Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2-2(104)-61/2024 15.03.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası - hakimlər Rzaquliyev Şamil Qəhrəman oğlu (sədrlik edən və məruzəçi), Süleymanov Loğman Srac oğlu və Hüseynzadə Afiq Hüseyn oğlundan ibarət tərkibdə, Tağıyeva Ruhiyə Nadim qızının katibliyi, Cavabdeh2 iştirakı ilə, İddiaçı cavabdehlər X2 və Cavabdeh2 qarşı pul tələbinə dair kommersiya işi üzrə Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2-2(115)-592/2023 saylı qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı MMC cavabdehlər X2 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə Gəncə Kommersiya Məhkəməsinə müraciət edərək, cavabdehlər Cavabdeh2 və X1 13 noyabr 2021-ci il tarixli, 300 №-li alqı-satqı müqaviləsi üzrə ödənilməmiş 21808 manat məbləğində pulun, öhdəliyin icrasının gecikdirildiyi müddət üçün 1522,19 manat məbləğində dəbbə pulunun, ödənilmiş mediasiya xərcinin əvəzi olaraq 200 manatın müştərək qaydada tulularaq İddiaçı MMC-yə ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2-2(115)-592/2023 nömrəli qətnaməsi ilə (hakim K.Vəliyev) iddia tələbinin qismən təmin edilmnəsi, cavabdehlər X3 və Cavabdeh2 müştərək qaydada 21808 (iyirmi bir min səkkiz yüz səkkiz) manat məbləğində borc, 200 (iki yüz) manat cərimə olmaqla, cəmi 22008 (iyirmi iki min səkkiz) manat borc və 200 (iki yüz) manat mediasiya xərcinin tutularaq İddiaçı MMC-nin xeyrinə ödənilməsi, cavabdehlər X1 və Cavabdeh2 müştərək qaydada 156,02 (bir yüz əlli altı manat iki qəpik) manat dövlət rüsumunun tutularaq dövlət büdcəsinə ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Cavabdeh2 həmin qətnamənin dəlilləri ilə razılaşmayıb apellyasiya şikayəti verərək Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2-2(115)-592/2023 saylı qətnaməsini dəyişdirərək yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. İşin halları: İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə Cavabdeh2 arasında xx.xx.2021-ci il tarixdə, 300 №-li alqı-satqı müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən, iddiaçı sifariş əsasında ümumi dəyəri və təyinatı müqavilənin tərkib hissəsi olan qiymətlərin razılaşdırma protokollarında əks olunan texniki avadanlıqları (malları) dəyəri nağd və ya hissə-hissə ödənilməklə cavabdehə satmağı, cavabdeh isə malı qəbul edib qaimə-fakturalarda əks olunan qiyməti iddiaçıya ödəməyi öhdəsinə götürmüşdür. Eyni tarixli təhvil-təslim aktına əsasən, cavabdeh müqavilə üzrə nəzərdə tutulmuş malları iddiaçıdan təhvil almış, yoxlayaraq qəbul etmişdir. Həmin tarixdə müqaviləyə əlavə olaraq imzalanmış ödəniş cədvəlinə əsasən, cavabdeh 7000 manat ilkin ödəniş, 18 ay müddətinə isə hər ay 1388 manat olmaqla, ümumilikdə 32000 manat ödəməyi öhdəsinə götürmüşdür. Buna baxmayaraq, cavabdeh tərəfindən bu günədək müqavilə üzrə ödənilməli məbləğdən yalnız 10192 manat ödənilmiş, cavabdehin iddiaçıya 21808 manat məbləğində borcu qalmışdır. Cavabdehə edilmiş çoxsaylı xəbərdarlıqlara və bildirişlərə baxmayaraq, cavabdeh öhdəliyinin icrasından yayınmış, satın aldığı malların əvəzini ödəməmişdir. Bundan əlavə iddiaçı ilə X3 arasında 13 noyabr 2021-ci il tarixdə zaminlik müqaviləsi bağlanmış, zamin iddiaçı ilə cavabdeh arasında bağlanmış alğı-satqı müqaviləsinə əsasən cavabdehin öhdəliklərinin yerinə yetirilməsinə görə cavabdeh ilə birlikdə iddiaçı qarşısında məsuliyyət daşımağı öhdəsinə götürmüşdür. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: Cavabdeh2 apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi tərəfindən onların ödədiyi ödənişlər səhvən az hesablanıb və buna görə də tərəflərindən ödiniləcək məbləğdə səhvən artıq hesablanıb. Ödənilmiş məbləğlərin dəqiq araşdırılması aparılmadığı üçün məhkəmə artıq məbləğdə ödəniş edəcəklərinə dair səhv nəticəyə gəlib. Belə ki, onlar İddiaçı MMC-yə qeyd olunduğundan dahacox pul ödəmişlər və onların ödənilməmiş qalıq borcu 21808 manatdan azdır. Onlar 11000 manmat məbləğində ödəniş etmişlər, ödənilməmiş qalıq borcu isə 21000 manat məbləğindədir. Məhkəmə iclasında iştirak etmədiklərinə görə iş üzrə sübutlar təqdim edə bilməmişlər. Prosessual məsələlər: Məhkəmə iclasının vaxtı və yeri barədə tərəflər lazımi qaydada xəbərdar edilmiş, iddiaçının nümayəndəsi məhkəmə iclasına gəlməsə də, məhkəməyə ərizə göndərərək işə onların iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh2 apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək iddiaçı tərəfindən 808 manat artıq borcun hesablandığını bildirərək həmin ussədə iddianın təmin edilməməsini xahiş etdi. Həmçinin göstərdi ki, aldıqları avadanlığın dəyərində 11000 manat ödəniş edilmişdir. lakin məhkəməyə həmin xüsusatı təsdiq edən ödəniş sənədləri saxlanmadığına görə məhkəməyə təqdim edə bilmir. Bundan başqa digər cavabdeh – zamin qardaşı ilə birlikdə onu aldadaraq xx.xx.2021-ci il tarixli 300 №-li alqı-satqı müqaviləsi əsasında almış olduğu avadanlığı başqa şəxsə satmış, aldığı pulu ona verməmişdir. Bu səbəbdən də o, digər cavabdehin hərəkəti ilə bağlı polis orqanına şikayət etmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materialları ilə əlaqəli şəkildə hərtərəfli, tam, obyektiv və qərəzsiz araşdırıb, toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilmədən, Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2-2(115)-592/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarında olan xx.xx.2021-ci il tarixli 300 №-li alqı-satqı müqaviləsindən görünür ki, satıcı qismində İddiaçı MMC, alıcı qismində isə Cavabdeh2 iştirak etmiş, satıcı sifariş əsasında ümumi dəyəri və təyinatı bu müqavilənin tərkib hissəsi olan ilkin razılaşdırma protokolunda əks olunan texniki avadanlıqların dəyərini nağd və ya hissə-hissə ödənilməklə alıcıya satmağı, alıcı isə malı qəbul edib qaimə-fakturalarda əks olunan qiymətini satıcıya ödəməyi öhdəsinə götürür. Həmin müqavilənin 1.4-cü bəndinə əsasən satılan malın dəyərindən 7000 manat məbləğini-ilkin ödəniş olaraq əvvəlcədən yerdə qalan məbləği isə 18 ay ərzində kredit cədvəlinə müvafiq olaraq ödəniş tarixindən gec olmamaq şərti ilə hissə-hissə nağd ödəməyi alıcı öz üzərinə götürür. Həmin müqavilənin 4.2-ci bəndinə əsasən alıcı malın dəyərini və qalıq məbləğini müqavilənin 3.2-ci maddəsinə göstərilən müddətdə ödəmədikdə hər gecikdirilmiş gün üçün ödənilməyən məbləğin 0.02% həcmində satıcıya cərimə ödəyir. İş materiallarında olan xx.xx.2021-ci il tarixli təhvil-təslim aktından görünür ki, alıcı- Cavabdeh2 müqavilə üzrə nəzərdə tutulmuş malları satıcı-İddiaçı MMC-dən təhvil almış, yoxlayaraq qəbul etmişdir. İş materiallarında olan xx.xx.2021-ci il tarixli zaminlik müqaviləsindən görünür ki, xx.xx.2021-ci il tarixli 300 №-li alqı-satqı müqaviləsinin təminatı kimi X3 ilə zaminlik müqaviləsi bağlanmışdır. İş materiallarında olan xx.xx.2023-cü il tarixli 08 nömrəli maliyyə arayışından görünür ki, Cavabdeh2 və X3 tərəfindən bu günədək müqavilə üzrə ödəniməli olan məbləğdən yalnız 10192 manat ödənilmiş, son ödəniş tarixi xx.xx.2022-ci ildən bu günə qədər 21808 manat məbləğində ödənilməmiş qalmışdır. İş materiallarında olan xx.xx.2022-ci il tarixli MŞG 1-05108 nömrəli ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, İddiaçı MMC tərəfindən 200 manat mediasiya ödənişi ödənilmişdir. İş materiallarında olan pretenziya məktubundan görünür ki, cavabdeh yaranmış borcla bağlı xəbərdar edilmişdir. Məhkəmə kollegiyasının iclasında müəyyən olunmuşdur ki, İddiaçı MMC ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2021-ci il tarixli 300 №-li alqı-satqı müqaviləsinə əsasən satıcı İddiaçı MMC malları (epilyasiya aparatı və digər avadanlıqlar) alıcıya verməyi, alıcı Cavabdeh2 isə malların dəyərini ödəməyi öhdəsinə götürmüş, ancaq alıcı müqavilənin şərtlərini pozaraq üzərinə götürdüyü öhdəliyi tam şəkildə yerinə yetirməmişdir. xx.xx.2021-ci il tarixli 300 №-li alqı-satqı müqaviləsinin təminatı kimi X3 ilə zaminlik müqaviləsi bağlanmışdır. Cavabdehlərə borcun ödənilməsi barədə pretenziya məktubu göndərilsə də, cavabdehlər tərəfindən borc məbləği ödənilməmişdir. İddia tələbini təmin etmiş birinci instansiya məhkəməsi gəldiyi nəticəni belə əsaslandırmışdır ki, İddiaçı MMC ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2021-ci il tarixdə, 300 №-li alqı-satqı müqaviləsinə əsasən satıcı İddiaçı MMC malları alıcıya verməyi, alıcı Cavabdeh2 isə malların dəyərini ödəməyi öhdəsinə götürmüş, ancaq alıcı müqavilənin şərtlərini pozaraq üzərinə götürdüyü öhdəliyi tam şəkildə yerinə yetirməmişdir. xx.xx.2021-ci il tarixdə, 300 №-li alqı-satqı müqaviləsinin təminatı kimi X3 ilə zaminlik müqaviləsi bağlanmışdır. Cavabdehlərə borcun ödənilməsi barədə pretenziya məktubu göndərilsə də, cavabdehlər tərəfindən borc məbləği ödənilməmişdir. Qeyd olunanlara əsasən məhkəmə belə hesab edir ki, iddiaçı hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur. Məhkəmə cavabdehin üzərində əsas və faiz borcu olaraq icra edilməmiş pul öhdəliyinin olmasını, bununla yanaşı əlavə olaraq yüksək məbləğdə cərimənin tətbiq edilməsinin onların vəziyyətini daha da ağırlaşdırdığını nəzərə alaraq hesab edir ki, 1522,19 manat məbləğində dəbbə pulu (cərimə) tənasübsüz surətdə yüksəkdir. Odur ki, dəbbə pulu azaldılaraq 200 manat məbləğində müəyyən edilməlidir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşan məhkəmə kollegiyası aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 598.1-ci maddəsinə əsasən əgər alğı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alğısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Həmin Məcəllənin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur (AR MM-in 443.1-ci maddəsi). İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır (AR MM-in 445.1-ci maddəsi). Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 472.1 və 472.2-ci maddələrinə görə borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Yuxarıda da qeyd olunduğu kimi zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır və kreditor borclu tərəfindən kredit müqaviləsinin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi halda həm borclu, həm də zaminə qarşı kredit müqaviləsi üzrə tələblərini irəli sürə bilər. Həmin Məcəllənin 475-ci maddəsinə görə öhdəliyi icra etmiş zaminə kreditorun həmin öhdəlik üzrə hüquqları və kreditora girov saxlayan kimi mənsub olmuş hüquqlar zaminin kreditorun tələbini ödədiyi həcmdə keçir. Zamin həmçinin borcludan kreditora ödənilmiş məbləğdən faizlər ödəməyi və borclunun əvəzinə məsuliyyətlə bağlı çəkdiyi digər zərərin əvəzini ödəməyi tələb edə bilər. Zamin öhdəliyi icra etdikdən sonra kreditor borcluya qarşı tələbi təsdiqləyən sənədləri zaminə təqdim etməyə və həmin tələbi təmin edən hüquqları verməyə borcludur. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdehin alğı-satqı müqaviləsinə əsasən iddiaçıdan haqqını sonradan ödəmək şərti ilə almış olduğu malların dəyərinin 21808 manat əsas borc təşkil edən hissəsini sonradan ödəmədiyi məhkəmə iclasında müəyyən edildiyinə görə birinci instansiya məhkəməsi iddia tələbini həmin hissədə qismən təmin etməkdə haqlı olmuşdur. Cərimə hissəsinə gəldikdə kollegiya aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 462.3-ci maddəsinə əsasən müqavilənin tərəfləri dəbbə pulunun miqdarını sərbəst müəyyənləşdirə bilərlər və bu, mümkün zərərdən çox ola bilər.Lakin dəbbə pulunun miqdarı zərərdən tənasübsüz dərəcədə yüksək olmamalıdır. Dəbbə pulunun məbləği kreditorun zərərinə tənasübsüz surətdə uyğun olmadıqda istər qanun üzrə istərsə də müqavilə ilə müəyyən edilmiş dəbbə pulunun məbləği məhkəmənin təşəbbüsü ilə azaldıla bilər. Məhkəmənin dəbbə pulunu azaltmaq səlahiyyəti Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinin tələblərindən irəli gəlir. Həmin maddədə göstərilir ki, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Məhkəmə qeyd olunanları nəzərə alaraq cavabdehə hesablanmış dəbbə pulunu azaltmışdır ki, iddiaçı birinci instansiya məhkəməsinin qətnaməsini mübahisələndirməmiş, məhkəmə kollegiyası da birinci instansiya məhkəməsinin həmin qənaəti ilə razılaşır. Cavabdeh apellyasiya şikayətinin dəlillərində əsas borcdan 11000 manat ödəniş edildiyini və 21000 manat borcunun qaldığını bildirsə də, bu barədə hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. Odur ki, məhkəmə kollegiyası cavabdehin həmin dəlilini əsasız sayır. Azərbaycan Respublikasы MPM-in 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır. Məhkəmə kollegiyası yuxarıda şərh olunanlara hüquqi qiymət verib hesab edir ki, şikayətlə mübahisələndirilən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmış, maddi və prosessual hüquq normalarının tətbiqində səhvə yol verilməmişdir. Ona görə də apelyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin iş üzrə qətnaməsi dəyişdirilmədən saxlanmalıdır. Cavabdeh əsas məbləğin yalnız 808 manat hissəsini mübahəsiləndirdiyindən qanunvericilikdə həmin məbləğdən kassasiya şikayəti vermək hüququ nəzərdə tutulmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Azərbaycan Respublikası MPM-in 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-in 372-376, 378-382, 384.0.1, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2-2(115)-592/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamə elan olunduqdan dərhal sonra qanuni qüvvəyə minir. Bu qətnamədən kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2-2(104)-61/2024
Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(104)-61/2024
15.03.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver