Məhkəmə qərarları › İş №2-2(104)-56/2025

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(104)-56/2025

19.09.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2-2(104)-56/2025 19.09.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası - hakimlər Rzaquliyev Şamil Qəhrəman oğlu (sədrlik edən və məruzəçi), Mehtiyev Fikrət Ədilşah oğlu və Məcidov Rüfət Azadəli oğlundan ibarət tərkibdə, Vəlizadə Vasif Etibar oğlunun katibliyi, Cavabdeh nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə, İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdehnə qarşı pul tələbinə dair kommersiya işi üzrə Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(115)- 795/2024 saylı qətnaməsindən Cavabdeh nümayəndəsi və vəkili Vəkil2 tərəfindən verilmiş apellyasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(115)-795/2024 saylı qətnaməsi ilə (hakim R.Qələndərzadə) iddianın qismən təmin edilməsi, Cavabdehndən 40000 manat məbləğində pul və 210 manat məbləğində dövlət rüsumunun tutularaq iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi, iddianın qalan hissədə rədd edilməsi, ödənilmiş 6 manat dövlət rüsumunun iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə aid edilməsi qət edilmişdir. Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(115)-795/2024 saylı əlavə qətnaməsi ilə iş üzrə 102 manat ekspertiza xərcinin Cavabdehndən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinə (Az.MEM, VÖEN **********, AZ34CTRE**********000 2088501, X1, KOD 210005 VÖEN ********** müxbir hesab AZ 41NABZ013601**********3944 SWİFT BİK CTREAZ 22) ödənilməsi qət edilmişdir. Cavabdeh nümayəndəsi apellyasiya şikayəti verərək, Gəncə Kommersiya Məhkəməsinin e-2-2(115)-795/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsinin iddia tələbinin təmin olunduğu hissədə ləğv edilməsini xahiş etmişdir. İşin halları: İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti Cavabdehnə qarşı iddia ərizəsi ilə Gəncə Kommersiya Məhkəməsinə müraciət edərək, Cavabdeh MMC-dən 41750 manat manat məbləğində pulun, 216 manat dövlət rüsumunun tutularaq "xxxx" MMC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" MMC ilə Cavabdeh MMC arasında 15 mart 2023-cü il tarixli quraşdırma servis müqaviləsi bağlanmışdır. 15 mart 2023-cü il tarixli quraşdırma servis müqaviləsinin əlavəsində göstərilən avadanlıqların quraşdırılması Cavabdeh MMC tərəfindən öhdəlik götürülmüş və bunun ödənişi olaraq 87740 manat ödənilməli idi. Cavabdeh MMC tərəfindən 15 mart 2023-cü il tarixli quraşdırma servis müqaviləsinin əlavəsində göstərilən sənaye tipli soyuducu avadanlıqların yerinə başqa adlı məişət təyinatlı soyuducu avadanlıqlar quraşdırılmışdır. Bu avadanlıqların quraşdırılması ilə əlaqədar "xxxx" MMC tərəfindən 41750 manat Cavabdeh MMC-yə ödəniş edilmişdir. Göründüyü kimi Cavabdeh MMC müqavilə öhdəliklərini kobud şəkildə pozmuş və bununla da şirkətin maraqlarına zərər vurulmuşdur. Belə ki, sənaye tipli soyuducu avadanlıqların təyinatı, gücü ilə məişət tipli soyuducu avadanlıqların təyinatı, gücü arasında böyük fərq mövcuddur. Bu deməkdir ki, cavabdeh tərəfindən quraşdırılmış avadanlıq müqavilə üzrə uyğun deyil və bununla şirkətin fəaliyyətində ləngimələr yaranmışdır. İş üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi qəbul edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayətini onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi işə tam, obyektiv və hərtərəfli baxmamış, sübutları düzgün qiymətləndirməmişdir. Belə ki, müqavilənin adından və predmetindən görünür ki, tərəflər arasında Quraşdırma və servis müqaviləsi bağlanmışdır. Müqavilədən irəli gələn öhdəliklərdən görünür ki, icraçı müqavilənin 1 və 3 saylı əlavələrində qeyd edilən avadanlıqları özünün əldə etdiyi materiallarından hazırlayaraq sifarişçiyə təhvil verilməlidir. İcraçı təxminən 48000 (qırx səkkiz min) manat miqdarında olan avadınlıqları öz hesabına hazırlayarq sifarişçiyə təhvil vermişdir. Bu hal heç bir tərəfdən mübahisələndirilməmişdir. Beləliklə, icraçı müqavilədə qeyd olunan avadanlıqları özünün əldə etdiyi materiallardan hazırlayar sifarişçiyə təhvil verməklə həmin avadanlıqlara görə mülkiyyəti sifarişçiyə vermiş oldu. Bu halda alqı-satqı qaydaları tətbiq edilir. Alğı-satqı qaydalarına görə də alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Bundan başqa, tərəflər arasında bağlanan “Quraşdırma Servis müqaviləsinə” görə icraçı quraşdırılan işlərə 12 ay zəmanət vermişdir. Göründüyü ki, iddiaçı iddia tələbində cavabdeh tərəfindən quraşdırılmış avadanlıqların yerinə başqa adlı məişət təyinatlı soyuducu avadanlıqları quraşdırılması iddia edilirdi. Lakin bu hal öz təsdiqini tapmamışdır. Bundan sonra iddiaçının nümayəndəsi quraşdırılan soyuducuların istənilən soyuqluğu vermədiyini məhkəmədə şifahi iddia etmişdir. Zənn edək ki, quraşdırılmış avadanlıqlar qüsurludur. Belə olan halda da iddiaçı ödədiyi vəsaiti geri tələb etmək hüququ yaranmır. Çunki, “Quraşdırma Servis müqaviləsinə” görə icraçı quraşdırılan işlərə 12 ay zəmanət vermişdir. İddiaçı belə halda cavabdehdən quraşdırılmış avadanlıqları təmirini (servisini) və ya həmin avadanlığa uyğun əşya ilə əvəzləşdirilməsini tələb edə bilərdi. Lakin icraçı tərəfindən kiçik soyutma anbarında avadanlıqları xx.xx.2023-cü il tarixdə quraşdırdıqdan və təhvil verdikdən sonra iddiaçı alavadanlıqların qüsurla işləməsi barədə cavabdehə heç bir pretenziya etməmişdir. Lakin göründüyü kimi, iddia tələbində cavabdeh tərəfindən quraşdırılmış avadanlıqların qüsurlu işləməsi barədə heç bir söz deyilmir və bu barədə cavabdehə qarşı heç vaxt pretenziya edilməmişdir. Beləliklə,tərəflər arasında xx.xx.2023cü il tarixdə bağlanmış “Quraşdırma servis müqaviləsi”ndən görünür ki, müqavilənin predmeti "xxxx" AzServis MMC “Sifarişçi” "xxxx" MMC-nin Xırdalan şəhərində yerləşən Abşeron pivə zavodda 2 ədəd pivə saxlama sahəsində soyuducu qrupların yenidən yığılması "xxxx" tərəfindən yerinə yetirilməsi, “Sifarişçi” isə yerinə yetirilən işlərə müqavilənin ayrılmaz hissəsi olan 1 saylı əlavədə göstərilən 87740 manat pulu “icraçıya” ödənilməsini öhdəsinə götürmüşdür. Müqavilənin 2 saylı əlavəsinə görə, işin başlanma vaxtı, razılaşmaya əsasən bankla köçürüləcək vəsait oturduqdan sonra 45 gün ərzində pivə saxlama deposunda (0+2) dərəcəli soyuducu aqreqatları quraşdırılıb təhvil veriləcəkdir. Quraşdırılan aqreqatlarla 12 ay zəmanət verilir. Sifariçşi müəyyən olunmuş vəsaitdən 30000 manat ödədikdən sonra cavabdeh ilk olaraq kiçik soyutma anbarında avadanlıqlar quraşdırılmış və xx.xx.2023-cü il tarixdə anbar təhvil verilmişdir. Bundan sonra icraçı böyük soyutma ambarında soyuducu avadanlıqların dayaq aqreqatlarını(kronşteynlərini) quraşdıraraq icraçıdan ödənişi tələb etmişdir. İcraçı ümümumilikdə 48000 manat dəyərində avadanlıq quraşdırmışdır. Bundan sonra sifarişçi ödəniş etmirdi, vəsaitin gecikməsini isə maliyyə vəziyyətinin pis olmağı ilə əsaslandırmışdır və yalnız yay mövsümündən sonra ödənişin qalan hissəsini ödəyə biləcəyini bildirmişdir. Halbuki, müqaviləyə görə sifarişçi razılaşdırılmış vəsaitin icraçının bank hesabına ödənildikdən sonra icraçı öhdəsinə düşən işlərə başlamalı idi. Beləliklə, icraçı müqavilə üzrə öhdəsinə düşən öhdəliyi icra etmişdir və sifarişçiyə heç bir ziyan vurmamışdır. Hesab edirlər ki, məhkəmə sübutları düzgün, tam və hərtərəfli qiymətləndirməmişdir. Belə ki, məhkəmə iş üzrə sübut kimi ekspert rəyini qiymətləndirmişdir və bu ekspert rəyinə mötəbərliyi şübhə doğurmayan sübut kimi qiymətləndirmişdir. Halbuki, ekspertin rəyi məhkəmə üçün məcburi deyildir. Bundan başqa, ekpertin rəyi natamamdır. Belə ki, soyuducu cihazlar iki hissədən ibarətdir (iç və çöl bloklarından). Lakin ekspert soyuducu qurğuların "xxxx" MMC-yə məxsus istehsalat binasının damının üstündə yerləşdiyini müəyyən etmişdir. Halbuki, soyudu qurğuların iç blokları birbaşa anbarın içinə quraşdırılır. Anbarın içində quraşdırılan iç blokların markası “BUZÇELİK” olmuşdur, damda yerləşən soyuducu bloklar isə “ARTEL” markalı olmuşdur. Həmçinin qurğuların hər birinə gücləndirici qurğu qoyulmuşdur. Lakin ekspert anbarın daxilində soyudu qurğularla bağlı tədqiqat aparmamışdır. Bundan başqa, cavabdeh tərəfindən quraşdırılan və "xxxx" MMC-yə məxsus istehsalat binasının damının üstündə yerləşdirilən soyuducu qurğular sökülmüş vəziyyətdədir və iddiaçı tərəfindən başqa soyuducu qurğular quraşdırılmışdır. Belə olan halda, ekspert necə müəyyən edə bilər ki, cavabdeh tərəfindən quraşdırılmış soyuducu qurğuların və mişar daşından inşa edilmiş, üstü dəmir-beton plitələrlə bağlanmış otağın girişindəki termoaparatın göstəricisi 2.5°C-i necə göstərə bilər? Halbuki tərəflərin tədqiqat obyektinə ekspertlə yanaşı tərəflər iştirak etmişlər və ekspert o zaman fərqli fikirlər bildirmişdir. Hesab edirlər ki, ekpert rəyi həqiqətə uyğun deyil, rəydəki ziddiyətlər göz qabağındadır və məhkəmə tərəfindən eskpertin rəyi düzgün qiymətləndirilməmişdir. Belə olan halda əlavə və kompleks ekspertizasının təyin olunması zəruridir. İddia tələbindən aşkar görünür ki, iddiaçı cavabdeh tərəfindən quraşdırılmış avadanlıqların yerinə başqa adlı məişət təyinatlı soyuducu avadanlıqları quraşdırılması nəticəsində pul tələbinə dair iddia irəli sürmüşdür. Bu halla bağlı məhkəmə tərəfindən ekspertiza təyin edilmişdir və ekspert rəyi ilə iddia tələbi özü təsdiqini tapmamışdır. Lakin sonradan iddiaçının nümayəndəsi quraşdırılan soyuducuların istənilən soyuqluğu vermədiyi barədə məhkəmədə şifahi iddia etmişdir və məhkəmə verilən tələbdən kənara çıxaraq yalnış qətnamə çıxarmışdır. İddia tələbində cavabdeh pulun alınması üçün əsas soyuducuların istənilən soyuqluğu vermədiyi əsası olmadığı halda məhkəmə kənara çıxaraq ekspert qarşısında quraşdırılmış soyuducu qurğuların daimi əsasla anbarda müqaviləyə əlavələrdə göstərilən dərəcəni (0-+2) əldə etmək güca vardırmısualı qoymaqla iddia tələbindən kənara çıxmış olmuşdur. Məhkəmə xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən iddiaçının cavabdehə qarşı pul tələb etmək barədə subyektiv hüququ olub-olmadığını müəyyən etməmişdir. Quraşdırılmış avadanlıqlar qüsurlu olduğu haldaiddiaçı cavabdehdən quraşdırılmış avadanlıqları təmirini (servisini) və ya həmin avadanlığa uyğun əşyailə əvəzləşdirilməsini tələblə çıxış edə bilərdi. Həmçinin cavabdeh avadanlıqları öz hesabına quraşdırmaqla həmin əşyaları iddiaçının mülkiyyətinə vermiş olduğu halda iddiaçının pul tələbi ilə bağlı tələb irəli sürməyə hüquqi əsası yaramır. Həmçinin iddiaçı cavabdehə işlərin görülməsi üçün 40000 manat pul ödədiyi halda cavabdeh 48000 manat dəyərində avadanlıq quraşdırmışdır. Həmin avadanlıqlar iddiaçının mülkiyyətinə keçdiyi halda iddiaçı cavabdehə 8000 manat pul qaytarmalıdır. Apellyasiya şikayətləri üzrə izahatlar və prosessual məsələlər: Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq iddiaçının nümayəndəsi məhkəmə iclasına gəlməmiş, lakin məhkəmə kollegiyasına ərizə göndərərək apellyasiya şikayətinin təmin edilmədən, qətnamənin isə dəyişdirilmədən saxlanılmasını və işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respubilkasının MPM-in 376.2-ci maddəsinə əsasən işə gəlməmiş şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili Vəkil2 apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək şikayətin təmin edilməsini xahiş etdi. Cavabdehin nümayəndəsi əlavə olaraq göstərdi ki, cavabdeh kiçik anbardan başqa ikinci anbarda, yəni böyük anbarda da müəyyən işlər görmüş, o cümlədən dayaq aqreqatları qurulmuş və sair işlər görülmüş, kiçik anbarda isə çöl bloklarından başqa iç blokları quraşdırılmış, iddiaçı çöl bloklarını sökdürüb kənara qoymuş olsa da, lakin iş bloklarından hazırkı vaxtadək istifadə etməkdə davam edir. Cavabdehin nümayəndəsi eləcə də izah etdi ki, onlar soyuducu avadanlıqlara əlavə qurğular qoşmaqla iddiaçıya məxsus anbarlarda lazımi temperaturun əldə edilməsini təmin edə bilərdilər. Məhkəmənin əvvəlki iclasında iştirak etmiş iddiaçının nümayəndəsi apellyasiya şikayətinə etiraz edərək həmin şikayətin təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmiş, izahatında cavabdeh tərəfindən quraşdırılmış avadanlıqların aralarında bağlanmış müqavilədə nəzərdə tutulmuş gücdə olmadığını, həmin qüsurun cavabdeh tərəfindən vaxtında aradan qaldırılmadığını bildirmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materialları ilə əlaqəli şəkildə hərtərəfli, tam, obyektiv və qərəzsiz araşdırıb, toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilmədən, Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(115)-795/2024 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarında olan "xxxx" MMC ilə Cavabdeh MMC arasında bağlanılmış 15 mart 2023-cü il tarixli quraşdırma servis müqaviləsindən görünür ki, müqaviləyə əsasən icraçı sifarişçinin Xırdalan şəhərində yerləşən Abşeron pivə zavodda 2 ədəd pivə saxlama sahəsinə soyuducusu qrupların yenidən yığılması işlərini yerinə yetirməyi, sifarişçi isə yerinə yetirilən işləri müqavilənin şərtlərinə müvafiq formada ödənişləri həyata keçirməyi öhdəsinə götürmüşdür. Həmin müqaviləyə 1 saylı əlavədən görünür ki, ümumi işlərin görülməsi üçün sifarişçinin icraçıya ödəməli oduğu məbləğ 87740 manat təşkil etmişdir. Həmin müqaviləyə 2 saylı əlavədən görünür ki, cavabdeh tərəf müqaviləyə əsasən iddiaçı tərəfindən müvafiq məbləğ köçürüldükdən sonra 45 gün ərzində pivə saxlama deposunda (0+2) dərəcəli soyuducu aqreqatları quraşdırılıb təhvil verilməsini öhdəlik olaraq götürmüşdür. Quraşdırılan soyuducu aqreqatlara 12 ay zəmanət verilir. İş materiallarında olan kassa məxaric orderinin surətindən görünür ki, "xxxx" MMC tərəfindən qıcqırma sexində soyuducu avadanlıqların quraşdırılması üçün Şahid 10.000 manat ödəniş edilmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli ********** nömrəli ödəniş tapşırığından görünür ki, "xxxx" MMC tərəfindən quraşdırma servis müqaviləsinə əsasən Cavabdeh MMC-yə 30000 manat ödəniş edilmişdir. İş materiallarında olan Gəncə Kommersiya Məhkəməsinin 07 iyun 2024-cü il tarixli qərardadına əsasən təyin edilərək alınmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 03 sentyabr 2024-cü il tarixli 3-16-16/2-10/5018 nömrəli ekspert rəyindən görünür ki, Cavabdeh MMC tərəfindən 15 mart 2023-cü il tarixli quraşdırma servis müqaviləsi əsasında "xxxx" MMC-nin pivə saxlama anbarında quraşdırılmış soyuducu qruplar öz texniki xüsusiyyətlərinə, quruluşuna və göstəricilərinə görə sənaye təyinatlıdır, lakin həmin qurğuların gücü saxlama anbarının soyutma kamerasının həcminə uyğun deyil. Cavabdeh MMC tərəfindən 15 mart 2023-cü il tarixli quraşdırma servis müqaviləsi əsasında "xxxx" MMC-nin pivə saxlama anbarında quraşdırılmış soyuducu qruplar tərəflər arasında olan müqavilə və ona əlavələrə uyğun deyil. Cavabdeh MMC tərəfindən 15 mart 2023-cü il tarixli quraşdırma servis müqaviləsi əsasında "xxxx" MMC-nin pivə saxlama anbarında quraşdırılmış soyuducu qrupların daimi əsasla anbarda müqaviləyə əlavələrdə göstərilən (0- +2) dərəcəni əldə etmək gücünün olmadığı müəyyən edildi. Ekspertiza tədqiqatının dəyəri 102 manat təşkil edir. Məhkəmə kollegiyasının xx.xx.2025-ci il tarixli qərardadına əsasən yenidən məhkəmə mühəndis-texniki ekspertizası təyin edilmiş və Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli 10/3925 nömrəli rəydən görünür ki, "xxxx" MMC-yə məxsus Xırdalan şəhərində yerləşən Abşeron pivə zavodunun 2 ədəd saxlama anbarlarının hər birində 0°C + 2°C temperaturun təmin edilməsi üçün hər bir anbar üçün təqribən 200 kWt gücdə soyuducu qrupun quraşdırılması tələb olunur. Anbar tikililərinin istidən düzgün izolyasiya (termoizolyasiya) olunmasının temperaturun sabit 0°C + 2°C saxlanmasında müstəsna rolu vardır, belə ki, termoizolyasiya olmadıqda (və ya zəif olduqda) yerləşgənin soyudulması çətinləşir, daha güclü avadanlıqların quraşdırılması tələb olunur, avadanlıqlar qoyulmuş temperaturu saxlaya bilmədiyi üçün fasiləsiz (və ya az fasilələrlə) işləyir ki, bu da enerji sərfiyyatı, avadanlığın resurslarının vaxtından əvvəl tükənməsi, eləcə də elektrik təhlükəsizliyi baxımından məqbul deyil. Hazırkı vəziyyətdə (anbar tikililərinin istidən izolyasiya olunduğu halda) iddiaçıya məxsus anbarların hər biri üçün təqribən 200 kWt gücdə soyuducu qrupun quraşdırılmaqla 0°C + 2°C temperatur rejimi təmin edilir. Termoizolyasiyası olmayan yerləşğələrin konstruktiv quruluşundan asılı olaraq, (divarların və dam örtüyünün qalınlığı, materialı və s.) fərqli güclərin tələb olunduğu nəzərə alınmaqla, bu hal üzrə tədqiqat aparılmadı. Cavabdeh MMC tərəfindən 15 mart 2023-cü il tarixli quraşdırma servis müqaviləsi əsasında "xxxx" MMC-nin pivə saxlama anbarında quraşdırılmış soyuducu qruplar (soyuducu qrupun çöl hissəsi, hansı ki hazırda sökülüb kənara qoyulmuşdur) tərəflər arasında olan müqavilə və ona əlavələrə uyğun deyildir. Ekspertiza tədqiqatının dəyəri 102 manat təşkil edir. Məhkəmə kollegiyasının iclasında müəyyən olunmuşdur ki, "xxxx" MMC ilə Cavabdeh MMC arasında bağlanılmış 15 mart 2023-cü il tarixli quraşdırma servis müqaviləsinə əsasən icraçı sifarişçinin Xırdalan şəhərində yerləşən Abşeron pivə zavodda 2 ədəd pivə saxlama sahəsinə soyuducusu qrupların yenidən yığılması işlərini yerinə yetirməyi, sifarişçi isə yerinə yetirilən işləri müqavilənin şərtlərinə müvafiq formada ödənişləri həyata keçirməyi öhdəsinə götürmüş, həmin müqaviləyə 1 saylı əlavəyə görə ümumi işlərin görülməsi üçün sifarişçinin icraçıya ödəməli oduğu məbləğ 87740 manat təşkil etmişdir. Həmin müqaviləyə 2 saylı əlavədən görünür ki, cavabdeh tərəf müqaviləyə əsasən iddiaçı tərəfindən müvafiq məbləğ köçürüldükdən sonra 45 gün ərzində pivə saxlama deposunda (0+2) dərəcəli soyuducu aqreqatları quraşdırılıb təhvil verilməsini öhdəlik olaraq götürmüşdür. İddiaçı tərəfindən 40000 manat pul vəsaiti cavabdehin hesabına köçürülmüş və bundan sonra cavabdeh avadanlıqları quraşdırmağa başlamışdır. İlk olaraq kiçik soyutma anbarında avadanlıqlar quraşdırılmış və xx.xx.2023-cü il tarixdə anbar təhvil verilmişdir. Müqavilə üzrə işlər tam başa çatdırılmadığından tərəflər arasında təhvil-təslim aktı imzalanmamışdır. Bundan sonra tərəflər arasında quraşdırılmış avadanlıqlarla bağlı müəyyən mübahisələr başlamışdır. Belə ki, avadanlıqlar quraşdırıldıqdan bir neçə gün sonra anbarda lazımi dərəcəni əldə etmək mümkün olmamışdır. Bununla bağlı cavabdeh şirkətin nümayəndələrinə məlumat verilmişdir və göstərilən nöqsanların aradan qaldırılması tələb olunmuşdur. Eyni zamanda iddiaçının nümayəndəsi isə məhkəmə iclasında cavabdeh şirkət tərəfindən quraşdırılmış avadanlıqların müqaviləyə uyğun olmamasını, quraşdırılmış avadanlıqların pivə məhsulunun saxlanılması üçün lazımi dərəcənin əldə edə bilmədiyini və mövcud qüsurların aradan qaldırılması ilə bağlı şirkətə dəfələrlə müraciət olunduğunu bildirmişdir. Lakin cavabdeh şirkətin nümayəndələri tərəfindən hər dəfə müxtəlif bəhanələr gətirilərək göstərilən qüsurlar aradan qaldırılmamışdır. İddia tələbini qismən təmin etmiş birinci instansiya məhkəməsi gəldiyi nəticəni belə əsaslandırmışdır ki, mötəbərliyi şübhə doğurmayan ekspert rəyindən görünür ki, cavabdeh tərəfindən müqavilənin şərtlərinə uyğun olan işlər görülməmişdir. Cavabdeh tərəfindən quraşdırılmış avadanlıqlar müqaviləyə və onun əlavələrinə uyğun olmamışdır. Göründüyü kimi cavabdeh tərəfindən işlər lazımi keyfiyyətdə görülməmişdir. İddiaçı tərəfindən bununla bağlı müraciət olunsa da, həmin pozuntular cavabdeh tərəfindən aradan qaldırılmamışdır. Qanunvericiliyin tələbinə görə məmulatın qüsuru nəticəsində, əgər müqavilənin əlavə icrası üçün müəyyənləşdirilmiş müddət qurtardıqdan sonra həmin qüsur tamamilə aradan qaldırılmazsa, sifarişçi müqavilədən imtina edə bilər. Bu halda podratçı müqavilə ilə bağlı xərclərin əvəzini sifarişçiyə ödəməyə borcludur. Belə olan halda məhkəmə hesab edir ki, cavabdeh tərəfindən quraşdırılmış avadanlıqlar müqaviləyə və onun əlavələrinə uyğun olmadığından, işlər qüsurlu yerinə yetirildiyindən və qüsur cavabdeh tərəfindən aradan qaldırılmadığından iddiaçı müqavilə ilə bağlı çəkdiyi xərclərin əvəzini cavabdehdən tələb etməkdə haqlıdır. Ona görə də iddiaçı tərəfindən cavabdehə ödənilmiş 40000 manat məbləğində pul cavabdehdən iddiaçın xeyrinə tutulmalıdır. İddia tələbinin 1750 manat hissəsi ilə bağlı məhkəmə qeyd edir ki, iş materialları ilə 1750 manat pulun cavabdehin müvafiq hesabına köçürülməsi və hər hansı qaydada həmin pulun cavabdehə verilməsi öz təsdiqini tapmır. Odur ki, iddia həmin hissədə rədd edilməlidir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşan məhkəmə kollegiyası aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur (AR MM-in 443.1-ci maddəsi). İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır (AR MM-in 445.1-ci maddəsi). Həmin Məcəllənin 445.2-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır Həmin Məcəllənin 752.1-ci maddəsinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 762.1-ci maddəsinə əsasən podratçı sifarişçi üçün podratı elə icra etməlidir ki, podratın nəticəsi qüsurlardan, üçüncü şəxslərin hüquqlarından və ya iddialarından azad olsun. 762.2-ci maddəsinə əsasən podratın nəticəsi şərtləşdirilmiş keyfiyyətə uyğun gəlirsə, qüsurlardan azad sayılır. Həmin Məcəllənin 762.3-ci maddəsinə əsasən podratçının sifariş edilmiş podrat nəticəsini deyil, başqa podrat nəticəsini təqdim etməsi və ya podratı kəmiyyətcə yerinə yetirməməsi, əgər bunu icra əvəzinə qəbul etmək açıq-aşkar mümkün deyildirsə, qüsurlara bərabər tutulur. Həmin Məcəllənin 763.1-ci maddəsinə əsasən əgər məmulatın qüsuru vardırsa, sifarişçi əlavə icra tələb edə bilər. Podratçı öz seçimi ilə ya qüsuru aradan qaldıra bilər, ya da yeni məmulat hazırlaya bilər. Həmin Məcəllənin 765-ci maddəsinə əsasən məmulatın qüsuru nəticəsində, əgər müqavilənin əlavə icrası üçün müəyyənləşdirilmiş müddət qurtardıqdan sonra həmin qüsur tamamilə aradan qaldırılmazsa, sifarişçi müqavilədən imtina edə bilər. Bu halda podratçı müqavilə ilə bağlı xərclərin əvəzini sifarişçiyə ödəməyə borcludur. Məhkəmə kollegiyası qeyd edir ki, "xxxx" MMC ilə Cavabdeh MMC arasında bağlanılmış 15 mart 2023-cü il tarixli quraşdırma servis müqaviləsinə əsasən icraçı sifarişçinin Xırdalan şəhərində yerləşən Abşeron pivə zavodda 2 ədəd pivə saxlama sahəsinə soyuducusu qrupların yenidən yığılması işlərini yerinə yetirməyi, sifarişçi isə yerinə yetirilən işləri müqavilənin şərtlərinə müvafiq formada ödənişləri həyata keçirməyi öhdəsinə götürmüşdür. Məhkəmə araşdırması zamanı isə cavabdeh şirkət tərəfindən quraşdırılmış avadanlıqların müqaviləyə və həmin müqaviləyə əlavələrə uyğun olmaması, quraşdırılmış avadanlıqların pivə məhsulunun saxlanılması üçün lazımi dərəcənin əldə edə bilməməsi ekspert rəyləri ilə müəyyən olunduğundan birinci instansiya məhkəməsi iddia tələbini yuxarıda göstərilən qaydada təmin etməkdə haqlı olmuşdur. Apellyasiya şikayətinin dəlillərində göstərilir ki, iddiaçı iddia tələbində cavabdeh tərəfindən quraşdırılmış avadanlıqların yerinə başqa adlı məişət təyinatlı soyuducu avadanlıqları quraşdırılması iddia edilirdi. Lakin bu hal öz təsdiqini tapmamışdır. Bundan sonra iddiaçının nümayəndəsi quraşdırılan soyuducuların istənilən soyuqluğu vermədiyini məhkəmədə şifahi iddia etmişdir. Zənn edək ki, quraşdırılmış avadanlıqlar qüsurludur. Belə olan halda da iddiaçı ödədiyi vəsaiti geri tələb etmək hüququ yaranmır. Kollegiya apellyasiya şikayətinin həmin dəlili ilə aşağıdakılara görə razılaşmır. Belə ki, tərəflər arasında bağlanmış xidmət müqaviləsindən və həmin müqaviləyə əlavədən görünür ki, cavabdeh iddiaçıya məxsus pivə saxlama deposunda (0+2) dərəcəli soyuducu aqreqatları quraşdırılıb təhvil verilməsini öhdəsinə götürmüş, lakin işdəki ekspertiza rəylərindən göründüyü kimi soyuducu qruplar öz texniki xüsusiyyətlərinə, quruluşuna və göstəricilərinə görə sənaye təyinatlı olsalar da, lakin həmin qurğuların gücü saxlama anbarının soyutma kamerasının həcminə uyğun deyil. Kollegiya cavabdehin nümayəndəsinin cavabdehin əlavə qurğular qoşmaqla soyuducu qrupların gücünün artırılmasının mümkünlüyü barədə izahatını cavabdeh tərəfindən müqavilə öhdəliyinin lazımi qaydada icra edilməsi kimi qiymətləndirmir. Çünki tərəflər arasında bağlanmış müqaviləyə və həmin müqavilənin tərkib hissəsi olan əlavələrə görə cavabdeh iddiaçıya məxsus anbarlarda müqavilədə nəzərdə tutulmuş temperatur dərəcəsini təmin etməyə qadir olan soyuducu avadanlıqlar quraşdırmalı, iddiaçı isə müqavilə ilə şərtləndirilmiş məbləğdə pulu cavabdehə ödəməli idi. Quraşdırılmış soyuducu avadanlıqlar əlavə qurğuların quraşdırılması isə lazımi gücdə olan avadanlığın quraşdırılması, beləliklə də, müqavilənin lazımi qaydada icra edilməsi sayıla bilməz. Cavabdehin nümayəndəsinin cavabdeh tərəfindən iddiaçıya məxsus anbarlarda 48000 manat dəyərində iş görülməsinə münasibətdə kollegiya qeyd edir ki, Azərbaycan Respublikası MPM-in hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır. Məhkəmə kollegiyası yuxarıda şərh olunanlara hüquqi qiymət verib hesab edir ki, şikayətlə mübahisələndirilən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmış, maddi və prosessual hüquq normalarının tətbiqində səhvə yol verilməmişdir. Ona görə də apelyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin iş üzrə qətnaməsi dəyişdirilmədən saxlanmalı, ekspertiza xərci cavabdehə aid edilməlidir. Azərbaycan Respublikası MPM-in 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-in 372-376, 378-382, 384.0.1, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Gəncə Kommesiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(115)-795/2024 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. İş üzrə 102 manat ekspertiza xərci Cavabdehndən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinə (Az.MEM, VÖEN **********, AZ34CTRE**********0002088501, X1, KOD 210005 VÖEN ********** müxbir hesab AZ 41NABZ013601**********3944 SWİFT BİK CTREAZ 22) ödənilsin. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetdə yerləşdirilməklə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamə şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar