Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2-2(104)-53/2025 24.02.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı iş üzrə Hakimlər Məcidov Rüfət Azadəli oğlu (sədrlik edən və məruzəçi), Rzaquliyev Şamil Qəhrəman oğlu və Həsənov İslam Telman oğlundan ibarət tərkibdə, Məmmədov Xəzər Natiq oğlunun katibliyi, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin (bundan sonra - iddiaçı) Cavabdeh (bundan sonra - cavabdeh) qarşı “lizinqdən istifadəyə görə yaranmış borcun tutulması və lizinq predmetinin qaytarılması” tələbinə dair iş üzrə Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(115)-1810/2024 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, qətnamə qəbul etdi. İşin halları
1. İddiaçı ASC ilə Cavabdeh arasında 01 aprel 2015-ci il tarixli 38/LA nömrəli daxili maliyyə lizinq müqaviləsinə əlavə razılaşma bağlanmışdır.
2. Müqavilənin şərtlərinə uyğun olaraq lizinq verən lizinq alanın sifariş etdiyi və bu müqavilənin ayrılmaz tərkib hissəsi olan 1 saylı əlavədə göstərilən əmlakı 1 ədəd RANGE ROVER SPORT” minik markalı (Tip universal, Ban: SALLSAAE4AA234548, rəngi qara metallik, buraxılış ili 2009-ci il) **-AK-*** dövlət qeydiyyat nişanlı avtomobilini öz mülkiyyətinə əldə edilməsini və muzdla lizinq alanın müvəqqəti sahibliyinə və istifadəsinə verilməsini öhdəsinə götürmüşdür.
3. Müqavilənin 1.5-ci bəndinə əsasən müqavilənin ümumi məbləği 32800 ABŞ dolları, o cümlədən avadanlığın dəyəri 60000 ABŞ dolları, lizinq mükafatı isə 0 manat müəyyən edilmişdir. Həmiçinin müqavilənin 1.6-cı bəndinə əsasən lizinq obyekti lizinq alana 12 ay müddətinə lizinq ödənişi illik 24% olmaqla lizinqə verilməsi nəzərdə tutulmuşdur. Həmiçinin müqavilənin 3.5-ci bəndinə əsasən müqavilə ilə müəyyən edilmiş bütün lizinq ödənişlərini tam ödədikdə və bu müqavilənin müddəti bitdikdə, lizinq alan lizinq obyektini lizinq verənlə razılaşdırılmış qiymətə satın almaq hüququna malik olması müəyyənləşdirilmişdir.
4. Cavabdeh lizinq müqaviləsi üzrə öhdəliyini lazımınca icra etməmiş və nəticədə iddiaçıya borcu qalmışdır. İddiaçı borcun ödənilməsi ilə bağlı cavabdehə müraciət etmiş, tərəflər arasında mübahisə həllini tapmadığından iddiaçı hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmişdir.
Birinci instansiya məhkəməsində icraat
5. İddiaçı “lizinqdən istifadəyə görə yaranmış borcun tutulması və lizinq predmetinin qaytarılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək iddiasını onunla əsaslandırmışdır ki, İddiaçı ASC-nin Azadlıq filialı ilə Cavabdeh arasında 01 aprel 2015-ci il tarixli 278/LA nömrəli daxili maliyyə lizinq müqaviləsi bağlanaraq İddiaçı ASC lizinq alanın sifariş etdiyi və həmin lizinq müqaviləsinin ayrılmaz tərkib hissəsi olan 1 saylı əlavəsində göstərilən əmlakı, yəni “RANGE ROVER SPORT” minik markalı (Tip universal, Ban: SALLSAAE4AA234548, rəngi qara metallik, buraxılış ili 2009-ci il) 10-UU878 dövlət qeydiyyat nişanlı olan avtomobili (bundan sonra lizinq obyekti) öz mülkiyyətinə əldə edilməsini və muzdla lizinq alanın müvəqqəti sahibliyinə və istifadəsinə verilməsini öhdəsinə götürmüşdür. Lizinq müqaviləsinin ümumi məbləği 32800 ABŞ dolları, o cümlədən lizinq obyektinin qiyməti 60000 ABŞ dolları təşkil etmişdir. Lizinq obyekti lizinq alana 12 ay müddətinə lizinq ödənişi illik 24 faiz olmaqla lizinqə verilmişdir. Halbuki cavabdeh ona verilmiş borc məbləğini ödəniş cədvəlinə uyğun olaraq vaxtında qaytarsaydı, bank öz fəaliyyətində həmin pul vəsaitindən istifadə edərək mənfəət götürə bilərdi. Cavabdeh xx.xx.2024-cü il tarixə kredit üzrə cəmi borcu 18362,93 ABŞ dolları təşkil edir. Bundan 13156,58 ABŞ dolları əsas, kredit müqaviləsi bitəndən sonra Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 5206,35 ABŞ dolları faiz borcu təşkil edir. Beləliklə, lizinq alana dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq lizinq ödənişlərini etməmişdir. Lizinq alan sonuncu dəfə xx.xx.2023-ci il tarixində 425 ABŞ dolları ödəniş etmişdir.
6. İddiaçının nümayəndəsi məhkəmə iclasında izahatında bildirmişdir ki, 32800 ABŞ dolları cavabdehə pul verilmişdir. Avtomobilin özünün dəyəri 60000 dollar olmuşdur. Cavabdeh avtomobili başqa şəxsdən alıb gətirib onlardan pul götürmüşdür. 32800 ABŞ dollarını cavabdeh ödəniş qrafikinə uyğun tam ödəsə idi sözü gedən avtomobil onun mülkiyyətinə keçəcəkdi. Müqavilədən sonra hər hansı pul məbləğinin ödənilməsi nəzərdə tutulmamışdır. 13156,58 ABŞ dollarını çıxmaq şərti ilə qalan pulu cavabdeh ödəmişdir. 5 faizlə hesablama müqavilə müddəti bitdikdən sonra hesablanmışdır. 06 sentyabr 2022-ci ildə cavabdeh faiz borclarının silinməsi üçün müraciət etmiş və komitənin iclasında tərtib edilmiş protokol əsasında cavabdehə güzəşt edisə də o protokolun şərtlərinə riayət etmədiyi üçün protokol öz qüvvəsini itirmişdir. Protokol 06 sentyabr 2022-ci ildə imzalanmışdır. 36 ay müəddətinə hər ay ödəniş edilməsi nəzərdə tutulmuşdur. Həmçinin protokolda ardıcıl 2 ay ödəniş edilmədiyi halda qüvvədən düşməsi nəzərdə tutulmuşdur. Ona görə də iddianın təmin edilməsini xahiş etmişdir.
7. Cavabdeh məhkəmə iclasında izhatında bildirmişdir ki, onun banka 15000 ABŞ dolları borcu qalmışdı, o həmin puldan da 4 ay 500 dollardan ödəniş etmişdir. Tələb olunan pul məbləği ilə razı deyildir. 2015-ci il də müqavilə bağlamış, 1 aydan sonra dollar qalxmışdır. 1 dollar 1.05 manat ekvivalenti ilə o 3 ay ödəniş etmiş, 3 ay sonra dollar qalxaraq 1.70 manat olmuşdur. İddiaçıya o 50000 manat ümumilikdə pul ödəmişdir. Dollar qalxandan sonra o faiz borcunu ödəyib kredit borcunu dondurmuşdur, yəni ona faiz məbləği hesablanmamalı idi. Hesab edir ki, 13156,58 dollar borcu qala bilər. 2017-ci ildən 2022-ci ilə kimi banka ödəniş etməmiş, lakin 2022-ci ildə 2800 dollara yaxın iddiaçıya pul ödəmişdir. 2022-ci ildə bank ona 15300 dollar borcuna görə 36 aylıq yeni qrafik açmışdı. Həmin qrafik isə onun özündədir. Türkiyədə olan zəlzələyə görə ödəniş etməyə imkanı çatmamışdır. Belə ki, uşaqları orada oxuyur. Əsas borc məbləği ilə narazı deyildir. İddiaçı ondan 3000 dollar əlavə cərimə pulu almışdır. O 1 dollar 0.78 manat olarkən borc götürmüşdür, lakin 1 dollar 1.70 manat olarkən ödəniş etmişdir. Bank ona güzəşt etmədiyi üçün mübahisələri məhkəməyə gəlmişdir. 13156,58 ABŞ dollarını məbləğində borcu qalmışdır. Hazırda isə iddiaçıya olan əsas borcunu ödəməyə razıdır, qalan hissədə isə iddia tələbinin rədd edilməsi xahiş etmişdir.
8. Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(115)-1810/2024 nömrəli qətnaməsi ilə, iddia tələbi qismən təmin edilmiş, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh Aslan oğlu arasında bağlanmış 01 aprel 2015-ci il tarixli 38/LA saylı daxili maliyyə lizinq müqaviləsinə əlavə razılaşma üzrə yaranmış 13156 ABŞ dolları 58 sent əsas borc, müqavilə müddəti bitəndən sonra 5%-lə hesablanmış 4595 ABŞ dolları 67 sent faiz borcu olmaqla cəmi 17752 (on yeddi min yeddi yüz əlli iki) ABŞ dolları 25 (iyirmi beş) sent pul ödəniş günü üçün Mərkəzi Bankın müəyyən etdiyi məzənnə üzrə manat hesabı ilə, ödənilmiş 180 (bir yüz səksən) manat 54 (əlli dörd) qəpik dövlət rüsumu Cavabdeh Aslan oğlundan iddiaçının xeyrinə tutulmuş, iddia lizinq predmetinin qaytarılması hissəsində isə rədd edilmişdir.
9. Birinci instansiyası məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, iddiaçı müqavilə üzrə yaranmış əsas borc məbləğini cavabdehdən tələb etməkdə haqlıdır. Ona görə də 13156,58 ABŞ dolları məbləğində pul cavabdehdən tutularaq ləğv prosesində olan İddiaçı ASC-yə ödənilməlidir.
10. Bundan başqa iddiaçı iddia tələbində kredit müqaviləsi bitəndən sonra Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 5206,35 ABŞ dolları faiz borcunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsini tələb etmişdir. Bununla bağlı məhkəmə qeyd etmişdir ki, iddiaçı əsas borcun ödənilməsinin gecikdirilmiş günlərinin sayını 2845 gün müəyyən etmiş və həmin müddəti xx.xx.2016-cı il tarixdən (müqavilənin bitmə müddətindən) maliyyə arayışında göstərilən xx.xx.2024-cü il tarixədək hesablamışdır. Halbuki cavabdehə verilən ödəniş qrafikində ən son ödəniş tarixi xx.xx.2017-ci il tarixi müəyyən olunmuşdur. Həmin tarixdən maliyyə arayışında göstərilən xx.xx.2024-cü il tarixədək əsas borcun ödənilməsinin gecikdirilməsi müddəti 2515 gün təşkil edir. Ona görə də həmin müddətə illik 5%-lə hesablanmış fazi borcu 4595,67 ABŞ dolları təşkil edir və həmin məbləğ cavabdehdən tutularaq ləğv prosesində olan İddiaçı ASC-yə ödənilməlidir.
11. Bundan başqa iddiaçı iddia tələbində cavabdehin sahiblik və istifadəsinə verilmiş “RANGE ROVER SPORT” minik markalı (Tip universal, Ban: SALLSAAE4AA234548, rəngi qara metallik, buraxılış ili 2009-cu il) **-AK-*** dövlət qeydiyyat nişanlı olan avtomobilin tam işlək vəziyyətdə ləğv prosesində olan İddiaçı ASCyə qaytarılmasını tələb etmişdir.
12. Bununla bağlı məhkəmə bildirmişdir ki, iddia tələbi həmin hissədə təmin edilməməlidir. Belə ki, həm müqavilə şərtindən, həm də Mülki Məcəllənin 748-1.12.4-cü maddəsinin məzmunundan aydın olur ki, lizinq alanın lizinq ödənişlərini icra etmədiyi halda, lizinq müqaviləsi lizinqalan tərəfindən vaxtından əvvəl, yəni öhdəliyin icra müddəti başa çatmadan ləğv edilərsə, lizinqverən müqavilənin ləğv edildiyi vaxtadək yaranmış borcu tələb etməklə yanaşı, eyni zamanda lizinq obyektinin geri qaytarılmasını tələb etmək hüququna malik olur. Tərəflər arasında bağlanmış lizinq müqaviləsinin 3.5-ci bəndində qeyd edilir ki, müqavilə ilə müəyyən edilmiş bütün lizinq ödənişlərini tam ödədikdə və bu müqavilənin müddəti bitdikdə, lizinq alan lizinq obyektini lizinq verənlə razılaşdırılmış qiymətə satın almaq hüququna malik olması müəyyənləşdirilmişdir. Həmiçinin iddiaçının nümayəndəsi X2 izahatında bildirmişdir ki, 32800 ABŞ dolları cavabdehə pul verilmişdir. Avtomobilin özünün dəyəri 60000 dollar olmuşdur. 32800 ABŞ dollarını cavabdeh ödəniş qrafikinə uyğun tam ödəsə idi sözü gedən avtomobil onun mülkiyyətinə keçəcəkdi. Qeyd edilənlərə əsasən iddiaçı hazırkı halda lizinq müqaviləsinə vaxtından əvvəl xitam vermədiyindən və cavabdehdən lizinq müqaviləsi üzrə bütün ödənişi (öhdəliyin tam icrasını) tələb etdiyindən məhkəmə hesab edir ki, lizinqalanın lizinq obyektinin ona qaytarılmasını tələb etmək hüququ yoxdur. Ona görə də iddia tələbi həmin hissədə təmin edilməməlidir.
13. Məhkəmə həmin nəticəyə gələrkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 386.1. 442, 445, 448.1, 747.1, 747.2, 747.3, 748-1.12.4, 748-10.2 və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 14.2, 77.1-cı maddələrinə istinad etmişdir.
14. Gəncə Kommersiya Məhkəməsinin (bundan sonra – birinci instansiyası məhkəməsi) xx.xx.2024-cü il tarixli, e-2-2(115)-1810/2024 nömrəli qətnaməsindən iddiaçı tərəfindən apellyasiya şikayəti verilmiş, qətnamənin lizinq obyektinin iddiaçıya təhvil verilməməsi, eləcə də 5 (beş) faizlə (4.595 ABŞ dolları 67 sent) bağlı təmin edilməyən hissəsində ləğv edilməsi və iddianın həmin hissələrdə təmin edilməsini xahiş etmişdir.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri
a) Apellyasiya şikayətinin dəlilləri
15. Məhkəmə prosesi gedişində cavabdehdən lizinq predmeti olan nəqliyyat vasitəsinin real likvid dəyərinin və amartizasiyası xərclərinin müəyyən edilməsi, eləcə də avtomobilə baxış keçirilməsi üçün şərait yaradılması bildirisə də lizinq alan qəti şəkidə bundan imtina etmişdir. Nəticə etibarilə, kommersiya məhkəməsi də yekun məhkəmə qətnaməsində lizinq predmetinin iddiaçıya təhvil verilməsi ilə bağlı cavabdehin üzərinə öhdəlik qoymaqadan imtina etməklə, səhvə yol vermişdir. Halbuki, qanunvericiliyin imperativ tələbinə əsasən, lizinq alana müvəqqəti sahibliyə və ya istifadəyə verilmiş lizinq obyekti lizinq verənin mülkiyyətidir. Ümumiyyətlə, lizinq verən bu Məcəllənin 748-1.11- ci maddəsində və lizinq müqaviləsində nəzərdə tutulmuş hallarda lizinq obyektini lizinq alanın sahibliyindən və istifadəsindən geri almaq hüququna malikdir. İş materiallarından aşkar şəkildə məlumdur ki, cavabdeh lizinq alan müqavilə üzrə öz öhədliyini icra etmədiyi halda, dolayısı ilə məhkəmə qətnaməsi ilə lizinq obyekti üzərində cavabdehin etibarnaməsi və heç bir səlahiyyəti olmadan qanunsuz sərəncam hüququ tanınmışdır ki, bu da mülkiyyət hüquqlarının konstitusion əsasları ilə ziddiyyət təşkil edir.
16. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Bu zaman pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi illik beş faizdən yüksək olduqda, kreditor tərəfindən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsi ilə əlaqəli şəkildə kreditin ödənişi üzrə gecikdirilmiş vaxt üçün həmin Məcəllənin 449.1-ci maddəsinə müvafiq olaraq müəyyənləşdirilən miqdarda faizlər hesablanır. Kreditor vəsaitdən yenidən istifadə edə bilməməsi ilə bağlı ona daha böyük ziyanın vurulduğunu sübut etdikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsi və müvafiq hallarda həmin Məcəllənin 449.3-cü maddəsinə əsasən onun zərərin əvəzinin ödənilməsini tələb etməyə dair əlavə hüququ yaranır. Göründüyü kimi, borclunun kreditorun pul vəsaitlərini özündə saxlamasından və ya istifadə etməsindən asılı olmayaraq illik 5 faiz üçün əldən çıxmış faiz məbləğini də tam şəkildə ödəməyə borcludur. İddiaçı haqlı olaraq, əsas borcun ödənilməsinin gecikdirilmiş günlərinin sayını 2845 gün müəyyən etmiş və həmin müddəti xx.xx.2016-cı il tarixdən (müqavilənin bitmə müddətindən) maliyyə arayışında göstərilən xx.xx.2024-cü il tarixədək hesablamışdır. Məhkəmənin mövqeyinə görə, cavabdehə verilən ödəniş qrafikində ən son ödəniş tarixi xx.xx.2017-ci il tarixi müəyyən olunmuşdur. Həmin tarixdən maliyyə arayışında göstərilən xx.xx.2024-cü il tarixədək əsas borcun ödənilməsinin gecikdirilməsi müddəti 2515 gün təşkil edir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
17. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
Məhkəmə icraatı iştirakçılarının izahatları
18. İddiaçının nümayəndəsi məhkəmə iclasında apellyasiya şikayətini müdafiə edərək izahatında bildirdi ki, məhkəmənin illik 5 faizlə hesablaması düzgün deyildir. Tələb etdikləri məbləğ tutulmalı və nəqliyyat vasitəsi onlara qaytarılmalıdır.
19. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar olunmasına baxmayaraq məhkəmə iclasına gəlməmiş və bunun üzürlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxmışdır.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikasının Mülki Məcəlləsi
20. Maddə 5.3. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar.
21. Maddə 16.1. Fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda suiistifadə edilməsinə yol verilmir.
22. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
23. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
24. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.
25. Maddə 445.7. Bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə kreditor gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə illik beş faizin ödənilməsini tələb edə bilər.
26. Maddə 747.1. Lizinq müqaviləsinə görə, lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur.
27. Maddə 747.3. Lizinq müqaviləsinə görə, lizinq alana müqavilə müddəti qurtardıqdan sonra lizinq predmetini əldə etmək və ya kirayələmək vəzifəsi həvalə edilə bilər və ya belə hüquq verilə bilər, bu şərtlə ki, müqavilə öz predmetinin tam amortizasiyası ilə bitməsin. Qəti dəyər hesablanarkən amortizasiya faktı bütün hallarda nəzərə alınmalıdır. Əgər müqavilədə müvafiq müddəa yoxdursa, lizinq alanın lizinq predmetini əldə etməyə ixtiyarı çatır.
28. Maddə 748-1.8. Lizinq müqaviləsinə xitam verildikdən sonra lizinq alan lizinq obyektini normal köhnəlmə (amortizasiya) və ya lizinq müqaviləsi ilə şərtlənən köhnəlmə nəzərə alınmaqla, lizinq verənə ondan aldığı vəziyyətdə (halda) qaytarmalıdır.
29. Maddə 748-1.12. Lizinq verənin aşağıdakı hallarda pul məbləğlərini və lizinq obyektini mübahisəsiz geri almaq və bununla da lizinq müqaviləsini vaxtından əvvəl ləğv etmək hüququ vardır: 748-1.12.1. lizinq alanın lizinq obyektindən istifadə şəraiti lizinq müqaviləsinin şərtlərinə və ya lizinq obyektinin təyinatına uyğun deyilsə; 748-1.12.2. lizinq alan lizinq verənin icazəsi olmadan sublizinq həyata keçirirsə; 748-1.12.3. lizinq alan lizinq obyektini işlək halda saxlamırsa və bu da onun istehlak keyfiyyətlərini pisləşdirirsə; 748-1.12.4. lizinq alan lizinq obyektindən istifadə üçün haqqı müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmirsə.
30. Maddə 748-2.1. Lizinq alana müvəqqəti sahibliyə və ya istifadəyə verilmiş lizinq obyekti lizinq verənin mülkiyyətidir.
31. Maddə 748-2.2. Lizinq müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, lizinq obyektinə sahiblik və ondan istifadə hüququ lizinq alana tam həcmdə keçir.
32. Maddə 748-2.5. Maliyyə lizinqi zamanı lizinq obyektinə mülkiyyət hüququ, əgər maliyyə lizinqi müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, bütün lizinq ödənişlərinin verilməsi şərti ilə müqavilə müddəti başa çatmazdan əvvəl lizinq alana keçir.
33. Maddə 748-10.4. Lizinq alanın lizinq ödənişlərinin verilməsi ilə bağlı öhdəlikləri, lizinq müqaviləsi ilə ayrı qayda nəzərdə tutulmayıbsa, lizinq alanın lizinq obyektindən istifadəyə başladığı vaxtdan qüvvəyə minir.
Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi
34. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.
35. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
36. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
37. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
38. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
39. Maddə 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir.
40. Maddə 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır.
41. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər;
42. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
43. Maddə 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
Apellyasiya baxışının hədləri
44. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
45. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
46. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Kontitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli qərarında deyilir ki, “Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədlərini həmçinin dispozitivlik prinsipinin mahiyyətini təşkil edən “məhkəmə tərəflərin irəli sürdüyü tələblərdən kənara çıxmamalıdır” tələbi müəyyən edir. Bu tələb məhkəmənin qətnaməsindən şikayət verilməsi mərhələsində “nə qədər şikayət - o qədər qərar” qaydasına çevrilir”.
47. Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası (bundan sonra – Məhkəmə) qeyd edir ki, iddiaçı qətnaməni illik 5 faizlə hesablanmış borcdan rədd olunmuş 611,35 ABŞ dollarına münasibətdə və lizinq predmetinin cavabdehdən alınmaması hissəsində mübahisələndirir. Odur ki, məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-ci maddəsinin tələbindən çıxış edərək qətnamənin əsaslılığını mübahisələndirilən hissələrdə yoxlamışdır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
48. Məhkəmə, qeyd edir ki, birinci instansiyası məhkəməsi Mülki Məcəlləsinin 445.7ci maddəsinə əsasən cavabdehdən tutulmalı borcun hesablanmasında düzgün nəticəyə gəlsə də, lizinq predmetinin iddiaçıya qaytarılmaması hissəsində düzgün nəticəyə gəlməmişdir.
49. Beləliklə, birinci instansiya məhkəməsi tərəfindən mübahisələndirilən hissədə maddi və prosessual hüquq normaları qismən pozulmuş, bu da mübahisələndirilən hissədə qismən əsassız qətnamənin qəbul edilməsi ilə nəticələnmişdir.
50. İlk öncə məhkəmə qeyd edir ki, tərəflər arasında bağlanmış lizinq müqaviləsi etibarsız olmamış və tərəflərin həqiqi hüquqi maraqlarına uyğun olmuşdur. Belə ki, iddiaçı mülkiyyətinə aldığı nəqliyyat vasitəsini cavabdehin istifadəsinə vermiş, cavabdeh isə lizinq predmetini qəbul edərək lizinq predmetindən istifadəyə dair muzdun ödənişindən qismən ödənişlər etmişdir.
51. Məhkəmə araşdırması zamanı müəyyən edildiyi kimi, iddiaçı ilə cavabdeh arasında 01 aprel 2015-ci il tarixli 38/LA nömrəli daxili maliyyə lizinq müqaviləsinə əlavə razılaşma bağlanmışdır. Müqavilənin icrası olaraq iddiaçı 1 ədəd RANGE ROVER SPORT” minik markalı (Tip universal, Ban: SALLSAAE4AA234548, rəngi qara metallik, buraxılış ili 2009-ci il) **-AK-*** dövlət qeydiyyat nişanlı avtomobilini öz mülkiyyətinə əldə etmiş və muzdla 12 ay müddətinə lizinq ödənişi illik 24% olmaqla lizinq alanın müvəqqəti sahibliyinə və istifadəsinə vermişdir.
52. Cavabdeh lizinq müqviləsi üzrə öhdəliklərini lazımınca icra etməmiş və lizinq ödənişlərinə görə borcu yaranmışıdır. Borcun mövcudluğu cavabdehin özü tərəfindən birinci instansiyası məhkəməsində inkar edilməyərək etiraf edilmiş və buna müvafiq birinci instansiyası məhkəməsinin qətnaməsi ilə tutulmuş əsas borca münasibətdə təmin edilmiş borc məbləğ mübahisələndirilmir.
53. İddiaçı müqavilə müddəti bitəndən sonra hesabdığı 5206,35 ABŞ dolları məbləği tələb etmiş, lakin birinci instansiyası məhkəməsi bu hissədə iddianı qismən təmin edərək 4595 ABŞ dollarının cavabdehdən tutulmasını qət etmiş və iddiaçı tərəfindən iddianın bu hissəsində mübahisələndirilən hissə 611,35 ABŞ dollarıdır.
54. Müəyyən olunduğu kimi, tərəflər arasında 12 ay müddətinə lizinq müqaviləsi xx.xx.2015-ci il tarixdə bağlanmışdır. Müqavilə 12 ay müddətinə bağlansa da cavabdehə verilmiş “ödəniş cədvəli”ndə sonuncu ödəniş günü kimi xx.xx.2017-ci il müəyyən edilmişdir.
55. Tərəflərin razılaşmasının sonradan dəyişməsinə dair iş materiallarında sübutlar mövcud olmasa da məhkəmə hesab edir ki, ödəniş cədvəlində olan son ödəmə tarixi məhz tərəflər arasında müqavilə münasibətlərinin bitməsi tarixidir ki, birinci instansiyası məhkəməsi haqlı olaraq Mülki Məcəllənin 445.7-ci maddəsinə əsasən tutulmalı olan məbləğin hesablanma tarixini məhz xx.xx.2017-ci il tarixdən götürməkdən haqlı olmuşdur.
56. Lizinq predmetinin qaytarılmaması ilə bağlı apellyasiya şikayətinin dəlilləri ilə razılaşan məhkəmə hesab edir ki, apellyasiya şikayəti qiymət verilən hissədə təmin edilməli və lizinq predmeti lizin verən olan mülkiyyətçiyə qaytarılmalıdır.
57. Birinci instansiyası məhkəməsi lizinq predmetinin lizinq verənə qaytarılmasından imtina edərkən qeyd etmişdir ki, iddiaçı hazırkı halda lizinq müqaviləsinə vaxtından əvvəl xitam vermədiyindən və cavabdehdən lizinq müqaviləsi üzrə bütün ödənişi (öhdəliyin tam icrasını) tələb etdiyindən lizinqalanın lizinq obyektinin ona qaytarılmasını tələb etmək hüququ yoxdur.
58. Qeyd edilməlidir ki, lizinq müqaviləsi lizinq verənin mülkiyyətində olan və müvəqqəti istifadəyə verilmiş lizinq predmetindən istifadə müqaviləsidir ki, lizinq verən əşyanı istifadə üçün lizinq alana verməyi, lizinq alan isə lizinq predmetindən istifadəyə görə lizinq verənə muzd ödəməyi öhdəsinə götürür.
59. Belə olaan halda lizinq müqaviləsinin bağlandığı an əşyanın lizinq alanın mülkiyyətinə keçməsi və bununla da, mülkiyyətçinin dəyişməsi baş vermir. Satın alma şərtləşdirildiyi halda (bir qayda olaraq lizinqin cəlbediciliyi bu şərtə görə mövcud olur) həmin əşya sonda lizinq alana satılır. Lizinq müqaviləsi lizinq verənin öz əmlakından daha yüksək dəyər əldə etməsinə, lizinq alanın isə aylıq haqq ödənişi müqabilində həmin əmlakdan faydalanmasına (gəlir götürməsinə, yaxud götürmədən istifadə etməsinə) imkan yaradır.
60. Beləliklə, lizinq daha çox mülkiyyətçinin öz əmlakını nisyə alğı-satqı yolu ilə hissəvi ödəniş əsasında satılmasına yönələn hərəkəti kimi xarakterizə edilir. Kredit şərtləri və ya hər hansı digər əsasla əldə olunan əmlakdan fərqli olaraq, lizinq şərtləri ilə əldə olunan əmlak üzərində onun mülkiyyət hüququ dərhal yaranmır. Qeyd edildiyi kimi, lizinq obyekti üzərində mülkiyyət hüququ lizinq ödənişinin tam ödənilməsindən və müqavilə şərtlərinin tam icra olunmasından sonra lizinq verənin iradəsi ilə lizinq alana keçir.
61. Belə ki, lizinq müqaviləsinə görə, lizinq alana müqavilə müddəti qurtardıqdan sonra lizinq predmetini əldə etmək və ya kirayələmək vəzifəsi həvalə edilə bilər və ya belə hüquq verilə bilər, bu şərtlə ki, müqavilə öz predmetinin tam amortizasiyası ilə bitməsin.
62. Tərəflər arasında bağlanmış lizinq müqaviləsinin 3.5-ci bəndinə əsasən müqavilə ilə müəyyən edilmiş bütün lizinq ödənişlərini tam ödədikdə və bu müqavilənin müddəti bitdikdə, lizinq alan lizinq obyektini lizinq verənlə razılaşdırılmış qiymətə satın almaq hüququna malikdir.
63. Bəlli olduğu kimi satın alınma dedikdə tərəflər arasında baş tutmuş alğı-satqını nəzərdə tutur ki, hazırki işin məhkəmə araşdırması zamanı müəyyən edildiyi kimi cavabdeh lizinq müqaviləsi üzrə öhdəliklərini icra etməmiş və tərəflər arasında lizinq predmetinin alğı-satqısına dair müqavilə bağlanmamışdır.
64. Hazırki vəziyyətdə lizinq predmeti lizinq verənin müəlkiyyətindədir ki, mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur (Mülki Məcəllə - maddə 152.1).
65. Tərəflər arasında bağlanmış lizinq müqaviləsinin müddətinin bitməsi və cavabdeh tərəfindən müqavilə öhdəliklərinin yerinə yetirilməməsi işin mübahisəsiz hallarıdır. Hazırki vəziyyətdə lizinq alanın lizinq predmetindən istifadəsi qanuni olmadığından mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər (Mülki Məcəllə - maddə 157.2).
66. Görüdüyü kimi iddiaçının lizinq predmetini cavabdehdən tələb etmək hüququ vardır və bu hüquq mülkiyyətçı hüquqlarına söykənməklə tərəflər arasında bağlanmış lizinq müqaviləsindən irəıli gəlir. Lizinq ödənişlərinin tələb edilməsi isə lizinq muqaviləsinin tələbi olmaqla lizinq predmetindən istifadəyə görə müzdu ehtiva edir.
67. Qeyd olunmalıdır ki, mülki münasibətlərdə hüquq və vəzifələrin əmələ gəlməsi, bir qayda olaraq, müqavilələrlə (əqdlərlə) bağlıdır. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Müqavilənin bağlanması üçün tərəflərin razılaşdırılmış iradə ifadəsi olmalıdır.
68. Hər kəs müqavilə bağlamaqda müstəqildir və müqavilə azadlığı mülki qanunvericiliyin əsas prinsiplərindən biridir (Mülki Məcəllənin 6-cı maddəsi). Həmin prinsip mülki hüquq subyektlərinə müstəqil olaraq, heç kəsin iradəsindən asılı olmadan öz mülahizə və istəklərinə görə mənafelərini nəzərə almaqla müqavilə bağlamaq imkanı verir.
69. Mülki Məcəllənin “Müqavilə hüququ” adlanan 20-ci fəslinin məqsədi müqavilə hüquq münasibətlərinə girən tərəflərin sərbəst iradə ifadəsi və bərabərliyi prinsiplərinə riayət etməklə və onların müqavilə maraqlarını qorumaqla mülki dövriyyənin azadlığını təmin etməkdir.
70. Mülki Məcəllənin 390.1-ci maddəsinin məzmununa görə, fiziki və hüquqi şəxslər müqavilə əsasında öz hüquq və vəzifələrinin, həmçinin müqavilənin qanuna zidd olmayan istənilən şərtinin müəyyən edilməsində sərbəstdirlər.
71. Mülki qanunvericilikdə müqavilə hüququnun əsasını təşkil edən müqavilə azadlığı prinsipi ilə yanaşı, bağlanan müqavilələrin ümumi şərtlərini (müqavilənin növlərini və formasını, onun standart şərtlərini, dəyişdirilməsinin və ləğv edilməsinin əsaslarını və s.), o cümlədən bağlanmış müqavilənin qüvvəsini tənzimləyən bir sıra müddəalar nəzərdə tutulmuşdur.
72. Müqavilə münasibətlərində tərəflər bərabər hüquq və vəzifələrə malik olmaqla balanslaşdırılmış ortaq maraqdan çıxış edir. Həmin müqaviləni bağlayan şəxslərin iqtisadi marağı onda ifadə olunur ki, bir tərəf lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyi nəzərdə tutur. Müqavilənin mahiyyəti onda ifadə olunur ki, belə razılaşmada hər iki tərəfin mənafeyi qorunur.
73. Mülki qanunvericilik müqavilə şərtlərinin məcburiliyini və icra edilməli olduğunu təsbit edir. Bu prinsipə görə, bağlanmış müqavilələr onlarda göstərilən və tərəflərin razılığa gəldikləri şərtlər əsasında da icra edilir. Həmin prinsip müəyyən edir ki, müqavilə qüvvəyə mindiyi andan tərəflər üçün məcburi xarakterə malik olur və onun şərtləri, bir qayda olaraq, dəyişdirilmir. Bu, mülki dövriyyənin sabitliyini, möhkəmliyini və dayanıqlığını təmin edir. Eyni zamanda, mülki qanunvericilik müqavilənin qüvvədə olduğu müddət ərzində dəyişdirilməsinin və ləğv edilməsinin mümkünlüyünü nəzərdə tutur.
74. Məhkəmə qeyd edir ki, cavabdeh azad surətdə iddiaçı ilə lizinq müqaviləsi bağlamış və özü üçün hüquq və vəzifələr müəyyən etmiş, həmin vəzifələrin icra edilməməsinin nəticələri ilə razılaşmışdır.
75. Məhkəmə qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apellyasiya şikayəti qismən təmin olunmalı, birinci instansiya məhkəməsinin qətnaməsi “lizinq predmetinin iddiaçıya qaytarılmaması” hissəsində ləğv edilərək iddia həmin hissədə təmin edilməli, apellyasiya şikayəti qalan hissədə təmin edilməməlidir.
76. Məhkəmə həmçinin qeyd edir ki, Mülki Prosessual Məcəllənin 402.1-ci maddəsinin tələbinə görə hazırki qətnamənin “lizinq predmetinin cavabdehdən alınması” hissəsindən cavabdeh tərəfindən kassasiya şikayəti verilə bilər. Apellyasiya şikayətinin təmin olunmamış 611,35 ABŞ dolları borcun cavabdehdən tutulmaması hissəsindən isə mübahisələndirilən məbləğin 5000 manatdan az olması ilə bağlı kassasiya şikayəti verilə bilməz.
77. Yuxarda göstərilənlərə əsasən, Azərbaycan Respublikasının Mülki Posessual Məcəlləsinin 10-1, 372.1, 382, 384.0.2, 388, 392, 393, 402, 404, 404 və 405-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə
qət etdi : İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(115)-1810/2024 nömrəli qətnaməsi “Cavabdeh sahiblik və istifadəsinə verilmiş “RANGE ROVER SPORT” minik markalı (Tip universal, Ban: SALLSAAE4AA234548, rəngi qara metallik, buraxılış ili 2009-ci il) **-UU-*** dövlət qeydiyyat nişanlı olan avtomobilin tam işlək vəziyyətdə ləğv prosesində olan İddiaçı ASC-yə qaytarılmaması” hissəsində ləğv edilsin və həmin hissədə yeni qətnamə çıxarılaraq iddia təmin edilsin. Cavabdeh sahiblik və istifadəsinə verilmiş “RANGE ROVER SPORT” minik markalı (Tip universal, Ban: SALLSAAE4AA234548, rəngi qara metallik, buraxılış ili 2009-ci il) **- UU-*** dövlət qeydiyyat nişanlı olan avtomobil tam işlək vəziyyətdə ləğv prosesində olan İddiaçı ASC-yə qaytarılsın. Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(115)-1810/2024 nömrəli qətnaməsi mübahisələndirilən 611,35 ABŞ dolları borcun cavabdehdən tutulmaması hissəsində dəyişdirilmədən saxlanılsın. Qətnamənin, “lizinq predmetinin Cavabdeh alınaraq İddiaçı ASC-yə qaytarılması” hissəsindən qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Cavabdeh tərəfindən Gəncə Apellyasiya Məhkəməsi vasitəsilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.