Məhkəmə qərarları › İş №2-2(104)-59/2024

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(104)-59/2024

08.05.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Daşıma müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2-2(104)-59/2024 08.05.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası - hakimlər Rzaquliyev Şamil Qəhrəman oğlu (sədrlik edən və məruzəçi), Süleymanov Loğman Srac oğlu və Həsənov İslam Telman oğlundan ibarət tərkibdə, Tağıyeva Ruhiyə Nadim qızının katibliyi, İddiaçı nümayəndəsi (vəkil) Vəkil2 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı maddi ziyanın ödənilməsi tələbinə dair kommersiya işi üzrə Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(115)-1176/2023 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(115)-1176/2023 saylı qətnaməsi ilə (hakim R.Məmmədov) İddiaçı Cavabdeh qarşı maddi ziyanın ödənilməsi tələbinə dair iddiasının təmin edilməməsi qət edilmişdir. İddiaçı apellyasiya şikayəti verərək Gəncə Kommersiya Məhkəməsinin 2-2(115)- 1176/2023 nörməli xx.xx.2023-cü il tarixli qətnaməsinin ləğv edilməsi vəi iddianın təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. İşin halları: İddiaçı Cavabdeh qarşı kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında maddi ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh İddiaçı xeyrinə 6200 manat zərər məbləğinin və 100 manat mediasiya xərci məbləğinin əvəzi olaraq, cəmi 6300 manat məbləğin tutulması haqqında qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh xx.xx.2023-cü il tarixli ərizə ilə məhkəməyə müraciət edərək, işin iddia icraatı qaydasına keçirilməsini xahiş etmişdir. Gəncə Kommersiya Məhkəməsinin e-2-2(115)-1176/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərardadı ilə işə iddia icraatı qaydasında baxılması qərara alınmışdır. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Cavabdeh (VÖEN **********) üzərinə götürdüyü daşıma üzrə müqavilə öhdəliklərini lazımınca icra etməmiş, bununla da daşıdığı əmlaka ziyan vurmuşdur. Belə ki, şirkətləri Almaniyadan BMW X-5 markalı 99PT696 dövlət qeydiyyat nişanlı avtomobil alaraq, 2020-ci ilin dekabr ayında Gürcüstanın Poti şəhərinə gətizdirmişdir. Daha sonra şirkətin Cavabdeh ilə razılaşmasına əsasən o, həmin avtomobili Potidən Bakıya gətirməyi öhdəsinə götürmüşdür. Razılaşmaya görə Cavabdeh həmin avtomobili idarə etmədən, digər avtomobillərlə yanaşı yük avtomobilinin üzərinə qoymaqla gətirməli idi. Cavabdeh həmçinin bildirmişdir ki, treyler üzərində daşınan avtomobillər, o cümlədən, onlar üçün daşınacaq avtomobil sığortalanmışdır. Lakin avtomobil Bakıya gətiriləndən sonra məlum olmuşdur ki, cavabdeh bu şərtə əməl etməmişdir. Daşınmadan əvvəl Cavabdeh avtomobili Potidə təhvil alarkən videosunu çəkib, onun whatsapp nömrəsinə göndərmişdir. Videoda maşının salonu olan hissəsində kilometrajda 159.063 mil olduğu aydın görünür. 29 dekabr 2020-ci il tarixində saat 11.00 radələrində Meyvəli ərazisində yerləşən gömrük məntəqəsində avtomobil yük daşıma treylerindən düşürülüb, Əliş tərəfindən şirkətin rəhbəri olaraq ona təhvil verilmişdir. Avtomobilə əyləşib, qeydiyyat üçün müayinə məntəqəsinə növbəyə keçmişdir. Növbədə avtomobillə hərəkət etdikdə mühərrikdən gələn səs onu narahat etmişdir. O aldığı videoda olan kilometrajı ilə (159.063 mil) avtomobili təhvil aldığı andakı kilometraj (159.290 mil) göstəricilərini müqayisə etmiş və bu iki göstərici arasında 227 mil (365 km) fərq aşkar etmişdir. Bu zaman o, Əlişi çağırıb, öz telefonu ilə kilometraj lövhəsinin şəklini çəkib, onun whatsapp nömrəsinə göndərməyi xahiş etmişdir. Cavabdeh bunu etdikdən sonra ona məsələni danışmışdır. Bildirmişdir ki, avtomobil 350 km sürülüb və buna görə də mühərrikdə səs əmələ gəlmişdir. Əliş avtomobilin sürülməsini inkar etmişdir. O, avtomobili avtoservisə aparmışdır. Oranın mütəxəssisləri müayinə edib, təmirin xərcinin 6000-7000 manat arası olacağını, daha dəqiqini isə mühərrik söküləndə bilinəcəyini demişlər. Təmir müəssisəsindən verilmiş zərər haqqında rəyə əsasən avtomobilə dəymiş zərərin dəyəri 6200 manat təşkil edir. O, aldadıldığını düşünüb, Nərimanov Rayon Polis İdarəsinə müraciət etmişdir. Orada aparılmış ilkin araşdırma gedişində Cavabdeh avtomobili onun işçisi tərəfindən sürüldüyünü deyib, zərəri ödəyəcəyini bildirmişdir. Sonra cavabdeh nağd olaraq ona 1000 manat ödəmişdir. Ödənişin qalanını isə sonra ödəyəcəyini bildirmişdir. Lakin sonra ödənişdən yayınmağa başlamışdır. Avtomobilin istifadəsinə başlamaq üçün mühərriki olduğu kimi söküb, əvəzinə yenisini alıb, quraşdırmışlar. Hal-hazırda mühərrik olduğu vəziyyətdə saxlanılır və istənilən vaxt ekspert müayinəsinə təqdim edilə bilər. Cavabdeh şirkətləri üçün göstərdiyi daşınma öhdəliyini lazımınca icra etməmiş, bununla da avtomobilə zərər vurmuşdur. Qanunla nəzərdə tutulmuş qaydada mediatora müraciət etmiş, lakin cavabdeh ilkin mediasiya sessiyasında iştirakdan imtina etmişdir. İddiaçı tərəfindən ilkin mediasiya xərci olacaq mediatora 100 manat ödənilmişdir. Cavabdeh məhkəməyə etiraz ərizəsi təqdim edərək bildirmişdir ki, iddia tələbi tamamilə qanunsuz və əsassızdır. Belə ki, iddiaçı ilə onun arasında nə yazılı, nə də şifahi formada hər hansı alqı-satqı, daşıma müqaviləsi bağlanılmamışdır. İddiaçı iddia tələbini ona qarşı deyil mübahisə predmeti olan avtomobilin daşınması üçün etibarnamə vermiş olduğu və ödəniş etdiyi Nəbiyev Eldənizə qarşı qaldırmalı idi. İddiaçı iddia ərizəsində qeyd etdiklərinin əsaslı olmasını sübut etmiş olsaydı belə, avtomobilə dəymiş zərərin avtomobilin daşınmasından əvvəl daşıma dövründə və ya daşınma prosesi yekunlaşdıqdan sonra əmələ gəlməsini sübut etmək zərurəti də yaranacaqdır. Həmçinin, 27 sentyabr 2023-cü il tarixli hazırlıq iclasında da qeyd etdiyi kimi 2019-cu ildən sonra Gürcüstan Respublikasında olmamışdır. Bununla bağlı xarici pasportun surətini təqdim etməyi tələb edilsə də, sonuncu dəfə xarici pasportunu xx.xx.2022-ci il tarixdə müddəti bitməsinə görə dəyişdiyi zaman əvvəlki xarici pasportunu Asan xidmət mərkəzində ondan geri tələb etmişlər. Qeyd olunanlar nəzərə alınaraq, İddiaçı MMC-nin ona qarşı olan iddiası tam əsassız olduğundan iddianın təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir İş üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi qəbul edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: İddiaçı apellyasiya şikayətini əsaslandırmaq üçün göstərmişdir ki, birinci instansiya məhkəməsinin qətnaməsi qanunsuz və əsassızdır, qanunun tələblərinə cavab vermir. Belə ki, iddiaçı şirkət Almaniyadan BMW X-5 markalı 99PT696 dövlət qeydiyyat nişanlı avtomobil alaraq, 2020-ci ilin dekabr ayında Gürcüstanın Poti şəhərinə gətizdirmişdir. Daha sonra cavabdeh elan yaymaqla xaricdən avtomobil gətirmə xidmətlərini həyata keçirən şəxs kimi iddiaçının qarşısına çıxıb, oferta irəli sürmüşdür. Şirkətin adından onun direktoru (Səyavuş Məcidov) Cavabdeh ilə əlaqə yaratmış, bütün danışıqları onunla aparmışdır. Cavabdeh konkret avtomobili Potidən Bakıya gətirməyi təşkil etməyi öhdəsinə götürmüşdür. Daşımanın bütün şərtləri, o cümlədən, daşımanın qiyməti, daşımanın üsulu, müddətləri, təhvil verilmə yeri və s. məhz cavabdeh ilə razılaşdırılmışdır. Avtomobilin Potidəki spidometrinin videosunu da iddiaçı tərəfə Əlişin 055 ***-**-** nömrəsindən gəlib. Avtomobili Bakıda danışılmış nöqtədə məhz cavabdeh təhvil vermişdir. Kimə etibarnamə verilməlidir, pul hara köçürülməlidir, maşını kim götürəcəyini – bunların hamısını Əlişlə razılaşdırılımış və danışılmışdır. Daşıma və tapşırıq müqaviləsinin tərəfi kimi Cavabdeh çıxış etmişdir. Əliş avtomobilin Potidə olarkən spidometrinin şəklini iddiaçı tərəfə göndərmiş, daha sonra Bakıda təhvil verilərkən spidometrdə göstəricilərin xeyli artdığı məlum olmuşdur. Bu artımı Əliş də təsdiq etmişdir. Daha sonra mühərrikdə zərər aşkar olunmuş, bu zərərin mühərrikin yağı az və s. şəraitdə uzun məsafəyə sürüldüyünə görə yarandığı mütəxəssislər tərəfindən müəyyən edilmişdir. Halbuki cavabdeh Əlişlə avtomobilin sürülməklə deyil, avtokar üzərində daşınması razılaşdırılmışdır. Məhz avtomobilin bu vəziyyətdə sürülməsi zərərin səbəbi olmuşdur. Bütün bunlar aşkarlanandan sonra cavabdeh zərərin əvəzi kimi 1000 manat ödəmiş, qalan zərər dəyrini ödəyəcəyinə söz vermişdir. Lakin sonradan ödənişdən yayınmışdır. Polisə və məhkəməyə müraciət olunduqda o, bu işdə maddi marağı olmadığını, guya yalnız kömək etmək istədiyini demişdir. Halbuki cavabdeh rəsmi qeydiyyatda olan sahibkardır və onun bu işlərdə maddi marağı olmadan iştirak etməsi məntiqi, ağlabatan və inandırıcı deyil. Birinci instansiya məhkəməsi daşıma müqaviləsinin olmadığına istinad edir. Halbuki avtomobilin Bakıya gətirilməsi ilə bağlı bütün danışıqlar cavabdehlə olub. Bu müqavilədə oferent kimi məhz cavabdeh çıxış etmişdir. Odur ki, borclu kimi də cavabdeh olmalıdır. İddiaçı tərəf heç vaxt Eldəniz adlı şəxsi tanımayıb, məhz cavabdehin sözü ilə onunla köməkçi subyekt kimi əlaqəyə girmişdir. Etibarnamə də məhz cavabdehin tələbi ilə xarici ölkənin vətəndaşı Eldəniz adlı şəxsə verilmişdir. Etibarnamə özü-özlüyündə müstəqil müqavilə təzahürü deyil. İşin bütün halları nəzərə alınmaqla, bəlli olur ki, etibarnamə artıq yaranmış müqavilə öhdəliklərinin icrası üçün baş vermiş əlahiddə və köməkçi bir əqd olmuşdur. Cavabdehin internetdə yayılmış elanında da, zənglərə cavab zamanı da onun xidmətləri “daşıyıcıları tapmaq xidmətləri” deyil, məhz avtomobillərin daşınması xidmətləri kimi təqdim edilmişdir. Birinci instansiya məhkəməsi qətnaməsində qeyd edir ki, cavabdehin hərəkət və ya hərəkətsizliyi ilə iddiaçıya dəyən zərər arasında səbəbli əlaqə mövcud deyildir. Lakin daşımanın tam təşkilinə cavabdeh məsuliyyət daşımışdır (cavabdeh olmuşdur). Daşıma zamanı əmələ gələn bütün zərərlər onun risk dairəsinə aid idi. Birinci instansiya məhkəməsi müqavilənin təfsiri qaydalarına da riayət etməmişdir. Məhkəmə bütün müvafiq halları, o cümlədən müqaviləyə qədərki danışıqları və yazışmaları, ölkədə təşəkkül tapmış işgüzar adətləri, tərəflərin sonrakı hərəkətlərini nəzərə almalı idi. Vatsap yazışmasının işə qoyulmuş surətləri və audio fayllar Cavabdeh tam məsuliyyətli müqavilə tərəfi kimi özünü təqdim etdiyi aşkar görünür. Qanunun tələbinə görə, mülki hüquq münasibətlərinin tənzimlənməsində hüquq mənbələri iyerarxiyasında mülki qanunvericiliklə və ya tərəflərin razılaşmasından sonra işgüzar adətlər gəlir. Yüklərin, ələlxüsus, avtomobillərin xarici ölkədən Azərbaycana gətirilməsi zamanı daşıma münasibətlərinin tərəfi kimi xaricdəki hansısa təsadüfi şəxslər deyil, daşımanın bütün mühüm şərtlərini təklif etmiş və razılaşdırmış ölkədəki şəxs çıxış edir. Ölkədə təşəkkül tapmış bu işgüzar adət məhkəmənin diqqətindən kənarda qalmışdır. Birinci instansiya məhkəməsi “zərərin cavabdeh tərəfindən vurulmadığı” anlayışı altında səhvən zərərin vurulmasında fiziki iştirakı başa düşür. Zərərin vurulmasına səbəb olan hallar məhz Cavabdeh risk dairəsində olduğuna görə məsuliyyət də onun üzərində qalmalıdır. Cavabdeh 2020-ci ilin dekabrında Gürcüstanda olmadığını, buna görə də Bakıya avtomobili o, gətirmədiyini bildirmişdir. Lakin əvvəla o, xarici pasportu təqdim etməmişdir. Bununla yanaşı avtomobilin Bakıya gətirilməsi dedikdə cavabdehin fiziki olaraq, nəqliyyat vasitəsini idarə etməsi başa düşülməmılidir. Daşıma və ya tapşırıq münasibətlərində oferent kimi Cavabdeh çıxış etmişdir. O, kreditor qarşısında daşımanın təşkilində həlledici şəxs kimi çıxış etmişdir. Məhkəmə cavabdehin daşıma münasibətəri ilə yanaşı tapşırıq münasibətlərinə də daxil olması halını araşdırmamışdır. Bütün qeyd edilənlər birinci instansiya məhkəməsinin iş üzrə düzgün qətnamə çıxarmadığını göstərir. Apellyasiya şikayəti üzrə izahat və prosessual məsələlər: Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməmənin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikasının MPM-in 376.2-ci maddəsinə əsasən işə gəlməmiş şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab edir Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi Vəkil2 apellyasiya şikayətini müdafiə edib həmin şikayətin dəlillərinə uyğun izahat verərək Gəncə Kommersiya Məhkəməsinin 2-2(115)-1176/2023 nörməli xx.xx.2023-cü il tarixli qətnaməsinin ləğv edilərək, iddianın təmin edilməsinə dair yeni qətnamə çıxarılmasını xahiş etdi. Hüquqi məsələlər və əsaslandırma: Azərbaycan Respubilkasının MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb işin halları barədə məruzəçi hakimi, apellyasiya şikayətinin dəlilləri ilə bağlı məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsini dinləyərək hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilərək iddia tələbinin qismən təmin edilməsinə dair yeni qətnamə çıxarılmalıdır. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-ci maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Belə ki, iş materiallarında olan xx.xx.2021-ci il tarixli zərər aktından görünür ki, 99PT696 dövlət qeydiyyat nişanlı, BMW X5 markalı, 2012-ci il buraxılış illi, boz metallik, ban nömrəsi 5UXZW0C51CL667223 olan avtomobilə dəymiş zərər cəmi 6200 manatdır. İş materiallarında olan xx.xx.2021-ci il tarixli rəydən görünür ki, 99PT696 dövlət qeydiyyat nişanlı, BMW X5 markalı, 2012-ci il buraxılış illi, boz metallik, ban nömrəsi 5UXZW0C51CL667223 olan avtomobilin mühərrik hissəsinə avtoservis tərəfindən xx.xx.2021-ci il tarixində baxış keçirilmiş, baxış zamanı mühərrikin blok hissəsinin və 1-ci pastelin sıradan çıxması müəyyən olunmuşdur. Hansıki, bu halın yaranmasının səbəbi mühərrikdə nasazlıq yaranan zaman nəqliyyat vasitəsi dayanmadan idarə edilib və servisə gətirilənə qədər blok və 1-ci pasteldə yeyintilər aşkar edilmişdir. İş materiallarında olan ******* nömrəli xx.xx.2021-ci il tarixli qaimə fakturadan görünür ki, X2 1 ədəd BMW markalı X5 modelli nəqliyyat vasitəsi üçün 3000 kub santimetr həcmində dizel mühərrik satmışdır. İş materiallarında olan ********** nömrəli VÖEN əsasında sahibkarlıq fəaliyyəti ilə məşğul olan X2 tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli arayışda göstərilir ki, həqiqətən də o, "xxxx" MMC-nin rəhbəri X1 xx.xx.2021-ci il tarixdə BMW markalı X5 modelli nəqliyyat vasitəsi üçün 3000 kub santimetr həcmində dizel mühərrik təqdim edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Daxil İşlər Nazirliyi Bakı Şəhəri Nizami rayon Polis İdarəsi 23-cü Polis Bölməsinin cinayət işinin başlanılmasının rədd edilməsi barədə qərarda qeyd edilmişdir ki, toplanmış material ürzə cinayət hadisəsi olmadığından işin başlanması rədd edilmişdir İş materiallarında olan Cavabdeh tərəfindən verilmiş izahatdan görünür ki, sözügedən avtomobildə yaranmış nasazlıqla əlaqədar onun tərəfindən 1000 manat ödənilmişdir. Onun bu işlə əlaqəsı olmamış, heç bir maddi marağı olmamış, xeyir götürməmişdir İş materiallarına əlavə olunmuş xx.xx.2020-ci il tarxli 195861 nömrəli etibarnamədən görünür ki, İddiaçı Eldəniz Nəbiyevə avtomobilin gətirilməsi üçün etibarnamə vermişdir. İşdəki sənədlrdən göründüyü kimi iddiaçı tərəfindən hazırkı iddia ilə müraciət 100 manat mediasiya xərci ödəmişdir. Məhkəmə iclasında müəyyən olunmuşdur ki, iddiaçı "xxxx" MMC Gürcüstan Respublikasının Poti şəhərinə gətizdirdikləri BMW X-5 markalı avtomobilin Bakı şəhərinə gətirilməsi üçün internet saytları vasitəsi ilə tanış olduqları Cavabdeh (VÖEN **********) ilə razılaşmış, sonuncu həmin avtomobili 2020-ci ilin dekabr ayında Gürcüstanın Poti şəhərindən daşıma xidməti vasitəsi ilə Potidən Bakıya gətirməyi öhdəsinə götürmüşdür. Razılaşmaya görə Cavabdeh həmin avtomobili idarə etmədən, digər avtomobillərlə yanaşı yük avtomobilinin üzərinə qoymaqla gətirməli idi. Lakin avtomobil Bakıya gətiriləndən sonra məlum olmuşdur ki, cavabdeh bu şərtə əməl etməmişdir. Daşınmadan əvvəl Cavabdeh avtomobili Potidə təhvil alarkən videosunu çəkib, iddiaçının nümayəndəsinin whatsapp nömrəsinə göndərmişdir. Videoda maşının salonu olan hissəsində kilometrajda 159.063 mil olduğu aydın görünür. 29 dekabr 2020-ci il tarixində saat 11.00 radələrində Bakı şəhəri Qaradağ rayonu ərazisində (“Meyvəli” deyilən yerdə) yerləşən gömrük məntəqəsində avtomobil yük daşıma treylerindən düşürülüb, Əliş tərəfindən iddiaçı şirkətin nümayəndəsinə (rəhbərinə) təhvil verilmiş, lakin bu zaman avtomobilin mühərrik hissəsindən gələn səs narahatlıq yaratmış, o, aldığı videoda olan kilometrajı ilə (159.063 mil) avtomobili təhvil aldığı andakı kilometraj (159.290 mil) göstəricilərini müqayisə etmiş və bu iki göstərici arasında 227 mil (365 km) fərq aşkar etmiş, o, Əlişə avtomobilin 350 km sürüldüyünü, buna görə də mühərrikdə səs əmələ gəldiyini bildirmiş, Əliş avtomobilin sürülməsini inkar etmişdir. Lakin Polis orqanında aparılmış ilkin araşdırma gedişində Cavabdeh avtomobilin onun işçisi tərəfindən sürüldüyünü deyib, zərəri ödəyəcəyini bildirmiş, sonra cavabdeh nağd olaraq iddiaçı tərəfə 1000 manat ödəmişdir. Ödənişin qalanını isə sonra ödəyəcəyini bildirmiş olsa da, sözünə əməl etməmişdir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni belə əsaslandırmışdır ki, iddiaçı cavabdehin təqsiri nəticəsində ona 6200 manat məbləğində ziyanın dəydiyini iddia etsə də, qanunveriliciyə uyğun olaraq bu halların cavabdehlərin hərəkət və ya hərəkətsizliyi nəticəsində baş verdiyini təsdiq edən sübutları, tərəflər arasında hüquq münasibətlərini formalaşdıran müqavilə olmamışdır. Halbuki, iddiaçı vergi ödəyicisi olaraq sahibkarıq fəailiyyəti ilə məşğul olsa da, bağladığı əqdləri rəsmiləşdirməyərək, heç bir sənədləşmə aparmadan, faktiki olaraq yazılı sübutlara istinad etmədən məhkəməyə müraciət etmişdir. Hazırki iş üzrə iddiaçı tərəfindən təqdim olunan sübutlardan göründüyü kimi cavabdehlərin hərəkət və ya hərəkətsizliyi ilə iddiaçıya dəyən zərər arasında səbəbli əlaqə mövcud deyildir. İddiaçı tərəfindən cavabdehə deyil, digər şəxsə avtomobilin gətirilməsi üçün etibarnamə verilmiş və həmin şəxs tərəfindən də, avtomobil gətirilmişdir. Bu səbəbdən, avtomobilin mühərrikində yaranmış nasazlıq ona dəlalət etmir ki, cavabdeh tərəfindən iddiaçıya maddi ziyan vurulmuşdur. Birinci instansiya məhkəməsinin qətnaməsi ilə razılaşmayan məhkəmə kollegiyası aşağıdakıları qeyd edir: Nizami RPİ-nin 1445 saylı xx.xx.2021-ci il tarixli (cinayət işinin başlanmasının rədd edilməsi haqqında) Qərarın surətindən görünür ki, Cavabdeh tərəfindən maddi ziyanla bağlı iddiaçıya nağd olaraq 1000 manat ödəmişdir. Göründüyü kimi Cavabdeh onun tərəfindən iddiaçıya maddi zərər dəydiyini bildirmişdir ki, bunun da müqabilində sonuncu iddiaçıya 1000 manat ödəniş etmişdir. İş materiallarına əlavə edilmiş whatsapp yazışmalarından göründüyü kimi, iddiaçı tərəf üçün Gürcüstan Respublikasının Poti şəhərinə gətirilmiş BMW X-5 markalı avtomobilin Bakı şəhərinə gətirilməsi ilə bağlı bütün danışıqlar cavabdehlə aparılmış, cavabdeh həmin avtomobilin işçisi tərəfindən gətirildiyini bildirmiş, avtomobil Poti şəhərində olarkən çəkilmiş spidometrinin fotoşəkli iddiaçı tərəfə cavabdehin telefonundan göndərilmişdir. Göstərilənlər həmin avtomobilin gətirilməsi ilə bağlı danışıqların cavabdehlə aparıldığını, həmin avtomobilin olduğu vəziyyətdə Bakı şəhərinə çatdırılması öhdəliyini cavabdehin öz üzərinə götürdüyünü təsdiq edir. Beləliklə iş materiallarından müəyyən olunur ki, iddiaçıya məxsus avtomobilə 6200 manat miqdarında maddi ziyan vurmuş, cavabdeh isə həmin puldan 1000 manat ödəniş etmiş, iddia tələbini təmin etməmiş məhkəmə həmin halı nəzərə almamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsində göstərilir ki, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə görə zərər dedikdə hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər) başa düşülür. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən şəxsə birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran, təqsirli, hüquqa zidd əməldir. Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə görə, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və ya işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. İstinad olunan qanunvericilik normalarından göründüyü kimi cavabdeh tərəfindən vurulmuş maddi ziyana görə məsuliyyət daşıması üçün cavabdehin iddiaçıya birbaşa ziyan və ya zərər vurulması ilə nəticələnən hüquqazidd əmələ təqsirli şəkildə yol vermiş olması tələb olunur. Məhkəmə kollegiyası qeyd edir ki, iş materialları ilə cavabdehin iddiaçıya zərər vurması və onun həmin əməli törətməkdə təqsirli olması sübuta yetdiyinə, baş vermiş hadisə nəticəsində iddiaçıya dəymiş maddi ziyan qismən 1000 (bir min) manat həddində ödənildiyinə görə iddia qismən – 5200 (beş min iki yüz) manat həddində təmin edilməlidir. Kollegiya birinci iinstansiya məhkəməsinin iddiaçı vergi ödəyicisi olaraq sahibkarıq fəailiyyəti ilə məşğul olsa da, bağladığı əqdləri rəsmiləşdirməyərək, heç bir sənədləşmə aparmadan, faktiki olaraq yazılı sübutlara istinad etmədən məhkəməyə müraciət etməsi dəlili ilə bağlı kollegiya qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 406.1-ci maddəsinə əsasən müqavilə əqdlərin bağlanması üçün nəzərdə tutulan hər hansı formada bağlana bilər, bu şərtlə ki, bu Məcəllədə həmin növ müqavilə üçün müəyyən forma təyin edilməsin. Qaldı ki, iddiaçının sahibkarıq fəailiyyəti ilə məşğul olsa da, bağladığı əqdləri rəsmiləşdirməyərək, heç bir sənədləşmə aparmadan həmin avtomobilin gətirilməsi ilə bağlı fəaliyyətinə kollegiya qeyd edir ki, bu vergi qanunvericiliyinin tələblərindən irəli gəlir və vergi orqanı tərəfindən həmin fəaliyyətə nəzarət edilir. Ona görə ki, işdəki sənədlərdən də göründüyü kimi həmin avtomobil məhz iddiaçı MMC-nin sifarişi ilə gətirilmişdir, MMC-nin sifarişi ilə gətirildiyinə görə müvafiq xərc də MMC tərəfindən ödənilir və həmin əməliyyatlar maliyyə sənədlərində əks olunur. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməməklə səhv nəticəyə gəlmişdir. Odur ki, apellyasiya şikayəti qismən təmin edilərək qətnamə ləğv edilməli və iddianın qismən – 5200 (beş min iki yüz) manat həddində təmin edilməsi barədə yeni qətnamə çıxarılmalıdır. Azərbaycan Respublikası MPM-in 385.1.1-ci maddəsinə əsasən, maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Həmin Məcəllənin 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Həmin Məcəllənin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 372-376, 378-382, 384.0.4, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(115)-1176/2023 saylı qətnaməsi ləğv edilsin və yeni qətnamə çıxarılsın. Cavabdeh 5200 (beş min iki yüz) manat pul və 100 manat mediasiya xərci məbləğinin əvəzi, cəmi 5300 (beş min üç yüz) manat İddiaçı xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. Qətnamə elan olunduqdan dərhal sonra qanuni qüvvəyə minir. Bu qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar