Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-2(104)-59/2025 13.02.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçılar İddiaçı4, İddiaçı2, İddiaçı3 və İddiaçı1 cavabdeh Aqrar Sığorta Fonduna qarşı “sığorta ödənişinin verilməsi” tələbinə dair iş üzrə Hakimlər Məcidov Rüfət Azadəli oğlu (məruzəçi), Rzaquliyev Şamil Qəhrəman oğlu və Həsənov İslam Telman oğlundan ibarət tərkibdə, iddiaçılar İddiaçı4, İddiaçı2, İddiaçı3 və İddiaçı1 (bundan sonra – iddiaçılar) cavabdeh “Aqrar Sığorta Fonduna” (bundan sonra – cavabdeh) qarşı “pul tələbinə” dair iş üzrə Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(115)-388/2025 nömrəli qərardadından iddiaçılar tərəfindən verilmiş şikayətə Gəncə Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxaraq qərardad qəbul etdi. İşin halları İddiaçılarla cavabdeh arasında “kənd təsərrüfatı bitkiləri və bitkiçilik məhsullarının” sığortasına dair sığorta müqaviləsi bağlanmış və sığorta müqaviləsinə əsasən iddiaçılara BS-**********-AS nömrəli, BS-**********-AS nömrəli, BS-**********-AS nömrəli, BS-**********- AS nömrəli sığorta şəhadətnamələri verilmişdir. Sığorta müqavilələrinə əsasən cavabndeh sığorta hadisəsinin baş vediyi halda sığorta ödənişinin verilməsi öhdəsinə götürmüş və müqavilərlərdə sığorta ödənişinin məbləğləri müəyyən edilərək ödənişin verilməsindən imtinanın əsasları göstərilmişdir. Tərəflər arasında sığorta ödənişinin ödənilməsi dair yaranmış mübahisə həllini tapmadığından iddiaçılar məhkəməyə müraciət etmişlər. Birinci instansiya məhkəməsində icraat İddiaçılar iddia ərizəsi ilə birinci instansiyası məhkəməsinə müraciət edərək, cavabdeh Aqrar Sığorta Fondundan BS-**********-AS nömrəli sığorta şəhadətnaməsi üzrə 55680 (əlli beş min altı yüz səksən) manat sığorta ödənişin və 259 (iki yüz əlli doqquz) manat dövlət rüsumunun (məhkəmə xərcinin), cəmi 55939 (əlli beş min doqquz yüz otuz doqquz) manat pul vəsaitinin tutulub sığortalı İddiaçı4 verilməsi, cavabdeh Aqrar Sığorta Fondundan BS-**********-AS nömrəli sığorta şəhadətnaməsi üzrə 134400 (yüz otuz dörd min dörd yüz) manat sığorta ödənişinin və 426 (dörd yüz iyirmi altı) manat dövlət rüsumunun (məhkəmə xərcinin), cəmi 134826 (yüz otuz dörd min səkkiz yüz iyirmi altı) manat pul vəsaitinin tutulub sığortalı İddiaçı2 verilməsi, cavabdeh Aqrar Sığorta Fondundan BS-**********-AS nömrəli sığorta şəhadətnaməsi üzrə 40000 (qırx min) manat sığorta ödənişinin və 211 (iki yüz on bir) manat dövlət rüsumunun (məhkəmə xərcinin), cəmi 40211 (qırx min iki yüz on bir) manat pul vəsaitinin tutulub sığortalı İddiaçı3 verilməsi, cavabdeh Aqrar Sığorta Fondundan BS-**********-AS nömrəli sığorta şəhadətnaməsi üzrə 12800 (on iki min səkkiz yüz) manat sığorta ödənişinin və 130 (yüz otuz) manat dövlət rüsumunun (məhkəmə xərcinin), cəmi 12930 (on iki min doqquz yüz otuz) manat pul vəsaitinin tutulub sığortalı İddiaçı1 verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçılar tələbini onunla əsaslandırılmışlar ki, onlar “MKT İstehsalat Kommersiya“ MMC-nin “MKT-Tərtər” Filialı (alıcı) ilə 2023-cü il mövsümü üzrə xam-pambığın istehsalı üçün zəruri olan vəsaitlərin, malların və aqrotexniki xidmətlərin alıcı tərəfindən satıcıya təqdim olunması və nəticədə müvafiq avans məbləğinin formalaşması, satıcı tərəfindən istehsal olunmuş xam pambıq həcminin bütünlüklə alıcıya təhvil verilib satılması və alıcı tərəfindən ümumi satış dəyərindən avanslar çıxıldıqdan sonra qalan hissənin satıcıya ödənilməsi barədə alqı-satqı müqaviləsi bağlamışlar. Eyni zamanda hər biri ayrı-ayrılıqda Aqrar Sığorta Fondu ilə 2023-cü il tarixdə sığorta müqaviləsi bağlamaqla özlərinə məxsus olan, Tərtər rayonunda yerləşən torpaq sahələrində əkilmiş kənd təsərrüfatı və bitkiçilik məhsulları olan Ceyhan 520 (ELİT) adlı pambıq məhsullarını sığortalamışlar. Həmin sığorta müqavilələrinə əsasən Aqrar Sığorta Fondu sığorta hadisəsi üzrə onlara yəni, İddiaçı4 17,4 ha torpaq sahəsində əkilmiş pambıq sahəsinə görə 55680 (əlli beş min altı yüz səksən) manat, İddiaçı2 42 ha torpaq sahəsində əkilmiş pambıq sahəsinə görə 134400 (yüz otuz dörd min dörd yüz) manat, İddiaçı3 12,5 ha torpaq sahəsində əkilmiş torpaq sahəsinə görə 40000 (qırx min) manat və İddiaçı1 4 ha torpaq sahəsində əkilmiş pambıq sahəsinə görə 12800 (on iki min səkkiz yüz) manat sığota ödənişi verilməli idi. Belə ki, hər biri ayrı-ayrılıqda özlərinə məxsus olan torpaq sahələrində kənd təsərrüfatı məhsulları və bitkilər əkmişlər. Torpaqların suvarılması üçün daima Azərbaycan Melorasiya və Su Təsərrüfatı ASC Tərtər Suvarma sistemləri idraəsinin balansında olan magistral su kanalından istifadə edirdilər. 2023-cü ilin təxminən iyun ayında sularını kəsdilər və onlara su vermədilər. Dəfələrlə müraciət etsələr də şikayətlərinə baxan olmadı. Həmin ilin sonunda onlara məktub göndərdilər ki, kanalda təmir bərpa işləri aparıldığından, kanalın divarları beton üzlüklə üzlənildiyindən, həmçinin də kanal üzərindəki hidrotexniki qurğular əsaslı şəkildə təmir olunduğundan Melorasiya idarəsi onlara su verməmişdir. Nəticə etibarı ilə sahələri susuz qaldığından onlara xeyli miqdarda zərər dəymişdir. Cavabdeh Aqrar Sığorta Fonduna onlara verilməli olan sığorta ödənişinin verilməsi ilə bağlı müraciət etməklərinə baxmayarq sığorta ödənişinin verilməsindən əsassız şəkildə imtina edilmişdir. Cavabdehin bu qanunsuz hərəkətləri nəticəsində də onlar “MKT İstehsalat Kommersiya“ MMC-nin “MKT-Tərtər” Filialı (alıcı) ilə aralarında bağladıqları alqı-satqı müqaviləsi üzrə irəli gələn öhdəlikləri yerinə yetirə bilməmişlər və "xxxx" MMC-nə borcları yaranmışdır. Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(115)-388/2025 nömrəli qərardadı ilə ərizəsinin məhkəmənin icraatına qəbul edilməsindən imtina edilmişdir. Birinci instansiyası məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, Kommersiya məhkəmələrinin aidiyyəti Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi ilə müəyyən edilmişdir. Belə ki, həmin Məcəllənin 26-cı maddəsində göstərilmişdir ki, sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. Kommersiya məhkəmələri bu Məcəllənin 40-5-ci fəslində nəzərdə tutulmuş işlərə, habelə sahibkarlıq fəaliyyəti ilə əlaqədar olduqda bu Məcəllənin 35-ci və 40-2-ci fəsillərində nəzərdə tutulmuş işlərə və qanunla onların səlahiyyətlərinə aid edilən digər işlərə də baxırlar. Digər tərəfdən, “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 4 nömrəli Qərarının 1-4-cü bəndlərinə əsasən, mübahisənin məhkəmə aidiyyəti müəyyənləşdirilərkən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 24-26-cı və 30-cu maddələri, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2ci maddəsi, habelə həmin Məcəllənin XV-XİX fəsillərinin aidiyyətlə bağlı müddəaları rəhbər tutulmalıdır. Mübahisənin məhkəmə aidiyyətinin müəyyən edilməsi üçün ilk növbədə mübahisənin tərəflərinin hüquqi vəziyyəti və onların arasındakı münasibətlərin ümumi (publik), yaxud xüsusi hüququn nizamasalma predmetinə aid olduğu müəyyən edilməlidir. Xüsusi hüquq, onun subyektləri olan fiziki və hüquqi şəxslər arasında yaranan hüquq münasibətlərini tənzimləyir; xüsusi hüquq münasibətlərinin tərəfləri bərabər mövqedədir, onlar öz iradələrini ifadə etməkdə sərbəstdirlər və heç biri digərinə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq etmir. Ümumi (publik) hüquq isə, publik hakimiyyət daşıyıcıları (Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs) ilə fiziki və ya hüquqi şəxslər arasında olan münasibətləri tənzimləyir. Bu münasibətlərdə inzibati orqan qanunla ona həvalə edilmiş inzibati funksiyanı yerinə yetirir və digər tərəfə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq edir. İnzibati hüquq münasibətlərində tərəflərdən ən azı biri “İnzibati icraat haqqında” Qanunun 2.0.1 və 3.1-ci maddələrində nəzərdə tutulmuş mənada inzibati orqan olmalıdır. İnzibati orqanın iştirak etdiyi hüquq münasibətinin inzibati və ya xüsusi hüquqi münasibət olduğunu müəyyənləşdirərkən inzibati orqanın həmin münasibətdə xüsusi hüququn subyekti (mülki dövriyyənin iştirakçısı) kimi iştirak etdiyinin, yaxud hakimiyyət səlahiyyətlərinin subyekti kimi inzibati orqanın yalnız ona xas olan fəaliyyəti həyata keçirdiyinin müəyyən edilməsi vacibdir. Bu zaman ümumi (publik) hüquq sahəsinin ictimai idarəetmə ilə bağlı olması və hakimiyyət səlahiyyətlərinin tətbiq edilməsi ilə müşayiət olunduğu nəzərə alınmalıdır. “Aqrar sığorta haqqında” Azərbaycan Respublikası Qanununun 8.1 və 8.2-ci maddələrinə əsasən, aqrar sığorta orqanı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən yaradılır. Aqrar sığorta orqanı nizamnaməsi ilə müəyyən edilən qaydada aqrar sığorta sisteminin təşkilini, inkişafını və dayanıqlılığını təmin etmək məqsədi ilə fəaliyyət göstərir, habelə idarəedici qurumun fəaliyyətinə nəzarəti həyata keçirir, idarəedici qurum ləğv edildikdə yenisinin formalaşdırılmasını təmin edir. Həmin Qanunun 17.1-ci maddəsinə əsasən, sığorta qaydalarına uyğun olaraq, sığorta ödənişinin verilməsi üçün tələb olunan bütün sənədlər təqdim edildikdən sonra aqrar sığorta orqanı 7 iş günü ərzində sığorta ödənişinin tam və ya qismən verilməsi və ya ödənişin verilməsindən imtina barədə qərar qəbul edir və bu barədə aqrar sığortalıya “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununda müəyyən edilmiş qaydada rəsmi məlumat verir. Həmin Qanunun 17.4-cü maddəsinə əsasən, sığortalı ödənişin tam və ya qismən verilməsindən imtina barədə qərardan inzibati qaydada və məhkəmə qaydasında şikayət verə bilər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 30 oktyabr tarixli 431 nömrəli Qərarı ilə təsdiq edilmiş “Aqrar sığorta Qaydaları”nın 1.25-ci hissəsinə əsasən, sığorta müqaviləsinin icrasından irəli gələn mübahisələrə tərəflərin qarşılıqlı razılığı ilə həll olunması üçün “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq fəaliyyət göstərən və Fond daxilində yaradılan Apelyasiya Şurası tərəfindən baxılır. Sığorta müqaviləsinin icrasından irəli gələn mübahisələrin həllində tərəflər arasında qarşılıqlı razılığın əldə olunması mümkün olmadıqda, mübahisələr məhkəmə qaydasında həll edilir. Hazırki iş üzrə tərəflər arasında bağlanmış sığorta şəhadətnaməsinin “mübahisələrin həlli qaydası” adlanan bölməsindən də görünür ki, sığorta müqaviləsinin icrasından irəli gələn mübahisələrə tərəflərin qarşılıqlı razılığı ilə həll olunması üçün “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq fəaliyyət göstərən və Fond daxilində yaradılan Apelyasiya Şurası tərəfindən baxılır. Sığorta müqaviləsinin icrasından irəli gələn mübahisələrin həllində tərəflər arasında qarşılıqlı razılığın əldə olunması mümkün olmadıqda, mübahisələr məhkəmə qaydasında həll edilir Məhkəmə hesab etmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli 136 nömrəli qərarı ilə təsdiq edilmiş “İnzibati orqanların Təsnifatı”nın V hissəsinə əsasən, qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxslər inzibati orqan hesab edilir. Bu mənada Aqrar Sığorta Fondu inzibati orqan hesab olunmalıdır. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 4 nömrəli Qərarının 5.1-ci maddəsinə əsasən, inzibati mübahisələr inzibati orqanla fiziki və hüquqi şəxslər arasında inzibati aktın qəbul edilməsi, qəbul edilməsindən imtina olunması, ləğv edilməsi, dəyişdirilməsi, etibarsız sayılması, habelə inzibati orqanın faktiki xarakterli hərəkətləri (fəaliyyəti) və s. ilə bağlı yaranan münasibətlərdən irəli gəlir. Bu səbəbdən inzibati orqanların xaricə yönələn və maraqlı şəxsin publik hüquq sahəsindən irəli gələn bu və ya digər hüququn əldə edilməsi, hüququnun tanınması və ya hüquqlarının həyata keçirilməsi ilə bağlı inzibati orqana müraciətinin nəticəsi olaraq, yaxud inzibati orqanın öz təşəbbüsü ilə qəbul etdiyi aktlarının ləğv edilməsi və ya dəyişdirilməsi barədə (mübahisələndirmə haqqında), yaxud həmin aktların etibarsızlığının (qanunsuz) tanınması barədə (müəyyən etmə və tanınma haqqında) iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. Məhkəmə qeyd etmişdir ki, hazırkı mübahisə məhz inzibati hüquq münasibətlərində qəbul edilmiş inzibati aktın qanunsuz hesab edilməsi ilə bağlı olduğundan inzibati mübahisədir. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.1-ci maddəsinə əsasən, şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə dair iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. Birinci instansiyası məhkəməsi mövqeyini “Aqrar sığorta haqqında” Azərbaycan Respublikası Qanununun 8.1, 8.2, 17.1, 17.4, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 30 oktyabr tarixli 431 nömrəli Qərarı ilə təsdiq edilmiş “Aqrar sığorta Qaydaları”nın 1.25, “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 4 nömrəli Qərarının 1-4, 5.1, bəndləri, “İnzibati icraat haqqında” Qanunun 2.0.2 və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.2.1-ci maddəsinin istinadən əsaslandırmışdır. Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(115)-388/2025 nömrəli qərardadından şikayət məhkəmənin xx.xx.2025-ci il tarixli, e-2-2(115)-388/2025 nömrəli qərardadı ilə təmin edilməmiş və şikayət baxılması üçün Gəncə Apellyasiya Məhkəməsinə göndərilmişdir. Qərardaddan şikayətinin və ona qarşı etirazın dəlilləri a) Qərardaddan şikayətinin dəlilləri Onların cavabdeh Aqrar Sığorta Fonduna qarşı “sığorta ödənişinin verilməsi tələbinə dair” iddia tələbi məhz sahibkarlıq fəaliyyətilə əlaqədar olmuşdur və bu tipli mübahisələrin mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxılması qanunda birbaşa nəzərdə tutulmuşdur. Mülki işdən də açıq aydın görünür ki, onlar iddiaçılar “MKT İstehsalat Kommersiya“ MMC-nin “MKT Tərtər” Filialı (alıcı) ilə 2023-cü il mövsümü üzrə xampambığın istehsalı üçün zəruri olan vəsaitlərin, malların və aqrotexniki xidmətlərin alıcı tərəfindən satıcıya təqdim olunması və nəticədə müvafiq avans məbləğinin formalaşması, satısı tərəfindən istehsal olunmuş xam pambıq həcminin bütünlüklə alıcıya təhvil verilib satılması və alıcı tərəfindən ümumi satış dəyərindən avanslar çıxıldıqdan sonra qalan hissənin satıcıya ödənilməsi barədə alqısatqı müqaviləsi bağlamışlar. Bununla yanaşı, hər biri ayrı-ayrılıqda cavabdeh Aqrar Sığorta Fondu ilə 2023-cü il tarixdə sığorta müqaviləsi bağlamaqla özlərinə məxsus olan, Tərtər rayonunda yerləşən torpaq sahələrində əkilmiş kənd təsərrüfatı və bitkiçilik məhsullar olan CEYHAN 520 (ELİT) adlı pambıq məhsullarını sığortalamışlar. Sahibkarlıq fəaliyyətlərinin həyata keçirilməsi ilə əlaqədar olaraq isə cavabdeh onlara sığorta ödənişinin verilməsini təmin etməmişdir. Bu barədə cavabdeh tərəfə lazımı qaydada məlumat verilməsinə baxayaraq yenə də sığorta ödənişini onlara verməmişdir. Onlar da məcburiyyət qarşısında qalaraq məhkəmə müdafiəsi təminatı hüquqlarından istifadə etmişlər. Birinci instansiya məhkəməsi öz qərardadındını əsaslandırarkən “Aqrar sığorta haqqında” Azərbaycan Respublikası Qanununun 8.1, 8.2, 17.1 və 17.4-cü maddələrinə istinad etdmişdir. Qərardad onunla əsaslandırmışdır ki, hazırki iş üzrə tərəflər arasında bağlanmış sığorta şəhadətnaməsinin “mübahisələrin həlli qaydası” adlanan bölməsindən də görünür ki, sığorta müqaviləsinin icrasından irəli gələn mübahisələrə tərəflərin qarşılıqlı razılığı ilə həll olunması üçün “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq fəaliyyət göstərən və Fond daxilində yaradılan Apelyasiya Şurası tərəfindən baxılır. Sığorta müqaviləsinin icrasından irəli gələn mübahisələrin həllində tərəflər arasında qarşılıqlı razılığın əldə olunması mümkün olmadıqda, mübahisələr məhkəmə qaydasında həll edilir. Aqrar sığorta haqqında qanunvericilikdə nəzərdə tutulmuş qaydaya görə aqrar sığorta orqanı kimi cavabdehin sığorta ödənişinin verilməsi və ya bundan imtina olunması barədə qərarından inzibati orqana və ya məhkəməyə müraciət hüququ müəyyənləşdirildiyini, şikayət və ya iddianın inzibati icraat və inzibati məhkəmə icraatı çərçivəsində həll edilməli olduğu qənaətinə gəlməklə hüququn tətbiqində səhvə yol vermiş və beləliklə də prosessual hüquq normasının tələblərini pozmuşdur. Qeyd etməyi zəruri hesab edirlər ki, “Aqrar sığorta haqqında” Azərbaycan Respublikasının qanunvericiliyi inzibati hüquq münasibətlərini tənzimləyən norma deyil və məhkəmənin bu normaya istinad etməklə iddia ərizəsini icraata qəbul etməkdən imtina etməsi qanunvericiliyin tələblərinə ziddir. Digər bir tərəfdən də mübahisənin predmeti sığorta ödənişinin verilməsindən ibarətdir. Burada hər hansısa inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsi, arzulanan inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoyulması, inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsinin tələb edilməsi ilə əlaqədar olaraq inzibati hüquq münasibətlərinin mövcudluğundan söhbət gedə bilməz. Eyni zamanda, “Aqrar Sığorta Fondunun Nizamn aməsi”nin təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 11 dekabr 2019-cu il tarixli 472 №-li Qərarının 7.1-ci bəndində qeyd edilir ki, Fondun idarəedici qurumunun hərəkət və hərəkətsizliyindən verilmiş şikayətlərə baxılması üçün Fond daxilində Apellyasiya Şurası yaradılır. Qanunun 10.7-ci maddəsinə əsasən, ilkin və yeni müstəqil ekspert tərəfindən verilmiş rəylər bir-birindən fərqli olduqda, sığorta ödənişinin həyata keçirilməsi ilkin və ya yeni müstəqil ekspertlərin rəylərinə əsasən Apellyasiya Şurasının qərarı ilə həyata keçirilir. Apellyasiya Şurası “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq fəaliyyət göstərir və şikayət instansiyası hesab edilir. Hesab edir ki, əgər cavabdeh Aqrar Sığorta Fondunun daxilində yaradılmış Apellyasiya Şurasının qərarını mübahisələndirsələr o zaman həmin prizmadan yanaşaraq mübahisəni inzibati hüquq münasibətlərinə aid etmək olardı, lakin, sığorta ödənişinin verilməsi ilə bağlı tələbə inzibati hüquq münasibəti kimi deyil, mülki hüquq münasibəti kimi baxmaq lazımdır. (Azərbaycan Respublikası Mülki Məcəlləsi 50-ci fəsli). Bundan başqa birinci instansiya məhkəməsi mübahisə tərəflərini (hüquq subyektlərini) və mübahisənin xarakterini (predmetini) müəyyən edərkən də hüququn təqtbiqində səhvə yol vermişdir. Belə ki, cavadeh orqanın izibati orqan kimi təsnif edilməsini qeyd edən məhkəmə mübahisənin predmetinin inzibati hüquq münasibəti olması ilə bağlı fikirlərini əsaslandırmamış və beləliklə də məhkəmə aidiyyəti ilə bağlı düzgün yekun nəticəyə gəlməmişdir. b) Qərardaddan şikayətə qarşı etirazın dəlilləri Qərardaddan şikayətə qarşı etiraz daxil olmamışdır. Apellyasiya baxışının hədləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.2. qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək apellyasiya instansiyası məhkəməsinin səlahiyyətlərinə aid edilmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi Maddə 5.1. İstər sahibkarlıq fəaliyyəti ilə məşğul olan, istərsə də məşğul olmayan hər hansı fiziki və ya hüquqi şəxslər mülki hüquq münasibətlərinin subyektləri ola bilərlər. Maddə 5.2. Dövlət hakimiyyəti orqanlarının və yerli özünüidarə orqanlarının digər şəxslərlə mülki hüquq münasibətləri, qanunda ayrı qayda nəzərdə tutulmayıbsa, mülki qanunvericiliklə tənzimlənir. Maddə 6. Mülki qanunvericiliyin prinsipləri 6.1. Mülki qanunvericiliyin prinsipləri aşağıdakılardır: 6.1.1. mülki hüquq subyektlərinin bərabərliyi; 6.1.2. mülki hüquq subyektlərinin iradə sərbəstliyi; 6.1.3. mülki dövriyyə iştirakçılarının əmlak müstəqilliyi; 6.1.4. mülkiyyətin toxunulmazlığı; 6.1.5. müqavilələr azadlığı; 6.1.6. şəxsi və ailə həyatına kimsənin özbaşına qarışmasının yolverilməzliyi; 6.1.7. mülki hüquqların maneəsiz həyata keçirilməsinə şərait yaradılması; 6.1.8. pozulmuş hüquqların bərpasının təmin edilməsi; 6.1.9. mülki hüquqların məhkəmə müdafiəsi. Maddə 14. Mülki hüquqların və vəzifələrin əmələ gəlməsi 14.1. Mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. 14.2. Mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsasları aşağıdakılardır: 14.2.1. Qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr (əmək müqavilələri istisna olmaqla) və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər. 14.2.2. Dövlət orqanlarının və yerli özünüidarə orqanlarının qanunvericilikdə mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsası kimi nəzərdə tutulmuş aktları. 14.2.3. Mülki hüquqlar və vəzifələr müəyyənləşdirən məhkəmə aktları. 14.2.4. Qanunvericiliyin yol verdiyi əsaslar üzrə əmlak əldə edilməsi. 14.2.5. Elm, ədəbiyyat, incəsənət əsərlərinin, ixtiraların və əqli fəaliyyətin digər nəticələrinin yaradılması. 14.2.6. Başqa şəxsə zərər vurulması. 14.2.7. Əsassız varlanma. 14.2.8. Fiziki və hüquqi şəxslərin digər hərəkətləri. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddə 389.1. Mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Maddə 390.1. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. İnzibati İcraat haqqında Azərbaycan Respublikası Qanunu Maddə 2.0.1. inzibati orqan - Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs; Maddə 2.0.2. inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. “İnzibati orqanların Təsnifatı”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 avqust 2007-ci il tarixli 136 nömrəli Qərarı Bənd V. Qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxslər inzibati orqan hesab edilir. “Aqrar sığorta haqqında” Azərbaycan Respublikası Qanunu Maddə 6. Aqrar sığortanın tənzimlənməsi 6.1. Aqrar sığortanın tənzimlənməsi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təsdiq edilən sığorta qaydalarına əsasən həyata keçirilir. 6.2. Sığorta qaydaları ilə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 916.1-ci maddəsində nəzərdə tutulanlardan əlavə aşağıdakılar müəyyən olunur: 6.2.1. sığorta haqqının hesablanması, ödənilməsi qaydası və forması; 6.2.2. sığorta haqqı üzrə güzəştlər və əlavələr; 6.2.3. qismən sığorta, azadolma və gözləmə müddəti; 6.2.4. sığorta müqaviləsinin forması; 6.2.5. sığorta müqaviləsinin bağlanılması müddətləri; 6.2.6. bu Qanunun digər maddələrində müəyyən edilən hallar. 6.4. Aqrar sığorta məhsulunun şərtləri sığorta qaydalarına uyğun olaraq hazırlanır və hər bir aqrar sığorta məhsulunun şərtləri özündə sığortalıya göstərilən xidmətlərin növləri və tarifləri, sığorta müqavilələri ilə bağlı məsələləri ehtiva edir. 6.5. Aqrar sığorta məhsulunun aqrar sığortalıya tətbiqi sığorta qaydalarına əməl etməklə onunla bağlanan aqrar sığorta müqaviləsi əsasında həyata keçirilir. 6.6. Aqrar sığorta müqaviləsi sığortalı və idarəedici qurum tərəfindən yazılı formada bağlanır. Aqrar sığorta müqaviləsi elektron sənəd formasında da bağlana bilər. Sığorta müqaviləsi üzrə aqrar sığortalı tərəfindən sığorta haqqının ödənilməsi aqrar sığortalının müvafiq sığorta qaydaları və sığorta müqaviləsinin şərtləri ilə tanış olmasını, həmin qaydalar və şərtlərlə razılaşdığını, həmçinin sığorta müqaviləsinin bağlanması faktını təsdiqləyir. Aqrar sığorta müqaviləsi aqrar sığorta informasiya sistemində qeydə alınır. 6.7. Aqrar sığorta müqaviləsi sığorta qaydaları və aqrar sığorta məhsulunun şərtlərində müəyyən edilmiş müddətdən artıq müddətə bağlanıla bilməz. 6.8. Aqrar sığorta müqaviləsinin qüvvədə olduğu müddətdə sığorta predmeti olan əmlaka mülkiyyət, istifadə və icarə hüququ başqa şəxsə keçərsə, aqrar sığortalının hüquq və vəzifələri də həmin şəxsə keçir. Bununla əlaqədar müqaviləyə müvafiq dəyişikliklər edilir və bu barədə məlumatlar aqrar sığorta informasiya sisteminə daxil edilir. Maddə 8.1. Aqrar sığorta orqanı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən yaradılır. Maddə 8.2. Aqrar sığorta orqanı nizamnaməsi ilə müəyyən edilən qaydada aqrar sığorta sisteminin təşkilini, inkişafını və dayanıqlılığını təmin etmək məqsədi ilə fəaliyyət göstərir, habelə idarəedici qurumun fəaliyyətinə nəzarəti həyata keçirir, idarəedici qurum ləğv edildikdə yenisinin formalaşdırılmasını təmin edir. Maddə 8.3. Aqrar sığorta orqanı bu Qanun və nizamnaməsi ilə müəyyən edilən qaydada aqrar sığorta sisteminin idarə edilməsini və aqrar sığorta informasiya sisteminin aparılmasını idarəedici qurum vasitəsilə həyata keçirir. İdarəedici qurumun hərəkət və hərəkətsizliyindən verilmiş şikayətlərə, həmçinin bu Qanunun 10.7-ci maddəsində nəzərdə tutulmuş məsələlərə baxılması üçün aqrar sığorta orqanı daxilində “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq fəaliyyət göstərən Apelyasiya Şurası yaradılır. Maddə 17.1. Sığorta qaydalarına uyğun olaraq, sığorta ödənişinin verilməsi üçün tələb olunan bütün sənədlər təqdim edildikdən sonra aqrar sığorta orqanı 7 iş günü ərzində sığorta ödənişinin tam və ya qismən verilməsi və ya ödənişin verilməsindən imtina barədə qərar qəbul edir və bu barədə aqrar sığortalıya “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununda müəyyən edilmiş qaydada rəsmi məlumat verir. Maddə 17.4. Sığortalı ödənişin tam və ya qismən verilməsindən imtina barədə qərardan inzibati qaydada və məhkəmə qaydasında şikayət verə bilər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 30 oktyabr tarixli 431 nömrəli Qərarı ilə təsdiq edilmiş “Aqrar sığorta Qaydaları” Bənd 1.25. Sığorta müqaviləsinin icrasından irəli gələn mübahisələrə tərəflərin qarşılıqlı razılığı ilə həll olunması üçün “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq fəaliyyət göstərən və Fond daxilində yaradılan Apelyasiya Şurası tərəfindən baxılır. Sığorta müqaviləsinin icrasından irəli gələn mübahisələrin həllində tərəflər arasında qarşılıqlı razılığın əldə olunması mümkün olmadıqda, mübahisələr məhkəmə qaydasında həll edilir. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 4 nömrəli Qərarı Bənd 2. Nəzərə alınmalıdır ki, mübahisənin məhkəmə aidiyyətinin müəyyən edilməsi üçün ilk növbədə mübahisənin tərəflərinin hüquqi vəziyyəti və onların arasındakı münasibətlərin ümumi (publik), yaxud xüsusi hüququn nizamasalma predmetinə aid olduğu müəyyən edilməlidir. Bənd 3.1. Xüsusi hüquq, onun subyektləri olan fiziki və hüquqi şəxslər arasında yaranan hüquq münasibətlərini tənzimləyir; xüsusi hüquq münasibətlərinin tərəfləri bərabər mövqedədir, onlar öz iradələrini ifadə etməkdə sərbəstdirlər və heç biri digərinə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq etmir. Ümumi (publik) hüquq isə, publik hakimiyyət daşıyıcıları (Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs) ilə fiziki və ya hüquqi şəxslər arasında olan münasibətləri tənzimləyir. Bu münasibətlərdə inzibati orqan qanunla ona həvalə edilmiş inzibati funksiyanı yerinə yetirir və digər tərəfə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq edir. Bənd 4. İnzibati orqanın iştirak etdiyi hüquq münasibətinin inzibati və ya xüsusi hüquqi münasibət olduğunu müəyyənləşdirərkən inzibati orqanın həmin münasibətdə xüsusi hüququn subyekti (mülki dövriyyənin iştirakçısı) kimi iştirak etdiyinin, yaxud hakimiyyət səlahiyyətlərinin subyekti kimi inzibati orqanın yalnız ona xas olan fəaliyyəti həyata keçirdiyinin müəyyən edilməsi vacibdir. Bu zaman ümumi (publik) hüquq sahəsinin ictimai idarəetmə ilə bağlı olması və hakimiyyət səlahiyyətlərinin tətbiq edilməsi ilə müşayiət olunduğu nəzərə alınmalıdır. Bənd 5.1. İnzibati mübahisələr inzibati orqanla fiziki və hüquqi şəxslər arasında inzibati aktın qəbul edilməsi, qəbul edilməsindən imtina olunması, ləğv edilməsi, dəyişdirilməsi, etibarsız sayılması, habelə inzibati orqanın faktiki xarakterli hərəkətləri (fəaliyyəti) və s. ilə bağlı yaranan münasibətlərdən irəli gəlir. Bu səbəbdən inzibati orqanların xaricə yönələn və maraqlı şəxsin publik hüquq sahəsindən irəli gələn bu və ya digər hüququn əldə edilməsi, hüququnun tanınması və ya hüquqlarının həyata keçirilməsi ilə bağlı inzibati orqana müraciətinin nəticəsi olaraq, yaxud inzibati orqanın öz təşəbbüsü ilə qəbul etdiyi aktlarının ləğv edilməsi və ya dəyişdirilməsi barədə (mübahisələndirmə haqqında), yaxud həmin aktların etibarsızlığının (qanunsuz) tanınması barədə (müəyyən etmə və tanınma haqqında) iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. Bənd 5.2. Dövlət hakimiyyəti orqanlarının və yerli özünüidarə orqanlarının xüsusi hüquq münasibətlərinin bərabər hüquqlu subyekti kimi çıxış etdiyi hallarda, onlarla fiziki və ya hüquqi şəxslər arasındakı münasibətlərdən (o cümlədən, icarə, əmlak kirayəsi, podrat, alqı-satqı, tapşırıq, xidmətlərin göstərilməsi və s. müqavilələrdən və ya əqdlərdən) irəli gələn mübahisələrə mülki məhkəmə icraatı qaydasında baxılır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi Maddə 24.2. Mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir. Maddə 26.1. Sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. Maddə 30. Bir-biri ilə əlaqədar olan bir neçə tələbi birləşdirərkən, onlardan bir qismi ümumi məhkəməyə, digərləri isə kommersiya məhkəməsinə aiddirsə, tələblərə kommersiya məhkəməsində baxılmalıdır. Maddə 153.2. Hakim aşağıdakı hallarda iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir: Maddə 153.2.1. ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə; Maddə 398.0.2. qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək apellyasiya instansiyası məhkəməsinin hüququdur. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Qərardad və şikayətin dəlillərini araşdıran məhkəmə kollegiyası (bundan sonra – məhkəmə) hesab edir ki, şikayət təmin edilməli, barəsində şikayət verilmiş qərardad ləğv edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edildiyi kimi iddiaçılarla cavabdeh arasında “kənd təsərrüfatı bitkiləri və bitkiçilik məhsullarının” sığortasına dair sığorta müqaviləsi bağlanmış və sığorta müqaviləsinə əsasən iddiaçılara BS-**********-AS nömrəli, BS-**********-AS nömrəli, BS-**********-AS nömrəli, BS-**********-AS nömrəli sığorta şəhadətnamələri verilmişdir. Qeyd edilməlidir ki, istər Aqrar Sığorta haqqında haqqında qanun istərsə də mülki qanunvericiliyin tələbləri baxımından tərəflər arasında hüquq münasibətlərinin yaranmasının əsaslarından biridə iştirakçılar arasında müqavilənin bağlanması göstərilmişdir. Tərəflər müqavilə bağladıqları zaman mülki hüquq subyektlərinin iradə sərbəstliyi, mülki dövriyyə iştirakçılarının əmlak müstəqilliyi, müqavilələr azadlığı və mülki qanunvericiliklə müəyyən edilmiş prinsiplərə əsaslanır və bərabər hüquqlu subyekt kimi hüquq münasibətlərinə daxil olur, özləri üçün hüquq və vəzifələr müəyyən edirlər. Məhz bu baxımdan tərəflər arasında yaranmış müqavilədən irəli gələn öhdəliklərin icra edilməsi və ya lazımınca icra edilməməsi ilə bağlı münasibətlərə baxılmasının xüsusiyyətləri, o cümlədən məhkəmə aidiyyətinə dair qanunvericiliyin tələblərinin tətbiq edilməsi zamanı ilk növbədə araşdırılmalı olan hallardan biri münasibətlərin xarakteridir. Münasibətlərin xarakterli dedikdə isə tərəflər arasında yaranmış münasibətlərin onların publik (umumi) hüquq sahəsinə aid olan hərəkət və ya hərəkətsizliyindən irəli gəldiyi, yoxsa münasibətlərin xüsusi hüquqla tənzimlənməsi başa düşülür. Qanunvericiliyin tələblərindən çıxış edərək qeyd edilməlidir ki, Aqrar Sığorta Fondu “Aqrar sığorta haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra – Qanun) 8.2-ci maddəsinə uyğun olaraq “Aqrar sığorta haqqında” Azərbaycan Respublikasının 2019-cu il 27 iyun tarixli 1617-VQ nömrəli Qanununun tətbiqi və Aqrar Sığorta Fondunun yaradılması barədə” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 19 avqust tarixli 809 nömrəli Fərmanı (bundan sonra – Fərman) ilə Azərbaycan Respublikasında aqrar sığorta sisteminin təşkilini, inkişafını və dayanıqlılığını, habelə idarəedici qurumun formalaşdırılmasını təmin etmək və onun fəaliyyətinə nəzarət etmək məqsədilə yaradılmış qeyri-kommersiya hüquqi şəxsidir (Aqrar Sığorta Fondunun Nizamnaməsi bənd 1.1). Fond Nizamnamədə qarşıya qoyulmuş məqsədlərə nail olmaq üçün sahibkarlıq fəaliyyəti ilə məşğul ola bilər. Fondun ayrıca əmlakı vardır və Fond öz öhdəliklərinə görə bu əmlakla cavabdehdir. Fondun qanunvericiliyə uyğun olaraq əqdlər bağlamaq, öz adından əmlak və şəxsi qeyri-əmlak hüquqları əldə etmək və həyata keçirmək, vəzifələr daşımaq, məhkəmədə iddiaçı və ya cavabdeh qismində çıxış etmək hüququna malikdir (bənd – 1.4, 1.6). Fond Nizamnamə ilə müəyyən edilmiş qaydada aqrar sığorta sisteminin təşkilini, inkişafını, dayanıqlılığını və fasiləsiz fəaliyyətini, idarəedici qurumun formalaşdırılmasını təmin etmək və onun fəaliyyətinə nəzarət etmək, habelə idarəedici qurum ləğv edildikdə, yenisinin formalaşdırılmasını təmin etmək məqsədilə yaradılmışdır. Fond bu Nizamnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərini həyata keçirərkən, qabaqcıl beynəlxalq təcrübə və standartları əsas götürür (bənd – 2.1). Eyni zamanda Fond “Aqrar sığorta haqqında” Azərbaycan Respublikasının 2019-cu il 27 iyun tarixli 1617-VQ nömrəli Qanununun tətbiqi ilə əlaqədar Aqrar Sığorta Fondunun yaradılması barədə” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 19 avqust tarixli 809 nömrəli Fərmanına əsasən yaradılmışdır. Belə olan halda Fond aqrar sığorta sahəsində dövlətin səlahiyyətlərini həyata keçirən qurumdurdur ki, fond bu sahədə olan fəaliyyəti ilə hakimiyyət səlahiyyətlərinin icraçısıdır. Bu baxımdan məhkəmə qeyd edir ki, birinci instansiyası məhkəməsinin “İnzibati orqanların Təsnifatı”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 avqust 2007-ci il tarixli 136 nömrəli Qərarının V.bəndinə itinad edərək Fondun inzibati orqan hesab olunması ilə bağlı dəlilləri qəbul olunan olsa da hazırki mübahisənin inzibati xarakterli olmasına dair dəlilləri əsassızdır. Belə ki, hər bir inzibati orqan onların funksional vəzifələrinin icrasında başqa mülki hüquq münasibətlərinə girə, müqavilələr bağlaya, özü üçün hüquqlar və vəzifələr müəyyənləşdirə bilər. İnzibati orqanların mülki hüquq münasibətlərinə girə bilməsi isə qanunvericiliklə qadağan edilməmiş, əksinə qanunvericilikdə bu mümkün sayılmışdır. Hazırki mübahisənin hallarından müəyyən edildiyi kimi, cavabdeh Fondun icra edilməməsi iddia olunan hüquq və vəzifələri qanundan irəli gəlmir. Belə ki, Aqrar Sığorta haqqında Qanunda və Fondun Nizamnaməsində mütləq şəkildə müqavilə münasibətləri mövcud olmadan sığorta fəaliyyətinin həyata keçirilməsi və sığorta hadisəsinin baş verdiyi halda istənilən şəxsə dəymiş zərərin ödənilməsi vəzifəsi Fondun vəzifələrinə aid edilməmiş və sonuncunun üzərinə qanunvericiliklə belə bir öhdəlik qoyulmamışdır. Hazırki mübahisənin mahiyyəti Fondun müqavilə münasibətlərindən irəli gələn öhdəliklərinin icra edilməməsi ilə bağlıdır ki, iddia edilən öhdəliklərin pozulması qanuna deyil müqaviləyə söykənir. Birinci instansiyası məhkəməsi işi icraata qəbul etməkdən imtina edərəkən istinad etmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 30 oktyabr tarixli 431 nömrəli Qərarı ilə təsdiq edilmiş “Aqrar sığorta Qaydaları”nın 1.25-ci hissəsinə əsasən, sığorta müqaviləsinin icrasından irəli gələn mübahisələrə tərəflərin qarşılıqlı razılığı ilə həll olunması üçün “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq fəaliyyət göstərən və Fond daxilində yaradılan Apelyasiya Şurası tərəfindən baxılır. Sığorta müqaviləsinin icrasından irəli gələn mübahisələrin həllində tərəflər arasında qarşılıqlı razılığın əldə olunması mümkün olmadıqda, mübahisələr məhkəmə qaydasında həll edilir. Məhkəmənin bu mövqeyi ilə də razılaşmayan məhkəmə qeyd edir ki, müqavilədən irəli gələn mübahisə tərəflərin qarşılıqlı razılığı ilə həll edilmədiyi təqdirdə Apellyasiya Şurası tərəfindən “İnzibati İcraat haqqında” qanunun tələbləri baxımından mübahisəyə baxılması tərəflər arasında yaranmış münasibətlərin inzibati xarakter daşımasını təsdiq etmir. Belə ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq fəaliyyət göstərən və Fond daxilində yaradılan Apellyasiya Şurası tərəfindən yaranmış mübahisəyə apellyasiya qaydasında baxılmalı olması dövlətin bu sahədə olan mübahisələrin araşdırılmasının daha üstün qaydasını müəyyən edir və bir növ mübahisənin hərtərəfli araşdırılmasının təminatı kimi çıxış edir. Bu isə tərəflər arasında yaranmış hüquq münasibətlərinin inzibati xarakterli olmasını təsdiq etmir. Bundan başqa Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 30 oktyabr tarixli 431 nömrəli Qərarı ilə təsdiq edilmiş “Aqrar sığorta Qaydaları”nın 1.25-ci hissəsinə “tərəflər arasında qarşılıqlı razılığın əldə olunması mümkün olmadıqda, mübahisələr məhkəmə qaydasında həll edilir” kimi göstərilməsi mübahisəyə inzinbati məhkəmələr tərəfindən baxılması anlamına gəlmir və bu mənada təfsir edilə bilməz. Belə ki, maddi hüquq normalarının toplusu olan qanunvericilik aktları özündə maddi hüquq normalarını birləşdirir. Mübahisəyə baxılmasının məhkəmə aidiyyəti məsələləri isə müvafiq olaraq İnzibati və Mülki Prosessual Məcəllələrlə tənzimlənir. İstinad olunduğu kimi, “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 4 nömrəli Qərarının 5.2-ci bəndinə əsasən, Dövlət hakimiyyəti orqanlarının və yerli özünüidarə orqanlarının xüsusi hüquq münasibətlərinin bərabər hüquqlu subyekti kimi çıxış etdiyi hallarda, onlarla fiziki və ya hüquqi şəxslər arasındakı münasibətlərdən (o cümlədən, icarə, əmlak kirayəsi, podrat, alqı-satqı, tapşırıq, xidmətlərin göstərilməsi və s. müqavilələrdən və ya əqdlərdən) irəli gələn mübahisələrə mülki məhkəmə icraatı qaydasında baxılır. Beləliklə, şərh olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, birinci instansiyası məhkəməsi hazırki mübahisəyə inzibati məhkəmələr tərəfindən baxılmalı olmasına dair mövqeyi əsassız olmuşdur. Belə ki, hazırki mübahisə tərəflər arasında yaranmış hüquq münasibətlərinin xarakterinə görə tərəflərin xüsusi hüququnun bərabər hüquqlu subyekti kimi iştirakçısı olduqları müqavilə münasibətlərindən irəli gəldiyindən mülki mühakimə icraatı qaydasında baxılmalıdır. Bundan başqa məhkəmə qeyd edir ki, Fond qeyri-kommersiya hüquqi şəxsi kimi yaradılsa da nizamnaməsinə əsasən o, nizamnamədə qarşıya qoyulmuş məqsədlərə nail olmaq üçün sahibkarlıq fəaliyyəti ilə məşğul ola bilər. Sonuncunun sığorta fəaliyyətinin nəticəsində gəlir əldə etməsi isə mübahisə doğurmur. İddiaçılar isə X1 istisna olmaqla fərdi sahibkar statusuna malik olan fiziki şəxslərdir. İddiaçıların müştərək maraqları nəzərə alındıqda sonuncuların bir cavabdehə qarşı iddia sürüldükdə mübahisəyə Kommerisya Məhkəmələri tərəfindən baxılması mümün olsa da hazırki tələblərin bir icraatda birləşdirilməsinin mümkünlüyü birinci instasiyası məhkəməsi tərəfindən araşdırılmalıdır. Belə ki, Mülki Prosessual Məcəllənin 152.1.7-ci maddəsinə əsasən, bir və ya bir neçə cavabdehə bir-biri ilə əlaqədar olmayan bir neçə tələb birləşdirildikdə hakim iddia ərizəsini geri qaytarmalıdır. Mülki prosessual Məcəllənin 169.3-cü maddəsinə əsasən, hakim həmin məhkəmənin icraatında eyni tərəflərin iştirak etdiyi eyni növlü bir neçə işin, yaxud bir iddiaçının müxtəlif cavabdehlərə, yaxud müxtəlif iddiaçıların eyni cavabdehə iddiaları üzrə bir neçə işin olduğunu müəyyən etdikdə, bu işlərin birləşdirilməsini məqsədə müvafiq hesab edərsə, onları birlikdə baxılmaq üçün bir icraatda birləşdirməyə haqlıdır. Mülki Prosessual Məcəllənin 152.1.7-ci maddəsinin tələbləri imperativ xarakter daşıyır, 169.3-cü maddəsinin tələbləri isə məhkəmənin hüquqlarıdır. Hər iki prosessual norma fərqli qaydaları müəyyən etdiyindən işlərin bir icraatda birləşdirilməsinin mümkünlüyü birinci instansiyası məhkəməsi tərəfindən araşdırılmamışdır. Bundan başqa qeyd edilməlidir ki, hüquqi şəxsə iddia hüquqi şəxsin ünvanının olduğu yerə görə verilir. Hüquqi şəxsin törəmə müəssisəsinin fəaliyyətindən əmələ gələn iddialar müəssisənin ünvanının olduğu yerə görə verilir (MPM maddə 35.2). Hazırki iş materiallarıınn araşdırılması zamanı müəyyən edilmişdir ki, “Aqrar Sığorta Fondu” ünvan 1 ünvanında qeydiyyatdadır. Belə olan halda iddiaçılar işə baxılmasının ərizə aidiyyəti ilə bağlı qaydalara riayət etməmiş və məhkəmə bu hala qiymət vermədən işi icraatına qəbul etməkdən imtina etməkdə haqlı olamamışdır. Hazırki mübahisəyə baxılmasınən ərazi aidiyyətinin dəyişdirilməsinin mümkünüyü isə Mülki Prosessual Məcəllənin 36 və 39-cü maddələrinin təsiri altına düşmür. Gəncə Kommersiya Məhkəməsi hazırki mübahisəyə baxılmasında ərazi aidiyyəti qaydalarına əsasən səlahiyyətli deyildir. Səlahiyyətsiz məhkəmə isə yalnız işi geri qaytara bilər ki, işin icrata qəbul edilməsindən imtina məsələsi yalnız səlahiyyətli məhkəmənin səlahiyətinə aiddir. Şərh olunanlara əsasən məhkəmə, birinci instansiyası məhkəməsinin mövqeyini əsassız, qərardaddan şikayətin dəlillərini əsaslı sayaraq hesab edir ki, birinci instansiyası məhkəməsi Mülki Prosessual Məcəllənin 153.2.1-ci maddəsinə istinad edərək iddianın yolverilməzliyinə görə icraata qəbul etməkdən imtinası qanunvericiliyin tələblərinə uyğun olmadığından barəsində şikayət verilən qərardad ləğv edilməli və iş qanunvericiliyin tələblərinə əməl edilərək sonrakı prosessual hərəkətləri yerinə yetirmək üçün birinci instansiyası məhkəməsinə qaytarılmalıdır. Eyni zamanda Mülki Prosessual Məcəllənin 402-ci maddəsinə əsasən, hazırkı qərardaddan kassasiya şikayəti verilə bilməz. Göstərilənlərə əsasən, Mülki Prosessual Məcəllənin 398.0.1, 400, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(115)-388/2025 nömrəli qərardadından iddiaçılar İddiaçı4, İddiaçı2, İddiaçı3 və İddiaçı1 tərəfindən verilmiş şikayət təmin edilsin. Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(115)-388/2025 nömrəli qərardadı ləğv edilsin və iş qanunvericiliyin tələblərinə əməl edilərək sonrakı prosessual hərəkətlərin yerinə yetirilməsi üçün Gəncə Kommersiya Məhkəməsinə qaytarılsın. Qərardaddan kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2-2(104)-59/2025
Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(104)-59/2025
13.02.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver