Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2-2(104)-47/2025 26.05.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Qaz İxrac İdarəsinin Cavabdeh qarşı kommersiya işi üzrə Hakimlər Məcidov Rüfət Azadəli oğlu (sədrlik edən və məruzəçi), Mamedov Rəşad Ziyaviddin oğlu və Cavadova Günay İsmayıl qızının ibarət tərkibdə, Məmmədov Xəzər Natiq oğlunun katibliyi, iddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Qaz İxrac İdarəsinin nümayəndəsi Nümayəndə, Cavabdeh və nümayəndəsi (vəkil) Vəkil iştirakları ilə, İddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Qaz İxrac İdarəsinin Cavabdeh qarşı tikilinin sökülməsi və ərazinin əvvəlki vəziyyətə qaytarılması tələbinə dair iş üzrə Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2-2(115)-542/2023 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, qətnamə qəbul etdi. İşin halları Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən ******* seriya RX nömrəli çıxarışa əsasən, Goranboy şəhəri, Goranboy-Goran yolunun sağ tərəfində yerləşən ehtiyyat fondu torpaqları kataqoriyasına daxil olan 0,75 ha torpaq sahəsi daşınmaz əmlakın **********21 reyestr nömrəsi ilə Cavabdeh mülkiyyətindədir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət reyestri Xidmətinin 7 saylı Ərazi Dairəsinin 229384 nömrəli torpaq sahəsinin planı və ölçüsü sənədinə görə, Goranboy şəhəri, Goranboy-Goran yolunun sağ tərəfində yerləşən ehtiyyat fondu torpaqları kateqoriyasına daxil olan 0,75 ha torpaq sahəsinin planı və ölçüsü 2017-ci il 25 dekabr tarixdə tərtib edilmişdir. Azərbaycan Respublikası Goranboy Rayon İcra Hakimiyyəti Başçısının “Veyisli kənd sakini Cavabdeh sahibkarlıq məqsədi ilə tikinti aparılmasına icazə verilməsi barədə” 2018-ci il 10 iyul tarixli 77 nömrəli sərəncamına əsasən, Cavabdeh ehtiyat fondu torpaqlarından 0,75 ha torpaq sahəsinin 1324,96 kv.m-də sahibkarlıq məqsədi ilə tikinti aparılmasına icazə verilmişdir. 2018-ci il 10 iyul tarixli 14 nömrəli obyektin tikintisinə icazə sənədinə əsasən, Goranboy Rayon İcra Hakimiyyəti Goranboy rayonu Veyisli kənd sakini olan Cavabdeh Goranboy şəhəri, Goranboy-Goran yolunun sağ tərəfində yerləşən ümumi sahəsi 1617,45 kv.m, tikintialtı sahəsi 1324,96 kv.m, tikintinin həcmi 13514,6 kub.m olan qeyri-yaşayış binasının tikintisinə icazə vermişdir. 2018-ci il 10 iyul tarixli 14 nömrəli tikintiyə icazə barədə xüsusi nişana görə, Goranboy Rayon İcra Hakimiyyətinin başçısı tərəfindən Cavabdeh 0,75 ha torpaq sahəsində qeyri-yaşayış binasının tikintisinə icazə barədə xüsusi nişan verilmişdir. Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Qaz İxrac İdarəsinin Ağdaş magistral qaz kəmərləri sahəsi “Goranboy QPS” qol qaz kəmərinin “0” “5.131” km-lər arası sahədə texniki pasportuna əsasən, “0” “5.131” km-lər arası sahədə “Goranboy QPS” qol qaz kəməri qolu 0-cı kmdən 5.131-ci km-dək 2016-cı ildən istismara qəbul olunmuşdur. 2020-ci il 21 fevral tarixli akta əsasən, qaz təsərrüfatında təhlükəsizlik qaydalarının tələblərinə zidd olaraq Cavabdeh tərəfindən Goranboy rayonu Kəpənəkçi kəndi ərazisindən keçən 325 mm-lik yüksək təzyiqli Goranboy QPS qolu qaz kəmərinin mühafizə zonasında, kəmərdən 21 metr məsafədə tikili inşa olunması qeyd edilmişdir. 2020-ci il 21 fevral tarixli məktuba əsasən, Qaz İxrac İdarəsi Cavabdeh qaz kəmərinin mühafizə zonasının pozulması barədə xəbərdarlıq göndərmiş, ona tikinti işlərinin dayandırılması və ərazinin əvvəlki vəziyyətə qaytarılması xahiş edilmişdir. Məhkəmə tikinti-texniki ekspertizasının təqdim etdiyi 29 dekabr 2021-ci il tarixli və apellyasiya baxışı zamanı təyin edilmiş təkrar məhkəmə tikinti-texniki ekspertizasının 22 aprel 2024-cü il tarixli rəylərinə əsasən, mübahisəli tikintinin 10 m hissəsi magistral boru kəmərinin mühafizə zonasına düşür. Birinci instansiya məhkəməsində icraat İddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Qaz İxrac İdarəsi iddia ərizəsi ilə Goranboy Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh tərəfindən Goranboy rayonu Kəpənəkçi kəndi (Goranboy-Goran şosse yolunun sağ tərəfi) ərazisində 325 mmlik yüksək təzyiqli, yeraltı “Goranboy QPS” qolu qaz kəmərin mühafizə zonasında, qaz kəmərindən 21 metr məsafədə aparılan tikinti işlərinin dayandırılmasını və ərazinin əvvəlki vəziyyətinə qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Goranboy rayonu Kəpənəkçi kəndi (GoranboyGoran şosse yolunun sağ tərəfi) ərazisində Cavabdeh tərəfindən “Qaz təchizatında mühafizə zonaları və təhlükəsizlik tədbirləri Qaydaları”nın təsdiq edilməsi haqqında Nazirlər Kabinetinin 21 iyul 1999-cu il tarixli, 103 saylı qərarının tələbləri pozularaq Qaz İxrac İdarəsinin Ağdaş magistral qaz kəmərləri sahəsinin balans və istismarında olan, diametri 325 mm-lik yüksək təzyiqli “Goranboy QPS” qolu qaz kəmərinin mühafizə zonasında, qaz kəmərindən 21 metr məsafədə tikinti işləri aparılır. İş üzrə iddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Qaz İxrac İdarəsi iddia tələbinin dəyişdirilməsi haqqında ərizə ilə Goranboy Rayon Məhkəməsinə müraciət edərək Cavabdeh tərəfindən yüksək təzyiqli 325 mm-lik “Goranboy QPS” qolu qaz kəmərinin mühafizə zonasında inşa edilmiş iaşə obyektinin (şadlıq sarayının) sökülməsi və ərazinin əvvəlki vəziyyətə qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Qaz İxrac İdarəsi tərəfindən Cavabdeh qarşı qaz kəmərinin mühafizə zonasında tikinti işlərinin aparılmasının dayandırılması tələbinə dair Goranboy Rayon Məhkəməsində iddia qaldırılmışdır. Məhkəmə prosesi zamanı məlum olmuşdur ki, aparılan tikinti işləri üzrə Goranboy Rayon İcra Hakimiyyəti tərəfindən cavabdehə 10 iyul 2018-ci il tarixli 77 saylı sərəncam verilmişdir. Həmin sərəncamın ləğv edilməsi tələbinə dair Gəncə İnzibati Məhkəməsinə iddia ərizəsi ilə müraciət olunmuşdur. Sərəncamın ləğv edilməsi tələbi ilə Gəncə İnzibati Məhkəməsinin işə baxıb yekun qərar verənədək iş üzrə icraatın dayandırılması barədə tərəflərindən Goranboy Rayon Məhkəməsinə ərizə təqdim edilmiş və ərizə təmin olunaraq iş üzrə icraat dayandırılmışdır. Gəncə İnzibati Məhkəməsinin, Gəncə Apellyasiya Məhkəməsinin və Ali Məhkəmənin qərarları ilə inzibati iş yekunlaşdığı üçün 2(045)-553/2020 mülki iş üzrə icraatın təzələnməsi barədə Goranboy Rayon Məhkəməsinə ərizə ilə müraciət olunmuş və iş üzrə icraat təzələnmişdir. Bu müddət ərzində cavabdeh Qarayev X3 Rayon Məhkəməsinin tikinti işlərinin aparılmasının qadağan edilməsi barədə qərardadı olmasına baxmayaraq tikinti işləri apararaq kəmərin mühafizə zonasında iaşə obyekti (şadlıq sarayı) inşa etmişdir. Goranboy Rayon Məhkəməsinin 15 fevral 2023-cü il tarixli 2(045)-403/2023 saylı qərardadı ilə iş aidiyyəti üzrə Gəncə Kommersiya Məhkəməsinə göndərilmişdir. Gəncə Kommersiya Məhkəməsinin 2024-cü il 23 iyun tarixli 2-2(115)-542/2023 nömrəli qətnaməsi ilə (hakim G.Quliyeva) iddia rədd edilmişdir. Birinci instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, iddiaçının sökülməsini tələb etdiyi tikili cavabdehin xüsusi mülkiyyətində olan torpaq sahəsində, səlahiyyətli dövlət orqanın icazəsi ilə, tikinti norma və qaydalarına uyğun inşa edilmişdir. Həmiçinin məhkəmə diqqətə çatdırmışdır ki, mübahisəli tikili iddiaçının xüsusi mülkiyyətində olan torpaq sahəsində yerləşdiyindən həmin tikiliyə onun gözlənilən mülkiyyət hüququ vardır. Məhkəmənin bu qənaəti İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin mülkiyyət hüquqlarının müdafiəsi ilə bağlı işlərə baxan zaman bəyan etdiyi və ardıcıl olaraq müdafiə etdiyi hüquqi mövqelərdən də qaynaqlanır. Cavabdeh tərəfindən tikilən tikili qanunsuz və özbaşına tikinti sayılmadığından, torpaq sahəsi cavabdeh tərəfindən zəbt olunmadığından və onun tikintinin magistral qaz kəmərinin təhlükəsizlik zonasında yerləşməsində təqsiri müəyyən olunmadığından tikilinin sökülməsi və ərazinin əvvəlki vəziyyətə qaytarılması tələbi təmin edilə bilməz. Təmin ediləcəyi təqdirdə bu cavabdehin qanunun müdafiəsi altına düşən mülkiyyət hüquqlarının kobud pozuntusu ilə nəticələnmiş olar. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – “MM”) 139.1, 139.2, 139.3, 140. 152.1, 152.5, 180.1, 180.2, 180.4, 238.1, 240.1-ci maddələrinə, “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 19.2-ci maddəsinə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il 21 iyun tarixli, 103 saylı Qərarı ilə təsdiq edilmiş “Qaz təchizatında mühafizə zonaları və təhlükəsizlik tədbirləri Qaydaları”nın 2.7, 2.23, 2.24-cü bəndlərinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 217.3, 217.4-cü maddələrinə istinad etməklə əsaslandırmışdır. İddiaçı apellyasiya şikayəti ilə məhkəməyə müraciət edərək birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunaraq, iddianın təmin edilməsini xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsində birinci icraat Apellyasiya şikayətinin və ona etirazın dəlilləri Apellyasiya şikayətinin dəlilləri Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsini əsassız hesab edirlər. Məhkəmə qətnamə qəbul edərkən diametri 325 mm-lik “Goranboy QPS” qolu yüksək təzyiqli magistral qaz kəmərinin keçdiyi ərazidə cavabdehə ayrılmış torpaq sahəsinin əvvəlcədən qaz kəmərlərini istismar edən orqanlarla razılaşdırılmaması məsələsinə düzgün münasibət bildirməyərək maddi hüquq normasını düzgün tətbiq etməmişdir. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il 21 iyun tarixli 103 nömrəli qərarı ilə təsdiq edilmiş “Qaz təchizatında mühafizə zonaları və təhlükəsizlik tədbirləri” Qaydalarının 2.23-cü bəndinə əsasən magistral boru kəmərlərinin keçdiyi ərazilərdə hüquqi və fiziki şəxslərin torpaq sahələri ayrılması haqqında ərizələrinə rayon və şəhər icra hakimiyyəti orqanları tərəfindən baxıldıqda, ayrılacaq torpaq sahəsi əvvəlcədən qaz kəmərlərini istismar edən orqanla razılaşdırılır. Sökülməsi tələb olunan tikili cavabdehin xüsusi mülkiyyətində olan torpaq sahəsi üzərində inşa edilsə də, cavabdeh lazımi icazələr almadan tikinti işləri aparmış və həmin tikinti saxlanılmaqla iddiaçının hüquq və mənafelərini pozmuş, fiziki və hüquqi şəxslərin həyatı və sağlamlığı üçün təhlükə yaratmışdır. Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2024-cü il 12 iyun tarixli 2-2(104)-20/2024 nömrəli qətnaməsi ilə (sədrlik edən hakim – Ş.Rzaquliyev, hakimlər – L.Süleymanov, İ.Həsənov) iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə birinci instansiya məhkəməsinin gəldiyi nəticə və hüquqi mövqeyi ilə razılaşmış, əlavə olaraq qeyd edilmişdir ki, cavabdeh sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün qanunla müəyyən edilmiş qaydada torpaq sahəsinin mülkiyyətçisi olan bələdiyyə orqanına ərizə ilə müraciət etmiş və ərizəsinə uyğun olaraq mülkiyyətinə torpaq sahəsi verilmiş, cavabdeh ona ayrılmış torpaq sahəsində tikinti işlərinin aparılması üçün ona icazə verilməsi ilə bağlı səlahiyyətli dövlət orqanı olan Goranboy rayon İcra Hakimiyyətinə müraciət etmiş, ona ayrılmış torpaq sahəsində tikintinin aparılmasına Goranboy rayon İcra Hakimiyyətinin Memarlıq və tikinti şöbəsi tərəfindən müvafiq icazə verilmiş, başa çatmış tikinti isə müvafiq komissiyanın qəbul aktı ilə istismara qəbul edilmişdir, yəni həmin tikili özbaşına tikili deyildir. Apellyasiya instansiya məhkəməsi mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 13 və 29-cu maddələrinə, MM-in 180.1, 180.2-ci maddələrinə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il 21 iyun tarixli 103 nömrəli qərarı ilə təsdiq edilmiş “Qaz təchizatında mühafizə zonaları və təhlükəsizlik tədbirləri” Qaydalarının 2.3, 2.6-cı bəndlərinə istinad etməklə əsaslandırmışdır. Kassasiya instansiyasında icraat: İddiaçı kassasiya şikayəti verərək, apellyasiya instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək, iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il 21 iyul tarixli, 103 saylı Qərarı ilə təsdiq edilmiş “Qaz təchizatında mühafizə zonaları və təhlükəsizlik tədbirləri Qaydaları” və Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 22-ci maddəsinin 2-ci hissəsi üzrə - İddiaçı §13-14-də göstərilən ekspert rəylərinə istinadən qeyd edir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il 21 iyun tarixli 103 nömrəli qərarı ilə təsdiq edilmiş “Qaz təchizantında mühafizə zonaları və təhlükəsizlik tədbirləri Qaydaları”nın 2.2 və 2.7-ci bəndlərinə əsasən göstərilən qaz borusunun mühafizə zonası 50 m olduğundan cavabdeh tərəfindən inşa edilən tikili qaz kəmərindən 40 m aralıda yerləşdiyini nəzərə alaraq tədqiq olunan tikilinin 10 m hissəsi magistral qaz kəmərinin mühafizə zonasına düşdüyü müəyyən olunmuşdur. Odur ki, apellyasiya instansiyasının “cavabdehin ucaltdığı tikilinin özbaşına tikili olmaması” barədə göstərdiyi dəlil birinci instansiya məhkəməsinin qətnaməsinin qüvvədə saxlanılması üşün əsas deyildir. Bundan başqa iddiaçı "Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 19-cu maddəsinin 1-ci bəndinin tələblərinin pozulduğunu vurğulamışdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Kommersiya kollegiyasının xx.xx.2024-cü il tarixli, 2-2(102)-626/2024 nömrəli qərarı ilə (sədrlik edən B.Qəribov, hakimlər M.Əhmədova, B.Məmmədli) kassasiya şikayəti qismən təmin edilmiş, Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasının 2024-cü il 12 iyun tarixli 2-2(104)-20/2024 nömrəli qətnaməsi ləğv edilərək iş yeni apellyasiya baxışına göndərilmişdir. Kassasiya instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanunun 19-cu maddəsində qeyd edilmişdir ki, sənaye qurğularını digər qurğuların və fəaliyyət növlərinin zərərli təsirindən qorumaq, habelə insanların həyatını, sağlamlığını və əmlakını müdafiə etmək və mümkün ola bilən qəzaların qarşısını almaq, onların zərərli təsirini azaltmaq məqsədilə müvafiq icra hakimiyyəti orqanı mühafizə zonası və tədbirləri ilə bağlı qaydalar tətbiq edə bilər. Mühafizə zonası dairəsində tikinti işləri aparılmasına, xüsusilə də binaların inşasına icazə verilmir. Bu qaydanı pozaraq aparılan hər cür tikinti işləri sənaye qaz qurğusunun istismarına icazəsi olan şəxsin tələbi ilə tikinti sahibinin və ya tikinti üçün ayrılan torpaq sahibinin hesabına oradan kənar edilməlidir. Göründüyü kimi sözügedən maddə ilə mühafizə zonası dairəsində tikinti işlərinin aparılmasına qadağa qoyulmuşdur. Buna əsasən icra hakimiyyəti orqanının mühafizə zonasına daxil olan ərazilərdə tikinti işlərinin həyata keçirilməsinə icazə vermək hüququ yoxdur. İcra hakimiyyətinin verdiyi icazə yalnız mühafizə zonasına düşməyən ərazilərdə tikinti işlərinin aparılmasına aid ola bilər. Yəni icazə yalnız mühafizə zonasına daxil olmayan hissəyə tətbiq edilə bilər. Bundan başqa Nazirlər Kabinetinin 1999-cu il 21 iyun tarixli qərarı ilə təsdiq edilmiş “Qaz təchizatında mühafizə zonaları və təhlükəsizlik tədbirləri” Qaydalarının (bundan sonra - Qaydalar) 2.11ci bəndində də qeyd edilmişdir ki, boru kəmərlərinin mühafizə zonalarında, onu istismar edən hüquqi və fiziki şəxslər Dövlət Neft Şirkəti və onun yerli orqanlarının yazılı razılığı olmadan hər hansı tikinti və ya quraşdırma işlərinin aparılması qadağandır. İddiaçının iddianın təmin tədbiri barədə 2020-ci il 24 fevral tarixli ərizəsi üzrə Goranboy Rayon Məhkəməsinin 2020-ci il 5 mart tarixli qərardad çıxarılmaqla iş üzrə yekun məhkəmə aktı qəbul edilənədək cavabdehin qaz kəmərinin mühafizə zonasında tikinti işləri və tikintiyə dair hər hansı hüquqi hərəkətləri qadağan edilmişdir. Lakin iş materiallarından o da görünür ki, cavabdeh bu qərardada heç bir məhəl qoymamış, qanuni qüvvəyə minmiş məhkəmə aktının icrasından yayınaraq tikintiyə davam etmişdir. Qaydaların 2.24-cü bəndinə görə kəmərləri istismar edən hüquqi şəxslərə, Dövlət Neft Şirkətinə, onun yerli orqanlarına və Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinə, öz səlahiyyətləri çərçivəsində, bu Qaydaları pozanlar tərəfindən kəmərlərin mühafizə zonalarında və kəmərlərin (onun obyektlərinin) oxundan şəhərlərə və digər yaşayış məntəqələrinə qədər, minimal məsafəyə bərabər olan sahədə Azərbaycan Respublikası Dövləttikintikomun təsdiq etdiyi magistral kəmərlərin layihələndirilməsi qaydaları və normaları ilə müəyyən edilmiş məsafələr daxilində aparılan işləri dayandırmağa səlahiyyət verilir. İddiaçı da ona verilmiş bu səlahiyyətlərə uyğun davranaraq 2020-ci il 21 fevral tarixində tərtib etdiyi aktda müəyyən etmişdir ki, qaz təsərrüfatında təhlükəsizlik qaydalarının tələblərinə zidd olaraq cavabdeh tərəfindən Goranboy QPS qolu qaz kəmərinin mühafizə zonasında, kəmərdən 21 metr məsafədə tikili inşa olunur. Bu Qaydaların şamil edildiyi magistral boru kəmərlərinə şaxələnmiş qollarla, bağlayıcı armaturlarla, təbii və süni maneələrdən keçən keçidlərdə, kompressor stansiyalarına qoyulmuş qovşaqlarla, təmizləyici qurğuların qəbul və buraxma qovşaqları ilə, qaz sərfi qovşaqları ilə metanolu daxil edən qurğularla birlikdə boru kəmərləri daxildir. Göründüyü kimi hazırkı yüksək təzyiqli 325 mm-lik “Goranboy QPS” qolu da bu Qaydalarda təsbit edilmiş magistral boru kəmərləri üçün nəzərdə tutulmuş kateqoriyaya daxil olduğu üçün həmin Qaydalarda göstərilən müddəaların mübahisəli məsələyə tətbiqi zəruridir. Həmçinin “Təhlükə potensiallı obyektlərin Siyahısının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 10 may tarixli qərarında təhlükə potensiallı istehsal, təchizat, nəqliyyat və sosial təyinatlı obyektlər sırasında magistral neftqaz boru kəmərləri də (6-cı bənddə) göstərilmişdir. Sözügedən Qaydaların 2.7-ci bəndində qeyd edilmişdir ki, boru kəmərlərinin, çəkilmə tərzindən asılı olmayaraq istismarına normal şərait yaratmaq və zədələnmə hallarının qarşısını almaq məqsədi ilə mühafizə zonası təyin edilir. Boru kəmərləri xətti boyunca onun orta oxundan hər tərəfə şərti xətlərlə 50 m keçən torpaq sahəsi mühafizə zonası üçün ayrılmalıdır. Belə ki, bu ərazinin ayrılması boru kəmərinin fiziki zədələnməsinin qarşısını almaq, onu qorumaq və boru kəmərinin istismarını təhlükəsiz şəkildə həyata keçirmək məqsədini güdür. Birinci instansiya məhkəməsi tərəfindən təyin edilmiş məhkəmə tikinti-texniki ekspertizasının təqdim etdiyi 2021-ci il 29 dekabr tarixli rəydə və apellyasiya baxışı zamanı təyin edilmiş təkrar məhkəmə tikinti-texniki ekspertizasının verdiyi 2024-cü il 22 aprel tarixli rəydə təsbit edilmişdir ki, mübahisəli tikintinin 10 m hissəsi magistral boru kəmərinin mühafizə zonasına düşür. Göründüyü kimi tikilinin bir hissəsi faktiki olaraq mühafizə zonasında inşa edilmişdir. Belə vəziyyət isə yuxarıda sadalanan normativ-hüquqi aktların imperativ göstərişlərinin pozulması ilə nəticələnmişdir. Yuxarıda da qeyd edildiyi kimi “Qaz təchizatı haqqında” Qanunun, Qaydaların müvafiq normalarının, habelə mövcud ekspert rəyinin əlaqəli sürətdə uzlaşdırmaqla Mülki Məcəllənin 180-ci maddəsində müəyyənləşdirilmiş qaydaların tətbiqi zamanı onun yanlış təfsirinə yol vermişdir. Belə ki, Mülki Məcəllənin 180.1-ci maddəsində qeyd edilmişdir ki, tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Normanın dispozisiyasından aydın olur ki, daşınmaz əmlakın özbaşına tikinti sayılmasına səbəb olan hallardan biri də onun tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində tikilməsidir. Hazırkı işin hallarından görünür ki, “Qaz təchizatı haqqında”Qanunun 19-cu maddəsinin və Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş Qaydaların qeyd edilən bəndlərinin tələblərinin pozulması ilə inşa edilmiş tikili Mülki Məcəllənin 180-ci maddəsinin müəyyənləşdirdiyi qaydaların təsir dairəsinə düşür. Məhkəmə kollegiyası apellyasiya məhkəməsinin iddianın təmin ediləcəyi təqdirdə bu cavabdehin qanunun müdafiəsi altına düşən mülkiyyət hüquqlarının kobud pozuntusu ilə nəticələnməsi ilə bağlı qənaətinə münasibətdə qeyd edir ki, mülkiyyət hüququ Azərbaycan Respublikasının Konstitusiyası və qoşulduğu beynəlxalq konvensiyalara görə mütləq hüquq kimi müəyyənləşdirilməmişdir və qanunvericiliklə müəyyən edilmiş hallarda və vəziyyətdə bu hüquq müəyyən məhdudlaşdırılmaya məruz qala bilər. Bu hallardan biri də məhz hazırkı mübahisədə sözügedən magistral boru kəmərinin mühafizə zonasına düşən torpaqla bağlı olan haldır. Belə ki, Qaydaların 2.8-ci bəndinə görə boru kəmərlərinin mühafizə zonalarına daxil olan torpaq sahələri, torpaq istifadəçilərindən, mülkiyyətçilərindən və icarəçilərindən alınmır, bu Qaydaların tələblərinə məcburi əməl edilməklə, kənd təsərrüfatı və s. işlər üçün istifadə edilir. Göründüyü kimi mülkiyyətdə olan torpaq ərazisində mühafizə zonasının müəyyənləşdirilməsi bilavasitə qanunvericiliyin tələblərindən irəli gəlir və bu cür vəziyyət mülkiyyət hüquqlarının kobud pozuntusu kimi qiymətləndirilə bilməz. Apellyasiya instansiyası məhkəməsində ikinci icraat: Məhkəmə icraatı iştirakçılarının izahatları İddiaçının nümayəndəsi məhkəmə iclasında apelyasiya şikayətini müdafiə edərək izahatında bildirdi ki, qarşı tərəfə vaxt verilsə də orada gedən tikinti işləri yekunlaşmamış, telekomla razılaşdırma həyata keçirilməmişdir. Apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Cavabdehin vəkili məhkəmə iclasında izahatında bildirdi ki, yeni layihə hazırlanmışdır, yekun işlər bir neçə günə tamamlanacaqdır. Oxşar işlərdə də kassasiya instansiyası məhkəməsinin məhkəmə mövqeyi vardır, bu səbəbdən birinci instansiya məhkəməsinin qətnaməsi qanunidir. Cavabdeh məhkəmə iclasında izahatında vəkilinin izahatına əlavəsinin olmadığını bildirdi. Apellyasiya baxışının hədləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası (bundan sonra – Məhkəmə) qeyd edir ki, iddiaçı qətnaməni tam mübahisələndirir. Odur ki, məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-ci maddəsinin tələbindən çıxış edərək qətnamənin əsaslılığını tam yoxlamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 180. Özbaşına tikinti və onun nəticələri: 180.1. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. 180.2. Özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanun: Maddə 19. Mühafizə zonası və tədbirləri:
1. Sənaye qurğularını digər qurğuların və fəaliyyət növlərinin zərərli təsirindən qorumaq, habelə insanların həyatını, sağlamlığını və əmlakını müdafiə etmək və mümkün ola bilən qəzaların qarşısını almaq, onların zərərli təsirini azaltmaq məqsədilə müvafiq icra hakimiyyəti orqanı mühafizə zonası və tədbirləri ilə bağlı qaydalar tətbiq edə bilər.
2. Mühafizə zonası dairəsində tikinti işləri aparılmasına, xüsusilə də binaların inşasına icazə verilmir. Bu qaydanı pozaraq aparılan hər cür tikinti işləri sənaye qaz qurğusunun istismarına icazəsi olan şəxsin tələbi ilə tikinti sahibinin və ya tikinti üçün ayrılan torpaq sahibinin hesabına oradan kənar edilməlidir.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il 21 iyun tarixli 103 nömrəli qərarı ilə təsdiq edilmiş “Qaz təchizatında mühafizə zonaları və təhlükəsizlik tədbirləri” Qaydaları: 1.1. Bu Qaydalar «Qaz təchizatı haqqında» Azərbaycan Respublikasının Qanununa, digər qanunvericilik aktlarına, «Qaz təchizatı haqqında» Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 28 sentyabr tarixli 773 nömrəli Fərmanına uyğun olaraq, qaz təchizatı sahəsində magistral və xarici qaz boru kəmərlərinin, sənaye qurğularının, digər qurğuların və fəaliyyət növlərinin zərərli təsirindən qorumaq, habelə insan həyatı və ya sağlamlığını, ətraf mühiti və dövlətin əmlak maraqlarını mühafizə etmək və mümkün ola bilən qəzaların qarşısını almaq, onların zərərli təsirini azaltmaq məqsədi ilə qaz təchizatında mühafizə zonaları və təhlükəsizlik tədbirləri qaydalarını müəyyən edir.
2. Magistral boru kəmərlərinin mühafizəsi 2.1. Bu Qaydalar, mədən və mədəndaxili boru kəmərləri və kollektorlar da daxil olmaqla, təbii süni karbohidrogenli qazları, kondensat, sıxılmış karbohidrogenli və mayeləşdirilmiş qazları, digər sıxılmış karbohidrogenləri nəql edən magistral boru kəmərlərinin mühafizəsini təmin edir. 2.2. Bu Qaydaların şamil edildiyi magistral boru kəmərlərinə aşağıdakılar daxildir: şaxələnmiş qollarla, bağlayıcı armaturlarla, təbii və süni maneələrdən keçən keçidlərdə, kompressor stansiyalarına qoyulmuş qovşaqlarla, təmizləyici qurğuların qəbul və buraxma qovşaqları ilə, qaz sərfi qovşaqları ilə metanolu daxil edən qurğularla birlikdə boru kəmərləri. 2.7. Boru kəmərlərinin, çəkilmə tərzindən asılı olmayaraq, istismarına normal şərait yaratmaq və zədələnmə hallarının qarşısını almaq məqsədi ilə mühafizə zonası təyin edilir: boru kəmərləri xətti boyunca, onun orta oxundan hər tərəfə şərti xətlərlə 50 m keçən torpaq sahəsi mühafizə zonası üçün ayrılmalıdır. Kənd təsərrüfatı üçün yararlı olan torpaq sahələrindən keçən, boru kəmərləri xətti boyunca onun orta oxundan hər tərəfə şərti xətlərlə 25 metrdən keçən torpaq sahəsi mühafizə zonası üçün ayrılmalıdır. 2.8. Boru kəmərlərinin mühafizə zonalarına daxil olan torpaq sahələri, torpaq istifadəçilərindən, mülkiyyətçilərindən və icarəçilərindən alınmır, bu Qaydaların tələblərinə məcburi əməl edilməklə, kənd təsərrüfatı və s. işlər üçün istifadə edilir. 2.11. Boru kəmərlərinin mühafizə zonalarında, onu istismar edən hüquqi və fiziki şəxslər Dövlət Neft Şirkəti və onun yerli orqanlarının yazılı razılığı olmadan aşağıda göstərilən işlərin aparılması qadağandır: a) hər hansı tikinti və ya quraşdırma işləri; 2.24. Kəmərləri istismar edən hüquqi şəxslərə, Dövlət Neft Şirkətinə, onun yerli orqanlarına və Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinə, öz səlahiyyətləri çərçivəsində, bu Qaydaları pozanlar tərəfindən kəmərlərin mühafizə zonalarında və kəmərlərin (onun obyektlərinin) oxundan şəhərlərə və digər yaşayış məntəqələrinə qədər, minimal məsafəyə bərabər olan sahədə Azərbaycan Respublikası Dövləttikintikomun təsdiq etdiyi magistral kəmərlərin layihələndirilməsi qaydaları və normaları ilə müəyyən edilmiş məsafələr daxilində aparılan işləri dayandırmağa səlahiyyət verilir.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin:
Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Maddə 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.2. qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Maddə 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Maddə 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
Məhkəmə hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmamış, iş üzrə düzgün nəticəyə gəlinməmişdir. İşin mübahisəsiz halları odur ki, 2018-ci il 10 iyul tarixli 14 nömrəli obyektin tikintisinə verilmiş icazə sənədinə əsasən Goranboy Rayon İcra Hakimiyyəti cavabdehə Goranboy şəhəri, Goranboy-Goran yolunun sağ tərəfində yerləşən ümumi sahəsi 1617,45 kv.m, tikintialtı sahəsi 1324,96 kv.m, tikintinin həcmi 13514,6 kub.m olan qeyri-yaşayış binasının tikintisinə icazə vermişdir. Həmçinin həmin sənəddə göstərilmişdir ki, tikinti nəzərdə tutulan ərazi rayonun müvafiq təşkilatları ilə razılaşdırılsın. Bundan əlavə Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X2 X1 Ekspertiza Baş İdarəsinin 2019-cu il 10 may tarixli 27254 nömrəli rəyindən görünür ki, Goranboy şəhəri, Goranboy-Goran yolunun sağ tərəfində qeyri-yaşayış binasının tikinti layihəsi razılaşdırılmışdır. Sözügedən rəyin Memarlıq bölməsi üzrə 1.1-ci bəndində qeyd edilmişdir ki, Baş planda binanın yerə bağlantısı və yoldan ara məsafəsi göstərilməlidir. İddiaçı hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh tərəfindən yüksək təzyiqli 325 mm-lik “Goranboy QPS” qolu qaz kəmərinin mühafizə zonasında inşa edilən iaşə obyektinin sökülməsi və ərazinin əvvəlki vəziyyətinə qaytarılmasını tələb etmişdir. Birinci instansiya məhkəməsi iddia tələbini əsassız hesab edərək təmin etməmişdir. Məhkəmə qeyd edir ki, hazırki tələb üzrə iddianın qanuni əsası Mülki Məcəllənin 180ci maddəsi çıxış edir. Belə ki, Mülki Məcəllənin 180.1-ci maddəsində qeyd edilmişdir ki, tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Normanın dispozisiyasından aydın olur ki, daşınmaz əmlakın özbaşına tikinti sayılmasına səbəb olan hallardan biri də onun tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində tikilməsidir. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanunun 19-cu maddəsində qeyd edilmişdir ki, sənaye qurğularını digər qurğuların və fəaliyyət növlərinin zərərli təsirindən qorumaq, habelə insanların həyatını, sağlamlığını və əmlakını müdafiə etmək və mümkün ola bilən qəzaların qarşısını almaq, onların zərərli təsirini azaltmaq məqsədilə müvafiq icra hakimiyyəti orqanı mühafizə zonası və tədbirləri ilə bağlı qaydalar tətbiq edə bilər. Mühafizə zonası dairəsində tikinti işləri aparılmasına, xüsusilə də binaların inşasına icazə verilmir. Bu qaydanı pozaraq aparılan hər cür tikinti işləri sənaye qaz qurğusunun istismarına icazəsi olan şəxsin tələbi ilə tikinti sahibinin və ya tikinti üçün ayrılan torpaq sahibinin hesabına oradan kənar edilməlidir. Göründüyü kimi sözügedən maddə ilə mühafizə zonası dairəsində tikinti işlərinin aparılmasına qadağa qoyulmuşdur. Buna əsasən icra hakimiyyəti orqanının mühafizə zonasına daxil olan ərazilərdə tikinti işlərinin həyata keçirilməsinə icazə vermək hüququ yoxdur. İcra hakimiyyətinin verdiyi icazə yalnız mühafizə zonasına düşməyən ərazilərdə tikinti işlərinin aparılmasına aid ola bilər. Yəni icazə yalnız mühafizə zonasına daxil olmayan hissəyə tətbiq edilə bilər. Bundan başqa Nazirlər Kabinetinin 1999-cu il 21 iyun tarixli qərarı ilə təsdiq edilmiş “Qaz təchizatında mühafizə zonaları və təhlükəsizlik tədbirləri” Qaydalarının (bundan sonra - Qaydalar) 2.11-ci bəndində də qeyd edilmişdir ki, boru kəmərlərinin mühafizə zonalarında, onu istismar edən hüquqi və fiziki şəxslər Dövlət Neft Şirkəti və onun yerli orqanlarının yazılı razılığı olmadan hər hansı tikinti və ya quraşdırma işlərinin aparılması qadağandır. İş materiallarından da görünür ki, iddiaçının iddianın təmin tədbiri barədə 2020-ci il 24 fevral tarixli ərizəsi üzrə Goranboy Rayon Məhkəməsinin 2020-ci il 5 mart tarixli qərardad çıxarılmaqla iş üzrə yekun məhkəmə aktı qəbul edilənədək cavabdehin qaz kəmərinin mühafizə zonasında tikinti işləri və tikintiyə dair hər hansı hüquqi hərəkətləri qadağan edilmişdir. Lakin iş materiallarından o da görünür ki, cavabdeh bu qərardada heç bir məhəl qoymamış, qanuni qüvvəyə minmiş məhkəmə aktının icrasından yayınaraq tikintiyə davam etmişdir. Məhkəmə kollegiyası, həmçinin onu da qeyd edir ki, Qaydaların 2.24-cü bəndinə görə kəmərləri istismar edən hüquqi şəxslərə, Dövlət Neft Şirkətinə, onun yerli orqanlarına və Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinə, öz səlahiyyətləri çərçivəsində, bu Qaydaları pozanlar tərəfindən kəmərlərin mühafizə zonalarında və kəmərlərin (onun obyektlərinin) oxundan şəhərlərə və digər yaşayış məntəqələrinə qədər, minimal məsafəyə bərabər olan sahədə Azərbaycan Respublikası Dövləttikintikomun təsdiq etdiyi magistral kəmərlərin layihələndirilməsi qaydaları və normaları ilə müəyyən edilmiş məsafələr daxilində aparılan işləri dayandırmağa səlahiyyət verilir. İddiaçı da ona verilmiş bu səlahiyyətlərə uyğun davranaraq 2020-ci il 21 fevral tarixində tərtib etdiyi aktda müəyyən etmişdir ki, qaz təsərrüfatında təhlükəsizlik qaydalarının tələblərinə zidd olaraq cavabdeh tərəfindən Goranboy QPS qolu qaz kəmərinin mühafizə zonasında, kəmərdən 21 metr məsafədə tikili inşa olunur. Qaydaların 1.1-ci bəndinə görə bu Qaydalar “Qaz təchizatı haqqında” Qanuna, digər qanunvericilik aktlarına, “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 28 sentyabr tarixli 773 nömrəli Fərmanına uyğun olaraq qaz təchizatı sahəsində magistral və xarici qaz boru kəmərlərinin, sənaye qurğularının, digər qurğuların və fəaliyyət növlərinin zərərli təsirindən qorumaq, habelə insan həyatı və ya sağlamlığını, ətraf mühiti və dövlətin əmlak maraqlarını mühafizə etmək və mümkün ola bilən qəzaların qarşısını almaq, onların zərərli təsirini azaltmaq məqsədi ilə qaz təchizatında mühafizə zonaları və təhlükəsizlik tədbirləri qaydalarını müəyyən edir. Həmin Qaydaların 2.1-ci bəndinə əsasən bu Qaydalar mədən və mədəndaxili boru kəmərləri və kollektorlar da daxil olmaqla təbii süni karbohidrogenli qazları, kondensat, sıxılmış karbohidrogenli və mayeləşdirilmiş qazları, digər sıxılmış karbohidrogenləri nəql edən magistral boru kəmərlərinin mühafizəsini təmin edir. Bu Qaydaların şamil edildiyi magistral boru kəmərlərinə şaxələnmiş qollarla, bağlayıcı armaturlarla, təbii və süni maneələrdən keçən keçidlərdə, kompressor stansiyalarına qoyulmuş qovşaqlarla, təmizləyici qurğuların qəbul və buraxma qovşaqları ilə, qaz sərfi qovşaqları ilə metanolu daxil edən qurğularla birlikdə boru kəmərləri daxildir. Göründüyü kimi hazırkı yüksək təzyiqli 325 mm-lik “Goranboy QPS” qolu da bu Qaydalarda təsbit edilmiş magistral boru kəmərləri üçün nəzərdə tutulmuş kateqoriyaya daxil olduğu üçün həmin Qaydalarda göstərilən müddəaların mübahisəli məsələyə tətbiqi zəruridir. Həmçinin “Təhlükə potensiallı obyektlərin Siyahısının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 10 may tarixli qərarında təhlükə potensiallı istehsal, təchizat, nəqliyyat və sosial təyinatlı obyektlər sırasında magistral neftqaz boru kəmərləri də (6-cı bənddə) göstərilmişdir. Sözügedən Qaydaların 2.7-ci bəndində qeyd edilmişdir ki, boru kəmərlərinin, çəkilmə tərzindən asılı olmayaraq istismarına normal şərait yaratmaq və zədələnmə hallarının qarşısını almaq məqsədi ilə mühafizə zonası təyin edilir. Boru kəmərləri xətti boyunca onun orta oxundan hər tərəfə şərti xətlərlə 50 m keçən torpaq sahəsi mühafizə zonası üçün ayrılmalıdır. Belə ki, bu ərazinin ayrılması boru kəmərinin fiziki zədələnməsinin qarşısını almaq, onu qorumaq və boru kəmərinin istismarını təhlükəsiz şəkildə həyata keçirmək məqsədini güdür. Birinci instansiya məhkəməsi tərəfindən təyin edilmiş məhkəmə tikinti-texniki ekspertizasının təqdim etdiyi 2021-ci il 29 dekabr tarixli rəydə və apellyasiya baxışı zamanı təyin edilmiş təkrar məhkəmə tikinti-texniki ekspertizasının verdiyi 2024-cü il 22 aprel tarixli rəydə təsbit edilmişdir ki, mübahisəli tikintinin 10 m hissəsi magistral boru kəmərinin mühafizə zonasına düşür. Göründüyü kimi tikilinin bir hissəsi faktiki olaraq mühafizə zonasında inşa edilmişdir. Belə vəziyyət isə yuxarıda sadalanan normativ-hüquqi aktların imperativ göstərişlərinin pozulması ilə nəticələnmişdir. “Qaz təchizatı haqqında” Qanunun, Qaydaların müvafiq normalarının, habelə mövcud ekspert rəyinin əlaqəli sürətdə uzlaşdırmaqla Mülki Məcəllənin 180-ci maddəsində müəyyənləşdirilmiş qaydaların tətbiqi zamanı onun yanlış təfsirinə yol vermişdir. Belə ki, hazırkı işin hallarından göründüyü kimi “Qaz təchizatı haqqında”Qanunun 19cu maddəsinin və Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş Qaydaların qeyd edilən bəndlərinin tələblərinin pozulması ilə inşa edilmiş tikili Mülki Məcəllənin 180-ci maddəsinin müəyyənləşdirdiyi qaydaların təsir dairəsinə düşür. Cavabdeh tərəfindən inşa edilmiş qeyri-yaşayış sahəsinin yerləşdiyi ərazidə kəmərin mühafizə zolağı 50 metr təşkil edir və cavabdeh tərəfindən inşa edilmiş qeyri-yaşayış sahəsi mühazfizə zolağının 40 metrliyində yerləşir. Belə olan tikilinin 10 metri qaz kəmərinin mühafizə zolağında yerləşir ki, bu da qanunvericiliyin tələblərinə ziddir. Digər tərəfdən tərəflərə mübahisənin məhkəmədən kənar həllinə kifayət qədər zəmin yaradılmış, apelyasiya icraatı zamanı xx.xx.2025, xx.xx.2025, xx.xx.2025-ci il tarixlərində məhkəmə iclasları məhz tərəflərin barışıq əldə etməsi məqsədi ilə təxirə salınmış, iddiaçı tərəfindən iddia ərizəsinin baxılmamış saxlanması barədə ərizə təqdim edilsə də sonradan digər ərizə ilə bundan imtina edilmiş, nəhayət iş üzrə xx.xx.2025-ci il tarixdə mübahisəyə mahiyyəti üzrə hüquqi qiymət verilmişdir. Eyni zamanda qeyd edilməlidir ki, tərəflərə mübahisənin məhkəmədən kənar qaydada həll edilməsinə şərait yaradıldığı müddət ərzində iddiaçı tərəfindən qaz kəmərinin yerinin dəyişdirilməsi ilə bağlı texniki şərt verilsə də texniki şərtin tələbləri baxımından müvafiq dövlət orqanları ilə razılaşdırmaların həyata keçirilməsinə dair sübutlar məhkəməyə təqdim olunmamışdır. Cavabdeh tərəfindən təqdim edilmiş layihədə icra hakimiyyətinin razılaşadırmasına dair möhür əksini tapsa da iddiaçının nümayəndəsi məhkəmə iclasında telekomunikasiya qovşağı ilə razılaşmanının həyata keçirilmədiyini bildirdirdi. Məhkəmə tərəfindən kifayət qədər müddətin verilməsinə baxmayaraq cavabdeh tərəfindən təbii qaz kəmərinin yerinin dəyişdirilməsinin və tikilinin mühafizə zolagından çıxmasınıtəsdiq edən sübutlar məhkəməyə təqdim edilməmişdir. Bundan başqa iş materiallarında olan tikiliyə dair sənədlər və fotoşəkillərdən müəyyən edildiyi kimi qeyri-yaşayış sahəsinin 10 metri mühafizə zonasında yerləşməyi ilə yanaşı tikilinin yerləşdiyi və cavabdehin mülkiyyətində olan torpaq sahəsi daş hasarla hasarlanmış və qeyri-yaşayış (şadlıq sarayı) sahəsinin həyətinə girişdə dəmir giriş qapıları quraşdırılmışdır ki, hasar və giriş qapıları qaz kəmərinin mühafizə zonasında yerləşir. Hasar və dəmir giriş qapılarının isə kəmərin mühafiə zonasından çıxarılmasının yeganə yolu həmin tikililərin sökülməsidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2006-cı il tarixli Qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. Məhkəmə qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, birinci instansiyası məhkəməsinin məhkəmə aktı maddi hüquq normalarının düzgün tətbiq olunmaması nəticəsində qəbul edildiyindən apellyasiya şikayəti qismən təmin olunmalı, birinci instansiya məhkəməsinin qətnaməsi tam ləğv edilməli və iş üzrə yeni qətnamə qəbul edilərək iddia tələbi qismən təmin edilməlidir. Məhkəmə həmçinin qeyd edir ki, Mülki Prosessual Məcəllənin 402.1-ci maddəsinin tələbinə görə hazırki qətnamədən cavabdeh tərəfindən kassasiya şikayəti verilə bilər. Yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikasının Mülki Posessual Məcəlləsinin 10-1, 372.1, 382, 384.0.1, 385.2, 392, 393, 402, 404, 404 və 405-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə
qət etdi: İddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Qaz İxrac İdarəsi tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilsin. Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2-2(115)-542/2023 nömrəli qətnaməsi ləğv edilsin. Cavabdeh tərəfindən yüksək təzyiqli 325 mm-lik “Goranboy QPS” qolu qaz kəmərinin mühafizə zonasında inşa edilmiş iaşə obyektinin (şadlıq sarayının) qaz kəmərinin mühafizə zonasında yerləşən 10 m hissəsi sökülsün və həmin hissə əvvəlki vəziyyətə qaytarılsın. İddia qalan hissədə rədd edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.