Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2-2(104)-64/2024 01.03.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası- hakimlər Hüseynzadə Afiq Hüseyn oğlu (sədrlik edən və məruzəçi), Həsənov İslam Telman oğlu və Rzaquliyev Şamil Qəhrəman oğlundan ibarət tərkibdə, Məmmədov Elvin İsrayıl oğlunun katibliyi ilə, İddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin Cavabdeh qarşı “pul” tələbinə dair kommersiya işi üzrə Gəncə Kommersiya Məhkəməsinin 28 noyabr 2023-cü il tarixli, e-2-2(115)-1375/2023 saylı qətnaməsindən iddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Birinci instansiya məhkəməsində birinci icraat: Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi Cavabdeh qarşı «pul» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2016-ci il tarixli 398-GL/16 nömrəli müqavilə üzrə maliyyə arayışının tərtib edildiyi xx.xx.2023-cü il tarixə hesablanmış 5572 manat gecikdirilmiş borcun və hesablanmış 6173,78 manat cərimə borcunun, hüquqi yardımla bağlı 500 manat, 200 manat mediasiyaya dair xərcin, cəmi 12445,78 manat pul vəsaitinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, "xxxx" ASC ("xxxx" ASC) ilə Cavabdeh arasında bağlanmış xx.xx.2016-cı il tarixli, 398-GL/16 nömrəli müqaviləyə əsasən borclu (lizinq alan) kənd təsərrüfatı texnikalarını lizinqə götürmüşdür. Cavabdeh müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməmişdir. Nəticədə cavabdehin maliyyə arayışının tərtib edildiyi xx.xx.2023-cü il tarixə xx.xx.2016-cı il tarixli, 398-GL/16 nömrəli müqavilə üzrə 5572 manat gecikdirilmiş borcu və hesablanmış 6173,78 manat cərimə borcu yaranmışdır. Cavabdehə öhdəliklərin yerinə yetirilməsi barədə dəfələrlə edilmiş xəbərdarlıqlara baxmayaraq borclu tərəfindən ödənişlər yerinə yetirilməmişdir. Gəncə Kommersiya Məhkəməsinin 28 noyabr 2023-cü il tarixli, 2-2(115)-1375/2023 saylı qətnaməsi ilə (hakim K.Vəliyev) iddia qismən təmin edilərək, Cavabdeh xx.xx.2016-cı il tarixli, 398-GL/16 nömrəli müqavilə üzrə 5572 (beş min beş yüz yetmiş iki) manat əsas borc və 300 (üç yüz manat) cərimə olmaqla, cəmi 5872 (beş min səkkiz yüz yetmiş iki) manat borc və hüquqi yardımla bağlı ödənilmiş 100 (bir yüz) manat və 200 (iki yüz) manat mediasiya xərcinin tutularaq, iddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə ödənilməsi, Cavabdeh 78,72 (yetmiş səkkiz manat yetmiş iki qəpik) manat dövlət rüsumunun tutularaq dövlət büdcəsinə ödənilməsi və iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. İşdə olan sübutlar: xx.xx.2016-cı il tarixli 398-GL/16 nömrəli lizinq müqaviləsinin surətindən görünür ki, ümumi məbləği 11050 manat olan kənd təsərrüfatı texnikası ilkin dəyərinin 40 %-nə güzəşt təbiq edilməklə Cavabdeh lizinqə verilmişdir. Müqaviləsinin 4.2-ci bəndinə lizinq alanın ödəniş qrafikinə əsasən ödənişi bir dəfədən artıq yerinə yeritmədiyi halda gecikdirilən hər günə görə 0,1% həcmində cərimə hesablanması qeyd edilmişdir. xx.xx.2023-cü il tarixli maliyyə arayışından görünür ki, xx.xx.2016-cı il tarixli 398- GL/16 nömrəli lizinq müqaviləsi üzrə Cavabdeh borcu 5572 manat gecikdirilmiş borc və 6173,78 manat cərimə olmaqla, cəmi 11745,78 manat təşkil edir. xx.xx.2023-cü il tarixli, MŞG/MT033/2023-00119 nömrəli ilkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə arayışdan görünür ki, iddiaçı tərəfindən ilkin mediasiya zamanı 200 manat xərc çəkilmişdir. xx.xx.2023-cü il tarixli BD2 nömrəli ödəniş tapşırığından görünür ki, hüquqi yardımla bağlı 500 manat ödəniş edilmişdir. Apellyasiya şikayətinin dəlilləri. Gəncə Kommersiya Məhkəməsinin 28 noyabr 2023-cü il tarixli, 2-2(115)-1375/2023 saylı qətnaməsindən narazı qalan iddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi apellyasiya şikayəti verərək, Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il, e-2-2(115)-1375/2023 nömrəli qətnaməsinin hüquqi yardım ilə bağlı qismən təmin edilən hissədə ləğv edilərək, iddia tələbinin hüquqi yardım ilə bağlı hissədə tam həcmdə təmin olunması haqqında yeni qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmənin mövqeyi tamamilə əsassızdır və ona görə də məhkəmənin qətnaməsi ləğv edilərək hüquqi yardıma görə ödənilmiş vəsait tam həcmdə cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Belə ki, ilk öncə nəzərə almaq lazımdır ki, vəkil ilə bağlanmış müqaviləyə əsasən vəkilin hüquqi yardımla bağlı öhdəliyi müvafiq olaraq pretenziyanın və iddia ərizəsinin hazırlanması, təqdim edilməsi və bununla bağlı digər işlərin və zəruri araşdırmaların aparılmasından ibarət olmuş və ona görə də 11.745,78 (on bir min yeddi yüz qırx beş manat, 78 qəpik) manat pul tələbi ilə bağlı işə görə 500 (beş yüz) manat pul ödənilmişdir. İşdən də görünür ki, hüquqi yardıma dair öhdəliklər vəkil tərəfindən tam icra edilmişdir. Bundan əlavə 11745,78 (on bir min yeddi yüz qırx beş manat, 78 qəpik) manat pul tələbinə dair iddianın məhkəməyə təqdim edilməsi üçün 500 (beş yüz) manat pulun vəkilə ödənilməsinin məhkəmə tərəfindən ağlabatan hesab edilməməsi tam əsassızdır. Məhz kommersiya işlərində məhkəməyə qədər işlərin hazırlanması kifayət qədər zəhmət tələb edir ki, bu da vəkil tərəfindən peşəkarcasına həyata keçirilmişdir. Vəkilin məhkəmə iclasında iştirak etməməsi ilə bağlı məhkəmənin dəlilinə gəldikdə isə nəzərə alınmalıdır ki, mülki prosessual qanunvericilikdə kommersiya mübahisəsinə dair işlərdə vəkilin və ya iddiaçının məhkəmədə mütləq iştirak etməsi barədə hər hansı məcburedici norma mövcud deyildir. Əksinə, qanunvericilik iddiaçının və ya onun vəkilinin məhkəmə iclasına gəlmədən işə onun iştirakı olmadan baxılmasının tələb etməklə işin mahiyyəti üzrə baxılaraq qərar qəbul edilməsinin mümkünlüyünü müəyyən etmişdir. Bununla yanaşı məhkəmə hüquq islahatı çərçivəsində iş yükünün azaldılması və prosessual qənaət prinsipinin təmin edilməsi baxımından işlərə tərəflərin və onların vəkillərinin iştirakı olmadan yazılı icraat qaydasında baxılması hallarının qanunvericilikdə müəyyən edilməsi də işlərin məhkəmədə deyil, məhkəməyə qədər hazırlanmasını zəruri edir. Ona görə də vəkilin əsas öhdəliyi işi məhkəməyə qədər düzgün hazırlamaq və məhkəməyə təqdim etməkdir. Eyni zamanda “Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2023-cü il 9 iyun tarixli 904-VİQD nömrəli Qanunu ilə 121.1ci maddədə “çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla” sözləri “təqdim edilmiş məlumatlar qiymətləndirilməklə” sözləri ilə əvəz edilmişdir. Beləliklə qüvvədə olan mülki prosessual qanunvericiliyə əsasən, məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Göründüyü kimi məhkəmənin hüquqi yardıma görə vəkilə ödənilən vəsaitin ağlabatanlığına hüquqi qiymət verərkən yalnız Mülki Prosessual Məcəllənin 121.1-ci maddəsinin ləğv edilmiş cümləsinə istinad etmiş, əlavə heç bir əsaslandırma aparmadığına görə vəkilin məhkəmə iclasında iştirakını əsas götürməsi məhkəmənin düzgün olmayan qətnamə çıxarması ilə nəticələnmişdir. Eyni zamanda bildirirlər ki, iddiaçının büdcə təşkilatı olduğunu nəzərə alaraq vəkilin göstərdiyi hüquqi yardıma görə ödənilən vəsaitin cavabdehdən tutularaq büdcəyə ödənilməsi nəzərdə tutulur. Məhkəmə tərəfindən vəkilin məhkəmədə iştirak etməməsi əsasına görə ona ödənilən hüquqi yardıma görə cavabdehdən tələb olunan vəsaitin azaldılması əsassız olduğuna üçün ləğv edilməlidir. Apellyasiya icraatı iştirakçılarının izahatları: Məhkəmə iclasının yeri və vaxtı barədə cavabdehə məhkəmə bildiriş göndərilməsinə baxmayaraq, cavabdehr məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi: 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 115.0. İşə baxılması ilə əlaqədar məsrəflərə aşağıdakılar daxildir: 115.0.6. vəkillərə etdikləri kömək üçün ödənilən xərclər; 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 121.1. Məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. 217.3. Qətnamə iş üzrə müəyyən olunmuş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır. 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 402.1. Kommersiya işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin Kommersiya və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Kommersiya və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi:
Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi hüquqi yardım ilə bağlı hissədə dəyişdirilməlidir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini qismən əsaslı hesab edərək qeyd edir ki, iddia tələbinin həcminə münasibətdə tələb olunan hüquqi yardımal bağlı xərc məbləği ağılabatan məbləğdə olmuşdur ki, birinci instansiya məhkəməsinin Mülki Prosessual Məcəllənin 121-ci maddəsini tətbiq etməklə hüquqi yardımla bağlı məbləği 100 manat məbləğində müəyyən etməsi əsaslı olmamışdır. Lakin, iddiadan göründüyü kimi iddiaçı cavabdehdən əsas öhdəlik üzrə 5572 manat, öhdəliyin icrasının gecikdirilməsinə görə isə 6173,78 manat cərimə məbləği olmaqla, cəmi 11745,78 manat tələb etmiş, birinci instansiya məhkəməsi tərəfindən isə iddia tələbi qismən təmin edilərək, cəmi 5872 (beş min səkkiz yüz yetmiş iki) manat pulun tutulması qət edilmişdir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir ki, belə olduğu təqdirdə təmin edilmiş tələbin məbləğinə mütənasib olaraq, 300 manat hüquqi yardımla bağlı xərcin cavabdehdən tutulması qət edilməli idi. Buna görə də məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Gəncə Kommersiya Məhkəməsinin 28 noyabr 2023-cü il tarixli, e-2-2(115)-1375/2023 saylı qətnaməsi hüquqi yardımla bağlı məbləğin tutulması hissəsində dəyişdirilməli, Cavabdeh xx.xx.2016-cı il tarixli, 398-GL/16 nömrəli müqavilə üzrə 5572 (beş min beş yüz yetmiş iki) manat əsas borc və 300 (üç yüz manat) cərimə olmaqla, cəmi 5872 (beş min səkkiz yüz yetmiş iki) manat borc və hüquqi yardımla bağlı 300 (üç yüz) manat və 200 (iki yüz) manat mediasiya xərci tutularaq iddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Kommersiya- Prosessual Məcəlləsinin 372, 384, 392 və 402, maddələrini rəhbər tutaraq,
q ə t e t d i:
Gəncə Kommersiya Məhkəməsinin 28 noyabr 2023-cü il tarixli, e-2-2(115)- 1375/2023 saylı qətnaməsindən iddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Gəncə Kommersiya Məhkəməsinin 28 noyabr 2023-cü il tarixli, e-2-2(115)- 1375/2023 saylı qətnaməsi hüquqi yardımla bağlı məbləğin tutulması hissəsində dəyişdirilsin. Cavabdeh xx.xx.2016-cı il tarixli, 398-GL/16 nömrəli müqavilə üzrə 5572 (beş min beş yüz yetmiş iki) manat əsas borc və 300 (üç yüz manat) cərimə olmaqla, cəmi 5872 (beş min səkkiz yüz yetmiş iki) manat borc və hüquqi yardımla bağlı 300 (üç yüz) manat və 200 (iki yüz) manat mediasiya xərci tutularaq iddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə ödənilsin. Qətnamə elan olunduğu andan qanuni qüvvəyə minir. Qətnamədən şikayət verilə bilməz.