Vasif Etibar oğlunun katibliyi, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı pul tələbinə dair kommersiya işi üzrə Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(115)-1088/2023 saylı qətnaməsindən İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş apellyasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 1 ədəd “New-Holland TC-5050” markalı taxılyığan kombayının tam bərpası üçün hesablanmış 51 580 manat dəymiş maddi ziyanın və 400 manat mediasiya xərci olmaqla, cəmi 51 980 manat məbləğin Cavabdeh tutularaq İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Gəncə Kommesiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(115)-1088/2023 saylı qətnaməsi ilə (hakim K.Vəliyev) iddia tələbinin təmin edilməməsi qət edilmidir. İddiaçı Açıq Səhmdar Cəmiyyəti apellyasiya şikayəti verərək Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2-2(115)-1088/2023 nömrəli qətnaməsinin ləğv edilərək İddiaçı Açıq Səhmdar Cəmiyyətinin iddia tələbinin tam təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İşin halları: İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti (əvvəlki "xxxx" Açıq Səhmdar Cəmiyyəti) ilə Cavabdeh arasında bağlanmış 2019-cu il 1 iyun tarixli 02/00023886 nömrəli operativ lizinq müqaviləsinə əsasən bir ədəd “New-Holland TC- 5050” markalı taxılyığan kombayn ona istifadəyə verilmişdir. Yevlax Regional Nümayəndəliyinin istifadəsində olan və mexanizator Cavabdeh tərəfindən operativ lizinqə götürülmüş ********* şassi nömrəli New-Holland TC-5050 markalı taxılyığan kombaynla Şəki rayonunun Heyvandarlıq kompleksi ərazisində 2019-cu il 21 iyun tarixində biçin işlərini yerinə yetirərkən kombaynda yanğın baş vermiş və nəticədə texnika istifadəyə yararsız hala düşmüşdür. Bununla bağlı 2019-cu il 22 iyun tarixində Cəmiyyətin əməkdaşları tərəfindən texnikaya yerində baxış keçirilmiş və müvafiq qaydada akt tərtib edilmişdir. Həmin kombaynın işlək vəziyyətə gətirilməsinə sərf olunacaq xərclər haqqında arayış tərtib olunmuşdur. Tərtib olunaraq təqdim olunmuş arayışa əsasən texnikanın tam bərpa edilməsi üçün onlara tələb olunan ehtiyat hissələrinin dəyəri mövcud bazar qiymətlərinə uyğun olaraq müəyyən edilmişdir. Belə ki, “New-Holland TC-5050” markalı taxılyığan kombaynın tam bərpası üçün 51 580 manat dəymiş maddi ziyan hesablanmışdır. İş üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi qəbul edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: İddiaçı apellyasiya şikayətini əsaslandırmaq üçün göstərmişdir ki, birinci instansiya məhkəməsinin qətnaməsi qanunsuz və əsassızdır. Belə ki, lizinq alanın həmin müqavilə üzrə texnikanı saz və dəst halda geri qaytarmaq öhdəliyi olmasına baxmayaraq texnika nasaz vəziyyətdə saxlanca verilmişdir. İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən dövlət vəsaiti hesabına alınmış və müqavilə əsasında cavabdehin istifadəsinə verilmiş “New- Holland TC-5050” markalı taxılyığan kombayna baxış keçirilmiş, nəticədə texnikaya 51 580,00 (əlli bir min beş yüz səksən) manat məbləğində zərərin dəydiyi müəyyən olunmuş və tərtib olunmuş arayışa əsasən dövlət əmlakı olan texnikanın tam bərpa edilməsi üçün tələb olunan ehtiyat hissələrinin ehtimal olunan dəyəri mövcud bazar qiymətlərinə uyğun olaraq hesablanmışdır. Belə ki, İddiaçı ASC tərəfindən məhkəməyə təqdim edilmiş maddi ziyanla bağlı arayış Cəmiyyətin peşəkar mütəxəssisləri, Azərbaycan Respublikasının Prezidentinin2021-ci il 30 oktyabr tarixli Sərəncamına əsasən Tərəqqi medalı ilə təltif edilmiş X2 və texnika elmləri namizədi BalabəyovAqşin Zeylim oğlu tərəfindən hazırlanmışdır. Lakin məhkəmə təqdim olunmuş arayışı sübut növükimi qiymətləndirməmiş, dəymiş ziyanla bağlı tərtib olunmuş sənədlər diqqətə alınmamışdır. Məhkəmə qətnaməsində cavabdeh tərəfindən ziyan vurulduğu faktıqeyd edilsə də, dəymiş ziyanın məbləğini özündə əks etdirən arayışı mötəbər sübut kimi qiymətləndirməmişdir. Texnika cavabdehə 2019-cu il 01 iyun tarixində saz vəziyyətdə təhvil verilmişdir, bu zaman kəsiyində yanğın hadisəsinin baş verdiyi 2019-cu il 21 iyun tarixədək yanğının qarşısının alınması və texnikanın bu kimi hadisədən qorumaq üçün cavabdeh qabaqlayıcı ehtiyat tədbirlər görməli olduğu halda onları görməmişdir. Göründüyü kimi texnika 20 gün istifadə edilmiş, havanın temperaturu, texnikanın fasiləsiz işləməsi və s. kimi hallar nəzərə alınmayaraq, təlimata uyğun mütəmadi qulluqlar göstərilməmişdir. Cavabdehin texnikanın istismar təlimatlarında, tərəflər arasında bağlanmış müqavilə şərtlərində, yanğından mühafizə qaydalarının istifadəçi tərəfindən riayət olunmaması kimi hallar diqqətə çatdırılsa da, məhkəmə tərəfindən əhəmiyyət verilməmişdir. Belə ki, texnikanın zavod istismar təlimatlarında yanğın təhlükəsizliyi ilə bağlı mühərrik və ətraf hissəsi tez alışan püfə və saman tullantılarından, eləcə də hava filtrinin mütəmadi təmizlənməsi göstərilmişdir. Cavabdehlə iddiaçı arasında bağlanmış 2019-cu il 1 iyun tarixli 02/00023886 nömrəli operativ lizinq müqaviləsindən də görünür ki, istifadəçi bu müqavilənin müddəti başa çatdıqdan sonra texnikanı saz və dəst halda istifadəyə verənə geri qaytarmağı qeyrişərtsiz üzərinə götürsə də, cavabdehin istifadəsində olan zaman kombaynda baş verən yanğın səbəbindən texnika yararsız hala düşmüşdür. Bu da birbaşa müqavilənin 2.2.9-cu bəndinin pozulması və iddiaçıya maddi ziyanın vurulmasına səbəb olmuşdur. cavabdeh yanğın təhlükəsizliyi qaydalarından xəbərdar olmuş, qaydalara əməl etməli olduğu halda heç birinə riayət etməmiş və nəticədə iddiaçıya 51580,00 (əlli bir min beş yüz səksən) manat məbləğində zərər dəymişdir. Məhkəmə yanğının baş vermə səbəblərini ehtimal olunan nəticələrlə əsaslandırmış, lakin cavabdeh tərəfindən təqsirli hərəkət və ya hərkətsizliyin yerinə yetirilməsinə dair məsələlər məhkəmənin diqqətinə çatdırılsa da, əhəmiyyət verilməmişdir. Bundan başqa birinci instansiya məhkəməsi iş üçün əhəmiyyəti olan hallara dair iddiaçının təqdim etdiyi sənədləri “mötəbər” sübut saymamış, zərərin yaranmasının əsasını təşkil edən Cəmiyyətin mülkiyyət hüquqlarının pozulmasına yönələn təqsirli əməli, hərəkəti və ya hərəkətsizliyinə dair məsələlər araşdırılmamış və sübut kimi qiymətləndirilməmişdir. Qətnamədə cavabdehə saz vəziyyətdə təhvil verilmiş kombaynın onun tərəfindən nasaz vəziyyətdə istifadə edildiyi faktı təsdiq edilsə də, yekunda gəlinən nəticə işin hallarına uyğun gəlmir. Apelyasiya şikayəti üzrə izahatlar: Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməmənin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respubilkasının MPM-in 376.2-ci maddəsinə əsasən işə gəlməmiş şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə kollegiyasının iclasında iştirak etmiş iddiaçının nümayəndəsi X6 apellyasiya şikayətinin dəlillərini müdafiə edərək şikayətin təmin edilməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi, iddianın təmin edilməsinə dair yeni qətnamə çıxarılmasını xahiş etdi. Hüquqi məsələlər: Azərbaycan Respublikası MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası iddiaçının nümayəndəsinin apellyasiya şikayətinin təmin edilməsinə dair izahatını dinləyib, iş materiallarını apellyasiya şikayətinin dəlilləri ilə əlaqəli şəkildə tam, obyektiv və qərəzsiz araşdırıb, toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilmədən, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarında olan 01 iyun 2019-cu il tarixli 02/00023886 nömrəli operativ lizinq müqaviləsinə əsasən bir ədəd “New-Holland TC-5050” markalı taxılyığan kombayn Cavabdeh istifadəyə verilmişdir. Həmin müqavilənin 2.2.9-cu bəndinə əsasən istifadəçi bu müqavilənin müddəti başa çatdıqdan sonra texnikanı saz və dəst halda istifadəyə verənə geri qaytarmağı qeydşərtsiz üzərinə götürür. Həmin müqavilənin 2.2.13-cü bəndinə əsasən istifadəçi yanğın təhlükəsizliyi qaydalarına əməl etməli və odsöndürənlərdən istifadə etməyi bacarmalıdır. Mexanizator öz əmək vəzifələrini yetinə yetirərkən bu təlimatın tələblərinə riayət etməlidir. Bu təlimatın tələblərinə riayət etməməyə görə mexanizator məsuliyyət daşıyır. İş materiallarında olan Texnikanın lizinqə götürənə verilərkən tərtib edilən xx.xx.2019cu il tarixli, F00023886 nömrəli təhvil aktdından görünür ki, texnika saz vəziyyətdə olmuşdur İş materiallarında olan xx.xx.2019-cu il tarixli aktdan görünür ki, Cavabdeh istifadəsinə verilmiş “New-Holland TC-5050” markalı taxılyığan kombayn xx.xx.2019-cu il tarixində Şəki rayonu Heyvandarlıq kompleksi ərazisində taxıl biçini zamanı kombaynda yanğın baş vermişdir. Yanğından sonra kombayna baxış keçirilmişdir. Kombaynda sürücünün texnikanı idarə etmə kabinası, sol tərəf qabaq və arxa təkərlər, ötürücü remenlər, hidravlik sistemin boruları, yağ çəlləyi, dizel çəlləyi, mühərrik, saman ötürən, hidravlik paylayıcı, taxılı boşaldan şnek, dən bunkeri, hava təmizləyici sistem, elektrik naqilləri və 2 ədəd akumlyatorlar yanaraq sıradan çıxmışdır. İş materiallarında olan xx.xx.2022-ci il tarixli pretenziya məktubundan görünür ki, cavabdeh yaranmış borcla bağlı xəbərdar edilmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli MŞG/MT/-032-2023-00784 nömrəli ilkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə arayışdan görünür ki, 400 manat mediasiya xərci iddiaçı tərəfindən ödənilmişdir. İş materiallarında olan “Ehtimal xərclər barədə” arayışdan görünür ki, “New-Holland TC-5050” markalı taxılyığan kombaynın işlək vəziyyətə gətirilməsinə sərf olunacaq ehtimal xərclər 51580 manat müəyyən edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Əməliyyat-İstintaq İdarəsinin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, xx.xx.2021-ci il tarixdə ********* şassi nömrəli “New-Holland TC-5050” markalı taxılyığan kombayında baş vermiş yanğın hadisəsi ilə əlaqədar onlara məlumat daxil olmamış, araşdırma aparılmamış və cinayət işi istintaq olunmamışdır. İş materiallarında olan Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi X4 Xidmətinin Şəki rayon X4 Hissəsinin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, xx.xx.2019-ci il tarixdə Şəki rayonu, Öryət kəndi ərazisində yerləşən Azərbaycan Sənaye Koorporasiyası Açıq Səhmdar Cəmiyyətinə aid əkin sahəsində Yevlax rayon Aqroservisə məxsus, Goranboy rayon Qarapirinli k ənd sakini 1964-cü il təvəllüdlü Cavabdeh Zülfüqar oğlu tərəfindən icarəyə götürülmüş “New-Holland” markalı, 66-K-127 dövlət nömrə nişanlı taxılyığan kombaynında yanğın hadisəsi baş vermişdir. Məhkəmə kollegiyası tərəfindən məhkəmə-texniki ekspertizası təyin edilmiş və Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli 3-16-16/2-10/1299 nömrəli rəylə aşağıdakılar müəyyən olunmuşdur: -“New-Holland TC-5050” markalı taxılyığan kombaynda əmələ gəlmiş yanğın izlərinin nisbi analizinə və inkişaf dinamikasına görə müəyyən edilmişdir ki, yanğının mənbəyi kombaynın mühərrik bölməsində olmuş və yanğın mənbə zonasından yüksələn xətt istiqamətində inkişaf edərək salon hissəyə yayılmışdır. -“New-Holland TC-5050” markalı taxılyığan kombaynda yanğın hadisəsinin 21 iyun 2019-cu il tarixdə baş verdiyini və baxış keçirilən zaman kombaynın ilkin vəziyyətdə saxlanılmadığını, yəni keçə müddət ərzində onun mühərrik hissəsinin və digər ehtiyyat hissələrinin söküldüyünü nəzərə aldıqda, kombaynda baş vermiş yanğının səbəbini müəyyən etmək mümkün olmadı. -Kombaynda baş vermiş yanğının baş vermə səbəbini müəyyən etmək mümkün olmadığına görə, qərardadın sualları üzrə tədqiqat aparılmadı. Ekspertiza tədqiqatının dəyəri 100 manat təşkil edir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti (əvvəlki "xxxx" Açıq Səhmdar Cəmiyyəti) ilə Cavabdeh arasında bağlanmış 2019-cu il 1 iyun tarixli 02/00023886 nömrəli operativ lizinq müqaviləsinə əsasən bir ədəd “New-Holland TC- 5050” markalı taxılyığan kombayn ona istifadəyə verilmiş, cavabdeh həmin taxılyığan kombaynla Şəki rayonunun Heyvandarlıq kompleksi ərazisində 2019-cu il 21 iyun tarixində biçin işlərini yerinə yetirərkən kombaynda yanğın baş vermiş və nəticədə texnika istifadəyə yararsız hala düşmüşdür. Bununla bağlı 2019-cu il 22 iyun tarixində Cəmiyyətin əməkdaşları tərəfindən texnikaya yerində baxış keçirilmiş və müvafiq qaydada akt tərtib edilmişdir. Həmin kombaynın işlək vəziyyətə gətirilməsinə sərf olunacaq xərclər haqqında arayış tərtib olunmuş, “New-Holland TC-5050” markalı taxılyığan kombaynın tam bərpası üçün 51 580 manat dəymiş maddi ziyan hesablanmış, iddiaçı məhkəməyə hazırki iddia ərizəsi ilə 4 ildən sonra xx.xx.2023-cü il tarixdə müraciət etmişdir. Birincin instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, tərəflər arasında müqavilə münasibətlərinin mövcudluğundan asılı olmayaraq özgənin əmlakının zədələnməsinə və ya məhv edilməsinə görə zərərin əvəzinin ödənilməsi qanundan irəli gələn tələbdir. Yəni cavabdehin texnikanı saz vəziyyətdə saxlamaq öhdəliyinin müqavilədə göstərilməsindən asılı olmayaraq o, iddiaçının əmlakına zərər vurmuşdursa onun əvəzini ödəməyə borcludur. Bir halda ki, onun təqsiri mövcud olsun. Belə ki, zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbdə təqsirin mövcud olması olduqca mühüm şərtdir. Ona görə ki, zərər öz qanunazidd davranışı ilə onun yaranmasına səbəb olmuş şəxsə, yaxud şəxslərə aid edilir. Yəni ilk növbədə təqsirli əməl (hərəkəti və ya hərəkətsizlik) və bu bununla zərərin yaranması arasında səbəbli əlaqə mövcud olmalıdır. Çünki zərərin yaranmasının əsasında bir şəxsin başqasının mülkiyyət hüquqlarının pozulmasına yönələn təqsirli əməli (hərəkəti və ya hərəkətsizliyi) dayandığı halda, o şəxsin məsuliyyəti yaranır və həmin şəxs zərərin əvəzini ödəmək öhdəliyini daşıyır. Yanğının səbəblərini araşdırmaq və müəyyən etmək səlahiyyəti olan orqanın məlumatlarında yanğının baş vermə səbəbləri qeyd olunmamışdır. Bir halda ki, yanğının səbəbləri bəlli deyildir. Baş vermə səbəbi bəlli olmayan hadisəyə görə məsuliyyətin hər hansı şəxsin üzərinə qoyulması əsaslı sayılmır. Məhkəmə qeyd edir ki, yanğın hadisəsinin baş verməsində cavabdehin təqsirinin güman olunması məsuliyyətin yaranması üçün yetərli deyildir və güman olunanlar sübuta yetirilməlidir. Əgər yanğın hadisəsi cavabdehin nəyi isə etməsi və ya etməməsi səbəbindən baş vermişdirsə bunlar aşkar şəkildə görünməli, hərəkətsizlik etmiş şəxsin hərəkət etməyə sövq edən xüsusi əsaslar bəlli olmalıdır. Yalnız bu hallarda hərəkətsizlik yanğının səbəbi kimi qəbul edilə bilər. Sübut hüququnun prinsiplərinə görə iş üzrə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qanunvericiliyə əsasən öz üzərinə düşən vəzifədən irəli gələrək iddiaçı iddia tələbini əsaslandıran bütün faktiki hallar barədə sübutları məhkəməyə təqdim etməyə borcludur. Güman və yaxud ehtimal edilən hadisə və hərəkətlərə əsaslanmaqla irəli sürülən tələb əsaslı sayılmır. İddiaçı tərəfindən sübut etmə vəzifəsinin yerinə yetirilməməsi iddia tələbinin təmin edilməməsinə səbəb olur. Beləliklə, məhkəmə işin hallarını şərh olunan hüquq normaları əsasında qiymətləndirərək hesab edir ki, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı 51 580 manat dəymiş maddi ziyanın ödənilməsi tələbi barədə iddiası təmin edilməməlidir Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşan məhkəmə kollegiyası qeyd edir ki, həqiqətən də Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. Həmin Məcəllənin 748-6.1-ci maddəsinə əsasən lizinq müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, satıcı əmlakı lizinq verənə verdiyi andan lizinq müqaviləsinin müddəti başa çatanadək lizinq obyektini itirilmə (məhv olma), çatışmazlıq və ya zədələnmə risklərindən sığortalamalıdır. Həmin Məcəllənin 748-7.1-ci maddəsinə əsasən lizinq obyekti olan əmlakın zərərin bütün növlərindən qorunması, həmçinin onun məhv edilməsi, itirilməsi, korlanması, talanması, vaxtından əvvəl sıradan çıxması, quraşdırılması və ya istifadəsi zamanı buraxılan səhvlərdən və istismarı zamanı yol verilən risklərdən qorunması ilə bağlı məsuliyyəti, lizinq müqaviləsi ilə ayrı qayda nəzərdə tutulmayıbsa, lizinq obyektinin faktiki qəbulu anından lizinq alan daşıyır. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, İddiaçı ASC-nin Yevlax Regional nümayəndəliyinə məxsus “New-Holland TC5050” markalı kombayn Cavabdeh xx.xx.2019-cu il tarixdə lizinqə (istifadəyə) verilmiş, xx.xx.2019-cu il tarixdə biçin işləri görülərkən kombaynda yanğın hadisəsi baş vermiş, cavabdeh – mexanizator baş vermiş yanğın hadisəsi ilə bağlı yanğın söndürmə xidmətinə məlumat vermiş, sonuncunun müdaxiləsi nəticəsində yanğın söndürülmüş olsa da, texnikaya müəyyən ziyan dəymiş, yanğın söndürmə xidmətinin əməkdaşları tərəfindən yanğın hadisəsi ilə bağlı müvafiq akt tərtib edilmiş olsa da, yanğın hadisəsinin baş vermə səbəbini iddiaçı təşkilatın mütəxəssislərinin tərtib etdiyi arayışa istinad etməklə müəyyən etmişlər. Kombayn iddiaçının saxlanc yerinə – duracağına aparılmış, kombayn duracaqda olduğu müddətdə kombaynın mühərrikində söküntü işləri aparılmış və elektrik naqilləri tamamilə açılıb çıxarılmışdır. İddiaçı baş vermiş hadisədən uzun müddət – dörd ildən artıq vaxt keçdikdən sonra dəymiş maddi ziyanın ödənilməsinə dair iddia ilə məhkəməyə müraciət etmiş, iddia ərizəsinə əlavə olunmuş sənədlərlə yanğın hadisəsinin baş vermə səbəbini və cavabdehin həmin yanğın hadisəsinin baş verməsində təqsirini müəyyən etmək mümkün olmadığına görə məhkəmə tərəfindən müvafiq ekspertiza təyin olunmuş, lakin yanğın hadisəsindən sonra kombaynda qeyd olunan dəyişikliklər edildiyindən yanğın hadisəsinin baş verməsi səbəbini müəyyən etmək mümkün olmamışdır. Halbuki iddianın təmin edilməsi üçünkombaynda yanğının baş verməsində cavabdehin təqsirinin müəyyən edilməsi önəmli haldır. Birinci instansiya məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, yanğın hadisəsinin baş verməsində cavabdehin təqsirinin güman olunması məsuliyyətin yaranması üçün yetərli deyildir və güman olunanlar sübuta yetirilməlidir. Beləliklə də həmin kombaynda yanğın hadisəsinin cavabdehin təqsiri üzündən baş verməsi sübuta yetirilməmişdir. Apellyasiya şikatərinin dəlillərində göstərilir ki, məhkəmə qətnaməsində cavabdeh tərəfindən ziyan vurulduğu faktı qeyd edilsə də, dəymiş ziyanın məbləğini özündə əks etdirən arayışı mötəbər sübut kimi qiymətləndirməmişdir. Kollegiya apellyasiya şikayətinin həmin dəlili ilə bağlı qeyd edir ki, birinci instansiya məhkəməsi iddiaçı tərəfindən qeyd olunan arayışı həqiqətən də mötəbər sübut kimi qəbul etməmişdir və məhkəmə kollegiyası da məhkəmənin həmin qənaəti ilə razılaşır. Çünki qeyd oluna arayış işin nəticəsinə maraqlı olan iddiaçı təşkilatın mütəxəssisləri tərəfindən verilmişdir və iddiaçı cavabdehin onlarla razılaşmadığını bildiyi halda mübahisənin həlli üçün uzun müddət məhkəməyə müraciət etməmiş, əvəzində kombaynın yanğından sonrakı ilkin vəziyyətdə saxlanmasını təmin etməyərək mühərrik, həmçinin digər hissələrində söküntü işləri aparmış, elektrik naqillərini isə tamamilə söküb çıxarmaqla yanğın hadisəsinin baş vermə səbəbinin müəyyən edilməsini mümkünsüz etmişdir. Apellyasiya şikayətinin “məhkəmə qətnaməsində cavabdeh tərəfindən ziyan vurulduğu faktı qeyd edilsə də” dəlilinə gəldikdə isə kollegiya qeyd edir ki, qətnamənin məzmunundan ziyanın cavabdeh tərəfindən vurulduğu müəyyən olunmur. Kollegiya apellyasiya şikayətinin “məhkəmə yanğının baş vermə səbəblərini ehtimal olunan nəticələrlə əsaslandırmış, lakin cavabdeh tərəfindən təqsirli hərəkət və ya hərkətsizliyin yerinə yetirilməsinə dair məsələlər məhkəmənin diqqətinə çatdırılsa da, əhəmiyyət verilməmişdir” kimi dəlili ilə də razılaşmır. Kollegiya qeyd edir ki, hadisənin baş verməsində şəxsin təqsirinin müəyyən edilməsi ilk növbədə görülmüş tədbirlərin tezliyi ilə və hadisə yerinin (hazırkı halda yanğın baş vermiş kombaynın) ilkin vəziyyətinin qorunub saxlanmasından daha çox asılıdır. İddiaçı tərəfindən isə həmin şərtlərə əməl olunmamış, mübahisənin həlli üçün uzun müddət məhkəməyə müraciət olunmamaqla bərabər yanğın baş vermiş kombaynın yanğından sonrakı vəziyyətinin qorunub saxlanmasını da təmin etməmişdir. Beləliklə də iddiaçı kombaynda yanğın hadisəsinin bilavasitə cavabdehin təqsirli hərəkətləri nəticəsində baş verdiyini sübuta yetirə bilməmişdir. Cavabdehin təqsiri məhkəməyə təqdim olunmuş sübutlarla təsdiq olunmadığına görə kollegiya birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır. Göründüyü kimi cavabdehin apellyasiya şikayətinin dəlilləri onun formal mülahizələridir və həmin dəlillər qanuni və əsaslı olan qətnamənin ləğv edilməsi üçün əsas hesab edilə bilməz. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Beləliklə də məhkəmə kollegiyası iş üzrə araşdırılmış sübutlar əsasında belə qənaətə gəlir ki, apellyasiya şikayətinin dəlilləri əsassızdır, həmin şikayətin təmin edilməsi üçün hüquqi əsaslar yoxdur. Birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarına uyğun olaraq çıxarılmışdır. Odur ki, apellyasiya şikayəti təmin edilmədən, mübahisələndirilən qətnamə isə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-in 384.0.1-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-in 372-376, 378-382, 384.0.1, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: Apellyasiya şikayəti təmin edilməsin. Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(115)-1088/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. İş üzrə 100 (bir yüz) manat ekspertiza xərci İddiaçı Açıq Səhmdar Cəmiyyətindən tutularaq “Məhkəmə Ekspertizası Mərkəzi”, X1, büdcə təsnifat kodu 142595, büdcə səviyyə kodu 3, kod 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SWİFT kod CTREAZ22, VÖEN **********, hesab AZ34CTRE******************** saylı hesaba ödənilsin. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetdə yerləşdirilməklə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamə şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar