Məhkəmə qərarları › İş №2-2(104)-50/2025

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(104)-50/2025

19.02.2025 · Xususi icraat - Vergi ödəyicisi olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında işlər üzrə icraat (xüsusi icraat)
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2-2(104)-50/2025 19.02.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası - hakimlər Rzaquliyev Şamil Qəhrəman oğlu (sədrlik edən və məruzəçi), Süleymanov Loğman Srac oğlu və Məcidov Rüfət Azadəli oğlundan ibarət tərkibdə, Vəlizadə Vasif Etibar oğlunun katibliyi, Maraqlı şəxs iştirakı ilə, Ərizəçi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin Maraqlı şəxs qarşı “ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması” tələbinə dair ərizəsi ilə bağlı kommersiya işi üzrə Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(115)-2269/2024 saylı qətnaməsindən Maraqlı şəxs verdiyi apellyasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(115)-2269/2024 saylı qətnaməsi ilə (hakim R.Məmmədov) ərizənin təmin edilməsi, xx.xx.2024-cü il tarixə dövlət büdcəsinə 2446 manat 07 qəpik məbləğində (o cümlədən, vergilər üzrə 2139 manat 25 qəpik, faizlər üzrə 307 manat 45 qəpik) borcu ödənilənədək Maraqlı şəxs (şəxsiyyəti təsdiq edən sənədin FİN nömrəsi - xxxxxxx, şəxsiyyət vəsiqəsinin seriya və nömrəsi AZE********) ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılması, ödənilməli olan 100 manat məbləğində dövlət rüsumunun Maraqlı şəxs tutularaq dövlət büdcəsinə ödənilməsi, qətnamənin dərhal icra olunması qət edilmişdir. Maraqlı şəxs apellyasiya şikayəti verərək iş üzrə Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(115)-2269/2024 saylı qətnaməsinin ləğv edilməsinə və iddia tələbinin rədd edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İşin halları: Ərizəçi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi Maraqlı şəxs qarşı “ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması” tələbinə dair ərizə ilə Gəncə Kommersiya Məhkəməsinə müraciət edərək, dövlət büdcəsinə olan ümumilikdə 2446 manat 07 qəpik məbləğində borcun ödənilməsini təmin etmək üçün Maraqlı şəxs barəsində (şəxsiyyəti təsdiq edən sənədin FİN nömrəsi-xxxxxxx, şəxsiyyət vəsiqəsinin seriya və nömrəsi AZE********) ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi tələbini оnunlа əsаslаndırmışdır ki, xx.xx.2024-cü il tarixə vergi ödəyicisi olan Maraqlı şəxs (VÖEN: **********) dövlət büdcəsinə 2446 manat 07 qəpik məbləğində (o cümlədən, vergilər üzrə 2139 manat 25 qəpik, faizlər üzrə 307 manat 45 qəpik) olmaqla, ümumilikdə 2446 manat 07 qəpik borcu vardır. Yaranmış borc məbləğinin 5 gün ərzində dövlət büdcəsinə ödənilməsi məqsədi ilə vergi ödəyicisinə Vergi Məcəlləsinin 65-ci maddəsinə əsasən xx.xx.2024-cü il tarixli **********622200 nömrəli bildiriş göndərilmiş, lakin vergi ödəyicisi yaranmış borc məbləğini ödəməmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi qəbul edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: Maraqlı şəxs apellyasiya şikayətini əsaslandırmaq üçün göstərmişdir ki, mübahisə olunmuş qərarın, təsdiqlənməyən borc məbləğinin mövcud olmasına baxmayaraq vergi orqanı qanunvericiliyin tələblərinə zidd olaraq onun ölkədən çıxışıma məhdudiyyət qoyulması barədə məhkəməyə ərizə ilə müraciət etmişdir. Belə ki, kameral qaydada hesblanmış əlavə vergi məbləğinin əsassız olaraq hesablanması barədə Dövlət Vergi Xidmətinin Apellyasiya Şurasına xx.xx.2024-cü il tarixdə inzibati şikayət ünvanlamışdır. Dövlət Vergi Xidmətində şikayətinə baxılmış, Lokal Gəlirlər Baş İdarəsinin xx.xx.2024-cü il tarixli 3-21-2-3/2-21486/2024 nömrəli Qərarı ləğv edilmiş, kameral qaydada hesablanan borc məbləği DVX tərəfindən silinmiş, şəxsi hesab vərəqəsində müvafiq düzəlişlər edilmişdir. Hal-hazırda vergilər və sosial ödənişlər üzrə hər hansı borcu yoxdur. Əksinə büdcəyə artıq ödəmə məbləği mövcuddur. Bunlarla əlaqədar hesab edir ki, Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il e-2-2(115)-2269/2024 saylı qətnaməsi tam ləğv edilməlidr. Prosessual məsələlər: Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmiş tərəflər məhkəmə iclasına gəlməmiş, gəlməmənin səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən ərizəçinin nümayəndəsinin və maraqlı şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Hüquqi məsələlər və əsaslandırma: Azərbaycan Respubilkasının MPM-in 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası işin halları barədə məruzəçi hakimin məruzəsini dinləyib, iş materiallarını apellyasiya şikayətinin dəlilləri əsasında tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin iş üzrə qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarındakı şəxsi hesab vərəqəsindən görünür ki, Maraqlı şəxs vergi ödəyicisidir və ona ********** nömrəli VÖEN verilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən təqdim оlunmuş şəxsi hesab vərəqəsindən çıxarışdan görünür ki, vergi ödəyicisi olan Maraqlı şəxs (VÖEN: **********) xx.xx.2024-cü il tarixə dövlət büdcəsinə 2446 manat 7 qəpik məbləğində (o cümlədən, vergilər üzrə 2139 manat 25 qəpik, faizlər üzrə 307 manat 45 qəpik) borcu vardır İş materiallarına əlavə edilmiş xx.xx.2024-cü il tarixli **********622200 nömrəli bildirişdən görünür ki, vergi ödəyicisi olan Maraqlı şəxs vergi borcunun ödənilməsi barədə xəbərdarlıq edilmişdir. İş materiallarına əlavə edilmiş şəxsiyyət vəsiqəsi haqqında elektron portaldan çıxarışdan görünür ki, Maraqlı şəxs xx.xx.1967-ci ildə Gədəbəy rayonu, Söyüdlü kəndində doğulmuşdur. Qeydiyyat yeri Gədəbəy rayonu, Söyüdlü kəndidir. Azərbaycan Respublikası Konstitusiyasının 73-cü maddəsinin İ hissəsinə əsasən qanunla müəyyən edilmiş vergiləri və başqa dövlət ödənişlərini tam həcmdə və vaxtında ödəmək hər bir kəsin borcudur. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 16.1.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş vergiləri, habelə bu Məcəllə ilə müəyyən edilmiş qaydada hesablanmış faizləri, tətbiq edilmiş maliyyə sanksiyalarını və digər məcburi ödənişləri ödəmək vergi ödəyicisinin vəzifələrindəndir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən vergi ödəyicisinin bu Məcəllədə göstərilən hallarda və qaydada müəyyən edilən vergini (o cümlədən cari vergi ödəmələrini) ödəmək vəzifəsi onun vergi öhdəliyi hesab olunur. Həmin Məcəllənin 77.3-cü maddəsinə əsasən vergi ödəyicisi vergi qanunvericiliyinin tələblərinə uyğun olaraq verginin ödənilməsini nəzərdə tutan şəraitin yarandığı andan vergi öhdəliklərinin yerinə yetirilməsi üçün cavabdehdir. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə vergi öhdəliklərinin yerinə yetirilməsi ödənilməli olan vergi məbləğinin müəyyən edilmiş müddətlərdə və qaydada ödənilməsidir. Vergi ödəyicisinin hesablarında və ya kassasında vəsaitin, habelə onun əmlakının olubolmamasından asılı olmayaraq vergi öhdəliklərinin yerinə yetirilməsi məcburidir. Həmin Məcəllənin 23.1 və 23.1.15-3-cü maddələrinə görə vergi ödəyicisi vergi öhdəliyini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə, hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üsulu kimi vergi ödəyicisi olan fiziki şəxsin və ya hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması üçün məhkəməyə müraciət etmək vergi orqanlarının hüquqlarındandır. Azərbaycan Respublikası MPM-in 355-5.1-ci maddəsinə əsasən vergi ödəyicisi vergi öhdəliyini Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə, hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üçün müvafiq icra hakimiyyəti orqanı fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə məhkəməyə müraciət etmək hüququna malikdir. Həmin Məcəllənin 355-7.1-ci maddəsinə əsasən vergi ödəyicisi olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında ərizə məhkəməyə təqdim olunduqdan sonra məhkəmə tərəfindən 10 gün müddətinə baxılır. Həmin Məcəllənin 355-7.3-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim ərizənin rədd edilməsi və ya təmin edilməsi barədə qətnamə qəbul edir. Kollegiya qeyd edir ki, maraqlı şəxs apellyasiya şikayətində göstərmişdir ki, kameral qaydada hesblanmış əlavə vergi məbləğinin əsassız olaraq hesablanması barədə Dövlət Vergi Xidmətinin Apellyasiya Şurasına xx.xx.2024-cü il tarixdə inzibati şikayət ünvanlamışdır. Dövlət Vergi Xidmətində şikayətinə baxılmış, Lokal Gəlirlər Baş İdarəsinin xx.xx.2024-cü il tarixli 3-21-2-3/2-21486/2024 nömrəli Qərarı ləğv edilmiş, kameral qaydada hesablanan borc məbləği DVX tərəfindən silinmiş, şəxsi hesab vərəqəsində müvafiq düzəlişlər edilmişdir. Hal-hazırda vergilər və sosial ödənişlər üzrə hər hansı borcu yoxdur. Əksinə büdcəyə artıq ödəmə məbləği mövcuddur. Maraqlı şəxs tərəfindən apellyasiya şikayətinə əlavə edilmiş Dövlət Vergu Xidmətinin 29 noyabr 2024-cü il tarixli, 3-21-2-1/2-Ə-23xx-xx/2024 saylı məktubundan görünür ki, Maraqlı şəxs müraciəti DVX-in Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən nəzərə alınmış və “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2024-cü il tarixli 3-21-2-3/2-21486/2024 nömrəli qərar ləğv olunaraq şəxsi hesab vərəqəsində müvafiq düzəliş edilmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, maraqlı şəxs borcunun olmamasına dair şəxsi hesab vərəqəsini işə birinci instansiya məhkəməsində baxılarkən məhkəməyə təqdim etməmişdir. Halbuki MPM-in 78.1-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Maraqlı şəxs isə birinci instansiya məhkəməsində işə baxılıb yekunlaşana qədər həmin subut onda olmuş olsa da məhkəməyə təqdim etməmişdir. Kollegiya həmçinin vurğulayır ki, maraqlı şəxsin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına səbəb olmuş əsaslar aradan qalxdıqdan sonra həmin məhdudlaşdırmanın götürülməsi barədə qərar qəbul etmək vergi orqanın vəzifələrinə aid edilmişdir. Belə ki, Vergi Məcəlləsinin 24.1.2-1-ci maddəsinə əsasən vergi ödəyicisi olan fiziki şəxsin və ya hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına səbəb olmuş əsaslar aradan qalxdıqdan sonra dərhal həmin məhdudlaşdırmanın götürülməsi barədə qərar qəbul etmək vergi orqanın vəzifələrinə aid edilmişdir. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə kollegiyası yuxarıda şərh olunanlara hüquqi qiymət verib hesab edir ki, şikayətlə mübahisələndirilən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmış, maddi və prosessual hüquq normalarının tətbiqində səhvə yol verilməmişdir. Ona görə də apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin iş üzrə qətnaməsi dəyişdirilmədən saxlanmalıdır. Azərbaycan Respublikası MPM-in 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 355-7.3, 372-376, 378-382, 384.0.1, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: Apellyasiya şikayəti təmin edilməsin. Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(115)-2269/2024 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetə yerləşdirməklə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamə şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar