Məhkəmə qərarları › İş №2-2(104)-63/2025

Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(104)-63/2025

12.02.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-2(104)-63/2025 12.02.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası - hakimlər Rzaquliyev Şamil Qəhrəman oğlu (sədrlik edən və məruzəçi), Süleymanov Loğman Srac oğlu və Məcidov Rüfət Azadəli oğlundan ibarət tərkibdə, Vəlizadə Vasif Etibar oğlunun katibliyi ilə, Gəncə Kommersiya Məhkəməsinin 13 yanvar 2025-ci il tarixli e-2-2(115)-546/2024 nömrəli qərardadından Cavabdeh tərəfindən verilmiş şikayətə Gəncə Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq, Müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə Gəncə Kommersiya Məhkəməsinə müraciət edərək müqavilə üzrə ödənilməmiş 126624,69 manat məbləğində pul vəsaitinin, ödənilmiş 416,62 manat dövlət rüsumunun Cavabdeh tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Gəncə Kommersiya Məhkəməsinin 13 may 2024-cü il tarixli, e-2-2(115)-546/2024 saylı qətnaməsi ilə (hakim G.Quliyeva) iddianın təmin edilməsi, İddiaçı ilə Cavabdeh arasında bağlanmış 28 avqust 2022-ci il tarixli 09-003780/22 saylı alqısatqı müqaviləsinə əsasən 126624 manat 69 qəpik borc, 416 manat 62 qəpik dövlət rüsumunun Cavabdeh tutularaq İddiaçınə ödənilməsi qət edilmişdir. Gəncə Kommersiya Məhkəməsinin 13 may 2024-cü il tarixli, e-2-2(115)-546/2024 saylı qətnaməsinə 01 iyul 2024-cü il tarixdə icra vərəqəsi verilmişdir. Cavabdeh məhkəməyə qətnamədən apellyasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətinin bərpa edilməsi haqqında ərizə ilə müraciət edərək bildirmişdir ki, qətnamədən apellyasiya şikayət vermə müddətini üzrlü səbəbdən buraxmışdır. Belə ki, məhkəmə iclaslarından məlumatı olmamış, bu barədə sms bildiriş və yaşadığı ünvana məlumat gəlməmiş, bu səbəbdən məhkəmə iclasında iştirak edə bilməmişdir. O, yaşlı və xəstə insandır. Müasir elektron məhkəmə sistemi barədə məlumatı yoxdur. Qətnamə barədə Bərdə rayon İcra şöbəsinin əməkdaşları tərəfindən ona məlumat verildikdən sonra məlumatıı olmuşdur. İddiaçı MMC kobud yalnışlığa yol verib, başqasının borcunu onun kimi qiymətləndirmişdir. İndi isə sözügedən mübahisəni icra şöbəsindən geri çəkməyi yubadırlar. Məhkəmə qətnaməsi ümumiyyətlə onun ünvanına gəlməmiş və elektron kabineti isə yoxdur. Yalnız vəkilə müraciət etdikdən sonra bu barədə qismən məlumatı olmuşdur. Məhkəmə qətnaməsini xx.xx.2024-cü il tarixdə nümayəndəsi elektron kabinet vasitəsi ilə əldə etmişdir. Hal-hazırkı iş üzrə qətnamədən şikayət vermə müddəti üzrlü səbəbdən buraxıldığından apellyasiya şikayəti verilməsi müddətinin bərpa edilməsini və apellyasiya şikayətinin baxılması üçün göndərilməsini xahiş edir. İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, cavabdeh tərəfindən apellyasiya şikayəti verilməsi üçün qanunda nəzərdə tutulmuş prosessual müddətin ötürülməsi üzrlü deyil və bərpa edilə bilməz. Ötürülmüş prosessual müddətin bərpa edilməsi əsasları ilə bağlı qanunvericiliyin tələbləri hər bir şəxs kimi cavabdeh üçün də imperativ xarakter daşıyır. Şikayət qanunda nəzərdə tutulmuş prosessual müddətlər ötürülməklə verildikdə, buraxılmış müddətin bərpa olunması barədə ərizə verilməlidir. Həmin ərizəyə müddətin üzrlü səbəblərdən ötürülməsi ilə bağlı sübutlar əlavə edilməlidir. Heç bir üzrlü səbəb olmadan ötürülmüş prosessual müddətin bərpası qanunvericiliyin tələblərinə zidd olmaqla yanaşı, hər kəsin qanun qarşısında hüquqlarının bərabərliyi prinsipinin də pozulmasına səbəb ola bilər. Hazırki iş üzrə xx.xx.2024-cü il tarixli e-2- 2(115)-546/2024 nömrəli qətnamə xx.xx.2024-cü il tarixdə elektron kabinetə yerləşdirilmişdir və eyni zamanda poçt xidməti vasitəsilə xx.xx.2024-cü il tarixdə Cavabdeh çatdırılmışdır. Bu isə, o deməkdir ki, cavabdeh qətnamədən narazı qaldığı halda, ən geci 19 iyun 2024-cü il tarixədək apellyasiya şikayətini məhkəməyə təqdim etməli idi. Lakin iş materiallarından görünür ki, apellyasiya şikayəti məhkəmənin elektron kabineti vasitəsilə 29 avqust 2024-cü il tarixində, yəni şikayət vermə müddəti 2 ay 10 gün ötürülməklə verilmişdir. Cavabdeh müddətin ötürülməsini məhkəmə qətnaməsinin ona vaxtında verilməməsi ilə əsaslandırmağa çalışsa da, onun bu arqumenti iş materialları ilə təkzib edilir. Çünki, qətnamə cavabdehə xx.xx.2024-cü il tarixində poçt vasitəsilə, xx.xx.2024-cü il tarixində isə elektron məhkəmə sistemində yaradılmış şəxsi kabinet vasitəsilə təqdim edilib. Göstərilənləri nəzərə alaraq, cavabdehin qətnamədən apellyasiya şikayəti verilməsi üçün qanunda nəzərdə tutulmuş prosessual müddətin bərpa edilməsi barədə ərizəsinin təmin olunmamasını xahiş edirlər. Gəncə Kommersiya Məhkəməsinin 13 yanvar 2025-ci il tarixli e-2-2(115)-546/2024 nömrəli qərardadı ilə Gəncə Kommersiya Məhkəməsinin 13 may 2024-cü il tarixli e-2- 2(115)-546/2024 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizəsi təmin edilməmiş, iş üzrə məhkəmə-xətşünaslıq ekspertizalarının keçirilməsi ilə bağlı 110 manat ekspertiza xərci Cavabdeh tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilməsi qərara alınmışdır. Həmin qərardaddan Cavabdeh şikayət verərək Gəncə Kommersiya Məhkəməsinin 13 yanvar 2025-ci il tarixli e-2-2(115)-546/2024 nömrəli qərardadının ləğv edilməsi, apellyasiya şikayəti verilməsi müddətinin bərpa edilməsi, işə mahiyyəti üzrə baxılması, əks təqdirdə bu şikayət baxıldıqdan sonra 7 gün müddətində işlə birlikdə apellyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, qətnamə şəxsən ona təqdim olunmayıb, yoldaşına ona məlum olmayan poçt sənədi verilsə də, həmin poçt sənədinin qətnamə olmasından xəbəri olmayıb, yoldaşı da həmçinin həmin poçtun içində olan sənədi ona unutduğu üçün verməyib. Ümumilikdə xəstə və yaşlı insan olduğu üçün sənədlərdən və elektron kabinetdən anlayışı yoxdur. Yalnız icra məmuru onu məlumatlandırdıqdan sonra məhkəmə qətnaməsi barədə məlumatı olub. Ümumilikdə bildirmişdir ki, onun İddiaçı MMC adlı şirkətə borcu yoxdur. Məhkəmə işin hər tərəfli, ədalətli araşdırılması üçün Cavabdeh yaşlı və xəstə olmasını nəzərə almaqla, həmçinin araşdırma zamanı onun poçt qəbzlərinə imza çəkib qətnaməni əldə etməməsini, onun Bərdə rayonun kəndində yaşamaqla, müasir elektron resurslardan uzaq olmasının yaşına görə işin mübahisəsiz halı olmasını nəzərə almadan müddəti bərpa etməməsi ilə bağlı qərardad qəbul etməsi qanunsuzdur. Məhkəmə özünü borclu kimi təqsirli bilməyən şəxsin barəsində qətnaməsində qeyd edilən halları araşdırmadan qüvvədə saxlamağa cəhd etməklə ədalətsizliyə şərait yaratmışdır. Bu hal insanların məhkəmə hakimiyyətinə inamı sarsıdır. Gəncə Kommersiya Məhkəməsinin 22 yanvar 2025-ci il tarixli e-2-2(115)-546/2024 nömrəli qərardadı ilə Gəncə Kommersiya Məhkəməsinin 13 yanvar 2025-ci il tarixli e-2- 2(115)-546/2024 nömrəli qərardadından Cavabdeh tərəfindən verilmiş şikayətin təmin edilməməsi, şikayətin işin materialları ilə birlikdə baxılması üçün 7 gün müddətində Gəncə Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Hazırki şikayətə Azərbaycan Respublikası MPM-in 397.2-ci maddəsinə müvafiq olaraq yazılı icraat qaydasında baxılır. İş üzrə tərəflərə işə yazılı icraat qaydasında baxılması barədə bildiriş göndərilərək, şikayətə dair etiraz və ya izahatlarının təqdim edilməsi təklif edilmiş, lakin tərəflər məhkəmə kollegiyasına izahat və etiraz göndərməmişlər. Azərbaycan Respublikası MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası işin halları barədə məruzəçi hakimi dinləyib hesab edir ki, şikayət təmin edilmədən, Gəncə Kommersiya Məhkəməsinin 13 yanvar 2025-ci il tarixli e-2-2(115)-546/2024 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, Gəncə Kommersiya Məhkəməsinin 13 may 2024-cü il tarixli e2-2(115)-546/2024 saylı qətnaməsi 16 may 2024-cü il tarixdə poçt vasitəsi ilə Cavabdeh Bərdə rayonu, Qaradağlı kəndində yerləşən ünvanına göndərilmişdir. Poçt əməkdaşı Cavabdeh ünvanında tapmamış, zərfi ona çatdırması üçün kənd sakini Şahid cavabdehin öz istəyi ilə vermişdir. Zərf təqdim olunan şəxs isə zərfi təhvil aldıqdan sonra Cavabdeh yaşadığı ünvana aparmış və cavabdehin yoldaşına vermişdir. Göründüyü kimi cavabdeh apellyasiya şikayəti verilməsi üçün qanunvericiliklə müəyyən edilmiş müddəti ötürmüş, müddətin ötürülməsinə dair hər hansı üzürlü səbəb gətirməmiş, qətnamədən qanunvericiliklə müəyyən edilmiş müddətdə apellyasiya şikayəti verməmişdir. Cavabdeh həyat yoldaşının ailə üzvləri xəstə olması səbəbindən başının qarışdığını, zərfi ona verməyi yadından çıxardığını bildirsə də bu hal müddətin bərpası üçün əsas ola bilməz. Çünki qətnamənin göndərildiyi zərf cavabdehin ünvanına aparılmış, onun ailə üzvü tərəfindən təhvil alınmışdır. Belə olan halda məhkəmə hesab edir ki, qətnamədən apellyasiya şikayəti verilməsi üçün müəyyən edilmiş prosessual müddətin üzrlü hesab edilərək bərpa edilməsi üçün işdə hər hansı bir əsas yoxdur. Ona görə də ərizə təmin edilməməlidir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşan məhkəmə kollegiyası aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 357.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlardan, həmin Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işlərində ərizəçilər və maraqlı şəxslər apellyasiya şikayəti verə bilər. Həmin Məcəllənin 357.2-ci maddəsinə əsasən həmin hüquqa, işdə iştirak etməyə cəlb edilməyən, lakin qəbul edilən qətnamə onların hüquq və vəzifələrinə toxunan hallarda digər şəxslər də malikdir. Həmin Məcəllənin 360-cı maddəsinə əsasən Apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Həmin Məcəllənin 128.1-ci maddəsinə əsasən prosessual hərəkətlər bu Məcəllə ilə və qanunlarla müəyyən edilmiş müddətlərdə həyata keçirilir. Həmin Məcəllənin 130.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. Həmin Məcəllənin 133.1-ci maddəsinə əsasən məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzrlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. Həmin Məcəllənin 133.5-ci maddəsinə əsasən müddətin bərpasından imtina barədə qərardad çıxarılır. Məhkəmə kollegiyası qeyd edir ki, iş materiallarından görünür ki, Gəncə Kommersiya Məhkəməsinin 13 may 2024-cü il tarixli, e-2-2(115)-546/2024 saylı qətnaməsi 16 may 2024-cü il tarixdə poçt vasitəsi ilə Cavabdeh Bərdə rayonu, Qaradağlı kəndində yerləşən ünvanına göndərilmişdir. Həmin qətnamə 29 may 2024-cü il tarixdə Cavabdeh razılığı əsasında xəbərnaməyə imza etməklə digər şəxs tərəfindən qəbul edilmiş, daha sonra isə həmin zərf cavabdehin ailə üzvünə təhvil verilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 135.3-cü maddəsinə əsasən məhkəmə sənədlərinin çatdırılması vəzifəsi üzərinə düşən şəxs ünvan sahibini onun yaşadığı, yaxud işlədiyi yer üzrə tapmadıqda, həmin sənədlər ünvan sahibi ilə birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə (onların razılığı ilə), onlar olmadıqda müvafiq icra hakimiyyəti orqanına, ünvan sahibinin yaşadığı yer üzrə yerli özünüidarə orqanına, yaxud onun işlədiyi yer üzrə müdiriyyətə verilir. Ünvan sahibinin əvəzinə məhkəmə sənədlərini qəbul etmiş şəxs qəbzdə və ya sənədin kötüyündə öz soyadını, adını, atasının adını, ünvan sahibinə münasibətini və ya tutduğu vəzifəni göstərməli və imkan olan kimi məhkəmə sənədlərini ünvan sahibinə verməlidir. Göründüyü kimi qətnamə cavabdehin həyat yoldaşına verildiyindən və Cavabdeh qətnamədən icra zamanı məlumatı olmasına dair dəlilini əssasız sayır. Ona görə də hesab edir ki, birinci instansiya məhkəməsi qətnamədən apellyasiya şikayəti verilməsi üçün müddətinin bərpasından imtina etməkdə haqlı olmuşdur. Göründüyü kimi Cavabdeh şikayəti əsassız olmaqla Gəncə Kommersiya Məhkəməsinin 13 may 2024-cü il tarixli, e-2-2(115)-546/2024 saylı qətnaməsindən apellyasiya şikayəti vermək üçün prosessual müddəti üzrsüz səbəbdən buraxmışdır. Odur ki, kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi cavabdehin şikayətini təmin etməməkdə haqlı olmuşdur. Kollegiya həmçinin vurğulayır ki, cavabdeh birinci instansiya məhkəməsində işə baxılarkən məhkəmə iclaslarının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmiş olmasına baxmayaraq məhkəmə iclaslarına da gəlməmişdir. Göründüyü kimi cavabdeh məhkəmədə baxılan iş barədə də məlumatlı olmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.1-ci maddəsinə əsasən qərardaddan verilmiş şikayətə baxan apellyasiya instansiyası məhkəməsi məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək səlahiyyəti vardır. Məhkəmə kollegiyası yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 263, 264, 267, 268, 398 və 402-cı maddələrini rəhbər tutaraq, QƏRARAALDİ: Şikayət təmin edilməsin. Gəncə Kommersiya Məhkəməsinin 13 yanvar 2025-ci il tarixli e-2-2(115)-546/2024 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir Qərardaddan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar