Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-2(104)-52/2024 23.02.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasının hakimləri- Hüseynzadə Afiq Hüseyn oğlu (sədrlik edən və məruzəçi), Rzaquliyev Şamil Qəhrəman oğlu və Həsənov İslam Telman oğlundan ibarət tərkibdə, Məmmədov Elvin İsrayıl oğlunun katibliyi, iddiaçı Goranboy rayon Baxçakürd Bələdiyyəsinin nümayəndəsi X5, vəkili Nümayəndə və Azərbaycan Respublikası Meliorasiya və X10 Səhmdar Cəmiyyətinin Cavabdeh1 nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Goranboy rayon Baxçakürd Bələdiyyəsinin cavabdeh Azərbaycan Respublikası Meliorasiya və X10 Səhmdar Cəmiyyətinin Cavabdeh1nə qarşı “su nasosunun ərazidən çıxarılması” tələbinə dair iş üzrə Gəncə Kommersiya Məhkəməsinin 07 noyabr 2023-cü il tarixli, 2-2(115)-1228/2023 saylı qətnaməsindən iddiaçı Goranboy rayon Baxçakürd Bələdiyyəsi tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. Birinci instansiya məhkəməsində icraat və işin halları: İddiaçı Goranboy rayon Baxçakürd Bələdiyyəsi cavabdeh Azərbaycan Respublikası Meliorasiya və X10 Səhmdar Cəmiyyətinin Cavabdeh1nə qarşı “su nasosunun ərazidən çıxarılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Goranboy rayonu Bağçakürd Bələdiyyəsinin mülkiyyətinə aid torpaq sahəsində yerləşən Cavabdeh1 balansında olan Alpout stansiyası-su nasosunun ərazidən çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı Goranboy rayon Baxçakürd Bələdiyyəsi iddia ərizəsini onunla əsaslandırılmışdır ki, Goranboy rayonu Bağçakürd Bələdiyyəsinin mülkiyyətinə daxil olan torpaq sahəsində cavabdeh Goranboy rayon Suvarma Sistemləri İdarəsi qanunsuz və əsassız olaraq su nasosu yerləşdirmişdir. İddia tələbimin predmetini təşkil edən su nasososunun Goranboy rayonu Bağçakürd Bələdiyyəsinin mülkiyyətində olan torpaq sahəsində yerləşdirilməsi mənafelərinə toxunur və mühüm ziyan vurur. Belə ki, Cavabdeh1 balansında olan Alpout stansiyası - elektrik su nasosu qurğusundan qanunsuz və əsassız istifadə nəticəsində Goranboy rayonu Bağçakürd Bələdiyyəsinin mülkiyyətində olan su fondu torpaqlarında, eyni zamanda kənd sakinlərinin əsaslı narazılığına səbəb olan işlər görülür. Sözügedən Alpout stasiyası Elektrik su nasosu qurğusu Goranboy rayonu Bağçakürd Bələdiyyəsinin mülkiyyətində quraşdırılmış, lakin bununla bağlı Baxçakürd Bələdiyyəsinin razılığı olmamışdır. Alpout stasiyası-su nasosunun hansı əsaslarla quraşdırılmasının səbəbləri məlum deyildir. Sözügedən elektrik su nasosu qurğusu Azərbaycan Respublikası Meliorasiya və X10 Səhmdar Cəmiyyəti Cavabdeh1 balansında olsa da, eyni zamanda elektrik enerjisi əvəzsiz olaraq dövlətdən verilməsinə baxmayaraq, sırf şəxsi maraqları və mənafeləri üçün qazanc əldə edirlər. Gecə-gündüz, fasiləsiz olaraq elektrik energisindən istifadə edilir. Sırf şəxsi maraqlar güdüldüyündən artıq su fondu torpaqlarında (balıqçılıq məqsədilə olan) tamamilə su qurumuş, eyni zamanda yaratdıqları su qıtlığından kənd sakinləri öz əkinlərini suvara bilmədiklərindən əsaslı və ciddi narazılıq yaranmışdır. Gəncə Kommersiya Məhkəməsinin 07 noyabr 2023-cü il tarixli, 2-2(115)-1228/2023 saylı qətnaməsi ilə (hakim K.Vəliyev) iddia tələbinin təmin edilməməsi qət edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: Gəncə Kommersiya Məhkəməsinin 07 noyabr 2023-cü il tarixli, 2-2(115)-1228/2023 saylı qətnaməsindən narazı qalan iddiaçı Goranboy rayon Baxçakürd Bələdiyyəsi apellyasiya şikayəti verərək, Gəncə Kommersiya Məhkəməsinin 07 noyabr 2023-cü il tarixli, 2-2(115)-1228/2023 saylı qətnaməsinin ləğv edilməsi və iddianın təmin edilməsinə dair yeni qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı Goranboy rayon Baxçakürd Bələdiyyəsi apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, iş üzrə mübahisə predmeti olan su nasosu Goranboy rayonu Baxçakürd Bələdiyyəsinin ərazisində quraşdırılmışdır ki, bu hal onun mülkiyyət hüquqlarının pozulmasına gətirib çıxarmışdır. Mülkiyyətçi, mülkiyyəti altında olan sahədən istifadə, sahiblik və sərəncam vermək hüquqlarını həyata keçirə bilmir. İş materiallarında olan ekspert rəyi ilə təsdiq olunmuşdur ki, mübahisə predmeti olan su nasosu Goranboy rayonu Baxçakürd Bələdiyyəsinin ərazisində quraşdırılmışdır. İş materiallarında olan Cavabdeh1 xx.xx.2011-ci il tarixli, 57 nömrəli əmrindən çıxarışda göstərilir ki, Goranboy rayonu Alpout kənd sakini X2 öhdəsində olan nasos stansiyası idarənin balansına götürülmüşdür. İş materiallarında olan Goranboy rayon İcra Hakimiyyəti Başçısının Alpout kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyinin xx.xx.2023-cü il tarixli məktubunda qeyd edilmişdir ki, Alpout kəndinə məxsus Tolalı adlanan ərazidə Cavabdeh1 balansında olan su nasosundan əkin sahələrinin suvarılmasında 108 nəfər torpaq mülkiyyətçisi istifadə edir. İşə birinci instansiya məhkəməsində baxılarkən cavabdeh tərəfin mövqeyi, açıq-aşkar Goranboy rayonu Alpout kənd sakini X2 müdafiəsinə yönəlmişdir. Belə ki, Xankişi Vəliyev əslində çox imkanlı təsərrüfatçıdır. Alpout kəndi ərazisində olan torpaqlar onun istifadə və sahibliyindədir. Cavabdeh tərəfin marağı əslində qeyd edilən 108 nəfərin marağını müdafiə etmək deyildir. Məqsəd sırf çox imkanlı iş adamı X6 ilə iş birliklərinin pozulmaması və razılaşmamalarının qüvvədə qalmasıdır. Məhkəmə cavabdeh tərəfin əlində silah olaraq istifadə etdiyi sadə, zəhmətkeş 108 nəfərin həqiqətən də su nasosundan əkin sahələrinin suvarılmasında istifadə etməsi halını aydınlaşdırmamışdır. Bu hal da hakimin qətnamədə sübutların qiymətləndirilməsini başa düşülən formada əsaslandırmaması kimi qəbul edilməlidir. Məhkəmə qətnaməsinin nəticəsi işin hallarına uyğun deyildir. Məhkəmə mülkiyyətçinin mülkiyyət hüquqlarının qorunması prinsipi ilə hüquqi mövqe nümayiş etdirməli idi. Eyni zamanda iş materiallarında olan ekspert rəyinə hansı əsaslarla qiymət verilmədiyi də əsaslandırılmalı idi. İştirakçılıqla bağlı prosessual məsələlər: Məhkəmə kollegiyasının iclasında işin aidiyyəti ilə bağlı müzakirəsi zamanı iddiaçı Goranboy rayon Baxçakürd Bələdiyyəsinin vəkili Nümayəndə tərəflərin hüquqi şəxs statusunda olduqlarını, buna görə də mübahisənin kommersiya mübahisəsi olmasının nəzərə alınaraq, işə mahiyyəti üzrə baxılmasını xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında işin aidiyyəti ilə bağlı müzakirəsi Azərbaycan Respublikası Meliorasiya və X10 Səhmdar Cəmiyyətinin X4 İdarəsinin nümayəndəsi X7 apellyasiya şikayətinin əsassız olduğunu bildirib, təmin edilməməsini xahiş etmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi 24.2. Mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir. 25.1. Sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olmayan mübahisələrə dair işlərə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmələr baxır. 26.1. Sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. 39.1. Daşınmaz əşyaya mülkiyyət hüququnun tanınması, daşınmaz əşyanın başqasının qeyri-qanuni sahibliyindən götürülməsi, mülkiyyət hüququndan məhrum etmə ilə əlaqədar olmayan mülkiyyətçinin və yaxud başqa qanuni sahibin hüquqlarının pozulmasını aradan qaldırmaq haqqında iddialar daşınmaz əşyanın olduğu yerə görə verilir. 372.7. apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 387.1. prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin və ya qərardadın ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin və ya qərardadın qəbul edilməsinə səbəb olsun. 384.0.4. apellyasiya instansiyası işə məhkəmə və ya ərazi aidiyyəti qaydalarının pozulması ilə baxıldığını müəyyən etdikdə, qətnaməni ləğv edib, işi aidiyyəti üzrə birinci instansiya məhkəməsinə göndərə bilər. 402.2.5-ci maddəsinə əsasən bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının qərardadlarından kassasiya şikayəti verilə bilər: “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2020-ci il 18 sentyabr tarixli, 10 saylı Qərarı
12. məhkəmə aidiyyətinin müəyyən edilməsi zamanı işin kommersiya məhkəməsində baxılması üçün hüquq münasibətlərinin xarakterinə qiymət verilərkən əsas tələb (və yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin tərəflərdən yalnız birinin deyil, ən azı iki qarşı tərəfin ayrı-ayrılıqda və ya birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən, yaxud da tərəflərin (sahibkarlıq subyekti olub-olmamasından asılı olmayaraq) bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməli olması nəzərə alınmalıdır.
25. Qeyri-kommersiya qurumlarının, publik hüquqi şəxslərin və fərdi sahibkarların əşya hüquqi münasibətlərdən və deliktdən irəli gələn tələblərinə kommersiya məhkəməsində baxılması üçün mübahisənin onların qanunla qadağan edilməyən sahibkarlıq fəaliyyətindən irəli gəldiyi hallarda mümkün olacaqdır. Mübahisə qeyri-kommersiya qurumlarının, publik hüquqi şəxslərin və fərdi sahibkarların sahibkarlıq fəaliyyətlərindən irəli gəlmədikdə isə, işə kommersiya məhkəmələrində baxılması imkanı, yalnız MPM-in 30cu maddəsinə əsasən digər kommersiya mübahisəsi ilə birgə baxıldığı halda mümkün olacaqdır. Beləliklə, məhkəmələr nəzərə almalıdır ki, əşya-hüquqi münasibətlərdən irəli gələn istifadə, sahiblik və mülkiyyət hüquqlarının müdafiəsi üzrə tələblərdə və ya deliktdən irəli gələn tələblərdə mübahisənin məhz hər iki tərəfin birgə və yaxud ayrı-ayrılıqda həyata keçirdikləri sahibkarlıq fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməsi məhkəmə aidiyyətini müəyyən edən həlledici meyardır. Dövlət və bələdiyyə orqanlarına münasibətdə isə qeyd edilməlidir ki, müqavilədən irəli gələn öhdəlik hüquqi münasibətlərdən fərqli olaraq, əşya hüquqi münasibətlərdən və deliktdən irəli gələn mübahisələrdə onların sahibkarlıq subyektləri ilə olan münasibətlərinin xarakteri mahiyyət etibarilə iqtisadi xarakterli olmadığından bu mübahisələrə ümumi məhkəmələrdə baxılmalıdır. Apellyasiya məhkəməsinin mövqeyi:
Məhkəmə kollegiyası tərəflərin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini araşdırıb hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Gəncə Kommersiya Məhkəməsinin 07 noyabr 2023-cü il tarixli, 2-2(115)-1228/2023 saylı qətnaməsi ləğv olunmalı, iş baxılması üçün aidiyyəti üzrə Goranboy Rayon Məhkəməsinə göndərilməlidir. Belə ki, işin hallarından göründüyü kimi iddiaçı bələdiyyə orqanı, cavabdeh isə hüquqi şəxsin idarəsi olmaqla, onlar arasında yaranmış mübahisə hər hansı bir sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olmamışdır. İddiaçının tələbi mülkiyyətində olan torpaq sahəsində qanunsuz yerləşdirilməsini hesab etdiyi elektrik su nasosu qurğusunun mülkiyyətindəki torpaq sahəsindən çıxarılmasından ibarət olmaqla, iddia mülkiyyət hüquqlarının müdafiəsi ilə bağlı olmuşdur. “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2020-ci il 18 sentyabr tarixli, 10 saylı qərarının 25-ci bəndində qeyd olunduğu kimi müqavilədən irəli gələn öhdəlik hüquqi münasibətlərdən fərqli olaraq, dövlət və bələdiyyə orqanlarının əşya hüquqi münasibətlərdən və deliktdən irəli gələn mübahisələrdə onların sahibkarlıq subyektləri ilə olan münasibətlərinin xarakteri mahiyyət etibarilə iqtisadi xarakterli olmadığından bu mübahisələrə ümumi məhkəmələrdə baxılmalıdır. Buna görə də məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi məhkəmə aidiyyətini pozmaqla işə baxmışdır. Buna görə də Gəncə Kommersiya Məhkəməsinin 07 noyabr 2023-cü il tarixli, 2-2(115)- 1228/2023 saylı qətnaməsi ləğv olunmalı, iş baxılması üçün aidiyyəti üzrə Goranboy Rayon Məhkəməsinə göndərilməlidir. Bundan başqa iş materiallarından görünür ki, iddiaçı ilk öncə Azərbaycan Respublikası Meliorasiya və X10 Səhmdar Cəmiyyətinə və ayrıca olaraq onun idarəsi olan X4 İdarəsinə qarşı tələb irəli sürsə də sonradan ərizə ilə müraciət edərək, Azərbaycan Respublikası Meliorasiya və X10 Səhmdar Cəmiyyətinin cavabdehlər sırasından çıxarılmasını xahiş etmiş, birinci instansiya məhkəməsi də yalnız həmin səhmdar cəmiyyətin idaərsi olan Cavabdeh1nə qarşı olan tələb üzrə işə baxmışdır. Bununla əlaqədar olaraq isə məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 54.1-ci maddəsinə əsasən hüquqi şəxsin idarəetmə, sosial-mədəni və ya digər qeyri-kommersiya xarakterli funksiyaların həyata keçirilməsi üçün yaratdığı təşkilat idarə sayılır. Həmin Məcəllənin 54.2-ci maddəsinə əsasən isə idarə hüquqi şəxs deyildir və hüquqi şəxsin təsdiq etdiyi əsasnamə üzrə fəaliyyət göstərir. Həmin Məcəllənin 54.4-cü maddəsinə əsasən isə idarənin öhdəlikləri üçün məsuliyyət idarəni yaratmış hüquqi şəxsin üzərinə düşür. Odur ki, işə baxacaq birinci instansiya məhkəməsi Cavabdeh1 iş üzrə iddaya cavab verməli olan şəxs olub-olmamasını yoxlamalı, X4 İdarəsini iddaya cavab verməli olmayan şəxs hesab etdikdə isə Mülki Prosessual Məcəllənin 54-cü maddəsinin tələbinə müvafiq olaraq əsl olmayan tərəfin əvəz edilməsi məsələsini müzakirə etməklə yanaşı müvafiq qərar qəbul etməlidir. Məhkəmə kollegiyası qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 263-266, 385, 387.2.1 və 402-ci maddələrini rəhbər tutaraq,
Q Ə R A R A A L D İ:
Gəncə Kommersiya Məhkəməsinin 07 noyabr 2023-cü il tarixli, 2-2(115)-1228/2023 saylı qətnaməsindən iddiaçı Goranboy rayon Baxçakürd Bələdiyyəsi tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Gəncə Kommersiya Məhkəməsinin 07 noyabr 2023-cü il tarixli, 2-2(115)-1228/2023 saylı qətnaməsi ləğv edilsin və iş üzrə qərardad çıxarıslın. İş baxılması üçün məhkəmə aidiyyəti üzrə Goranboy Rayon Məhkəməsinə göndərilsin. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə təqdim edilməklə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommerisya kollegiyasına kassasiya şikayəti verilə bilər.