Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2-2(104)-46/2025 10.02.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin Cavabdehnə qarşı iş üzrə Hakimlər Məcidov Rüfət Azadəli oğlu (sədrlik edən və məruzəçi), Rzaquliyev Şamil Qəhrəman oğlu və Həsənov İslam Telman oğlundan ibarət tərkibdə, Məmmədov Xəzər Natiq oğlunun katibliyi, Cavabdeh nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin (bundan sonra - iddiaçı) Cavabdehnə (bundan sonra - cavabdeh) qarşı pul tələbinə dair kommersiya işi üzrə Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(115)-1396/2024 nömrəli qətnaməsindən İddiaçı Qapalı Səhmdar Cəmiyyəti tərəfindən verilmiş apellyasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, qətnamə qəbul etdi. İşin halları
1. İddiaçı Qapalı Səhmdar Cəmiyyəti tərəfindən Cavabdehnə 217.450,40 manat dəyərində malın verilməsi ilə bağlı xx.xx.2021-ci il tarixli, 066937 nömrəli, EBBF seriyalı elektron qaimə-faktura verilmişdir.
2. iddiaçı tərəfindən cavabdehə təqdim edilmiş xx.xx.2021-ci il tarixli elektron qaiməfaktura xx.xx.2021-ci il tarixdə ləğv edilmiş və bununla bağlı xx.xx.2021-ci il tarixli elektron qaimə verilmişdir.
Birinci instansiya məhkəməsində icraat
3. İddiaçı 217958.4 manat pulun tutulması tələbinə dair iddia ərizəsi ilə Gəncə Kommersiya Məhkəməsinə (bundan sonra – birinci instansiyası məhkəməsi) müraciət edərək tələbini onunla əsaslandırmışdır ki, malların, işlərin və xidmətlərin təqdim edilməsi barədə EBBF seriyalı, 066937 nömrəli, 17 iyul 2021-ci il tarixli elektron qaimə-fakturadan məlum olur ki, cavabdeh "xxxx" MMC-nin İddiaçı QSC-yə verilmiş mallara görə ümumi ödənilməli olan 217450.40 borcu yaranmışdır. xx.xx.2023-cü il tarixində cavabdeh hüquqi şəxsə müraciət edilərək iddiaçı tərəfindən təqdim edilmiş qaimələr üzrə borcun ödənilməsi istənilmişdir. İddiaçı tərəfindən xx.xx.2024-cü il tarixli pretenziya ilə cavabdehə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin onlayn kargüzarlıq sənəd dövriyyəsi vasitəsilə müraciət edilmiş və borcun İddiaçı QSC-yə ödənilməsi istənilmişdir, lakin cavabdeh borcu geri qaytarmamışdır.
4. Cavabdeh iddia tələbinə etirazla məhkəməyə müraciət edərək etirazını onunla əsaslandırmışdır ki, hər iki tərəf hüqüqi şəxsdir. Mövcud borcla bağlı hər hansı bir müqavilə və ya onun əlavəsi yoxdur. Cavabdeh tərəfdən hər hansı bir elektron malların sifarişi ilə bağlı sənəd yoxdur. Tərəflər arasında təhvil-təslim aktı da mövcud deyildir. Elektron qaimənin tələblərinə əsasən həmin qaimədə məsul şəxslərin imzası mövcud deyildir. Malların çatdırılması ilə bağlı elektron yol vərəqəsi mövcud deyildir. Yuxarıda qeyd olunanları nəzərə alaraq hər hansı bir əsaslı sübutlar iddiaçı tərəfindən məhkəməyə təqdim olunmamışdır. Eyni zamanda cavabdeh tərəfindən qanunvericiliyin tələblərinə əsasən 5 gün müddətində təqdim edilmiş qaimə fakturaya münasibətdə, iddiaçı elektron qaiməni xx.xx.2021-ci il tarixdə saat 18:24:55 radələrində yerləşdirmişdir, yəni həmin günü iş saatı bitdikdən sonra, növbəti gündən hesablanaraq yəni 18-22 iyul 2021-ci il tarix 5 gün müddəti bitməmiş ayın xx.xx.2021-ci il tarixdə saat 15:20:01 radələrində rəsmi olaraq malların tam geri qaytarma qaiməsi cavabdeh tərəfindən sistem üzərindən əlavə edilmiş və bunları hər iki qaimə sənədin üzərindən müəyyən etmək olur. Eyni zamanda hesab edirlər ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin tələblərinə görə mübahisəyə 3 illik iddia müddəti tətbiq edilməlidir. Belə ki, müqavilədən irəli gələn tələblər üzrə iddia müddəti 3 ildir. Hansı razılaşmaya əsasən cavabdeh tərəfin borcu var və hansı sənədə əsasən hansı müddətə həmin əsassız olan borc ödənilməli idi. Bunlar iddiaçı tərəfindən izah edilmir və qanunvericliyin tələblərinə əsasən iddia müddəti tətbiq olunmalıdır. Çünki iddiaçı tərəfindən məhz formal olaraq elektron qaimə xx.xx.2021-ci il tarixdə təqdim edilmiş özləri üçün yeni bir müddət axımı başlamışdılar buda yol verilməzdir. Hesab edirlər ki, məhkəmə işin tam obyektiv araşdırılmasına və sübütlara hüquqi qiymət verərək iddiaçı tərəfindən 3 illik prosessual müddət ötürülməsini nəzərə alaraq bu əsasla da iddianın rədd edəcək. Odur ki, qeyd edilənlərə əsasən iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
5. Cavabdehin nümayəndəsi X2 məhkəmə iclasında iddiaya etiraz edərək bildirmişdir ki, mövcud borcla bağlı hər hansı bir sübut mövcud deyildir. Eyni zamanda iddia müddəti ötürülmüşdür. Odur ki, bunları nəzərə alaraq iddia tələbinin təmin edilməməsini xahiş etmişdir.
6. Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(115)-1396/2024 nömrəli qətnaməsi ilə, iddianın təmin edilməməsi qət edilmişdir.
7. Birinci instansiyası məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, iddiaçı tərəfindən məhkəməyə borcun olmasını təsdiq edən sübut kimi yalnız elektron qaiməfaktura təqdim edilmişdir. Konstitusiya Məhkəməsinin Plenum Qərarından da göründüyü kimi elektron qaimə-fakturalar öz-özlüyündə malların təqdim olunmasını, işlərin görülməsini və xidmətlərin göstərilməsini birbaşa təsdiq etmir. Eyni zamanda cavabdehin nümayəndəsi tərəfindən məhkəməyə təqdim edilmiş xx.xx.2021-ci il tarixli elektron qaimədən görünür ki, iddiaçı tərəfindən cavabdehə göndərilmiş xx.xx.2021-ci il tarixli elektron qaimə-faktura xx.xx.2021-ci il tarixdə sistem tərəfindən ləğv edilmişdir.
8. Hazırkı işin mübahisəsiz və sübuta yetirilmiş halı ondan ibarətdir ki, sübut etmək vəzifəsinə uyğun olaraq, iddiaçı cavabdehlə aralarında bağlanmış müqaviləni, malların cavabdehə təhvili ilə bağlı aktları və digər sübutları işə mahiyyəti üzrə baxan məhkəməyə təqdim etməli idi. Lakin iddiaçı həmin sübutları məhkəməyə təqdim etməmiş və MPM-in 77.1-ci maddəsi ilə üzərinə düşən sübut etmə vəzifəsini yerinə yetirə bilməmişdir. Həmçinin cavabdehin nümayəndəsi də həm məhkəmə iclasında verdiyi izahatında, həm də məhkəməyə yazılı qaydada təqdim etdiyi etirazında iddiaçı ilə aralarında xx.xx.2021-ci il tarixli elektron qaimə-fakturada adları qeyd olunan tibbi avadanlıqların alğı-satqısı ilə bağlı hər hansı müqavilənin mövcud olmadığını bildirmişdir. İddiaçı öz dəlillərini əsaslandırmaq üçün sübutları təqdim edə bilmədiyi halda, cavabdeh üzərində əks dəlilləri əsaslandırmaq üçün sübut təqdim etmək öhdəliyinin müəyyən edilməsi, ilk növbədə, tərəflərin bərabərliyi prinsipinə, ümumiyyətlə MPM-də əks etdirilmiş ədalət mühakiməsinin prinsiplərinə sığışmır. Bu baxımdan, tərəflər arasında MM-in 567-ci maddələrinin tələblərinə uyğun alğı-satqı müqaviləsinin bağlanılması və cavabdehə həmin müqavilə üzrə tibbi avadanlıqların verilməsi sübut olunmadığına görə tərəflər arasında MM-in 386.1ci maddəsinin tələbləri baxımından öhdəlik münasibətlərinin yaranması öz təsdiqini tapmır.
9. Məhkəmə həmin nəticəyə gələrkən Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "xxxx" MMC-nin direktoru H.Əliyevin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının xx.xx.2021-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair xx.xx.2022-ci il tarixli qərarı, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 386.1 və 567-ci maddələrinə və Azərbaycan Respublikasının Mülki- Prosessual Məcəlləsinin 14.2, 77.1, 119.1, 216-220, 227, 233 və 360-cı maddələrinə istinad etmişdir.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri
a) Apellyasiya şikayətinin dəlilləri
10. Birinci instansiya məhkəməsi qətnaməsində maddi və prosessual hüquq normasının pozulması və ya düzgün tətbiq edilməməsi ilə qəbul edilmişdir. Belə ki, xx.xx.2023-cü il tarixində cavabdeh hüquqi şəxsə müraciət edilərək iddiaçı tərəfindən təqdim edilmiş qaimələr üzrə borcun ödənilməsi istənilmişdir. İddiaçı tərəfindən xx.xx.2024-cü il tarixli pretenziya ilə cavabdehə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin onlayn kargüzarlıq sənəd dövriyyəsi vasitəsilə müraciət edilmiş və borcun İddiaçı QSC-yə ödənilməsi istənilmişdir, lakin cavabdeh borcu geri qaytarmamışdır. Cavabdeh mənfi də olsa bu müraciətlərin heç birinə cavab verməmişdir. Elektron Qaimələr müasir ticarət dövriyyəsində mühüm əhəmiyyət kəsb edir. Onlar satıcı tərəfindən alıcıya malların satışı və xidmətlərin göstərilməsi ilə bağlı məlumatların rəsmiləşdirilməsi üçün əsas vasitə kimi istifadə olunur. xx.xx.2023-cü il tarixində cavabdeh hüquqi şəxsə müraciət edilərək iddiaçı tərəfindən təqdim edilmiş qaimələr üzrə borcun ödənilməsi istənilmişdir. İddiaçı tərəfindən xx.xx.2024-cü il tarixli pretenziya ilə cavabdehə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin onlayn kargüzarlıq sənəd dövriyyəsi vasitəsilə müraciət edilmiş və borcun İddiaçı QSC-yə ödənilməsi istənilmişdir, lakin cavabdeh borcu geri qaytarmamışdır. Cavabdeh mənfi də olsa bu müraciətlərin heç birinə cavab verməmişdir. Elektron Qaimələr müasir ticarət dövriyyəsində mühüm əhəmiyyət kəsb edir. Onlar satıcı tərəfindən alıcıya malların satışı və xidmətlərin göstərilməsi ilə bağlı məlumatların rəsmiləşdirilməsi üçün əsas vasitə kimi istifadə olunur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 2 fevral tarixli 26 nömrəli Qərarı ilə təsdiq edilmiş Elektron qaiməfakturanın forması, tətbiqi, uçotu və istifadəsi Qaydalarının 1.2-ci bəndinə əsasən Elektron qaimə-faktura bu Qaydalara uyğun olaraq tərtib edilən və elektron formada hazırlanaraq vergi orqanında uçotda olan şəxslərə göndərilən və ya malların təsərrüfatdaxili yerdəyişməsinin rəsmiləşdirilməsini təsdiq edən ilkin uçot sənədidir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
11. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
Məhkəmə icraatı iştirakçılarının izahatları
12. Cavabdehin nümayəndəsi izahatında bildirdi ki, hər iki tərəf hüqüqi şəxsdir. Mövcud borcla bağlı hər hansı bir müqavilə və ya onun əlavəsi yoxdur. Cavabdeh tərəfdən hər hansı bir elektron malların sifarişi ilə bağlı sənəd yoxdur. Tərəflər arasında təhvil-təslim aktı, elektron qaimənin tələblərinə əsasən həmin qaimədə məsul şəxslərin imzası, malların çatdırılması ilə bağlı elektron yol vərəqəsi də mövcud deyildir. Eyni zamanda cavabdeh tərəfindən qanunvericiliyin tələblərinə əsasən 5 gün müddətində təqdim edilmiş qaimə fakturaya münasibətdə, iddiaçı elektron qaiməni yerləşdirmişdir, yəni həmin günü iş saatı bitdikdən sonra, növbəti gündən hesablanaraq yəni 5 gün müddəti bitməmiş rəsmi olaraq malların tam geri qaytarma qaiməsi cavabdeh tərəfindən sistem üzərindən əlavə edilmiş və bunları hər iki qaimə sənədin üzərindən müəyyən etmək olur. Apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.
13. İddiaçıya məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar olunmasına baxmayaraq məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və bunun üzürlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxmışdır.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikasının Mülki Məcəlləsi
14. Maddə 5.3. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar.
15. Maddə 16.1. Fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda suiistifadə edilməsinə yol verilmir.
16. Maddə 324.4. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir.
17. Maddə 324.5. İradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir.
18. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
19. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
20. Maddə 390.1. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər.
21. Maddə 567. Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.
22. Maddə 568.1. Satıcı alğı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə borcludur.
23. Maddə 568.2. Əgər alğı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, satıcı əşyanı alıcıya verməklə bir vaxtda onun ləvazimatını, habelə əşyaya aid olan, qanunvericilikdə və ya müqavilədə nəzərdə tutulan sənədləri də (texniki pasportu, keyfiyyət sertifikatını, istismar təlimatını və i.a.) verməyə borcludur.
Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “"xxxx" MMCnin direktoru H.Əliyevin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının xx.xx.2021-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2022-ci il tarixli qərarı
Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi
24. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.
25. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
26. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
27. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
28. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
29. Maddə 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir.
30. Maddə 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır.
31. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər;
32. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
33. Maddə 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
Apellyasiya baxışının hədləri
34. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
35. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
36. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Kontitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli qərarında deyilir ki, “Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədlərini həmçinin dispozitivlik prinsipinin mahiyyətini təşkil edən “məhkəmə tərəflərin irəli sürdüyü tələblərdən kənara çıxmamalıdır” tələbi müəyyən edir. Bu tələb məhkəmənin qətnaməsindən şikayət verilməsi mərhələsində “nə qədər şikayət - o qədər qərar” qaydasına çevrilir”.
37. Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası (bundan sonra – Məhkəmə) qeyd edir ki, cavabdeh qətnaməni tam mübahisələndirir. Odur ki, məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-ci maddəsinin tələbindən çıxış edərək qətnamənin əsaslılığını tam yoxlamışdır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
38. Məhkəmə hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur.
39. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən maddi və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilməmişdir. Bu baxımdan birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
40. Məhkəmə hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(115)-1396/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
41. Beləliklə, işin halları ondan ibarətdir ki, iddiaçı tərəfindən 217450.40 manat dəyərində malların satılması ilə bağlı cavabdehə elektron-qaimə verilmişdir. Cavabdeh tərəfindən isə 5 gün müddətində elektron qaimə ləğv edilmişdir.
42. xx.xx.2023-cü il tarixində cavabdeh hüquqi şəxsə müraciət edilərək iddiaçı tərəfindən təqdim edilmiş qaimə üzrə borcun ödənilməsi istənilmişdir. İddiaçı öz tələbini əsaslandırmaq üçün yalnız 17 iyul 2021-ci il tarixli elektron qaimə-fakturaya istinad etmişdir. Lakin, tərəflər arasında müqavilənin bağlanması və ya avadanlıqların təhvili ilə bağlı hər hansı aktların mövcud olması müəyyən edilməmişdir.
43. Bununla bağlı birinci instansiyası məhkəməsi tərəfindən iddiaçıya müraciət olunmuş və müqavilənin, təhvil-təslim aktlarının və s. sənədlərin məhkəməyə təqdim olunması tələb olunsa da iddiaçı tərəf qeyd edilən sübutları birinci və apellyasiya instansiyası məhkəməsinə təqdim etməmişdir.
44. Qeyd olunmalıdır ki, mülki münasibətlərdə hüquq və vəzifələrin əmələ gəlməsi, bir qayda olaraq, müqavilələrlə (əqdlərlə) bağlıdır. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Müqavilənin bağlanması üçün tərəflərin razılaşdırılmış iradə ifadəsi olmalıdır.
45. Hər kəs müqavilə bağlamaqda müstəqildir və müqavilə azadlığı mülki qanunvericiliyin əsas prinsiplərindən biridir (Mülki Məcəllənin 6-cı maddəsi). Həmin prinsip mülki hüquq subyektlərinə müstəqil olaraq, heç kəsin iradəsindən asılı olmadan öz mülahizə və istəklərinə görə mənafelərini nəzərə almaqla müqavilə bağlamaq imkanı verir.
46. Mülki Məcəllənin “Müqavilə hüququ” adlanan 20-ci fəslinin məqsədi müqavilə hüquq münasibətlərinə girən tərəflərin sərbəst iradə ifadəsi və bərabərliyi prinsiplərinə riayət etməklə və onların müqavilə maraqlarını qorumaqla mülki dövriyyənin azadlığını təmin etməkdir.
47. Mülki Məcəllənin 390.1-ci maddəsinin məzmununa görə, fiziki və hüquqi şəxslər müqavilə əsasında öz hüquq və vəzifələrinin, həmçinin müqavilənin qanuna zidd olmayan istənilən şərtinin müəyyən edilməsində sərbəstdirlər.
48. Mülki qanunvericilikdə müqavilə hüququnun əsasını təşkil edən müqavilə azadlığı prinsipi ilə yanaşı, bağlanan müqavilələrin ümumi şərtlərini (müqavilənin növlərini və formasını, onun standart şərtlərini, dəyişdirilməsinin və ləğv edilməsinin əsaslarını və s.), o cümlədən bağlanmış müqavilənin qüvvəsini tənzimləyən bir sıra müddəalar nəzərdə tutulmuşdur.
49. Müqavilə münasibətlərində tərəflər bərabər hüquq və vəzifələrə malik olmaqla balanslaşdırılmış ortaq maraqdan çıxış edir. Həmin müqaviləni bağlayan şəxslərin iqtisadi marağı onda ifadə olunur ki, bir tərəf satıçı müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla alıcıya satmağı, digər tərəf isə müəyyən olunmuş əşyanın dəyərini ödəməyi öhdəsinə götürür. Müqavilənin mahiyyəti onda ifadə olunur ki, belə razılaşmada hər iki tərəfin mənafeyi qorunur.
50. Mülki qanunvericilik müqavilə şərtlərinin məcburiliyini və icra edilməli olduğunu təsbit edir. Bu prinsipə görə, bağlanmış müqavilələr onlarda göstərilən və tərəflərin razılığa gəldikləri şərtlər əsasında da icra edilir. Həmin prinsip müəyyən edir ki, müqavilə qüvvəyə mindiyi andan tərəflər üçün məcburi xarakterə malik olur və onun şərtləri, bir qayda olaraq, dəyişdirilmir. Bu, mülki dövriyyənin sabitliyini, möhkəmliyini və dayanıqlığını təmin edir. Eyni zamanda, mülki qanunvericilik müqavilənin qüvvədə olduğu müddət ərzində dəyişdirilməsinin və ləğv edilməsinin mümkünlüyünü nəzərdə tutur.
51. Məhkəmə qeyd edir ki, tərəflər arasında öhdəlik hüquq münasibətlərinin yaranması üçün müqavilənin bağlanması şərtdir. Belə ki, məhz müqavilə bağlanacağı halda iddia tələbi üzrə cavabdeh tərəfindən qəbul edilmiş mallar üzrə (iddaçı tərəfin bildirdiyinə görə) götürdüyü məsuliyyətlə bağlı öhdəliyi yaranmış olacaqdı. Nəzərə almaq lazımdır ki, öhdəlik hüquq münasibətlərinin əmələ gəlmə əsasları dedikdə öhdəliyin əmələ gəlməsini şərtləndirən, onun yaranmasına dəlalət edən, qanunda nəzərdə tutulan və qanunun əlaqələndirdiyi hüquqi faktlar başa düşülür. Yəni, öhdəliklər hüquqi faktlar əsasında meydana gəlir. Öhdəliyin əmələ gəlməsini şərtləndirən hüquqi faktların dairəsi geniş olsa da, ən genişi müqavilə olmasıdır.
52. Məhkəmə tərəfindən işin müəyyən edilmiş hallarından görünür ki, iddiaçı öz tələbini əsaslandırmaq üçün yalnız 17 iyul 2021-ci il tarixli elektron qaimə-fakturaya istinad etmişdir. Tərəflər arasında elektron qaimə-fakturada adları qeyd olunan tibbi avadanlıqların alğı-satqısı ilə bağlı hər hansı müqavilənin, avadanlıqların təhvili ilə bağlı hər hansı aktların mövcud olub-olmaması ilə bağlı birinci instansiya məhkəməsi tərəfindən iddiaçıya sorğu ünvanlanmış, lakin iddiaçı sorğuya cavab verə bilməmişdir.
53. Hazırkı mübahisədə sübutetmə vəzifəsinin bölgüsü baxımından əşyaların cavabdehə təhvil verilməsi və təslim edilmiş əşyaların məhz alğı-satqının nəticəsi omasını sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür.
54. Apellyator isə sübut qismində şikayətinin dəlillərində elektron qaimə-fakturaya istinad edərək iddia tələbinin təmin edilməsini xahiş etmişdir.
55. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “"xxxx" MMC-nin direktoru H.Əliyevin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının xx.xx.2021-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2022-ci il tarixli qərarında qeyd edilir ki, lazımi qaydada tərtib olunaraq göndərilmiş və ləğv olunmamış və ya mübahisələndirilməmiş elektron vergi-hesab fakturaları öz-özlüyündə malların təqdim olunmasını, işlərin görülməsini, xidmətlərin göstərilməsini birbaşa təsdiq etmir və hər bir halda iddianın əsasını təşkil edən müqavilənin şərtləri, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, öhdəliklərin icrasının rəsmiləşdirilməsi üsulu nəzərə alınmaqla məhkəmələr tərəfindən işdəki digər sübutlarla əlaqəli şəkildə qiymətləndirilməlidir.
56. Birinci instansiya məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, iddiaçı tərəfindən məhkəməyə borcun olmasını təsdiq edən sübut kimi yalnız elektron qaimə-faktura təqdim edilmişdir. Konstitusiya Məhkəməsinin Plenum Qərarından da göründüyü kimi elektron qaimə-fakturalar öz-özlüyündə malların təqdim olunmasını, işlərin görülməsini və xidmətlərin göstərilməsini birbaşa təsdiq etmir. Eyni zamanda cavabdehin nümayəndəsi tərəfindən məhkəməyə təqdim edilmiş xx.xx.2021-ci il tarixli elektron qaimədən görünür ki, iddiaçı tərəfindən cavabdehə göndərilmiş xx.xx.2021-ci il tarixli elektron qaimə-faktura xx.xx.2021-ci il tarixdə ləğv edilmişdir.
57. Konstitusiya Məhkəməsinin Plenum Qərarında elektron-qaimənin müqavilənin şərtləri, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, öhdəliklərin icrasının rəsmiləşdirilməsi üsulu nəzərə alınmaqla məhkəmələr tərəfindən işdəki digər sübutlarla əlaqəli şəkildə qiymətləndirilməsi göstərilmişdir.
58. Bu baxımdan qeyd olunmalıdır ki, tərəflər arasında bağlanmış algı-satqı müqaviləsi məhkəməyə təqdim olunmadığından müqavilə şərtlərinin müəyyən edilməsi və həmin şərtlərə əsasən elektron-qaimənin əlaqəli şəkildə qiymətləndirilməsi mümkün deyildir.
59. Bundan başqa tərəflər arasında əvvəllər alğı-satqıdan irəli gələn münasibətlərin olmasına dair sübutlar mövcud olmadığından onlar arasında işgüzar adətlərin hansı formada formalaşmasını müəyyən etmə və elektron-qaimə fakturanı tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika və işgüzar adətlərə uyğun qiymətləndirilməsi mümkün deyildir.
60. Eyni zamanda iş materiallarında elekron-qaimə fakturadan başqa sübut mövcud olmadığından elektron qaimə-fakturanın işdəki digər sübutlarla əlaqəli şəkildə qiymətləndirilməsi mümkün olmamışdır.
61. “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumun xx.xx.2019-cu il tarixli Qərarında göstərilmişdir ki, Ümumiyyətlə hüquqi həqiqət prinsipinin realizəsi mexanizmi bu cürdür: iş üzrə sübutetmə predmetinə daxil olan halların təqdim edilməsi yükü tərəflərin üzərinə düşür; məhz tərəflər bu halların mövcud olub-olmamasını sübut etməyə borcludurlar; prosesdə həqiqəti isə ədalət mühakiməsi orqanı olaraq məhkəmə müəyyən edir.
62. Nəticədə hüquqi həqiqət prinsipi mülki prosesdə tərəflər və məhkəmə arasında müəyyən iş bölgüsünə gətirib çıxarır: tərəflər işin faktiki hallarını təqdim edir, məhkəmə isə sübutları qiymətləndirir və sonda hüququ tətbiq edir. Belə iş bölgüsü Roma hüququnun “da mihi factum, dabo tibi ius” (“mənə faktları ver, mən sənə uyğun hüququ verəcəm”) prinsipinə əsaslanır.
63. Mülki prosessual qanunvericilikdə də çəkişmə prinsipinin mövcudluğu hər bir tərəfə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsini qoyur. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. İstisnanı yalnız Mülki Prosessual Məcəllənin 82 və 106.3-cü maddələrində göstərilən hallar təşkil edir.
64. Yuxarıda qeyd edildiyi kimi, hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Təqdim olunmuş sübutlar əsasında həqiqətin müəyyən edilməsi isə məhkəmə tərəfindən sübutların düzgün qiymətləndirilməsindən asılıdır. Sübutların qiymətləndirilməsi faktların müəyyənləşdirilməsi imkanına dair məntiqi fəaliyyətdir və işdə olan sübutlar əsasında işin həll olunması deməkdir. Sübutların qiymətləndirilməsi məhkəmə tərəfindən ilkin (məhkəmə araşdırmasının sonunda) və yekun (müşavirə otağında məhkəmə qətnaməsi qəbul edilərkən) qiymətləndirməni nəzərdə tutur. İlkin qiymətləndirmə ayrı-ayrı faktların müəyyən edilməsi üçün hər bir sübutun aid edilməsi, mümkünlüyü, mötəbərliyi və yetərliliyi nöqteyinəzərindən onun predmetinin keyfiyyətinə dair keçirilir. Sübutetmənin son mərhələsi məhkəmə tərəfindən bütün sübutların yoxlanılması əsasında verilən yekun hüquqi qiymətdir. İş üzrə qərarın əsasında yalnız obyektiv, qərəzsiz, hərtərəfli və tam yoxlanılmış sübutlar dayana bilər. Sübutların bu cür qiymətləndirilməsi məhkəmə iclasında sübutetmə predmetinə daxil olan tərəflərin bildirdiyi bütün faktların hərtərəfli, tam və qərəzsiz tədqiqi əsasında və yalnız qanuna əsaslanaraq hakim tərəfindən həyata keçirilir. Hər bir sübut aidiyyət, mümkünlük, mötəbərlik nöqteyinəzərindən, bütün sübutların məcmusu isə iş üzrə sübut edilməli olan faktların yetərliliyi baxımından qiymətləndirilir. Heç bir sübut məhkəmə üçün əvvəlcədən müəyyən edilmiş qüvvəyə malik deyil.
65. Məhkəmə qeyd edir ki, iddiaçı cavabdehlə aralarında bağlanmış müqaviləni, malların cavabdehə təhvili ilə bağlı aktları və digər sübutları işə mahiyyəti üzrə baxan məhkəmələrə təqdim etməmişdir. Halbuki, bu halda sübutetmə yükü iddiaçının üzərinə düşür. Çünki, Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
66. Bir qayda olaraq “sübut etmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür” prinsipi rəhbər tutulur. Sübutlar kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər.
67. Məhkəmə xatırladır ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq «əsaslı şübhədən kənar» sübut standartları tətbiq edilir. Bü cür sübutlar olmadığı və ya kifayət qədər olmadığı halda, məhkəmə iddiaçının istinad etdiyi faktik hallara, yəni iddia tələbinin faktik əsaslarına mövcud olmayan hallar kimi qiymət verə bilər və iddia tələbini rədd edə və ya sübut edilən həddə uyğun qismən təmin edə bilər.
68. Bu baxımdan işin hallarına yanaşıldıqda müəyyən edilir ki, iddia tələbi sübutların çatışmamazlığı nöqteyi-nəzərindən əsassızdır. Çünki, iddiaçı iddia tələbində göstərilən halları təsdiq edə biləcək sübutları məhkəmələrə təqdim edə bilməmişdir.
69. Beləliklə, birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə məhkəmə kollegiyası razılaşır, onu qanuni və ədalətli qəbul etməklə, çıxardığı qətnaməni işin həqiqi hallarına uyğun, tərəflərin qarşılıqlı münasibətlərini əks etdirən, gəlinmiş nəticələri qanunvericiliyin tələblərinə uygun hesab edir.
70. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2006-cı il tarixli Qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir.
71. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən maddi və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
72. Məhkəmə qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apellyasiya şikayəti təmin olunmamalı, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
73. Məhkəmə həmçinin qeyd edir ki, Mülki Prosessual Məcəllənin 402.1-ci maddəsinin tələbinə görə hazırki qətnamədən iddiaçı tərəfindən kassasiya şikayəti verilə bilər.
74. Yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikasının Mülki Posessual Məcəlləsinin 10-1, 372.1, 382, 384.0.1, 385.2, 392, 393, 402, 404, 404 və 405- 407-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı Qapalı Səhmdar Cəmiyyəti tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(115)-1396/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.